“Onun adını çəkmiyəcəkdim, amma özləri məni buna vadar etdilər” - LAYİHƏ

19:49 11-05-2018 | icon 647 | Layihə
“Onun adını çəkmiyəcəkdim, amma özləri məni buna vadar etdilər” - LAYİHƏ

 

Razi Nurullayev: “Oyunçuluq bir saxtakarlıq anlamına gəlib”

 

 

Versus.Az–ın “MASAÜSTÜ OYUN” layihəsinin növbəti qarşılaşması sabiq prezidentliyə namizəd, AXCP sədri Razi Nurullayevlə oldu.

 

(əvvəlki müsahibələrin linkləriFuad ƏliyevƏli ƏliyevAydın MirzəzadəSərdar Cəlaloğlu, Fəzail İbrahimli)

 

- Razi bəy, masaüstü oyunlardan niyə məhz ŞAŞKİni seçdiniz?

 

- Mən seçmədim, Arzu xanımla məsləhətləşdik hansı olsun, şaşkinin üzərində dayandıq.

 

- Bəs seçim özünüzə qalsaydı necə?

 

- Əslində şahmatı seçmək istədim. Amma qarşımdakının şahmatda uduzmasını istəmədim. Bir də ki, mən masaüstü oyunlarının hamısını bilsəm də, oynamağı xoşlamıram. Yeniyetməliyimdə və tələbəlik illərimdə domino oynamışam, o da çox az hallarda. Çünki vaxtım olmayıb oynamağa.

 

- Daşları damalara düzək... Ağlarla oynuyacaqsız, qaralarla?

 

- Ağları xoşlayıram.

 

- Niyə ağ, zövq məsələsidir?

- Bilmirəm, ümumiyyətlə qara rəngi xoşlamıram. Ağ rəng qəlbimi açır, ruh yüksəkliyi verir.

 

 

- Bəlkə hücuma birinci ağlar başladığı üçün xoşlayırsız ağ fiqurları?

 

- O da ola bilər.

 

- Siyasi tərəfdən yanaşsaq, axı ağ rəngə ləkə salmaq tez olur...

 

“Ola bilər oyunla siyasəti düzgün tarazlaşdıra bilmirəm”

 

- Yox, inşallah ləkə düşməz.... Mən ilk gedişi edim... Buyurun.

 

- Aha, bu da mənim gedişim... Razi bəy, “ləkə düşməz”i inamla dediniz.

 

- İnamla dedim, çünki mən ləkə düşməyəcəyinə əminəm..... Yox, indi siz vurmalısız.

 

 

- Vurmaq istəməsəm?..

 

- O zaman fişkanı götürməli olacam.

 

- Siyasi yanaşaq, mən bilə-bilə ki, siz fişka götürəcəksiniz, daşınızı vurmuram..

 

- Heç nə, ona görə yəqin ki, bir cəza çəkirsiz, nədəsə uduzursuz, nəyisə itirirsiniz.

 

- Bəlkə mən o fişkanı bilərəkdən qurban verirəm ki, özümün gördüyüm qələbəyə doğru qaçıram?.

 

- Mümkündür. Ola bilər mən oyunla siyasəti düzgün tarazlaşdıra bilmirəm..... bu da növbəti gedişim.

 

- Deyirsiz oynamıram, amma oyuna elə aludə olubsuz ki... Mən də sevinmişdim ki, zəif oynuyursuz, oyunu mən udacam... Razi bəy, siyasətdə strategiyalar qurulduğu kimi, istər masaüstü, istər digər oyunlarda da qurulur. Elə şaşkini götürək, bu oyunda elə bir strategiya qurubsuz ki, bircə gedişlə bir neçə fişkanı götürə biləsiniz? Məsələn, mən bayaqdan elə bir vəziyyət yaratmaq istəyirəm.

 

- Təbii ki... Elə mən də bayaqdan düşünürəm necə edim ki, sizin 3-4 daşınızı birdən vurum. Hələ ki, o vəziyyəti görə bilmirəm.

 

- Razi bəy, sizi gənc siyasətçi hesab etmək olar, yoxsa siz də deyəcəksiz ki, mən artıq siyasətdə qocayam?

 

- Kifayət qədər gəncəm. Elə siyasətdə də gəncəm.

 

“Əsasən müxalifət partiyalarında aftaritarizm, daxili diktatura var”

 

 

- Siyasətdə gənc, amma yaşlı olmağı nəylə əlaqələndirirsiz?

 

- Azərbaycan siyasətində vəziyyət elə qurulub ki, partiyada birinci olmadan siyasət qurmaq mümkün deyil. Çünki Azərbaycanın demək olar ki, bütün siyasi partiyalarında - əsasən müxalifət partiyalarında - aftaritarizm var, daxili diktatura var. Partiya sədrləri çalışırlar ki, şəxsiyyətə pərəstiş yaratsınlar. Və insanlar partiyaya partiyanın ideologiyasına, onun mübarizəsinə, proqramına görə yox, konkret bir siyasi şəxsə görə gəlsinlər. Bu isə həmin partiyanın səhvidir. Bu baxımdan partiyada digər siyasətçiyə siyasət aparmağa yer qalmır. Hansısa bir siyasət aparmaq istəyəndə isə birincinin qısqanclığı ilə üzləşirlər...

 

Ona görə siyasətdə gəncəm deyirəm ki, mən 2015-ci ilin oktyabrından artıq partiyada sədr olaraq siyasətimi davam etdirirəm. Gəlin digər siyasətçilərlə müqaisə edək. 2 il yarım siyasi fəaliyyətimdə bir gün də olsun gündəmdən düşmədim. Uğurlu bir siyasət apara bildim. Partiymıza yaxın media orqanları, partiyanın özünün elektron vasitələrini yarada bildik, televiziya və sair bu kimi müxtəlif resurslar yarada bildik. Bəlkə də siyasi partiyaların içində ilk olaraq biz partiyamızın proqramını yaratdıq və müzakirəyə çıxartdıq, dövlətə göndərdik. Artıq biz proqramı olan, proqramla gündəmə gələn bir partiya imici yaratdıq. 2 il yarım ərzində prezidentliyə namizəd də oldum, çox uğurlu bir kampaniya da apardıq. Nəticənin nə olub olmamasını müzakirə etmək istəmirəm.

 

- Razi bəy, deyirsiz gəncsiz. Gənclər yaxşı futbol oynayar, valibol, digər idman oyunları oynayar və siz də deyirsiz bu oyunları oynamısız. Deməli yaxşı oyunçusuz.

 

- Doğrudur, oynamışam. Amma OYUNÇU sözünü ona görə işlətmirəm ki, Azərbaycanda bu söz maxinator, pravokatr, yalançılıq, xalqdan ayrı düşmək kimi qiymətləndirilir. Oyunçuluq bir saxtakarlıq anlamına gəlib. Amma təbii ki, bütün dünyada siyasətdə bir siyasi oyunlar var. O siyasi oyun mütləq şəkildə neqativ mənada başa düşülməməlidir. Elə siyasi oyunlar aparıla bilər ki, xalq üçün böyük müsbət məqamlar ortaya qoyula bilər. Yəni o qədər müsbətlər ola bilər ki, xalqın ağ günə çıxmasına səbəb ola bilər, siyasətin kökündən dəyişməsinə səbəb ola bilər. Amma bizdə əfsuslar olsun ki, siyasi oyun iyrənclik kimi başa düşülür. Bu səbəbdən mən oyunçu və oyun sözlərindən istifadə etmək istəmirəm.

 

- Hazırda biz dama üzərində oyun qurmuşuq. Qarşınızdakı bu şaşki taxtası bir meydandır. Biz sizinlə deyək ki, siyasi oyunları, neqativləri masaüstü oyun vasitəsilə ictimaiətə təqdim edirik. Bu baxımdan OYUN sözündən ehtiyatlanmağa əsas yoxdur. Çünki insanlar qəbul etməsələr də, özlüklərində bunu bir daha süzgəcdən keçirib doğruları anlayacaqlar. Yəni çəkinmədən yaxşı oyunçuyam deyə bilərsiniz.

 

 

- Mən siyasətdə özümü müsbət mənada xarakterizə olunan pis oyunçu hesab etmirəm. Amma sizin mənə təqdim etdiyiniz bu şaşki oyununda necə oyunçuyam, onu oyunun sonunda biləcəyik.... və... mən gedişi etmişəm, istəyirəm siz mənim daşımı vurasınız. Çünki sizin oyununuzu zəif gördüyüm üçün sizə güzəşt edirəm.

 

- Aha, bax yaranmış vəziyyəti deyirdim....Daşınızı vura bilərəm...amma bacarmadığım siyasəti bu oyunda etmək istəyirəm. Yəni daşınızı vurmuram.

 

- Axı mən yenə sizin fişkanı götürə bilərəm.

 

- Mən də istədim ki, götürəsiniz.... və bax şaşkidəki hazırkı oynadığınız vəziyyəti indiki siyasi durumla necə müqaisə edərdiniz?

 

- Mən oyuna başlayarkən gücümü olduğundan çox böyük göstərdim. Gözlədiyim kimi də ilk həmlələrimdən qorxdunuz və səhvi səhv üzərində etməkdəsiniz.

 

“O partiyadakı fəaliyyətimlə bunu sübut etmiş bir siyasətçiyəm”

 

- Bəs siyasətdə kimi qorxuya saldınız ki, səhvi səhv üzərində etdi və hələ də etməkdədir?

 

- Hə, şaşkinin diliylə danışım da.... Mən belə bir ab-hava yaratdım ki, bu ŞAŞKİ oyununda yaxşı oyunçuyam. Xüsusən özüm bilrəkdən DAŞIMI verirəm ki, vursun. Rəqibim isə düşündü ki, mən bunu bilərəkdən edirəmsə burda bir hiylə var, mən onu vurmayım qoy daşımı götürsün və başqa bir gediş edim.....

 

....Prezident seçkilərindəki bir məsələylə bağlı çıxışımın üzərinə gəlim. Mənim Pakistandan silah gətirilməsi ilə bağlı çıxışım çox müzakirə olundu və bu gün də müzakirə mövzusudur. Bu, Ermənistana və onun havadarlarına, belə deyək, bir hədə-qorxu çıxışı idi. Təbii ki, nüvə silahının bura gətirilib Ermənistana atılması Azərbaycanın da məhv edilməsi deməkdir. Bu, sadəcə Dağlıq Qarabağla bağlı siyasət həyata keçirən dövlətlərin daha anlaqlı bir siyasət aparmasına çağırış idi. Demək istədim ki, Azərbaycan hətta o barədə də düşünə bilər və düşünəcək. O çıxışdan sonra belə bir düşüncə ortaya çıxdı ki, bu, Razi Nurullayevin yox, Azərbaycan dövlətinin fikridir ki, Razi Nurullayev vasitəsilə səsləndirildi. Mən düşünürəm ki, hər iki halda Azərbaycan dövləti udur. Dünya dövlətləri də bilməlidir ki, Azərbaycan sona qədər bu vəziyyətdə gedə bilməz. Bax həmin çıxışım da bir manevr, əzələ nümayişi idi və işlədi.

 

- Razi bəy, az öncə dediniz ki, partiyada özün birinci olmadan siyasət qurmaq olmur. Belə başa düşdüm ki,  vaxtilə fəaliyyət göstərdiyiniz partiyada sizin siyasət qurmağınıza imkan verilməyib.

 

- Əgər mən bir partiyadayamsa, vicdanımla həmin partiyadayam və o partiyanın inkişafı üçün xidmət edərəm. Və liderimin gələcəyinə inanıramsa, onun üçün bütün gücüm, bacarığım ilə əlimdən gələni edərəm. Mən o partiyadakı fəaliyyətimlə bunu sübut etmiş bir siyasətçiyəm. Yox əgər gələcəyinə inanmıramsa, özünü yaxşı cəhətdən göstərə bilmədisə, gələcəyimiz yoxdursa, heç bir halda orada davam edə bilməzdim. Hər bir siyasətçi siyasətə ona görə gəlir ki, siyasətdə müəyyən nəticəyə nail olsun....

...... mən sizin bu daşınızı da vuracam..... siz niyə vurmursuz e yenə?

 

 

- İstəmirəm....mənim də taktikam başqadır.

 

- Bilmirəm niyə buna taktika deyirsiz, siz sadəcə mənə udmaq üçün şərait yaradırsız.

 

“Deyəcəkdilər ki, deyəsən Razi Nurullayev xalqla məzələnir”

 

- Razi bəy, məsələ budur ki, sizin prezident seçkilərində iştirakınız keçmiş partiya yoldaşlarınız və bir-neçə müxalifət partiyalarında acıqlı qarşılandı. Ünvanınıza xoş olmayan fikirlər də səsləndi. Belə deyildi ki, seçkilərə qatılmağınız hakimiyyətin tələbi olub. Yəni sizin məhz Əli Kərimliyə qarşı çıxmanız əsas götürülüb. Bu yanaşmalara reaksiyanız necə oldu? Bu şaşkidəki kimi rəqibin daşını vurmadan irəliləyə bildinizmi?

 

- İcazənizlə bu sualda bir yox, bir neçə məsələyə toxunum...

Mənim prezident seçkilərinə başlayandan və debata getdiyim zamandan, elə birinci debatdan da göründüyü kimi, ümumiyyətlə Əli Kərimlinin adını çəkmək fikrim yox idi və çəkmirdim də. Ümumiyyətlə, hesab edirəm ki, Əli Kərimlinin adının bu və ya başqa formada çəkilməsi onun siyasətdə qalmasına xidmət edir. Onun adını çəkmiyəcəkdim, amma özləri məni buna vadar etdilər. Mən seçkilərdə iştirak etməyin tərəfdarıyam, insanları seçki məntəqələrinə dəvət edirəm, amma Əli Kərimli insanları seçkini boykot etməyə, məntəqələrə getməməyə çağırır. Bu səbəbdən ona qarşı gəlməli oldum. Yəni bu, mənə qarşı hərəkət edirsə, mən də buna qarşı hərəkət etməliyəm. Mən bunu etdim. Amma mədəniyyətdən, etikadan kənar heç bir ifadəyə yol vermədim, heç vaxt da yol verməmişəm. Əli Kərimli mənə bir siyasətçi kimi maraqlı idi və onun siyasətinin hər zaman tənqid etmişəm, tənqid də edəcəm. Məsələ ondadır ki, əslində Əli Kərimli özü də sevinirdi tənqid olunmağına. Çünki bilir ki, tənqid olunması onun siyasətdə qalması anlamına gəlir. Guya Əli Kərimli nə qədər güclü fiqurdur ki, onu tənqid edirlər. Mən bu reallığı görürəm və qəbul edirəm. Amma mən özüm deməsəm, bu mənim ondan qorxduğum anlamınamı gəlir, yaxud siyasətdə realı görməmək anlamınamı gəlir. Və bu gün məni tənqid edənlər ki, niyə Əli Kərimlinin adını çəkdim, onlar gecə-gündüz nəzir-niyaz paylayırlar ki, Razi Nurullayev bizi tənqid eləsin. Bilirsinizmi, burda siyasətçilər içərisində çox təzadlılıqlar var. Real olanın fikirlərini dillərinə gətirmirlər. Hər zaman yalan və qeyri-səmimi sözlər, ifadələr. Mən isə Əli Kərimlini gündəmə gətirmək üçün tənqid etmirdim. Sadəcə qəbul edirdim ki, bu boykotun başında dayanan və sözü keçən adam elə Əli Kərimlidir. Mən Əli Kərimlinin üzərinə getməsəydim, başqa birisinin adını çəksəydim, deyəcəkdilər ki, deyəsən Razi Nurullayev xalqla məzələnir. Bu, məsələnin iki tərəfi var idi. Mən daha layiqli olan tərəfini seçdim. Mən siyasətdə onun tərəfdarıyam ki, səmimi, real olanı de, qeyri-səmimilik, artistlik etmə, ürəyindən gələnləri et. Mən Əli Kərimlini tənqid etməsəydim, onun tərəfdarları müxtəlif formalarla məni intriqaya çəkməyə çalışacaqdılar, ta ki, Kərimli tənqid olunsun. Çünki onlar çox gözəl bilir ki, Əli Kərimlini siyasətdə saxlayan onun elə bu şəkildə tənqid olunmasıdır. Amma onu profesional şəkildə özü yarada, özü siyasəti gətirə bilir o vəziyyətə. Məsələ burasındadır ki, bundan xalq üçün qazanc yoxdur, dedi-qodudan başqa bir şey yaratmır. Mən onunla bağlı səsləndirdiyim tənqidlərdə real olanı dedim, həmişə dediklərimi dedim. Sadəcə istədim ki, televiziya vasitəsilə yalnız seçkilər üçün yox, həm də öz iddialarımı və nəyə görə AXCP sədri olduğumu çatdırım.

Digər bir tərəfdən, mən AXCP sədriyəm. Əli Kərimli deyir mən də AXCP sədriyəm. İndi mən AXCP sədəri iddiasında olanı qoyub, gedib məsəl üçün Müsavat başqanıyam deyəni tənqid etməli deyildim ki.

 

- Bizim də dediyimiz odur ki, bu siyasi meydandır və qarşı-qarşıya gəlinirsə, istər-istəməz biri digərini vurub çıxarmalıdır. Yəni bu siyasətdirsə, bu siyasi oyunda biri-digərini vurmalı olur.

 

- Amma mən yalanlar, aldatmalar, deyək ki, gözdən oğurlanıb fikri yayındırmaqla xaincəsinə zərbə vurmaq oynunun tərəfdarı deyiləm və qəbul etmirəm. Siyasətdə də düşünürəm ki, birinci növbədə xalqla səmimi olmalısan ki, xalq səni bir siyasətçi kimi bəyənsin. Qəbul etməliyik ki, Azərbaycanda hələ ki, siyasi mədəniyyət o dərəcədə formalaşmayıb. Siyasətçinin siyasətdə qalıb qalmaması önəm daşımır. Ona görə də siyasətçilər belə qeyri-adi, bayağı hərəkətlər edərək uzun müddət siyasətdə qala bilir, hansı ki, heç bir müsbət nəticələri də yoxdur.

 

- Cəmiyyət siyasətçini formalaşdırır, yoxsa siyasətçi cəmiyyəti?

 

- Bunu həmişə demişəm və deyirəm də, əfsuslar olsun ki, Azərbaycanda siyasətçilər Azərbaycan cəmiyyətini formalaşdırıblar. Mən bunu dəyişməyə çalışmışam. Mən öz partiyamda bunu dəyişmişəm, öz siyasətimdə bunun tam əksini edirəm, kifayət qədər açıq, səmimi danışıram. Ona görə də bəzən mənim sözümdən tutub mənə qarşı zərbə vurmaq istəyənlər olub. Amma sonra həmin insanlar məndən üzür istəyiblər. Bəlkə də sizin dediyiniz fikirlər üçün cəmiyyət hələ tam olaraq yetişməyib, cəmiyyət bunu qavrıya bilmir, hər siyasətçi özünə uyğun cəmiyyət yetişdirmək istəyir. Amma xalqın özünün yetişməsi lazımdır ki, siyasətçini yetişdirsin.

 

“Ənənəvi müxalifətin taktikası özünü doğrultmayıb”

 

 

- Yetişəcəkmi?

 

- Yetişəcək. Xalq kifayət qədər dəyişib. Baxın, bu gün xalq hər siyasətçiyə, hər deyilən sözə inanmır, hər şeyi hər kəsdən yaxşı görür. Məsələn, mən düşünürəm ki, biz artıq yeni bir mərhələ başlada bildik. Bunu qəbul etmək lazımdır ki, bunda mənim rolum danılmazdır. Bəziləri deyir ki, İlham Əliyevi tənqid etmədin. Bəli, mən onu tənqid etmədim, amma hakimiyyətin indiki fəaliyyətində kifayət qədər çatışmazlıqlar görürdüm və bunu da səsləndirirdim. Çünki mən hakimiyyətlə bir dialoqa getmək istəyirəm ki, yavaş-yavaş nəyəsə nail olaq. Çünki bizim o qədər gücümüz yoxdur. Mən güc müstəvisində hakimiyyətlə mübarizə apara bilmirəm, ona görə də başqa bir taktika seçməliyəm. İndiyə qədər ənənəvi müxalifətin taktikası özünü doğrultmadı, xalq bunların müsbət mənada heç bir xeyirini görmədi...

Seçkidən sonra prezident hər bir namizədə öz təşəkkürünü bildirdi, proqramlarımızı nəzərə alacağını dedi. Artıq debatlarda səsləndirdiyimiz 2-3 proqramı da qəbul edib.

Əslində bizim debatlarda səsləndirdiyimiz proqramları ənənəvi müxalifət də deyib, amma fərqli. Yəni hədə və ittihamla tələb kimi səsləndiriblər. Bu cür aqresiya və radikallıqla da indiyədək heç nəyə nail ola bilməyiblər. Xalqa bu cür səsləndirmənin xeyiri ola bilməzdi.

 

- Seçkilər zamanı sizin hakimiyyət tərəfindən düşünülmüş şəkildə prezidentliyə namizədliyinizin qəbul edilməsinin siyasi oyun olması, guya Əli Kərimlini yıxmaq məqsədilə önə çıxarılmanız yönündə səsləndirilən fikirlərə münasibətiniz necə olacaq? Bu bir oyun idimi və siz vəziyyətdən necə çıxdınız?

 

“Əli Kərimli hansı zirvədədir ki, onu yıxsınlar”

 

 

- Əvvəla bu fikri qəbul etmirəm. Yəni Əli Kərimli hansı zirvədədir ki, onu yıxmağa çalışsınlar. İkinci bir tərəfdən, mənim namizədliyim “Cəbhəçilərin təşəbbüs qrupu”ndan irəli sürülmüşdü, AXCP-dən yox. Əgər mən əli Kərimliyə qarşı oyun qurmuş olsaydım, AXCP-ni 2015-ci ildə mənim adıma qeydiyyata alardılar və onu afsaytda qoyardılar. Əksinə, niyə sual vermirsiniz ki, o iddianı Əli Kərimli yayıb və bütün hakimiyyətyönlü qəzetlər yazanda AXCP sədri Əli Kərimli yazır? Mən onlarla çox davaya çıxırdım ki, reallıq hissini bu qədər itirmisiniz? Amma yenə də AXCP sədri Əli Kərimli yazırlar, deyirlər. İndi ay Əli Kərimli, gör sən oyun içindəsən, yoxsa mən? Heç olmasa “Yeni Müsavat” qəzeti məni yeni AXCP, Qafqazinfo alternativ AXCP sədri kimi təqdim edir. Amma hakimiyyətyönlülər birbaşa AXCP sədri Əli Kərimli yazırlar. Əgər hakimiyyət mənə bu şansı yaratmaq, gündəmə salmaq istəyirdisə, ən azından deməliydi ki, Əli Kərimlinin iddia etdiyi AXCP, Razi Nurulayevin iddia etdiyi AXCP. Niyə demirdilər? Ən böyük suallar elə burda yaranır və Əli Kərimliyə ünvanlanmalıdır.

 

- Sizcə bu cür təqdim edilmələrin səbəbi nə idi?

 

- Əslində reallıq budur ki, Əli Kərimlinin siyasətini çox gözəl anlayırlar və onu necə idarə etməyi də bilirlər. Əli Kərimli bu gün Azərbaycanda idarə olunan siyasətçidir. Əvvəlcədən addımları bəlli olan siyasətçidir. Yəni 5 gün sonra hansı addımı atacağı bəlli olan siyasətçidir. Belə bir halda hakimiyyət onun siyasətdə qalmasına şərait yaradır. Çünki bilir ki, artıq bu il Əli Kərimlinin mitinq tədqiqatı qurtardı, bir də payızda başlıyacaq. Onun seçkidən öncə və sonra keçirdiyi mitinq planlaşdırılmış addım idi. Əgər o, həqiqətən də Azərbaycanda sərbəst toplaşmaya icazə verilmədiyini dünyaya göstərmək istəyirdisə, onda mitinqin keçirilmə tarixini elə bir günə salmalıydı ki, hakimiyyət həmin gün icazə verməzdi. Seçki gününə, seçkidən bir gün əvvələ salardı, yaxud deyək ki, İlham Əliyevin hansısa rayonda görüşü, yaxud şəhərin harasındasa bir açılış mərasimi var, həmin günə bir mitinq təşkil edərdi, təbii olaraq icazə verilmiyəcəkdi, o da mesaj etmiş olardı ki, baxın, sərbəst toplaşmaya icazə verilmir. Əgər Əli Kərimli oyunpozanlıq etmək istəyirdisə bunları edərdi. Amma o nə edib, quzu balası kimi barmaqla göstərilən yerdə mitinq keçirir, sonra da ATƏT qeyd edir ki, Azərbaycanda sərbəst toplaşma azadlığı var. Mən heç də düşünmürəm ki, Azərbaycanda diktatura var. Hər kəs bilir ki, Azərbaycanda sərbəst toplaşma azadlığı var. Məsələ burasındadır ki, guya Əli Kərimli göstərmək istəyir ki, sərbəst toplaşma azadlığı yoxdur, amma bunun əksini göstərir. Məsələ onda deyil ki, Əli Kərimliyə göstərişlər verildiyi üçün edir bunları. Bunu da deməzdim, ona haqsızlıq etməzdim. Sadəcə olaraq, Əli Kərimli nəyinsə müqabilində, bilir ki, bu, onun özünə də sərf edəcək və bu cür addımlar atır.

 

“Çox əziyyət çəkibsən, indi ol ölkənin prezidenti”

 

 

- Özü edir, yoxsa kimsə diqtə edir ki, et?!

 

- Onu özü bilər, vicdanı bilər, mən bir söz deyə bilmərəm. Bunlar mənim siyasi mülahizələrimdir, görünən budur və mən bilirəm ki, reallıqdır. Mən də bu siyasətin işindəyəm. Prezidenti mən də tanıyıram, o da tanıyır. Mən əgər prezidenti pis bir rakusda təqdim eləyirəmsə, ona müsbət məqamlar qazandıracaq addımlar atmamalıyam. Amma Əli Kərimli lazımi anlarda bu addımı atır həmişə. Məsələ onda deyil ki, Əli Kərimliyə məhz göstəriş gəlib, onu eliyir. Mən bunu da deməzdim. Sadəcə olaraq, Əli Kərimli nəyinsə müqabilində, bilir ki, bu, onun özünə də sərf eləyir, hakimiyyətə də sərf eləyir, o zama edir. Yəni, biz elə variant seçirik ki, siz də uduzmursuz, mən də uduzmuram, heç-heçə qurtarır oyun. Bu da fikirləşir ki, hə, indi məqamdır, mitinq keçirib dünyaya göstərərəm ki, Azərbaycanın müxalifət lideri mənəm. Yəni kürsümü saxlayıram, hər kəs məndən yazır və sair. Məsələ burasındadır ki, Əli Kərimli 1988-ci ildən bu yana olan bu mübarizə tarixində hakimiyyətə gəlmək üçün mübarizə aparmayıb. Aparsaydı, prezidentliyə namizəd olardı. Və bu gün məni prezidentliyə namizəd olmaqda günahlandıranların özləri məndən yüz min qat daha günahkardılar. Mən real olanı etdim. Onsuz da mən seçkidə iştirak edib etməsəm də, seçki baş tutacaqdı. Amma onlar ən böyük riyakarlığa yol verdilər ki, seçkidə iştirak etmədilər. Çünki bilirdilər ki, uduzacaqlar. Onlar uduzmuş siyasətçi imicini üzərlərinə götürmək istəmədilər. Belə çıxır ki, sən xalqı düşünmürsən, sən mübarizə aparmalısan. Əli Kərimli düşünür ki, mən elə bir seçkidə iştirak edəcəyəm ki, yüz faiz bilməliyəm ki, məni qızıl kəcavədə başlarının üzərində aparıb Prezident Aparatında otuzduracaqlar, ayağını isti vanna edəcəklər ki, meydanlarda çox olubsan soyuqlayıbsan, isti mürəbbəli çay qoyacaqlar qabağına ki, çox əziyyət çəkibsən, isti çaydan iç, indi ol ölkənin prezidenti. Kim bunu edəcək?

 

- Deyirsiz ki, uduzacağını bildiyi üçün seçkini boykot etdi. Yəni qalib idi ki, uduzacağından qorxurdu?

 

- Debatlarda da dedim ki, 30 ildir uduzmuşuq, bunu qəbul etmək lazımdır. Ucadan demək lazımdır və mən bunu ucadan deyirəm – BİZ MƏĞLUB OLMUŞUQ! Məğlub olduğumuza görə artıq yeni bir taktika seçərək yenidən güclənmək lazımdır. Mən o gücü özümdə tapdım ki sıfırdan başlayım və nəticəsi də var. Şəxsən mən partiyamın siyasətinin Azərbaycan üçün də böyük nəticəsi olduğu düşüncəsindəyəm. Hər şeyi açıqlaya bilərəm, amma buna ehtiyac görmürəm. Qısacası onu deyim ki, bizim apardığımız siyasətin nəticəsində Azərbaycanda kifayət qədər sosial məsələlər həll olunur.

 

- AXCP adının aqibəti necə olacaq? Vaxtilə Mirmahmud Mirəlioğlu “klassik”, Qüdrət Həsənquliyev “bütöv” sözünü artırmaqla öz siyasətlərini qurdular. Bəs Razi Nurullayev hansı sözü artırmaqla AXC-yə haqqı çatdığını göstərəcək?

 

- Mən AXCP-nin sədriyəm, Əli Kərimli isə AXCP-nin sədri olduğunu iddia edir. İşlər məhkəmədədir və hansısa söz əlavə etmədən AXCP adını bütöv götürmək istəyirik.

 

“Sosial mediada da ana-bacı söhbəti gedəcək”

 

 

- Belə çıxır ki, KXCP də, BXCP də, siz də AXCP-də Əli Kərimlinin birinciliyi səbəbindən öz siyasətinizi qura bilməyibsiz. Ayrılmalar bu səbəblərdənmi baş verib?

 

- Həmişə yox. Əgər bir siyasətçi aparılan siyasətin uğursuzluğa nəticələnəcəyini görürsə, aparılan siyasətin nəticəsiz olduğunu görürsə, orda fəaliyyətini davam etdirmək istəmir. Yəni heç bir insan siyasi öhdəlik götürməyib ki, ömürlük onun yanında qalsın. Siyasətdə müxtəlif pozitiv oyunlar mümkündür. Qonşu Türkiyəyə baxaq. Bizdə necə ola bilər ki, bir siyasi partiya öz millət vəkillərini başqa partiyaya icarəyə versin? Deyəcəklər saatqınlar, alçaqlar... Sosial mediada da ana-bacı söhbəti gedəcək. Amma Türkiyədə Cümhuriyyət Xalq Partiyası İyi partiyaya 15 nəfər millət vəkilini icariyə verdi ki, onlar namizəd ola bilsinlər. Mən siyasətdə pozitiv oyunların tərəfdarıyam. Amma Azərbaycanda məhz elə o ənənəvi müxalifət klassik siyasəti iyrənc oyuna çevirib. Məsələn, onlar üçün həbs olunmaq qəhrəmanlıqdır, onlar üçün müxalifətin ac olması, köhnə və cırıq paltarda gəzməsi, səfil, dərviş günündə olması qəhrəmanlıqdır. Fon yaradırlar ki, bax bu əsl müxalifətdir, boyun əyməyib, evi yoxdur küçələrdə yatır, polislə əlbəyaxa olur, paqonuna əl atır və polis onu aparanda da ayağını yerə dirəyib təzyiq göstərir, bu görüntülərlə şəkillər çəkdirib feysbukda paylaşmaqla qəhrəmanlıq obrazı yaratmaq və sair sadalamaqla bitməyən bəsit mübarizə üsulları. Amma müxalifətçilik bu deyil və xalq üçün belə bir “mübarizənin” xeyri yoxdur.

 

- Şəkil demişkən, Milli Şuranın mitinqini müşahidə etsək belə qənaətə gəlmək olur ki, sanki Məhsul Meydanı şəkil çəkdirmək üçün yaxşı fondur. Bir çoxları onların mitinqinə şəkil çəkdirmək üçün gedir. Bu hallar nəyin təzahürüdür?

 

- Mən mitinqlərin lehinəyəm. İstəyirəm Azərbycanda lap hər gün 10 minlik, yüz minlik, milyonluq mitinq keçirilsin. Amma hazırda bu mümkün olmadığına görə buna cəhd etmirəm. Əgər bir mitinqdə artım getmirsə, deməli bir az taktikanı dəyişmək lazımdır. Yeni-yeni qüvvələri cəlb etmək, ritorikanı, şüarları dəyişmək lazımdır. Şəkil çəkdirənlərə gəlincə, təşkilatçılar nəzarət edə bilməzlər buna. Şəkil çəkdirmək indi moda minib, kim bilə bilər ki, bu adamlar orda hansı məqsədlə şəkil çəkdirir. Amma bilirik ki, bir çox gənclər o mitinqlərə gedib şəkil çəkdirirlər ki, xarici ölkəyə gedəndə göstərsinlər ki biz orda döyülürük, söyülürük, mitinqlərdə iştirk edirik, Azərbaycanı qəbul etmirik. Siyasi mühit fəaliyyətini göstərmək üçün... Doğrudan da bu səbəbdən hardasa 100-200 nəfər gedir o mitinqə. Əli Kərimliyə də sərf eləyər ki, ora gələn adamların sayı çox olsun. Hər kəsin bir məqsədi var. Əli Kərimlinin məqsədi mitinqdə daha çox adamın görünməsi və özünün Azərbaycanın ən fədəkar siyasi mübariz obrazını yaratmaqdır, ona nail olmaq istəyir. Ora gələnlərin içərisində bir 200-300 nəfər gizli xidmət orqanlarının adamları olur ki, təhlükəsizliyi təmin eləsinlər. Yəni hədəfləri təhlükəsiz şəraitdə mitinqi yola verməkdir ki, bunu məruzə edələr. Bir 200 nəfər ya şəkil çəkdirib kiməsə göndərir, bir 100 nəfər də jurnalist olur. Yəqin ki, YAP-dan da bir 50-60 nəfər kənardan izləyəni olur. Ümumilikdə götürəndə düşünürəm ki, o meydanda real 70 faiz mitinqçilər olur. Hər kəsin bir hədəfi var, öz məqsədinə çatmaq istəyir.

 

- Sizin partiya necə, mitinq keçirməyi planlaşdırmır?

 

- Məsələni müzakirə etmişdik. Yəqin ki, yaxın zamanlarda yenə də məsələnin müzakirəsinə qayıdacağıq. Siyasi məsələlərlə bağlı Azərbaycanda mitinqlər özünü doğrultmur. Dağlıq Qarabağla bağlı debatlarda da fikirlərimi bildirdim, hazırda partiyadaxili iclaslarda da müzakirələrimiz olur yəqin ki, müsbət qərarımız olacaq. Amma mitinq şəklindəmi, yürüşmü, nəsə bir qərarımız olacaq.

 

- Sizin gedişinizdir Razi bəy.

 

- Yox, siz oynamalıydınız.

 

- Mənim gedişim olub, bax bu idi və deyəsən özümü tələyə salmışam....

 

- Mən sizin daşlarınızı götürməli olacam yenə..

 

- Razi bəy, bu müsahibə sosial şəbəkədə paylaşılanda çox güman ki, o kəslər yenə etikadan kənar müəyyən rəylər yazacaqlar. Dözümlülük göstərə biləcəksinizmi o cür rəylərə?

 

- Hazırda Azərbaycan siyasətində ən çox təhqirə məruz qalan İlham Əliyevdir, ikinci də mənəm. Mən o rəylərin hamısına nəzarət edə bilmərəm. Bu gün o rəyləri izləmirəm, boş verirəm. Demək ki, mən varam, hesablaşırlar, çəkib-çevirirlər.

 

- Onlar tərəfindən mübarizə sayılan bu söyüş kampaniyasını mübarizə üsulu hesab etmək olar?

 

- Söyüş mübarizə taktikası deyil. Ədəbsizlik, mədəniyyətsizlik, harınlamışlıqdır. O insanların hamısı klaviatura qarşısında qəhrəmandırlar. Və kinli olmasam da o məni söyənlərin bir-neçəsini yadımda saxlamışam, hansı ki, daha pis söyüşlərə, valideyn qəbrini təhqirlərə əl atıblar. Onlar üçün ana ata qəbri müqəddəs deyil, bacı-qardaş dəyərləri yoxdur. Onlarla nə vaxtsa hardasa qarşılaşsam bəlkə də özümü saxlaya bilmərəm, vaxtilə yaxşı bokusla da məşğul olmuşam, bir zərbəylə yerə sərə bilərəm, inzibati cəzası nədirsə onu da çəkərəm, heç olmasa ürəyim soyusun. Mən istəmərəm bu baş versin, sadəcə bir misal kimi çəkdim, mübaliğə formasında dedim ki, hər kəsə aydın olsun ki, nə qədər özümü tox tutsam da.... Üzlərinə tüpürərəm, deyərəm ki, bu siyasətin elə ən şərəfsizləri, ləqayətsizləri sizsiniz və sizi buna vadar edəndir.

Bilirsiz, o söyüşlərə əl atanlar əslində çox zəif insanlardır və əmin olun ki, onlarla qarşılaşsaq qorxularından qaçarlar. Onlar bayaq dediyim kimi, yalnız monitor arxasında qəhrəmandılar.

 

- Necə hesab edirsiniz, müxalifət bu gün düşərgədə fəaliyyətini necə göstərə bilir, ümumiyyətlə varmı, yoxmu?

 

- Təbii ki, hər kəsin öz baxışları var. Düşünürəm var. Təbii ki, Amerikada, Fransada olan siyasət Azərbaycanda yoxdur. Ən azından Rusiyada, Türkiyədə olan siyasət də Azərbaycanda yoxdur. Azərbaycanın hazırki siyasi reallığına uyğun, siyasi şəraitinə və cəmiyyətinə uyğun siyasət var.

 

“Təəssüf ki, çoxu kağız üzərindədir”

 

- Siyasi meydanı hansı rəngdə görürsünüz?

 

- Bütün dünyada siyasət rəngarəngdir. Bir rəngdə siyasət olmur. Siyasətin rəngarəngliyi siyasi idealogiyalara, müxtəlif siyasi proqramlara bağlı məsələdir. Azərbaycan siyasətində bunlar var, amma təəssüf ki, çoxu kağız üzərindədir. Birrəngli siyasət Şimali Koreyadadır.

 

- Müxalifətin birliyi necə, sizcə mümkün görünür?

 

- Əslində, Azəraycanda siyasi kataklizmlərin əsasında dayanan brendlərin olmaması məsələsi deyil. Tamamən yanlış fikirdir. Dünyanın hər yerində müxalifət birləşir də, ayrılır da, bir neçə partiya birliklər yaradır da. Siyasi brendlərin yaranması Azərbaycan üçün məqbul olardı. Amma siyasi maraqlar o qədər fərqlidir ki, hazırki vəziyyətdə müxalif siyasiləri bir yerə yığmaq mümkün deyil. Bunun üçün də bunun üzərində baş sındıran, buna çalışan siyasətçi demək ki, siyasətdən başı çıxmayan adamdır. Amma mən onun tərəfdarıyam ki, Azərbaycanda bir siyasi inteqrasiya olsun. Bunun olması üçün Azərbaycanda məhz yeni qüvvələr, fərqli düşüncəli insanlar o birliyi yaratsınlar ki, ənənəvilər siyasi səhnədə önəmlərinin sıfıra endiyini görüb tabeçilik göstərsinlər. Hesab etmirəm ki, bu gün xalq ənənəvi müxalifəti bir yerdə görəndə desin ki, xilasımız gəldi. Ümumiyyətlə bu mümkün deyil və bu heç Azərbaycana lazım da deyil. Çünki əgər onlar təzədən xalqı öz lazımlılaqlarına inandıra bilib hakimiyyətə gəlsələr belə, Azərbaycan daha pis günə qalar. Allah o gündən saxlasın.

 

- Qarşıda hansı planlarınız durur?

 

- Mənim qarşımda hazırda bir plan durur. Bu plan odur ki, sizin iki daşınız qalıb, onu necə götürüm....

 

- Bir daşınızı da güzəşt vermək istəmirsiniz e, qoruyursunuz. Nolar ki, mən də sizin daşınızı götürüm də, onsuz da gedişə baxsaq, siz udursuz oyunu....

 

- Yaxşı, şərait yaratdım, götürün....

 

- Amma siyasət həqiqətən də qurbanlarsız irəliləmir.

 

- ....Baxın, mən daşı verdim amma siz vurmadınız.

 

- Mən niyə görmədim bunu.... Hə, mən qələbəyə tələsdiyimdən qarşımdakı maneəni görmədim.

 

- Bu da son, iki daşınızın yolu bağlandı.

 

- Hə, bir oyunda iki xal irəli düşdünüz.

 

- Siyasət həm də səbrdir.

 

- Razi bəy, oyun sizi yormadı?

 

- Yox, yormadı, amma mən razı qalmadım oyundan.

 

- Niyə?

 

- Mənə elə gəldi ki, siz mənim udmam üçün şərait yaratdınız.

 

- Bir dəfə uddunsa, qazandınsa, uğur dalınca uğur gəlir. Ola bilər mən də bunu nəzərə almışam. Və son sualımız, masaüstü oyunu kiminlə oynamaq istərdiniz?

 

- İlham Əliyevlə. Nə vaxtsa bəlkə də qismət oldu.

 

 

- Mən sizi təbrik edirəm. İnşallah siyasi meydanda da daha böyük qələbə qazanarsınız və inşallah arzuladığınız siyasəti qurarsınız.

 

- Təşəkkür edirəm, çox sağ olun.

 

Tahirə Qafarlı & Arzu Zeynallı
Versus.Az

Xəbər lenti

InvestAZ

Ən çox oxunan xəbərlər

Turan Qurultayının bağlanışında Türk dünyasına Qarabağ çağırışı

Macarıstanda Azərbaycan sərgisi açılıb

Millət vəkili İraq, Krım, Tatarıstan və Noqay türklərinin təmsilçiləri ilə görüşüb

Buğacın Azərbaycan bölgələrindən biri ilə qardaşlaması təklifi

Türkmənistan, Qırğızıstan və Rusiyada yaşayan türk xalqlarının təmsilçiləri ilə görüş

Şöbə müdiri olmaq istəyənlərin nəzərinə

Millət vəkili Macarıstanda Qarabağdan danışıb

Nazirlikdən XƏBƏRDARLIQ

İxtisas seçimi bu gün başa çatır

Bu il 700 bal toplayan abituriyentlər rekord sayda olub

İlk dərs bu mövzulara həsr olunacaq

Dövlət Əməyin Mühafizəsi Fondu yaradılacaq

Siçanlar üzərində aparılan təcrübə göstərib ki...

Bakının bəzi ərazilərində qaz olmayacaq

Bu müəllimlərin məsuliyyəti məsələsinə baxılacaq