“....ƏMƏKDAŞLIQ ETMƏK MƏCBURİYYƏTİNDƏYİK” - LAYIHƏ

11:22 31-01-2019 | icon 261 | Layihə
“....ƏMƏKDAŞLIQ ETMƏK MƏCBURİYYƏTİNDƏYİK” - LAYIHƏ

 

QƏZAN MÜBARƏK

 

 

 

Elşad Musayev: “Azərbaycanda yaşayan talış, ləzgi Çində yaşayan uyğurdan mənə qat-qat irəlidir”

 

 

Bugünkü Azərbaycanda yeni ab-hava duyulmaqdadır. Hər kəs öz həqiqətini söyləməklə şəxsini yeniliyin carçısı kimi cəmiyyətə təqdim edir, ictimai fikri müxtəlif vasitələrdən istifadə etməklə təmsil olunduğu sferaya yönləndirməklə əks tərəfi geniş ictimaiyyətə hədəf qismində göstərməyə çalışır. Və elə bununla da özlərini “yeniliyin çarçısı” kimi göstərən bu siyasətçilər əslində hələ də meydan psixologiyasından uzaqlaşmadıqlarını apaydın olaraq ortaya qoyurlar. Çünki tərəflərin xal toplamaq istədikləri məsələlərin fövqündə cəmiyyət köklü irəliləyişlərin şahidi olmayıb. Di gəl ki, Azərbaycanda ikinci dəfə müstəqilliyimizi qazanan andan indinin özünədək elə həmin mənəm-mənəmlik duyğusu hökm sürməkdədir - istər iqtidarda olsun, istərsə də müxalifətdə...

 

Yenə də Azərbaycanda hakimiyyət hərisliyi var... Yenə də Azərbaycanda sadə elektorat siyasətin qurbanı rolunda istifadə edilmədədir... Yenə də Azərbaycanda hər şeyə sahiblənmək həvəsi var... Yenə də Azərbaycanda mənəviyyat paraya qurban verilmədədir... Yenə də Azərbaycanda dil altında gizlənən “mən”lərin bəyanı, yalanlara həqiqət, həqiqətlərə yalan donu geyindirilməsinin gerçək üzünün təqdimatı siyasi illüziya həvəskarlarının ən çox sevdikləri nömrə rolundadır...

 

Və... və yenə də mətbuat bütün çətinliklərə baxmayaraq öz peşə borcunu yerinə yetirmədədir. Bu konuda Versus.az saytı da alternativ olan və olmayan fikirlərin qovşağı kimi mübarizə meydanındadır. Bir umacağımız var ki, əvvəlindən axırına qədər bütün detallarına aydınlıq gətirməyə çalışdığımız bu mübarizədə bacarırsa qoy hər kəs öz dediklərinə sahib çıxsın və hər kəsin söylədikləri versus.az-ın mövqeyi kimi dəyərləndirilməsin...

 

Mübarizə meydanınının növbəti “döyüşçüsü” Azərbaycanımızın son dövr siyasi tarixində özünün sözü və sözünün çəkisini bilən Böyük Azərbaycan Partiyasının sədri, yenicə təsis olunan Azərbaycan Xalq Hərəkatının üzvlərindən biri olan ELŞAD MUSAYEVdir...

“QƏZAN MÜBARƏK, ELŞAD MUSAYEV!”. Buyurun Versus.az-ın Cəng Meydanına...

 

 

- Elşad bəy, Böyük Azərbaycan uğrunda gedən döyüş alnımıza yazılıb, yoxsa təkcə sizin alnınıza?

- Böyük Azərbaycan uğrunda gedən döyüş bütövlükdə millətimizin alnına yazılıb. Siz də, biz də bu millətin övladlarıyıq, Azərbaycanın haqq işi uğrunda apardığımız mübarizədə də çiyin-çiyinə olmalıyıq.


- İlkin olaraq bir fikrə münasibətinizi bilmək istərdim. Müstəqilliyimizi ikinci dəfə qazandığımız andan ta indiyədək siyasət meydanında aparılan mübarizədə sadə elektoratdan ibarət olan “piyada qoşun hissələri”mizi “mənəm-mənm” deyən birincilər bilərəkdən, ya da bilməyərəkdən daş altında gizlədilən faciələrin qurbanı kimi istifadə ediblər. Bu döyüşdə, bu “ibadət”də düzmü edib “birincilər”?

- Adətən böyük siyasətdə xalq kütləsi çox vaxt siz dediyiniz formatda istifadə olunur. Bu da ilk növbədə həm supergüclərin, həm də ölkədə siyasi hakimiyyətə sahib olan güclərin maraqlarına uyğun olanda peallaşdırılır. Həmin daşları yerindən tez qaldırmaq lazımdır ki, qoy hər kəs də öz qiymətini alsın...

- Bu prosesdə siz dediyiniz kimi təkcə supergüclərlə hakimiyyətdə olanlar deyil, həm də hakimiyyətə can atan müxalifətdə olan qüvvələrin özü də aparıcı rol oynayıb...

- Normal demokratik cəmiyyət və normal demokratik ab-hava olmayanda təbii ki, elektoratın potensialından beləcə maraqlara görə istifadə olunur. Ölkədə demokratik cəmiyyət qurulanda, insanların hüquq və azadlıqları təmin olunanda, hüquqi dövlət qurulanda o dediyiniz amil arxa plana keçir. Xalq da canlı hədəf deyil, öz ölkəsinin, öz dövlətinin sahibi olur. Bizim də getdiyimiz yol o istiqamətdədir.

 

- Sizə elə gəlmirmi ki, bu günün tarixindən dünənə qiymət veriləndə gerçək hadisələrə fantastik detallar əlavə edirlər?

- Siyasətçilər tarixi yaxşı bilməyəndə bu günün tarixindən dünənə qiymət verəndə gerçək hadisələrə fantastik detallar əlavə edirlər. Tarixi yaxşı bilən siyasətçilər tarixi araşdırıb baş verənləri də tarixi yöndən və reallıq baxımından qiymətləndirirlər...

 

- Amma ötən zaman kəsiyində baş verən proseslərə münasibətdə verilən açıqlamaların əksəriyyətini saf-çürük etsək, görürük ki, bəzən mühüm cəhətlər unudulur, insan əməlləri elə qədim Yunanıstandakı kimi Allahların ayağına yazılır, siyasi motivlərin özü də Olimpdəki Allahların siyasəti kimi təqdim olunur?

 

- Belə bir deyim artıq adət halını alıb ki, bəs filankəs yaxşı adam idi, ancaq ətrafında toplaşanlar pis idi. Amma bütün bunlara baxmayaraq baş verən hadisələrə görə məsuliyyət daşıyan birinci adamdır, bütün anlaşılmazlıqlara da həmin birinci adam cavab verməlidir. Ölkədə demokratik mühit deyil, totalitarizm hakim olanda iqtidarın başında duran adamın bütləşdirilməsi siyasəti həyata keçirilir, bir növ Allahlaşdırırlar. Amma açıq cəmiyyət olanda belə bütləşdirməyə ehtiyac olmur...

 

- Elşad bəy, tarixə nəzər salaraq ötən əsrin sonundakı yenidənqurmanın bətnindən çıxan təşkilatlar haqqında qısaca məlumat verə bilərsinizmi?

 

- O da tarixi bir proses idi. O siyasi təşkilatlar yenidənqurmanın bətnindən doğuldu. İndinin özündə də bunun işartıları var. Amma zaman keçdikcə bütün bunlar aradan qalxacaq və yeni tipli siyasi təşkilatların fəaliyyəti daha qabarıq şəkildə önə çıxacaq. Həmin təşkilatların fəaliyyəti haqqında danışmaq isə böyük zaman aparan məsələdir.

 

- Əgər həmin təşkilatlar doğrudan da yenidənqurmanın bətnindən çıxıbsa, məntiqlə onda o zamankı “xalq qəhrəmanları”mızın meydana çıxmasında da keçmiş ittifaqın özü maraqlı olub, eləmi?

 

- Bu məsələyə ayrı-ayrı yanaşmaq olar. Təbii ki, bu məsələdə ittifaqın maraqları da olub. Hətta proses başqa yönə getsəydi belə ittifaq öz adamlarını əsas postlara yerləşdirəcəkdi. Bu, böyük bir dövlət idi. Böyük dövlətin də strukturları var. Onlar da prosesin tam nəzarətdən çıxmaması üçün öz lazımi addımlarını atıblar. İttifaq zamanından çıxan adamlardan hələ də hakimiyyətdə olanlar var. Məsələn, biri elə Nazarbayev, indi də hakimiyyətdədir.

 

- Eşitdiyimə görə Roma tarixçisi Plutarx “tarixin atası”nı məlumatları təkzib etməkdə suçlu bilərək “Heredotun pis niyyəti haqqında” əsər yazmışdı”. Sizin də öz keçmiş tarixçi sədriniz haqqında belə bir əsər yazmaq niyyətiniz varmı, yaxud sizdə öz partiyadaşlarınızın, yetişdirmələrinizin haqqınızda belə bir əsər yaza biləcəyi qorxusu varmı?

 

- Məndə bununla bağlı heç bir maraq və qorxu hissi yoxdur. Keçmiş sədrimiz barədə də hansısa əsər yazmaq niyyətində deyiləm...

 

- Adətən hüquqşünaslar və tarixçilər hansısa məsələyə münasibətdə yardımçı dəlillər və ziddiyyətli ifadələrlə çıxış edirlər. Elşad Musayev də hüquqşünasdır, dediklərinizin və deyəcəklərinizin bu kontekstdə qiymətləndirilə bilinəcəyinə münasibətiniz necə olar?

 

- Bir filosof var, deyir ki, həqiqət insanlara şübhələr vasitəsilə çatdırılır. Ona görə də ümumi prosesi aşkarlamaq üçün o şübhələrdən də, o yardımçı dəlillərdən də istifadə etmək lazımdır.

 

- Səmimiliyinizə inandığıma görə, ərkyana bir sual verirəm. Yaxın keçmişin lal hadisələrini saf-çürük edəndə həqiqəti sübut etməyə çalışdığınız yalanlarınız çoxdurmu?

 

- Mən yalan danışmağı xoşlamıram. Hansısa bir xəstə olarsa, ona yalan danışmaq olar ki, bəs sənin vəziyyətin yaxşıdır...

 

- Xəstələrimiz çoxdurmu?

 

- Olanlara Allah şəfa versin...

 

- Xəstələrimiz azdırsa, deməli o halda bu anlama gəlinir ki, cəmiyyətimizdə sağlam mühit var...

 

- O da sizin qənaətinizdir...

 

- Bir zamanlar ermənilər “biz Azərbaycanı Livana, Bakını Beyruta çevirəcəyik!” şüarları səsləndirəndə Elşad Musayev hansı auditoriyada idi­?

 

- Elşad Musayev o zaman tələbə auditoriyasında idi. Ermənilər təkcə o zaman deyil, bütün dönəmlərdə bu kateqoriyadan olan belə populist şüarlar səsləndiriblər...

 

- Deyilənə görə o zaman tələbələrin hərəkata qoşulması üçün hansısa gizli əl də öz projesini həyata keçirirmiş. O zamankı tələbə Elşad Musayev deyilən gizli əllər barədə hansısa bir informasiyaya mallik olubmu?

 

- Deyilən o gizli əllər və o gizli proje ilə bağlı həmin dönəmdə məndə heç bir informasiya olmayıb və bununla bağlı hansısa bir halın şahidi olmamışam...

 

- Konkret olaraq siz özünüz hərəkata qoşulmuşdunuz, yoxsa bu məsələdə hansısa kənar təsirlər mövcud olub?

 

- Biz hərəkata özümüz qoşulmuşduq, bu məsələdə heç bir kənar təsir olmayıb.

 

- Etibar Məmmədov mətbu açıqlamalarından birində vurğulayıb ki, “İnterpolun keçmiş rəisi Ovçinin özü qeyd edib ki, “MVD və KQB bir çox yerlərdə Xalq Cəbhələri yaradırdı”. Buna inansaq, onda Zərdüşt Əlizdə düzmü söyləyir ki, “cəbhəçilər  KQB agentləri” olublar?

 

- Cəbhəçilərin də, liberalların da içlərində KQB agenti ola bilər və bu, təbiidir. Pribaltikada Xalq Cəbhəsi yaradılmışdı. Sonradan məlum oldu ki, həmin Cəbhədə təmsil olunanların tam əksəriyyəti KQB agentləri olub. Burada qeyri-adi heç nə yoxdur...

 

- Ötən əsrin 80-ci illərinin axırında yaranan Cəbhə qeyri-rəsmi olaraq liberallara və radikallara ayrılanda sizcə onları bu işə meyilləndirən, şirnikləndirən səbəblər nə ola bilərdi? Mümkündürmü ki, burada da bir KQB barmağı olub?

 

- Burada müxtəlif səbəblər ola bilərdi...

 

- Sizcə...

 

- Düşüncələrdə fərqlilik də ola bilərdi, kiməsə hansısa göstəriş də verilə bilərdi, hədəflər fərqli ola bilərdi...

 

- Bizim zənnimizə görə Elçibəy fenomenini dərk edən adam olaraq deyin görək, o “Qəribə Adam” kim olub?

 

- Mən Əbülfəz Elçibəyə çox böyük sayğı, çox böyük hörmətlə yanaşıram. Amma kiminsə bütləşdirilməsinin tərəfdarı deyiləm. Azərbaycanda hər kəsin, o cümlədən Elçibəyin də öz yeri var. Ama kimisə Azərbaycan tarixindən seçib bütləşdirmənin əleyhinəyəm...

 

- Kim idi o “Qəribə Adam”?...

 

- Elçibəy milli azadlıq hərəkatımıza rəhbərlik etmiş, vətənsevər, millətsevər türk idi.

 

 

“İsgəndər bəyin istefa verib getməsi onun ən böyük səhvi idi”

 

- İndi Sizinlə eyni hərəkatda təmsil olunan İsgəndər bəy öz “səhvləri”ni, öz “cinayətlər”ini mətbu açıqlamasında etiraf edib. O zamankı ana müxalifətin yetkilisi kimi deyə bilərsinizmi ki, Elçibəy hakimiyyətinin ən böyük səhvi nə idi?

 

- Mübahisədə qalib gəlməyin beş şərti var. Onun biri öz səhvlərini etiraf etməkdir. Səhvi etiraf etmək böyüklük əlamətidir. Kim öz səhvini etiraf edirsə, ona böyük qiymət vermək lazımdır. Əslinə baxanda Elçibəy hakimiyyətinin əsas bel sütunu bu hakimiyyəti ayaqda saxlayan Daxili İşlər Nazirliyi idi və bunun da başında duran İsgəndər bəy idi. Onun hakimyyətdən getməsinin mən hesab edirəm ki, hakimiyyətin devrilməsində böyük rolu olub. İsgəndər bəyin səhvi o idi ki, istefa verib çıxıb getdi.

 

- Konkret olaraq söhbəti İsgəndər bəyin üzərinə yönləndirməyək. Siz bir hüquqşünas olaraq məsələyə aydınlıq gətirin ki, Elçibəy hakimiyyətinin ən böyük səhvi nə idi?

 

- Elçibəy hakimiyyətinin səhvi çox idi. Hakimiyyəti meyvə-tərəvəz kimi verib getmək olmaz. İqtidar xalqın sənə verdiyi əmanətdir. Xalqın iradəsi olmadan xalqın sənə verdiyi əmanəti kiməsə verib getmək olmaz...

 

- O zamankı xalqın iradəsini siz necə dəyərləndirirsiniz?

 

- O zaman xalqın iradəsi olmadı. Nə olursa olsun, seçki yoluyla gəlib seçki yoluyla da gedərsən...

 

- Uzun müddət rəhbərliyində təmsil olunduğunuz Azərbaycan Milli İstiqlal Partiyasına gəlişiniz nə vaxta təsadüf edir?

 

- AMİP yaranandan o partiyanın üzvü olmuşam. Sonra da bu partiyanın baş katibi kimi fəaliyyətimi davam etdirmişəm...

 

- Bayaq dediniz ki, yaranan təşkilatlarda hansısa agentin olmasında qeyri-təbii bir şey yoxdur. Təbii ki, belə agentlərin yerləşdirilməsinə də müəyyən zaman sərf edilir. AMİP formalaşmamışdan kənar şirnikləndirmələrin şahidi olmusunuzmu, ümumiyyətlə sizlər o zaman kimin üçün “İlahi, çarı hifz elə” ritualını icra edirdiniz?

 

- O zaman biz heç kim üçün və heç bir ritualı icra etmirdik. Xalqımızın yanındaydıq və xalqımızla birgə milli azadlıq mübarizəmizi aparırdıq...

 

- AMİP 1992-ci ildə qeydiyyata alınıb. O zamana qədər siz harada olmusunuz?

 

- Mən xalq hərəkatında olmuşam. O zamankı bütün mitinqlərdə iştirak etmişəm. Amma mən Xalq Cəbhəsinin üzvü olmamışam. 1991-ci ildə Milli İstiqlal Partiyasının yaranmasıyla bağlı bəyanat vermişik.

 

- AMİP-də təmsil olunmusunuz. Zamanında sədriniz Vəzirovu daşa tutub, Mütəllibovu mənən baltalayıb, Elçibəylə yola getməyib, Heydər Əliyevlə anlaşa bilməyib. İlham Əliyev hakimiyyətinə münasibətdə də təkəbbürlə belə yanaşmaların qərar tutduğu olimpin zirvəsində dayanıb. Heç kimlə heç nəyi bölüşməyən kimi davransa da, amma dolayı yolla hər kəslə yol adamı olub və beləcə mahnıda deyildiyi kimi - “kreslosuz, masasız” siyasət aləmini tərk edərək, hansısa etibarlı sığınacağa çəkilib. Görünən budur ki, liderlərə münasibətdə belə davranış həm də AMİP-in yaşaması üçün sanki qazanc mənbəyi olub. Keçmiş baş katib olaraq bu görüntüylə razısınızmı?

 

- Bu sual birbaşa Etibar Məmmədova aid olan sualdır...

 

- Sualın həm də Sizə aidiyyatı var. Keçmişinizə sahib durmaq, elədiklərinizin altından imza atmaq sizcə bunca çətin görünürmü? Axı siz də o zaman AMİP-in sonradan baş katibi olmusunuz...

 

- Mənim AMİP-dən çıxmağımdan 20 il keçib. Geriyə baxmağı xoşlamıram, sual da dediyim kimi birbaşa Etibar Məmmədovun ünvanınadır. Cəmiyyət də hər şeyi görür. Dostlarım barədə əlavə nəsə demək niyyətində də deyiləm.

 

 

“Yeni situasiyada AMİP-in əksər üzvləri hakimiyyətdə təmsil olunmaq istəyirdilər”

 

 

- Amma biz daha bir cəhd edib dostlarınız barədə soruşacağıq. Keçmiş sədriniz Qəbələdə güc toplayıb, Laçında peyda olmuşdu və birdən-birə tankıyla, topuyla, tüfəngiylə də yox olmuşdu. Sizcə belə illüziya nömrələri hansı məktəbin tədris metodudur?

 

- Bilirsiniz, Etibar Məmmədovun həm Azərbaycanın milli azadlıq hərəkatında, həm də ermənilərə qarşı apardığımız mübarizədə böyük xidmətləri var. Kimin hansı cəbhədə dayanmasından asılı olmayaraq ortaya qoyduğu mücadilə, ortaya qoyduğu əməyi qiymətləndirilməlidir. Mən 1997-ci ildən o partiyadan getmişəm. Bu kateqoriyadan olan suallar birbaşa Etibar bəyin özünə ünvanlanmalıdır...

 

- Amma verilən suallarda əks olunan məqamlar 1992-ci ilin olaylarıdır, Elşad bəy...

 

- Hesab edirəm ki, sualınız cavablandırıldı...

 

- 1993-cü il 17 iyunda özünün dediyinə görə keçmiş müdafiə naziri AMİP-çilərə Elçibəy hakimiyyətinə bəslədikləri münasibətə görə “siz çaşmısınız?” hikkəsiylə sual verəndə nədən susmusunuz? Hansı suçun sahibi idiniz? Və maraqlıdır ki, indiki dövrdə də elə həmin ittiham edən Rəhim bəylə elə həmin ittiham olunanlar cərgəsində fəaliyyət göstərmiş Elşad Musayev hansısa bir hərəkatda təmsil olunmaqla cəmiyyətə xoş gələcəkdən müjdə verməyə çalışırlar. İnanaqmı?

 

- Nəsə ifadədə bir mücərrədlik var. Heç kim AMİP-in qərargahına gəlib o sözü deyə bilməzdi. Mən belə bir halın şahidi olmamışam...

 

- AMİP-in parçalanması hansı məqsədin, hansı məramın və hansı qəsdin nəticəsi idi?

 

- Bir hakimiyyət getmişdi, ölkədə yeni situasiya yaranırdı. Milli İstiqlal Partiyasının üzvlərinin çox böyük əksəriyyəti hakimiyyətdə təmsil olunmaq istəyirdi. Bu da onların təbii haqqı idi. Rəhbərlik hadisələri düzgün qiymətləndirə bilmədi. Ona görə də bir qisim partiyadan gedərək arxasınca da müəyyən qüvvələri apardı. Hakimiyyətin də bunda marağı var idi. Biz ikinci qisim olaraq qaldıq.

 

“Biz heç millətimizin adını düz deyə bilmirik”

 

 

- Böyük Azərbaycan Partiyasının sədri olaraq siz milli düşüncə formatında eləmədiklərimizi saf-çürük edəndə hansı məqamları konseptual formada ortaya qoya bilərsiniz?

 

- Milli təfəkkürlə bağlı dövlət səviyyəsində bizim əlimizdə heç nə yoxdur. Biz bu gün heç millətimizin adını düz deyə bilmirik. Bu baxımdan konseptual olaraq ortalıqda bizim heç nəyimiz yoxdur. Bunlar həll edilməlidir...

   

- Milli təfəkkürün oturuşması məsələsində nədən başlamalı, ilk olaraq hansı addımlar atılmalıdır...

 

- İlk olaraq adımızdan başlamalıyıq. Adımızı özümüzə qaytarmalıyıq...

 

- Elə isə başlayaq da. Özümüzü tanımayan özümüzə Elşad Musayev səviyyəsində adımızın bəyan edilməsinin bəlkə təsiri oldu, yatanlar ayıldı...

 

- Biz Azərbaycandakı toplumun çoxluğunu təşkil edən türk millətiyik. Birinci olaraq bundan başlamalı, adımızı özümüzə qaytarmalıyıq. Belə olan halda bundan sonrakı mərhələlərdə də bir axıcılıq olacaq. Və bu da Azərbaycanda yaşayan digər xalqların hansısa assimilyasiya olunmasına, hansısa aşağı təbəqəyə çevrilməsinə qətiyyən xidmət eləməməlidir. Kimsənin belə düşünməyə heç bir əsası da yoxdur və ola da bilməz. Bugünkü Azərbaycanda yaşayan talış, ləzgi vətəndaşlarımız mənə Çində yaşayan uyğurdan qat-qat irəlidir. Çünki biz eyni xəmir, suyla yoğrulmuşuq, eyni taleni, eyni acıları yaşamışıq. Amma bizim də öz adımız var. Bilmək lazımdır ki, nə qədər türk adını götürürsən, dövlətçilikdən, genetik koddan da əl çəkirsən?

 

 

“İsmayıl Vəliyev dedi ki...”

 

 

- Soyad sonluqlarının dəyişdirilməsi ilə bağlı dövlət başçısının məlum qərarı var. Özümüzə qayıtmağı birinci addım sayan Elşad Musayev nədən bunca zaman kəsiyində məlum qərara etinasız yanaşmaqdadır?

 

- Siz bunu dərhal məsələnin mahiyyətinə varmadan etinasızlıq kimi dəyərləndirməyin. İsmayıl Vəliyev mənə deyirdi ki, mən o vaxt gedib Elçibəyə dedim ki, hamı deyir ki, “bu “-ov”, “-yev” ruslarındır, amma bu, rusların deyil”. Bir misal da çəkdi. Məsələn, Əhməd öyü – Əhməd evi. Elə “ov, yev” də oradan gəlib....

 

- İsmayıl Vəliyevdən sitat gətirdiniz. O sitata münasibətdə Elçibəyin cavabı nə olub?

 

- Rəhmətlik İsmayıl Vəliyev deyirdi ki, onda Elçibəy “sən bu məsələni gərək tez qaldırardın” dedi. Amma sonrakı hakimiyyət Azərbaycanda yenə də ruslaşma siyasəti aparmağa çalışdı. Ona görə də bu problem hələ də qalmaqdadır. Biz milli kimliyimizdən geri çəkilmişik. Dilimiz də türk dilidir. Coğrafiyanın adıyla dil olmaz. Elə bil bir nəfər laçınlıdır, ona deyirsən ki, laçın dilində danış. Adam qırmızı-qırmızı durub deyir ki, “mən azəriyəm”...

 

- Milli kimliyimiz və dilimizlə bağlı yanaşmaları buraxaq bilginlərimizin, dilçilərimizin öhdəsinə... Azərbaycan Xalq Hərəkatından danışaq. Bu hərəkatın təsis edilməsi indiki dövrün diktəsidir, yoxsa dövrə diktə edən qüvvələrin?

 

- Dövrə heç kim diktə etməyib və edə də bilməz. Amma bu, tarixi şəraitin gətirdiyi qənaətdir...

 

 

“Siyasətçi bəzən rəylərin əleyhinə getməyi bacarmalıdır”

 

 

- Bir zamanlar öz hərəkat yoldaşı tərəfindən “cəbhədə dağıdıcılıqla məşğul olurdu” kimi dəyərləndirilənlərlə indi Elşad Musayev hansısa yeni xalq hərəkatı formalaşdırmaq istəyir. Buna müqabil faktın gücünə söykənsək, son aqibətiniz barədə məntiqin dili nə vəd edir?

 

- Azərbaycanın mənafeyi üçün ən xoşuma gəlməyən adamla belə nəsə eləmək mümkündürsə, əməkdaşlıq etmək məcburiyyətindəyik. Kimin nə deməsindən asılı olmayaraq. Siyasətçi belədir ki, bəzən çoxlarının rəylərinin əleyhinə getməyi bacarmalıdır...

 

- Rəylərinin əleyhinə getmək istədiyiniz adamlardan Azərbaycan Xalq Hərəkatında çoxmu var?

 

- Mən də başa düşürəm. Orada tamamilə imici fərqli olan, düşüncə tərzi, hadisələrə, dövlətçiliyə münasibəti tamam fərqli olan adamlar var. Ancaq o adamlarla bizi birləşdirən ortaq məxrəc bugünün reallığıdır. Cəmiyyəti hərəkətə gətirmək üçün kim səninlə hansı bir addım atırsa, səninlə bərabər hansısa bir daşı qaldırmaq istəyirsə, bu yolu getmək məcburiyyətindəyik. Milli mənafe tələb edilən yerdə orada şəxsi, partiya mənafeyi, imic məsələsi arxa plana keçir...

 

- Keçmişin acı təcrübələrindən nəticə çıxarmaq da arxa plana keçir?

 

- Keçmişini acı təcrübələrindən mütləq nəticə çıxarmaq lazımdır...

 

- Bəs necə nəticə çıxarırsınız ki, keçmişdə dağıdıcılıqla məşğul olan adamlarla yenə də bir araya gəlib hansısa xoş gələcək sevdasıyla “ümid olmayanda yenə ümid var” deyirsiniz?

 

- Siz də ümidli olun...

 

- Zatən mən ümidliyəm hər zaman... Və sualımız cavabsız qaldı, bəy.

 

- Siz hansı dağıdıcılıqdan danışırsınız?

 

- Hansı dağıdıcılıqdan? Rəhmətlik Elçibəyin “İranın və Rusiyanın uşaqları məni satdı” cümləsindəki personajların satqınçılıq fəaliyyətindən, özünü “ana, real, radikal müxalifət” kimi qələmə verib digər siyasi qurumların fəaliyyətinə kölgə salmaq cəhdini az qala fəaliyyət kredosuna çevirən fiqurların dağıdıcılığından. Elçibəy hakimiyyətini içindən çürüdən yurdçular, əhrarçılar, müsavatçılar, cəbhəçilər və digər qruplaşmaların dağıdıcı fəaliyyətindən. 30 illik bir müddətdə müxalifətçiliyin özünü belə monopoliyaya almaq həvəsilə ömür sürdürənlərin gözündə generatorluq edən dostlarınızın dağıdıcılığından danışıram, Elşad bəy...

 

 

“Bu ölkədə 3 böyük siyasətçi varsa, onun da biri Elşad Musayevdir”

 

 

- Siz konkret adları demirsiniz...

 

- Deyim də konkret adları. Hərəkat dövründən danışılanda deyilir ki, “Becan, Pənah və Nemət Cəbhə daxilində dağıdıcılıqla məşğul olurdu”, ondan sonrakı dövrdə elə sizin özünüz də daxil olmaq şərtilə “ana müxalifət” adıyla beynəlxalq təşkilatların gözünə kül üfürənlər digər siyasi qurumlara qarşı öz informasiya resurslarında azmı iftira yağdırıblar? Pənah Hüseyn də o cəbhədə bir generatorluq edənlərdən olub. Nemətin özü Meydan Hərəkatını öz monopoliyasına almaq, saxlamaq istəmirmi? Və indi də həmin kəslərlə bir yerdəsiniz. Həmin kəslər böyük hörmətim olsa da, amma kim qarant verə bilər ki, bu siyasətçilər yenə də hansısa dönəmdə və hansısa maraqlar çərçivəsində öz oyunlarını oynamayacaqlar?

 

- Pənah Hüseyn bizim dostumuzdur. Pənah bəy hərəkatın rəhbərliyində təmsil olunmur. Özü də Cəbhə hakimiyyəti zamanında baş nazir olub, səhvləri də olub, amma kimsə Pənah bəyi müxalifətçi olmaqda ittiham edə bilməz. Pənah bəy müxalifətçidir, çox böyük intellekti var, nəsə istəyir ki, dəyişiklik etsin. Eləcə də başqaları olsun və mən başqalarının hərəkətlərinə cavab vermirəm... Bu ölkədə 3 nəfər təmiz siyasətçi varsa, onun da biri Elşad Musayevdir. Mən Azərbaycanda fərqli düşüncə sahiblərindənəm...

 

- Fərqli düşüncə deyəndə nəyi nəzərdə tutursunuz?

 

- Məsələn, siz deyirsiniz ki, çoxluğun iddiasına görə bu adamlarla yol getmək olmaz. Amma mən deyirəm ki, əgər ölkənin mənafeyi tələb edirsə və bu adamlar da nəsə dəyişmək istəyirlərsə, bu adamlar nəsə kömək etmək istəyirlərsə, onda bunlarla yola getmək olar. Fərqli düşüncə budur. Dövlətin idarəçiliyinə, millətə, gəncliyə baxış da fərqli düşüncədir. Azərbaycanda hamı deyir ki, mən olum, amma mən deyirəm ki, yox gənclər olsun...

 

- Ümummilli problemlərimizin fonunda təmsil olunduğunuz Azərbaycan Xalq Hərəkatının da önəm verdiyi icazəli, icazəsiz mitinqlər yoluyla cəmiyyət olaraq ötən zaman kəsiyində biz nəyi əldə etmişik ki, indi də buna can atırsınız?

 

- Xalq Hərəkatı yeni yaranıb. Amma haqqında səslənən fikirlər bizim gözlədiyimizdən də çox artıqdır. Cəmiyyətdə buna bir maraq var və bu, özlüyündə də yaxşı bir haldır. Amma mitinqlər bir vasitədir. Mitinqlər nə ölkənin idarə olunmasında, nə ayrı-ayrı adamların postlara gətirilməsində məqsəd deyil. Məqsədə çatmaq üçün də mitinqlərdən istifadə etmək olar. Və bunu kim qadağan edə bilər...

 

- Mitinqlərin keçirlməsi haqqında danışmaq yeni bir şey deyil və zatən bu azadlıqlar Konstitusiyamızda da təsbit olunub. Söhbət ondan gedir ki, bu müddət ərzində “ana, radikal müxalifət”in keçirdiyi mitinqlər cəmiyyətə ancaq gözüqıpıqlıq, ələbaxımlılıq, türmə həyatı, öldürülən ruh, öldürülən inam, qorxu sindromu və kölə psixologiyasından başqa bir şey verməyib. Və bunu cəmiyyətimizə ərməğan edən də həmin iddialı “birincilər” olub. Öldürülən ruh, öldürülən inamla, qorxu sindromu, əlbaxımlılqla biz hara gedə bilərik, bəlkə bu inamın dirçəldilməsi üçün başqa metod və vasitələr üzərində iş aparıla.

 

 

“Azərbaycanın büdcəsi Harvard Universitetinin büdcəsindən 4 dəfə azdır”

 

 

- Biz məsələyə fərqli yanaşırıq. Biz deyirik ki, mitinqlər vasitələrdən biridir. Hakimiyyətin özü də ona qarşı etiraz edən qüvvələri görür. Dediyiniz 30 il ərzində Azərbaycan müxalifəti tək bu hakimiyyətlə mübarizə aparmadı, bu hakimiyyətin arxasında duran güclərlə də mübarizə apardı. Və o güclər də bu hakimiyyətin qalmasında maraqlı idilər. Həm də bu hakimiyyətdə olanlar ölkəni onların düşündüklərindən də pis idarə etdilər. Azərbaycanın büdcəsi Harvard universitetinin büdcəsindən heç olmasa 4 dəfə aşağıdır, azdır. Hanı bu nemətlərin gətirdiyi paralar? Azərbaycandakı siyasi qüvvələrin məslələrə yanaşması da fərqlidir. Xarici və daxili faktorlar üzərində dayanıb fikir yürüdənlər var...

 

- Deyirsiniz ki, bu müddət ərzində müxalifət həm də xarici güclərlə mübarizə aparıb, eləmi?

 

- Bəli...

 

- Bu, hansı “xarici güc”dür, Elşad bəy? Azərbaycan da daxil olmaqla ayrı-ayrı ölkələrdə öz maraqlarını təmin etmək məqsədilə xalqların mənəviyyatını para hesabına zorlayan “xarici güclər” elə həmin müxalifətin apardıqları mübarizədə istinadgah nöqtəsi olmayıbmı? “Xocalı soyqırımı olmayıb, onu azərbaycanlıların özləri törədib” deyən Andreas Qroslara “demokratiyanın dostu” demək mübarizədirmi!? Və ən əsası hanı dediyiniz mübarizənin nəticəsi? Müxalifət 30 ildir ki, bu hakimiyyəti tənqid edir və özləri də 30 ildir ki, ömürlərini kef-damaqda sürdürməkdədirlər. Həmin sadə elektoratsa yenə də bir qarnı ac, bir qarnı tox gəzməkdədir. Ən böyük problemimizin həlli məsələsi qartımaqda. Hanı bu 30 ildə dəyişən nəticə, ortaya qoyulan fəaliyyətin sonucu? Hanı bu 30 ildə müxalifət olaraq siyasi maarifləndirmə yolunda apardığınız iş?

 

(Ardı var)

 

İGİD TEYMURLU
Versus.Az

Xəbər lenti

InvestAZ

Ən çox oxunan xəbərlər

Jurnalistlərimiz Dağlıq Qarabağa niyə GETMƏLİDİR?

Tarix DAĞLIQ QARABAĞda qalanan alovdan danışacaq

Ermənistanın Qarabağ iştahı artır

"Beynəlxalq terrorizmlə mübarizə” mövzusunda keçirilən konfransda

Uşaqları internetdən uzaq tutmayaq

İncitdiyiniz insanların sayı-hesabı yoxdur

"Filə səs vermək istəyirdim, amma çiçəyə səs vermişəm"

Əli Kərimli-İlqar Məmmədov müqayisəsinə cavab

"Avropa İttifaqı Ancelina Coliyə İrandan daha çox pul ayırır"” 

“Əli və Nino” filmi İndoneziyanın üç şəhərində nümayiş olunacaq

"Vladimir Zelenski Ukrayna prezidenti seçkilərində qalib gəlir"

Övladlarını niyə rusdilli təhsilə yönəldirlər?

“Azərbaycan xalqı bu şəkildə yaşamağa layiq deyil”

Ana mətbuata və dövlət rəhbərliyinə müraciət edib

Cəbhədən XƏBƏR VAR - Erməni təxribatı davam edir