“Parlamentə hakimiyyət daxilindən yeni simalar gələcək” - MÜSAHİBƏ

14:31 06-11-2018 | icon 70 | Siyasət
“Parlamentə hakimiyyət daxilindən yeni simalar gələcək” - MÜSAHİBƏ

 

Fuad Əliyev: “Cəmiyyətin bir üzvü kimi birinci özündən başlamalı, özünü sağaltmalısan”

 

 

Azərbaycan Liberal Demokrat Partiyasının (ALDP) sədri Fuad Əliyevin Versus.Az-a müsahibəsi

 

- Fuad bəy, vaxt vardı insanlarımız yaxşı qazanc dalınca Rusiyaya üz tutardılar. Əsasən də alver, biznes adamları. Bu gedişlərin bir dönüşü də olurdu. Bu gün də gedənlər var, ancaq fərqli ölkələrə və geri dönüşləri də sual altındadır. Nə baş verir?

 

“Bugünkü iqtidarın yarıtmazlığı ölkədə işsizliyə səbəb olub”

 

- Əldə edilən statistik məlumata görə, 3 milyona yaxın insanımız çörəkpulu üçün Rusiyaya işləməyə gedib. Hökumət isə 9 min insanın getdiyini deyir. Bu, Azərbaycan üçün böyük bir itkidir. Gedənlər 20-45 yaş arasındadır. Halbu ki, onlar Azərbaycanda qalıb işləməklə öz ailələrini saxlaya bilərdilər. Faktiki olaraq, bugünkü iqtidarın yarıtmazlığı ölkədə işsizliyə səbəb olub. Belə çıxışlar edirlər ki, guya xeyli iş yerləri açılıb. Fakt ibudur ki, işsizlik baş alıb gedir. Bu gün insanlar müəyyən yerlərdə yolun kənarında dayanıb, iş təklifi gözləyirlər.

 

- “Qul bazarı” deyirdilər.

 

- Bu sözü işlətməklə onları aşağılamaq istəmirəm, çox üzücü bir görüntüdür. Bu gün Avropaya bir axın müşahidə olunmaqdadır. Bəziləri sığınacaq məqsədilə, bəziləri də güzəranının ağırlığı səbəbindən ailəvi şəkildə ölkəni tərk edir. Bayaqdan insanlarımız Rusiyaya gedib işləyib qayıdırdısa, hardasa 5-6 il olar ki, artıq ailəlikcə çıxıb gedirlər. Gedənlərin əksəriyyəti savadlı, ixtisaslı peşəkar insanlardır. Onlar övladlarını da orada böyüdəcəklər. O uşaqlar artıq Avropa təhsili alacaqlar və bu da  Azərbaycana dönüşün olmayacağından xəbər verir. Bu, Azərbaycan üçün böyük zərbədir. Hesab edirəm ki, ora gedənlər Azərbaycanda qalıb bacarıqlarını, savadlarını ölkəmiz üçün sərf etsəydilər, bu, bizim xeyrimizə olardı. Təəssüflər olsun ki, Avropaya gedib yaşadıqları ölkəyə xeyir verəcəklər. Yəni bu baxımdan da uduzuruq.

 

- Bunun qarşısının alınması mümkün deyil?

 

- Hər şey təhsildən başlayır. Təhsil sistemini dəyişmək lazımdır. Bu sistemdə çalışanlara yükşək maaş verilməlidir ki, bütün güclərini öz işlərinə versinlər. Daha az maaş aldıqları üçün dərsdən sonra hansısa mərkəzlərdə yüksək maaşa əlavə dərs keçməsinlər.

Eyni zamanda səhiyyə sistemi dəyişməlidir. Həkimlərin də maaşları yüksək olmalıdır ki, o Hippokrat andını yüksək tutsunlar, əlavə pul qazanmaq üçün başqa yollara əl atmasınlar.

Amma bizdə sosial problemlər, maaşın az olması ona gətirib şıxarır ki, müəllim də, həkim də dilənçi kimi vətəndaşlardan pul istəyirlər.

 

- Bu gün insanlarımız müalicə üçün xaricə üz tuturlar. Siz düşünürsüz ki, maaşın çox olması həkimin savadını artıracaq?

 

- Ona görə də deyirəm ki, öncə təhsil. Bakı Tibb Universitetinə savadlı müəllimlər gəlməlidir. Amma nə baş verir? Universitetə pulla daxil olurlar, oxuyanda pul verirlər və sair. Bunlar hamısı faktdır. Sözsüz ki, oxuyan tələbələr də var. Amma oxumur, fikirləşir ki, onsuz da bu sessiyada pul verəcək. İmtahanlar da onun kimi. Beləcə, təhsili başa vururlar. Və artıq savadsız müəllimlər ordusu yaranır ki, onlar da bizim övladlarımıza dərs deyirlər. Getdikcə də sayları artacaq. Ona görə də qeyd etdiyimiz xaricə axın davam edəcək, savadlılar ölkədən çıxıb gedəcəklər. Bu, yaxın 20 il ərzində Azərbaycana böyük zərbə olacaq. Böyük savadsızlar ordusu yaranır və bu da bu hakimiyyətin hələ uzun illər boyu qalmasının bünövrəsini qoyacaq. Çünki savadsız insanları idarə etmək daha asandır.

 

- Fuad bəy, bir neçə müxalifət lideri ilə söhbətimiz zamanı belə bir fikir işlədiblər ki, cəmiyyətimiz xəstədir, cəmiyyət sağalmalıdır ki, nəsə etmək mümkün olsun. Maraqlıdır, bu fikrin sahibləri özləri sağlamdılarmı?

 

- Siyasətçilər elə bu cəmiyyətin içindən çıxıb. Kiməsə sağlam, kiməsə xəstə demək düz deyil axı. Cəmiyyət xəstədirsə, sən özün də xəstəsən. Hər kəs cəmiyyətin bir üzvü kimi birinci özündən başlamalı, özünü sağaltmalıdır. Kimisə tənqid etməzdən qabaq birinci özünü tənqid etməlisən. Ümumiyyətlə vətəndaş olaraq hər kəs birinci özünütərbiyədən başlamalıdır. Bu zaman cəmiyyət öz-özünə sağalmağa başlayacaq. Yəni cəmiyyəti kiminsə resepti ilə sağaldan deyil.

 

“Oturub gözləyir ki, görsün ona nə göstəriş verirlər”

 

- Cəmiyyətdə insanların öz yerini tutması və pillə-pillə inkişaf etməsi üçün “sosial liftin” işləmə mexanizmi necədir?

 

- Bizdə “sosial lift” işləmir. Vaxtilə sovetlər ittifaqında Kommunist Partiyası, Pioner, Komsomol təşkilatları var idi və burda dövləti idarə etmək üçün insanları yetişdirirdilər. Bu gün bu yoxdur. Əksinə, 2002-ci ildə proporsional seçki sistemi ləğv olunandan sonra ümumiyyətlə partiyaların funksiyası da itdi. Ondan qabaq partiya daxilində idarəçiliyin üsullarını öyrənirdik və rəqabət də var idi. Özünü sədr müavini görmək istəyən hər kəs öz üzərində işləyirdi. Çalışırdı ki, həm savadını, başqa biliklərini artırsın. Amma indi bunlar lazım gəlmir. İndiki hakimiyyət belə bir üsulla idarə edir ki, ancaq müəyyən qruplara yaxın olmalısan, vacib deyil, sən bu peşənin mütəxəsisən yoxsa yox. Tamam başqa bir sahənin adamını gətirib aid olmadığı sahə üzrə nazir qoyurlar. Bu səbələrdən heç bir sahədə işlər yolunda deyil.

Yenə məsələni təhsilin üzərinə gətirirəm. Təhsil sietemində uyğun olmayan adam oturub gözləyir ki, görsün ona nə göstəriş verirlər.

 

- Rusiyada bir az fərqlidir.

 

- Rusiya da da eyni vəziyyətdir. Görüntü yarana bilər ki, orda demokratiyadır. Sözsüz ki, orda da indiki vəziyyət keçmiş SSRİ ilə müqayisədə fərqlidir. Amma ən azından heç olmasa görüntü yarada bilirlər ki, burda akademiklər, professorlar, ictimaiyyət toplanıb bir məsələni qaldırır, müzakirə edirlər. Götürək pensiya məsələsini. Onlarda pensiya yaşını qaldırmaq istədilər 65-ə, Rusiya ayağa qalxdı, müzakirələr edildi, Putin dedi ki, hə, olsun 62 yaş. Əslində bunun hamısı əvvəlcədən təşkil olunmuşdu və guya etirazlar nəzərə alındığı üçün yaş həddi azaldıldı.

Bizdə isə nə müzakirə edilir, nə etirazlar televiziyalar vasitəsilə işıqlandırılır, sanki belə də olmalıdır. Brda nə demokratiya, nə monarxiya, nə də diktatura qanunları işləmir.

 

- “sosial lifti” hansı yolla  təmir etmək olar ki, işlək hala gəlsin? Siyasətçilər əsasən demokratik seçkini önə çəkirlər, deyək ki, buna da hələ ki, çata bilmirik. Onda hansı yollara əl atılmalıdır. Bu günün tələbi nədir?

 

- Təbii ki, birinci növbədə demokratik seçkilər yolu ilə. Amma az öncə qeyd etdiyim kimi, proporsional seçki sistemi ləğv olunandan sonra partiyaların əhəmiyyəti cəmiyyətdə hələ ki, itib. Buna baxmayaraq əsas işimiz insanlar arasında maarifləndirmə işlərini gücləndirməkdir, Vətəndaş bilməlidir ki, o,  mütləq gedib seçkidə iştirak etməlidir. Məntəqədə tutaq ki, 1500-1700 seçici var, bunun hamısı gedib səs versəvə orda hakimiyyət əlavə 1-2 bülleten atsa bunun nəticələr ləğv olunur. Axı vətəndaşlarımız seçkiyə getmir. Hakimiyyət müəllimləri məcbur edir ki, bir-bir zəng edib valideynləri çağırsınlar ki, mütləq gəlin seçkidə iştirak edin. Yaxud, əziz müəllim, çox da sənə deyirlər ki, filankəsə səs ver, sən get içəridə ona yox, öz istədiyinə səs ver də.

 

- Real Partiyasının rəhbərliyi belə bir təklifdə bulunub ki, hansı partiya bizimlə əməkdaşlıq qurmaq istəyindədirsə, müraciət edə bilərlər, qapımız açıqdır. Təkliflə bağlı fikriniz varmı?

 

- Onlara uğurlar arzlayırıq. Bizim də qapımız hər kəsə açıqdır. Kim müraciət etsə, əməkdaşlığa hazırıq. Əsas odur niyyət olsun.

 

 

 

- AXCP sədri Razi Nurullayevlə əməkdaşlıq söhbətiniz olmuşdu, qüvvədədir?

 

- Bəli, görşümüz oldu. Əməkdaşlıq formalarını müzakirə etdik. Hesab edirəm ki, müəyyən məsələlərdə biz Razi bəylə əməkdaşlıq edə bilərdik. Xüsusən də Dağlıq Qarabağ məsələsində. Qarabağ Komitəsinin mitinqində onların da dəstəyi olub. Fikrimcə, Qarabağ məsələsində ümumiyyətlə bütün partiyalar dəstək verməli idilər. Təəssüflər olsun ki, bu baş vermədi, yenə də durub kənardan izlədilər. Hesab edirəm ki, onların kənarda qalmağı bizim bu işimizə mənfi təsir etmir, əksinə özlərinə mənfidir.

 

- Belə fikirlər var ki, parlamentdə yeniləşmə labüddür. Bunu iqtidardaxili gərginliklərin olması ilə əlaqələndirirlər. Qərbin iqtidara təsirləri qeyd edilir. Qərbin təsirləri, iqtidardaxili münasibətlər parlamentdə o deyilən yeniləşməni doğura bilərmi?

 

- Parlament sözssüz ki, yeniləşəcək, yeni simalar olacaq. Amma müxalifət olmayacaq orda. Hakimiyyət daxilindən yeni simalar gələcək. Necə ki, 80 yaşında baş nazir 72 yaşlı baş nazirlə əvəzləndi, yəni “cavan” baş nazir oldu artıq, eləcə də parlamentdə də bu yaş fərqiylə də olsa “cavanlaşma” olacaq. Hər bir halda fərqi yoxdur, sistem dəyişməsə, iqtidarın özünün müxalifətə, cəmiyyətə münasibəti dəyişməsə, parlamentdə kimin olmasından asılı olmayaraq dəyişiklik olmayacaq.

 

- Hazırki dönəmdə Qərbin, eləcə də Ruasiyanın təsirlərindən danışılır. Situasiyanı təhlil etsək, Azərbaycan hansının yanında dayanmalıdır?

 

- Onsuz da burda Qərbin təsiri var. Tutaq ki, NATO-ya üzv olmasaq da, həmin qurumda müşahidəçi kimi iştirak edirik. Digər tərəfdən, burda Qərbin ən böyük şirkəti olan “BP”-nin də təsiri var. Azərbaycan “Rusiya, yoxsa Qərb” seçimi qarşısında qalıb. Hesab edirəm ki, ölkəmiz hər iki tərəflə əməkdaşlıq edir və hər iki tərəfin də qəzəbini üzərinə götürür. Eyni zamanda inanmıram ki, Qərb Azərbaycanın seçim etməsiylə bağlı ona təzyiq göstərsin. Çünki burda Qərbin bütün maraqları təmin olunur. Bu barədə bir dəfə də demişəm - Avropa Birliyinin deputatı ilə söhbətim zamanı o, hələ ki, Avropanın marağında olmadığımızı demişdi. Yəni onları Rusiya kimi nəhəng dövləti “ram” etmək məqsədi düşündürür. Yalnız bundan sonra onlar Azərbaycana demokratiyanı gətirməyi düşnürlər. Ona görə də düşünmürəm ki, Qərb tərəfindən hansısa təzyiq olunsun və demokratik seçki keçirmək tələbi qoyulsun. Ümumiyətlə, Azərbaycanın hansı coğrafiyada yerləşməsi də nəzərə alınmalıdır. Təbi ki, Azərbaycan balaca bir dövlət olsa da, böyük dövlətlərin burada öz maraqları var. Məsələylə bağlı prezident seçkiləri ilə bağlı proqram da irəli sürmüşdük. Məncə bu məsələdə “Şvessariya sistemi” üzərində dayanılmalıdır. Yəni ki, burda heç bir hərbi baza olunmur və böyük dövlətlərin burdakı maraqları təmin olunmur. Təbii ki, bu sistem Qarabağ münaqişəsi həll olunandan sonra və məcburu köçkünlər öz yurd-yuvalarına döndükdən sonra gerçəkləşdirilə bilər.

 

- Sanki dediyiniz sistemin bizim coğrafiyada gerçəkləşməsi real görünmür.

 

- Niyə də olmasın? Aprel döyüşləri gösərdi ki, istədiyimiz zaman məqsədimizə çata bilərik. Yaxud, danışıqlar ərəfəsində 7 rayonun qaytarılması məsələsində erməni cəmiyyəti Paşinyana təsir etdi və o, geriya addım atdı. Ermənistan cəmiyəti birləşərək necə ki, bundan qabaq Petrosyana, Köçəryana təsir edərək geriyə addıma məcbur etmişdilər, bu yenə  təkrarlandı. Hazırda da Ermənistanda başlayan bu qarşılıqdan istifadə edərək bizim hakimiyyət çox şey edə bilər.

 

- Fuad bəy, parlamentdə müxalifət var?

 

- Mən yenə də deyirəm ki, hakimiyyətdə birpartiyalılıq sistem var. YAP-ın içində başqa bir partiya yoxdur ki, idarəçi orqanlarda yerləri bölsünlər. Bu da onu göstərir ki, bir iqtidar partiyası var, bir də müxlifət partiyası. Onu da deyim ki, “iqtidaryönlü”, “müxalifətyönlü” partiyalar termini yalnız Azərbaycandadır. Bütün hallarda iqtidaryönlü partiya varsa, o da onun komandasına daxil olmalıdır. Ana Vətən və başqalarını misal çəkə bilərəm. Amma tutaq ki, Ana Vətən Partiyasından olanlardan nə Nazirlər Kabinetində, nə də Prezident Aparatında yoxdu. Parlamentdəki müxalifət partiyaları dövlət strukturlarında təmsil olunmadıqca, biz onlara iqtidaryönlü partiya deyirik. Bütün hallarda isə əsas odur ki, parlamentdə hansı məsələlər qaldırılır. İqtidar da olsan, müxalifət də olsan əhalini narahat edən problemləri müzakirəyə çıxarmalısan. Bu istiqamətdə problemlərin parlamentdə qabardılması baxımından daha aktiv partiya kimi BAXCP-nin adını çəkə bilərəm. Qüdrət Həsənquliyev öz çıxışlarında problemləri qaldırır.

 

Arzu Zeynallı
Versus.Az

Xəbər lenti

InvestAZ

Ən çox oxunan xəbərlər

Bakıda möhtəşəm Şimali Kipr günü

Millət vəkili İstanbulda "Ailə, dövlət və toplum"dan danışıb

Millət vəkili büdcə müzakirələri zamanı seçicilərin bir sıra problemlərini qaldırıb

Şanlıurfada Azərbaycan Bulvarı açılacaq

Görmə imkanları məhdud gənclərin "Könül dünyası" gecəsində

AXC-nin və Türk Qafqaz İslam Ordusunun Azərbaycana yardıma gəlməsinin 100-cü ildönümündə - KONFRANS

"Sizin uğurunuza bütün cəmiyyətimiz sevinir"

“Gərək Nəsir bəy bu məsələdə məndən inciməsin”

Araşdırmaçı-yazar Sara Pourun iştirakı ilə "Uğurun açarı - Özgüvən"

“Mənə “müxalifət” deyilməsini qəbul eləmirəm” - MÜSAHİBƏ

17 noyabır bizə nə verdi?

Şimali Kipr Türk Cümhuriyyətinin 35-ci ildönümü Bakıda qeyd olundu

“İndi özünü meydan lideri sayan çoxdur, amma faktiki olaraq biz iki nəfər idik”

Müasir telemekanın mövzu özəlliyi: Gender aktuallığı

Bütün növ pensiyalar artırılacaq