“Müxalifəti içlərindəki güvə didib-parçalayır” - MÜSAHİBƏ

10:10 05-11-2018 | icon 161 | Siyasət
“Müxalifəti içlərindəki güvə didib-parçalayır” - MÜSAHİBƏ

 

Nəsir Ağayev: “Dərk etməlidirlər ki, milli sərvət atalarının deyil ki, sağa-sola xərcləsinlər”

 

                                                                     

Milli Azadlıq Hərəkatının liderlərindən biri, Bakı və Kəndlər Birliyinin ilk sədri Nəsir Ağayevin Versus.Az-a müsahibəsi

 

- Çox mənbələrdə Milli Azadlıq Hərəkatının liderlərindən biri, Bakı və Kəndlər Birliyinin qurucusu və ilk sədri kimi təqdim olunursuz. Kifayət qədər tarixi yol keçmiş Nəsir Ağayev həmin dövrlə bu günün müqayisəsini apararsa o zamankı təcrübədən hansı diqqətçəkən məsələlərin bu günə daşındığını söyləyə bilər?

 

“O vaxt əgər kimisə sıradan çıxarmaq istəsəydilər...”

 

- Əlbətdə, şərait hadisələri yetişdirir. O dövrdə millət hələ sərbəst toplaşmağın nə olduğunu təcürbədən keçirməmişdi. Millət “Azadlıq”, “Azərbaycanın müstəqilliyi” sözlərini kütləvi şəkildə islətmir və bütövlüyünü ağlına belə gətirmirdi. Bu proses qapalı surətdə aparılırdı və bu cərəyanda Azərbaycanın seçilən adamlarının - Nurəddin Rzayevin, Xudu Məmmədovun,  Oktay Eldəgizin, Tahir Bilaloğlu və sair şəxslərin adı çəkilirdi. Eləcə də, Söhrab Tahir, Balaş Azəroğlu, Məhəmmədhüseyn Şəhriyar, Bəxtiyar Vahabzadə, Məmməd Araz...

Onlar Azərbaycanın müstəqiliyi, Azərbaycanda azadlıq mübarizəsinin yetişməsi üçün müəyyən işlər gördülər. Bəxtiyar Vahabzadənin “Gülüstan” poeması mübarizə aparmaq üçün o dövrün gəncliyi üçün siyasi proqram oldu. “Gülüstan” bütün tələbələrin, gənclərin əllərində gəzən bir manafest idi. Elə bir sirri-xuda idi ki, hamı bir-birindən soruşurdu:- “Gülüstan” poemasını oxumusan? Eləcə də Şıxəli Qurbanov. Onun Azərbaycan xalqının, milli ənənələrinin qorunmasında böyük rolu var idi. Onun təkcə “Novruz”un dövlət bayramı kimi qeyd olunmasında gördüyü işlər xüsusilə təqdirə layiqdir. O dövrdə camaat Novruza elə yanaşırdılar ki, elə bil Azərbaycanın müstəqilliyni qeyd edirdilər. Yəni bu bayrama həsrət idilər... Şıxəli Qurbanovun ölümü də bir sirr kimi hamının beynində idi...

Mən 1969-73-ci ilə qədər Azərbaycan Dövlət Universitetinin tarix fakültəsini oxuyub qurtarmışam. 1974-cü ildə müəllimimizi - Elçibəyi tutdular. Məhkəmə prosesləri başladı və tələbələrin çoxu gedib prosesi izləyirdik. Bu başqa məsələdir... O dövrdə bütün tələbələrin beynində bir azadlıq ab-havası var idi. Bəlkə də bu çılğınlıqdan irəli gəlirdi. Hələ də əksəriyyətimiz başa düşə bilmirdik ki, bu azadlıq yolunda bizi nələr gözləyə bilər, biz itkilərə hazır deyildik. Bu yolu keçdikcə, başımıza gələn hadisələr bizi yondu, formalaşdırdı və  biz əmələ gəldik. Milli azadlıq hərəkatının nə oduğunu və necə əldə edildiyini başa düşdük.

 

- Nəsir bəy, siz müəyyən ziyalıların adını çəkdiniz hansı ki, tarixdə “91-lər” kimi qeyd olunurlar. Bunun ardınca da Elçibəyin həbsini xatırlatdınız. Əbülfəz Elçibəy adını çəkdiyiniz o ziyalılarla meydanda deyidi.

 

- Bəli, o vaxt  Elçibəy meydanda yox idi. O ziyalılar hələ 1960-cı ildən də qabaq meydanlarda mitinqlər edir, müstəqillik uğrunda mübarizə aparırdılar. Məsələ bu deyil…

Milli Azadlıq Hərəkatı zamanında Azərbaycanın üçrəngli bayrağını ilk dəfə qız qalasının üzərində yelləndirən Cahid Hilaloğlu idi. Bunu televiziya vasitəsilə bütün Azərbaycanda ani də olsa göstərdilər və onu tutdular, təzyiqlərə məruz qaldı. Bu gün isə millət onu yad etmir. Onun adı müəyyən yerlərdə qısa şəkildə keçir. Ancaq bunu yaddan çıxarmaq olmaz. Eləcə də Oktay Eldəgizin, Şıxəli Qurbanovun, Xudu Məmmədovun...

 

- Şıxali Qurbanovla bağlı hansı sirr var idi?

 

- Şıxəlinin ən yaxın dostu rəhmətlik Rizvan Naiboğlu mənə bir söhbət etmişdi. O, mənə Şıxəli Qurbanovun ölümündə bir müəmma olduğunu danışdı. Dedi ki, bunu öləndən sonra danışa bilərəm. Amma mən bu barədə bir sıra qəzetlərdə üstüörtülü məlumat verdim getdi. O vaxt əgər kimisə sıradan çıxarmaq istəsəydilər, onun nə vaxt müalicəyə gedəcəyini izləyirdilər. Bu proses Türkyədə də oldu, Adnan Menderesi elə məhv elədilər. Ondan sonra bu prosesi Teyyub Ərdoğan üçün apardılar. O da müalicəyə getməli idi, amma gecikdirdi, ora getmədi. Yəni tarixdə heç bir şey yenidən olmur, hər bir şey müxtəlif formalarda təkrar olunur. Ancaq gərək bundan nəticə çıxarasan. Vay o adamın halına ki, nəticə çıxarmır. Mən də milli azadlıq hərəkatının ilk illərində kütləvi tədbirlərdə çox həyəcanlar keçirmişəm. Bu qorxaqlıqdan yox, məsuliyyətdən irəli gəlirdi.

 

“Azərbaycanda bir siyasi doyumluluq yaranıb”

 

- Siz o vaxt harda çalışırdınız, işiniz nə idi?

 

- Ali məktəbi oxumuşdum, 55 nömrəli peşə məktəbində tarix, hüquqdan dərs deyirdim və 90-cı illədə əlilliyə çıxdım. Mən 1978-82-ci illərdə Dövlət Təhlükəsizlik Komitəsinə çox dindirilmişəm. Axırıncı dəfə məni Məmmədquliyev Mahmud, Heydər Əlirza oğlunun kürəkəni, Sevilin keçmiş həyat yoldaşı dindirib. Bu da 1982-ci il mayın ilk 10 günlüyünə təsadüf edib. O vaxt mən bu dindirmələri normal qarşılayırdım, çünki ona hazır idim. Yəni bu yola gedən bilməlidir ki, onu nə gözləyə bilər. Burda mənə Sədi Şirazinin əsərlərindən birində olan bir fikir kömək edib. O, beynimdə bir inam, bir işıq yandırıb, məni formalaşdırıb. Sədi Şirazi deyir ki, sənə demədimmi dəryaya çıxma, indi ki, çıxmısan, tufanlara hazır olmalısan...

O dövrdə mənim yanıma çox adamlar gəlib gedirdi. Çünki 1972-ci ildə əsasən Bakı kəndlərində, Saatlı, Sabirabad da daxil olmaqla bir təşkilat yaratmışdıq - Şimali Azərbaycan Demokratik Partiyası. Onun üstü 1981-ci ildə açıldı və sonra təqiblər, dindirmələr başladı. Bizim küçə düşdü nəzarətə. O dövrlərdə əhli-Buzovna qorxularından bizə salam vermirdilər. Çox əziyyət çəkirdik.

Amma hazırda Azərbaycanda bir siyasi doyumluluq yaranıb. Hamısı özünü lider kimi görür. Anlamırlar ki, lider olmaq üçün bütün kütlələrin psixologiyasını əhatə eləmək lazımdır. Yəni liderin xarizması hamı tərəfindən qəbul olunmalıdır.

Bir gün mötəbər məclislərin birində idim, orda Çöhrəqanlı da iştirak edirdi. Bizim dostlarımız məni ona təqdim etməmişdilər. Mən çıxış edəndə Çöhrəqanlı məni o vaxtki təhsil nazirindən soruşdu və sonra mənə dedi ki, sənin fikirlərin maraqlıdır. Və o anda Məştəğadan olan bir nəfər gənc qayıtdı ki, Nəsir bəy, siyasətçinin bir dənə sifəti olar. Mən güldüm, dedim o siyasətçi deyil, o despotdur. Siyasətçi xalqın bütün zümrələrinin sifətinə malik olmalıdır ki, hamını birləşdirsin.

 

- Nəsir bəy, dünənin bir çox ziyalıları millətin rifahı, dövlətin müstəqilliyi yolunda apardıqları mübarizədə müəyyən mənada öndə idilər. Bəs bu günün ziyalısı hansı yoldadır. Ziyalılarımız haqq sözü demək üçün birləşdirici qüvvə kimi önə çıxıb kütləni arxasınca apara bilirmi?

 

“O ziyalını tapmaq çox çətindir”

 

- Sözün tam mənasında qətiyyən apara bilmir. Bu da onunla bağlıdır ki, çox siyasi oyunlar oldu və bu oyunlar o qədər davam etdi ki, itirdik. Torpaqlarımız uğrunda mübarizədə şəhidlər verdik. Torpaqlarımızla birlikdə əxlaq, namus, ailə dəyərləri o qədər dağıntıya, təcavüzə məruz qaldı ki, inam sarsıldı. İnamı yenidən yaratmaq üçün isə o ziyalını tapmaq çox çətindir. Hansı ki, o ziyalının dövlət səviyyəsində nüfuzu olmalı, xalqın ona inamı olmalıdır. Həmin ziyalının imkanları elə olmalıdır ki, fərq qoymadan hamıya kömək edə bilsin. Bəlkə də ziyalı var, amma onun həyatını millətlə bölə bilməsi qeyri-mümkündür. O dövrdə isə o var idi. Mən şahidi olmuşam. Biz inandığımıza görə bu qədər əziyyətlərə sinə gərdik. İnanmasaydıq, biz də satqın, hiyləgər, fırıldaqçı, siyasi oyunbaz olardıq.

 

- Dediniz ki, ziyalını tapmaq lazımdır. “Tapmaq” sözünün arxasında çox şeylər gizlənir. Sual oluna bilər, bəyəm ziyalı itib ki, onu axtaraq. Axı ziyalı varsa… bunu siz deyin…

 

- Hər hansı bir şey çoxdan var, adam müəyyənləşdirəndə onu tapır. Sən əgər ona inanmırsansa, deməli tapmamısan. Onsuz da inam sonuncu ölür. Məşhur yunan filosofu var, o deyir ki, inam ziyanlı şeydir, çünki inama ümid bəsləyən adam həyatını gözləyərək başa çatdırır.

 

- Belə çıxır ki, o Allahına inanır və xoşbəxtliyinin Ondan gələcəyinə ümid edir?

 

- Bəli, Allaha. Bəli, deyir ki, Allah qoysa, Qarabağı azad edəcəyik, Allah qoysa oğlumun toyu olacaq… Bilirsiz, Allaha inanmaq yaxşıdır. Amma ailə, şəxsi məsələləri Allahla həll eləmək, ordunun taleyini Allaha tapşırmaq kimi yanaşmalar gülüncdür. Ordunun taleyi o zaman Allaha tapşırılmalıdır ki, o var və kəsərlidir, inamlıdır. İnamsız ordunun əlindəki avtomat taxta kimidir.

 

- Ziyalılarımzın sözünün kəsəri niyə yoxdur?

 

- Çünki üzü ailəsinin yanında qaradır. Müəyyən iqtisadi gərginlik və bundan da məharətlə istifdə edən məmurcuqlar var. Məmurcuqlar belə adamları əyməsələr, sındırmasalar rahat olmurlar. O dövrdə bu vasitələrlə Dövlət Təhlükəsizlik Komitəsi işləyirdi. O vaxt DTK-nin sədri var idi, Fərəməz Babayev Nəsir oğlu, anamın qohumu idi. Məni dindirirdi.

 

- Niyə dindirilirdiniz, sizdən nə istəyirdilər?

 

- Mən Azərbaycanın müstəqilliyini istəmişəm. Onun milli sərvətlərinin millətə məxsusluğunu, Azərbaycanın birliyini, ana dilinin dövlət dili kimi hər sahədə istifadə edilməsini və nəhayətdə milli kadrların dövlətdə 80 faiz təşkil etməsini irəli sürürdüm.

 

- O vaxt ermənilərin yüksək vəzifələrdən uzaqlaşdırılması məsələsi də var idi. 91-lərin etirazları ilə buna müəyyən mənada nail olunmuşdu.

 

“Müxalifətin Bakıdakı xarici səfirliklərin ziyarətinə getməsinə qarşı çıxmışam”

 

- Yox, çox az. Bu çox çətin idi. Çünki 1988-ci ilə qədər Dövlət Təhlükəsizlik Komitəsində kadr şöbəsinin rəisi erməni idi. Bakı boyda bir şəhərin abadlığı, kanalizasiya sistemi, planlaşdırılması belə ermənilərin əlində idi. Və bu xəstəlik bütün Azərbaycanın rayon və qəsəbələrində yayılmışdı. Çoxusu bunu görmürdü. O dövrdə Buzovna balaca bir qəsəbə idi, ermənilər bura silahlar gətirib gizlədirdilər.

 

- Dindirilmə zamanı sizə işgəncə verirdilər?

 

- Qışqırırdılar, mənəvi əziyyət verirdilər. Birinci istintaqım 8 saat çəkmişdi. Ondan sonra 257 manatlıq maaşım oldu 87 manat. Bu o deməkdir ki, ailə dağılmalıdır. Maliyyə çətinliyi yaradırdılar. Çətin idi. Bizim millətimizin əksəriyyəti siyasi mübarizəyə hazır deyil. Həbsxanaya baxanda adamların çoxunun tamaha, alçaqlığa, oğurluğa görə tutulduğunu görürsən, ancaq özünün milli azadlığına görə tutulanlar azdır.

 

- Sizin gördüyünüz siyasi fəallıq, siyasi baxış bu gün necədir?

 

- Siyasi fəallıq kortəbiidir. Siyasi baxışlar o qədər çoxalıb ki, hamısı bir yerdə bu cəmiyyət üçün ümidsizlik yaradıb. Vahid bir siyasi mövqe müəyyənləşməyib. Yəni xalqı birləşdirmək üçün ayrı-ayrılıqda özlərini dahi hesab edənlər və müxalifətçiliyi inhisarlaşdıranlar, eləcə də iqtidarı özəlləşdirib inhisara alanlar, milli mənafeyi nəzərə alsalar Azərbaycanda hər şey öz qaydasında olar.

 

- Belə fikirlər var ki, dediyiniz o inhisarçılar Qərbdən, Rusiyadan olan müəyyən güclərin təsiri ilə işləyirlər, sizin təhlillərinizə görə necədir?

 

- Mən həmişə Azərbaycan müxalifətinin Bakıda yerləşən xarici səfirliklərin ziyarətinə getməsinə qarşı çıxmışam. Eləcə də Böyük Britaniyanın Azərbaycanda yaratdığı AKSFAM Təşkilatına qarşıyam. Guya orada kasıblara, əlillərə yardım edirlər. Amma orada şərt qoyurlar ki, yardım etdikləri şəxslər başqa siyasi təşkilatlara qoşulmamalıdırlar. Bu, Böyük Britaniyanın maraqlarını güdərək, Azərbaycana məxsus olmayan təfəkkür formlaşdırır. Bu proses ind də gedir -iranlaşma, slavyanlaşma, qərbləşmə...

 

- Mənəvi dəyərlərə hansı zərbəni vurmuş oldular?

 

“Allahı tərgidiblər, mollalara ibadət edirlər”

 

- Azərbaycanda inam zəifləyir. Məscidlər çoxaldıqca dinə inam azaldı. İndi dinə cəmiyyətdə mövqe tutmaq üçün vasitə kimi baxırlar. 60-cı illərdə Bakı kəndlərində iki Məscid var idi. Biri Buzovnada Məşədi Qərib məscidi, biri də Məştəğada. Camaat namaz qılmağa oralara gedirdi. O biri Məscidləri bağlamışdılar, camaatı qoymurdular, nəzarətdə idilər. İndi Buzovada dörd Məscid var, amma ora gedən yoxdur.

Vaxtilə Hacı Zeynalabdin Tağıyev faytonla kəndləri gəzəndə yanındkı deyib ki, hacı, məscidləri artırmaq lazımdır. Bu da soruşub ki, burda neçə Məscid var, deyib 4 dənə. Deyib a kişi, sən təhsildən söhbət elə, mədəniyyət yaradaq, elm ocaqları yaradaq, məscid var da. Məscididn sayı çoxaldıqca bu millət parçalanır. Çünki bir qrup bir mollaya ibadət edir, bir başqa qrup digər mollalara. Allahı tərgidiblər, mollalara ibadət edirlər. İndi İranın dini xətti ilə Bakının bütün kəndlərini nəzarətə götürüblər. Bunlar da təhlükədir. Bunlar bizim mənəviyyatımızı parçalayırlar. Bu dövlətin zəifləməsi deməkdir. Dövlət o zaman sözünü deyir ki, o güclü olur. Bizim dövlətin güclü olması üçün hər şey var. O öz sərvətini əlindən verməklə vaxt itirir. Yəni neft, xəzərdəki nərə balıqlar və onun fəsilələri, qara kürü və sair. Bütün bunlar dövlətin xəzinəsidir. Bu sərvət beynəlxalq siyasətdə Azərbaycanın arxasında dayanmalıdır, Azərbaycanda villaların, sarayların tikilməsi üçün yox. Siyasi rəqabət dövlətin inkişafı ilə bağlı rəqabətə çevrilməlidir. Dövlətin bütün sərvətləri xalqın inamı ilə özünü ifadə etməlidir. Xalq inanmalıdır ki, bu sərvətləri dövlətə versə, onu ağ günə çıxaracaq, Qarabağı azad edəcək. Amma Qarabağın azadlığı bir problem kimi qalır. Artıq belə söhbətlər də gəzir ki, qarabağlılar öz yerlərinə getmək istəyəcək? İndi qayıtmaq üçün burda aldıqları evləri satmalıdırlar. Çoxusu evlərini arendaya verir, amma Bakı əhlinin əksəriyyəti kirayədə yaşayır.

 

- Nəsir bəy, vətəndaş olaraq hər bir kəsin evləri də ola bilər, bağları da, qoy çox olsun. Məncə problemin kökündə başqa məsələ dayanır, nədir o?

 

- Problemin kökündə o dayanır ki, Azərbaycanda demoqrafik siyasət düzgün qurulmur. Şəhərin qurulması, böyüməsi - Urbanizasiya siyasəti dügün aparılmır. Və yaxud təbii fəlakət, müharibə və digər təbii hadisələr nəticəsində əhalinin kütləvi şəkildə başqa yerlərə köçməsi prosesi nəzərə alınmayıb. Bakı əhli ilə qaçqınların arasında müəyyən münaqişələrin yaranması və toqquşması problemləri var. Dövlət buna hazır olmalıdır. Buna hazır olması üçün demoqrafik siyasəti bilməlidir. Pul qırxan məmurlardan uzaq omalıdır.

 

- Bir çox məmurlar az qala ölkədə problem daşıyıcıları kimi qeyd olunurlar. Cəmiyyətin problemlərini göstərən kəsim – vaxtilə müxalifət, ya da müxalifyönlü vətəndaşların özlərinə lider seçdikləri insanlar nə istəyirlər?

 

“Hakimiyyət uğrunda mübarizə aparan siyasi müxalifət formalaşırsa…”

 

- Onların istədiyi hakimiyyətdir. Mən də onu qəbul etmirəm. Millət hakimiyyətə gəlib-getmək məsələsi ilə yox, dövlətin güclənməsi məsələsini düşünməlidir. Əgər hakimiyyət uğrunda mübarizə aparan siyasi müxalifət formalaşırsa, vay bu millətin halına. Çünki hakimiyyətə gəlib-getmək millətin problemini həll etmək deyil. Gələn də keçmiş problemləri özü ilə daşıyacaq və deyəcək ki, məndən qabaqkı sizə qan uddurub və o da amansız vasitələrdən istifadə edəcək. Ona görə də deyirəm ki, cənab məmurlar, prezidenti xalq seçir. Məni “qaz, işıq yoxdur” problemləri maraqlandırmır. Mən milli dövlətin qurulması, bu və ya digər formada milli dövlətin adının yaşaması üçün hər şeyə dözmüşəm. Bundan sonra da çalışacam ki, Azərbaycanda milli dövləti itirməyək. Milli dövləti siyasi mübarizələrin fonunda itirmək olmaz. Ancaq dövlət orqanlarında çalışanlar dərk etməlidir ki, milli sərvət heç də onların atalarının deyil ki, saga-sola xərcləsinlər. O milli sərvət milli bayrağın dalğalanması üçündür. Adamlar var ki, milli bayrağa şəxsi gəliri kimi baxır, guya vətənini sevir.

 

- Təcrübəli bir siyasətçi kimi yəqin ki, hazırda siyasi partiya liderləri arasındakı münasibəti təhlil edirsiz. Nə baş verir?

 

- Müxalifət arasında bir-birinə qarşı qısqanclıq, mənəmlik, hamını sıradan çıxarıb liderlik missiyasını öz üzərinə götürmək savaşı gedir. Bu onların bədəninə düşən güvə kimidir, yun parçanı yeyən qurd olur ey, həmin güvə. Güvə balaca bir şeydir, ancaq yeyə-yeyə gedir. Bizim müxalifətin içərisindəki güvə, daxillərindəki mənəmlik, bunları elə yeyir ki, millətə gəlib çata bilmirlər. “Mənəm-mənəm, mən” iddiasından əl çəkmirlər.

 

- Xalq hərəkatı dövründə insanların inandığı, etibar etdiyi insanlar var idi. Gənclər o liderlərin az qala başlarına and içirdilər. Artıq elə bir zaman gəlib ki, inamla həmin siyasilər arasında bir qrmızı xətt yaranıb. Sizin də lider hesab etdiyiniz, potensialına inandığınız siyasətçilər olub təbi ki, o inandıqlarınız hardadır?

 

- Tahirə xanım, o liderlərin birinin adını çəkib başqalarının adını çəkməmək onların arasında növbəti bir rəqabəti yaradır. Mən ümumiyyətlə rəqabətin ancaq dövlətçilik əsasında formalaşmasını istərdim. Rəqabət dövlətin güclənməsi, milli sərvətlərimizin artırılmasına, millətin güzəranının yaxşılaşmasına, Azərbaycanın milli bazarının olmasına yönəlməlidir. Yəni bu gün Azərbaycan kənd təsərrüfatına olan ehtiyacını özü ödəməlidir. Bunu etməmək, Azərbaycanın müstəqilliyinə qarşı cinayətdir.

 

- Bildiyimə görə, vaxtilə siz Etibar Məmmədovu yaxşı siyasətçi kimi qəbul etmisiz?

 

- Bəli, Etiabar Məmmədov da universitetin tarix fakültəsini oxuyub qurtarıb. Bu kişinin müəyyən bir xüsusiyyəti var, bu, onun qətiyyətidir. Bütün adamlarda səhv olur, mən də onun içində. Amma onda olan qətiyyət bizim liderlərin bir çoxunda yoxdur. Hətta onun qətiyyətinə görə ona “adamda bu qədər iddia olar” sözlərini də deyirdilər.

 

- İndi hardadır o qətiyyət?

 

- Ona atılan şər kampaniyası dövlət səviyyəsində bir ideologiyaya çevrildi. Buna hər adam dözə bilməz axı. Milləti qalxanda burda yetişən, xalqı inandıran siyasətçilərin üzərinə hücum etdilər. Azərbaycanın milli mübarizəsinin, milli azadlığında xidməti olan adamların qiymətləndirilməsi bir yana qalsın, onların məhvi, alçaldılması, xalqın gözündən düşməsi bu günkü neytrallığı, biganəliyi və camaatın qorxaqlığını yaradıb.

 

- Sizin xüsusi münasibətiniz olan şəxsi misal çəkdim. Əslində bu sırada çoxlarının adını çəkmək olardı.

 

- Bəli. Amma bu gün də müstəqilliyimizi təhlükə altına salan məqamlar var, siyasət bitməyib.

 

- Bu siyasət daha çox bir-birini ittiham üzərində inkişaf edir. Bu siyasətlə hara gedirik?

 

- Biabırçılıqdır. Bu, cəmiyyətə ölümünü verir. İnamsızlıq, cəmiyyətə siyasətə qoşulmama hissini verir. Adamlar deyirlər ki, bunlara qulaq asmaqdansa, gedib zibil yığaram, çörəyimi zibilikdə axtarıb taparam. Artıq bu siyasət hamını bu vəziyyətə gətirib çıxarıb. Maraqlı bir məsələni yada salım: 1993-cü ildə Heydər Əlirza oğlu ilə olan görüşüm dostlarımın içərisində bir qısqanclıq yaratdı ki, gəl görəsən. Bunu mən bilərəkdən elədim. Bunu birinci dəfə sizə açıqlayıram. Mən bütün siyasi fəaliyyətimi Azərbaycanın tarixinə əsaslanaraq yaşamışam, siyasəti vəziyətə görə yox, tarixə görə müəyyənləşdirmişəm. Yəni siyasət tarixi əks etdirməlidir. Mövcud şəraitə uyğunlaşmaq siyasətçilik deyil, şəraitə uyğunlaşan buqələmunlar olacaq. Bunların elmi dildə də bir yaxşı adı var… Deməli, 93-cü ilin iyun ayı idi, o vaxt çox adamlarla söhbətlərim oldu. O dövrdə rəhmətlik, böyük ziyalımız Fəxrəddin Cavadov var idi, Neftçilər xəstəxanasının baş həkimi. Onun kökü Buzovnadandır, amma düşüncə tərzi bütün Azərbaycana aiddir.  Yəni ədalət prinsipinə söykənirdi. Ona görə də o mənə yaxın idi.  O dövürdə onun təhsil sahəsində olan fəaliyyətini müdafiə edirdim. Mən sanatoriyaların birində müalicə olunurdum. Özü də çox maraqlıdır ki, uşaq sanatoriyasında. O, bir gün Cəmil Əliyevi yanıma gətirdi. Mən bilmirdim bu kimdi, kimlərin qohumudur. Fəxrəddin dedi ki, Cəmil müəllim, de Nəsir müəllimə. O narahat halda dedi ki, mən onkologiya üçün aparaturalar almışam, cəbhə hakimiyyətə gəlib indi aparaturalar necə olacaq bilmirəm, ürəyim ağrıyır. Dedim elə cəbhənin ən böyük adamlarından biri mənəm get işlə, sən mütəxəssisən… Mən onu müdafiə etdim. Ona görə yox ha, kim idi, kimin qohumu idi. Məni onun mütəxəssis olmağı maraqlandırırdı.  Azərbaycanın milli kadırlarını siyasətə görə məhv etmək olmaz. Yəni 37-ci ili Azərbaycana gətirmək olmazdı. Sonralar Fəxrəddin Cavadov bir də gördüm Cəmil bəylə yenə yanıma gəldilər. Onda Gənclikdəki sanatoriyada qaldırdım. Dedilər vəziyyət gərgindir, dedim bilirəm, qalmışam belə mənədə inam yoxdur.

 

- İnandığınız cəbhənizə nə olmuşdu?

 

- Bəli, mənə sual verirdilər ki, ən çox ehtiyat etdiyiniz adamlar kimdir, dedim dostlarım. Dostlarım mənə xəynət etdi. Ətrafımda olub, sonra mənə xəyanət edən dostlarım. Mən isə insana pula görə qiymət verməmişəm. Ancaq düşüncəsinin qulu, milli sərvətin daşıyıcısı kimi fəaliyyət göstərmişəm.

 

- Nəsir müəllim, danışdıqlarınızdan da belə görünür ki, ən ağrılı problem cəbhədaşların, dostların bir-birinə xəyanətidir.

 

- Bəli. Dostların, hətta onların seçdiyi adamların, inandığı adamların hamısı bir-birinə xəyanətlə məşğul olurdular. Bu gün bu proses daha geniş formada görünür. Bu, liderlər arasında elə genişlənib ki, onlar daha bir-birini qəbul etmirlər. Kütlə də deyir ki, birləşsinlər. Birləşməyəcəklər. Onların birləşən halı yoxdur. Kütlənin birləşməsi üçün isə idelogiya olmalıdır. O vahid ideologiyanı ortaya qoymaq lazımdır. Bu ideologiya da milli dövlətçilik ideologiyasıdır. Milli sərvətin qorunması milli dövlətin yaşaması deməkdir.

 

- Baş verərsə, kimi öndə görürsüz, kim edəcək onu?

 

- Yekəbaşlıq eləmək istəmirəm, bu işdə mən saç ağartdım, ömür qoydum. Ailəmdən, övladlarımdan keçdim, nələrdən keçdim. Heyif… Yəni bu gün iqtidarda olanlar deyirlər ki, xalq hərəkatında olanların heç birinin burnu qanamayıb. Bunu mənim üçün deyə bilmirlər. Amma olduğu kimi də işlətmirlər. 20 Yanvarda 4 qardaşımı apardılar. Mən evdən sürgün olundum.  Rusiyadan gələn kəşfiyyatçılar Bakıda dəmir yollarında növbətçilər kimi işləyirdilər. Sonradan bildim ki, adamlardan məni soruşurlarmış.

 

- Bu millət polad kimi döyülüb, amma nədənsə bərkimir, niyə, tərkibində düzgün olmayan nə var?

 

- Bunun tərkibində milli sərvətin bölgüsündə millətin kənarda qalması dayanır. Yəni cəmiyyətdəki ayrıseçkiliyi qəbiristanlığa baxanda da hiss edirsən. Səhiyyədə, təhsildə insana qoyulan ayrıseçkiliklər parçalanmanın əsasıdır. Ən faciəlisi odur ki, Azərbaycanda iki dövlət fəaliyyət göstərir - biri Qaçqınkom, biri də prezident. Qaçqınkomun apardığı siyasət dövlətin apardığı siyasətin müəyyən tərkib hissəsi olsa da, ona köməkdən çox ziyan vurmaqla məşğuldur. O, büdcəni dağıtmaqla məşğuldur. Yəni tutaq ki, qaçqınların övladlarına güzəşt olunur ki, siz istənilən unversitetə pulluya düşə bilərsiz, komitə ödəyəcək. Amma bunu qaçmayan əhaliyə eləmir. Belə çıxır ki, pullu təhsil sistemində yerli əhalini təcrid edirlər. Bu belə görünür və bu da müəyyən ayrılığa səbəb olur. Yəni ayrılığı yaradan faktorları ortadan qaldırmaq lazımdır.

 

- Nəsir müəllim, Xalq hərəkatından sonra AMİP, AXCP, Müsavat Partiyası yarandı. Sonra bu partiyaların içərisindən çıxanlar partiyalar yaratdılar. Çox intellektli insanlar o qurumları tərk etdilər.

 

- Nəyə görə, çünki o partiyalar hakimiyyət mübarizəsinə başladılar. Ordan təfəkkür sahibləri, savadlı ziyalılar ona görə getdilər ki, orda bütövlük görmədilər, orda birlik görmədilər, orda millətin həmrəyliyinə gedən yolu görmədilər. Ona görə ordan incidilər. Elə biri mən özüm.

Mən Azərbaycan Xalq hərəkatında idim və Bakı kəndlərində ilk mitinqləri yaradan adam idim. Yəni Bakı kəndləri siyasi hadisələrdə iştirak etsə də, həmişə neytral olub. Mən nə etdim, rəqabət yaratdım. Buzovnada Cümə Məscidinin qarşısında mitinq təşkil elədik. O mitinqdə söhbət edəndə mənə bir kağız gəldi ki, Nəsir bəy, Buzovna 3 qat mühasirəyə alınıb, xəstəxananı boşaldıblar.

 

- Kim tərəfindən?

 

- Barannikov tərəfindən. Onda o, Azərbaycanda DİN-nin birinci müavini idi. Sonra Rusiyanın daxili işlər naziri oldu. Və Buzovnada stadiona daxili qoşunları yerləşdirmişdilər. Mən də mitinqi bazar günü düz 4 yolun keçdiyi yerdə təşkil etdirmişdim ki, hamının diqqətini çəkə bilək. Maşınlar hərəkət edə bilmirdi, əhali baxırdı. Yanımda sınanmış ziyalılardan biri var idi. Dedilər ki, Niyazi Nəcəfov gəlir. Demək birinci katib Niyazi Nəcəfov yaxınlaşıb mitinqin rəyasət heyətinə qalxdı, mənim yanımda olan dostum istədi ki, qalxıb yerini ona versin, əlimi uzatdım dedim ki, qalxıb yerini ona versən səninlə şəxsi münasibətləri kəsəcəm. Çünki orda yer vermək mitinqi satmağa bərabər idi.  Mən orda bizim polislərə müraciət elədim ki, bu günə qədər aldığınız mükafatlar, ulduzlar milli xəyanətə görə sizə verilib.  Mən istərdim ki, siz paqonlarınıza fəxrlə, şərəflə baxasınız. Və başınız o paqonları daşıdığına görə fəxr eləsin, xəcalət çəkməsin. Bu, onları psixoloji tərksilah elədi.

 

- Bakı Kəndlər Birliyi dediniz, sizin Vəhdət Partiyasının sədri Tahir Kərimli ilə sıx əməkdaşlığınız olub deyəsən.

 

- Yox. 1994-cü ilin fevral ayında mən Heydər Əlirzaoğlu ilə görüşəndən sonra bunlar dedi ki, bizə məlumat ver. Dedim a kişi, nə məlumat, kütlə öz liderinə inanmalıdır. Liderə inanmasa o təşkilat dağılmalıdır. Bu təşkilatın bazasını mən yaratdım. Bakı kəndlərini bir-bir gəzdim, bunları bir araya gətirdim. Türkan hara, Buzovna hara, Zirə hara, Türkan hara. Bunlar hamısı bir-biri ilə can deyib, can eşitdi. Bura Gəncəbasarı da qatırdıq. Gəncə Elsevərlər təşkilatı ilə müqaviləmiz var idi.  Sonra Qusar, Lənkəran, nəhayətdə qərbi azərbaycanlılarla əməkdaşlığımız var idi.

 

“Tahir Kərimli onları həzm elədi”

 

- Sizin bu partiya ilə əməkdaşlığınız var idi?

 

- Əməkdaşlığım AMİP-lə olub. Tahir Kərimli ilə mənim ömrü boyu əməkdaşlığım olmayıb.

 

- Amma Bakı Kəndlər Birliyi onların qərərgahında yerləşirdi.

 

- Bilirəm. Tahir Kərimli onları həzm elədi. Onun varidatını, onun mülkiyyətini həzm elədi. Birliyi sonra Hacı Cəbrayıl götürdü. Mən imtina elədim. Bu da apara bilmədi. Şükür Allaha ki, Birliyin nüfuzunu mənimsəyə bilmədilər.

 

- Hardadır indi bu təşkilat?

 

- Yoxdur. İndi camaatın vicdanındadır, namusundadır. Bir də az-çox ailə möhkəmliyindədir. Qalan yerdə yoxdur.

 

- İndiki vəziyyətə baxanda həmin o birliyin bərpasına ehtiyac duyursunuzmu?

 

- Çox böyük ehtiyac var. Çünki bu təşkilat Azərbaycan dövlətinin tərkib hissəsi idi və Azərbaycan dövlətinin formalaşmasına kömək edirdi. Pulla yox, əməli fəaliyyətlə. Biz Aydın Məmmədovun hüzürünə getməliydik, Şəkinin Kiş kəndinə, rəhmətlik Saleh kişinin evinə. Buzovnada bir hüzür yerində dedim ki, sabah Şəkiyə Kiş kəndinə yola düşürük.  Qayıtdılar ki, Nəsir bəy, bir az bunu tez deyəydin, axı yol uzaqdır hazır deyilik. Qayıtdım ki, Azadlığa gedən yol uzaqdır, yoxsa Şəkiyə? Hamısı mumladı. Dedim Azadlığa getmək isəyənlər Şəkiyə dünəndən getməli idi. Bunlar beyinlərində tərksilah olundu.

 

- Nəsir müəllim, dediniz ki, problemin kökündə parçalanma, milli məsələlərin yanında dayanmama daynır. Bəlkə də dayanılır, amma düzgün xətt yoxdur.

 

- Onlar bir dənə cümlə deməlidirlər. Azərbaycanın milli sərvətləri bərabər şəkildə millətə məxsusdur və biz hamımız bunun üçün çalışacağıq.

 

- Partiyalar var idi ki, çoxdan liderləri kənara çəkilib, Lalə Şövkət, Etibar Məmmədov, İsa Qəmbər, Elçibəy rəhmətə gedəndən sonra yaranan partiyaların liderləri.

 

- O partiyanı “zapçast” kimi sökdülər.

 

- Kənara çəkilən liderlərin getməsi məqbul idimi və bu gün yenidən bir araya gəlinmə nə dərəcədə lazımdır?

 

- Mən sizə bir söz deyim, bu partiyaların belə parçalanması, belə didilməsi şəraitə uyğun oldu. Elə şərait formalaşdı ki, istər dövlət, istər cəmiyyət səviyyəsində, istər bazar, istər xarici siyasət səviyyəsində partiyalar parçalandı. Bir araya gəlmələri üçün bunlara milli ideologiya lazımdır. O ideologiyanı daşıyan adam lazımdır. Amma gərək liderinin quyruğu olmasın. Vəzifədə olmamış adam olsun. Bunun üçün çalışmaq lazımdır.

 

- Xudu Məmmədov belə bir söz işlədib, istərdim siz də bunu eşidəsiz və fikrinizi deyəsiz. Deyir ki, dünyanın 7 möcüzəsi var, 8-ci möcüzəsi isə Azərbaycan xalqının özünə laqeydliyidir.

 

- Görün nə dahi insan olub. Sağ ol, Gülablı kəndi. Nəyə görə o sözü deyb. Çünki bu xalq gözləyir ki, problemini başqası həll eləsin. Yəni biz müstəqilliyimizi gözləmişik Rusiyadan, İrandan, Türkiyədən. Türkiyə bizim qardaşımız olsa da, millət öz müstəqilliyini özündə tapmalıdır, özündə görməlidir. Türkçülük bizim canımızdadır, qanımızdadır. O zaman məhv oldu ki, bizim millətimiz türk olsa da, azərbaycanlı yazıldı. Azərbaycan yerin adıdır. 37-ci ildə türklərlə farslar yola getmirdilər. Bunun qarşısını alıb dedilər ki, baba, biz iranlıyıq. Və İran altında bunlar birləşdilər. Sonra SSRİ xalqları adı altında 15 respublikanı birləşdirdilər. İndi burda Azərbaycan torpağın adıdır, milləti isə türkdür. Bunu dəlilər də bilir.

 

- İndi də rus dili məktəblərinin açılması müzakirə olunur. Belə narahatlıq var ki, millət başqa dillərdə oxuduqca özünün probleminə biganələşir. Bununla bağlı fikriniz nədir?

 

- Bu, Azərbaycanda siyasi satqınların sayını artırmaqdır. Çünki insan yeni dillə bərabər formalaşanda adı Məmməd olsa da, ona nəsə desən rusca oxuduğuna görə, onu rus dilinə tərcümə edib başa düşəcək və rus təfəkkürü ilə danışacaq. Bu bizə xəyanətdir, bu, 20 Yanvar şəhidlərinə xəyanətdir. Bəzən Rusiyadan gələn siyasətçilərə aparıb xiyabanı göstərirlər. Mənə ləzət edir: baxın görün nə etmisiz, kimsiz?! Rusiyada öz siyasətini yeridir, onun üçün maraqlı deyil millət necə qırılır və öz siyasətində davamlıdır.

 

“Müxalifətli-iqtidarlı Qarabağ məsələsində birləşmirlərsə…”

 

 

- Nəsir bəy, bilirsiz ki, hazırda Qarabağ Komitəsi yaradılıb və bu komitə Qarabağ mitinqləri təşkil edir. Mitinqlərin biri 29 sentyabrda oldu, o mitinqdən sonra müəyyən kəsim iqtidar və müxalifətdə olan müəyən partiyalar dedilər ki, bu mitinq lazım deyil. Amma yeni bir mitinq 24 noyabra təyin olunub. İcazə verilməsə də, müxalifətin heç olmasa bu məsələdə birləşməsinə ehtiyac varmı?

 

- Böyük ehtiyac var. Əgər müxalifətli-iqtidarlı Qarabağ məsələsində birləşmirlərsə, bu dövlətin gələcəyi olmayacaq. Bu tarixi bir sınaqdır. Ondan şərəflə keçmək lazımdır. Yəni o mitinqdən siyasi məqsədlər üçün istifadə etmək olmaz. “İstefa”, “hakimiyyət dəyişkliyi” - bunlar yaramaz. Millət Qarabağın azadlığına köklənməlidir və dövlətə də müraciət olunmalıdır. Biz itirdiklərimizi vahid dövlət ətrafında və mərkəziyyətçi təkliflərlə çıxış etməklə bərpa etməliyik.

 

Tahirə Qafarlı
Versus.Az

Xəbər lenti

InvestAZ

Ən çox oxunan xəbərlər

“İsgəndər Həmidov onları oğlunun toyuna çağırmır...”

“O, hər zaman bizim qəlbimizdə yaşayacaq”

Məhluqə Rəhimova yenidən ƏQC-nin sədri seçildi

Bu müəllimi 400 nəfərin arasından seçdilər - VİDEO

“Müxalifətin zirvə görüşü zəruridir”

“Bu “zirvə” real olmayan bir zarafat kimidir”

Qızlarınıza GÜCLÜ QADIN olmağı öyrədin - HƏYAT HEKAYƏSİ

Bağışlanmaz səhvlərə imza atanlar

Ümummilli lider Xanqaraqoyunlu məktəbində də anılıb

Xırdalan məktəbində “100 ilin rəngi”

Sayğacın pulu ödənilib, amma sayğacdan xəbər yoxdur - VİDEO

“Bu partiyalar arasında bir-birini qəbul etməyən siyasətçilər çoxdur”

Masallının Sığıncaq kəndində yanan evdən xəbər var

Laçınlı döyüşçülər Heydər Əliyevin məzarını ziyarət ediblər

XXI əsrin yeni “QAYNANA”sı nələr edəcək?