“Bu o demək deyil ki, Salome Zurabişvili rusiyapərəst siyasət yeridəcək”

21:47 29-11-2018 | icon 128 | Siyasət
“Bu o demək deyil ki, Salome Zurabişvili rusiyapərəst siyasət yeridəcək”

 

İqbal Ağazadə: “Salome Zurabişvili Azərbaycana münasibətdə Qriqol Vaşadze və Mixail Saakaşvili komandasına uduzur”

 

 

Ümid Partiyasının sədri İqbal Ağazadənin Versus.Az-a müsahibəsi

 

- İqbal bəy, Gürcüstanda seçkilərin nəticələri Azərbaycanda müəyyən kəsim tərəfindən təəssüf hissi ilə qarşılandı. Səbəb nədir və sizcə Salome Zurabişvilinin seçilməsi bizə hansı xoş olmayan gözləntiləri vəd edir?

 

- Hər halda prezident Vaşadzenin və Saakaşvilinin Azərbaycana münasibəti İvanaşvili və Salome Zurabişvilinin münasibətindən daha isti və fərqli idi. Bu baxımdan aparılan müqayisələrdə Salome Zurabişvili Azərbaycana münasibətdə Qriqol Vaşadze və Mixail Saakaşvili komandasına uduzur. Amma bu o demək deyil ki, Salome Zurabişvili gələn kimi Cənubi Qafqazda nizamı dəyişməyə çalışacaq, Azərbaycan proseslərdən tamamilə kənarlaşdırılacaq, yaxud da ona hər hansı bir aqresiv münasibət sərgilənəcək. Unutmaq lazım deyil ki, Azərbaycanın Gürcüstan iqtisadiyyatının, o cümlədən Cənubi Qafqaz siyasətinin içərisində önəmli yeri və mövqeyi var. O cümlədən orda yaşayan azərbaycanlıların proseslərə münasibətinə qədər Azərbaycanın Gürcüstanın həyatındakı rolu danılmazdır. Bu baxımdan hər kəs bu faktorla hesablaşmalı olacaq.

 

- Seçkinin məlum nəticəsi Qərbin Gürcüstanla bağlı siyasətində hansı məqamlara aydınlıq gətirdi?

 

- Qərbin bu məsələlərdə mövqeyi açıq və şəffaf idi. Gürcüstanda demokratik proses yekunlaşıb. Seçkilərin nəticələri Qərb üçün demokratiya göstəricisi hesab olunmur. Artıq seçkilərdə fərdlərin seçilməsi sistemi işləyir. Prezident ikinci turda seçildi və seçkilərdə ikinci turun keçirilməsinin özü belə demokratiyaya yaxınlaşma deməkdir. Hesab edirəm ki, nəticənin Qərb üçün elə bir əhəmiyyəti, dəyəri yox idi.

Bizim pəncərədən baxanda isə proseslər bir qədər fərqli görünə bilər. Seçkinin demokratik keçirilməsinin göstəricilərindən birini qeyd etmək istərdim. Belə ki, seçkidə diplomatik korpusların böyük əksəriyyəti, təxminən 3/2-si, Vaşadzeni dəstəkləyib. Bunun özü seçkinin demokratikliyinin göstəricisidir. Səfirliklər bilavasitə hökumətin nəzarətində olan strukturlardırsa və iri miqyaslı saxtalaşdırmaya cəhdlər olsaydı bunlar diqqətdən kənarda qalmazdı. Düzdür, qanun pozuntularının olması istisna deyil. Seçki öncəsi kreditlərin ödənilməsi və sair şirnikləndirici vədlər var idi. Amma Vaşadze və komandası bu tipli hallardan öz xeyrinə istifadə edə bilmədi.

 

- Ekspertlər Gürcüstandakı seçkilərin nəticəsini daha çox Rusiya və Qərbin regionda gedən mübarizəsi kimi təqdim edirlər. Bir çoxları seçkinin nəticələrini Rusiyanın hələ də regionda öz hökmünü saxlaması kimi önə çəkirlər. Bu nə dərəcədə doğru yanaşmadır?

 

- Seçkilərin Rusiya və Qərb arasında gedən mübarizə kimi təqdim olunmasını düzgün sayməram. Rusiya dəstəklədi deyə Zurabişvili uddu, yaxud Qərb zəifdir deyə Saakaşvili komandası uduzdu fikri ilə də razı deyiləm. Sadəcə olaraq Saakaşvili Rusiya üçün daha arzuolunmayan şəxs idi. Mövcud hakimiyyət isə Rusiyaya qarşı Saakaşvilinin siyasətinə bənzər siyasət aparmır, daha korrektə olunmuş və daha fərqli mövqedə olan siyasət yürüdür. Ona görə də bunu Rusiyanın qalibiyyəti hesab etmirəm. İkincisi, İvanaşvili dünənki çıxışında çox net şəkildə dedi ki, biz Avropanın bir parçası olaraq inkişaf etmiş, demokratikləşmiş Gürcüstan yaradacağıq, bu istiqamətdə siyasətimiz davam edəcək.

 

Salome Zurabişvilini və onun komandasında təmsil olunanları rusiyapərəst hesab eləmirəm. Sadəcə hesab edirəm ki, Saakaşvili Rusiyaya qarşı daha açıq və sərt mövqe tuturdu. O mövqenin qalib gəlməməsi Rusiya üçün daha məqbul idi. Rusiya məqbul olanı gördü, məmnun oldu. Amma bu o demək deyil ki, İvanaşvili, yaxud Zurabişvili rusiyapərəst siyasət yeridəcək.  Gürcüstan öz mövqeyini ortaya qoyub və Avropaya inteqrasiya sürətlə davam edir.

 

- Bu gün Saakaşvili öz tərəfdaşlarını etiraz mitinqlərinə çağırır. Belə fikirlər var ki, Qərb emossional çıxışlarından dolayı Saakaşvilini də sevməməyə başlayıb.

 

- Qərb ortada real güc olanda qəbul edir. Qərbin kimi sevib sevməməsi nəticəni o qədər də dəyişmir. Qərb sistemin nə dərəcədə demokratik və dünya birliyinə verdiyi xeyirdən dolayı mövqe ifadə edir. Vəssalam. Ona görə də Saakaşvilinin prezident olub-olmayacağının Qərb üçün elə bir əhəmiyyəti yoxdur. Saakaşvili insanları etiraza çağırır. Ola bilsin ki, bir neçə gün etiraz dalğası olsun. Amma bununla ən yaxşı halda növbədənkənar parlament seçkilərinə nail ola bilərlər ki, bu da özü-özlüyündə müxalifətin qələbəsidir.

 

T.Qafarlı
Versus.Az

Xəbər lenti

InvestAZ

Ən çox oxunan xəbərlər

“İsgəndər Həmidov onları oğlunun toyuna çağırmır...”

Məhluqə Rəhimova yenidən ƏQC-nin sədri seçildi

“Bu “zirvə” real olmayan bir zarafat kimidir”

“Müxalifətin zirvə görüşü zəruridir”

Ümummilli lider Xanqaraqoyunlu məktəbində də anılıb

Bağışlanmaz səhvlərə imza atanlar

Qənirə Paşayeva "Nuri Dağtekin Özel Ödülü" ilə ödülləndi

“Bu partiyalar arasında bir-birini qəbul etməyən siyasətçilər çoxdur”

Sayğacın pulu ödənilib, amma sayğacdan xəbər yoxdur - VİDEO

“Gürcüstan Azərbaycan cəmiyyətində də canlanma yarada biləcək”

Laçınlı döyüşçülər Heydər Əliyevin məzarını ziyarət ediblər

"Sağlığımdan dolayı dualarınız üçün minnətdaram"

“Axı, Mirşahinin özü də 20 yaşında bir adam deyil”

İki restoran bağlandı

Ermənistan rəhbərliyini işğal olunmuş rayonları qaytarmağa çağırdılar