Anamın laylası

16:16 02-05-2018 | icon 219 | Köşə
Anamın laylası

QÖNÇƏGÜL KAMİLQIZI

 

Uzun zamandır göyqurşağı görmürəm, göygurultusu eşitmirəm, torpaq qoxusunu içimə çəkmirəm. Bir də laylay dinləmirəm. Anamın həzin laylasını.



Laylay dedim, yatasan, 
Qızılgülə batasan. 
Qızılgülün içində, 
Şirin yuxu tapasan.



İnsan doğulduğu yerdən ayrı düşəndə bəzi dəyərlər də ondan uzaqlaşırmış. Əslində laylay dinləyəcək yaşda olmasam da, ürəyimdə gəzdirdiyim, heç böyüməyən bir uşağın oxşamalara ehtiyacı olur hərdən.

Mən anamın laylaları ilə boy atmışam. Ağlım kəsəndən sonra da nəvələrinə söylədiyi o həzin nəğmələri hər vaxt eşitmişəm. 

Anam sevdiklərinə laylay, oxşama, ağı deyəndə əlimi-ətəyimi çəkib bu dünyadan getmək istəyirəm. Çünki səsindəki o sevgi, yanğı elə təsirlidir ki, eşidəndə bu yer üzünün insanı olmaq istəmirsən. Təmiz, saf, riyadan, yalandan uzaq ayrı bir aləmə düşürsən. 

Mənə görə ana laylası müqəddəsdir, təmizdir, əvəzi olmayan ən gözəl nəğmədir. Vətəndi, torpaqdı, məhəbbətdi...



Görən indi analar övladlarına laylay deyirmi? Çətin ki...

Uşaqları sakitləşdirməyin, necə deyərlər başını qatmağın ən asan yolu texnoloji vasitlərlə onlara əcnəbi cizgi filmləri seyr etdirmək, musiqilər dinlətməkdir. 

Elə buna görə də körpələrimiz dil açar-açmaz doğma ana dilimizdən başqa, hansı dildə istəsəniz mahnı oxuya bilirlər. 

Çünki yad musiqiləri, şeirləri, nağılları onların beyninə özümüz həkk edirik.



Balam yatır beşikdə
Bülbül oxur eşikdə
Sən yat yuxun algilən,
Mən durmuşam keşikdə.



Psixoloqlar deyir ki, laylayın psixoloji təsiri böyükdür. Ana-bala arasında sevgi güclənir, körpə rahatlaşır və sakit yatır. Həmçinin kiçik yaşından oxşamalar dinləyən uşaqlarda özünəgüvən, inam hissi daha da çoxalır.



Bağçamızda bar olsun,
Heyva olsun, nar olsun.
Sən ayaq aç, gəz dolan,
Düşmən görsün xar olsun.



Xalq deyimləri olan bu folklor nümunələri əslində heç də təsadüfi yaranmayıb. Deyilən hər kəlmə uşağın bir şəxsiyyət kimi formalaşmasına xidmət edib. Həm də insanlarda belə bir inanc olub ki, laylalar körpəni şər qüvvələrdən, pisliklərdən, xəstəliklərdən qoruyur.



Laylay dedim ucadan
Boyun çıxsın bacadan
Allah səni saxlasın 
Çiçəkdən, qızılcadan.

Balamın əl yaylığı,
Ortası zər yaylığı.
Hərə bir kərə desin,
Balama can sağlığı.



Heç kəsin yerinə qərar vermək istəmərəm, amma fikrimcə bu gün Azərbaycan ədəbiyyatının ən qədim qollarından biri olan laylalar, oxşamalar, alqışlar unudulub. Folklorşünaslar deyir ki, bəlli bir nəsildən sonra heç kimin yaddaşında laylalar qalmayacaq...



Bu həyatın qanunudur, insan dünyaya göz açanda laylayla oxşanır, köçəndə də ağı ilə yola salınır. İndi çox az ana, nənə olar ki övladına, nəvəsinə laylay desin. 

Elə bəlkə ona görə də yas mərasimlərində çox zaman adamlar öz yaxınına ağı demək istəmir. Avazı var-yox fərq etməyən, amma mütləq içində bayatılar yazılmış “qalın dəftərçəsi” olan yad qadınlar hüzr yerlərində əzizlərimizi bizim əvəzimizdən ağlayırlar.



Bəlkə deyəcəksiniz ki, dünyanın bu boyda dərd-sərinin içində laylay öyrənmək nə vacib olub?

Unutmayaq ki, gözəl səs və sözlər insanda ən ülvi hisslər yaradır. 

Zorakılıqdan, vəhşətdən, nifrətdən uzaq bir övlad böyütmək üçün hərdən öz səsimizlə bir kəlmə oxşama deyək. 

Heç olmasa beşiyi başında laylay dediyimiz övladımızın bizi son mənzilə yola salan ağısını eşidə bilək...

Xəbər lenti

InvestAZ

Ən çox oxunan xəbərlər

Turan Qurultayının bağlanışında Türk dünyasına Qarabağ çağırışı

Macarıstanda Azərbaycan sərgisi açılıb

Türkmənistan, Qırğızıstan və Rusiyada yaşayan türk xalqlarının təmsilçiləri ilə görüş

Millət vəkili İraq, Krım, Tatarıstan və Noqay türklərinin təmsilçiləri ilə görüşüb

Buğacın Azərbaycan bölgələrindən biri ilə qardaşlaması təklifi

Bu il 700 bal toplayan abituriyentlər rekord sayda olub

İlk dərs bu mövzulara həsr olunacaq

Bu müəllimlərin məsuliyyəti məsələsinə baxılacaq

Dövlət Əməyin Mühafizəsi Fondu yaradılacaq

Siçanlar üzərində aparılan təcrübə göstərib ki...

Bakının bəzi ərazilərində qaz olmayacaq

Hidrometeorologiya Departamenti xəbərdarlıq edib

İcra başçılarına müraciət ünvanlanıb

"Qafqazinfo.az" - 8

"Azərbaycan üçün ayrıca bir İlqar Məmmədov məsələsi yoxdur"