“Bu gün Şuşanın işğal günüdür, nə sözünüz var?”

19:14 08-05-2018 | icon 116 | Siyasət
“Bu gün Şuşanın işğal günüdür, nə sözünüz var?”

 

Versus.Az Şuşanın işğal gününü belə bir sualla anmaq istədi:

“Bu gün Şuşanın işğal günüdür, ictimaiyyətə nə sözünüz var?”

 

“Əks halda Ermənistan kimi xuliqan dövlətlər meydana çıxacaq”

 

Azərbaycan Demokrat Partiyasının sədri Sərdar Cəlaloğlu deyib ki, Azərbaycan xalqı bilməlidir ki, biz ermənilərin qarşısında məğlub olmamışıq:

 

“Azərbaycan ərazilərinin işğal olunması təkcə ermənilərin yox, həm də rus-erməni alyansının işidir. Biz Rusiyanın bu işğal prosesinin arxasında durmasını dəqiq və aydın şəkildə dərk etmədikcə, problemin nəyə görə bu günə qədər həll edilməməsinin səbəblərini müəyyən edə bilməyəcəyik”.

 

ADP sədri bildirib ki, Şuşanın işğal səbəblərindən dərs götürmək lazımdır:

 

“O vaxt Azərbaycanda hakimiyyət dəyişilmələri oldu. Bəzi qüvvələr satqınlıq edib ərazilərin işğal edilməsinə şərait yaratdılar. Bu gün həmin siyasi hakimiyyət dəyişilmələrində ərazilərimizin düşmənlər tərəfindən işğal edilməsini nəzərə almalıyıq. Bir sözlə, faktiki olaraq Şuşanın işğalı Azərbaycan xalqının gözünü açmalı, müstəqilliyin asan əldə edilməsinin mümkün olmadığını və mütləq öz ərazilərimizi azad etmək üçün canımızdan, qanımızdan keçməyə hazır olmaq dərsini bizə verməlidir. Yoxsa nə işğalın mahiyyətini başa düşə bilərik, nə də gələcəkdə bu cür hadisələrdən sığortalana bilərik. Düşməni dəqiq tanımalı, daxildə mübarizə apararkən xarici təhlükələri nəzərə almalı, milli həmrəyliyi bütün hakimiyyət maraqlarından üstün tutmalıyıq. Bu üç prinsip rəhbər götürülmsə Azərbaycanın başına çox bəlalar gələcək”.

 

S.Cəlaloğlu bildirib ki, bu gün dünyada insan itkisi ilə müşahidə olunan çaxnaşmalar var və bütün bunlar Şuşanın işğalı zamanı dünya ictimaiyyətinin obyektiv  mövqe tutmamasının  nəticəsidir:

 

“Dünya ictimaiyyətinin ermənilərin işğalına laqeyd qalması dünya nizamını, təhlükəsizliyi təhdid edir. Ona görə də hər bir işğal hərəkatına beynəlxalq hüququn ciddi reaksiyası verilməlidir. Əks halda Ermənistan kimi xuliqanlıq edən dövlətlər meydana çıxacaq. Bu da faktiki olaraq bölgədə çox ciddi nəticələrə gətirəcək. O vaxt buraxılan səhvlər ona gətirib çıxardı ki, bu gün Rusiya öz imperiya maraqlarını Qafqazda təmin edir. Şuşanın işğalına düzgün qiymət verilsəydi Kırım, Gürcüstan əraziləri işğal olunmazdı. Şuşanın işğalından beynəlxalq ictimaiyyətin çıxaracağı dərs bundan ibarət olmalıdır”.

 

 “Bu, dünya ictimaiyyətinin heç vecinə olmayacaq”

 

Ümid Partiyasının sədri İqbal Ağazadə bu günlə bağlı heç bir sözünün olmadığını dedi:

 

“Nə sözüm olacaq? Nə demək mümkündür?! Əgər Şuşanın işğaldan azad olunmasında özümüz nəsə edə bilmiriksə, bu, dünya ictimaiyyətinin heç vecinə olmayacaq. Tutaq ki, Afrində nələrin baş verməsi kimin vecinədir ki. Eləcə də beynəlxalq ictimaiyyətin nə vecinə ki, Şuşa işğaldadır”.

 

İ.Ağazadə beləliklə işğal olunmuş ərazilərin azad olunması məsuliyyətinin yalnız Azərbaycan dövləti və xalqının üzərində olduğunu önə çəkib:

 

“Biz reallıqaları unudub özümüz-özümüzə təsəlli edirik ki, dünya ictimaiyyətinə müraciət edək, təşkilatlara üz tutduq.  Guya dünya ictimaiyyəti bizim üçün nə edəcək, heç nə. Gücün çatır, get torpağını azad elə, özünü, dövlətini sübut et. Yoxsa, işğalla bağlı kimlərdənsə nəsə gözləmək boş şeylərdir. Şuşanın işğal günü bizə bunları deyir”.

 

“LAZIMın gəldiyini gözləməklə, torpaq azad olunmur”

 

Professor Qulu Məhərrəmli bildirib ki, Azərbaycan tarixinin, mədəniyyətinin bir parçası olan Şuşanı işğaldan azad etmək üçün bütün yollardan istifadə etməliyik. O, sözdən işə keçmək vaxtının çoxdan çatdığını deyib.  Bildirib ki, Allaha dua etməklə LAZIMın gəldiyini gözləməklə, torpaq azad olunmur. Torpağı əsgər azad etməlidir:

 

“O baxımdan hesab edirəm ki, biz söz, danışıq enerjisini iş enerjisinə çevirməliyik. 26 illik işğal olmaz. Hərəkət olmasa, torpaqların tamamilə itirilmə qorxusu var. İnsanlar öz daxilində, tarix qarşısında bu məsuliyyəti hiss etməlidir. Dövlət də, hökumət də, biz vətəndaşlar da…”

 

Q.Məhərrəmli beynəlxalq təşkilatların münaqişəyə ədalətsiz müdaxilə etməsinə də fikir bildirib. O, Qarabağ münaqişəsinin həllində əsas söz sahibinin Azərbaycan olduğunu bəyan edib:

 

“Əgər gücünüz varsa, bir daşı o biri daşın üzərinə qoymaq istəsəniz, heç kəs sizə mane ola bilməz. Amma məsələnin mürəkkəb tərəfi odur ki, son dövrlərdə gedən proseslər Qarabağ problemini beynəlxalq güclərdən asılı vəziyyətə salıb. Amma beynəlxalq hüquq baxımından Azərbaycan bu ərazilərin sahibidir və onun görmək istədiyi hər hansı tədbir əsaslıdır. Bunun üzərində düşünmək lazımdır”.

 

“Şuşanın işğalı bizdən tələb edir ki…”

 

“İki Sahil”qəzetinin baş redaktoru Vüqar Rəhimzadə bildirib ki, Şuşanın işğalı hər bir azərbaycanlının yaddaşında ağır bir gün kimi qalıb:

 

“Şuşanın işğal günü bizdən tələb edir ki, dövlətimizi daha da gücləndirək, ordumuzun qüdrətinin artırılması yolunda üzərimizə düşən vəzifəni layiqincə yerinə yetirək, dövlətimizin başçısına daim dəstək, arxa olaraq işğal altında olan Şuşa və digər rayonlarımızı azad edək. Mənim buna şübhəm yoxdur. Bu, belə də olacaq. Ali Baş Komandanın, Prezidentimizin apardığı siyasət bu ali məqsədə yönəlib. Hər bir Azərbaycan vətəndaşı bu ali, ülvi məqsədə addım-addım yaxınlaşmalıdır və bu da ordumuzun qüdrətlənməsindən keçir.

Şuşanın işğal günü deyir ki, biz Ali baş komandanın ətrafında bir olmalıyıq. Dövlətimizin gücü, qüdrəti artdıqca Azərbaycan işğal ltında olan ərazilərinin geri qaytarılması üçün öz qəti mövqeyini nümayiş etdirəcək”.

 

V.Rəhimzadə bu gün beynəlxalq təşkilatların Qarabağla bağlı ikili yanaşmalarını da təəssüflə qeyd edib:

 

“İstərdim ki, beynəlxalq təşkilatlar bu məsələdə ədalət prinsipinə söykənsin, əsl həqiqəti önə çıxarmaq üçün qətiyyətli olsun. Təəssüflər olsun ki, beynəlxalq təşkilatlar işğala məruz qoyulan ölkə ilə işğalçı arasında bərabərlik işarəsi qoyurlar. Bəzən biganə, bəzən isə etinasız yanaşırlar. İstərdim ki, ədalətli olsunlar və ikili standartlara son qoysunlar”.

 

“Azərbaycan xalqı bütün məsələlərdə birinci özünə güvənməlidir”

 

AXCP sədri Razi Nurullayev bildirib ki, Şuşanı azad, ən uca zirvəsində Azərbaycan bayrağının dalğalanmasını görmək istəyir. İstəyir ki, Şuşa yenə də Azərbaycanın mədəniyyət mərkəzi olsun. Şuşa dağı Azərbaycan xalqının ürəyindən silinsin.

Razi Nurullayev belə bir gündə beynəlxalq təşkilatlara müraciət “siz sülh deməklə, sülh yaranmır” deyib. Bildirib ki, Azərbaycan xalqı bütün məsələlərdə birinci növbədə özünə güvənməlidir:

 

“Azərbaycan öz ətrafında müttəfiqlərinin sayını artırmalı, ordusunu gücləndirməlidir. Beynəlxalq aləmə aydın olmalıdır ki, Azərbaycan müharibə yolu ilə olsa da, öz torpaqlarını işğaldan azad edə bilər. Yalnız bu zaman onların “dərisinə isti keçəcək” və doğru addımlar atmağa başlayacaqlar. Azərbaycan o mesajı verməlidir”.

 

R.Nurullayev vurğulayıb ki, Beynəlxalq təşkilatların qarşısında dayanan ən ümdə məsələlərdən biri də budur ki, onlar üzərlərinə düşən öhdəlikləri yerinə yetirsinlər:

 

“Əgər müharibə yox, münaqişənin sülh yolu ilə həll olunmasını istəyirlərsə, praktik addımlar atmalı, beynəlxalq hüquqdan irəli gələn müddüəları həll etməlidirlər. Əgər bunu etmrlərsə, deməli tərəflər müharibə edər və ortada qarşılıqlı ittihamlar qala bilər. Beynəlxalq təşkilatlar ikilistandartları kənara qoyub bütün münaqişələrə eyni gözlə baxmalıdır”.

 

“Azərbaycan xalqına “ayağa qalx” mesajını verir”

 

ALDP sədri Fuad Əliyev nəinki Şuşanın, elcə də digər ərazilərimizin işğal altında qalmasının Azərbaycan xalqı üçün ağrılı olduğunu bildirib. O, bəyan edib ki, separatçı erməni öz layiqli cavabını almayınca, məkirli niyyətindən asanlıqla geri çəkilən deyil. Partiya sədri erməni müxalifətçisi Paşinyanın Azərbaycana göndərdiyi mesaja diqqət çəkib:

 

“Paşinyan deyib ki, Dağlıq Qarabağla bağlı danışıqlar masasında üçüncü tərəf kimi qondarma Dağlıq Qarabağ respublikası da iştirak etməlidir. Bu artıq onu göstərir ki, ATƏT-in Minsk qrupunun 25 il yürütdüyü danışıqlar siyasəti boşdur”.

 

F.Əliyev bildirib ki, Şuşanın işğalı Azərbaycan xalqına “ayağa qalx!” mesajını verir:

 

“Hesab edirəm ki, bugünkü iqtidar xalqla bir olub Dağlıq Qarabağ və digər işğalda olan torpaqları azad etməlidir. Biz Azərbaycan olaraq bu işi həll edə bilərik. Burda nə beynəlxalq təşkilatların, nə də hansısa qrupun fəaliyyəti heç bir nəticə verməyəcək. Ermənilər istənilən vaxt hakimiyyət dəyişikliyi bəhanəsi ilə Dağlıq Qarabağda danışıqları yenidən başladacaqlar. Ona görə də mən münaqişənin danışıqalar yolu ilə, hansısa Minsk qrupu çərçivəsində həll olunacağına ümid etmirəm. Bir çıxış yolu var: iqtidar çağırış etməli, güclü ordumuz irəli gedərək torpaqları azad etməlidir”.

 

“Vətənpərvər oğullar yenidən səfərbər olmalıdır”

 

Müstəqil siyasi ekspert Nəsimi Məmmədli bildirib ki, Şuşanın işğalından 26 il keçir və bu 26 il bir insan ömrü üçün çox uzun zamandır:

 

Şuşadan çıxanda südəmər körpələrin əksəriyyəti indi artıq özləri də valideyndir. Yaşlı insanların əksəriyyəti vətən həsrəti ilə bu dünyadan niskilli köçdü. Şuşasız doğulan, böyüyən yeni nəsil yetişdi. Təəssüf ki, hələ də bu işğalı ortadan qaldırmağa gücümüz yetmir.

 

Şəxsən tanıdığım bir qrup şuşalı hələ də uca səslə “möhtərəm prezidentim danışıqlarla məsələni həll edəcək və biz ona inanırıq” deyərək kef-damaqdadır. Bahalı maşınlarda gəzir, villalarda, bağlarda, otellərdə istirahət edir, təmtəraqlı restoranlarda yeyib-içir, qonaqlıqlar, şənliklər keçirirlər.

Onlar Şuşaya dönmək istəyər? Bilmirəm!

 

Digər bir qrup “mənlik nə var ki, sadə adamam, mənim edəcəyim heç nə yoxdur” deyərək özünə təsəlli verir. Xeyir-şər məclislərində görüşəndə şuşalı günləri ötəri xatırlayır, məyus olur və bununla da öz mənəvi borclarını yerinə yetirmiş kimi davam edirlər. Beləcə, Allahın verdiyi ömür payının nə zaman bitəcəyini gözləyirlər. Onlar üçün Şuşa olsa da olar, olmasa da.

Bəziləri “Şuşaya qayıtmaq üçün nə edirsən” sualından sanki diksinir, qorxur, bunu eşitmək belə istəmirlər. Yaxınları, qohumları, doğmaları elə həlledici mövqedə möhkəmlənib və söz sahiblərinə çevriliblər ki, onlara Şuşanı xatırlatmaq belə risklidir. Yəqin ki, Şuşa heç vaxt onlara da lazım olmayacaq!

Böyük bir qrup isə ürəyindəki vətən həsrəti ilə əriyir, “qaçqın” sözünü eşitdikcə xəcalətdən büzüşür, çarəsizlik içərisində düyasını dəyişir. Hətta bu şuşalılar arasında öz vətəninə sürünərək getmək arzusunda olan xeyli ağbirçək analar, ağsaqqal atalar və ortayaşlı insanlar var. Şuşadan danışanda gözləri dolur...

 

Mən bilmirəm, bu qrupların hansı haqlıdır? Bu düşüncədə olduqları üçün onları qınamaq və ya anlamaq lazım olduğunu deməyə çətinlik çəkirəm.

Məhz Şuşaya sürünərək getmək istəyən şuşalılar üçün və müqəddəs şəhid ruhlarına görə Şuşaya qayıtmaq uğrunda ən çətin mübarizəyə hazır olmalıyıq. İşğal edilmiş yurdlarımız uğrunda Azərbaycanın hər guşəsindən vaxtilə döyüşə atılan çoxlu igid oğullarımız olub. Çoxsaylı şəhid vermişik. İndi də ölkəmizin hər guşəsindən olan vətənpərvər oğullar yenidən səfərbər olmalıdır. Yaxşıların xatirinə həmrəy olmalıyıq!

 

T.Qafarlı
Versus.Az

Xəbər lenti

InvestAZ

Ən çox oxunan xəbərlər

Xatirəsi bu gün də yaddaşlarda diri qalan həkim

Kərkük əhalisi kəfən geyinib küçələrə çıxdı – VİDEO

Nazir rektorlara tapşırıqlarını verdi

“Əbülfəz bəy niyə xalqa müraciət etmədi, niyə Etibar bəyi çağırmadı?” - LAYİHƏ

Bu qadınlar Azərbaycanla əməkdaşlıqda maraqlıdılar

Millət vəkili nazir və merlə görüşüb

“Məqsədləri Qarabağı Azərbaycandan qoparmaqdır”

"Türkmənlərin pozulan hüquqları bərpa edilsin, parlamentdə təmsil hüquqları tanısın" - BƏYANAT

Prezident Azərbaycanın fəallığını yüksək qiymətləndirib

“Avropa Birliyi normal mövqe sərgiləməlidir”

Növbəti plenar iclasda bu məsələlər müzakirə olunacaq - SİYAHI

Artıq marixuana çəkənlər həbs olunmayacaq

“Səməd Seyidova sanksiya tətbiq etmək absurddur”

“Bu sanksiyalar bumeranq kimi Avropanın özünə qayıda bilər”

Ümumdünya Qadın Sammitində Azərbaycan Xalq Cümhuriyyətindən danışdılar