“Qurbanxana” replikasında duyulan Qarabağnamə Pənah Hüseynin təqdimatında - LAYİHƏ

21:59 06-11-2018 | icon 135 | Layihə
“Qurbanxana” replikasında duyulan Qarabağnamə Pənah Hüseynin təqdimatında - LAYİHƏ

 

QƏZAN MÜBARƏK

 

 

I HİSSƏ

Pənah Hüseyn: “Zərdüşt Əlizadənin cürəti çatırsa gəlib mənimlə debata çıxsın”

 

 

((Layihənin bundan öncəki DÖYÜŞÇÜlərinin linkləri - Vətəndaş Həmrəyliyi Partiyasının sədri Sabir Rüstəmxanlı, Arif Paşa 1-ci və 2-ci, Zərdüşt Əlizadə - 1-ci və 2-ci, Sərdar Cəlaloğlu 1-ci, 2-ci, Rəhim Qazıyev 1-ci, 2-ci, 3-cü)

 

Bu gün Azərbaycanda bir mənəm-mənəmlik duyğusu hökm sürməkdədir: istər iqtidarda olsun, istərsə də müxalifətdə, istər cəmiyyətin sıravi üzvləri arasında olsun, istərsə də bildiyini deməyən, yaxud dediyini bilməyən elit təbəqədə.

 

“SSRİ-də baş verənlər Kommunist Partiyasının başladığı proses idi”

 

Bu gün Azərbaycanda hakimiyyət hərisliyi var: istər iqtidarda olsun, istərsə də müxalifətdə - sadə elektorat da  bunların qurbanı. Bu gün Azərbaycanda hər iki düşərgədə hər şeyə sahiblənmək həvəsi var – istər uydurduqları mifdə, istərsə də real həyatda...

Günümüzün mifləri və günümüzün həqiqətləri müsahiblərimizin dilləriylə anlatılsa da, bu konuda bizim də razılaşmadığımız məqamlar yetərincə olur.  Dil altında gizlənən “mən”in bəyanı, yalanlara həqiqət, həqiqətlərə yalan donu geyindirilməsinin gerçək üzünün təqdimatı baxımından müsahiblərimizin düşündükləri onların söz haqqı, cavab haqqı olduğu kimi, bizim də onlara meydan verməyimiz peşə borcumuzdur.

 

“Versus.az” alternativ olan və olmayan fikirlərin qovşağıdır. Yetər ki, hər kəs öz fikrinə sahib çıxsın və müsahiblərin söylədikləri “versus.az”ın mövqeyi kimi dəyərləndirilməsin. Bu Söz Meydadnında istər döyüşsünlər, istərsə də fərarilik etsinlər – hər iki hal bir tarixdir. Onların dili və əməlləriylə ən yeni tariximiz yazılır...

 

Beləliklə “versus.az”da ən yeni tariximizin görünən səhnəsində  Yer Adamlarından olan bir zamanlar AXC-Müsavat hakimiyyətinin baş naziri olmuş, sonradan Azərbaycan Xalq Partiyasını yaradan PƏNAH HÜSEYNİN hansı manerada olması öz dilinin altında gizlənən “mən”ini bəyan edəndən sonra bilinəcək...

 

“QƏZAN MÜBARƏK” sözünün özüylə belə razılaşmayan PƏNAH HÜSEYN, buyurun, “versus.az”dakı Cəng Meydanına... 

 

 “Azərbaycan çox ciddi ictimai, siyasi, mənəvi dəyişikliklər ərəfəsindədir”

 

- Bu gün Azərbaycanın siyasi palitrasında gözəllik mücəssəməsi kimi təqdim olunan kifayət qədər qozbel Mediçilərimiz var. Siyasətimizin Mikelancelolarının belə təqdimatıyla bağlı bir zamanlar ölkə siyasətini yönləndirənlərdən biri olan Pənah Hüseynin qənaəti necədir?

 

- Son dövrlərdə bizdə peşəkar siyasət olduqca zəifləyib. Mən heç zaman Azərbaycan siyasətini yönləndirmək iddiasında olmamışam, ancaq Azərbaycan siyasətini yönləndirən şəxsin yanında olmuşam. Mənim siyasi karyeram ərzində belə bir adam da rəhmətlik Əbülfəz Elçibəy olub. Biz də Əbülfəz Elçibəyin müəyyən elədiyi istər strateji hədəflərin, istərsə də taktiki gedişlərin icraçıları olmuşuq. Və bu da bizim üçün çox böyük şərəf, çox böyük işdir. 4 iyundan sonra Heydər Əliyevin hakimiyyətə gəlməsi, bundan sonra baş verən proseslər ölkədə müəyyən bir üsul-idarənin formalaşması, buna uyğun sosial-psixoloji ovqatın mövcudluğu artıq öz dövrünü başa vurub. Azərbaycan çox ciddi yeni ictimai, siyasi, mənəvi dəyişiklklər ərəfəsindədir.

 

- Bu gün Qarabağ problemiylə bağlı taxta tribunalar üzərindən haray qoparan siyasi partiya liderlərindən biri də sizsiniz. Bu problemin başlandığı 88-ci ildə siz hansı siyasi təşkilatın, hansı ədəbi birliyin üzvü idiniz?

 

- Bəri başdan deyim ki, sizin bədii boyalar üzərindən təqdim etmək istədiyiniz bugünkü mübarizəmi mən  Qarabağ Komitəsi çərçivəsində həyata keçirirəm. Qarabağ Komitəsi bu ilin iyul avqust aylarında həm siyasi partiya liderlərinin, həm qeyri hökumət təşkilatlarının, həm də bir sıra ictimai təşkilatların, nüfuzlu şəxslərin iştirakıyla formalaşıb. Təbii ki, Xalq Partiyasının da əsas fəaliyyət sahələrindən biri Azərbaycanın işğal olunmuş torpaqlarının azad edilməsi uğrunda işə kömək eləməkdən ibarətdir. Biz çalışırıq ki, bu məsələni maksimum səviyyədə siyasətdən kənar tutaq. Məsələləri daxil siyasi ziddiyyətlərin və daxili siyasi mübarizənin fövqündə qoyaq, daha çox bu məsələdə milli həmrəyliyə və əməkdaşlığa nail olaq. O ki, qaldı sualın başqa bir məqamına, mən hələ yeniyetmə dövrümdən özümün zehniyyətimə görə fanatik  marksist-leninçi, ateist, davakar olmuşam. İndi hər kəs elə danışır ki, guya bunlar lap anadangəlmə demokrat doğulublar, hamı totalitarizmə qarşı mübarizə aparıb. O zaman həqiqətən bir nəsil var idi ki, doğrudan da marksist-leninçi ideologiyaya inanırdı...

“ABŞ imperializminə qarşı müharibədə iştirak etmək üçün məktub yazmışdım”

 

 

 

- O cümlədən, o zamankı Pənah Hüseynov da..

 

- Bəli, mən o zaman 1974-cü ildə Vyetnamda ABŞ imperializminə qarşı müharibədə iştirak etmək üçün komsomolun mərkəzi komitəsinə məktub yazmışdım. Təbii ki, bu, yeniyetmə uşaq fantaziyaları kimi də görünə bilər. Universitet illərində biz də gizli bir təşkilat yaratmışdıq...

 

- Hansı təşkilat idi bu?

 

“Qapalı sənədlərlə tanış olmaq imkanı əldə etdim”

 

- APİ-nin o zamankı tarix fakültəsinin uşaqlarıyla birgə yaratmışdıq bunu. Amma biz kommunizmə və sovet quruluşuna qarşı deyil, o vaxtkı rəhbərliyə qarşı çıxmaq məqsədilə təşkilatlanırdıq. Bizimlə məşğul olsalar da, həbs olunan olmadı. Təşkilatın adı “Rüşvətxorluğa Qarşı Mübarizə İttifaqı” idi.Sonra mənim diplom işim “İslam sosializmi nəzəriyyələri” idi. Qədim Mustafayev mənim rəhbərim, bu Rəbiyyət Asalanova da gənc müəllim olaraq alim opponentim idi. O vaxt bu diplom işi üzərində işləyərkən klassiklərlə yanaşı Əlibəy Hüseynzadə, Əhməd Ağaoğlu, Pəsulzadə irsiylə də tanış oldum. Bəzi qapalı sənədlərlə tanış olmaq imkanı əldə etdim. Tövratı, İncili, Quranı öyrəndikdən sonra getdikcə dinə münasibətimdə də fərqli yanaşmalar ortaya çıxdı...

 

- Siyasi məsələlərdə də belə fərqli yanaşmalar ortaya çıxdı?

 

- Eyni proses siyasi məsələlərdə də baş verirdi. Xüsusilə mən Moskvada olarkən o dövrdə dissident ədəbiyyatıyla tanış oldum və bu zaman artıq müəyyən qruplar da var idi...

 

- Neçənci illər idi bu?

 

- Mən 83-cü ilin sonundan Moskvada olmuşam. O dövrdə SSRİ-də böyük kriz gedirdi, sistemin ümumi siyasi böhranı gedirdi. Elçibəylə ilk tanışlığım da 85-ci ildə Moskvada olub...

 

- Mümkünsə bir az təfərrüatıyla danışardınız bununla bağlı.

 

- Aydın Balayev var idi, o da aspiranturada oxuyurdu. Artıq bizim o zaman Əbülfəz Əliyev haqqında məlumatımız var idi. O məni ilk dəfə Əbülfəz bəylə tanış etdi. Dedi ki, Əbülfəz Əliyev də doktoranturada oxuyur. Onun elmi ezamiyyəti təxminən 6 ay çəkdi. Biz həftədə bir neçə dəfə oradakı Lenin  adına kitabxanada görüşürdük. Bizimlə orada oxuyan elmi aspirantlar arasında bir isti mühit yaranmışdı...

 

“Elmi rəhbərimin aspirantlarından biri Karen Şahnazaryan idi”

 

- Görüşlərinizdə nələr müzakirə edilirdi?

 

- Digər mövzularla yanaşı siyasi mövzular da müzakirə mövzusuna çevrilmişdi. Artıq Qorbaçov bu dönəmdə seçilmişdi. Ümumiyyətlə o zaman Moskvadakı ab-hava tamam fərqli idi və bu mühitin ab-havası Bakıda iki-üç ildən sonra sezildi. Mən Tətbiqi Sosioloji Tədqiqatlar İnstitutunda idim və bu institut çox qapalı elm ocağı idi. Mənim elmi rəhbərimin aspirantlarından biri Karen Şahnazaryan idi...

 

- Qorbaçovun milli məsələlər üzrə köməkçisi?

 

- Bəli. O da köməkçilərdən biri idi. Demək istəyirəm ki, o mühit tamamilə fərqli bir mühit idi və çox böyük proseslər başlamışdı. Yeri gəlmişkən Əbülfəz bəy vəfat edəndən sonra onun əlyazmalarını qaydaya salarkən  o illərdə müzakirə etdiyimiz məsələlərin də burada öz əksini tapdığını gördüm..

 

- Əbülfəz bəy əsasən nələrdən yazmışdı o əlyazmalarda...

 

- Əsas etibarilə SSRİ-dəki milli münasibətlərdən, onun perspektivləri, Azərbaycan və digər respublikalarda bu situasiya necə davam edəcək, SSRİ saxlanacaq, saxlanmayacaq, yenidənqurmada təkamül yoluyla dəyişiklik ola bilər, ya ola bilməz..

 

- Azərbaycanın SSRİ-dən ayrılmaq mövzusuyla bağlı o əlyazmalarda, o diskussiyalarda hansısa ştrixlər var idimi?

 

- Bizim hərəkat dövrünün bəzi nümayəndələri iddia edirlər ki, guya Əbülfəz bəy o zaman Azərbaycanın müstəqilliyi məsələsini qaldırmayıb. Halbuki Əbülfəz bəy həm həbs olunduğu dönəmlərdən, həm də 85-ci ildə bu məsələləri gündəmə gətirmişdi. Onda mən özüm SSRİ-nin dağılmasının tərəfdarı deyildim..

 

- Nə idi bunlar?

 

- Əbülfəz bəyin istintaqa rəsmən cəlb edildiyi dövrə aid ətrafında getmiş operativ iş olub ki, bu da məhkəmə materiallarına daxil edilməyib. Çünki orada agentura məlumatları, filanlar var idi. Bu da 72, 73, 74-cü illəri əhatə edib. Biz də onunla tanış olduq, 4 cilddən ibarət bir işdir. Həmin işdə Azərbaycanın müstəqilliyilə bağlı məsələlər öz əksini tapıb...

 

- Necə bilirsiniz, 85-ci illərdə olan diskussiyalar yenidənqurmanın bətnindən çıxmamışdı ki?

 

- Bu, geniş miqyaslı bir prosesin tərkib hissəsi idi. Yanaşmalarda bəzən metodoloji yanlışlıq olur. Məsələn, deyilir ki, bu, həm əvvəlki proseslərin davamı idi, həm də yeni idi. Yenidənqurma bir tərəfdən o sistem böhranının davamı idi, sosialist düşərgəsinə qarşı xarici qüvvələrin fəaliyyətinin nəticəsi idi. Cəmiyyətin özünün daxilində heç bir xarici təsir olmadan milli hərəkatların, milli düşüncələrin davamı idi. Yeni düşüncələrin, yeni zehniyyətin təqdimatı idi. Həm yeni idi, həm də əvvəlkilərin davamı idi..

 

- Meydan Hərəkatı da bu “yeni”liyin və o “əvvəlkilər”in davamı idimi?

 

- Azərbaycan milli azadlıq hərəkatı heç vaxt dayanmamışdı. Əslində bu, davamı idi...

 

“Etibar Məmmədov deyirdi ki...”

 

- Bəs hərəkat dövrünün liderlərinin bu məsələdə fikirlərində iddialara söykənən ayrı məqamlar var axı...

 

- Bəli, məsələn, elə Etibar Məmmədov 89-cu ilin oktyabrında buyururdu ki, biz demokratik fikirləri bir yana qoymalıyıq, müstəqilliyi qoymalıyıq və Cəbhə də Milli Cəbhə olmalıdır. O deyirdi ki, bundan sonra da hərəkat  milli hərəkat mərhələsinə qədəm qoydu...

 

- Etibar bəy yanlış idimi və Pənah bəyin qənaətinə görə doğru olan nə idi?

 

- Azərbaycandakı hərəkat əvvəldən milli azadlıq hərəkatı xarakteri daşıyırdı. Bu, həm də demokratik hərəkat idi. Fikir verin, Rəsulzadənin “millətlərə istiqlal, insanlara hürriyyət” şüarı bir deviz olmuşdu. Hərəkatda müxtəlif cərəyanlar olsa da, bu, milli xarakter daşıyırdı.

 

- Yenidənqurma Bakıya nə zaman gəlib çıxdı?

 

- 87-ci ilin yanvar ayında mən aspiranturanı qurtarıb Bakıya döndüm. Artıq o zaman Bakıda da yenidənqurma özünü göstərirdi. Fərqli ab-hava burada da formalaşmaqda idi, artıq insanlar müəyyən diskussiyalar aparırdılar...

 

- Kimlər var idi o adamların cərgəsində?

 

- Nəsib Nəsibzadə idi, Maarif Babayev var idi, Aydın Balayev, bu kənd təsərrüfatı naziri oldu e, Əsədov, o idi, bir neçə professor var idi. Biz hamımız Moskvadan bir-birimizlə tanış olmuşduq. 87-ci ildə Elmlər Akademiyası birmənalı şəkildə bu prosesin intellektual mərkəzinə çevrilmişdi. Və Əbülfəz bəylə də diskussiyalar davam oldu. Əbülfəz bəyi çox insanlar tanıyırdı. Mahmud İsmayılov, Kamil Vəli Nərimanoğlu, Firudin Cəlilov və başqaları. Aydın Məmmədovla da Moskvada bir yerdə qalmışdıq. 87-ci ildə proseslərdə əvvəl “Çənlibel” meydana gəldi, bu təşkilatın tədbirlərində iştirak başlandı. İctimaiyyət üçün açıq olan ilk təşkilat idi bu...

 

- Siz də “Çənlibel”in üzvü olmusunuz?

 

“Suallarınızdan folklor havası gəlir, dastan sevgisi duyulur”

 

- Mən üzvü olamışam, ama tədbirlərində iştirak etmişəm. Və 87-ci ildə artıq Əbülfəz Elçibəyin, Vurğun Əyyubovun, Firudin Cəlilovun, Fəzail Ağamalının, Ələsgər Siyabovun, İsa Qəmbərin iştirakıyla biz “Varlıq” təşkilatının yaradılması prosesinə başladıq. Ümumiyyətlə SSRİ-də baş verənlər Kommunist Partiyasının rəhbərliyinin başlatdığı və SSRİ-nin hakimiyyət orqanlarının demək olar ki, böyük bir hissəsinin qoşulduğu bir proses idi...

 

- “Kommunist Partiyasının rəhbərliyinin başlatdığı proses” deyirsiniz. Necə bilirsiniz, onda belə demək mümkündür ki, özünü “xalq qəhrəmanları” kimi aparanların yetişdirilməsində ittifaqın marağı olubmu?

 

- Suallarınızdan folklor havası gəlir, dastan sevgisi duyulur, mifoloji təfəkkürün əksi görünür. Bunlar hamısı gözəldir. Ama bu hadisələr kifayət qədər ictimai əhəmiyyət kəsb edən yaxın tariximizdir. Bu məsələlərə durub dastan prizmasından yanaşmaq, onu folklorlaşdırmaq hadisələrin mahiyyətini və onun səviyyəsini başa düşməyə mane olur. Bizim Həsiman Yaqublunun çox zəhmət hesabına ortaya qoyduğu bir kitab var: “Azərbaycasn Milli Azadlıq Hərəkatının Ensiklopediyası”. Xeyli səndlər, fotolar toplanıb, ayrı-ayrı mətnlər yazılıb orada. Mən bir dəfə Nəsiman bəyə dedim ki, bu, folklor, mifoloji xarakter daşıyır. Bu, daha çox Azərbaycan milli hərəkatının mifologiyası kimi adlandırılsa, daha doğru olardı.

 

- Sizin Cəbhəyə gəlişiniz hansısa əlin projesi olub, yoxsa özünüzün fəaliyyətiniz?

 

- 1988-ci ilin fevral, ya da mart aylarında “Oqonyok” jurnalının 14-cü nömrəsində bir diskussiya keçirilirdi. Orada Moskvada yaşayan gürcü familiyalı Kuraşvili, sonra Pribaltikadan olan bir neçə professor arasında diskussiya gedirdi. Kuraşvili orada Avropa təcrübəsinə söykənərək Xalq Cəbhəsi tipli bir təşkilatın yaradılmasından danışırdı. Ümumiyətlə Xalq Cəbhəsi ideyası 30-cu illərdən yaranıb solçu qüvvələrin birliyilə..

 

- Yenidənqurma tərəfdarlarının Xalq Cəbhəsinin formalaşmasında sovet “KQB”-nin xaç atası Primakovun xeyir-duası olubmu?

 

- Məsələyə belə primitiv yanaşmaq olmaz. Qoy mən sənə bəzi faktları sadalayım, sonra de də. Mən Azərbaycana gəlirəm e. Çoxları elə siz deyən kimi məsələləri folklorlaşdırırlar, mifoiloji detallara üstünlük verirlər. (Bu arada Pənah Hüseynin redaksiyaya təşrif buyuran Əvəz Zeynallıya “bayaqları qulaq asdın şeyə?” perlikası onun tərəfindən “Qurbanxanaya?” sualı ilə cavablandırılır. Əslində bu replikadan Pənah bəyin bugünkü mövqeyi də apaydın sezilməkdə idi) 88-ci ilin  may ayının 14, ya da 15-də canlı efirdə Estoniya Xalq Cəbhəsinin yaradılmasıyla bağlı müzakirələr gedir. Bunun dalınca fərqli adlar altında Latviya və Litvada da Xalq Cəbhələri yaranmağa başladı. Bu kontekstdə bizdə də proses gedirdi. Bu prosesin mahiyyətini bir yana qoyub, lüzumsuz detallara diqqət yetirəndə işin mahiyyəti bir qıraqda qalır...

 

“Əgər bu qəzetdə həmin məsələyə toxunulursa, demək...”

 

- Bu tipli təşkilatların yaradılması istiqamətində Azərbaycanda ilkin addımlar kim tərəfindən və necə atılmışdı?

 

- Azərbaycanda ilk dəfə aprel 88-ci ildə Nüsrət Kəsəmənlinin “Maladyoj Azerbaydjan”da səhifə yarımlıq müsahibəsi getmişdi. Həmin müsahibədə əsasən ictimai-siyasi məsələlər ortaya qoyulurdu. Hamımız bilirdik ki, əgər bu qəzet belə məsələləri gündəmə gətirirsə, deməli, bütün bunlar müəyyən bir xəttin göctəricisidir. Bunun ardınca həmin məsələyə daha konkret şəkildə toxunuldu. Rəhmətlik Yusif Səmədoğluyla Aydın Məmmədovun da elə həmin qəzetdə iki böyük məqalələri çıxdı.

 

- Ümumiyyətlə Xalq Cəbhəsinin yaranması ideyası hansı istiqamətlərdə inkişaf edirdi?

 

- Xalq Cəbhəsinin yaranması ideyası Azərbaycanda iki istiqamətdə davam edirdi. Bunun birində  Zərdüşt Əlizadə, Leyla Yunus, Arzu Abdullayeva, Tofiq Qasımov və Hikmət Hacızadəgili təmsil olunurdu.

Hələ 87-ci ilin dekabrında Leninqradda Çubays və Qaydar orada “alimlər klubu” yaratmışdılar. Bundan sonra SSRİ-nin bir çox yerlərində belə klublar yaranmağa başlayır. O cümlədən aprel 88-də Azərbaycanda da belə klub yaranır. Eldar Namazov da daxil olmaqla Zərdüşt Əlizadəgilin qrupu da belələrindən idi.

 

- O zaman siz də artıq aspiranturadan qayıdan gənc alimlərdən idiniz...

 

- Mən o klubda olmamışam...

 

- Primakov da öz kitabında vurğulayıb ki, artıq 84-cü illərdən etibarən biz ittifaq miqyasında olan bir qrup alimi belə klublara cəlb etmişdik. Fonda belə klubların fəaliyyətlərində elmin nailiyyətlərinin müzakirəsi mövzusu görünsə də, ancaq gerçəkdə bir şəbəkə formalaşdırılırdı...

 

- Siz nə danışırsınız e? Gedin bir də baxın. 84-də heç yenidənqurma yox idi. Bu proses 87-dən başlayıb. Ə, bu klublar həmişə olub da... Bizim “Çənlibel” də olub, niyə “Çənlibel”.. Bundan əvvəl hələ Rusiyada millətçi “Pamyat” klubu yaranmışdı. Mən özüm Moskvada olarkən bir antisionist “Fələstin” cəmiyyəti var idi, onların bir neçə iclaslarında da olmuşam.... Gənc alimlər klubunu Zərdüşt Əlizadənin deməsinə görə avqust ayında Azərbaycan Xalq Cəbhəsinin Təşəbbüs Qrupu kimi adlandırıblar. İkinci istiqamət olaraq eyni proses Azərbaycanda “Varlıq” təşkilatının xəttiylə gedib. 88-ci ildə gedən bu prosesdə hələ Xalq Cəbhəsi yox idi. Bu işə ümumi rəhbərlik əsasən Əbülfəz Elçibəy tərəfindən edilirdi. Amma mən bu işdə əsas fəal Firudin Cəlilovu görürdüm. Əvvəl “Varlıq” təşkilatının Nizamnamə və Məramnaməsi üzərində iş gedirdi. Sonra tapşırıldı ki, bu işə ehtiyac yoxdur. Təşkilat Cəbhənin özünün Məramnamə və Nizamnaməsini hazırladı. O zaman Arif Asalov var idi..

 

“O dövrdə üst səviyyədə olan işlərin iştirakçısı olmamışam”

 

- Abbas Abdullanın bacısı oğlu?

 

- Səhv etmirəmsə elədir, indi də Türkiyədədir. Arif Acalov Estoniya Xalq Cəbhəsinin rusca mətnini gətirdi. O zaman mənim kirayə qaldığım “İkinci Xreptovı”da Arif Acalov, Əbülfəz Elçibəy, mən, İsa Qəmbər bir neçə dəfə oturub onun üzərində işləmişik. Sonradan bu prosesə ziyalılar da qoşulmağa başladı. Məsələn, Xudu Məmmədov hamı tərəfindən qəbul edilən bir avtoritet idi. Sözün düzü mən o dövrdə üst səviyyədə olan işlərin iştirakçısı olmamışam. Mən “Varlıq” təşkilatının xəttiylə o işdə iştirak edirdim. Kinostudiyanın zalında, sonra Xudu müəllimin vəfat etdiyi Üzeyir Hacıbəyovun ev muzeyində Xalq Cəbhəsi yaradılması məsələsi müzakirə olunurdu. Və bunu da nəzərə almaq lazımdır ki, artıq Azərbaycan da əvvəlki Azərbaycan deyildi. 87-ci ilin sonunda Aqanbekyanın məşhur bəyanatıyla Qarabağ məsələsi artıq başlamışdı. 87-nin sonunda artıq Moskvaya dalbadal qruplar gedir və həmin ermənilərin yüz minə yaxın imzalarını aparırlar. Və nəhayət 88-nin fevralında da bu proses alovlandı. Dağlıq Qarabağın Azərbaycandan alınıb Ermənistana verilməsi məsələsi ortaya atılmışdı. O dövrdə Ermənistanda iki Qarabağ Komitəsi yaranmışdı. “Krunk” yaranmışdı, hələ mən “Daşnaksütun”u demirəm. Sonra Ter-Petrosyangil may ayından başlayaraq Ermənistanda Erməni Qarabağ Hərəkatı yaratmağa başlamışdılar. Onlar artıq 88-nin əvvəllərindən yarım milyondan artıq adam yığmışdılar meydanlara. Azərbaycan bir çaşqınlıq içindəydi. Biz də o zaman ümumi birliyin yaradılması uğrunda öz işimizi yönləndirməyə başladıq və bu prosesdə yuxarıda adlarını hallandırdığımız təşkilatlar, digər ziyalılar da qoşulmağa başladı. Beləliklə Meydan hərəkatı başlandı noyabrda..

 

- Necə oldu ki, bu qədər elmi potensiala malik olan ziyalılar ordusu ortada ikən rəhmətlik Vəli Məmmədovun təbirincə desək, “bir malçişka Meydanı hərəkətə gətirdi” və sizlər də o “malçişka”nın dalısınca meydanlara yürüdünüz? Harda qalmışdı elminizin, siyasi texnologiyanızın kəraməti?

 

- ...(bir az susur) Ə, sənin neçə yaşın var?

 

- O illərin adamıyam, Pənah bəy. Hadisələrin canlı şahidiyəm..

 

- Əvvəla, “malçişka” sözünü işlətməyək...

 

- Mən işlətmirəm, zamanında sizlərə qoşulan Vəli Məmmədov bunu deyib..

 

- Ə, bircə dəqiqə dayan görüm e. Bunlar o ümumxalq hərəkatının mahiyyətini təhrif etmək, gözdən salmaq üçün belə sözlər işlədiblər. Vəli müəllim o zamanın mütərəqqi kommunisti olaraq qalırdı. Həmin adamlar SSRİ-də gedən və Azərbaycandakı nəhəng prosesin mahiyyətini başa düşmürdülər. Onların gözündə proseslər belə görünə bilərdi. Meydan Hərəkatı konkret olaraq Elmlər Akademiyasında oranın elmi işçisi olan Ənvər Əliyev, Qənimət Zahid, Əlisəfa, Qorxmaz İbrahimli və digərlərinin birləşdiyi “Yurd” təşkilatı tərəfindən ərsəyə gəlib. Noyabr ayının 17-dəki mitinqi bunlar başlayıb. Sonradan milyonların qoşulduğu bu prosesdə Ziya Bünyadov da, Əbülfəz Elçibəy də, Aydın Məmmədov da, Məhəmməd Hatəmi də, İsa Qəmbər də, Firudin Cəlilov da, Sabir Rüstəmxanlı da, Azərbaycanın bütün ziyalı potensialı iştirak edib...

 

- Meydan Hərəkatının xalqa qəhrəman kimi göstərilən lider obrazı kim idi: Nemət Pənahlı, yoxsa Sabir Rüstəmxanlı?

 

- Mən jurnalistlərə irad tuturam ki, siz qarşınızda olan adamın şəxsiyyətinə, bilgisinə, ictimai çəkisinə hörmət edin. Sual verərkən onu mütləq nəzərə alın. İndi durub siz mənə zəng eləmisiniz, mən də özümü çəkən adam deyiləm, sual verəndə bir az diqqətli olun... İndi qayıdıram sualınıza. Nemət Pənahlı da... Məsələn, Lex Valensa kim idi?

 

- Pənah bəy, əvvəla mən də sizin şəxsiyyətinizə, bilginizə, ictimai çəkinizə hörmətlə yanaşdığımdandır ki, məhz milli azadlıq hərəkatımız və ondan sonrakı dövr ərzində baş verənlərə aydınlıq gətirmək üçün müraciət etdiyimiz aydınlardan biri də siz oldunuz. Ancaq bu konuda bizim gördüyümüz sizin gördüyünüz qədərində deyilsə, zatən bu məsələdə də bizim suçumuz yox və hansısa incik detal da ola bilməz. Qaldı ki, Lex Valensa, o da sıradan bir inqilabçı fəhlə idi ki, prezidentliyə qədər yol keçdi..

 

- Bəli, bir fəhlə gəlib Polşadakı həmrəylik təşkilatının lideri oldu, Nobel mükafatı aldı, sonra da oldu Polşanın prezidenti. Savadı da yox idi, diplomu da yox idi...İndi bu Paşinyan, ali təhsili yoxdu.(bu məqamda Pənah bəy Əvəz Zeynallının Paşinyanla bağlı “juranlistdi” replikasını da qəbul etmir). Belə misallar çoxdur. Siyasi tarixin subyektlərinə bu cür yanaşmaq ancaq savadsızlıqdan irəli gəlir...

 

- Konkret suala konkret cavab əvəzində siz nədən belə aqressiya göstərirsiniz və bu məsələdə sizin gördüyünüz qədər olan savadsızlığın sizin cavabınıza heç bir aidiyyatı yoxdu axı. Savadlı, ya savadsız, siz də öz dərk etdiyiniz qədərində suallara cavab verin..

 

- Yenə də folklor düşüncəsi, yenə də mifoloji yanaşma.. Nemət Pənahlı nə idi.., kim idi..., bir fəhlə idi. Sovet quruluşunda belə bir anlayış var idi: cəmiyyətin aparıcı qüvvəsi, cəmiyyətin avanqardı. O tərəfdə də Polşada Valensa nümunəsi var. Mən bunu deyəndə Nemət də cırnayır. Müəyyən ziyalılar...

 

- O ziyalılardan biri də siz...

 

- Ay qardaş, imkan ver də...

Müəyyən ziyalılar qabağa düşmək istəmirdilər, qorxurdular o adını çəkdiyim ziyalılar... Qabağa fəhlə vermək lazımdı da. Ermənilərin “qniloy intiligensiya” nümayəndələrinin ortaya çıxardıqları millətçi Zori Balayan kimi adamları yox, cəmiyyətin avanqard qüvvəsi olan proletariatı, fəhlə sinfini irəli vermək daha sərfəlidir..

 

“Nemət Pənahlı meydanın birmənalı şəkildə lideri idi”

 

- Piyadaları qurban verirdiniz də..

 

- Nemət özünün şəxsi keyfiyyətləri, natiqlik qabiliyyəti, ambisiyaları və sairlə belə bir imkan yaratdı. O, sadəcə bir oyuncaq olmadı, kukla olmadı, bir bəla olub keçdi bu ziyalıların boğazına, hələ də girinc qalıblar. Nemətin bir balaca, azacıq... necə deyim, indi də həbsdədi, bir balaca götür-qoy eləsəydi, bilmək olmazdı, bəlkə də elə Azərbaycanın Valensası olardı. Və bu heç də fantastik məsələ deyil. İndi səviyyəsi çatmadı, savadı çatmadı, bəxti gətirmədi, ya daha çox mafioz qüvvələrin toruna düşüb o tordan xilas ola bilmədi, ya gerçək potensialı ona imkan vermədi və sair və ilaxır...

 

- Sosioloji tədqiqatlar üzrə təhsil alan elm adamı olmusunuz, nəyi və niyə aydınlaşdıra bilmirsiniz? Nemət bəylə bağlı ehtimallarla danışırsınız.

 

- Burada aydın olmayan bir şey yoxdur. Bütün bunlara cavablarım var. “Prosto” istəmirəm sizə bunları burada danışam...

 

- Zatən o gizlətdikləriniz mənə lazım deyil. Bilib demədikləriniz sosial sifarişə yanaşma tərzinizdir və buna da hörmətlə yanaşırıq...

 

- Siz gedin Nemətin 22, 23, 25, 26 nitqlərini oxuyun...

 

- Oxumusunuz, siz deyin, biz bilək..

 

- Qardaş, o sözləri, o məsəlləri nə Sabir Rüstəmxanlı deyirdi, nə Bəxtiyar rəhmətlik deyirdi. Hətta Əbülfəz Elçibəy də meydandakı çıxışlarında o cür ifadələr işlətmirdi. Nemət meydanın birmənalı lideri olmuşdu. Ancaq bir hissə də var idi: Firudin Cəlilov, nümayiş komitəsinin bir qisim üzvləri.

 

- Necə bilirsiniz Meydan tarixinin yazılmasına ehtiyac varmı?

 

- Mən bunu hər zaman vurğulamışam ki, meydan tarixinin elmi tədqiqata ehtiyacı var. Əh, kül olmasın bu indiki rəsmi ideoloqların başına, ə, bunu bir dissertasiya işi kimi verərəm. Bunca məhkəmə materialları var, bunca mətbuatı var. Mükəmməl bir şəkildə Meydan tarixini kitab formasında ortaya qoymaq olar...

 

- Yazılan kitablara da “mız” qoyursunuz da..

 

- Elə yazılmalıdır ki, ona “mız” da qoyulmasın, həqiqətlər təhrif olunmasın, yaşanan tarix olduğu kimi qələmə alınsın....

 

 

“AXC-də ilk dəfə “KQB agenti” ifadəsi Nemət Pənahlı tərəfindən Zərdüşt Əlizadəyə qarşı işlədilib”

 

 

- Zərdüşt Əlizadə deyir ki, “sonradan Cəbhəyə gələnlərin hamısı KQB agenturası olub”. Məntiqlə siz də o qəbildən olursunuz. Elədirsə, nə vaxt “verbovat” olunmanız barədə danışa bilərsinizmi?...

 

- Harada deyib onu...

 

- “Versus.az” saytına - bizə verdiyi müsahibədə..

 

- Deyir yalançının şahidi yanında olar. Mən bu Əvəz Zeynallının yanında...(bu məqamda Əvəz Zeynallı “yalançı da etdi məni Pənah bəy” replikasıyla məsələyə öz münasibətini bildirir). Zərdüşt Əlizadə müəyyən dövrdə proseslərdə rolu və xidməti olan insanlardan biridir. Xalq Cəbhəsi yaradılarkən o da çox küskün bir formada özünün uduzduğunu görərək konfransın gedişində çəkilib oturmuşdu bir qıraqda. Orada Qətnamə qəbul olunur ki, Xalq Cəbhəsi yaradılsın. Məni Əbülfəz Elçibəy çağırdı və dedi ki, Azərbaycan Xalq Cəbhəsinin təsis olunması barədə bir cümlə yaz və bunu apar ver Zərdüşt Əlizadəyə. Qoy bunu Zərdüşt Əlizadə oxuyub elan etsin. Və Zərdüşt bəy də bunu oxudu. Bu da Elçibəy tərəfindən Zərdüşt bəyin xidmətlərinin tanınması istiqamətində bir jest idi...

 

- Mümkünsə agentlərin “verbovat” olunmalarından danışardınız...

 

- Təəssüf ki, müəyyən dövrlərdə prosesdə öndə lider olan şəxslər bu və ya digər səbəblər ucbatından məsələdən geridə qalaraq önə çıxanları öz potensialları ilə deyil, onlara qarşı çirkin kampaniya aparmaq üsulundan istifadə etməklə ictimai fikri də yayındırmağa çalışırlar. Yeri gəlmişkən AXC-də ilk dəfə olaraq “KQB agenti” ifadəsi Nemət Pənahlı tərəfindən Zərdüşt Əlizadənin özünə qarşı işlədib.Sizin bu məsələyə bunca önəm verməyinizi də mən başa düşə bilmirəm. Ama lazım olsa bununla bağlı sizə kifayət qədər informasiya verə bilərəm.

 

- 1989-cu il 27 iyunda Nemət Pənahlı mitinqə çağırış edəndə Pənah Hüseynin mövqeyi necə idi?

 

- Əvvəla, tarixi düzgün vurğulamırsınız. Digər bir tərəfdən, Nemət 21-də öz adından çağırış edəndən sonra bunu İdarə Heyətinin adına çıxıb. Halbuki belə bir qərar olmayıb. Və Nemətin də ilk mitinqi səhv eləmirəmsə avqustda olan mitinqdi. O mitinqdə aparıcılığı Sirus Təbrizli edib. Tribunada da olub Hemət Pənahlı, Etbar Məmmədov, Rəhim Qazıyev, Fəzail Ağamalı. Onda biz olmuşuq aşağıda və mən Pənah Hüseyn də meydanda olmuşam. Əgər Zərdüşt bəy sizə verdiyi müsahibədə bu tarixi 27 iyun kimi göstərirsə, demək ki, onun yaddaşı xarab olubdu. Tədbirlərdən birində Zərdüşt bəyə salam verdim, salamımı da almadı. Mən dedim ki, Zərdüşt Əlizadənin hünəri çatmaz mənimlə debata çıxmağa. (Pənah bəy bu məqamda Əvəz Zeynallıya xitabən “Sənə nə cavab verdi” deyir. Əvəz Zeynallı da Zərdüşt Əlizadənin buna cavabda dinmədiyini təsdiqləyir). Zərdüşt Əlizadə orda-burda qeybət eləməkdənsə, əlində olan sənədləri gətirsin çıxsın mənimlə debata. Ama heç kim dana bilməz ki, Zərdüşt Əlizadə Hərəkat dövrünün liderlərindən, əsas simalarından biri olub, xidmətləri də var...

 

“Zərdüşt məni deməz, Nemət Pənahlını deyər”

 

- Pənah bəy, hərəkat dövrünün liderlərindən biri sandığınız Zərdüşt Əlizadə deyir ki, “Etibar, Becan və Pənah birbaşa dağıdıcılıqla məşğul olurdular”. Amma siz öz məsumluğunuzdan danışırsınız. Nəyi və niyə dağıdırdınız, bəlkə bundan danışasınız?..

 

- O məni deməz, Nemət Pənahlını deyər. Zərdüşt Əlizadə yaşlaşıb, yaddaşı xarab olub, o məsələni təhrif edir. Siz Zərdüşt Əlizadəni çağırın, mən məmnuniyyətlə onunla debata çıxaram. Hansısa “dağıdıcı fəaliyyət”, hansısa “agentura şəbəkəsi”ylə bağlı istənilən məsələdə müzakirəyə hazıram. Bacarırsa, Zərdüşt bəy buyursun meydana...

 

- Sizdən qabaq bu sözləri bizə öz müsahibəsində Zərdüşt bəy deyib ki, mən bu mövzuyla bağlı istənilən kəslə debata çıxmağa hazıram. İndi mən neyləyim ki, siz özünüzə yaxın şəbəkə mətbuatından başqa heç kimi izləməməklə həm də Zərdüşt bəyin duel çağırışına cavab olaraq bilərəkdən, ya da bilməyərəkdən siyasi fərarilik etmisiniz...

(ardı var)

 

İgid Teymurlu
Versus.Az

Xəbər lenti

InvestAZ

Ən çox oxunan xəbərlər

“İsgəndər Həmidov onları oğlunun toyuna çağırmır...”

Məhluqə Rəhimova yenidən ƏQC-nin sədri seçildi

“Bu “zirvə” real olmayan bir zarafat kimidir”

“Müxalifətin zirvə görüşü zəruridir”

Ümummilli lider Xanqaraqoyunlu məktəbində də anılıb

Bağışlanmaz səhvlərə imza atanlar

“Bu partiyalar arasında bir-birini qəbul etməyən siyasətçilər çoxdur”

Qənirə Paşayeva "Nuri Dağtekin Özel Ödülü" ilə ödülləndi

Sayğacın pulu ödənilib, amma sayğacdan xəbər yoxdur - VİDEO

“Gürcüstan Azərbaycan cəmiyyətində də canlanma yarada biləcək”

Laçınlı döyüşçülər Heydər Əliyevin məzarını ziyarət ediblər

"Sağlığımdan dolayı dualarınız üçün minnətdaram"

“Axı, Mirşahinin özü də 20 yaşında bir adam deyil”

İki restoran bağlandı

Ermənistan rəhbərliyini işğal olunmuş rayonları qaytarmağa çağırdılar