Uğur, nədir və ya bizə din lazımdırmı? - OXUCU MÖVQEYİ

16:50 01-05-2018 | icon 865 | Cəmiyyət
Uğur, nədir və ya bizə din lazımdırmı? - OXUCU MÖVQEYİ

 

 

Oxucunun cavab haqqı

 

Versus.Az saytının 14.04.2018-ci il tarixli sayında “Toqquşan maraqlar: “Türk düşüncəsi”, yoxsa “Fars zehniyyəti”?” başlıqlı, “Yasəmən Qaraqoyunlu və Asif Ata övladlarının təqdimatında” yarımbaşlığıyla bir yazı getmişdi. Adıçəkilən məqaləyə münasibətini bildirən Məmmədxan Əzizxanlı adlı oxucumuz redaksiyamıza əgər belə demək mümkünsə, öz cavab haqqını təqdim edib. Biz də istəkli oxucumuzun yazısını olduğu kimi və heç bir düzəliş edilmədən təqdim edirik.

 

Sadəcə olaraq bir məqamı qeyd etmək lazımdır ki, dəyərli oxucumuz Asif Ata Ocağının Yükümlüsü Düzgün Atalının “Hürufiləri qanına qəltan edən Əmir Teymurla fəxr edən millətik” qənaətini bir yana qoyub, öz iddialarını daha çox öz teoloji konsepsiyaları əsasında qurmağa çalışır.

İkinci bir tərəfdən, mollalara meydan oxuyan dəyərli oxucumuzun “indi buyursunlar meydana, görək kim kimi bir oturuma həzm edir” deyə Cəng meydanına çıxması da basılan Qıpçaq Məlik, döyüşə atılan Aruz və uğur qazanan Salur Qazanın döyüş səhnələrində olanları xatırladır. Təqdim etdiyimiz yazıda Yasəmən Qaraqoyunlu ilə Asif Ata Ocağının Övladları din, hürufilər və Əmir Teymur konusunda öz “həqiqətlərini” söyləmişlər.

Dəyərli Oxucumuz Məmmədxan bəyin bu konuya münasibətdə yazdıqlarının müdafiə (kimi?), yaxud Cavab Haqqı olmasının motivindən asılı olmayaraq öz dərk etdiyi “həqiqətlər”ini bəyan etməsinə Versus.Az olaraq biz də sayğıyla yanaşır və öz təşəkkürümüzü bildiririk.

Və sonda, Versus.Az hər kəsin Cavab Haqqını tanısa da, ancaq heç zaman bütöv millətə yönələn “...qərb texnologiyasından imtina edin, görün “tumansız qalırsız, yoxsa yox”  kimi qeyri-etik ifadələrin yanında deyil...

(Toqquşan maraqlar: “Türk düşüncəsi”, yoxsa “fars zehniyyəti”? - bu LİNKDƏ oxuyun)

 

Oxucu mövqeyi

 

“Neynirəm o qızıl teşti ki, içində qan qusum...”

 /Azərbaycan atalar sözü/

 

Sayın, İgid Teymurlunun  Versus.Az saytında Yasəmən xanım Qaraqoyunlu və Asif Ata övladlarının təqdimatında “Toqquşan maraqlar: “Türk düşüncəsi”, yoxsa  “Fars zehniyyəti”?” adlı yazını oxuyanda, düşündüm...

 

Əgər biz, düşüncə korluğundan gələcəyi görə bilmiriksə də... yaxşı, heç olmasa, pis şagirdlər kimi, dərsini bilənlərdən, qabaqcıllardan üzünü köçürüb bu günümüzlə yaşayaq, axı, ikinci yüzildir toplum olaraq bu olayı dartışırıq, hələ nə qədər nəticəsiz danışmalıyıq?.. Halbuki Qərbi Avropa və ABŞ bu məsələləri artıq 231 il qabaq, özlər üçün çözmüş və  1776-cı ildən bəri düzənlədikləri qanuni yolla, çağına uyğun davranışla,  hamımızın həsəd apardığı, ən üstün yaşamlarını sürdürməkdədirlər.

 

Axı, bu kimə sirdir ki, insanı onun beyni, yəni düşüncəsi idarə edir?  Sanıram, heç kimə. Yaxşı, əgər işimiz arzuladığımız kimi getmirsə, demək düşüncəmiz qüsurludur, deyilmi? A şüurlular (çünki, sözüm şüursuzlara aid deyil), demək öncə düşüncəmizi düzəltmək lazımdır, elədir? Hə, demək, bizi gerilikdə saxlayan köhnə, işimizə yaramayan  düşüncədən qurtulmalıyıq. O nədən ibarətdir? Hə, bu artıq başqa və daha vacib mövzunun söhbətidir... Ancaq qısaca anladaq ki, toplumun düşüncəsi - insan yaradıcılığının məhsulu olub, xaraktercə iqtidarı oluşduran siyasi və onun alt yapısını, yəni özülünü yaradan ictimai  fikirdir ki, bu da əmələgəlmə əsaslarına görə iki yerə ayrılır:

 

  1. Real əsasa, məntiqi sübuta söykənməyən, tənqidə bağlı və dözümsüz, sorğulanması qadağan, sadəcə müqəddəs elan olunan, ibtidai olduğu qədər də bəsit yaradıcılıq sahələri - inanclar, dinlər və sair bu kimi qondarmalar, dələduzluqlar. Bunları ona görə qondarma və dələdsuzluq sayıram ki, bunlar, öz dediklərinə, etdiklərinə məntiqli, sübutlu hesabat verə bilmir, deməli, insanlara yalan danışmaqla onları aldadır və əmlaklarını ələ keçirirlər. Qarşısındakıları dinləmək əvəzinə, müxaliflərinə zorakılıq edir, Allah adına onları kütləvi qırır, əmlakını yağmalayır, özlərini kölə, cariyə edir. Bu səbəbdən də, bu cür yaşayan ölkələrdə pisliklər, dağıntı, gerilik onların cığırdaşıdır. Ona görə də, əslində bu cür əsassız fikirlərin peşəkar daşıyıcıları, yayıcıları faydalı iş əmsalı yaratmadıqlarına görə, tüfeyli sayılmalı və qanunla məsuliyyətə cəlb olunmalıdırlar.

 

  1. Real fakta, məntiqi sübuta söykənən, tənqidə açıq və dözümlü, sorğulanan yaradıcılıq sahələri - məsələn, şifahi və yazılı ədəbiyyat, bilim (elm), media, bədii yaradıcılıq sahələri - musiqi, rəssamlıq, memarlıq, heykəltaraşlıq, teatr, kino və sair bu kimi mədəniyyət növləri. Bu alanda (sahədə) fərqli fikirlilərə normal, adi hal kimi, açıq və dözümlü, anlaşıqlı yanaşılmaqla yanaşı, əksinə, fərqli düşüncə, şübhə - gəlişmənin (inkişafın) əsası, onun stumullaşdırılcısı, güc qaynağı sayılır. Bu səbəbə görə də, bu cür düzənli ölkələr yaxşılığa dogru sürətlə dəyişir, özlərinə ən üstün yaşam tərzini qura bilirlər.

 

Yeri gəlmişkən, bütün bunlar özlüyündə dünyanı qavramaqda fəlsəfəni oluşduran düşüncə yönləridir, lakin, biri(ncisi) insanlığa faydasız, o, birisə (ikinci),  faydalıdır.

 

Beləliklə: - Asif Ata Ocağının Yükümlüsü və Övladı Düzgün Atalının “Hürufiləri qanına qəltan edən Əmir Teymurla fəxr edən millətik” və sair çeşidli qınağına Yasəmən xanım “...mən Əmir Teymurun qarşısında baş əyirəm. Bu gün Onu hədəf qismində götürən və özlərinə “Asif Ata Ocağının Övladları” adnı verənlər bir şeyi unutmasınlar Asif Ata türk tarixini və mədəniyyətini, islami məzhəblər və təriqətlər tarixini bilməyən, Zərdüştü və Fars Batini ideyalarını göylərə qaldırıb əslində türk təfəkkürünü zəhərləyən bir filosofdur”, “Zərdüşt İran cəbhəsində duraraq Turanla savaşırdı”, “Əli bəy Hüseynzadə vurğulayır ki, “biz Zərdüştə Konfutsiyə duyduğumuz sayğı və ehtiramı duyarız. Amma biz, Zərdüşt və fars fəlsəfəsini, dinini qəbul edə bilmərik. Biz Turanlıyıq, bizim dinimiz Göy Tanrı dinidir.”” və daha nələr, nələ  deyir(lər)...

 

Mən bütün bu cür düşünənlərə ərklə səslənirəm, bəzi qarmaqarışıq  elmlər doktorları kimi yox, bir az sağlam düşünün... sizə yeni bir əjdaha (oxu, bizi yeni üsulla bu gündə saxlayan, gerilədən din, təriqət və ya yanlış düşüncə) lazımdırmı? A kişilər, azca yuxarıda yazdım, “Bizi gerilikdə saxlayan köhnə, yaramaz düşüncədən qurtulmalıyıq...” Siz bizi yenidən daha davamlı, dağıdıcı, geriçi virusamı yoluxdurmaq, bizə  tarixən “doğma” olan  - neocəhalətəmi qaytarmaq istəyirsiz? Axı, niyə?  Nə vaxtdan pisi yaymaq hünər sayılıb? Yaxşını yaymaq daha düzgün deyilmi? Görmürsüzmü, bütün aləmlər, yalnız ondan ötrü kəllə-mayallaq olublar, yəni inqilab ediblər ki, gerilikdən yaxa qurtarıb, adam kimi yaşasınlar? Bir lətifədə deyildiyi kimi,  “...siz, ayının əmisi oğlusuz?”, yoxsa, bizim?

 

Bu din cəhaləti qurbanlarının - müsəlman, xristian, buddist bədbəxtlərin günahı nədir, lütfən, deyərsizmi?.. Bu cəhalət qurbanları bir-iki mürəkkəb ifadə olunan fikri belə eşidib, ya oxuyub qavramaq qabiliyyətində və hövsələsində deyillər. Bax, bu yazını da oxumayacaqlar, çünki pis gündə yaşadıqlarından onları başqa, daha həyati vacib şeylər maraqlandırır - necə etsinlər ki, ac qalmasınlar... Bu, çox ağır dərddir ancaq çəkənlər bilər, bu dərdlə yüklənənlər mənəvi dəyərlər hayında olmazlar ki, bu da məntiqli və anlaşılandır. Elə bu səbəbdən də onlar din, yaxud, yalan siyasət fırladanların ağzına baxmaq məcburiyyətində qalır, hər iki yandan da onların beyinlərinə yalan ifraz edilir və cibləri talanır. Həyat səviyyəsi pis gündə olan ölkələrdə əksəriyyət çörək dərdi çəkər, elə buna görə də din və siyasət dəllalları  özlərinin gəlir mənbəyi sayılan bu insanların oxumasında, çox bilməsində, yaxşı yaşamasında maraqlı olmazlar, çünki hamı ayılsa, yaxşı yaşasa, haqqını qorusa bunların bazarları bağlanar...

 

 Ona görə də tarixçi, professor, sayın Nəsib Nəsibli apardığı  “Günaz.TV”-nin “Qaynaq” verlişində din tüccarlarının bazarını azca da olsa zəiflətmək üçün “Quran oxuyaq” adlı mövzuda söhbət aparır. Bu söhbətdə hər bir müsəlmanın özünün “Quran”ı oxumasının vacibliyi vurğulanır ki, adamlar, yalançı araçılarsız (oxu, mollalarsız) orada  gerçəkdən nələr yazıldığını bilsin. Qalanı da hər kəsin öz işidir, necə istər, o cür də edər, çünki “Dində məcburiyyət yoxdur” (“Quran”, “Baqara”, 256.) və olmamalıdır da. İstərlər dünyəvi işlərini buraxıb peşəkar dindarlıq edib camaatdan çaldıqları pul hesabına, istərsə də öz işlərinə davam edib öz halal zəhməti hesabına yaşayarlar, seçim öz vicdanınındır... Elə mən də “Quran”ı oxuyanadək mollaların ağzına baxmalı olurdum, amma indi buyursunlar meydana, görək kim kimi bir oturuma həzm edir... Odu ki, çalışın “Quran” oxuyun, qavrasanız, onun içəriyini (mahiyyətini) bildiyiniz qədər də cəhalətdən qurtulacaqsınız, mən bunu tam məsuliyyətimlə deyirəm.

 

Daha sonra yazan (müəllif) Yasəmən xanımın, Asif Ata təlim şüarlarını  tarixi faktlar qarşısında heç saymasından gileylənir və sairə...

 

Ay gözəllər, mən bilən, Asif Əfəndiyev (Ata) sosializm realizmi çərçivəsində düşünərək yaratmış, sonda türkün öz peyğəmbərinin olmamasını haqlı olaraq bir çatışmazlıq, əldən verilmiş, itirilmiş tarixi fürsət sayır və qarşılığında “Mütləqə inam” önərisini (tezisini) irəli sürməklə, Ocağını yaratmaqla, öz simasında bu boşluğu doldurmaq istəyirdi... qalan hər şey təfsilatdı. Mənim yadımda qalan budu...

 

Daha sonra, Asif  Əfəndiyevin “Müdriklik səlahiyyəti” (Gənclik, Bakı, 1976) bitiyində (kitabında) mənim razılaşdığım və razılaşmadığım fikirlər üstündəki qeydlərdən də görünür. Məsələn, alqışladığım - “Təbiət özü - hələ şeir deyil! Təbiətin fəlsəfi mənasının bədii inikası - şeirdir.” (Səh.19),  “Ölümü mənalandıran əqidədir!” (Səh.31), “Qəm və üsyan” (Muğam hikməti) (Səh.152-169) (Mənim qeydim: “Bəxtiyarın “Muğam”ı və Asifin “Qəm və üsyan”ından birgə, muğamlardan ibarət  “Muğam operası” yaratmaq olar.) kimi fikirlərlə yanaşı, qüsurlu  saydığlm və əsla razılaşmadığım - “Sovet insanına xas olan keyfiyyətlər nəinki ümumbəşəri keyfiyyətlərdən təcrid edilmiş bir şey deyil, əksinə  - bu keyfiyyətlərin təntənəsidir!”, “Sovet insanı bütün bəşəriyyətin ümidgahıdır.” (Səh.35), “Sosialist gerçəkliyi şəxsiyyətin hərtərəfli harmonik inkişafını təmin edən makromühitdir (böyük mühit)” və səhvən burjua aləminə aid etdiyi 10 prinsip (Səh.180) də vardır. Ümumilikdə, bu bitik (kitab) mübahisə açmaq, dartışmaq üçün yaxşı  vasitədir.

 

Mən yenə də təkrarlamaq zorundayam: - sizə yeni bir əjdaha (oxu, bizi daha yeni üsulla gerilədən din, təriqət və ya yanlış düşüncə) lazımdırmı?  A kişilər, azca yuxarıda yazdım, axı, “Bizi gerilikdə saxlayan köhnə, yaramaz düşüncədən qurtulmalıyıq...”, o, nədən ibarət olursa, olsun.

 

Öncül dünya özüyçün bu məsələni çoxdan həll edib, düşüncədə - din (xristian) çərçivəsini dağıdıb və dindarların səlahiyyətini kilisədə şam yandırmaqla məhdudlaşdırıb, hakimiyyətdə - Mütləq Monarxiya  idarəçilik üsulundan demokratiyaya keçib və toplumda - bilim və  düşüncə özgürlüyünə önəm verməklə uğur qazanıb, üstün olub. Odur ki, yenidən velosiped  icad etməkdənsə, onun hazır modelini alıb öz milli paltarımızda (oxu, özəlliyimizlə) sürmək lazımdır... vəssəlam. Yox,  əgər şəxsi özəlliyinə salıb tərslik edənimiz varsa, buyurub  istədiyi yerdə (oxu, müqəddəs saydıqları müsəlman xarabalarında) gömülmüş halda qala bilər, bu da onun seçimidir, ancaq başqasını arxasınca, yalnız  özlərinə qismət olacaq “Cənnət”ə sürükləyə bilməz. Bu da onların nəzərincə biz “kafərlərin” seçimidir, danışdıqmı? Biz, yaşayışımızı bu dünyada, hazır nümunələr kimi, özü də ən yaxşısından qurmaq istəyirik.

 

Qaldı yazıdakı başqa çoxlu mətləblərə, baş qoşmaq oxucunu bezdirər deyə, yazıdan alıntılar vermədən qısaca cavablandırmaq istəyirəm:

 

- Bəli, biz beləyik, biz eləyik (burada, türklərin bütün dövlətçilik və hərbi uğurları, itkiləri, ərəb, fars düşüncəsini, dilini, mədəniyyətini  qoruyub yaşatdıqca özəlliyindən bir o qədər uzaqlaşması sadalanır...). Bu uğurlardan əlimizdə qalan yalnız dədələrimizin seçdikləri yaxşı vətən olub, ancaq onu da ərəb, fars cəhalətinə gömülməklə zaman gəlişməsindən (inkişafından) geri qaldığımızdan beş yüz ildir ki, itirməkdəyik... Bu uğurları və itkiləri sızıltıyla dilə gətirib lüzumsuz öyünməkdənsə, onlardan ibrət dərsi alıb - sürətlə gəlişməliyik (inkişaf etməliyik) ki, heç olmasa bundan sonra əlimizdəkilərlə  ayaqda qala bilək.

 

Mədəniyyət adına isə aşıqlarımızın, allahın, peyğəmbərin və onun böyür-başındakıların reallığa söykənməyən öymələrilə başlayan bahadırlıq və məhəbbət dastanları, ağıllı böyüklərimizin, şairlərimizin əlacsızlıqdan yalnız gülə, bülbülə qoşquları, nağılları, sızıltılı həsrət  bayatıları və qan ağlayan Muğam... Çünki dindar ərəbləri öymədən başqa (realist düşüncə, yaradıcılıq) hər şey İslamda küfr sayılır və ağır cəzalandırılırdı... Bir də təməli  “Quran”dan gələn çoxarvadlılıq azadlığı vardı, nə qədər bacarırsan kəbinli və kəbinsiz (əsir-cariyə, kölə) arvad saxlaya bilərsən... Avropalılar hələ də bu çoxarvadlılıq fəlsəfəsini   anlaya bilmirlər...

 

Karl Marks deyib, “Din xalq üçün tiryəkdir”. Elədir, ancaq din tiryəkdən də pisdir, çünki tiryək insanı bir neçə saatlığa uyudursa, din ömürlük uyudur. Cəhalətdən sağalmaq üçün dinin içəriyini (mahiyyətini) öyrənməlisən.

 

Mirzə Fətəli Axundzadə isə deyib: “Mən bütün dinləri puç və əfsanə hesab edirəm”. Olsun, ancaq din insanı manqurt edəcək qədər “puç və əfsanə”dirsə, demək, dəhşətli bir şeydir.

 

Sonda, bəzilərimizin bəyənmədikləri avropalılar barədə əzabkeş şairimiz Məhəmməd Hadinin iki misrasını yazsam yerində olar, o kişi deyib: “İngilisi imansız, İtalyanı kitabsız, Bizə iynə verməsə, qalacağıq  tumansız...”

 

Müsəlman düşüncəsilə lənətlədiyinin, bəyənmədiyinin, kafərlərin nəyinisə kullanmamalısan, yəni istifadə etməməlisən, onları dost tutmamalısan, çünki mundardılar... İndi hünəriniz varsa, “mundar”  Avropanın bütün dəyərlərindən, o cümlədən texnologiyasından imtina  edin, görün “tumansız qalırsız” yoxsa, yox?..

 

Əzizlərim, məsələ heç də onda deyil ki, kimin sayı, torpağı, hərbi gücü nə qədər çoxdur, bunların gərəkliyi öz yerində... Ancaq əsas məsələ  kimin necə, pismi, yoxsa yaxşımı yaşamasındadır? Çünki insan həyatından qiymətli heç nə yoxdur, ona görə də hər şey - insan ömrünün   yaxşı keçməsinə xidmətdə olmalıdır, qondarma düşüncələrə, hakimlərə  xidmətdə yox... O güc, o geniş torpaq, o qurluş, o sərvət əgər insan ömrünün mənalı, dolğun yaşamasını təmin etmirsə, kimə, nə üçün lazımdır? Ağıllı atalarımız əbəs yerə deməyiblər: - neynirəm o qızıl teşti ki, içində qan qusum...

 

Unutmayaq, kimin necə baş-ayaq danışmasından asılı olmayaraq, biz hamımız vəhşilikdən çıxmışıq... Ancaq söhbət odur ki, bu gün kim nə qədər o vəhşilikdən uzaqlaşıb, günümüzə nəylə gəlib, yəni kim necə yaşayır? Tamammı?

 

Hamınıza sayğıyla Məmmədxan Əzizxanlı
30.04. 2018

Xəbər lenti

InvestAZ

Ən çox oxunan xəbərlər

“Yeni bir Çanaqqaladan keçirik”

Millət vəkili Boluda Türk dünyasına önəmli çağırışlar edib

Millət vəkili milli məclisdə iki mühüm çağırış edib

Onlar "hər zaman Azərbaycanın yanındayıq" dedilər

“... O vaxt da müxalifət sevinirdi ki, Elçibəy devriləcək”

Aslan Aslanov: "Məni didərgin salan iqtidar deyil, müxalifətdir" - VİDEO

ALDP sədrindən müstəqillik təbriki

Akif Nağı sədrlik vəzifəsini İlham İsmayıla təhvil verib

Qurban Məmmədov İqbal Ağazadənin iradını qəbul etdi

İqbal Ağazadə xalqı təbrik etdi

Bu nazirliyin səlahiyyətləri artırıldı

Ölən qızın ağzına iri daş qoyulub - SƏBƏB?

"Ona görə də insanları cəzalandırmaq qərarına gəldilər" - MÜSAHİBƏ

Hər 100 hamilə qadından 30-u abort etdirir - SOS

"Cinsi tarazlığın pozulması insan alverinə gətirib çıxarır"