Diqqət mərkəzə: Mərkəzdə görünən 35-ci dairədir

12:25 08-02-2020 | icon 1572 | Köşə
Diqqət mərkəzə: Mərkəzdə görünən 35-ci dairədir

Orada İqbal Ağazadə və Əvəz Zeynalovun Rauf Abbasov adlı “nadir” nüsxəsi var

İGİD TEYMURLU

 

Azərbaycan mətbuatı boynubükük sahilimizdə ölən balıqların Xəzər dilini təqdim etmək cürətində deyil. Əvəzindəsə onlara təlqin edilən dildə həm özünü, həm də öymək istədiklərini təqdim edir. Bu gün Azərbaycanda azad mətbuat yoxdur, ancaq örüşdə bir MƏTBU AT var ki, hərə öz istədiyi səmtə çapmaqda, hərə öz istədiyi ünvana səyirtməkdədir. Əvəz Zeynalov da o Mətbu Atın belindədir.

 

QEYD: Bu yazıda adları hallanan şəxsləri öz gerçək soyadlarıyla çağırmaq mənim ironiyam deyil. Üstündən illər ötüb, hələ də sən “-ov, -yev”lə nəfəs alırsan, bəlkə də qaytardılar düşüncəsindəsən, oturub mənə azadlığın dadından danışırsan. Öncə soyadını düzəlt, sonra danış. Yox düzəltmirsənsə, gerçək soyadınla çağırılmaqda yanlış axtarma!..

 

Mənə maraqlıdır: nədən Azərbaycanda azad mətbuatın təməlini əldən-ələ gəzərək heç bir “vozvrat”ı olmayan “Azərbaycan” qəzetilə qoyan və bütün nədənlərə baxmayaraq o mətbuatı yaşadan, azad düşüncənin yolunda məhrumiyyətlərə, təhdidlərə, təqiblərə məruz qalan Sabir Rüstəmxanlı kimi İnsan “samozvanets” “media kapitanları” tərəfindən çox zaman linç edilməyə çalışıldı, əvəzindəsə Sabir Rütəmxanlıdan öyrənənlər at belinə qaldırıldı və bu proses indi də davam edir. Bunun nədəni nə?..

 

Bu gün Azərbaycan mətbuatında Rauf Abbasovdan bir matah qayırıblar. Ondan büt düzəldib Ona səcdə edənlər bu yolda olmayanları bütün mümkün vasitələrdən istifadə etməklə sıradan çıxarırlar. Onu da etiraf edim ki, belə cılız yanaşma və sərsəm tullanışlardan çox vaxt heç Rauf Arifoğlunun xəbəri belə olmur. Sadəcə olaraq, Azərbaycanda Mətbu Atı minib çapanlar şöhrətpərəstliyə o qədər hərisdilər ki, məhz öz qazancları naminə yağış yağmasını, evin dammasını və hətta gəlinlərin doğmasını belə yalançı bütlərinin ayağına yazmaqla elə hey yağı yağ üstə tökməklə yarmanı da yavan qoyurlar...

 

Mətbu inancınıza sahib çıxın, əfəndilər, bütlərə sitayiş etməyin. Yetər daha, cəmiyyəti yalançı bütlərinizin kəramətinə inandırmağınız. İndi o yalançı bütlərin sındırılması zamanıdır.

 

Heç Sabir Rüstəmxanlıdan danışmıram. Əcəba nədən çox zaman haqqında xoş sözlər danışdığımız rəhmətlik Nəcəf Nəcəfov son dövr mətbuatımızın əgər belə demək mümkünsə, bütünə çevrilə bilmədi? Yaxud nədən doğrudan da, Rauf Abbasovun gerçək potensialı bunca artıq idisə, nədən mətbuatımızın patriarxı olan Şirməmməd Hüseynov onu sevməyi, ondan öyrənməyi bizlərə təlqin etmədi, bizə Ağsaqqal Öyüdü vermədi? Və nədən elə Sabir Rüstəmxanlının Özü də Rauf haqqında qədərindən artıq təriflər yağdırıb?

 

Nəcəf Nəcəfovun mətbu potensialı Rauf Abbasovdan az idimi? Yaxud Şirməmməd Hüseynov Əvəz Zeynalov qədər dünyanı dərk etməmişdimi?..

 

Əvəz Zeynalov kimi elə mən də bir qisim insanlar var ki, onların yazısını sətir-sətir oxumuşam. Elə Əvəz Zeynalovu da. Elə bir zamanlar “Xural”da geniş meydan verilən Əli Nasir şovinizminin mahir təbliğatçılarından olan Fəxrəddin Abbaszadənin yazılarını da!!!

 

Elə sətir-sətir oxuduğuma görə həm də deyə bilərəm ki, bəli, Əvəz Zeynalov da bir çox məqamlarda “sətir-sətir oxuduğu Rauf Arifoğlu”dan qurdla birgə yeyib yiyəsi ilə şivənə oturmanı əxz edib. Guya Əvəz Zeynalov bilmir ki,  Rauf Abbasovun “media qovğası”nın gücü hardan öz bəhrəsini götürür. Əgər bilirsə, bunu bir qəhrəmanlıq kimi qələmə verməklə Əvəz Zeynalovun özü də Rauf kimi davranmaqda: qurdu meşədən aclıq çıxarar, Əvəz bəy! Rauf Abbasovun öz aclığını ödəmək üçün hansı ətəklərdə namaz qılmasını sən məndən də gözəl bilirsən, Əvəz Zeynalov! Amma sənin öz aclığını ödəmək üçün Raufun ətəyində namaz qılma istəyini sadəcə olaraq, oxucun olaraq, mən qəbul edə bilmirəm. Raufu tərifləyəndə istiotunu, duzunu çox etdin, Əvəz bəy!

 

Həm Raufun, həm də Əvəz Zeynalovun haradan və hansı zərbələr almasını onların özlərindən daha yaxşı heç kim bilməz. Bununla bağlı Əvəz bəyin söylədiklərinə inanıram və bu məsələyə heç toxunmuram da.

 

Ancaq Rauf Abbasovun “nadir” nüsxə kimi Əvəz Zeynalov tərəfindən Azərbaycan seçicisinə təqdim edilməsinin nədənini mən başa düşmürəm. Daha doğrusu, başa düşürəm, sadəcə olaraq. Bunu Əvəzə yaraşdırmıram. Necə bilirsən, Əvəz Zeynalov, bir zamanlar Aynur Camalqızının yazılarını tərəfindən sətirbəsətir təqdim etdiyin kimi indi Sənin də Rauf haqqında dediklərini sətirbəsətir sənin özünə təqdim edək və dediklərinlə indi dediyin arasında bir paralellər aparıb faktın diliylə danışaq?

 

Rauf Abbasov hansısa oyunları oynaya bilər, amma bundan Azərbaycan cameəsi nələri əxz etdi və nələri əxz etməlidir, Əvəz Zeynalov? Rauf Abbasov inkişafımıza gedən yolda cəmiyyətə eybəcər kodekslər sırıyır, bunumu təqdir edirsən? Sən bunun fərqinə var. Bir yandan Raufun hansısa “barış” siyasətindən danışırsan, başqa bir yandan da özün də deyirsən ki, “Rauf Arifoğlu bu dostluq 2 il bundan öncə bitdi” söyləmiş. Budur Raufun “barış”ı, budur Raufun “xlebnik”inə hörmət bəsləməsi...

 

Sizlərin davranışlarınızda təqdim etdiyiniz cəmiyyətin özəllikləri və bu hakimiyyətin “zalım xisləti” görünmür. Zamanında “Selcanın məmləkəti”ndə baş verənləri görüb hislərimi cilovlaya bilməyib ağlamışdım da. Amma o zaman “Selcanın məmləkəti”ndə baş verənlərin sənin “nadir” nüsxə kimi qiymətləndirdiyin Raufun gerçək yaşam tərzi və gerçək davranışıyla daban-dabana zidd olduğunu da görmüşdüm. Budurmu sənin Raufunun apardığı mübarizənin mahiyyəti?

 

Siz bu kafayla, bu yanaşmayla medianı yenidən əvvəlki əzəmətli vəziyyətinə gətirə bilməyəcəksiniz, Əvəz Zeynalov. Sən türmədən çıxanda mən “gözün aydın, azad mətbuat, Əvəz Zeynallın gəlir!” demişdin. Amma sən rəqabətdə önə çıxmaq üçün, əzələ nümayiş etdirmək üçün azad mətbuatımızı haqdan gələn ana südüylə deyil, malışla bəsləməyə üstünlük vermədəsən. Ayıl, qardaşım, ayıl! Əks halda sən də Rauf kimi azad mətbuata Şahidlik etmə haqqını oxucu gözündə itirəcəksən! Amma bütün bunların qarşılığında elə Raufun özü kimi hər şey qazanacaqsan – ev alacaqsan, ofis alacaqsan, orden, medal alacaqsan, hələ deputatlığa namizəd olub sən də öz “20 illik dost”una qarşı çıxacaqsan, “xlebnik”inə yönəli hədyanlar yağdıracaqsan, mətbuatı siyasətin, dəvəni də eşşəyin quyruğuna bağlayacaqsan! Seçim sənindir!

 

Mən “Selcanın məmləkəti”ndəki Əvəzin belə yıxıcı yaralar almasını istəmədiyimdən oxucu haqqımdan çıxış edib dərk etdiyim qədərində bunları sənə deyirəm. Düzdür, mənim dərk etdiklərim həqiqətin özü deyil. Eləcə də Sənin və Raufun da dərk edib cəmiyyətə sırımaq istədikləriniz həqiqətin özü deyil.

 

Media haqqında islahatlar haqqında sizlərin “uca səslə danışmağınız” da gördüyünüz qədərdir və bu, sizlərin inadınız sayəsinndə deyil, dövlət başçısı İlham Əliyevin özünün islahatçı imicindən irəli gəlir. Bunca illər ötüb keçib, əynimiz parıldayıb, qarnımız da guruldayıb, nə əcəb sizlərin səsiniz nəyisə həll etməyib? Siz də bu gün eynilə Azərbaycan müxalifəti kimi hadisələri qabaqlayaıb taktiki gedişlər etməyi bacarmırsınız, əksinə, hadisələrin arxasınca sürünürsünüz..

 

Dövlət başçısı atılacaq hansısa bir addımla bağlı eskiz formalı çıxış edəndən sonra sizlər buna publisistik bicliklə don geyindirib divident qazanmağa çalışırsınız. Sənin “..indi də İlham Əliyevlə media siyasətini və islahatlarını Rauf Arifoğlu üzərindən aparmaq, hətta anlaşmaq olar” deməyində də bu öz əksini tapmaqdadır...

 

Sən çıldırdınmı, Əvəz Zeynalov!? “Siyasəti və islahatları Rauf Arifoğlunun üzərindən aparmaq”?!

 

Sənin dediyin oyunların bütün detallarıyla bağlı məsələdə İqbal Ağazadə faktoru daha ümidvericidir. Ən azından İqbal Ağazadənin istər azadlıqda, istərsə də azadlıqdan sonra siyasi sferada keçirdiyi həyat tərzi, atdığı addımlar, verdiyi açıqlamalar da buna şahidlik edir. İqbal Ağazadə Rauf Abbasovla müqaysədə daha çox əxlaqa söykənən siyasət yürüdüb. Mahiyyətindən asılı olmayaraq hər zaman özünün sözü və bütün zamanlarda dediyi sözün altından imza atmaq qüdrətində olan adam olub İqbal Ağazadə. Raufla İqbal Ağazadənin zərrə qədər belə olsun məndən çəkinəcəkləri, umacaqları yer olmadığı kimi mənim də onlardan zərrə qədər çəkinəcəyim və umacağım yer yoxdur. Amma haqqın naminə olanlar deyilməlidir. Sənin Rauf Abbasov adlı bütün timsalında təqdim etdiyini ağac ikən kötüklüyünü mən mətbu meşədə görmüşəm, Əvəz bəy!

 

Rauf Rauf, Əvəz də Əvəz olsaydı, Musa Urud kimi bir qurud parçası publisistikamızın azmanlarından olan Sabir Rüstəmxanlı haqqında “cızma-qara eliyən adam” ifadəsini işlədəndə onu linç etməli idilər. Etmədiniz, susdunuz, mağmun tamaşaçı olaraq əliniz qoynunuzda dayandınız. Öyləsə, mən sizə necə azad mətbuatın cəngavərləri deyə bilərdim.

 

Yaxud, Xədicə İsmayıl beynəlxalq tədbirdə Azərbaycanla bağlı məsələ müzakirə ediləndə nümayəndə heyətimizin çıxışı zamanı erməni axçisiylə birgə dalını onlara çevirib, qulağına qulaqcıq taxıb yambız oynadanda da sizlər seyirçi qaldınız. Verdiyiniz açıqlamalarsa etibarlı sığınacağa çəkilənin bir görüntüsü idi. Elə indinin özündə də 35-ci dairəylə bağlı söylədiklərindən görünən bu: yazdığın yazıda mən “Selcanın məmləkəti”ndəki Əvəz Zeynalovu görmürəm. Mən bu yazıda Raufun çətiri altında etibarlı sığınacağa çəkilən Əvəz Zeynalovu görürəm.

 

Lütfən mənə mətbuatın tərəfsizliyindən danışma. Çünki mətbuatın özünü də siyasətin quyruğuna bağlayan, mətbuatın tərəfsizliyini məhv edən elə sənin “nadir” nüsxən olan Rauf Abbasov olub ki, indi də onun əzabını çəkirik. Şəbəkə mətbuatının çiçəkləndiyi bir dövrdə sən Əvəz Zeynalov olaraq neytral mövqe sərgiləməli deyilsən. Sən həqiqəti söyləməli, Toplumu agah etməlisən ki, azad mətbuat da yavaş-yavaş nəfəs almağa başlasın...

 

Sənin “Sevgililər Günü”ylə bağlı yanaşmana da mənim özəl münasibətim var və bu, indinin müzakirə mövzusu deyil. Ancaq bununla bağlı məlum yazında qeyd etdiklərini olduğu kimi diqqətinə çatdırır və mövqeyimi sənə bəyan edirəm. Belə yazırsan: “2003-2005-ci illərdə 30 İyun “Sevgililər günü” ilə bağlı şiddətli kampaniyalar aparırdım. Kampaniya çərçivəsində məxsusən ANS-in və Vahid Mustafayev-Seyfulla Mustafayev-Mirşahin Ağayev üçlüyünün üzərinə gedirdim. “Sizin sayənizdə “Valentin günü” bu ölkəyə ayaq açdı..”.

 

Sual edirəm, Əvəz Zeynalov, bəs deyirsən ki, Rauf “nadir” nüsxədir. Sənin məntiqinlə Dilavər Kişinin oğli Şahin Ağayev və onun Mustafayevləri Raufla müqayisədə balaca adam olublar. Öyləsə, nədən sənin “nadir” nüsxən “Valentin günü”nün Azərbaycanda oturuşmasına meydan verib, axı sənin düşüncənə görə Rauf böyük adamdı, əlində böyük mətbu şəbəkə var idi, verməzdi də?..

 

Sən haqqı danmağı, haqqı unutmağı Rauf Abbasovdanmı öyrəndin, Əvəz Zeynalov!

 

Səni Rauf Abbasov linç edəndə Dilavər Kişinin oğlu açıqca sənin yanında olmayıbmı? Sən də bu gün haqqın naminə açıqca ya İqbal Ağazadənin, ya da Rauf Abbasovun yanında olmağını ortaya qoymalı idin. Ancaq qoymadın, səndən yol gözləyən yetim seçicini yolayrıcında qoydun..

 

“..Birinə dünən vardı hökumətin dəstəyi, birinə də bu gün ola bilər” qənaətinin özündə də yanlışlıq var, şübhə toxumları əkmək həvəsi var. Demək sabah bu dairədən məsələn, İqbal Ağazadə seçiləcəksə, sən Raufun yanında sinənə döyəcəksən ki, bax mən onda demişdim ki, “birinə də bu gün ola bilər”. Və beləcə İqbal bəyin qələbəsini sual altına qoyursan...


Həyatda hər şey nisbidir, Əvəz bəy. İdeal olan şey və ideal olan kəs yoxdur. Adəm övladı olaraq məsum da deyilik. Azad mətbuatın peşindəyiksə, deməyək ki, qağayı haramdır, yumurtası halal. Halalı harama qatmayaq. Bəli, qoy haqqı olan qazansın. Yetər ki, mətbuat belə məqamlarda öz oxucusuna getdiyi yolda nəyin bahasına olursa olsun, yumaq sarıtdırmasın...

 

Və diqqət mərkəzə: Yalanla plov bişsə, dəniz qədər yağı məndən, Əvəz bəy. Siz ölən balıqların Xəzər dilində danışın, Mətbu Atı həvəsiniz xatirinə ora-bura çapmaqla tərlətməyin, çərlətməyin. Mən sabaha ÜMİDlə baxıram, ümidlə baxıram ki, Azərbaycanımız öz İQBALına qovuşsun...

Xəbər lenti

InvestAZ

Ən çox oxunan xəbərlər

Əməkdar artistin 61 yaşı tamam olur

“Qəbələ” çilili hücumçu ilə müqavilə imzalayıb

30 saylı Suraxanı birinci Seçki Dairəsindən deputatlığa qeydə alınmış namizədləri BƏYANAT yaydı

İrəvanda Xocalı soyqırımı ilə bağlı sorğu - Türk bloqqer Ermənistanda+Video

Bu, düz bağırsaq xərçənginin əlaməti də ola bilər

Ermənilər Laçın və Kəlbəcərdə 27 ev, yeni məktəb binası tikir - FOTO

Bu Milli Məclisdə 9 partiya təmsil olunacaq - SİYAHI

Atəşkəs rejimi 22 dəfə pozulub

Futboldakı problemləri açıb tökdü

Prezident İlham Əliyev Avropa çempionatında uğur qazanan güləşçilərimizi təbrik edib

Mehriban Əliyeva güləşçilərimizi təbrik etdi 

Sabahın hava proqnozu

Ermənilər Xocalıda at oynadır

Milli Məclisə yeni sədr seçiləcək

"Millimizin yeni baş məşqçisi əcnəbi olacaq"