ÖLMƏK DƏHŞƏTDİR, YOXSA YAŞAMAQ?

17:20 06-08-2018 | icon 84 | Köşə
ÖLMƏK DƏHŞƏTDİR, YOXSA YAŞAMAQ?

  

“”QARABAĞ TV”,  ÖLÜLƏR ANDI VƏ MİLLİ SFİNKSLƏRİMİZ

 

 

İGİD TEYMURLU

 

Sfinksi yaradan heykəltaraşlar insan oğlu insanın xislətindəki yırtıcılıqları daha çox dərk etdiklərindəndir ki, onlar qayanı çaparkən bəşəriyyətə bəxş edəcəkləri bu zoomorfik heyvanın başını şirlərə deyil, daha çox insana bənzədiblər. Çünki yaranışın ən şərəfli varlığı olsa da, görünən budur  ki, əməlləri baxımından Uca Tanrının xəlq etdiyi insan oğlu insan öz yırtıcı xislətiylə bütün canlıların həsəd apara biləcəyi bir mərtəbəyə yüksəlib.  Yüksəliş bumu!?  “Kahr olsun” belə yüksəliş...

 

Dahilərdən kimsə deyib ki, ölmək dəhşət deyil, dəhşət yaşamaqdır. Əslində bu deyim zamanın güzgüsüdür ki, orada həm ölməyin, həm də yaşamağın bir zillət olması apaydın görünməkdədir. Biz bir zillət içindəykən hansısa bir TV-nin ideoloji baza yaradacağıyla bağlı nağıl qəhrəmanı kimi davranmaqdayıq. Əsgəri qələbəyə aparan yol onun mədəsindən keçirsə və keçir də, onda dövlətin vətəndaşına sahib çıxa bilmə düsturu öz həllini tapmalıdır ki, ideoloji baza da özü-özünə formalaşsın...

 

Ölmək bir dəhşətdir, yaşamaqsa ondan da dəhşətdir. Əgər bu gün toplumun düşüncəsinə “biz yaşamırıq, yaşayan onlardır, bizlərsə sürünürük” gerçəkliyi hakim kəsilibsə, yaşadığımız ünvanlar belə “milyarderlər məhləsi”, “kasıb-kusub gecəqonduları” kimi təqdim olunursa, onda kiminsə möcüzə yaradacaq formula ilə çıxış etməsinə də hacət yox. Çünki bugünkü insan zamanın acı qəhqəhəsi altında iki əliylə başını qucaqlamış bir vəziyyətdə isterik davranış nümayiş etdirməkdədir. Ancaq zamanın özü də insanın xislətindəki yırtıcılığı və  mütiliyi ört-basdır etmək üçün bir bəhanədir. ÇÜNKİ,

zamandan öncə insanı qocaldan qəm-qüssədir. Ötən illər ömrümüzdəki  “yağlı, yağsız yerləri” siyirib aparsa da, insan oğlu hələ də UCALIĞın mahiyyətini duyğu deyil, klerikal görüntü  baxımından yüksək məqamda dayanmasının fərqinə belə varmır. Əslində biz vadar edildiyimiz utandırıcı gerçəklik ucbatından ÖZÜMÜZü itirdiyimizdən MÜQƏDDƏSLİYİMİZi də yerdə deyil, göylərdə axtarırıq. İnsan oğlu öz qaniçənliyi, öz əzazilliyi, öz  ərşə bülənd olan kütlənin hayına səs verməməyilə hər şeyin fövqündə onun deyil, tək Tanrının dayandığını dərk etmək istəməyəndə və adam bütün bunların sonucunu fikirləşəndə, sual olunur:  ÖLMƏK DƏHŞƏTDİR, YOXSA YAŞAMAQ?

 

“İstədim soruşam Pərvərdigardan; görəsən dünyayə nöş gəlib insan?” – deyə Uca Tanrıya xitab etmək istəyən Adəm övladı hələ də boynuna düşən yükün dəyərini bilmədən mağmuncasına yürüməkdədir. Bu dünyanın bizlər üçün bir fürsət olduğunu anlamadan yürüyərək Tanrını sual-cavab etmək istəyənlər verə bilmədikləri həyat imtahanının nəticəsini axirətdə görəcəklər. “Axirətdə görəcəklər” kəlməsinə “o dünyadan gələnmi var?” ironiyasıyla yanaşanların qohumlarının, özlərinin əməliyyat stoluna uzananda sütunsuz mərtəbələrlə Tanrıya doğru dırmanmalarını görəndə adam insan olmağına nifrət edir. Problemlər məngənəsində günü cəhənnəmə çevrilənlər və buna rəvac verənlər bilərəkdən, ya da bilməyərəkdən millətin cəsarətini sındırıb, fikirlərini buxovlamaqla Tanrısını yeyəcək məmləkət əhli kimi davranırlar. Və belədə sual olunur: indi ÖLMƏK DƏHŞƏTDİR, YOXSA YAŞAMAQ?

 

Tanrının yaratdığı İNSAN adlı əsərini Azərbaycanda Adəm övladı qədərində dəyərləndirə bilmədi. Varlığın ən üstünü olaraq bizi yaratdığına görə ƏLLƏRİMİZ Ona şükürlər etmək üçün Tanrıya doğru açılmalı idi – ANCAQ əksinə oldu. İnsan oğlu insanı alçaldaraq onu tutduğu vəzifəylə, malıyla, mülküylə, balasıyla, ciyərparasıyla sınağa çəkib, özünü də qurduqları qullar dünyasının hakimi candı. Və əllər də imdad diləməkçün Tanrıya deyil, BÜTLƏRə sitayiş edən hakimlərə doğru açıldı. GÖZLƏRİMİZ bu dünyanın gözəlliklərindən zövq almağa və bizə bəxş edilən həmin zövqə görə Tanrını zikr etmək amacıyla yumulmağa yükümlüykən gözümüzün də başını ağlamaqla qatdılar. Gözümüz bilərəkdən qamaşdırıldı. Haqla nahaqqı, məhrəmlə naməhrəmi günün kristal  parıltısında tanımaz olduq.  AYAQLARIMIZ Tanrı Dağına yürümək istərkən dolanbac çəpərlərlə qarşılaşdıq. Güllüyümüzün ətrafına sarılan çəpərlərin tikanları bədənimizi cırıq-cırıq etdi. Tanrının Əsərinə xələl gətirməklə, sosial məngənədə boğmaqla, zülm etməklə insan Yaradanın Özünə asi oldu. Tanrı bizə ÇİYİN verdi - çəkəcəyimiz Müqəddəs Yükə görə. Zamanında Əyyub Peyğəmbər 40 il bu Yükü  “off” demədən çəkdi deyə,  bizlərə örnək də verildi. Buna da mane oldular. Əbədi olaraq çiynimizdə oturub başımıza döyəclədilər ki, müqəddəs sandığımız hər şeyə “devitbe”lər tək münasibət göstərək. Dərdlərimizin ağırlığı onurğa sütunumuzu əydi, belimiz keyvəndə döndü...Bax belədə sual olunur – indi ÖLMƏK DƏHŞƏTDİR, YOXSA YAŞAMAQ?..

 

“səndən ötrü can verməyə cümlə hazırız” – deyə vəsf etdiyimiz Vətəndə bu dünyadan köçərkən əbədi uyumaqçün  bir metrə torpaq belə bizə pulsuz verilmirsə, buna Mir Şahinlərimizin sevə-sevə tərənnüm etdikləri “ANA TORPAQ” günahkardır, yoxsa elə həmin torpağın anasını ağladaraq Anaları günaha sürükləyən atasından bixəbərlər?... Yox..,  yox,  Fantina tək öz Kozettalarını saçlarıyla belə geyindirməyə hazır olan Anaların öz uzun hörüklərini daramaq səadətindən məhrum edildiklərini görəndə onlarda bütün aləmə qarşı nifrət hissi baş qaldırır, dodaqlarınasa qanlı təbəssüm qonur. Və sən də bu qanlı təbəssümün müşayiətilə səfalətin son pilləsində qərar tutduğunu sərgiləmıklə düşünürsən: ÖLMƏK DƏHŞƏTDİR, YOXSA YAŞAMAQ?..

 

“inkişaf etmiş ölkə”yə sahib çıxacaq gələcəyin ərlərini, ərənlərini, ər doğacaq xanım-xatunlarını əgər bu gün ataları, anaları qazanda yalxı su qaynatmaqla başlarını aldadıb şirin yuxuya verirlərsə, ac qarınların curultusu Allahın Özünə doğru yüksəlirsə, onda ÖLMƏK YAXŞIDIR, YOXSA YAŞAMAQ?..

bütün oğraşlığın, bütün əxlaqsızlığın başında rüşvət dayanırsa və bu məmləkətdə rüşvət alıb yaşamaq “əsil kişi kimi dolanmağın” atributuna çevrilibsə, onda ÖLMƏK YAXŞIDIR, YOXSA YAŞAMAQ?..

 

vətəni sevən oğlan və qızlar dilənçiliyə,  məcbur olub yaşayırlarsa, kəsik qolların, kəsik qıçların sahibləri intiharı özləri üçün çıxış yolu sanırlarsa, erməniyə sevgi bəsləyənlər cəmiyyətdə yuxarı başa keçilirsə, onda ÖLMƏK YAXŞIDIR, YOXSA ÖLMƏK?..

 

köləlik mənəvi fahişəlik donunda yambızlarını oynadırsa, günümüzün Yan Valyanları “ahh, it də məndən yaxşı yaşayır, məni dişləyir, qovur, sanki, o da adamdır!” – deyirsə, azan sədaları nazaların yambızlarını oynatmasından əskik tutulursa,  günün 365-ni çal-çağırda, hansısa bircə gününü də bizi böyüdən Dərdlərimizə yas tuturuqsa,  ÖLMƏK DƏHŞƏTDİR, YOXSA YAŞAMAQ?..

 

Şeytana atılan daşları heç Şeytanın başına dəyməmiş elə göydəcə “hopp”  eləyib paketləməklə onu hacılara satıb gəlir mənbəyinə çevirən Səud övladlarının saqqal uzadıb, şalvar gödəltməklə islamçı obrazı yaratmalarını, sünnilik, şiəlik və bunların törəmə qolları altında əbaya bürünməklə islamı ziddiyyətlər yığnağı kimi təqdim edənləri, türkün  “ERGENEKON” adlı Qurtuluş Gününə “terror hörgütü”  damğasını calaq etməklə bundan qorxu, vahimə sindromu yaratmaqla həm türkçülüyə, həm də islamiyyətə sarsıdıcı zərbə endirənləri və bütün bunlara münasibətdə həmin kəslərin özlərini mumiyalı yaylanın sakinləri tək aparmalarını görəndə düşünürsən:  ÖLMƏK DƏHŞƏTDİR, YOXSA YAŞAMAQ?..

bizə özümüzü doğrultmaq üçün bir fürsət kimi verilən dünyanı başımıza dar edirlərsə, qismətimiz qəm, qüssə, kədər, zillətdirsə, millətin qızı başına ləçək vurmağı, oğlu buxara papaq qoymağı “kəntoşduğ” sanırsa, hələ də Mir Cəlalın Mərdanları, Sonaları dövrün naqisliklərinə qarşı mübarizədə öz manifestlərini ortalığa qoymaq hüququndan məhrumdurlarsa, onda siz deyin: ÖLMƏK DƏHŞƏTDİR, YOXSA YAŞAMAQ?..

 

ZƏRURİ QEYD:  SUALIN CAVABINI Sözün İşığında müasir dövr Azərbaycan publisistikası üçün möhtəşəm qala yaparaq onu yetişən nəslin güvənc yerinə çevirən ADAMLARın təqdimatında görmək istərdim: Müqəddəs Ruhların pıçıltısıyla millətimizin Ömür Kitabını yazaraq Zamanı İçindən Keçirən AĞSAQQALın, SƏBRİNİN ÜSTÜNDƏN DÜNYANIN ADLADIĞINI görübən söz meydanında “DAR AĞACI” qurub zamanı “DUEL”ə səsləyərək “MƏN ŞƏHİD ÖLKƏNİN VƏTƏNDAŞIYAM” deyə “Nuh Baba” gəmisinə sığınmaq istəyən  İBRAHİM soyundan olanların, Tanrıçılıq eşqilə GÖYTÜRK İnancına söykənərək dilim-dilim doğransa da, ölməyən və heç zaman ölməyəcək Ana Dilimizin keşiyini gecə-gündüz çəkən Adil ŞAHLARa layiq mərifət, qalib əcgərə layiq qüdrət nümayiş etdirən Aydınlarımızın, “ideoloji baza” yaratmağın yolunu hansısa “Qarabağ TV” yaranmasında görən Dilavər Əzimlinin, haqq olaraq Döyüşün Alnına Yazıldığını iddia edərək özünün “MİR”inə Pir statusu verən publisistikamızın ŞAHİNİ olan Bir İncinin, Birincinin,  CANInda mətbuatımızın ənənələrini yaşadan  Möhtərəm və Möhtəşəm yazar AYDINlarımızın, Azad Dövlət, Azad Millət, Azad Mətbuat amacıyla milləti XURALa toplaşmağa səsləyən ƏVƏZi olmayan Simaların, teatrallaşmış bugünümüzə ən kiçik detallarına qədər və heç nədən çəkinmədən ayna tutan, ancaq özünü jurnalist saymayan və gerçək adıyla təqdim etmək istədiyim İdris Heydərlinin...

O zamankı sfinksləri heykəltaraşlar yaratmışdı, indiki sfinkslərisə yüksəlişimiz naminə ölülər andı içən vətəndaşlar. Misirlilər sfinkslərə “dəhşətin atası” adını vermişdilər, görən “zəruri qeyd”lə cavabını bilmək istədiyim Qələm Əhlinin bu məsələdə fikri necədir?..

 

 P.S. Bu gün “şəhidlərin bizə ehsan etdikləri” ÇANAQQALA ZƏFƏRİndən ona görə yazmadım ki, bizim boynumuzda hələ də yerinə yetirilməmiş bir yük var – ÖZÜMÜZƏ SAHİB ÇIXMAQ yükü. Elə isə türk-oğuz mədəniyyətinin məhsulu olan sfinkslər də bir nəzər yetirəlim – onların geyim tərzi və qədim türk qarderobunu göz önünə gətirin....

Xəbər lenti

InvestAZ

Ən çox oxunan xəbərlər

Turan Qurultayının bağlanışında Türk dünyasına Qarabağ çağırışı

Macarıstanda Azərbaycan sərgisi açılıb

Millət vəkili İraq, Krım, Tatarıstan və Noqay türklərinin təmsilçiləri ilə görüşüb

Buğacın Azərbaycan bölgələrindən biri ilə qardaşlaması təklifi

Türkmənistan, Qırğızıstan və Rusiyada yaşayan türk xalqlarının təmsilçiləri ilə görüş

Şöbə müdiri olmaq istəyənlərin nəzərinə

Millət vəkili Macarıstanda Qarabağdan danışıb

Nazirlikdən XƏBƏRDARLIQ

İxtisas seçimi bu gün başa çatır

Bu il 700 bal toplayan abituriyentlər rekord sayda olub

İlk dərs bu mövzulara həsr olunacaq

Dövlət Əməyin Mühafizəsi Fondu yaradılacaq

Siçanlar üzərində aparılan təcrübə göstərib ki...

Bakının bəzi ərazilərində qaz olmayacaq

Bu müəllimlərin məsuliyyəti məsələsinə baxılacaq