İşğal olunmus təfəkkür... Stokholm sindromu və...

13:52 20-06-2018 | icon 301 | Köşə
İşğal olunmus təfəkkür... Stokholm sindromu və...

 

Stalinin "toyuğu"...

 

 

Kütlə psixologiyası və davranış qanunlarının mükəmməl analizinin banisi sayılan Q.Le Bona görə, xalq çox şey itirə, müxtəlif fəlakətlərə düçar ola bilər, amma yenə də ayağa qalxmaq iqtidarını özündə tapar. Lakin əgər ruhunu itirərsə, onda bir daha dikələ bilməz.

 

Höteyə görə isə mal itirən bir şey, qürurunu itirən çox şey, cəsarətini itirən isə hər şeyini itirmişdir.

Hər iki dahi göründüyü kimi bir xalqın var oluşunu bu iki təməl anlayışda görür. Amma əslində ən əsas şeyi unudublar. Bu iki anlayışın stimulu olan, onu anlamlı edən əsas mənbəni - TƏFƏKKÜRü...

 

Toplum psixologiyası və yaxud kütlə şüuraltısı da fərdlərinki kimi şəkilləndirilə bilən bir anlayışdır. Yəni hər bir fərddə olduğu kimi toplum və kütlənin də özünəməxsus psixi özəllikləri və şüuraltıları mövcuddur. Ələ keçirilmiş zehinləri öz mənfəət və çıxarları baxımından yönləndirmək hakimiyyətə gedən yolun, eləcə də iqtidarda qalmanın önəmli şərtlərindən ən başlıcasıdır desək, yanılmarıq.

 

Dünya yaşamında ələ keçirilmiş beyin, təfəkkürü yönləndirib istəklərinə tabe etmək kimi başqa böyük güc demək olar ki, yoxdur. Çünki hakimiyyəti əldə etmək üçün ən vacib şərt, ən təsirli silah məhz beyinləri, şüurları ələ keçirib manipulyasiya etməkdir. Buna əslində psixoloji savaş demək daha doğru olar ki, toplumun böyük bir qismini tabe etdirmənin, yönləndirmənin açarı məhz bu savaşdadır.

 

Təbii ki, təməl özəllikləri baxımından tez inanan, təlqinə meyilli, düşünmə əziyyətinə qatlanmayan bir toplumu hər cəhətdən işğal etmək, elə də siyasi "düha" və bacarıq tələb etmir. Bu toplumu öz istəkləri doğrultusunda idarə etmək üçün çeşidli yollar vardır ki, totalitar rejim bütün bu yollardan istifadə edir - milləti soykökünə yabançılaşdırma, mənəvi dəyərlərin zəiflədilməsi, başların əyləncə və oyunlarla qarışdırılıb şüurun bəsitləşdirilməsi və s.

 

Kütləvi informasiya vasitələri bu yolda ən təsirli silahdır ki, bu gün ekran-efirdən idxal olunan və evlərə ixrac olunan səviyyəsiz, ikrah doğuran verlişlər, sosial mediyanı hörümçək toru kimi sarmış lüzumsuz, arsız mövzular… və bunların quluna çevrilmiş mahluqat...

 

Kütlənin duyğusal sərhədlərini və təpə nöqtələrini yaxşı bilən rejim, onları məhz bu zəif nöqtələrindən düz hədəfə vuraraq öz məqsədinə tabe etdirməyi asanlıqla bacarır. Cəhalət və bilgisizlik də bu yolda onlara yaşıl işıq yandırır.

 

“Bir toplumu soysuzlaşdırmaq və ya başqalaşdırmaq bütün siyasi və ekonomik manipulyasiyalardan daha təsirlidir, çünki mənlik hissi boşaldılmış, zəiflədilmiş və qütbləşdirilmiş bir toplumu sərt təsir və şərtlər qarşısında yıpratmaq və kiçiltmək daha asandır.

 

Uzun sürəli psixoloji yönləndirməyə məruz qalan toplum, qurğu yönətmənlərinin istədikləri olaylar doğrultusunda hərəkət edəcək, gerçəktən təpki göstərilməsi gərəkən durumlarda səssiz qalacaq, düşünulməsi istənməyən şeyləri düşünməyəcək, etməsi istənilməyəni etməyəcəkdir. Ancaq istənilən durumlarda bir alət kimi tətiklənərək dövriyəyə buraxılacaqdır”.

 

Bunun üçün ilk növbədə toplumun ictimai, siyasi, milli mənlik şüuru hədəf alınır. Nihal Adsız haqlı olaraq göstərirdi ki, millətin həyatını qoruyan dörd müdafiə xəttindən ən mühümü milli şüurdur ki, onun oyanıq olduğu yerdə yabançılar başa keçə bilməz, onu yönəldə bilməz. Milli şüur oyanıq olan yerdə iltimas, rüşvət və haqsızlıq ortadan qalxar, nə kiçik qüsurları üzündən dev kimi adamlar kiçildilməz və yaxud əksinə, gerçəyə dayanmayan "böyüklüyü" dolayısıyla mənəviyyatsız, kinli, xain insanlar devləşdirilməz.

 

Milli şüuru yıpradılmış, təfəkkürü ələ keçirilmiş bir toplum yaşam qaynağı olan bu vasitələrdən məhrum buraxılarsa əlbəttə ki, yıxılmağa, sürünməyə məhkumdur. Totalitar rejimlərin də əsas hədəfi məhz toplumun milli mənlik şüurunu axtalamaq, təfəkkürünə qandal taxmaq, boynuna ip salıb istədiyi yerə çəkməkdir.

 

Eləcə də əlindəki hakimiyyət gücündən faydalanıb yürütdüyü basqı terroru vasitəsilə "qorxu toplumu" formalaşdırmaqdır ki, bizim bu günkü vəziyyətimiz buna ən yaxşı misaldır.

 

Bunun nəticəsidir ki, bu gün qorxunun köləsinə çevrilən toplumumuz öz haqqını aramaqda acizdir. Sistemin köləsi halına gətirilmiş hər kəs sanki ətrafına hördüyü "qabığın" içərisinə saxlanaraq mümkün qədər "başının salamat qalmasına" çalışır. Yazının əvvəlində qeyd etdiyim "ruh" və "cəsarət" demək olar ki, arxivdə qalıb, gün işığına nə zaman çıxacağı da məlum deyil.

 

Bir sözlə, boş laqqırtılarda, dedi-qodularda həvəslə fikir yürüdən, ölkə dərdlərinə gəlincə isə, "boş ver"ən bir kütlə halına gəlmişik. Z.Freydin fikrincə, insanlar kimi toplumlar da xəstə olur və psixoloji dinamikləri bir-birinə bənzər. Fərdlərdə yaranan bu "xəstəlik" salğın kimi toplumun hər tərəfini sarmış ki, simptomları da - inamsızlıq, laqeydlik, ətalət, düşünmək qorxusu, təslimçilik, itaətçilik, mədhiyyəçilik, yarınmaq - yaltaqlanmaq və s.

 

Tarix boyu filosoflar, psixoloqlar, siyasətçilər, yazarlar həm məsləki, həm də şəxsi baxış acılarından yola çıxaraq toplumun, özəlliklə hər zaman onun böyük bir qismini təşkil edən kütlənin xarakter özəlliklərinin fəlsəfi, genetik-bioloji, sosial-psixoloji tərəflərini, şüur və şüuraltılarını xarakterizə etməyə çalışmışlar. Müxtəlif nəzəriyyələr, yanaşmalarda bu yöndə maraqlı fikirlər söylənmişdir. Xüsusən psixoloqlar bizim xarakterimizin, şüuraltılarımızın gözlə görünməyən tərəflərini bizlər üçün aydınlatmışlar.

 

Müxtəlif təsirlərin, simptomların, sindromların həm fərdi, həm də sosial-ictimai həyatımızda yaratdıqları dəyişikliklərin izahını vermişlər.

 

Bu gün çoxumuza bəlli olmayan bir sindromdan bəhs etmək istərdim. Psixoloqların "müdafiə-təhtəlşüur xarakterli travmatik əlaqə" deyə tanımadıqları bu termin öz adını 1973-cü ildə Stokholmda gerçəkləşən bir bank soyğunundan almışdır. 6 gün 4 bank görəvlisini girov saxlayan soyğunçularla girovlar arasında ruhsal əlaqə yaranmış, girovlar nəinki içəridə soyğunçuları polisin hərəkətlərindən xəbərdar etmiş, üstəlik məhkəmədə onların xeyrinə şahidlik etmiş və aralarında onların müdafiəsi üçün pul da toplamışlar. Psixoloqlar bunu "sərt otorite fiquru ilə sərtliyə məruz qalan fərd arasındakı simpatiya, fərdin təslimiyyətçi bir tutum sərgilədiyi ilişki forması" kimi yorumlayaraq, əslində "insanın fiziki və psixoloji şiddət qarşısında aciz qalıb özünü ovutma" instinkti kimi göstərmişlər. Əsas səbəb həyatda qalma instinktidir ki, burada fiziki təzyiqlə yanaşı psixoloji təzyiq də rol oynayır. Belə ki, fərd həyatının əlində olduğu birinin etdiyi pislikdən çox ona göstərdiyi kiçik bir yaxşılığı önə çəkərək ona "minnət duyur", özünü onunla eyniləşdirib, onun hərəkətinə haqq qazandırır. Psixoloqlara görə bu, əslində qurbanın iradəsi, öz qərarı çərçivəsində olan bir şey yox, şiddətin doğurduğu sonucdur ki, zorakıya simpatiya bəsləyən qurban məruz qaldığı pis vəziyyəti mənimsəyir, düşduyu durumu qəbullanır, hətta müdafiə edir, onu bu duruma düşürənin yanında yer alır, əslində "həyatda qalma" istəyi ilə onunla birgə hərəkət edir. Qısa desək, bir insanın onu fəlakətə salan şərtləri qəbullanması, mənimsəməsi, müdafiə etməsi, "görmək istəməməsi', əzilməsinə rəğmən əzənin yanında yer alması kimi dəyərləndirilən bu sindromu, qeyri-şüuru olaraq liderə pərəstiş edən kütlənin xarakterinin spesifik cəhətinə də şamil etmək olar.

 

Adətən "insanın psixikaya travma yetirən hadisəyə normal reaksiyasi" kimi dəyərləndirilən bu sindrom, əsasən ailədaxili şiddət, məişət və seksual zorakılıq, savaş zamanı əsir düşmə, azadlıqdan məhrumetmə, insan oğurluğu və sair kimi hallara şamil edilir. Əsasən fərdə şamil edilən bu sindroma əslində daha geniş bir prizmadan - toplum-iqtidar münasibətləri konteksində baxmaq maraqlı olar.

 

Bəlli bir davası, düşünmək arzusu olmayan, hər zaman əmr almağa, itaət etməyə, güclüyə boyun əyən, etiraz etməyə, hesab sormağa qorxan, əzik ruhlu, "azacıq aşım, ağrımaz başım" kimi aşağılıq kompleksinin sarıb-sarmaladığı kütlələşmiş toplumu bu sindromun "toplu daşıyıcısı" adlandırmaq olar. Elə sindromu "Kütləvi Stokholm sindromu" da adlandırmaq olar.

 

Fərd kimi toplum da ona şiddət, basqı uyğulayan sərt otorite rejimə, bir növ necə olursa olsun, "həyatda qalma" instikti ilə iradəsindən asılı olmadan "simpatiya" bəsləyir, hətta “haqq qazandırır". Zəhməti qarşılığı ona verilən bir parça çörəyə görə hətta "minnət" də duyur. Adı toplum olsa da, fərd qədər aciz və "duyğusal" olan bəzi toplumlar, mental geriliyi, bilgisizliyi, ictimai-siyasi və mənlik şüurunun gəlişməməsi səbəbindən haqlarını aramaqdan, almaqdan qorxar, çıxış yolunu səfil, ehtiyac içində olsa da, birtəhər varlığını sürdürməkdə görər.

 

Talanan sərvətlər, oğurlanan milyardlar, onların zəhməti, yeyilən haqqı hesabına harınlayanların onları xor görüb aşağılaması, sədəqə kimi qabaqlarına atılan, ayın sonuna gəlib çata bilməyən köləlik haqqı olan maaşı belə, onlara çox görən soysuz, insan adına ən kiçik xüsusuyyətdən belə, məhrum yaratıqların meydan sulamasına susan bir TOPLUM əlbəttə ki, sürünməyə məhkumdur... və ən böyük günahkar da elə ÖZÜDÜR.

 

Bu toplumu müəllifi bəlli olmayan "Stalinin toyuğu" adlı hekayədə, daha doğrusu lətifədə bəhs edilən toyuqlara bənzətmək olar. Belə ki Stalin başının meiyyəti ilə yeyib-içərkən onlara “Kim deyə bilər, bir toplumun öz liderinin hər dediyini təsdiqləməsi, ona qeyd-şərtsiz tabe olması üçün nə etmək lazımdır”- deyə, sual etmiş. Təbii ki, hər kəs ağlına uyğun olaraq fikirlər söyləmiş. Kimi disiplin, sərtlik, şiddət metodların, kimisi ədalət, bərabərlik, kimiləri də həbs, sürgün, güllələnmə, toplu qətliam, hər cür ağır məhrumiyyət və cəzalar (bu sonuncular onsuz da var idi) kimi vasitələr göstərmişlər.

Bunları dinləyən Stalin bir toyuq gətirilməsini əmr etmis. Toyuğu onların gözü qarşısında canlı-canlı yolmuş. Sonra fəryad edən toyuğu sərbəst buraxmış. Toyuq təbii ki, azad olduğunu sanıb çölə qaçmış. Lakin çöldə onu dondurucu soyuq qarşılamış. Donan toyuq təkrar içəri qaçaraq yanan sobaya pənah aparmış, amma bu dəfə də alov tüksüz bədənini yandırmış. Acıdan qıvrılan, yara-bərə içində qalan zavallı heyvan özünü hara gəldi çırpmış.

 

Sonunda çarəsizcə qaçıb onu bu hala salan Stalinin ayaqları arasına sığınmış. Stalin əlindəki yemi az-az onun qabağına atmış və o hara getsə toyuq da arxasınca getmis. Stalin gülərək demiş: - “Gördünüzmü, xalq dediyiniz toplum da bu toyuq kimidir, tüklərini yol, əziyyət et, sonra sərbəst burax. Bir ovuc yemlə onları istədiyin kimi yönəltmək olur”.

 

İnanmıram ki, bu toyuğun taleyini yaşayan, getdiyi yolu gedən bir toplumu, bu hekayə qədər gözəl, dəqiq təsvir edən bir hekayə olsun. Təbii ki, kəskin sarkazm içerən bu hekayə heç də toplumu alçaltmaq, ələ salmaq məqsədi güdmür. Sadəcə kütlələşməyə meyilli, özunun, ölkəsinin taleyinə biganə, içindəki qorxu və ümidsizliyin təsirindən çıxa bilməyən bir toplumun sonunun bu toyuğun sonu kimi olacağını göstərir.

Xəbər lenti

InvestAZ

Ən çox oxunan xəbərlər

XİN bəyanat yayıb

"Bəzi şəxslər hakimiyyətin yıxılması üçün işləyirlər" - MÜSAHİBƏ

“ALDP Kuboku” uğrunda nərd yarışı - QALİBLƏR

"Süni əngəl və maneələrə yol verilməməlidir"

"Bu, əsl erməni həyasızlığı idi"

Trampla görüşməkdən imtina etdilər

Əsir və girov götürülən uşaqlarla bağlı film çəkilir

“BƏZİ TƏXRİBATÇI SAYTLAR AZƏRBAYCANA HÜCUM ÇƏKİR”

Azərbaycanda 41 saxta din xadimi aşkarlandı

“Sabitliyi pozmağa çalışanların hədəfində Azərbaycan xalqıdır”

"Polis əməkdaşlarını qətlə yetirmək nə dinə, nə də demokratiyaya xidmət edir"

QMİ Gəncə hadisələrilə bağlı bəyanat verib