Əbülfəz Elçibəy adlı “Qəribə adam”

16:21 24-06-2018 | icon 295 | Köşə
Əbülfəz Elçibəy adlı “Qəribə adam”

 

Və zəncirlənmiş Prometey - Azərbaycan

 

 

İGİD TEYMURLU

 

Böyük ingilis yazıçısı Bernard Şou Amerikaya getmək istəmədiyinin səbəbini belə izah edirmiş: “Mən bu ölkədəki Azadlıq heykəlini görmək istəmirəm. Çünki mən bütün əsərlərimi istehzalı tərzdə yazmışam. Ancaq belə bir şey qətiyyən ağlıma gəlməmişdi – Amerikada “Azadlıq” heykəli!? Yooox, yox canım, mənim istehzalarım qətiyyən buna çatmaz”....

 

Bugünkü Azərbaycanda baş verən proseslər, proseslərə yanaşma tərzi və müstəvisindən asılı olmayaraq yaşamaq üçün edilən çabalara nəzər yetirəndə adam lap Bernardsayğı düşünüb, bir az da seyirçi mövqeyə çəkilmək istəyir. Əgər bu gün yalnız vicdanın səsi hər şeyə hakim kəsilərsə, onda bizə Qütb Ulduzları kimi sırınanlar hansı haqla öz siyasi və ədəbi interpretasiyalarını demokratiya donunda millətə təqdim edə bilərlər?

Atam, qardaşım, demokratiyanın ən ilkin şərti Cavabdehlik və Məsuliyyət Hissidir. Sən öz cavabdehlik hissini bir yana qoyub məsuliyyət hissindən boyun qaçırırsansa, onda hansı haqla öz BUNDEHİŞini zorən məmləkətə sırımaqdasan?..

 

Yalançı konservatorluq yenilik deyil, bəylər və xanımlar, ərəb saçının halını xatırladan görüntüdür. Görüntünüz elə ərəbcə də “mübarək” olsun!

 

Adam öz “mən”iylə baş-başa qalanda fikirləri daha düzgün istiqamətə səmt götürə bilir, “QƏRİBƏ ADAM”a çevrilir insan – lap rəhmətlik ƏBÜLFƏZ BƏY kimi, ƏBÜLFƏZ ELÇİBƏY kimi!

Amma nə yazıq ki, biz BİZ olmadıq – ƏBÜLFƏZ ELÇİBƏY ola bilmədik!!!

 

Bugünkü Azərbaycanın başı üstündə nigarancasına qıy vuran Ruhlardan biri də Əbülfəz Bəyin Ruhudur – milli kimliyimizə, dilimizə, varoluşumuza, tariximizə, gələnəklərimizə bütün varlığıyla bağlı olan Əbülfəz Bəyin Ruhu!

 

O Əbülfəz Elçibəy ki, bu yurd üçün, bu oba üçün Füzuli babası kimi “təni mu təki incəlmişdi”, hər zaman “əl-aman” deyə bu dövlətin varoluşu üçün əsim-əsim əsmişdi...

 

Şah Babamız Xətayinin Ruhu Rüstəm Behrudi Qələmində Əbülfəz Elçibəy Anlamıyla Bütöv Azərbaycanın başı üstündə xəfif meh kimi əsirdi..

 

Elçibəy vətəndaşına sahib çıxa biləcək, vətəndaşının haqqını heç kimsəyə yedirtməyəcək dövlətin lideri idi. Ol səbəbdən də imzaladığı neft, qaz müqavilələrində haqqımız 55 faizdən aşağı enməmişdi...

 

Elçibəy Seçilmişlərin timsalında Sabir Rüstəmxanlını təhqir edən jurnalistə “sən nə zamandan əxlaqını yedin ki, Sabir bəyi hədəf seçdin” deməklə gələnəklərə sahib çıxmışdı, indi Seçilmişlərimiz auditoriyalardan kənarda saxlanılmaqla ictimai şüura mütilik təlqin olunur, cəmiyyətə eybəcər kodeksi elə Elçibəy haqqında danışanların, Elçibəy haqqında yazanların bir loxma çörəkdən ötrü boyun əydikləri orqanlar, təşkilatlar, KİV-lər vacitəsilə sırınmaqdadır...

 

Elçibəy zamanından tez doğulan lider idi, biz Onu anlaya bilmədik, indi anladıqlarımızsa zamanın diktəsidir...

Elçibəy xalqını xoşbəxt etmək üçün fağır bir prezident olmağı özünə xoşbəxtlik sanırdı. Özü demişkən, “sağdan da döşəyirdik, soldan da”, indi haqqımızı yeyən adi məmur qarşısında belə boynubükük kimi durmaqdayıq...

 

Elçibəy hər cür məhrumiyyətlərə dözməklə, hər cür təhdidlərə sinə gərməklə, hər cür şantajlara iradəsilə cavab verməklə bizə dərk etdiyimiz demokratiyanın dadını çıxartdıra bildi, indi leylək sədaqətiylə ixrac olunan, gerçək olmayan demokratiya vurğunları kimi davranırıq...

 

Elçibəy genefondumuzun keşiyində dayanan Əqidə Adamı, bir Əsgər idi... Adamda hansı əqidə formalaşırsa, onun fəaliyyəti də həmin əqidənin prinsipləri üzərində qurulur, indiki əqidəmizdə əsgər nizamı pozulub....

 

Elçibəy bugünkü Azərbaycanın yaşam tərzinə çevrilən “bir-birinə tələ qurmağı” “Azərbaycanın ən bəd günü” adlandırırdı. Bu gün biz həmin “bəd günü” yaşamaqdaykən, sizlər hansı haqla və hansı QİYMƏTLƏNDİRMƏdən danışa bilərsiniz, bəylər və xanımlar!?

 

Əbülfəz Elçibəyin ƏN BÖYÜK ARZUSU təzə-təzə doğulan Qurd ağızlı çağaların bu Yurdu TANRI kimi görk eləmələri olub. Əgər bugünkü çağa xarici dövlətlərə, xarici banklara borc içində doğulursa, əgər itirdiyimiz yurd yerlərini o çağalara biz unutqanlar miras olaraq ötürürüksə, siz hansı haqla və hansı QİYMƏTLƏNDİRMƏdən danışırsınız, bəylər və xanımlar!?

 

Biz yurdumuzu Tanrı kimi dərk etmişikmi?

Əbülfəz Elçibəy kimi!

Etməmişik və buna görə nə digər Seçilmişlərimizin, nə Elçibəyin Ruhu, nə də Tanrı Bizi bağışlamayacaq!!!

Bizə bağışlanansa başqa şeylər olacaq – özgürlüyümüzün, mənəviyyatımızın para hesabına zorlanması...

 

Çəlimsiz vücudlara don geyindirməklə nəyə nail olmaq istəyirsiniz, bəylər və xanımlar!? 

Elçibəyin Ruhunda Xiyabani dəlisovluğu var idi...

 

Göy gurultusunu belə Səttarxan çəkmələrinin fars zehniyyətinə vurulan zərbəsi, yağan yağışı Rəsulzadənin 23 aylıq ADR-in süqutu zamanı tökdüyü göz yaşları, çaxan ildırımı Pişəvərinin harayı sanırdı Elçibəy...

 

Farsın, rusun bölücülük, assimilyasiya, deportasiya, soyqırım siyasətinə qarşı mübarizəsini də apaydın şəkildə dilə gətirirdi...

 

1993-cü il olaylarında da hakimiyyəti “İranın, Rusiyanın uşaqları”na vermədi..

 

Azərbaycanın yaşaması üçün gerçəyi olduğu qədərində qiymətləndirərək hakimiyyəti də bir zamanlar “portretini başının üstündən asdığı” Heydər Əliyevə əmanət etdi...

 

ADAM Özü də o Ruhların cərgəsində idi...

Bu gün Elçibəy Fenomeninə qiymət vermək istəyənlər Elçibəyin ən böyük amalı olan Turan dünyasının yaranması, Bütöv Azərbaycan Haqqımıza qovuşmaq uğrunda nələr yapmış, nələr söyləmiş və nələr etmişlər?!

Fərqində olan varmı?

Bu gün özünü “Elçibəy ideyalarının davamçısı” kimi göstərməyə çalışanların tam əksəriyyəti onun min bir zillətlə qurub yaratdığı Cəbhənin altını üstünə çevirib, özlərinİ cəmiyyətə Büt kimi sırımaqdadılar....

 

Atam, qardaşım, yapmayın, zatən kötüklüyünüz bəlli bu millətə, kötüyə necə sitayiş edəlim?!

Bu gün Azərbaycanı yerdə qalan Ana Tabutuna çevirən sizlər hansı haqla Elçibəy Ruhu qarşısında hesabat verirsiniz!?

 

Bu gün Azərbaycanı Ana Tabutu qarşısında söz deyə biləcək aydınlardan məhrum edən sizlər hansı haqla Elçibəy Ruhu qarşısında hesabat verirsiniz!?

 

Bu gün Azərbaycana bütövlükdə zəncirlənmiş Prometey və onun ciyərini hər gün dimdikləyən qartal aqibətini yaşadan sizlər hansı haqla Elçibəy Ruhu qarşısında hesabat verirsiniz!?

 

Elçibəydə ATLI XALQIN YADDAŞI var idi – indi biz həm atsızıq və həm də bir piyada...

 

Elçibəydə tarixi yazmayıb, tarixi yaradanların yaddaşı var idi – indi biz nə tarix yazırıq, nə də tarix yaradırıq....

Elçibəydə “dar ağacına salam vermək” qüdrəti var idi – indi biz salamı rüşvət deyil deyə də almırıq, salamımız, kalamımız bizi dilənçi ordenlilər məkanının sahibinə çevirib...

 

Elçibəydə bizi Özümüzə, Türkçülüyümüzə qaytarmaq Eşqi var idi – indi biz özümüzə də, türkçülüyümüzə də ideoloji yozum verməklə yaşamımız xatirinə başqalaşmağı, başqalarına daha bir nəfər qazandırmağı üstün tuturuq...

 

Bu yazıda Elçibəy Ruhundan danışanların əməllərinə ayna tutmaq istəsəm də, sonradan istəmədim – Elçibəy Ruhu xatirinə, Elçibəy İdealları xatirinə! Ancaq o insanların bu ADAM haqqında söylədikləri həm Bernardsayağı istehza, həm də alça turşusunu xatırladır....

 

Bizim Özümüzə Qayıdışımızsa “göz yaşlarıyla yeri fırladan QƏRİBƏ ADAM”ın ən böyük arzularına sahib çıxmağımızdan keçir!

 

Əbülfəz Elçibəy adlı Qəribə Adamın əqidəsi bizim birliyimiz olacaq!

Birliyimizsə Bütövlüyümüzdür!

 

Bütövlük və doğulan çağanın yurd yerini Tanrı sanmasısa Əbülfəz Bəyin arzusu idi. O Arzunun gerçəkləşməsi amacıyla bütün Seçilmişlərimizi sayğıyla anır, Böyük Əbülfəz Bəyin Ruhu qarşısında baş əyirəm!

Xəbər lenti

InvestAZ

Ən çox oxunan xəbərlər

"Bəzi şəxslər hakimiyyətin yıxılması üçün işləyirlər" - MÜSAHİBƏ

"Süni əngəl və maneələrə yol verilməməlidir"

“ALDP Kuboku” uğrunda nərd yarışı - QALİBLƏR

"Bu, əsl erməni həyasızlığı idi"

Trampla görüşməkdən imtina etdilər

Əsir və girov götürülən uşaqlarla bağlı film çəkilir

“BƏZİ TƏXRİBATÇI SAYTLAR AZƏRBAYCANA HÜCUM ÇƏKİR”