“Mitinqdə “istefa” tələbi yanlış idi, hakimiyyətlə “RAZBORKAYA” çıxmaq rassional yol deyil” - MÜSAHİBƏ

11:27 03-10-2018 | icon 231 | Siyasət
“Mitinqdə “istefa” tələbi yanlış idi, hakimiyyətlə “RAZBORKAYA” çıxmaq rassional yol deyil” - MÜSAHİBƏ

 

Əli Əliyev: “Mitinq təşkilatçıları arasında hökumətdən tapşırıq alıb hərəkət edənləri istisna etmirəm”

 

 

 

Vətəndaş və İnkişaf Partiyasının (VİP) sədri Əli Əliyevin Versus.Az-a müsahibəsi.

 

- Əli bəy, Qarabağ mitinqində apardığınız müşahidələrdən gəldiyiniz qənaət nədir? Necə hesab edirsiniz, bu tədbir xalq və siyasi partiyalar arasnda mövcud və arzu edilən əlaqələri yeniləyə bildimi və sizcə siyasilərin kürsüdə görünməməsi hansı tələb və zərurətdən irəli gəlirdi?

 

- Bu mitinq son illər  Qarabağ mövzusunda keçirilən ən böyük tədbir idi. Bu baxımdan təbii ki, müsbət və mənfi tərəfləri, uğur və çatışmazlıqları da vardı. Hesab edirəm ki, Qarabağ ümumilli məsələmizdir və onun üzərində heç bir qurumun, komitənin, siyasi qüvvənin, siyasətçinin monopoliyası ola bilməz. Ona görə də mən komitənin müşahidəçi statuslu üzvü, bir partiya sədri, vətəndaş kimi mitinqdə gördüyüm çatışmazlıqları komitədə səsləndirməyi düşünürəm. Qrabağla bağlı keçirilən tədbirlərdə  çatışmazlıqlar olmamalı, imkan daxilində qüsurları aradan qaldırıb, üstün tərəflərini inkişaf etdirmək lazımdır ki, cəmiyyəti bu mövzu ətrafında toparlamaq, səfərbər etmək mümkün olsun.  

Digər tərəfdən, mitinq təşkilatçılarının təklifi belə idi ki, tribunada ancaq aparıcılar olacaq. Qarışıqlığın olmaması, tribunada aydınlığın olması üçün bunu doğru hesab edirəm. Təbii ki, mitinqlə bağlı fikir və təkliflərimi təşkilatçılara çatdıracam.

 

“Hər hansı bəhanə ilə mitinqə qatılmamağı yanlış hesab edirəm”

 

- Digər partiya sədrlərinin mitinqdəki iştirak səviyyəsini necə dəyərləndirirsiniz?

 

- Bildiyim odur ki, Qarabağ bizim üçün ən aktual mövzudur. Qarabağın, torpaqlarımızın müstəqilliyi üzərində qara buludlar dolaşmaqdadır. Ölkəmizə qarşı müəyyən təzyiqlər həyata keçirilir. Bu gün artıq beynəlxalq səviyyədə, Rusiyanın təzyiqi altında bir neçə rayonun boşaldılması müqabilində qoşunların təmas xəttində yerləşdirilməsi və faktiki olaraq torpaqlarımzın Rusiyanın himayəsinə verilməsi kimi təhlükəli bir təşəbbüs var.  Buna qarşı ümummilli mövqe nümayiş etdirilməlidir. Nə bəhanə olursa olsun, hansısa siyasi qüvvələrin bu məsələnin içərisində olmamasını yanlış hesab edirəm. Müşahidələrim və digər məlumatlar deməyə əsas verir ki, mitinqin təşkilatçıları sırasında hakimiyyətin öz adamları və bundan istifadə təşəbbüsləri ola bilər. Ancaq biz meydana gəlmədikcə Qarabağ mövzusu ehtiyat etdiyimiz adamların nəzarəti altına keçə bilər. Nə olursa olsun, biz bu meydana gəlməli və Qarabağ mövzusunun müzakirəsinin milli qüvvələrin nəzarətinə keçməsinə nail olmalıyıq. Ona görə də hər hansı bəhanə ilə mitinqə qatılmamağı yanlış hesab edirəm. Bu, ümummili məsələ olduğuna görə, bir qədər də uzağa gedib həmişə YAP sədri, Prezident İlham Əliyevin mitinq təşəbbüsü ilə çıxış etməsini təklif edirəm. Qarabağ məsələsi “Məhsul” stadionuna sığışdırılacaq məsələ deyil. Bu, Qarabağ Mitinq Komitəsi üzvlərinin məsələsi deyil, bu, meydana gəlməyən, mitinqə dəstək verməyən adamların şəxsi məsələsi deyil. Bu, milli məsələdir. Ona görə də bütün siyasi qüvvələr, Yeni Azərbaycan Partiyası da onların sırasında olmaqla bu məsələdə təşəbbüs göstərməlidirlər. Daxili ixtilaflar, xarici təhlükələr ümummilli problemdir və onun qarşısında dayanmaq hər bir vətəndaşın borcudur.

 

- Əli bəy, qeyd etdiniz ki, Qarabağ Komitəsi tribunada yalnız aparıcıların olması qərarını vermişdi. Sizcə bu qərarı həm də, illərlə gedən siyasi oyunlardan bezən xalqın əhvalına təsir etməmək üçün Qarabağın siyasiləşməsinə, siyasilərə qarşı olan patoloji əks münasibətə adekvat saymaq olarmı?

 

- Birincisi siyasilərə patoloji münasibətin özü bir patalogiyadır. Əgər pataloji münasibət axtarırıqsa, pataloji münasibət insanlarımızın siyasətə gəlməməsidir, öz haqlarını müdafiə etməməsidir. Patalogiya, Qarabağ məsələsinə etinasızlıqdır.  Patalogiya milli məsələlərə diqqətsizlikdir. Ona görə də bu məsələlər uğrunda mübarizə aparan adamlara pataloji münasibətin olması yanlışdır. Və yaxud öz tənbəlliklərinə, qorxaqlıqlarına, öz cəsarətsizliklərinə pataloji nifrət donu geyindirənlər özləri xəstədirlər və bu məsələdən yayınmağa bəhanə axtarırlar. Ola bilər ki, hansısa siyasətçilərin səhfi olmuşdur və yanlış siyasətləri nəticəsində kimlərsə zərər görüb. Bütün hallarda millət ayaqda olmalıdır, istənilən siyasətçini özünə işlətməyi bacarmalıdır. Qarabağla bağlı mitinqdən yayınanlar düzgün mövqedə olmayan adamlardır.

 

“Heç kəs Qarabağla bağlı keçirilən bu mitinqə etinasız qalmamalı idi”

 

- Mitinqdə insanlara təsir edə biləcək nüansları test etsək, sizcə tədbirdə Milli Şura liderləri, yaxud Əli Kərimli  iştirak etsəydi, bu necə qarşılanardı?

 

- Mən bu barədə fikir deyə bilmərəm. Bu məsələdə ayrı-ayrı adamları hədəf götürmək düz deyil. Təbii ki, onlar tribunda olsaydılar, bunu camaatın münasibətindən görə bilərdik. Olmadılarsa, necə qarşılana biləcəkləri barədə falçılıq edə bilmərəm.

 

- Müşahidələrinizdən doğan qənaət nədir?

 

- Mənim müşahidələrim mətbuat üçün deyil. Mitinqlə bağlı texniki yanlışlıqlar barədə Qarabağ Komitəsinə fikirlərimi bildirəcəm. Ümumilikdə isə hesab edirəm ki, heç kəs Qarabağla bağlı keçirilən bu mitinqə etinasız qalmamalı idi. Problemin miqyası ilə iştirakçıların sayı arasında kəskin fərq var. Bunu aradan qaldırmaq təkcə mitinq təşkilatçılarının işi deyil. Qarabağ üzərində təhlükəli vəziyyətin olduğu bir vaxtda qorxudan, tənbəllikdən, yaxud nədənsə buna məsafəli dururlarsa, bu artıq vətəndaş probleminin olmasının göstəricisidir. Bu təkcə qaçqınların problemi deyil. Bəzən sosial şəbəkələrdə mitinqdə iştirakı qarabağlıların problemi kimi təqdim etməyə çalışırlar. Burda hardasa haqlı məqamlar var. Təbii ki, Qarabağ deyəndə buna hamıdan əvvəl dədə-baba yurdlarından didərgin salınmış, qəbirlərini ziyarətdən məhrum edilmiş insanlar daha həssas yanaşmalıdırlar. Amma bu eyni zamanda ümumilli məsələdir, bütün vətəndaşlarımızın problemidir. Qarabağ təkcə qarabağlıların deyil. Qarabağ bütün azərbaycanlılarındır,  ilk növbədə mənim məsələmdir. Əgər mən özüm bu məsələdə etinasızlıq edirəmsə, heç kəsi günahlandırmalı deyiləm. Kim mitinqə gəlibsə sağ olsun. Mən meydanda olanları nə adi vətəndaşa, nə qarabağlıya, ya da qeyri-qarabağlıya bölməmişəm. Onlar hamısı millətin qeyrətli övladlarıdır və problemin dərinliyini və təhlükəsini anlayan insanlardır. Gəlməyənlər, kənarda qalanların sırasında da xeyli sayda vicdanlı, qeyrətli insanlarımız var. Ancaq bunlar problemin aktuallıq dərəcəsini, ağırlığını dərk etmədiklərinə görə bəzən qorxduqlarından, bəzən də naqis hisslərə mübtəla olduqlarından meydanlara gəlməyə qərar vermirlər. İnanıram ki, cəmiyyətə düzgün informasiya çatdırılarsa onlar da prosesə qoşulacaqlar.

 

“Bunun üçün xalqın maraqlarını qabartmaqda  maraqlıdırlar”

 

- Mitinqi həm də hakimiyyətdən gələn bir sifariş, Azərbaycanın KTMT-na qoşulması üçün irəli sürülən təşəbbüslərdə oyun kimi dəyərləndirənlər də oldu. Buna nə deyəcəksiz?

 

- Çox şey deyəcəklər. Mən mitinq təşkilatçıları arasında hökumətdən tapşırıq alıb hərəkət edənləri istisna etmirəm. Amma bu o demək deyil ki, mən Qarabağ probleminin aktullığını, təhlükəli vəziyyətini kənara atıb məsələyə etinasız qalalıyam, qətiyən, bu yolverilməzdir. Əksinə, meydana gəlib, xalqı ələ alıb, maarifləndirib, onlara Qarabağ üzərində olan təhlükəni izah etmək lazımdır. Təşkilatçıların siyasətini dəyişmək bizim vəzifəmizdir. Buna iddia etməsəm də belə bir ehtimalı irəli sürürəm ki, əgər hakimiyətin 5 rayonu qaytarmaqla KTMT-yə üzv olmaq, rusları bölgəyə gətirmək planı varsa, o zaman etirazlarının təşkili onların marağında olmamalıdır. Əksinə, xalqın susqunluğu bu siyasətə uyğundur. Əgər hökumət belə mitinqləri təşkil edirsə, belə çıxır ki, Rusiyanın tələblərinin qarşısını almaq üçün xalqın maraqlarını qabartmaqda  maraqlıdır. Yəni biz niyə hakimiyyətin xeyrimizə olan siyasətindən imtina etməliyik. Niyə bizə sərf edən siyasətinə dəstək verməməliyik? Bu cür yanaşmalara bəraət yoxdur və yanlış yanaşmadır. Hökumət hətta öz xeyrinə Dağlıq Qarabağın ermənilərə peşkəş edilməsinin qarşısını almaq üçün mitinqlər  təşkil etmək qərarı verirsə, orda iştirak etmək bizim doğal haqqımızdır. Əgər məqsədimiz milli problemlərin həllinə  qulluq etməkdirsə, biz düzgün qərar verməliyik. Biz hakimiyyətin xeyirli addımlarının əleyhinə gedib başqalarına xidmət edəcəyiksə, onda bu vətənə xidmət deyil. Dağlıq Qarabağ məsələsi bizim müxalifətçilik etmək istədiyimiz məsələ deyil. Hökumət illər uzunu milləti, siyasətçiləri bu məsələdən uzaqlaşdırıb. Biz qəlbimizin səsi ilə hərəkət etməliyik. Hökumət səhv edirsə, biz də ona baxıb səhv etməli deyilik.

 

“Tədbir Qarabağla bağlı düzənlənmişdi və orada başqa şüarlara ehtiyac yox idi”

 

- Mitinqdə əsas etibarilə qazilər, şəhid övladları çıxış etdilər. Amma tribunaya çıxan İsgəndər Həmidov “istefa” dedi. Müşahidə etdinizsə, mitinq iştirakçıları bunu qəbul etmədi. Hətta Qarabağ şəhidinin oğlu etiraz edərək “biz bura Qarabağ üçün gəlmişik, mitinqi siyasiləşdirməyin” dedi. Deməli, Qarabağa yanaşmada keçirilən tədbirlərdə incələn nüanslara diqqət yetirilməlidir.

 

- Təbii ki, bir qazinin mövqeyi xalqın mövqeyi ola bilməz. Mən də o bəyanatlara haqq qazandırmıram. Tədbir Qarabağla bağlı düzənlənmişdi və orada başqa şüarlara ehtiyac yox idi, yersiz idi. Amma Qarabağ məsələsinin bu vəziyyətə salınması sırf siyasətçilərin yanlışı üzündən dalana dirənib. Kiminsə “istefa” tələbi səhv olsa da, bunun siyasi kökündə kifayət qədər YAP-ın günahları var. Bunu inkar edə bilmərik ki, biz torpaqlarımızı işğaldan azad etmək istəyən zaman Moskvadan gələn tapşırıqla əməliyyatlar dayanır. Belə çıxır ki, hakimiyyətdə olanlarımız Rusiyanın nəzarətində olan, ondan qorxan adamlardır. Bunlar üçün torpaq məsələsi, Konstitusiyanın tələbləri, Azərbaycan qanunvericiliyi, suverenliyi həlledici deyil, həlledici olan hakimiyyətin saxlanmasıdır. Belə hakimiyyətə qarşı müxtəlif xoşagəlməyən şüarlar səslənə bilər. Amma mən hesab edirəm ki, hazırki dönəmdə mitinqdə siyasi tələblər qabardılmamalıdır. Amma hakimiyyətə “istefa” demək olmaz fikrini də bölüşmürəm.

 

““İstefa” həmin mitinqin şüarı deyildi”

 

- Sizcə, Qarabağa azadlıq mitinqində “istefa” şüarının yeri var idi?

 

- Yox. Mən də hesab edirəm ki, “istefa” həmin mitinqin şüarı deyildi. Amma kimsə o şüarı səsləndiribsə, bu onun şəxsi məsuliyyətidir. Bu nə təşkilatçıların, nə Qarabağ mövzusunun, nə də iştirakçıların məsuliyyəti deyil. Kimsə səhv edəcəksə, bu o demək deyil ki, bütün təşkilatçıların işi yerə vurulmalıdır. Amma hakimiyyət Qarabağı öz şəxsi mövzusu hesab edir və bütün məsələlərdə olduğu kimi, Qarabağ məsələsində də haqlı olduğunu düşünür. Təbii ki, biz tüğyan edən korrupsiyaya, məmurların özbaşınalığına, ölkədəki ağır sosial vəziyyətə, torpaqların işğalda qalmasına görə hökuməti haqlı saya bilmərik. Yaradılan bu siyasi şəraitin əsiri olmaq olmaz. Bəli Dağlıq Qarabağ məsələsində müxalifətçiliyin əleyhinəyəm. Amma hökmət də vəziyyəti inkar etməməlidir. Hökumət mənim problemlərimi heçə sayırsa, mən ona “istefa” deyib, beş dəfə də o tərəfə keçərəm. Çünki bu toraq həm də mənimdir, heç kəsin dədəsindən qalmayıb və mən bir siyasətçi kimi bunun həlli yollarını tələb edirəm. Hökumət heç bir məsələdə özünü hesabatlı saymır. Amma Qarabağ məsələsinin həlli zamanı bunları qabartmamaq da olar.

 

- Nə təklif edirsiniz, Dağlıq Qarabağla bağlı mitinqlər necə olmalıdır?

 

- Dağlıq Qarabağla bağlı ümumi bir platforma əldə edilməlidir. Bu məsələdə təşəbbüs hökumətin əlinə keçməlidir. Hökumət nümayiş etdirməlidir ki, xalqla birlikdədir. Hökumət Azadlıq meydanında mitinq təşkil etməli və İlham Əliyev mitinqdə xalqa hesabat verməlidir. Göstərməlidir ki, ona diqtə olunan şərtlərin əsiri deyil,  xalqın maraqlarının müdafiəçisidir, Dağlıq Qarabağı heç kəsə güzəştə getməyəcək. Yeri gəlmişkən, ötən həftə ölkənin 1-ci vitse-prezidenti Mehriban Əliyevanın “Dağlıq Qarabağ Azərbaycana qaytarılmalıdır və 7 rayon da azad edilməlidir” kimi mövqeyi olub. Bu, rəsmi mövqe kimi qiymətləndirilməli və dəstək almalıdır. Azərbaycan xalqı bilməlidir ki, onun hökuməti Azərbaycan torpaqlarını güzəştə getməyəcək. Biz bunu bilmək istəyirik və burda qeyri adi heç nə yoxdur.

 

- Əli bəy,  “razılaşdırılmış mitinq” deyib tədbirə qeyri-ciddi yanaşnlar da oldu. Bu barədə nə deyərdiniz?

 

- Bu səhv yanaşmadır. Razılaşdırılmış mitinqin alternativi razılaşdırılmamış mitinqdir. Kim onu keçirmək iqtidarındadırsa buyurub keçirsin. Qarabağa təhlükə yarandığı bir vaxtda cəmiyyətin radikallaşdırılmasının əleyhinəyəm. Birincisi nəticəsiz olacaq, ikincisi ziyanlı olacaq. Bu xəttin seçilməsi yanlışdır və bu gün biz bu hakimiyyətin əli ilə Qarabağı qorumalıyıq. Bizim başqa alternativimiz yoxdur. Kim İlham Əliyevi dəyişmək istəyirsə, çıxsın ortaya getsin dəyişsin. Mən siyasi texnologiyaları bilən adam kimi deyirəm ki, bu gün bu hakimiyyəti dəyişmək mümkün deyil. Qarabağa təhlükə olduğu  bir vaxtda hakimiyyətlə “RAZBORKAYA” çıxmaq rassional yol deyil. Biz hakimiyyətin gücündən Dağlıq Qarabağın işğaldan azad olunması üçün istifadə etməliyik.

 

Tahirə Qafarlı
Versus.Az

Xəbər lenti

InvestAZ

Ən çox oxunan xəbərlər

“İsgəndər Həmidov onları oğlunun toyuna çağırmır...”

Məhluqə Rəhimova yenidən ƏQC-nin sədri seçildi

“Bu “zirvə” real olmayan bir zarafat kimidir”

“Müxalifətin zirvə görüşü zəruridir”

Ümummilli lider Xanqaraqoyunlu məktəbində də anılıb

Bağışlanmaz səhvlərə imza atanlar

“Bu partiyalar arasında bir-birini qəbul etməyən siyasətçilər çoxdur”

Sayğacın pulu ödənilib, amma sayğacdan xəbər yoxdur - VİDEO

Qənirə Paşayeva "Nuri Dağtekin Özel Ödülü" ilə ödülləndi

“Gürcüstan Azərbaycan cəmiyyətində də canlanma yarada biləcək”

Laçınlı döyüşçülər Heydər Əliyevin məzarını ziyarət ediblər

"Sağlığımdan dolayı dualarınız üçün minnətdaram"

“Axı, Mirşahinin özü də 20 yaşında bir adam deyil”

İki restoran bağlandı

Ermənistan rəhbərliyini işğal olunmuş rayonları qaytarmağa çağırdılar