“BƏZİ TƏXRİBATÇI SAYTLAR AZƏRBAYCANA HÜCUM ÇƏKİR”

15:36 13-07-2018 | icon 14 | KİV
“BƏZİ TƏXRİBATÇI SAYTLAR AZƏRBAYCANA HÜCUM ÇƏKİR”

Müşfiq Ələsgərli: “Əhali arasında təşviş yaratmaq üçün bir çox üsullara əl atıldı”

 

 

Azərbaycanda bir sıra problemlər gündəmə gəldikdə və bəzi arzuolunmaz hadisələr yaşandıqda dərhal xarici ölkələrdən idarə olunan saytlar və sosial şəbəkə üzərindən fəaliyyət göstərən qruplar da meydana çıxırlar. Vətəndaş qarşıdurmasını alovlandırmağa, milli, etnik və dini ayrı-seçkiliyi təbliğ edərək tolerantlıq mühitini pozmağa çalışan həmin saytlar və sosial şəbəkə istifadəçiləri qərəzli şəkildə yaradılmış olayları fürsət bilərək məkirli planlarını reallaşdırmağa cəhd göstərirlər.

 

 
Bu baxımdan "Arannews.com”, "hedef14.org”, "nuraz.com”, "abna.com”, "qafqaz.ir”, "rasthaber.com” və digər bu kimi saytlarda son günlər ərzində dərc olunan materiallar diqqət çəkməkdədir. Həmin saytlarda Gəncə Şəhər İcra Hakimiyyətinin başçısına atəş açan terrorçu Yunis Səfərovun hərəkətinin təbliği diqqətdən kənarda qalmır. Hansısa "vəkilin”, "hüquq” adamının onu müdafiə etməyə hazır olduğu barədə xəbərlər yer alır. Hətta bəzi saytlar açıq formada insanları iğtişaşa, üsyana səsləyərək, qonşu dövlətlərin dini rəhbərlərinin və onların xarici siyasətinin təbliği ilə məşğul olur. Eyni missiya "hedef14.org” saytında da aydın görünməkdədir. Bu sayt və onun xanım əməkdaşı Gəncədə iğtişaş və polis əməkdaşlarının qətlə yetirilməsi zamanı hazırladığı və sürətlə sosial şəbəkələrdə yayılan məlum videomaterialla yadda qaldı. Sözügedən sayt konkret cinayət törətmiş şəxsin həbsini "inanclı şəxsin həbsi” kimi təqdim edərək dövlət orqanlarına qarşı nifrət yaratmaq və radikal dindarları təxribata səsləmək məqsədi güdür. Bir məsələni qeyd edək ki, rəsmi orqanların sərt xəbərdarlıqlarından sonra bəhs edilən saytlar və sosial şəbəkədəki qruplaşmalar dərhal öz xəbərlərini, paylaşımlarını siliblər. Ancaq məlumdur ki, hər hansı kiçik bir hadisə yaşanan zaman məlum dairələr yenə iş başına keçəcəklər. Ona görə də ictimaiyyət nümayəndələri hesab edir ki, həmin sayt və sosial şəbəkə istifadəçiləri ilə bağlı konkret addımlar atılmalıdır. Bəs bu cür hallarla necə mübarizə aparmaq lazımdır? 
 
Məsələ ilə bağlı "Şərq”ə açıqlama verən Mətbuat Şurasının sədr müavini, Jurnalist Həmkarları İttifaqının rəhbəri Müşfiq Ələsgərli deyib ki, bir sıra hadisələr zamanı sosial şəbəkələrdən və bəzi saytlardan təxribat məqsədi ilə istifadə olunur. Məqsədli olaraq yalan xəbərlər yayılır və qızışdırıcı informasiyalar tirajlanır:
 
 
 
"Çalışırlar ki, insanları küçələrə töksünlər. Bunları iki kateqoriyaya ayırmaq olar. Birinci xəbərlər anonim mənbələrdən yayılır. İkincilər isə konkret, yəni məlum şəxslərdir ki, bilərəkdən KİV haqqında qanunu pozaraq sosial media üzərindən insanları təxribata, iğtişaşa səsləyirlər. Əslində bu məsələ yeni deyil. 2016-cı ilin aprel döyüşləri və daha sonra yaşanan digər proseslər zamanı təxribatla məşğul olan saytlar, sosial şəbəkə istifadəçiləri meydana çıxmışdılar. Üzləşdiyimiz taktika təkcə Azərbaycanda deyil, dünyanın bir çox yerində həyata keçirilir. Yaxın Şərq ölkələrində, ayrı-ayrı ərəb dövlətlərində, hətta qonşu Türkiyədə belə iğtişaş niyyəti ilə ortaya çıxan saytlar mövcuddur. Xatırlayırsızsa, Türkiyədə iğtişaşlar baş verən zaman, Gəzi parkı olaylarında, sosial şəbəkə üzərindən nə qədər yalan, uydurma xəbərlər yayıldı. 
 
Əhali arasında təşviş yaratmaq üçün bir çox üsullara əl atıldı. Təəssüf ki, bu cür metodlar bəzi ölkələrdə öz effektini verir. Xüsusən, ərəb ölkələrində bundan daha qabarıq formada istifadə edirlər. İndi də istəyirlər ki, həmin hadisəni Azərbaycanda təkrarlasınlar. Bəllidir ki, bütün bunlar ilk növbədə dünyanın bölüşdürülməsi, sabitliyin pozulması və hegemonluq niyyətində olan güc mərkəzlərinin işidir. Digər tərəfdən Azərbaycanla problemi olan ölkələrin əməlidir. 
 
Azərbaycan müharibə şəraitindədir. Bizə qarşı təkcə hərbi və siyasi yolla deyil, həm də informasiya üzərindən hücumlar edilir. Məkirli dairələr ayrı-ayrı Avropa ölkələrində və yaxın qonşularımızda əleyhimizə fəaliyyət göstərirlər. Üçüncü qrup isə Azərbaycanda yerləşən və özlərini "sağlam müxaliflər” hesab edən qüvvələrdir. 
 
Onlar "bulanıq suda balıq tutmağa cəhd edən” və qeyri-qanuni yolla hakimiyyətə gələrək öz ehtiraslarını öldürməyə çalışan siyasi tərəflərdir. Bunların üçü də mübarizələrini çox zaman gizli və anonim yolla aparırlar. Əsasən də sosial şəbəkələrə və naməlum saytlara üstünlük verirlər. Məsələ ondadır ki, bu praktika dünyanın çox yerində tətbiq edildiyi üçün artıq ona qarşı tədbirlər də məlumdur”.
 
 
M.Ələsgərli deyib ki, Azərbaycanda həm ictimaiyyət, həm media aləmi, həm də dövlət strukturları bu cür hallara qarşı mübarizə aparmaq vərdişlərinə yiyələniblər:
 
 
 
"Cəmiyyətimiz kifayət qədər ayıq olduğu üçün heç kimin təxribatına uymur. Çünki millət nə baş verdiyinin fərqindədir. Digər bir tərəfdən başda Mətbuat Şurası olmaqla digər bütün media qurumları baş verən hadisələrin monitorinqini aparır. Təxribata cəhdlərlə bağlı MŞ-yə bir neçə müraciət ünvanlanıb. Paralel olaraq dövlət orqanları da mühüm addımlar atırlar. Dövlət başçısı başda olmaqla, prezidentin köməkçisi Əli Həsənov, təhlükəsizlik və hüquq-mühafizə orqanlarının rəhbərləri əhaliyə və mediaya müraciət ünvanlayıblar. 
 
Təxribatların qarşısını almaq üçün ümumi çağırış ediblər. Mübarizə üsulları artıq mövcuddur. Azərbaycanda 2017-ci ildə informasiya haqqında qanun qəbul olunub. Həmin qanun imkan verir ki, təxribatla məşğul olan saytlara qarşı həm inzibati qaydada cəza verilsin, onların fəaliyyətinə məhdudiyyət qoyulsun. Ya da başqa formada hüquqi ölçü götürülsün. Bu baxımdan hesab edirik ki, həmin saytların ölkəmizdə təxribat törətmək niyyətləri baş tutmayacaq”.

Xəbər lenti

InvestAZ

Ən çox oxunan xəbərlər

XİN bəyanat yayıb

"Bəzi şəxslər hakimiyyətin yıxılması üçün işləyirlər" - MÜSAHİBƏ

“ALDP Kuboku” uğrunda nərd yarışı - QALİBLƏR

"Süni əngəl və maneələrə yol verilməməlidir"

"Bu, əsl erməni həyasızlığı idi"

Trampla görüşməkdən imtina etdilər

Əsir və girov götürülən uşaqlarla bağlı film çəkilir

“BƏZİ TƏXRİBATÇI SAYTLAR AZƏRBAYCANA HÜCUM ÇƏKİR”

Azərbaycanda 41 saxta din xadimi aşkarlandı

“Sabitliyi pozmağa çalışanların hədəfində Azərbaycan xalqıdır”

"Polis əməkdaşlarını qətlə yetirmək nə dinə, nə də demokratiyaya xidmət edir"

QMİ Gəncə hadisələrilə bağlı bəyanat verib