“Əbülfəz bəy niyə xalqa müraciət etmədi, niyə Etibar bəyi çağırmadı?” - LAYİHƏ

09:32 18-05-2018 | icon 507 | Layihə
“Əbülfəz bəy niyə xalqa müraciət etmədi, niyə Etibar bəyi çağırmadı?” - LAYİHƏ

QƏZAN MÜBARƏK - 3

 

Rəhim Qazıyev: “Harada satmışam? Neft idi, qaz idi, nə idi Şuşa?

 

 

(Layihənin bundan öncəki DÖYÜŞÇÜləri Vətəndaş Həmrəyliyi Partiyasının sədri

Sabir Rüstəmxanlı, Arif Paşa: 1-ci və 2-ci, Zərdüşt Əlizadə: 1-ci və 2-ci)

 

Bu gün Azərbaycanda bir “mənəm-mənəm”lik duyğusu hökm sürməkdədir: istər iqtidarda olsun, istərsə də müxalifətdə, istər cəmiyyətin sıravi üzvləri arasında olsun, istərsə də bildiyini deməyən, yaxud dediyini bilməyən elit təbəqədə. Bu gün Azərbaycanda hakimiyyət hərisliyi var: istər iqtidarda olsun, istərsə də müxalifətdə - sadə elektorat da bunların qurbanı. Bu gün Azərbaycanda hər şeyə sahiblənmək həvəsi var – istər uydurduqları mifdə, istərsə də real həyatda. Günümüzün mifləri və günümüzün həqiqətləri müsahibin diliylə anladılsa da, bu konuda bizim də razılaşmadığımız məqamlar yetərincə olur. Dil altında gizlənən “mən”in bəyanı, yalanlara həqiqət, həqiqətlərə yalan donu geyindirilməsinin gerçək üzünün təqdimatı baxımından müsahiblərin düşündükləri onların söz haqqı olduğu kimi, bizim də onlara meydan verməyimiz peşə borcumuzdur. Versus.Az alternativ olan və olmayan fikirlərin qovşağıdır. Yetər ki, hər kəs öz fikrinə sahib çıxsın və hər kəsin söylədikləri Versus.Az-ın mövqeyi kimi dəyərləndirilməsin...

 

Ən yeni tariximizin görünən səhnəsində Yer Adamlarından olan RƏHİM QAZIYEVin də hansı manerada olması öz dilinin altında gizlənən “mən”ini bəyan edəndən sonra bilinəcək...

“QƏZAN MÜBARƏK, RƏHİM QAZIYEV!”. Buyur, Versus.Az-dakı “Cəng Meydanı”na...

 

III hissə

 

“...Təpəmə gülləni çaxardılar da!”

 

(əvvəli bu linkdə - 1-ci, 2-ci)

 

- Mətbuat yazırdı ki, bəs Qraçov hansısa görüşdən sonra “Rəhim Qazıyev prezident olmasa, görərsiz neyniyəcəyik?” deyib. Belə şey olubmu?

 

- Mətbuat ağına-bozuna baxmadan ağlına gələni yazır. Mətbuat yazır ki, Rəhim Qazıyev Şuşanı satıb. Adama deyərlər ki, kimə satmışam Şuşanı? Harada satmışam? Neft idi, qaz idi, nə idi Şuşa? Bəs onda o Şuşada döyüşən əjdaha oğlanlar, ziyalılar harada idilər? Mən onların əlindən silahı almışdım? Biri gəlib, təpəmə çaxardı da gülləni!..

 

- Mətbuatın iddia etdiyi “Qraçovun dedikləri“ deyəsən yaddan çıxdı, Rəhim bəy?

 

- Narahat olma, yadımdan çıxmayıb. Sənin mətbuatının dediyinə münasibət bildirmək üçün dağa-daşa düşdüm. Qraçov, mənə “sən niyə prezident olmursan?” deyəndə ona belə dedim: “Paşa, sən QKÇP vaxtı Yeltsini xilas edəndə niyə prezident olmadın?” Durub mənə baxdı, baxdı və qucaqlayıb dedi ki, mən sənə görə azərbaycanlıları sevməyə başlamışam. Mən ondan texnika xahiş etmişdim. Götürdü 4-cü ordunun komandiriylə danışdı. Ona dedi ki, sən Rəhimə 10 tank, 10 BMP ver. Popov dedi ki, hamısı Prişibdədi, akumlyatorları yoxdu. Mən də dərhal müavinim Vahidə zəng edib dedim ki, Vahid, qadan alım, get mənim kabinetimə, bilirsən orada nə var, lazım olan şeyi götür, get Popovun yanına, oradan da gedirsən Prişibə. Aidiyyatı adamlara məlumat vermişəm, gedəndə yolda qabağına nə qədər Kamaz, MAZ çıxsa, hamısını saxla, akumlyatorlarını çıxararsan. Tankları, BMP-ləri komplektləşdirib sonra gələrsiniz platformaya, oradan dəmiryoluyla Zəngilana gedərsiz.  Zəngilandan Laçın istiqamətində “marş brosok” olacaq...

 

Səfər Əbiyevə açılan cinayət işi və 18 il 6 aylıq dəbdəbəli həyat

 

- Bakıya nə vaxt döndünüz?

 

- Mən Bakıya ayın 11-də döndüm. 10 tank, 10 BMP öz xoduyla gəlib çıxıb platformaya, hamısı da tam hazır formada, komplektləşdirilib. Heç bir yerdə dayanmadan gedirlər Zəngilana. 12-si səhər Zəngilanda düşəndə 20 texnikadan 8-i yerindən tərpənmir. Sonra məlum olur ki, yolda gələndə elektrik naqilləri kəsilib. Əsədə əmr verdim ki, götür heç olmasa, o işləyən texnikanı birbaşa Laçın istiqamətinə get. Oldu. Həmin ərazidən heç 10 km aralanmamış, Qubadlıya çatmamış Səfər Əbiyev tankları, BMP-ləri orada qoyub qaçır. Mən onu dərhal işdən azad edib cinayət işi qaldırtdırdım...

 

- Sonra nə oldu?

 

- Sonra? Sonra o oldu ki, həmin Səfər Əbiyev 18 il 6 ay Azərbaycanın müdafiə naziri oldu!!! Sonra o oldu ki, general-polkovnik rütbəsinə qədər qaldırdılar onu!..

 

“Allah Mübariz Əlizadəyə rəhmət eləsin – KQB-nin ən görkəmli agentinə!”

 

- Həm qəribə, həm də məntiqsiz səslənsə belə, yenicə tanıdığınız Elçibəyin 54 ildə evinə bazarlıq belə etmədiyini vurğulamısınız... Haradan bilirdiz Əbülfəz bəy heç evə bazarlıq etmir, siz ki, onu təzə-təzə tanımışdınız? Və deyəsən axı bu ifadə ilə həm də özü-özünüzü ifşa etmiş olursunuz.

 

- Burada heç bir qəribəlik və heç bir məntiqsizlik yoxdur. Bəzi şeyləri bilmədiyin üçün sənə belə gəlir...

 

- Deyin bilək, “Qəribə Adam”la yaxından tanış olaq...

 

- Əbülfəz bəyin öz dilindən eşitmişəm, deyirdi ki, “mənim bugünkü günə kimi öz ailəmdən xəbərim yoxdu, Almurad baxıbdı, evə də bazarlığı Almurad edibdi”.

 

- Heydər Əliyevin arxasınca təyyarə göndərən kim idi?

 

- Əbülfəz bəy. Əbülfəz bəyin təyyarəsi gedibdi.

 

- Nə vaxt olub?

 

- Ayın 6-dan 7-nə keçən gecə..

 

- Zərdüşt bəy vurğulayır ki, “Xalq Cəbhəsini sonradan götürən cəbhəçilər KQB agenturasıdır”. Həmin yanaşmayla siz də o “agentlər”dənsiniz?

 

- Allah KQB-nin ən görkəmli agentlərindən olan Mübariz Əlizadəyə rəhmət eləsin. Yəqin o spisoku dədəsi gətirib Zərdüşt bəyə verib. Sizə bir şey deyim, başqasının ünvanına yalan, böhtan deyən adam özünü ziyalı, ləyaqətli insan saya bilərmi?

 

- Təbii ki, yox.

 

- Olmayan şeyi olmuş həqiqət kimi demək mümkündürmü?

 

“Sülhəddin Əkbər KQB agentidir”

 

- Rəhim Qazıyev də deyib ki, “Sülhəddin Əkbər KQB agentidir”, bunlar olan şeylərdir?

 

- Bəli, olan şeylərdir, demişəm. Mən bilirdim elədir, yəni bildiyimi demişəm. Sülhəddin Əkbər də gəlsin, onunla bir kursda oxuyan qəbələlini də çağırın, indi həkim işləyir, qoy danışsınlar. Üçüncü kursda nə təhər “verbovat” olunubdu...

 

- Haradan almısınız bu informasiyaları?

 

- Nə təhər haradan? Mən müdafiə naziri olmuşam, keçi qulağı olmamışam ki...

 

- Bircə dəqiqə, Rəhim bəy. “KQB” arxivləri bütün hakimiyyətlər dönəmində hansısa səbəblər ucbatından açılmayıb, təbii hal olaraq agentlər ifşa olunmayıb, amma Rəhim Qazıyev böyük bir inamla iddia edir ki, “Sülhəddin Əkbər KQB agentidir”. Hardandır sizdə bu inam, bu iddia, belə yerdə gözəlim məntiq nə deyir?

 

- Dedim axı adını çəkdiyim adamlar gələr, sonra inşəAllah Qurban Məmmədov da qayıdar..

 

- Qurban Məmmədov nə deyir?

 

- Sən məsələnin açılmasını deyirsən, mən sənə deməyəcəm axı. Sənə ünvanları deyirəm, mifik adamlardan danışmıram ki. Sonra onu xüsusi xidmət işinə casus kimi cəlb edən adam taleyin qismətindən nazir oldu, bu da onun müavini..

 

- O zaman nazir Fəxrəddin Təhməzov idi də?

 

- Bəli və elə həmin Fəxrəddin Təhməzov Sülhəddini casus fəaliyyətinə cəlb edib. Fəxrəddin Təhməzov Tibb İnstitutunda KQB-nin kuratoru olub...

 

“Mənim yanıma agent sala bilirlər....”

 

- Rəhim bəy, bu məsələyə məntiqi baxımdan yanaşaq. Yuxarıda deyildiyi kimi arxivlər açılmayıb, agentlər ifşa olunmayıb – bunlar faktdır. Onda elə bu faktların fonunda məntiq onu deyir ki, Rəhim Qazıyev özü də KQB-nin agenti olub ki, yol yoldaşını tanıyıb..

 

- Gözəl, çox gözəl.. Əvvəla, agentin agentdən xəbəri olmaz...

 

- “Agentin agentdən xəbəri olmaz” xidməti gerçəyini haradan bilirsiniz?

 

- Mən müdafiə naziri işləmişəm, bu, bir. Mənim girişim olub bəzi məqamlara, bu, iki...

 

- Müdafiə nazirinin bəyəm girişi var idi belə yerlərə?

 

- Hara var, bu, mənim öz işimdi...

 

- Necə yəni, “öz işimdi”, sizin işiniz bəyəm qanun çərçivəsində olmayıb ki?

 

- Sən nə “qanun çərçivəsi”ndən danışırsan e? Yooox, mənim yanıma agent sala bilirlər, mən kiminsə yanına agent sala bilmirəm. Mən də nazirəm də. Qayıdaq Zərdüşt Əlizadəyə..

 

“Azərbaycan siyasətində “bazar fahişələri” var”

 

- Rəhim bəy, Zərdüşt Əlizadə konkret olaraq sizi hədəf seçməyib, o, özü Cəbhədən uzaqlaşandan sonra oradakıların hamısını ittiham edib, siz də onlardan birisiniz.

 

- Anlaşdıq. Yaxşı, 2002-ci ildə Zərdüşt Əlizadə yazıbdı ki, 5 martda Ayaz Mütəllibov istefa verəndə girib Ayaz Mütəllibovun parlamentdəki otağına, tapançanı çıxarıb onu məcbur edib ki, sən istefa ver. Mən onda Zərdüşt Əlizadəyə məktub yazdım. Dedim ki, Zərdüşt, sənin savadlı və informasiyalı olmana şübhə etmirəm. Amma mən Ayaz Mütəllibovun yanına girəndə onun yanında bir həkim, bir də şəfqət bacısı var idi, bir də rəhmətlik Şıxəli Qurbanovun qızı Gülnarə Qurbanova. Ayaz Mütəllibovun ürəyi tutmuşdu. Sizə yaltaqlıq eləyən adamların bir çoxu aşağıda təbliğat aparır ki, Ayaz getsin. Sən mənim ona nəinki silah çıxarmağımı, hətta bir dənə kobud söz işlətdiyimi desən, mən səndən üzr istiyəcəm. Yoxsa, etiraf elə, üzr istə, kişi yalan danışmaz. Allaha şükür, indi bu adamların hər biri sağ. Ayaz Mütəllibov Zərdüşt deyənlərin zərrəsini təsdiqləsin ki, Rəhim mənə təhqiramiz,  etikadankənar söz deyibdi, gəlib hamının yanında Zərdüştün əlin öpüb, adımı da dəyişib Zərdüşt qoyuram...

 

- “Azərbaycan siyasətində bazar fahişələri var” demisiniz. Kimdir bunlar?

 

- Elə biri Zərdüşt...

 

- Sonra..

 

- Hamısının adını niyə mənə bir-bir dedizdirirsiniz, mənə düşmən hazırlayırsınız?..

 

- Düşməni mən yox, öz diliniz sizə hazırlayır. Dilinizə sahib çıxın ki, düşmən qazanmayasınız. Mən dilinizin altında gizlənən Rəhim Qazıyevə sual verib cavabını istəyirəm. Siz də buyurun, özünüz bəyan edin, “mən”inizin bəyan etdiyinə sahib çıxa bilmənizi göstərin, görüm dediyinizə imza atmaq cəsarətiniz varmı?

 

- Cəsarətim çoxdur, sən məni çox qızışdırma...

 

“Siyasətdə tanınan olsaydıq, bu günə düşməzdik”

 

- Rəhim Qazıyevin yanaşmasına görə, Azərbaycanı kimə görə tanıyırlar?

 

- Füzulisinə, Nizamisinə, Hüseyn Cavidinə, Mirzə Ələkbər Sabirinə, Cəlil Məmmədquluzadəsinə, hamısına görə..

 

- Bəs siyasi sferada?

 

- Siyasətdə tanınan olsaydıq, daha bu günə düşməzdik ki!?

 

- Qorxmursunuz ki, gələcəkdə etdiyiniz günahlara görə sümüklərinizi çıxarıb dar ağacından asarlar?

 

- Vallahi mən falçı deyiləm, indi gələcəkdə kim nə edəcəksə, edəcək də. Siyavuş Novruzovkimilər gəlib tarixi araşdıracaqlarsa, mənim yerlim Yaqub Mahmudov kimi tarixçilər gəlib tarixi iyrənc hala salacaqlarsa, onda nə var ki, burada.

 

“Sual etdim, bunun adı nədi?”

 

- Aldandığınız zaman, nə vaxt aldadıblar sizi?

 

- Mənim sadəlövhlüyüm çox olub. Mən də bir insanam, mənim də səhvlərim olub. Səhvim olmasaydı, uduzmazdım... 1993-cü il ayın 6-dan 7-nə keçən gün getdim Gəncəyə. Qonaq evinin yanında Surətin atasının evi var idi. Qapını döydüm, anası Fatma xala çıxdı. Ay Rəhim, sənə qurban olum, balamı öldürürlər. Surət gəldi ki, atamın qırxı ərəfəsində qəbri üstünə mina qoyublar, nə bilim nə... Qulaq asdım, çıxıb gəldim Bakıya. Zəng elədim Əbülfəz bəyin köməkçisi Gürşad Zərbəliyevə. Sonradan onu güllələyib öldürdülər. Buna dedim ki, Gürşad, Bəyə denən mən onunla görüşmək istəyirəm. Yarım saat keçmədi ki, Gürşad dedi ki, Bəy deyir gəlsin. Salamlaşandan sonra dedim Bəy, biz çayxanalarda, millətin içində yetişib gələn adamlarıq. Sizi də ki, hamı xalqın adamı tanıyır. Gəncədə ölən də, öldürən də bizimkidir. Amma bu gün xalqın hakimiyyət mümayəndələrindən bir nəfər də olsun nə ora getməyib, nə də başsağlığı verməyib. Sual etdim, Bəy, bunun adı nədi? Baş nazir Pənah, Ali Sovetin sədri İsa Qəmbər və sizin heç biriniz getməyib. Orada vəziyyət həddindən artıq gərginləşib və bunu gərginləşdirən adamlar var. Bəy haqq dünyasındadı, mən burdayam. Yalan deyirəmsə, bütün günahları boynuma gəlsin. Gəlin belə eliyək. İmam Mustafayev, uzun illər Gəncənin başçısı olmuş Tofiq Bağırov, İsmayıl Şıxlını və başqalarını götürək gedək Gəncəyə..

 

- Əbülfəz bəy razılaşdımı?

 

- Dedi ki, bəy, orda məni öldürərlər. Dedim Bəy, heç kim sənə orda artıq bir kəlmə də deməyəcək, nəinki öldürmək. Bir saat söhbət etsək də, Bəyi razı sala bilmədim. Dedim Bəy, mən səninlə gedirəm, sənə atılan gülləyə mən sinəmi verməsəm, mənə haram olsun. Mən öləndən sonra səni öldürərlərsə, ona neyliyə bilərəm ki? Amma sən xalqın gözündə birə min qat yüksələcəksən belə olarsa.

 

- Söhbətiniz beləcə bitdi?

 

- Sonda bir söz də dedim. Dedim Bəy, bu gün ayın 7-sidi. Sən 10 gündən artıq bu kabinetdə otura bilsən, mənə haram olsun. Çıxıb getdim. Ayın 17-də Rəsul Quliyev, Etibar Məmmədov və mən zəng elədim Müdafiə Nazirliyinə?

 

“Nə Rəsul Quliyev, nə Etibar Məmmədov ağızlarını da açmadılar”

 

- Nə ilə bağlı idi bu zəng?

 

- Dedim ki, zabitlər yığılsın, gəlirəm. Nə Rəsul Quliyev, nə də Etibar Məmmədov ağızlarını da açmadılar, mən danışdım. Dedim siz çaşmısınız, düşmənlə müharibə gedən bir vaxtda ordunu ön cəbhədən çıxarıb daxili məsələlərə qarışırsınız?

 

- Nə dedilər?

 

- Dedilər ki, Ali Baş Komandanın əmri var. Dedim o əmr yetərli deyil. Sizin daxili məsələlərə qoşulmanız üçün parlament qərar verməlidir. Hakimiyyət dəyişəndən sonra gedən gedəcək, gələn gələcək, ancaq sizi tutacaqlar. Eşitdiniz? Deyib çıxdım.

 

 - 1993-cü il hadisələrini Rəhim Qazıyev necə qiymətləndirir: hakimiyyətin təhvil verilməsi, yoxsa hakimiyyət çevrilişi?

 

- Burada çox qəribə məqamlar var.

 

- Heç bir qəribəlik yoxdur, arqumentlər, faktlar var?..

 

- Var, var!!..

 

- Varsa, sadalayın da bir-bir.

 

- Birinci məqam, Əbülfəz bəy, niyə xalqa müraciət etmədin? İkincisi, niyə Əbülfəz bəy demokratik qüvvələri, lap o Etibar Məmmədovu çağırmadı, niyə buna təşəbbüs göstərmədi, amma bilavasitə Heydər Əliyevi çağırdı? Niyə?..

 

- Niyə?

 

- Mən onu bilmirəm..

 

- Deməli, hakimiyyət təhvil verildi!

 

- Onda mən anladım ki, ay Rəhim, sən ki, 89-cu ilin dekabrında getdin ora, bu şəkil o idi...

 

- Mənim sizdən soruşacaqlarım bilirsiz nə qədərdir?

 

- Mənim də sizə deyəcəklərim bitib tükənən deyil...

 

“Gecə saat 2-də Nəriman İmranovun kabinetdə nə işi var?”

 

- Laçının işğalı, Laçın batalyonunun ləğvi, yeni formalaşdırılan Laçın batalyonu, Laçının 95 faizinin azad edilməsi, Tahir Süleymanovun Laçına gətirilməsinin məqsədləri, Laçının təzədən ermənilərə verilməsi, satılan Qrişalar, Müdafiə Nazirliyinin analitik-informasiya mərkəzinin yanlış informasiyalar verməsi, koordinatların bəyan edilməsi, Ağdərə əməlyyatında batalyonların pusquya salınması, Şamil Basayevin Azərbaycan ordusuna nifrət edərək geri dönməsi, ordu quruculuğundakı dağıdıcı meyillər, müharibə vaxtı Bakıda çalınan dəbdəbəli toylar haqqında danışmağı sonraya saxlayaq, deyin görək quş quşluğuynan qona bilməyən KQB zindanından Rəhim Qazıyev və dostları necə qaçdı?

 

- Bütün sadaladıqlarına hər zaman cavab verməyə hazıram və bunların hər biri böyük bir müsahibənin mövzusudur. Bunları bir cümləylə demək mümkün deyil. Sən də elə deyirsən ki, ”konkret olaraq deyin görək”. Elə hazırda soruşmaq istədiyin KQB zindanı da bu qəbildəndir. Bu bütünlüklə KQB-nin tarixində unikal bir hadisədir. KQB tarixində belə qaçış olmayıb. 6-cı mərtəbədə idi o istintaq idarəsi. Aşağıya qədər 12 dənə siqnalla təchiz edilən zirehli qapı var. Mənə dedilər ki, səni öldürəcəklər. Neynəyim? Qaçaq. Bunu detallarla danışmaqdan ötrü günlərlə vaxt lazımdı. Mən sənə bəzi detalları deyim, indi Allaha şükür, professionalsan, peşəkarsan və özün də analiz et. Ayın 20-də müharibə getmir, neft kontraktları imzalanır, gecə saat 2-də Nəriman İmranovun kabinetdə nə işi var?

 

- Sizin müsahibənin əvvəlində vurğuladığınız Uzaq Şərqdə işləyən Nəriman İmranovun, eləmi?

 

- Bəli. Nəriman İmranovun orada nə işi var idi? Deməli, biz xüsusi marşrutla qaçırılmalı idik...

 

- “Qaçırılmalı idiniz” ifadəsinə bir az başqa səmtdən yanaşaq, belə “qaçış” KQB-nin nüfuzuna xələl gətirməyəcəkdi?

 

- Xeyir, həmin anası ölmüş növbətçi Faiq Mirzəyevin cibinə 30 min dollar qoyub məsələni həll edəcəkdilər. Adını da qoyacaqdılar ki, Rəhim Qazıyev Faiqə 30 min dollar verib və qaçıb. Faiqi başa saldım ki, a bədbaxt sənin meyidin bizim yanımızda onlara lazımdı. Onda mənim başımın necə də gözəl işləməsinə özüm də sonradan məəttəl qaldım. KQB-nin bütün canavarlarını, bütün peşəkarlarını pis vəziyyətdə qoymuşdum. Bu, çox ağır bir mövzudur, inşəAllah istəsəniz başqa bir müsahibədə bunu ən kiçik detallarına qədər mən sizə incələyərəm. Qısaca onu deyim ki, ayın 23-24-də biz bəyanat verdik ki, qayıdırıq, bizi öldürməkdən ötəri qaçırmışdılar.

 

“Qalmaz belə, qalmaz dünya” və  bir “vağzalı” havası

 

- Ən çox sevdiyiniz mahnı və ən çox qol götürüb oynamaq istədiyiniz rəqs havası hansıdır?

 

- “Qalmaz belə, qalmaz dünya” mahnısıdır ən çox sevdiyim, bir də muğamatın hamısı. Havaya gələndə, oynamıram. Amma məni ən çox ilgiləndirən “Vağzalı”dı....

 

İgid Teymurlu
Versus.Az

Xəbər lenti

InvestAZ

Ən çox oxunan xəbərlər

ALDP Gəncədə baş verən hadisələri pisləyir - BƏYANAT

"Həmin şəxslər qanun qarşısında cavab verəcəklər"

Gəncə hadisələrinin gizlinləri - faktlar, təfərrüat, "oyunçu"lar - Elçin Alıoğlunun yazısı

"Baş verənlər dövlətçiliyimizə qarşı yönəlmiş provokasiyadır"

XİN bəyanat yayıb

Ətraf mühiti pozanlarla bağlı 21 iş

"Dövlətimizin yanında olmalıyıq"

"Radikalizmə qarşı mübarizədə qətiyyətli olmalıyıq"

Ermənilər atəşkəsi 81 dəfə pozdu

"Süni əngəl və maneələrə yol verilməməlidir"

“ALDP Kuboku” uğrunda nərd yarışı - QALİBLƏR

Turist axınının artımı gözlənilir

AXCP sədri bəyan etdi: Dövlətə qarşı bu tip üsyanı qəbul etmirəm

"Bu, əsl erməni həyasızlığı idi"

“Cümhuriyyət üçün yaz” - MÜSABİQƏNİN QALİBLƏRİ