Sərdar Cəlaloğlu hiddətləndi: “O söyüşlərdən min dəfə artığı özünüzə aiddir”

15:18 23-06-2018 | icon 642 | Siyasət
Sərdar Cəlaloğlu hiddətləndi: “O söyüşlərdən min dəfə artığı özünüzə aiddir”

 

“Müxalifətdəki bəziləri də gözləyirlər ki, hökumət məni sıradan çıxarsın və...”

 

 

ADP sədri Sərdar Cəlaloğlunun Versus.Az-a müsahibəsi

 

- Sərdar bəy, son vaxtlar hədəfdəsiniz, nə baş verir?

 

- Burda bir neçə amil var. Bunlardan biri prezident seçkilərində iştirakımın hakimiyyətdəki müəyyən qüvvələrin maraqlarına uyğun gəlməməsidir. Onlar öz aləmlərində məndən intiqam alırlar. İkinci səbəb hakimiyyətdə olan rusiyayönümlü qüvvələrin apardığı siyasəti çökdürən ideyalarımdır. Ən əsası isə Türk Konfederasiyası ideyasıdır ki, bunu prezident seçkilərində və mütəmadi olaraq mətbuatda, elmi məqalələrimdə irəli sürmüşəm. Hansı ki, ruspərəst qüvvlər alternativ olaraq Rusiya ilə ittifaqın qurulmasının təbliğatını aparır, Avrasiya İttifaqına, Gömrük İttifaqına girmək, Kollektiv Təhlükəsizlik Müqaviləsinə qoşulmaq kimi ideyaları zaman-zaman bəzi deputatların dili ilə gündmə gətirirlər.

Üçüncü ciddi bir səbəb isə qardaşımın şəhid oğlunun həyətinə çəkilən hasarın guya 49 santı SOCAR-ın ərazisinə daxil olması səbəbindən sökülmə hədəsi ilə ailəsinin incidilməsidir.

 

- Sizcə bəzi saytlarda yer alan ittihamedici, təhqiramiz  çıxışların arxasında nə dayanır?

 

“Söymək üçün növbəyə durublar”

 

- Bunlar Rövnəq Abdullayevin  saxladığı saytlardır. Məsələn, götürüb mənim oğlum haqqında karikatura çəkiblər, guya İngiltərədə əylənir, araq şüşəsi də yanında... Mənin oğlum nə araq içir, nə də siqaret çəkir, İngiltərədə iki universitet qurtarıb - Beynəlxalq hüquq və Beynəlxalq iqtisadi əlaqələr. Oğlum qeyri-adi dərəcədə əxlaqlı bir uşaqdır. Bunu da hökumətdəkilər çox yaxşı bilirlər.

Yaxud deyirlər ki, mən arvadımdan ayrı yaşayıram. Yəni bunlar məsələləri hətta ailə səviyyəsinə qədər endirirlər. Mən Türk Konfederasiyası məsələsinə münasibət bildirdiyim üçün məni heyvan, şizofrenik, qudurğan və sair ən pis küçə söyüşləri ilə söyürlər. Son vaxtlar Azərbaycanda dəbə düşən “söyüş siyasətinə” diqqət eləsək, necə müxalif qüvvələr xaricdə iqtidarı söyməklə məşğuldur, daxildə də iqtidar həmin siyasəti olduğu kimi aparır. Dünənə qədər deyirdilər ki, bir dənə nümunə göstərin ki, biz siyasi mübarizədə söyüşdən istifadə etmişik. Amma buyurun, bəzi deputatlar hətta Dağlıq Qarabağ kimi mühüm məsələdə möve bildirmədikləri halda Sərdar Cəlaloğlunu “Türk Konfederasiyası” dediyinə görə söymək üçün növbəyə durublar. Bu kampaniyaya 4 partiya sədri, bir keçmiz prezident, əlavə də olaraq 5-6 deputat qoşulublar.  Hamısı da ağzına gələni danışırlar. Bu adamlar özləri nə konfederasiyanın nə olduğunu bilirlər, nə geopolitikanın nə olduğunu bilirlər, nə Türkiyə-Azərbaycan əlaqələrinin mahiyyətindən xəbərləri var. BunlarAzərbaycan iqtidarının əsası Əbülfəz Elçibəy tərəfindən qoyulmuş, Heydər Əliyev tərəfindən həyata keçirilməyə başlanmış və İlham Əliyev tərəfindən müvəffəqiyyətlə davam etdirilərn Türkiyə siyasətinə qarşı çıxırlar. Yəni əgər mən sözdə Türk Konfederasiyası deyirəmsə, İlham Əliyev əməli işdə bütün layihələrin Türkiyədən keçməsini  təmin edib. Azərbaycan iqtisadiyyatı demək olar ki, Türkiyə ilə inteqrasiya elədi. Faktiki olaraq konfederasiyanın alt yapısını iqtidar özü İlham Əliyevin rəhbərliyi altında həyata keçirib, qalır bunun üst yapısı. Yəni proporsional layihələrin düzgün işləməsi üçün siyasi birlikər yaradılmalıdır ki, bunun da ən yaxşı forması konfederasiyadır.

 

“İqtidarda bir qrup adam müxalifətin seçkiləri boykot etməsini istəyirdi”

 

- Sərdar bəy, məlumdur ki, prezident seçkilərinə qatılandan sonra müxalifət tərəfindən də qınandınız və sizin iqtidarla işbirliyində olduğunuz deyildi. Yəni iqtidarla münasibətləriniz pis görünmür. Bu cür nüanslara baxanda sizə qarşı təzyiqlərin iqtidardan qaynaqlanması bir qədər inandırıcı görünməyə bilər.

 

- Ona görə inandırıcı görünmür ki, siz məsələyə geniş baxmırsınız. İqtidarda olan bir qrup adam seçkilərin alternativsiz keçməsinin, müxalifətin seçkiləri boykot etməsinin marağında idilər. Yalnız bu halda İlham Əliyevi Qərbdən uzaqlaşdırıb Rusiyaya yaxınlaşdıra və onu təzyiq altında saxlaya bilərdilər. Mənim seçkidə iştirakım, boykotun darmadağın olması, seçkidən sonra İlham Əliyevin dünya tərəfindən qəbul olunması, ilk səfərinin də Türkiyə və İngiltərəyə olması bir mesajdır. Bu da ruspərəst qüvvələrin bütün planlarını alt-üst elədi.

 

- Məntiqlə belə çıxır ki, sizə qarşı təzyiqlər seçkidə boykota əl atan AXC-Müsavat partiyaları ilə hakimiyyətdə olan qüvvələr tərəfindən həyata keçirilir?

 

- Məsələ orasındadır ki, Xalq Cəbhəsi ya bilərəkdən, ya da bilməyərəkdən Azərbaycandakı ruspərəst qüvvələrlə eyni siyasi xətti aparır. Ola bilsin ki, heç ruspərəst qüvvələrin əlinə işlədiyini bilmirlər. Yaxud da ola bilsin ki, hansısa bir formada əlaqələri var, deyə bilmərəm.

 

“Məni cəmiyyətdən tərksilah etmək istəyirlər”

 

- Bu gün “Sərdar Cəlaloğlu bu formada daha çox gündəmə gətirilir və əsas, təzyiqlərə məruz qalan müxalifətçi olaraq düşünülmüş şəkildə önə çəkilir”- ehtimalı ilə razılaşmaq olarmı?

 

- Müxalifətçinin irəli çıxması ona qarşı olan təzyiqlərlə ölçülə bilməz. Müxalifətçinin qabaqcıl, aparıcı olması onun mütərəqqi ideyalar verməsi, cəmiyyətdə siyasətə təsir edə bilməsi, ictimai rəyə təsir edə bilməsi ilə ölçülə bilər. Sərdar Cəlaloğlu da Azərbaycanda elmi və nəzəri siyasətlə məşğul olan bir adamdır. Mən bir söz deməmişdən qabaq elmi məqalələr, kitablar yazıram. İctimai rəyə təsir etmək gücüm var. Mən istənilən bir fikrimi deyirəm və aylarla Azərbaycan cəmiyyətinin diqqəti o fikrin ətrafında cəmləşir. Yəni mən zatən gündəmdəyəm. Ona görə də bu təzyiqlərin məni gündəmdə saxalamaq üçün olması fikri yanlışdır. Nə vaxt gündəmdən çıxmışam ki? Pis-yaxşı prezident seçkilərində iştirak elədim və söyüləndə də, söyülməyəndə də gündəmdəydim, bu gün də gündəmdəyəm, Rəsul Quliyevlə birləşəndə də, İlyas İsmayılovla birləşəndə də gündəmdəydim. Yəni bu son 30 ildə nə vaxt gündəmdən çıxmışıq ki, indi də guya kimsə məni gündəmə gətirmək istəsin. Əslinə baxsan, bunu mənə qarşı hücumu təşkil edən qüvvələr dövriyyəyə buraxıblar ki, məni cəmiyyətdən tərksilah etsinlər. İstəyirlər cammat desin ki, hökumət Sərdar Cəlalolunu gündəmə gətirmək üçün ona qarşı bu yalançı hücumları təşkil edir.  Qardaşım, Sərdar Cəlaloğlunu qoyaq bir qırağa, ailəsi, uşağı ilə bağlı olan təhriqləri, böhtanları qoyaq bir qırağa, axı bunlar Türkiyə-Azərbaycan əlaqələrinə zərbə vururlar. Hətta Sərdar Cəlalğoğlunu gündəmə gətirmək naminə bu ideya vurulursa, Azərbaycanda türk qanı olan, özünü türk hesb edən və siyasi cəhətdən ağlı başında olan adamlar mütləq mövqe bildirməlidir. Ən ağır günlərdə dövlətimizin yanında olan, iqtisadi əlaqələr qurduğumuz dövlətə qarşı necə çıxmaq olar?

Məqsəd ondan ibarətdir ki, müxalifət tərəfindən kimsə səsini çıxarmasın. Məsələn, bu gün Pənah Hüseyn mənə zəng edib vəziyyətlə maraqlanır və deyir ki, bu ideya sənə məxsus deyil ki, bunu ilk dəfə Əbülfəz Elçibəy irəli sürüb. Deyirəm bəs Elçibəyin tərəfdarları hardadır. Elçibəyin şəklini başlarının üstünə asırlar, ay “Elçibəy-Elçibəy” qışqırırlar, amma ideyalarına qarşı böyük bir cəbhə açılıb, bir nəfər adam da səsini çıxarmır. Məqsəd də bu idi: deyilsin ki, guya hökumət məni gündəmə gətirmək istəyir və mənim fikirlərimə ciddi yanaşmasınlar. Bu siyasətin mahiyyəti bundan ibarətdir.

Mən yenə deyirəm. Bu məsələdə gündəmə gəlmək söhbəti yoxdur. Bu mübahisə SOCAR-ın evində iki körpə uşağı olan şəhid ailəsinə mənəvi zərbə vurmasıdır. Biz buna etiraz eləmişik. Mədəni şəkildə mətbuat xidmətinə zəng edib demişik ki, orda bir şəhid ailəsi var və sizin bu elədiyiniz Azərbaycan prezidentinin apardığı siyasətə ziddir. O torpağı bizə hökumət verib və orada evin tikilməsinə razılıq var. Demişik ki, əgər doğrudan da orda ev tikməyə icazə yoxdursa, o zaman başqa yerdə torpaq verin evi orada inşa eləyək. Bizə deyiblər ki, biz şəhid tanımırıq, orda SOCAR-ın ərazisinə girilib, sökməliyik. Hansı ki, həmin sahə SOCAR sonradan verdiyi qərarla onun mülkiyyətinə çevrilib. Yəni orda SOCAR özünə aid olan ərazini 50 metir artırıb. Halbuki bu, torpaq haqqında qanunun pozulması, vətəndaşların və dövlətin mülkiyət hüququnun pozulmasıdır.

 

“Onlara elə bir müxalifət lazımdır ki, yaxşıya da pis desin, pisə də pis desin”

 

- Sizə qarşı olan bu təsirlər qorxu hissindən doğan ehtiyatlanma, özünümüdafiə effekti ola bilərmi və siz kimin üçün təhlükə yarada bilərsiz?

 

- Bəli. Bu belədir. Mən avantürist deyiləm. Mən başqa siyasi müxalifətdən fərql olaraq millətin, xalqın maraqlarından dolayı həmişə iqtidarı dəstəkləmişəm. Bu siyasət isə dövlət və xalqın əleyhnə siyasət aparanlar üçün bir o qədər də əlverişli deyil. Çünki onlara elə bir müxalifət lazımdır ki, yaxşıya da pis desin, pisə də pis desin. Mən yaxşıya yaxşı, pisə pis dediyimə görə narahat olurlar. Dövlətin, millətin əleyhinə atdıqları addımlarda mütləq qarşılarında bir müxalifətçi görəcəklər. Amma bilirlər ki, o müxalifət ki, bunları hər addımda pisləyir, xalq onsuz da bunların dediyinə inanan deyil.

 

- Sərdar bəy, sizin seçkidə tutduğunuz xətti müxalifətdə olan silahdaşlarnız da qəbul eləmədilər, ümumiyyətlə müxalifət daxilində də sizə qarşı xoş olmayan yanaşmalar var idi.

 

- Müxalifətçi olmaq o demək deyil ki, o mütləq milli və dövlət maraqlarına xidmət edəcək. Müxalifət odur ki, hakimiyətin əleyhinə çıxış etsin. Müxalifət xalqa, millətə düşmən olan bir qüvvə də ola bilər. Yəni sən müxalifətdəsənsə, bu o demək deyil ki, mütləq yaxşısan. Hakimiyyətin elə addımları var ki, Azərbaycan müxalifətinin irəli sürdüyü siyasi tezislərdən çox-çox qiymətlidir. Məsələn, beynəlxalq layihələrin Türkiyədən keçirilməsi, Türkiyə ilə əməkdaşlığın hər gün yüksək səviyyəyə qaldırılması Azərbaycan müxalifətinin bütünlükdə müdafiə etdiyi ideallardan daha qiymətlidir. Yəni bu gün vəhabilər də müxalifətdir, Ermənistan və Rusiya ilə cəsusluq əlaqəsi olan qüvvələr də iqtidara müxalifətdir, Avroadan müəyyən maliyyə dəstəyi alıb idarə olunan qüvvələr də müxalifətdirlər. Kimsə müxalifətdirsə, bu o demək deyil ki, o düzdür. Elə şey yoxdur. Həqiqət həqiqətdir. Aristotelin bir sözü var: deyir Sokrat mənə əzizdirsə, həqiqət daha da əzizdir. Siyasətdə ideyalardır, burda şəxsiyyətlərin heç bir rolu yoxdur. Ona görə də burda filankəs müxalifətdir, o nə deyir düzdür, filankəs iqtidardır, o nə deyir səhvdir, belə yanaşma ağılsızlıqdan başqa bir şey deyil.

İndi Azərbaycan iqtidarının nümayəndələri mənə hücuma keçib. Azərbaycan televiziyaları da bunların əlindədir. Əgər bunlar haqlıdırlarsa, sivil mübarizə istəyirlərsə və xaricdəki söyüş kampaniyasından fərqli bir siyasi kampaniya həyata keçirmək istəyirlərsə, televizorları bizim üzümüzə, şəxsən mənim üzümə açmalıdırlar. Ora geopolotkləri, YAP nümayəndələrini, məni təhqir edən deputatları, alimləri - Etibar Məmmədovu, Tahir Kərimlini, Araz Əlizadəni, Ayaz Mütəllibovu, Musa Qasımovu, Tahir  Rzayevi və sair çıxarmalıdırlar. Onlar gəlib mənə sübut eləməlidirlər ki, mənm dediyim ideya yanlışdır, zərərlidir Azərbaycan dövlətinin marqların ziddir. Yoxsa, çıxıb saytlarda gecə-gündüz məni söyməklə özünüzü haqlı duruma sala bilməzsiniz. Yalnız mənimlə qabaq-qabağa dayanıb bütün millətin gözü qarşısısnda mənə qalib gələrsinizsə, yanlış olduğumu sübut edə bilərsinizsə, o halda haqlı ola bilərsiniz. Amma sizin haqsız olmağınız bu cür bitərəfli çıxışlar etmənizlə bağlıdır. Özünüzün oğurluq pullarınızla saxladğınz jurnalistləri mənə qarşı çıxarmanızla bağlıdır. Bunun da perspektivi yoxdur. Mənə qarşı belə bir kampaniya aparanları Versus.Az saytının vasitəsilə müzakirələrə dəvət edirəm. Çıxaq televiziyaya, Azərbaycanın dövlətçiliyi ilə bağlı istənilən mövzuda müzakirələr aparaq və mənə sübut edin ki, düz demirəm.

Bunlar deyirlər ki, Sərdar Cəlaloğlu savadsızdır. Mən Azərbaycanda gizli səsvermə ilə NOBEL mükafatına gedən 3 adamdan biriyəm. Özüm həkiməm, amma fizika sahəsində getmişəm. Mən məni savadsız adlandıran şəxsləri müzakirəyə dəvət edirəm. Gəlib camaatın qarşısında istənilən mövzuda onlardan savadsız olduğumu sübut etsinlər. O zaman siyasətdən getməsəm insan deyiləm. Saxta sənədlərlə özünüzü akademik, ptofessor nə bilim nə adlandırmaqla deyil.

 

“Bu cür susqunluq, mövqesizlik utancvericidir”

 

- Bu ərəfədə müxalifətdən sizə hansı dəstək verildi?

 

- Şəxsi qaydada dəstək var, amma ciddi bir siyasi dəstək yoxdur. Çünki müxalifətin özündə də bir rəqabət şəraiti var. Belə düşünürlər ki, bir nəfər də müxalifət lideri sıradan çıxsa bu, maraqlarına uyğundur. Gözləyirlər ki, hökumət məni sıradan çıxarsın və yolları açılsın...

Yenə deyirəm, mənim irəli sürdüyüm ideya Rəsulzadənin, Elçibəyin,  Pişəvərinin ideyasıdır. Ölkədə lider hesab etdikləri bir adamın ideyasına qarşı və çox ciddi əlaqələr saxladıqları Türkiyənin əleyhinə böyük kampaniya gedir. Özünü türkyönümlü siyasətçi hesab edən, türkyönümlü ictimai təşkilat sayan və buna görə də Türkiyədən xeyli bəhrələnən insanların ağzından bir kəlmə söz çıxmır. Məni müdafiə etmələrini bir kənara qoy, Azərbaycan-Türkiyə əlaqələrinin mühümlüyünü vurğulayan bir nəfər adam yoxdur. İndi mən soruşuram, axı siz türkçüsüz, siz guya Türkiyənin dostusuz, hardasız, niyə səsiz çıxmır? Ruspərət qüvvələr ortada meydan sulayır, lotuluq edirlər, Azərbaycan xalqının maraqlarına zidd siyasət aparır, Azərbaycanın qardaşı ilə bağlı bir düşmən obrazı yaradırlar, Azərbaycan-Türkiyə əlaqələrinin zəiflədilməsinə cəhd edirlər, siz isə susursuz. Susmaqla onların siyasətinə dəstək verirsiniz. Ona görə də sizin özünüzün türkçülüyünüz, millətçiliyiniz boğazdan yuxarıdır. Bir qarın çörəyə görə bu cür susqunluq, mövqesizlik utancvericidir.

 

- Sərdar bəy, “əks təbliğat da bir təbliğatdır” deyib, sizə ünvanlanan təhqiramiz sözləri siyasətçi düşüncəsi ilə qarşılayırsınız, yoxsa mənəvi zərbəsini vurdu?

 

- Hötenin gözəl bir sözü var, deyir ki, - “Əxlaq elə bir güzgüdür ki, orda hər şey öz sifətini göstərir”. Bu gün əgər deputat məni heyvan adlandırırsa, başqa birisi şizofrenik adlandırıb təhqir edirsə, böhtan atırsa, bu daha çox onların şəxsiyyətini nümayiş etdirir. Guya bunlar millət vəkilidir də. Azərbaycanda insan hüquqları, ləyaqət və şəxsiyyətin qorunması konstitusiyada təsbit olunmuş hüquqdur və hamı da buna hörmət eləməlidir. Amma bu adamların heç bir elmi arqumenti yoxdur.

Hətta soruşsan ki, “konfederasiya nədir”, bunu başa düşməzlər. Amma onlara göstəriş veriblər və bunlar da söymək üçün növbəyə durublar. Hər gün bir deputat, partiya sədri ağzını qoyur Allah yoluna danışır. Saytınız vasitəsilə məni söyənlərə bildirmək istəyirəm ki, o söyüşlərdən min dəfə artığı özünüzə aiddir. Mənə heyvan deyirsənsə, sən özün min dəfə artıq heyvansan. Qudurğan deyirsənsə, sən məndən də çox qudurğansan. Sən Azərbaycanda 20 yanvar qırğınını törədən adamsan, mənə qudurğan deyə bilməzsən. Qudurğan qan istəyər, öz xalqının qanını çəkər, o da sənsən. Yəni bu söyüş təhqirlər mənə vız gəlir. Hökumətin müəyyən qanadının apardığı bu siyasət nə məni öz yolumdan döndərə bilər, nə də türk-Azərbaycan qardaşlığına xələl gətirə bilər. Çünki biz Türkiyə ilə təbii müttəfiqik. Damarımızda axan qan qurumayana qədər kimsə bizi Türkiyədən ayıra bilməz.

 

Tahirə Qafarlı
Versus.Az

Xəbər lenti

InvestAZ

Ən çox oxunan xəbərlər

"Bəzi şəxslər hakimiyyətin yıxılması üçün işləyirlər" - MÜSAHİBƏ

"Süni əngəl və maneələrə yol verilməməlidir"

“ALDP Kuboku” uğrunda nərd yarışı - QALİBLƏR

"Bu, əsl erməni həyasızlığı idi"

Trampla görüşməkdən imtina etdilər

Əsir və girov götürülən uşaqlarla bağlı film çəkilir

“BƏZİ TƏXRİBATÇI SAYTLAR AZƏRBAYCANA HÜCUM ÇƏKİR”