Qarabağ Komitəsində baş verən “pərdəarxası”çiddi məsələlərdən danışdılar

09:52 04-12-2018 | icon 167 | Siyasət
Qarabağ Komitəsində baş verən “pərdəarxası”çiddi məsələlərdən danışdılar

 

Pənah Hüseyn: “Biz dəfələrlə Sabir bəyə demişik ki, indi Elçibəy yoxdur, gəlin bu işdə ağsaqqalıq edib qabağa düşün, amma...”

 

 

Əvəz Zeynallı: “Mitinq Komitəsi rəsmən bu adamlara yalvarıb  ki, sən Allah, lütf eliyin bu millətin lideri olun, gəlin çıxış edin”

 

 

Versus.az  Qarabağ Komitəsinin üzvləri jurnalist Əvəz Zeynallı və partiya sədri Pənah Hüseynin iştirakı ilə keçirdiyi “Dəyirmi masa”da  ictimai-siyasi təşkilatların, eləcə də müxalifətin Komitəyə münasibəti, daxildən və  xaricdən olan təsirlər, gözləntilər ətrafında müzakirələr aparıb. Müzakirələrdə müxalifət partiyalarının Qarabağ Komitəsinin işinə qoşulmama səbəbləri, Qarabağ mitinqilərində iştirakdan boyun qaçırmaları və digər nüanslara aydınlıq gətirməyə çalışılıb.

 

- Pənah bəy, Əvəz bəy, sualım hər ikinizədir, niyə müxalifətin əsas kəsimi sayılan AXCP, Müsavat, Milli Şura Qarabağ Komitəsinin mitinqinə qoşulmadı və nəyə görə ictimai-siyasi təşkilatlar “Qarabağ mitinqlərlə həll olunmayacaq” - deyə, xalqın gücünün əhəmiyyətini azaltmağa çalışdılar. Eləcə də xalq 3-cü cəhddə, yəni dekabrın 15-nə təyin olunan Qarabağ mitinqində müxalifətin ümummilli məsələyə vahid mövqedən yanaşdığını görə biləcəkmi?

 

Pənah Hüseyn:

- Əvvəla qeyd edim ki, Qarabağ Komitəsinin mərkəzi heyətində AXC, Müsavat və bir çox digər partiyalardan olan nümayəndələr var. Eləcə də  Komitədə heç bir partiyanın üzvü olmayan şəxslər, iqtidara loyal münasibət bəsləyən insanlar və iqtidara qarşı prinsipial müxalifətdə olan insanlar da var.

Qarabağ Komitəsi siyasi müxalifət təşkilatı deyil, siyasi müxalifətçilik fəaliyyəti ilə məşğul olmur. Yeganə hədəf Qarabağ məsələsinin bir nömrəli əsas  məsələ kimi gündəmdə saxlanmasına nail olmaq, bu məsələdə istər iqtidara, istər dünya cəmiyyətinə Azərbaycan cəmiyyətinin baxışlarını, tələblərini çatdırmaq və geniş mənada bu məsələnin xalq səviyyəsində müqavimətinin təşkil olunmasına nail olmaqdır. Bu baxımdan komitənin mitinqində bir neçə müxalifət partyasının iştirak edib- etməməsi istiqamətində dəyərləndirmə aparmaq yanlışdır. Eyni məsələni YAP-a, Ana Vətən Partiyasına və sair qurumlara da aid etmək olar. Bizim hədəfimizə bu daxil deyil.

Ötən 29 sentyabr mitinqində istər Müsavat Partiyasının, istər AXCP və digər siyasi partiyaların üzvləri fərdi qaydada iştirak edirdilər. Özü də tək-tük yox çoxluq şəklində. Dekabrın 15-nə elan olunmuş mitinqlə bağlı isə çox güman ki, siyasi partiyalara müraciət olunmayacaq. Çünki siyasi partiyalara müraciət etmək Komitədə istəmədiyimiz siyasiləşmə məsələsinə səbəb olur. Biz buna sırf milli məsələ, Azərbaycan vətəndaşının fərdi mövqeyi kimi yanaşırıq. Biz Orda  siyasətçi deyilik, müxalifətçi deyilik. O baxımdan da biz işimizi bu yöndə davam etdirmək firkindəyik və bu çağırış da hər kəs üçündür. Mitinqlə bağlı ayrıca qaçqın və köçkünlərə də bir müraciətin olmasını yanlış hesab edirəm. Çünki bu, istər-istəməz bir ayrımçılığa səbəb olur. Biz öz çağırış və müraciətlərimzi bütün Azərbaycan xalqına, bütün vətəndaşlarımıza ünvanlayırıq. İnandırım ki, bu nə taktika deyil, nə də hansısa başlanğıcı gizlətmək deyil. Bu, hər kəsin ürəkdən gələn bir mövqeyidir.

 

- Niyə ilk mitinqə icazə verildi, amma sonrakı mitinqlərə yox, sizcə səbəb nə ola bilərdi?

 

- Bunun cavabını iqtidar yaxşı verə bilər. Mənm fikrimcə, hakimiyyətin mitinqə icazə verməməsi antimilli bir mövqedir, üstəlik hüquqa ziddir. Bakı Şəhər İcra Hakimiyyətindən bizə verilən cavabda, “möhtərəm Prezident bu işlə məşğul olur və bu işlər kifayət qədər şəffaf aparıldığına görə sizin Qarabağın işğaldan azad olunması, “işğala son” ilə bağlı mitinq keçirmənizi məqsədəuyğun saymırıq” oldu. Bu, mitinqə icazə verməmək üçün heç bir əndazəyə sığan əsas ola bilməz. Bu, tamamilə hüquqa, sağlam məntiqə sığmayan bir yanaşmadır. Düzdür, bununla bağlı məhkəməyə şikayət vermişik və dekabrın  7-də məsələyə baxılacaq. Eyni zamanda biz növbəti dəfə də mitinqlə bağlı müraciət eləmişik. Səbəb son dövrdə Ermənistanda baş verən hadisələr, beynəlxalq miqyasda bir qrup erməni lobbisi və onların havadarlarının Ermənistanı svilizasiya yolu seçmiş xalq kimi qələmə verib, onların işğalçılıq faktını, torpaqlarımızı əsarətdə saxlamalarını, Azərbaycana qarşı  töprətdikləri terror əməliyyatlarını ört-basdır eləməkdir. Belə bir fikir yayılır ki, guya Azərbaycan xalqı müəyyən təslimçi kompromislərə hazırdır. Hesab edirik ki, məhz indiki məqamda Qarabağın işğaldan azad olunması tələbi, Azərbaycan xalqının əsas mövqeyi kimi ortaya qoyulmalıdır. Bu məsələdə azlığından, çoxluğundan asılı olmayaraq Azərbaycanın milli maraq və mənafeyini özünün maraqları kimi ortaya qoyan insanların özünün ifadə fikri var. Mən bunu çox ciddi hesab edirəm. Kimlərsə güman etməsin ki, Azərbaycan xalqı de-fakto itirilmiş torpaqlarının, de-yure düşmənə təhfil verilməsinə razı olacaq. Hətta daxildə müəyyən qüvvələr buna meyillənsə belə biz bu fikrimizin mitinq şəklində,  kütləvi formada ifadə edilməsini faydalı və zəruri hesab edirik.

 

- Mən sualıma yenidən qayıtmağa məcburam. Bəli, Milli Şuranın, Xalq Cəbhəsi, Müsavat patiyalarının, iqtidaryönlülərin  mitinqdə nümayəndələri var idi. Eyni zamanda həmin partiyalardan belə fikirlər eşidildi ki, “Qarabağ məsələsi mitinqdə həll olunmaycaq”. Onlar bu səbəbdən də mitinqə qoşulmadıqlarını ifadə etdilər. Nəyə görə həmin aparıcı hesab olunan partiyaların liderləri mitinqlərdə görünmür və Komitənin iclaslarına, sizə qatılmırlar, bu pərakəndəlik nə ilə bağlıdır?

 

Pənah Hüseyn:

- Mən bu məsələni onların xoş məramı ilə izah eləmək istədim. Ola bilsin ki, mitinqi siyasiləşdirmək istəməyiblər...

 

Əvəz Zeynallı:

- Qarabağ Komitəsinin keçirdiyi 29 sentyabrda baş tutan mitinqə gələn xalq, birləşmiş müxalifətin mitinqinə gələn xalqdan ən azı 2 dəfə çox idi. Əsas fakt budur. Qarabağ Komitəsinin timsalında Azərbaycan xalqının özü faktor kimi meydana çıxdı. Bu məsələ hakimiyyətin, bizim dostlarımzın bizə olan münasibətlərində əsas rol oynayır. Qarabağ Komitəsi fərdlərdən ibarədir. Qarabağ Komitəsi fərdlərin və hansısa liderin, lider qrupunun təsiri altında deyil. O baxımdan həm bizim dostlarımz, həm də hakimiyyət Qarabağ Komitəsinə xalqın ortaya çıxma faktoru kimi baxır. Əslində 24 noyabrda mitinqə icazə verilməmənin səbəbi budur. Hakimiyyət yaxşı bilir ki, Qarabağ mitinqinə bir daha icazə verilərsə, meydana heç olmasa 30 min adam gələcək. Çünki Qarabağ Komitəsi bir liderin, liderlər qrupunun monopoliyasında deyil və bu səbəbdən də onu idarə etmək mümkün olmayacaq.

 

“Partiyalar bir çox hallarda hakimiyyətə oxşamağa başlayıb”

 

- Bu patiyalar niyə sizə qoşulmadı?

 

Ə.Zeynallı:

- Pənah bəy dedi. Bu da uzun müddət davam edən Azərbaycan siyasətinin reallıqlarından biridir. Siyasi partiyaların biri, bir qrupu güclü olmalı, gəlib hakimiyyəti götürməlidir və islahatlar aparmalıdır. Son 20-30 ildə güclənə bilmədilər. Beləcə heç biri özünü islahatlara hazır hesab etməyib. Lakin ən müxtəlif iddialarla bir-birinin ayağının altını qazımaqla, bir-birini nüfuzdan salmaqla, bir-birini ora-bura işləməkdə ittiham ediblər.

Mən hesab edirəm ki, Qarabağ Komitəsinin fonunda  Azərbaycan xalqının özündə bir ümid yaranıb ki, nəsə etmək olar. Deməli, süstlüyün üstündən xətt çəkmək olar. Ortada şəxsi iddialar, şəxsi eqolar olmayanda istənilən nəticəyə varmaq olar. Hansı ki, bu iddialar Qarabağ Komitəsində yoxdur. Bizim keçirdiyimiz iclaslar milli azadlıq hərəkatının ilkin dövrlərini xatırladır. Amma siyasi partiyalarda oturuşmuş bir düzən formalaşıb. Siyasi partiyalarımız bir çox hallarda hakimiyyətə oxşamağa başlayıblar.

 

P.Hüseyn:

- Yəni bizim mövqeyimiz odur ki, Qarabağ Komitəsində istər YAP-ı təmsil edən, istərsə də indiki hakimiyyətə qarşı ən qatı müxalifətdə olan qüvvələr hamısı təmsil olunsun. O baxımdan da mən hesab edirəm ki, Qarabağ Komitəsində gedən bu proses davam edir. Bizim ümumi maraq və mənafelərimiz imkan verir ki, Qarabağ Komitəsinə münasibətdə iqtidar və müxalifətdə müəyyən dəyişikliklər olsun.

 

- Etiraf etməliyik ki, bir çoxları bəzi aparıcı partiya liderlərinin mitinqdə iştirakı təqdirdə xalqın mitinqə gəlməyəcəyindən ehtiyatlanır. Qarabağ Komitəsi olaraq bu məqamı nəzərə almısınızmı?

 

Ə.Zenallı:

- Qarabağ Komitəsinin iclaslarında çıxış edənləri diqqətlə dinləsəniz, sizin bu fikirlərin bir çox hallarda səsləndiyini eşitmiş olarsız. Amma mövzu Qarabağ olduğu üçün nə hakimiyyətdə, nə də müxalifətdə olan heç kimsə ilə ciddi münaqişəyə getmək istəmirik. Məqsədimiz bu məsələni ümummilli məsələyə çevirməkdir. Amma təbii ki, bizim özümüzdə də o fikirlər var. Biz Qarabağ Komitəsinin artıq bir güc olduğunu, özünün meydana çıxdığını, özünün meydanda xalq olaraq bir faktora çevrildiyini görürük.

 

Pənah Hüseyn:

- Söhbət açıldısa, mən sizə bir məsələni deməliyəm. O illərdə bizim milli oyanış hərəkatının meydana çıxmasında əsas rollardan birini Sabir Rüstəmxanlı oynayırdı. Qarabağ Komitəsinin mitinqlə bağlı yazılımış və qəbul olunmuş ssenarisində birinci sözü məhz Sabir Rüstəmxanlı deməliydi.  Biz dəfələrlə Sabir bəyə demişik ki, indi Elçibəy yoxdur, milli hərəkatı başlatmış ziyalılarımız artıq həyatda deyil, onların içərisində bu hərəkatda rolu, yeri olan şəxslərdən biri sizsiniz, gəlin bu işdə ağsaqqalıq edib qabağa düşün. Sabir bəy nəinki bizim bu işdə öz nüfuzundan, adından istifadə edib Qarabağ Komitəsinə fayda verdi, hətta dirçəlişin 30 illiyi ilə bağlı tədbirə  bizi dəvət belə eləmədi. Əli Kərimlini, Arif Haçılını, Cəmil Həsənlini, İsa Qəmbəri - bunları başa düşdüm, siyasilərdir. Amma bizim bu milli hərakat, milli düşüncə, milli zehniyyət dediyimiz, milli yanaşma dediymiz insanların simvollarından olan Sabir Rüstəmxanlı da bu məsələdə fərqli mövqe ortya qoydu. İnanın ki, bizi düşündürən narahat edən məsələlər budur.

 

“Deyir ki, adam yaxşı olsa gəlib çıxış edəcəm”

 

Əvəz Zeynallı:

- Pənah bəy çox önəmli məsələyə toxundu. Qeyd edim ki, ilk mitinq ərəfəsində bizdə çox qarışıq bir vəziyyət idi. Mitinqə icazə verilib və aləm dəyib bir-birinə. Mitinq Komitəsi var, Müsavat Partiyası bizimlədir, Vətəndaş Həmrəyliyi Partiyası bizimlədir və sona qədər bir gəlmişik. Müsavat Partiyasından Arif bəyin müavini Razim Əbdüləzimov, VHP-dan Feymar bəylə daim danışırıq, əlaqəmiz var. Biz həmişə Feymar bəydən soruşmuşuq ki, Sabir bəy məsələni bilirmi, deyib bəli, məlumatlıdır, hər şey qaydasında. Sabir bəylə dəfələrlə mən də danışmışam, Pənah bəy də danışıb. Hər şeydən məlumatı olub. Son dəfə mənə deyib ki, Əvəz son toplantıya gələ bilmirəm, amma mütləq mitinqdə çıxış edəcəm Və biz mitinqdə çıxışa Sabir bəyin adını yazmışıq. Mitinq günü səhər də İqbal bəy Sabir bəyə zəng edib deyir ki, mitinqə gələcəksinizmi? Sabir bəy də deyir ki, adam yaxşı olsa gəlib çıxış edəcəm... Adam yaxşı olmadı, adam çox yaxşı oldu. Amma yenə də gəlmədi. Bir şey də deyim, biz çıxışları planlaşdıranda İsa bəyin də adını ilk sıralarda yazmışdıq. Çünki mitinqə icazə verilib və biz Mitinq Komitəsi rəsmən bu adamlara yalvarırıq ki, sən Allah, lütf eliyin bu millətin lideri olun, gəlin orda çıxış edin.Təsəvvür edin, ya İsa bəy, ya Sabir bəy o mitinqə gəlsəydi və çıxış etsəydi, nə olardı?.. Təbii ki, yaxşı olardı. Amma bəzi məsələlər var ki, o, Qarabağ Komitəsinin də eliyə biləcəyi bir şey deyil. Sadəcə olaraq görünən budur ki, Azərbaycan siyasətində bir doqmatikləşmə, bir monopollaşma, bir oturuşmuş düzən hakimdir. Heç kim öz düzənini pozmaq istəmir.

 

Pənah Hüseyn:

- Üzr istəyirəm, nəyə görə mən Sabir bəyi dedim? Çünki bu gün bu məsələnin qabağına düşəcək bəlkə də birnömrəli adam Sabir Rüstəmxanlıdır. Amma o, o gündən sonra bizimlə tam əlaqəni kəsdi. Yəni demək istəyirəm ki, Sabir bəy kimi adam bu cür münasibət göstərdisə, indi siz o birilərindən nə istəyirsiz.

 

- Əvəz bəy, niyə bu cür yanaşmalar oldu?

 

- İndi Pənah bəy boşluq elədi dedi. Qarabağ Komitəsində “pərdəarxasında” baş verən o qədər ciddi məsələlər var ki... Adam öz-özlüyündə düşünür və biz jurnalistlər zatən bu məsələlər barədə yazmışıq. Amma bu proseslərin içində olub cərəyan edən məsələləri görəndə və milli birini mitinqə dəvət edərkən sənin qarşına - “adam yığılarsa çıxış edərəm” şərtini qoyması başqa bir çıxılmaz mənzərə yaradır. Məndə belə bir fikir yaranıb ki, sentyabrın 27-nə qədər bir yerdə olan adamların 28-i günü geri çəkilməsinə səbəb göstəriş ola bilər. Hardansa adamlara deyilib ki, çəkilin.

 

Pənah Hüseyn:

- Məncə Paşinyanla İlham Əliyevin görüşünün nəticəsi olaraq  mitinqə münasibət dəyişdi. Mitinqdən əvvəl gecə Mirmahmud ağanın köməkçisini tutdular. Səhəri günü Siyavuş Novruzovun əks çıxışları başladı. Komanda verildi ki, mitinq olmasın. Niyəsini deyərəm.

 

Ə.Zeynallı:

- Maraqlısı budur ki, hakimiyyətin “mitinq baş tutmasın komandası” niyə müxalifət partiyalarına verilir.

 

P.Hüseyn:

- Səbəbi budur ki, guya Azərbaycanda Qarabağ danışıqlarına loyal münasibət var, hər şeyə nəzarət edilir, alternativ ictimai təpki yoxdur və ictimaiyyətin təpkisi Paşinyanla danışıqlarda müyyən qərarların verilməsinə mane ola bilər. Bu məsələdə hər şey tam bizə aydın deyil. Mitinqlə bağlı əks fikir Müsavatda olsa da, bunu açıq ifadə eləmirdi. Amma Rüstəmxanlı kimi adamın belə bir addım atması onu göstərdi ki, bizim də bilmədiyimiz  başqa amillər var.

 

Ə.Zeynallı:

- Məsələ odur ki, Qarabağ Komitəsində son ana qədər Müsavatı, VHP-ni yanımızda hiss eləmişik və Pənah bəyin təklifi ilə fikirləşmişik ki, Azərbaycan siyasətində müdrik, ağsaqqal, yolgöstərici, bir Dədə Qorqud misalı olaraq Sabir bəy mitinqə gəlsin.

 

- Bu gün məsələ mitinqə kimlərin, hansı təşkilatların gəlməsi deyil, məsələ məhz Qarabağ məsələsində niyə bir araya gələ bilməməkdədir.

 

Ə.Zeynallı:

- Xəlil Rzanın bir möhtəşəm şeiri var, deyir:

 

İşlər belə getsə, belə getməsin,
Getsə, bu gedişi boğacağam mən,
Bütün Azərbaycanın gələcəyini,
Öz kişi bətnimdən doğacağam mən...

 

Xəlil Rza o zaman bunu deyəndə, bax indiki vəziyyət idi. Sovet dövləti idi, partiyalar yox idi, siyasi şəxsiyyətlər yox idi, başımızın üstündə SSRİ adlı imperiya dayanmışdı, önə çıxanlar da hamısı cavan-cavan uşaqlar idi. Pənah bəy baş nazir olanda 34 yaşı var idi. Bu bir dövr idi və nəhəng bir imperiya var idi.  Mənim fikrimcə, indi 29 sentyabr mitinqinin hər tərəfdə böyük ajiotaja səbəb olması bax bu qorxunu xatırlatması idi. Çünki hakimiyət loyal oldu-olmadı xalq ora gəldi. Özü də millət müstəqil adamların çağırışına gəldi. Siz düz deyirsiz, bəlkə də o siyasilər orda olsaydı, millət gəlməzdi. O da var, əsas faktordur və bu gün mövcud narahatçılığı da doğuran budur. Hakimiyyəti də çox narahat edən odur.

Həmin vaxt, biz çarəsiz qalmışdıq, düşünürdük ki, heç olmasa mitinqə 1000 adam gələ və biz biyabır olmayaq. Deməli, mitinqə gəlmişik, dostlarımız az qala üzərimizə gəlir, özümüz də quruyub qalmışıq ki, bizi hakimiyyətə işləməkdə ittiham edirlər. Bizə mitinqin tribunasını belə vermədilər. Biz gecə ilə 400 manat yığıb tribuna düzəltdik. Az qalırdıq ağlaşaq, çünki o pul da yox idi. Mən tribunaya çıxıb, o izdihamı görəndə, aşağı düşüb dostlarımızı təbrik elədim ki, artıq bu yük bizdən getdi.  Amma millət gəldi, bu önəmli bir şeydir. Şəxsən mən uzun müddətdən sonra meydanda Azərbaycan xalqını gördüm. O xalqı hakimiyyət də gördü.

 

- Belə məlumatlar var ki, qaçqınlar, ümumiyyətlə çoxluq - “biz torpağımızı geri istəməliyik” - deyə, bir-birini mitinqlərə çağırır, hətta növbəti mitinqləri səbirsizliklə gözlədiklərini deyirlər.

 

Ə.Zeynallı:

- Belə bir söz də eşitmişəm ki, qarabağlıların yaşadığı yerlərdə mitinqə getməyənə söyüş qoyublar.

 

- Dediniz ki, Komitəni hakimiyyətə işləməkdə ittiham edirlər. Sizə qarşı olan bu cür yanaşmalar, təpkilər nəyə hədəflənib?

 

“Bu gün çırmanıb ortaya çıxmağımızın da səbəbi budur”

 

Ə.Zeynallı:

- Heç nəyə hədəflənməyib. Mən Komitədə də dedim. İndi yeni bir mitinq olacaq. Hakimiyyət icazə verməyə bilər. Amma bu 30 illik mübarizədir və ola bilər ki, Allah eləməmiş bir 30 il də davam eləsin. Əsas odur ki, millətin içərisində o mexanizm yaradılsın. Bizim məqsədimiz odur ki, Qarabağın işğaldan azad olunması məsələsi daim danışılan, daim öndə olan bir mexanizm kimi işləsin.

 

P.Hüseyn:

- Əvəz bəyin axırıncı fikrinə münasibət bildirim. Əvvəla, Qarabağ məsələsində ciddi bir mərhələyə gəlib çatmışıq. Yaxın dövrdə ya elə, ya da belə məsələ həll olunacaq. Bizi əsas narahat edən də budur: Ya bu torpaqlar qayıdacaq, qaytaracağıq, ya da de-yure bu işğalın təsbit olunmasında addım atılacaq. Açığı bu gün çırmanıb ortaya çıxmağımızın da konkret səbəbi budur. Biz Qarabağ Komitəsi kimi xalq faktorunu, özümüzü ortaya qoymasaq, hakimiyyəti Qarabağın işağlının de-yuri tanınmasında bir addım atmağa məcbur edərlər. Söhbət 30 ildən yox, bu il, gələn ilin birinci yarısından gedir. Bu gün torpaqların qaytarılmasına həm danışıqlar yolu, o cümlədən hərbi qüvvələrdən istifadə etməklə şans var. Hər an öz gücümüzlə torpaqları azad etməyə imkan yarana bilər. Ona görə də buna hazır olmaq lazımdır. Xalq buna hazır olmalıdır. Hakimiyyətlə müxalifət arasında bir əmək bölgüsü olmalıdır. Sadəcə bu gün o qədər yadlaşma gedib ki, hakimiyyətin öz iqtidarını saxlamaq məsələsi o qədər prioritet olub ki, bunu edə bilmirik. Amma mən inanıram ki, bu istiqamətdə iş dayanmayacaq. Və gəlirəm sizin müxalifətlə bağlı olan söhbətə. Mən hesab edirəm ki, xalq bu Qarabağ ideyası ilə küçələrə çıxanda o siyasi pariyaların buna olan yanlış yanaşmaları da öz-özünə ortadan qalxacaq.  Xalq öz hərəkəti, öz təpkisi ilə o siyasilərin fikrini dəyişəcək və ola bilər ki, yaxın zamanlarda Qarabağ məsələsində ümumi bir toparlanmanı müşahidə edək.

 

- Qarabağ Komitəsindən  niyə çəkinirlər?

 

Ə.Zeynallı:

- Söhbət bizdən getmir, söhbət ayrı-ayrı insanların birləşdiyi konkret bir liderin olmadığı, kankret bir şəxsin monapoliyasında olmayan hərakata bənzər bir qurumdan gedir. Söhbət o insanların bir çağırışı ilə 10 minlərlə insanın mitinqə gəlməsindən gedir. Çünki həm müxaifət, həm hakimiyyət bu mərhələni keçib. Biz xalqın meydana çıxmasının nə demək olduğunu yaxşı bilirik. Qorxu odur. Çünki hakimiyyət siyasi düşərgədə hamını tanıyır, kimin nəyə qadir olduğunu, hansı partiyanın neçə min adam çıxara biləcəyini bilir və hər şeyi proqnozlaşdırır. Amma Qarabağ Komitəsi kimi qurumları tanıya bilmir. Yaxud, deyirlər ki, Komitədə hakimiyyətin adamları var.  Lap hakimiyyətin adamı olsa belə, əgər qərarları kollegiyal, səsvermə ilə qəbul ediriksə və bu təşkilat bir adamın adına deyilsə heç nə edə bilməz. Onlar düşünürlər ki, birdən bu idarəolunmaz hala gələr. Bizdə də kankret bir fərd, lider yoxdur ki, gedib onun yaxasından yapışsınlar. Bu da əslində qarşı tərəflərin hamısını narahat edir. Əslində müxalifət də çox istəyir ki, bizdə konkret bir lider olsun. Biz də bunu istəmirik. Biz hesab edirik ki, Komitədə lider ola bilməz, sədr ola bilməz. Ona görə də bir aydan bir təşkilatın iclaslarını idarə edən sədrlər dəyişir. Mən bir az sərt tədbirlərin alınmasından yanayam. İstəyərəm ki, həm sədr dəyişsin, həm də toplantının yeri. Toplantı yerləri də eyni yerlərdə olmamalıdır.

 

P.Hüseyn:

- Bu çox ciddi məsələdir. Qarabağ Komitsinin əsas bel sütunlarından biri Akif bəy Nağıdır. Ona görə də qərərgahı QAT-dan çıxarıb dəyişmək olmaz. Düşünürəm ki, uzun müddət bu məsələ ilə məşğul olan təşkilat kimi QAT-ın bu məsələdə əvəzolunmaz yeri var. Bu qüvvələr nisbətinin Qarabağ Komitəsində saxlanması zəruridir. Bu məsələdə hakimiyyət-hakimiyyətyönlü, müxalifət-müxalifətyönlü insanların məcmunu olmasa bir şey alınmayacaq.

 

- Növbəti mitinqlə bağlı mitinqi gərəksiz bilən, mitinqlərə gəlməyən həmin partiyalarla dialoqa gəlinmə varmı?

 

“Sanki kimlərinsə bağçasına ərik oğurluğuna girmişik”

 

P.Hüsenyn:

- Biz Sabir Rüstəmxanlıya partiya sədri olmasından əvvəl bir ziyalı kimi baxırıq.

 

Ə.Zeynallı:

- Biz müxalifətin, hakimiyyətin əsas simaları deyilik. Bizim boynumuzda təşkilati baxımdan heç bir məsulyyət yoxdur. Biz nəyə görə 30-40 ilin siyasi partiya liderlərini, dövlətin müəyyən dərəcədə həm müxalifətdə, həm hakimiyyətdə olan tanınmış adamlarını belə bir məsələ ilə bağlı mitinqə dəvət eləməliyik? Amma biz o məsuliyyəti dərk elədiyimizə görə, ilk mitinqdə YAP başda olmaqla hamını dəvət elədik.

Sentyabrdan sonra biz mitinqin dəyərləndirilməsini elədik, mitinqə qiymətimizi verib, dərhal ikinci mitinqin keçirilməsi üçün eyni qaydada üzvlərimiz olan partiyaları istisna etməklə 18 siyasi partiyaya müraciət elədik. Və bunu da ictimailəşdirdik. Həmin 18 partiyanın əksəriyyəti bizi ironiya ilə qarşıladı, məsxərəyə qoydu, hətta hakimiyyətyönlüllər bizi söydülər, dedilər ki, onlar iyrənc niyyətlərini göstərmək istəyirlər. Ən yaxşı söyən də Qüdrət Həsənquliyev oldu. Halbuki Qüdrət Həsənquliyev birinci mitinqə dəstək vermişdi. Çox maraqlıdır ki, birinci mitinqə dəstək verənlərin hamısı 29-dan sonra bizi söyməyə başladılar. Özü də çox kəskin ittihamlarla. Amma biz buna baxmayaraq, yenə də 18 siyasi partiyaya müraciət elədik. Onlardan yenə də cavab çıxmadı. Lazım gələrsə yenə müraciət edəcəyik. Lazım olarsa millət üçün partiyaların qapısını da döyərik. Amma həm də bir etiket, nəzakt forması var axı. İnsanları dəvət etmişik, heç olmasa bu partiyalardan biri mədəni şəkildə öz münasibətini  bildirə bilərdi. Görünür ki, bu neçə ildə biz o siyasi tolerantlığı da qura bilməmişik. Qarabağ məsələsi sanki kimlərinsə monopoliyasındadır, sanki kimlərinsə baxçasıdır, sanki biz kimlərinsə bağçasına ərik oğurluğuna girmişik. Belə bir münasibət davam etdiyi müddətdə yaxşı heç nə ola bilməz. Təbii ki, Qarabağ Komitəsində hər şey rəvan deyil. Bizim ən müxtəlif fikirlərə müxtəlif baxışlarımız var. Toplantılar açıq olur, “dava qırğınla” müşaiyət olunan müzakirələrimiz olur. Amma sonra yenə də dostluq münasibətlərimizi saxlayırıq. Biz bu tolerantlığı həm özümüzə aşılamalıyıq, həm də Azərbaycan cəmiyyəti üçün bir mexanizm hazırlamalıyıq. Bizdən əvvəlkilər Azərbaycan cəmiyyətində mexanizm yaratmayıblar. Partiya yaradıblar, onun başında bir adm olub, o adam sözün bütün mənasnda monstr, diktator olub, ona alternativ də vermək mümkün olmayıb. Azərbaycan müxalifətini tənid etmək də mümkün deyil. Ona görə biz deyirik ki, daimi sədr olmasın. Kollegial idarəetmə olsun, mümkün olsa iclaslar fərqli yerlərdə keçirilsin. Qarabağ Komitəsi Azərbaycanın hər yerini özününkü bilsin. Mən bəzən deyirəm ki, Qarabağ Komitəsi yeganə təşkilatdır ki, onun 5 dənə ciddi ofisi var. Bunu həm də o mənada deyirəm ki, bizim elə üzvlərimiz var ki, biz toplantıları onlarda  keçirə bilərik. Biz bu nümunəni yaratsaq, cəmiyyətə nəsə verə biləcəyik, yox yaranmasa, Qarabağ Komitəsinin içərisində olan balaca-balaca monstrlardan birinə qapdırsaq, yenə də problemlər yaşanacaq.

 

“Ümumrespublika Qarabağ Qurultayı keçirmək istəyirik”

 

Pənah Hüseyn:

- Bəzən belə fikirlər irəli sürülür ki, Qarabağ Komitəsi digər fəaliyyətləri kölgəyə salmaq, qırağa itələmək məqsədi daşıyır. Qətiyyən belə deyil və bu, işin gedişində də özünü göstərəcək. Qarabağ uğrunda aparılan mübarizə siyasi müxalifətin mübarizəsini istisna eləmir. Eyni şəxslər, yaxud quruma daxil olmayan şəxslər qıraqda “korrupsiyaya son”, “azad və ədalətli seçki”, “ailə rejiminə son” kimi tələblərlə öz fəaliyyətlərini davam etdirirlər.

Qarabağ Komitəsi ilə bağlı danışanda Əvəz Zeynallı daha prinsipial mövqe sərgiliyir və burda özünü ifadə elədi. Məncə burda Qarabağ məsələsinin strarateji hədəf olaraq özəlliyi nəzərə alınmalıdır. Burda əks olan platformaların birgə mübarizəsinin  mümkünlüyünün yolu, mexanizminin üsulları nəzərə alınmalıdır. Ona görə də bəzən burda normal siyasi partiyada müşahidə olunmayan  yayğın münasibətlərin görünməsindən diksinmək, uzağa gedən nəticələr çıxarmaq lazım deyil. Əslində Qarabağ Komtəsinin özəlliyi gözəlliyi də budur.

Fürsətdən istifadə edərək deyim ki, bu gün Qarabağ qurultayının keçirilməsi ideyası səslənir. Şuşanın işğalı günündə biz ümumrespublika qarabağ qurultayı keçirmək istəyirik. Qarabağ Komitəsinin Təşkilat Komitəsinin yaradılması və sədrliyi təklif eləmişəm. Orda müxtəlif təkliflərim olub. Bu gün isə hesab edirəm ki, orda sədrlərdən biri mütləq Akif Nağı olmalıdır.

 

Əvəz Zeynallı:

- Qarabağ Komitəsini nizama salmaq üzvlərinin qabiliyyətindən asılı olacaq. Zatən bu istiqamətdə böyük bir mərhələ geridə qaldı. Onun ətrafında hər şey deyilə bilər, hər şey ola bilər. Amma Qarabağ Komitəsinin üzvlərinin hamısının səyi nəticəsində məsləhətləşmələr çox olduqca, “ipi” birinin əlinə vermədikcə bu olacaq. Çünki kollektiv, xalq səhv eləməz. Amma “ipi” birinin əlinə versək, aləm qarışacaq. Komitədə yalnız bir nəfərin sədrliyi ilə tədbir keçirildiyi gün üzvlərinin yarısı ordan çıxıb gedəcək. Mümkün deyil ki, Pənah bəy bununla razı olmasın. Çünki orda bir adamın sədr seçilməsi hamının oradan çıxıb getməsi olar.

 

Pənah Hüseyn:

- Bu da bir mövqedir. Bu gün Komitə belə fəaliyyət göstərir. Amma sabah necə olacaq, bilinmir. Qarabağ içimizdə bir xəstəlikdir, onu xilas etməsək, o ayıbdan qurtarmasaq, biz millət kimi əmələ gəlməyəcəyik...

 

Tahirə Qafarlı
Versus.Az

 

Xəbər lenti

InvestAZ

Ən çox oxunan xəbərlər

“İsgəndər Həmidov onları oğlunun toyuna çağırmır...”

Məhluqə Rəhimova yenidən ƏQC-nin sədri seçildi

“Bu “zirvə” real olmayan bir zarafat kimidir”

“Müxalifətin zirvə görüşü zəruridir”

Ümummilli lider Xanqaraqoyunlu məktəbində də anılıb

Bağışlanmaz səhvlərə imza atanlar

Qənirə Paşayeva "Nuri Dağtekin Özel Ödülü" ilə ödülləndi

“Bu partiyalar arasında bir-birini qəbul etməyən siyasətçilər çoxdur”

Sayğacın pulu ödənilib, amma sayğacdan xəbər yoxdur - VİDEO

“Gürcüstan Azərbaycan cəmiyyətində də canlanma yarada biləcək”

Laçınlı döyüşçülər Heydər Əliyevin məzarını ziyarət ediblər

"Sağlığımdan dolayı dualarınız üçün minnətdaram"

“Axı, Mirşahinin özü də 20 yaşında bir adam deyil”

İki restoran bağlandı

Ermənistan rəhbərliyini işğal olunmuş rayonları qaytarmağa çağırdılar