“Biz zövqsüz auditoriya tərbiyə eləmişik..."

19:53 28-11-2018 | icon 60 | Cəmiyyət
“Biz zövqsüz auditoriya tərbiyə eləmişik..."

Hikmət Babaoğlu: “Əgər cəmiyyət mətbuata “nə yazırsa yazsın” statusunda baxırsa, demək öz simasını itirib”

 

 

2015-ci ildə əməkdaşlıq etdiyim inform.Az saytında başladığım "Baş redaktorla dialoq" adlı layihəmi bu gün rəhbəri olduğum Versus.Az saytında davam etdirməyə qərar verdim. Layihənin formatında müəyyən dəyişikliklər ediləcək. Lakin obyektivimizdə olan şəxslərlə səmimi bir ortamın yaradılmasına və problemlərin ortaya qoyularaq ictimai fikirə müsbət təsir göstərəcəyinə ümidvaram.

Adıçıkilən saytda verilən müsahibələri təqdim edirik.

 

 

“Baş redaktorla dialoq” layihəsinin ilk qonağı “Yeni Azərbaycan” qəzetinin baş redaktoru Hikmət Babaoğludur.

Sivil cəmiyyətin dialektikası zəncirvari bir prosesdir. “Zənciri” quran həlqələr inkişafa doğru getdikcə “zəif bəndlər” özü-özünü aşılayaraq inkar, yenidən bərpa olunma, növbəti mərhələyə keçmə imkanı əldə edirlər. Eyni zamanda , hər bir “həlqədəki” MƏDƏNİYYƏTLƏRİ “qidalandıran” ideologiya, missiya, xarakter, sosial, ictimai, siyasi, mədəni, ruhi elementlər və bunlardan doğan mahiyyətlərin, finksiyaları özünü qorumaq instinqti bir-biri ilə əlaqə və dialoqun yaranmasını tələb edir. Su axdıqca durulduğu kimi hər bir insan- fərd, qrup, xalq, millət, dövlət, ümumilikdə dünya mədəniyyəti qarşılıqlı dialoqla özünün daxili gücünü, nüvəsini formalaşdıran elementlərinı nizamlayır. Ümumilikdə cəmiyyətin inkişafı və təhlükəsizliyinin qorunması istiqamətini məhz problemlərin üzərinə gedilməklə aydınlaşdırır. Biz də “bizləri” düşündürən və bir çox hallarda paradoksal yanaşmalar tələb edən məqamları üzə çıxarmaq, aydınlaşdırmaq niyyətinini ortaya qoyduq. Bu gün İnform.az olaraq yeni başladığımız “Baş redaktorla dialoq” layihəsində ictimaiyyəti narahat edən nəsnələrə diqqət çəkəcəyik. Bütün baş redaktorları bu layihədə görmək arzusundayıq... 

“İctimai etimad cəmiyyəti bir-birinə bağlayan görünməz mənəvi tellərdir”



- Hikmət müəllim, redaksiyamıza xoş gəlmisiniz. İstərdik bu gün sizinlə media aləminə səyahət edək, özümüzə kənardan baxaq, təftiş edək. Eləcə də media və cəmiyyəti qayğılandıran məsələlərdən, jurnalistlərin özü də daxil olmaqla ictimaiyyətin mətbuata yanaşmalarından danışaq, aydınlıq gətirək. Ümumiləşdirmə aparsaq, bu gün bizim mətbuat, “Yeni Azərbaycan”, İnform.az da daxil özünü cəmiyyətdə necə ifadə edə bilir, nə dərəcədə inandırır və etibar qazanır?


- Olduqca aktual məsələləri müzakirəyə çıxarmağınız məqsəd və missiyanızın doğru müəyyənləşdirildiyindən xəbər verir. Şübhəsiz ki, bu məqsəd qlobal informasiya məkanında milli maraqlarımızı qorumaqla şərtlənir. Suallarınıza gəldikdə isə deyə bilərəm ki, ümumiyyətlə, hər bir cəmiyyətdə “ictimai etimad” deyilən bir anlayış var. Bu, təkcə informasiya müstəvisində məhdudlaşmır. Bütövlükdə cəmiyyət üzvlərinin, bir fərd, sosial varlıq olaraq bir-birinə inamı vacib şərtdir. 
“İctimai etimad” cəmiyyəti bir-birinə bağlayan görünməz mənəvi tellərdir. Bu yoxdursa, demək cəmiyyətdə bütövlük, cəmiyyətdaxili harmoniya, ardıcıllıq yoxdur. Hər hansı cəmiyyət “ictimai etimad” mühitini itirərsə, o, öz dövlətçiliyinin müəyyən bir hissəsini itirmiş olur. Sosiologiya bunu belə izah edir ki, dövlət özü cəmiyyətin, fərdlərin bir-birinə etibarından, sosial sifarişindən yaranır. Hər bir fərd isə istəyir ki, bütövlükdə “ədalət paylayan” bir sistem olsun, ədaləti qoruyan bir mexanizmi olsun. Bu mənada sosial varlıq olaraq şəxsin birinci təlabatı sosial mühitdir. Sosial mühit olmasa insan yaşaya bilmir - deqradasiyaya, depresiyaya düşür və beləliklə də insani keyfiyyətlərini itirir. Bu mərhələdə “ədalət paylayan” institutu yaratmaq üçün sosial sifariş meydana çıxır və dövlət yaranır. Dövlət dediyimiz həmin sosial-siyasi təsisat vətəndaşlara həm “ədaləti paylayır”, həm onların arasındakı münasibətləri nizama salır, eyni zamanda ictimai münasibətlər və ictimai etimad mühitini formalaşdırır. Məsələn, dövlət nə vaxt dağılır?- ona inam bitəndə. Cəmiyyət nə vaxt dağılır?- ictimai etimad mühiti deqradasiyaya uğrayanda. Hesab edirəm ki, informasiya cəmiyyətində, postmodernist cəmiyyətdə ictimai etimad, təmin edən ən etibarlı vasitə, ən etibarlı körpü mediadır.


“Media bütövlükdə ictimai institut kimi mənəvi katiqoriyaya aid deyil”



Media cəmiyyətlə dövlət arasında ictimai mühitin və ictimai etimadın keyfiyyətinin müəyyənləşdirilməsində əsas mexanizmlərdən biridir, bəlkə də birincisidir. Ona görə də medianın etibarlı olması, çox vacib şərtdir. Bəs media nədir və onda etibarlı olmaq keyfiyyəti varmı?
Biz bilirik ki, inam, etibar, ləyaqət, vicdan və.s bunlar hamısı mənəvi kateqoriyalardır. Media bütövlükdə ictimai institut kimi mənəvi katiqoriyaya aid deyil. Bu, sosial-siyasi təsisatdır. Bəs, nəyə görə mediadan etibarlılıq, vicdanlılıq və.s umuruq. Ona görə ki, medianı təşkil edən fərdlər də bizim cəmiyyətin üzvləridir, şəxslərdir. Ona görə də, “media”- deyəndə abstrakt, mürəkkəb, gözəgörünməz və fərqli bir şey deyil, fərdlərdən təşkil olunmuş xüsusi təsisat yada düşür. Demək, həmin o fərdlər də nəticə etibarilə etibarı, vicdanlılığı, inamı formalaşdırmalıdırlar.

“Bu gün Azərbaycanının mlli mediası ümumi ictimai etimadı və inamı qazana bilib”



Məsələn, bu gün Azərbaycanda mediaya inam varmı, cəmiyyət tərəfindən etibarı qazana bilmişikmi? “Yox” desək, haqsızlıq etmiş olarıq. Mən tənqidi yanaşmaları sevirəm, amma nə qədər tənqidi yanaşsaq belə, bu gün Azərbaycanın mlli mediası ictimai etimadı və inamı qazana bilib. Amma müəyyən nüansalar var. Bəzi hallarda bilərəkdən, bəzən də bilməyərəkdən bizim media nümunələri müəyyən auditoriya üçün etibarsız mənbə kimi çıxış edirlər. Bu hansı hallarda baş verir: birincisi, media özü şüurlu şəkildə konkret koorporativ maraqlar üzərində fəaliyyət göstərir və istehsal etdiyi informasiyalar da o əsasda formalaşdığı üçün ictimai etibardan düşür. İkincisi özü bilməyərəkdən ona qlobal informasiya məkanınından informasiyalar daxil olur və yerli media nümunəsi bir növ ötürücü funksiyanı yerinə yetirir. Bu mərhələdə o, elitar informasiya istehlaksçısı auditoriyası tərfindən etibardan düşür. Ona görə ki, ümumi auditoriya qlobal informasiya məkanından daxil olan impulsların manipulyativ informasiya olduğunu bütövlükdə dərk edə bilmir. Ancaq siyasi yetkin və intellektual auditoriya bunu başa düşə bilir. Ona görə də ötürülən informasiyanı araşdırmalı, nə dərəcədə düzgün olduğu müəyyən edilməlidir. Bir növ informasiyanı təhlil etmək qabiliyyətinə malik olmalıdır. 

- Bu baş vermirsə, demək cəmiyyətin siyasiləşməsi zəifdir.

- Əksinə, cəmiyyətin siyasiləşməsi həddən çoxdur. “Zəif” dediyimiz, cəmiyyətin intellektual göstəriciləridir. Hələ də intellektual göstəricilər o dərəcədə qaneedici deyil. Çünki zəif olmasa yanlış informasiyadan doğan neqativ hadisənin özü də baş verməzdi. Qaldı medianın etibardan düşməsinə, belə hallar mövcuddur. Amma bütövlükdə Azərbaycan mediası bu gün ictimai etimadı qazana bilib və bir körpü funksiyasını yerinə yetirir. Eyni zamanda regionun ən etibarlı media mənbəyi kimi qəbul edilir. Azərbaycanda çox gözəl informasiya agentlikləri, xəbər portalları, qəzetləri var və demək olar ki, hamısının elektron versiyaları mövcuddur. Bunlar bizim apardığımız araşdırmalara görə region, bəzən daha geniş miqyasda qlobal informasiya istehlakçıları üçün mənbə rolunu oynayır. Yəni biz artıq burda Azərbaycan mediasını transmilli media finksiyasında görürük. Transmilli media isə ən azı üç ölkədə məhsulunu sata bilən, ona ehtiyac olan mediadır. Bu gün artıq Azərbaycanda o səviyyədə media nümunələri var.

“Əgər cəmiyyətdaxili neqativ enerji yığılırsa onu buraxmasaq, böyüyəcək və partlayış yaradacaq”



- Mətbuat həm də ictimai əhval-ruhiyyəni formalaşdıran bir vasitə kimi çıxış edir. Deməli, medianın əlaqə yaratdığı qurumlar mediadan aldığı həmin o enerji ilə müxtəlif əhval-ruhiyyəyə köklənə bilər. Sizcə mətbuat sosial-ictimai mühitin keyfiyyətinə təsir edə bilərmi?


- Siz toxunduğunuz problemlər çox ciddi məsələlərdir. Əvvəla qeyd edim ki, hər bir cəmiyyətdə neqativ və pozitiv enerji mövcuddur. Bu təkcə media ilə bağlı hadisə deyil, həm də fərdlərin həyat baxışı, bir-birinə qarşı münasibətləri, əhval-ruhyyələri, mənəvi –ictimai, maddi vəziyyətləri ilə bağlı olan məsələdir. Əgər bir cəmiyyətin maddi təminatı yüksəkdirsə, o cəmiyyətdə neqativ enerji istehsal edən fərdlər az, pozitiv enerji çox olacaq. Bu, eyni zamanda bir qədər insanın mütaliəsindən, cəmiyyətin optimist əhval-ruhiyəyə köklənməsindən də asılıdır. İntellektual, yaradıcı insan həmişə bir ümid tapır və ən mürəkkəb vəziyyətdə belə o, ümidini itirmir. Beləliklə, hər bir cəmiyyətdə neqativlə pozitivliyin mübarizəsi gedir. Bəzən pozitiv enerji irəliləyir, bəzən də tərsinə. Son on beş - iyirmi ildə biz ardıcıl olaraq cəmiyyətdə pozitiv enerjinin artdığını görürük. Amma bəzən ayrı-ayrı sferalarda toplanmış neqativ enerjinin neytrallaşması üçün ciddi tədbirlərin görüldüyünü də müşahdə edirik. Bu çox vacib məsələdir. Əgər neqativ enerji yığılırsa onu buraxmasaq o böyüyəcək və partlayış yaradacaq. Deməli, gəlib çıxırıq o fikrinə ki, mətbuata senzura lazım idimi, yoxsa yox. Əgər senzura qalsaydı, o neqativ enerjilər yığılardı və sonda partlayışa səbəb olardı. Ona görə də bu proses sosiloqlar, xüsusi dövlət institutları, psixolaqlar tərəfindən təhlil edilməlidir ki, neqativ pozitivi üstələməsin. Bu gün Azərbaycanda balans pozitiv enerjinin xeyrinədir və çox yaxşıdır. 

“Azərbaycan mediası bu gün daha çox pozitiv enerjinin daşıyıcısıdır”



O ki, qaldı bu prosesdə jurnalislərin roluna, əlbətdə Azərbaycanda jurnalistlər dövlət və ictimai səviyyədə yüksək qayğı ilə əhatə olunublar. Bu hal istər-istəməz mətbuatda da bir pozitiv enerji yaradır. Azərbaycan mediası bu gün daha çox pozitiv enerjinin daşıyıcısıdır. Amma bəzən neqativ enerji də müşahidə edilir. Yaxşı ki, bu o qədər azdır ki, həlledici deyil. Əhəmiyyətli olanda hansı enerjinin həlledici olmasıdır. 



Mətbuatın 140 illiyində cənab Prezident dedi ki, “bəzən məmur özbaşınalıqları ilə bağlı xəbərləri, baş verən olayları məndən gizlədirdilər, ancaq indi yaxın çevrəmdəki insanlar da görürlər ki, mən xəbərləri onlardan tez alıram”. Demək mətbuat dinamik bir institut kimi öz komnunikativ rolunu çox yaxşı oynayır və cənab Prezident bunu xüsusi ilə qeyd edir. Azərbaycan cəmiyyətinin müəyyən problemləri var və media bunu təqdim edir, ölkə başçısı media vasitəsi ilə bundan xəbər tutur. Buna görə də jurnalistlərə təşəkkür edib dedi ki, siz mənim ən böyük dəstəkçimsiniz. Deməli, zaman-zaman müxtəlif problemlər – sosial, ayrı-ayrı insanların şəxsi problemləri, bütövlükdə cəmiyyətin problemləri, Azərbaycan mediasının akual mövzularına çevrilib və ölkə başçımız bunu yüksək qiymətləndirir.

“Əgər Sosial lift işləyirsə, siz liftə ən aşağıdan minib, ən yuxarıya qədər qalxa biləcəksiniz”



- O zaman bu günün ictimaiyyətlə əlaqələr ponaramasında bir dialoq mühitinin göründüyünü söyləyə bilərikmi?

- Şübhəsiz ki, dialoq mühiti var. Amma, söhbət aktiv və passiv dialoqdan gedir. Mən hesab edirəm ki, bu gün Azərbaycan cəmiyyətinin bütün institutları və cəmiyyətlə dövlət arasında intensiv dialoq var. Bunun sosial modelləşdirilməsi belədir: hər bir cəmiyyətin daxili strukturu piramidavaridir. Buna sosial piramida yaxud sosial strata deyirlər. Onun zirvəsində isə dövlət dayanır. Biz görürük ki, piramidə aşağıdan yuxarıya doğru daralan həndəsi formadadır. Yuxarıya gedən cığır getdikcə daraldığı üçün bütün fərdlərin yuxarıda təmsil olunma ehtimalları get-gedə azalır. Amma aktiv cəmiyyətlərdə hamı zirvəyə doğru can atır. Bu da insan xislətindən yaranan çox normal bir hadisədir. Əhəmiyyətli olan, bu piramidanın içərisində olan “sosial liftin” işləməsidir. Əgər “Sosial lift” aktivdirsə, siz liftə ən aşağıdan minib, ən yuxarıya qədər qalxa biləcəksiniz. Yox bu “lift” işləmirsə, demək sizin aşağıdan yuxarıya çıxışınız bağlıdır. Bu zaman cəmiyyət arasında dialoq olmur. Azərbaycan cəmiyyəti açıq sosial sistemdir. Bu gün şahidiyik ki, “sosial strata”nın zirvəzində olan nazir öz oğlu aşağı qatda olan bir müəllim qızını almaqla onunla qohum olur. Demək, sosial qruplar arasında körpü var, bu itmir. Hər hansı vətəndaş bu “sosial lift” sayəsində mənşə etibarilə kəndli, yaxud müəllim olsa belə, gəlib nazir, nazir müavini olub, yaxud başqa bir peşə sahəsində çox böyük uğurlar qazana bilib. Deməli, adi vətəndaşı sosial mənşəyinə baxmayaraq yuxarı daşıyan “lift” var. Azərbaycanda yüzlərlə, minlərlə belə təccrübə saya bilərik. Deməli ölkəmizdə cəmiyyətdaxili dialoq və cəmiyyətlə mətbuat arasında intensiv dialoq mövcuddur.

“Kim bilir bəlkə də mətbuatın missiyası siyasətin yükünü daşımaqdır”



- Hikmət müəllim, politoloqsunuz və regionda baş verən proseslər, beynəlxalq münasibətlərlə bağlı vaxtaşırı şərhləriniz olur. Bir mətbuat adamının dünyada baş verən proseslərdən hali olması təbii ki, xeyrimizədir. Amma belə fikirlər də var ki, jurnalist müstəqil olmalıdır, siyasi mənsubiyyəti olmamalıdr. Görünən odur ki, bu gün jurnalistikadan siyasətə, siyasətdən jurnalistikaya transverlər var. Bununla bağlı çoxlu misallar da çəkmək olar. Sizcə bu proses mediada olan boşluqdan yaranır, yaxud sosial-ictimai tələbdir və bunun jurnalistikaya əks göstəriciləri nədir? 

- Ümumiyyətlə, jurnalistikanın ideallaşdırılmasının əleyhnəyəm. O cümlədən “jurnalistikanın birinci vəzifəsi operativ informasiya ötürməkdir” fikri ilə də tam razılaşmıram. Jurnalistika bu gün cəmiyyətdə əlahiddə bir funksiyanı yerinə yetirir. Jurnalistikanın bir çiynində mətbuatın yükü var, bir çiynində siyasətin yükü . Jurnalistikanın siyasiləşməsinə görə də jurnalistlər günahkar deyil. Çünki dünya siyasiləri də bəyan ediblər ki, media dördüncü hakimiyyətdir. Hakimiyyət isə bütövlükdə siyasi anlayışdır. Bakı şəhərində keçirilən IY Beynəlxalq Bakı Humanitar Forumda Azərbaycan Respublikasının Prezidenti cənab İlham Əliev dedi ki, əgər internet resursslarını da nəzərə alsaq, bu gün mətbuat ikinci hakimiyyətdir. Bu fikir müasir mərhələdə informasiyanın əhəmiyətliliyi baxımından, mətbuatın rolu baxımından ona verilən ən böyük qiymətdir. Ancaq təəssüf ki, əksər hallarda biz jurnalistlər bu sözü hərfi mənada başa düşürük. “Hakimiyyətik”, deyəndə elə bilirik ki, belə də olmalıdır. Lakin nəzərə alınmalıdır ki, hər bir sözün etimaloji, semantik, leksik mənası var. Çoxlarımız bu sözü semantik mənada başa düşürük və elə bilirik ki, doğurdan da hakimiyyətik. O zaman sual ola bilər: əgər belə deyilsə bu söz bizim haqqımızda niyə deyilir. Ona görə ki, media hakimiyyət resurslarını formalaşdıran vasitələrdir. Özünü hakimiyyət kimi başa düşən medianın baxışları siyasətlə toqquşa bilir. O elə bilir ki, siyasi missiya yerinə yetirir, əslində isə belə deyil, çünki jurnalistikanın funksiyalarını biz bilirik. 
“Media bəzən dürüst bir siyasətçidən elə bir obraz yaradar ki, bu o siyasətçinin siyasi həyatının sonu ola bilər”

Tahirə xanım, amma biz onu da bilirik ki, mətbuatın missiyası, onun funksiyasından qat-qat böyükdür. Missiya o qədər geniş bir anlayışdır ki, biz jurnalistikada məhz bunu görürük. Ona görə də, kim bilir, bəlkə də mətbuatın missiyası siyasətin yükünü daşımaqdır, siyasilərin keyfiyyətini müəyyənləşdirməkdir. Hər bir siyasi liderin ictimai, siyasi obrazını kim yaradır, media. Media dürüst bir siyasətçidən elə bir obraz yaradar ki, bu o siyasətçinin siyasi həyatının sonu olar. Amma eyni zamanda o qədər də xoş olmayan bir siyasətçidən yaxşı bir obraz formalaşdırıb cəmiyyətə təqim edə bilər. Demək biz, hakimiyyət resurslarını formalaşdırırıq. Ona görə də bizə dördüncü hakimiyyət deyirlər. Amma bu, birbaşa mənada başa düşülməməlidir.

“Bu gün daha çox əqlimizin, intellektimizin yox, istehlak etdiyimiz informasiyanın övladlarıyıq”



- Hikmət müəllim, dediyiniz “semantik yanaşma” ilə bağlı konkret bir misal çəkə bilərsinizmi ki, daha aydın olsun?

- Etiraf edək ki, Azərbaycanın bugünkü mətbuatı sovet mətbuatının varisidir. Biz bilirik ki, hər nə qədər fərqli keyfiyyətlərdə olsaq da, “sovet şineli”ndən çıxdığımız üçün məhz o dəyərlərin üzərində formalaşmış mətbuatıq. Bilirik ki, sovet mətbuatı da çox siyasi yox, ideoloji mətbuat idi. Sovet dövründə heç bir mətbuat nümayəndəsi deyə bilməzdi ki, mən hakimiyyətəm. Çox təəssüf ki, indiki mərhələdə bu cür düşünənlər var. 
1991-ci ildə Azərbaycanda sovet hökuməti dağılandan sonra cəmiyyətə yeni dəyərlər daxil oldu. İndiki “siyasiləşmə sindromu”, yaxud “özünü hakimiyyət hissetmə” sindromu o dövrdə yarandı. Çünki böyük bir cəmiyyət çökmüşdü, çökən cəmiyyətlə bərabər onun dəyərləri,eyni zamanda onun mətbu dəyərləri, siyasi, mənəvi dəyərləri də çökmüşdü. Biz “böyük vətən” anlayışından “Azərbaycan vətəni” anlayışına keçirdik. Artıq vətənpərvərlik bizim üçün Brestdə yox, Qarabağda savaşmaq idi. Yeni dəyərlər, həm də mətbuata gəlirdi. Yəni biz artıq böyük sovet mətbuatından yox, öz milli mətbuatımızdan danışırdıq və hələ bərkiməmiş bu sferaya xaricdən impulslar daxil olurdu. Bu impulsların bir qismi xeyirlidisə(söz, mətbuat azadlıqları və s) , bir qismi çox zərərli idi. Biz onda dərk etmirdik ki, bizim qəbul etdiyimiz, bizə ideal görünən “dəyərlər” gələcəkdə başımza hansı oyunları açacaqdır. Bu mərhələdə, imperialist mərkəzlər, qlobalistlər informsiyadan bir silah kimi istifadə etməyə başladılar. Nəhayət informasiya, artıq “yumşaq güc” kimi dəyərləndirildi. Bu termin ona görə ortaya çıxdı ki, informasiya bizdən xəbərsiz bizim beynimizdə bizim sosial kimliyimizi formalaşdırır. Ətraf mühitdə baş verənləri biz əqli, idraki keyfiyyətlərimizə söykənərək yox, bizdə formalaşan informasiya bazasına görə qəbul edirik. Z.Freydin məhşur “şüuraltı yaddaş” nəzəriyyəsinə görə informasiya bizim şüuraltı yaddaşımızda formalaşır və biz informativ keyfiyyətlərimizə söykənərək, qərar qəbul edirik. Biz daha çox əqlimizin, intellektimizin yox, istehlak etdiyimiz informasiyanın övladlarıyıq. Bəs bu informasiya necə ötürülür?
Bu informasiyalar manipulyativ informasiyalar adlanır. Manipulyasiya insan şüurunun gizli şəkildə idarə edilməsidir. Bunun iki metodu var: sensitiv, rasional . Sensitiv metod, sosial qruplar üzərindən müəyyən informasiyaları cəmiyyətə ötürməklə cəlbedici sosial mühit formalaşdırmaq və onun vasitəsilə cəmiyyəti yönləndirməkdir. Biz indi buna “5-ci kolon” deyirik. Mən rasional vasitəni də birbaşa manipulyasiya adlandırıram. Çünki bu metodla hər bir fərdin şüuru ilə birbaşa işləyirlər. Hər iki vasitə qlobal informasiya mərkəzləri cəmiyyətləri tərəfindən milli mətbuatlara ötürülür və idarə olunur. Mən bunu informasiya inperializmi adlandırmışam. Bu da ona xidmət edir ki, imperialist mərkəzlərin maraqları təmin olunsun. Milli dövlətə təzyiq edilsin. Xüsusən internet mediası üzərindən...

- Bizdə bunlar hansı nöqtələrdədir?

- Yadınıza gəlirmi, 2011-ci ilin aprel ayında “Qisas günü” kodu adı xaricdən bizim cəmiyyətə çağırışlar olurdu. Qisası kimdən almalıydıq, bizim qisas alacağımız kimlərsə varsa, o da erməni işğalçılarıdır, biz torpaqlarımızı qaytarmalıyıq. Amma o vaxt xalqı hakimiyyətə qarşı qisasa çağırırdılar. Azərbaycan cəmiyyətinin informasiya məkanını idarə edənlər vaxtında bu nöqtələri tutub profilaktik tədbirlər görməsəydi, həmin o milli informatorlar öz dövlətlərinə qarşı çıxacaqdılar və mill dövlət çökəcəkdi. Bir çox ölkələrdə bunun təcrübəsini görürük- vətəndaş öz dövlətini yıxır. Ona görə də biz informasiya məkanımızı idarə edənlərə çox böyük təəşəkkür borcluyuq. 

“Bu gün İnformasiya “ya, ya da” səviyyəsindədir”



Cəmiyyətin radikallaşmasını istəyən “5-ci kalon”, müxalifət adlandırılan və xaricdən idarə olunan marginal qruplaşmalar var.
Tahirə xanm, bu gün İnformasiya “ya, ya da” səviyyəsindədir. Ya “siz” informasiya məkanınızı idarə edib, öz informasiya məkanınızda subyekt olacaqsınız, ya da qlobol inperialist mərkəzlər sizin informasiya məkanınızı idarə edəcəklər və siz də obyekt olacaqsınız. Bu olacaqsa, sizin informasiyanız nə milli maraqları qoruya biləcək, nə müstəqil, nə də azad ola biləcək. Azadlıq isə qanunlarla məhdudlaşdırılan fəaliyyətdir. Azadlıq hüquqi və ictimai çərçivə içərisində olmalıdır. Ona görə də bəzi hallarda “mətbuat azadlığı” deyəndə bunu düzgün başa düşmək lazımdır. Bilmək lazımdır ki, biz azadıq və qlobal informasiya məkanının kölgəsi deyilik. 

- Hikmət müəllim, vaxt var idi mətbuatın kağız problemləri var idi. Tez-tez baş redaktorlar bir araya gəlib problemləri qaldırırdılar. İndi bu hallar yoxdur. Bu gün problemlər öz həllini tapıb, deyəsən. 

- Əlbəttə ki, çap mediasında əsas material kağızdır. Bilirsiniz ki, Azərbaycan Respublikası Prezidentinin sərəncamı ilə çap mətbuatı bütün çap və çap məhsullarına vergilərdən azad olunub. Kağız, boya, çap prosesində istifadə olunan digər texniki məhsulların əldə olunması heç bir çətinlik törətmir və xüsusi izafi xərclə başa gəlmir. 

- Sizcə bir çox çap mətbuatının “sakitliyə”, “görünməzliyə” çəkilməsi həm də elektron KİV-lərin, nəşrli KİV-ləri üstələməsi ilə bağlı ola bilərdimi. Buna yanaşmanız necə olacaq?

- Bu gün danılmaz faktdır ki, internet resursları və elektron media var. Amma bununla bərabər, çap mediası da mövcuddur. Çox sürətlə həyatımıza girən internet, mətbuat müstəvisində də bir çox şeyləri alt-üst elədi. Amma indi sabitləşmə mərhələsidir. Son dövrlər göründü ki, “internet möcüzəsi” çap mediasını heç də sıxışdırıb aradan çıxara bilməyəcək. Çünki son bir neçə ildə çap mediasına qayıdış tendensiyasını müşahidə etməyə başlamışam. Çünki elektron medianın arxivləşdirilməsi, əldə tutulub gəzdirilməsi bir qədər çətindir və sair. Ona görə də cəmiyyətdə cap mediasına qayıdış başlayıb. Bunun nə qədər sürəcəyini bilmirəm, amma hər halda hesab etmirəm ki, iternet medianın güclü olması çap mediasının faciəsi deyil. Çap mediası bu mübarizədə özünü təsdiq edə bildi və kritik mərhələ artıq arxada qaldı.

“Bu, yenə də bizim Azərbaycan mediasının günahıdır”



- Milli-mənəvi dəyərlərin qorunmasında, təbliğində böyük rola malik olan televiziyaların səviyyəsi, durumu, apardığı təbliğat nə dərəcədə dövrlə səsləşir. Əgər veriliş, aparıcı zəifdirsə, “yüngüllər” “ciddiləri” üstələyirsə, bunun günahkarı kimi tamaşaçını qınamaq nə dərəcədə düzgündür. Televiziyanı “bazar” edib pul qazanırlar, günahkar da olur tamaşaçı...

- Çox ağrılı bir problemə toxundunuz. Bayaq qeyd etdim ki, medianın missiyası funksiyasından böyükdür. Media təkcə informasiya ötürücüsü, institutu deyil. Media eyni zamanda mənəviyyatı, mədəniyyəti formalaşdıran bir vasitədir. Bilirsiniz ki, medianın ilkin funksiyalarından biri maarifləndirmədir. Bax bu mənəviyyat, mədəniyyət maarifləndirmə prosesində əmələ gəlir. Demək, media cəmiyyəti necə maarifləndirirsə, elə də cəmiyyətdə özünü göstərir. Ona görə də hesab edirəm ki, hər bir media mənsubu bu məsuliyyəti dərk etmlidir. Media böyük bir müəllimdir və çox böyük auditoriyada tədris prosesi aparır. Burda elektron media – radio və televiziya daha önə çıxır. Çox hörmət etdiyimiz, məhşur telekanallardan birinin rəhbəri demişdi ki, reytinqə görə veriliş hazırlayıram, reytinqi də auditoriya müəyyənləşdirir. Yaxşı gəlin görək, auditoriyann keyfiyyətini kim müəyyənləşdirir. Bax sual burdadır. Demək biz ilk növbədə elə auditoriya tərbiyə etməliyik ki, o auditoriya ucuz verilişlərə baxmasın. Demək bu, yenə də bizim Azərbaycan mediasının günahıdır ki, zövqsuz auditoriya tərbiyə eləmişik və artıq onun əsiri olmuşuq. İndi də zövqsüz verilişlərlə onun zövqünü oxşayaraq reytinq qazanırıq. Onu da arqument kimi təqdim edirik ki, “verilişin reytinqinə baxın, bunu bağlamaram...”
Demək yenidən silkələnmək lazımdır. Yeni keyfiyyətli auditoriya formalaşdırmaq lazımdır ki, bu auditoriya savadlı olsun və sənin intellektual verilişlərinin reytinqi qalxsın. Sənin intellektual təqdimatın olmayıb, yüksək mənəvi dəyərlərə söykənən verilişlərin olmayıb. Yaxud çap mediasında belə mövzular olmayıb, araşdırma jurnalistikası yox, tariximizi yazmırıq, sosial problemləri araşdırıb kökünə getmədiyimizə görədir ki, bu auditoriya yüngül verilişləri daha çox qiymətləndirir. Biz nə vaxt bunu elədik ki, o da dönüb mükafat kimi bizə qayıtmadı. Biz cəmiyyətə nəyi versək, o da özümüzə qayıdacaq. Demək yüksək səviyyədə yeni münasibtlər qurmaq lazımdır. Akademik Ramiz Mehdiyevin “Azərbaycanın efir məkanı: problem və vəzifələr” adlı yazısında bu məsələlər qoyulmuşdu. Əlbətdə ki, müəyyən irəliləyişlər də var. Amma bu, uzun müddətli prosesdir. Biz bir dəqiqənin içində heç nəyi dəyişə bilmərik. Bu gün sizinlə bu problemi danışırıqsa, demək düzgün diaqnoz qoya bilmişik. Bunun özü də o deməkdir ki, arıq bu problemin həll edilməsi üçün şərtlər formalaşır. 

“Əgər cəmiyyət mətbuata “nə yazırsa yazsın” statusunda baxırsa, demək öz simasını itirib”



- Mətbuatda “reketçilik” problemi nəyə görə həllini tapa bilmir?

- Biz bu gün “reket” jurnalistikadan şikayət ediriksə, deməli onu “qidalandıran” mühit var. Mediamızla, cəmiyyətimizlə, radiomuzla, televiziyamızla, reket jurnalistlərimizlə, bu BİZİK. Demək hələ də “reket” mətbuatı “qidalandıran” ünsirlərimiz var - biri çəkinir, biri doğrudanda pis iş görüb açılmasından qorxur və sair. Bunun həlli üçün çox gözəl qurum formalaşdırılıb- Mətbuat Şurası. Bu qurum dövlətə bağlı səlahiyyətli təşkilat yox, ictimai rəyi səfərbər edən ictimai təşkilatdır. Həmin “reket”mətbuatı sıradan çıxaracaq ən effektiv vasitə ictimai qınaqdır. Hesab edirəm ki, ictimai qınaq mexanizmi Azərbaycanda qurulub və işləyir. Məsələn, ən yüksək səviyyədə deyildi ki, jurnalistləri məhkəməyə verməyin, mən vermirəm siz də verməyin. Bu olduqca məntiqli və doğru çağırış idi və siz bilirsiz bunu kim elədi. Yəni dövlət isdədi ki, burda məsuliyyət gəlib jurnalistikanın öz üstünə düşsün, özü özünü tənzimləsin. Əgər cəmiyyət mətbuata “nə yazırsa yazın” statusunda baxırsa, demək o öz simasını itirib. Ona görə də ictimai qınaq bu problemi həll edən əsas vasitə olmalıdır. 

- Hikmət müəllim, Mətbuat Günü münasibətilə jurnalistlərin mükafatlandırılması oldu. Amma bununla bağlı əks fikirlər də səsləndi. Kimlərsə dedi ki, mükafatlandırma “jurnalistikanı öldürür. Bunu nə dərcədə doğru, nə dərəcədə yanlış saymaq olar və əgər bir jurnalist özünü mükafata təqdim edirsə, nəyə görə o qınanmalıdır?

- Mən o fikrin əleyhinəyəm. Çünki o yerdə əmək sərf olunursa mütləq qiymətləndirilməlidir. Biz adi evdə övladımızı tərbiyə edərkən onu yaxşı əməlinə görə tərfləyir, nə iləsə qiymətləndiririk. Bu günlərdə 200-ə qədər jurnalistin mükafatlandırılması çox vacib bir şeydir. Bu olmasa, biz yaxşı ilə pisi seçə bilmərik. Amma qiymətləndirmə kriteriyaları düzgün müəyyənləşdirilməlidir. Bax əsas odur. Hesab edirəm ki, bu gün Azərbaycan mətbuatını motivasiya etmək, jurnalistin peşə nüfuzunu qaldırmaq üçün bu lazımdır. Bu, haqlı olaraq dövlət səviyəsində olmalıdır. Olmasa Azərbaycanda jurnalistika inkişaf eləməz. Bu prosesdə kimsə hesab edirsə ki, nəsə doğru olmadı, bu onun şəxsi fikri ola bilər. 

“Öz hüquqlaını bilib və onu qorumağı bacaran vətəndaşları olan ən kiçik bir ölkə, ən böyük dövlət qədər güclüdür”

 



- Bizdə sosial mühitdə ictimai qınağın olmaması müəyyən problemləri yaradan bir məsələ kimi həmişə narahatlıq doğurub. Sizcə bu ictimai qınaq jurnalistika ilə əlaqəni qura bildimi?

- Başqa sahələri demirəm, amma ictimai qınaq jurnalistika sahəsində mövcuddur. Biz bunu Mətbuat Şurasının fəalyyətindəki adi dinamikada görə bilirik. Söhbət ondan gedir ki, beş il qabaq “reket” jurnalistika ilə bağlı nə qədər şikayət daxil olurdu, bu gün nə qədər daxil olur. Bu şikayətlər qrafikini izləsək, görərik ki, sürətlə aşağı düşüb. Görünür Mətbuat Şurası işləyib ki, belə bir nəticə alınıb. Bəlkə də kənardan görünmür, amma proses gedir. Qaldı küçədə, nəqliyyatda baş verən neqativ hadisələrə qarşı ictimai qınağın olmamağına, laqeydliyə, bu cür problemlər var. Hələ ulu öndərimiz Heydər Əliyev deyirdi ki, “öz hüquqlaını bilib və onu qorumağı bacaran vətəndaşları olan ən kiçik ölkə, ən böyük dövlət qədər güclüdür.” Bu fikir bir çağırışdır: Öz hüquqlarını bil, ikincisi onu qorumaq üçün təşəbbüskar ol. Hər bir cəmiyyət həm də onda inkişaf edir ki, orda fərdlər mübarizdir. Öz hüquqlarını bilir,onun uğrunda mübarizə aparırlar. Bizim dediyimiz ictimai qınaq və digər institutlar da, mübariz vətəndaşları olan cəmiyyətlərdə daha effektiv olur. 

Tahirə QAFARLI
Versus.Az

Xəbər lenti

InvestAZ

Ən çox oxunan xəbərlər

“İsgəndər Həmidov onları oğlunun toyuna çağırmır...”

Məhluqə Rəhimova yenidən ƏQC-nin sədri seçildi

“Bu “zirvə” real olmayan bir zarafat kimidir”

“Müxalifətin zirvə görüşü zəruridir”

Ümummilli lider Xanqaraqoyunlu məktəbində də anılıb

Bağışlanmaz səhvlərə imza atanlar

“Bu partiyalar arasında bir-birini qəbul etməyən siyasətçilər çoxdur”

Qənirə Paşayeva "Nuri Dağtekin Özel Ödülü" ilə ödülləndi

Sayğacın pulu ödənilib, amma sayğacdan xəbər yoxdur - VİDEO

“Gürcüstan Azərbaycan cəmiyyətində də canlanma yarada biləcək”

Laçınlı döyüşçülər Heydər Əliyevin məzarını ziyarət ediblər

"Sağlığımdan dolayı dualarınız üçün minnətdaram"

“Axı, Mirşahinin özü də 20 yaşında bir adam deyil”

İki restoran bağlandı

Ermənistan rəhbərliyini işğal olunmuş rayonları qaytarmağa çağırdılar