"Azərbaycan işğalçı Ermənistana qarşı təcrid siyasətini davam etdirir"

12:04 18-01-2019 | icon 27 | Siyasət
"Azərbaycan işğalçı Ermənistana qarşı təcrid siyasətini davam etdirir"

 

Ermənistan-Azərbaycan, Dağlıq Qarabağ probleminin həlli Azərbaycanın xarici siyasətinin əsas prioriteti olmaqla bərabər, ölkəmizin ərazi bütövlüyünün bərpasını və sərhəd toxunulmazlığının təmin olunmasını milli diplomatiyamız qarşısında məqsəd kimi müəyyənləşdirir.

Versus.Az Trend-ə istinadən xəbər verir ki, bunu Milli Məclisin deputatı Hikmət Babaoğlu deyib.

 

H.Babaoğlu bildirib ki, bunun üçün Azərbaycan ötən illər ərzində mühüm, dərin strateji siyasət həyata keçirməklə ilk növbədə problemin həlli ilə bağlı yeni şərtlər formalaşdırmağa nail olub. Bu şərtlərin formalaşdırılması mühüm strateji istiqamətlər üzrə müəyyən edilmiş ardıcıl və məqsədyönlü siyasət sayəsində mümkün olub:

 

“İlk növbədə beynəlxalq aləmdə Azərbaycanın nüfuzunun artırılması, regional və beynəlxalq təşkilatlarla ölkəmizin bərabərhüquqlu tərəfdaşlığa nail olması, ikincisi isə regionda ermənilərlə ənənəvi əlaqələri olan və daha çox Ermənistanın tərəfdaşı kimi tanınan ölkələri öz tərəfdaşına çevirməsi siyasəti həyata keçirilib. Diqqət yetirsək görərik ki, bunlar bir neçə istiqamətdə müəyyənləşib: şimal, cənub və qərb istiqamətləri. Məlumdur ki, Dağlıq Qarabağ probleminin həllində Rusiya Federasiyası özünəməxsus və xüsusi çəkisi olan ölkədir. Onu da bilirik ki, bu ölkə ilə ayrı-ayrı mərhələlərdə münasibətlər sabit, ancaq enişli-yoxuşlu olub. 2007-ci ildən sonrakı mərhələdə Azərbaycanın həyata keçirdiyi diplomatiya sayəsində Rusiya ilə münasibətlər strateji müttəfiqlik səviyyəsinə qalxıb. Eyni zamanda, İranla münasibətlər yüksək səviyyəyə çatıb. Bu münasibətlərin yaxşı olması üçün Azərbaycan yeni diplomatik formatlar müəyyən edib və bu formatlar çərçivəsində öz milli maraqlarını müdafiə edən strategiya irəli sürüb. Nəticədə nə baş verib? Təkcə 2018-ci ildə Azərbaycan və Rusiya prezidentləri 6 dəfə görüşüblər. Bu, münasibətlərin yeni mərhələsindən xəbər verir”.

 

Millət vəkili vurğulayıb ki, eyni zamanda, Azərbaycan regional əməkdaşlığı prinsipial mövqe olaraq müəyyənləşdirməklə tərəfdaş ölkələrin milli maraqlarını da öz milli maraqları ilə uzlaşdırmağı bacarıb:

 

“Məsələn, şimal qonşumuza qarşı bəzi Avropa ölkələri tərəfindən tətbiq olunan sanksiyalar zamanı Azərbaycan yaxın qonşuluq prinsipindən çıxış edib, həmçinin İrana qarşı müxtəlif vaxtlarda müxtəlif sanksiyalar tətbiq edilsə də, Azərbaycan qonşuluq siyasətini dəyişmədən cənub qonşumuzla münasibətləri yüksək səviyyədə saxlamağı bacarıb. Eyni vəziyyəti Gürcüstan və Türkiyəyə münasibətdə də müşahidə edə bilərik. Çünki Azərbaycan həyata keçirdiyi bütün qlobal iqtisadi layihələrdə Gürcüstanı tranzit ölkə kimi müəyyənləşdirməklə, onun iqtisadiyyatına sərmayə qoymaqla, əlaqələri gücləndirməklə bu ölkə ilə münasibətləri yüksək səviyyədə saxlamağı bacarıb. Türkiyəyə gəldikdə isə bu münasibətlər hazırda sözün həqiqi mənasında “bir millət, iki dövlət” münasibətləri səviyyəsində xarakterizə olunur. Göründüyü kimi, bunlar düşünülmüş uzunmüddətli strategiya nəticəsində mümkün olan reallıqlardır”.

 

H.Babaoğlu əlavə edib ki, beləliklə, hazırda Ermənistan həm regionda, həm də beynəlxalq aləmdə Azərbaycanın nüfuzu qarşısında küncə sıxışdırılmış vəziyyətə düşüb, ənənəvi müttəfiqlərini də itirib:

 

"Prezident İlham Əliyevin də dediyi kimi, Azərbaycan işğalçı Ermənistana qarşı təcrid siyasətini uğurla davam etdirib və işğal faktı davam etdikcə, həmin siyasəti davam etdirəcəyik. Yeni reallıq və Ermənistanın bu cür küncə sıxışdırılması onun öz ənənəvi müttəfiqləri ilə münasibətlərinin korlanmasına gətirib çıxarıb ki, ötən ilin aprelində başlayıb dekabr ayında sona çatan hadisələrdə biz bir daha bunun şahidi olduq. Ona görə də Azərbaycan 2019-cu ilə yeni yaratdığı geosiyasi reallıqlarla qədəm qoyub. Bu reallıqlar ölkəmizin lehinədir və Ermənistan-Azərbaycan Dağlıq Qarabağ probleminin həllində yeni perspektivlər yaradır. Düşünürük ki, 2019-cu il bu istiqamətdə mühüm irəliləyişlər kimi tarixə düşəcək”.

 

Versus.Az

Xəbər lenti

InvestAZ

Ən çox oxunan xəbərlər

Laçının ürək dağlayan görüntüləri - VİDEO

Laçında yaşayan erməni fermerin mal-qara saxladığı görüntülər – VİDEO

“Sosial tədqiqatlar sahəsində bir dönüşün şahidi olacağıq” - MÜSAHİBƏ

Tovuzda gənclər SİQARETƏ YOX dedi

AXCP sədr müavinindən dərslik müəllifinə sərt mesaj

Deputat şəhid ailələri, Qarabağ müharibəsi əlilləri və veteranları ilə görüşüb

Jurnalist həyat yoldaşının müalicəsi üçün ölkə başçısından kömək istədi

ALDP sədrindən nazirə açıq məktub

Deputat gənclərlə bağlı təklif verib

Komandirdən əsgər atasına təşəkkür məktubu

Deputat bələdiyyələrlə bağlı önəmli təkliflərlə çıxış edib

Deputat Qovlar şəhərində sakinlərlə görüşüb

“Bu seçkilərə millətimiz üçün qatıldıq” - MÜSAHİBƏ

Deputat tələbələrlə görüşdə gəncliyə çağırış etdi

Qədim Türkmən şəhəri, hər qarışında türkün izi olan Ərbil