“Müxalifət bu məsələdə iqtidara topa şəkildə uduzub” - LAYİHƏ

13:21 01-02-2019 | icon 161 | Layihə
“Müxalifət bu məsələdə iqtidara topa şəkildə uduzub” - LAYİHƏ

QƏZAN MÜBARƏK

 

 

Elşad Musayev: “Bu məğlubiyyətin əvəzini çıxmaq istəyirik”

 

 

(əvvəli bu linkdə)

 

- ....Bu, hansı “xarici güc”dür, Elşad bəy? Azərbaycan da daxil olmaqla ayrı-ayrı ölkələrdə öz maraqlarını təmin etmək məqsədilə xalqların mənəviyyatını para hesabına zorlayan “xarici güclər” elə həmin müxalifətin apardığı mübarizədə istinadgah nöqtəsi olmayıbmı? “Xocalı soyqırımı olmayıb, onu azərbaycanlıların özləri törədib” deyən Andreas Qroslara “demokratiyanın dostu” demək mübarizədirmi!? Və ən əsası hanı dediyiniz mübarizənin nəticəsi? Müxalifət 30 ildir ki, bu hakimiyyəti tənqid edir və özləri də 30 ildir ki, ömürlərini kef-damaqda sürdürməkdə. Həmin sadə elektoratsa yenə də bir qarnı ac, bir qarnı tox gəzməkdədir. Ən böyük problemimizin həlli məsələsi qartımaqda. Hanı bu 30 ildə dəyişən nəticə, ortaya qoyulan fəaliyyətin sonucu? Hanı bu 30 ildə müxalifət olaraq siyasi maarifləndirmə yolunda apardığınız iş?

 

- Nədənsə bu 30 ilə qiymət verəndə siz ancaq müxalif düşərgənin fəaliyyətinə daha çox diqqət yetirirsiniz. Cəmiyyət olaraq bütövləşmək, sağlam mühitin formalaşdırılması üçün belə yanaşma düzgün deyil. Beynəlxalq təşkilatlara münasibətdə sərgilənən mövqenin təqdimatında da bir mücərrədlik var. Qroslara kim necə qiymət veribdisə, zənnimcə sual da həmin kəslərin özlərinə yönəldilməlidir.

 

 

“Cavabdehliyim və məsuliyyətim çərçivəsində istənilən suala aydınlıq gətirməyə hazıram”

 

 

- Əsas diqqəti müxalif düşərgəyə yönəltməkdə hansısa qərəzli mövqe yoxdur. Biz də bu məmləkətdə yaşayırıq və bu hakimiyyəti də yaşanan sevincimiz, yaşanan qəmimizlə, ağrılarımızla, acılarımızla, problemlərimizlə, “ümiddən asılan qılınc”ımızla çox gözəl tanıyırıq. Amma hakimiyyətə iddialı olan müxalifətin cikini-bikini bilmirik. Üstəlik nəzərə alsaq ki, bu qüvvələrin tam əksəriyyətinin necə fəaliyyət göstərmələrinin də şahidi olmuşuq. Və indi də Qozbel mediçilər gözəllik mücəssəməsi kimi təqdim olunur. Belə olan halda müxalifət haqqında soruların üstünlük təşkil etməsində hansısa qeyri-adi bir şey axtarmayın, Elşad bəy.

 

- Mən demədim ki, burada nəsə qeyri-adi bir şey var. Sadəcə olaraq prinsip etibarilə məsələlərin birtərəfli deyil, hərtərəfli işıqlandırılmasından yana olduğum üçün fikrimi belə söylədim. Amma istədiyiniz suala öz cavabdehliyim və öz məsuliyyətim çərçivəsində tam olaraq cavab verməyə də hazıram. Qaldı ki, dediyiniz siyasi maarifləndirmə işinə, Azərbaycan müxalifəti bu məsələdə Azərbaycan iqtidarına topa şəkildə uduzub. Dünyanın supergücləri Azərbaycan hakimiyyətini qoruyub saxlayıb. Ölkədə saxta seçki keçirilib, həmin güclər buna demokratik don geyindiriblər, adamlar həbs olunub, üstündən keçiblər. İnsanların hüquq və azadlıqları pozulub, üstündən keçiblər. Azərbaycan müxalifəti də sosial təbəqələri etiraza qaldıra bilməyib, ona görə də bu proses davam etmədədir...  Azərbaycan hakimiyyəti yeni müxalifətin yaranmasında maraqlı deyil...

 

- Amma günü-gündən yeni müxalifət yaranmadadır axı. Səhv etmirəmsə 48 siyasi partiya mövcuddur. Bu, necə maneçilikdir?

 

 

“Azərbaycan siyasətinə verdiyim ən böyük töhvə...”

 

 

- Baxın, 1995-ci ildə mən seçkini udmuşam. 2000-ci il seçkilərində də Oqtay Əsədovu seçkidə udmuşam. Mənim vəkillərimi tutdular. Adamın vəkillərini də seçki vaxtı tutarlarmı? Ondan sonra 2010-cu ildə Rafael Allahverdiyevi udmuşam, haqqımda söylədilər ki, adam maşının arxasından baqaydan pul paylayır. 2015-ci ildə adını belə düzəməlli yaza bilməyən onkologiyanın zavxozu işləyən Qafarovu udmuşam.

 

- Azərbaycan siyasətinə verdiyiniz ən böyük töhvə nədir?

 

- Hesab edirəm ki, Azərbaycan siyasətinə verdiyim ən böyük töhvə savadlı övladlar böyütməyimdir. Əynimizdən, yeməyimizdən-içməyimizdən kəsib dövlətimizin sabahı naminə savadlı övladlar böyüdürük. Hakimiyyətlə rəqabətdə də bizim udacağımız odur...

 

- Hakimiyyətdə olanların övladlarından savadlı olanı yoxdur bəyəm?

 

- Təbii ki, var. Amma sizin belə paralellər aparmanız həm də mahiyyətdən yan keçmənin görüntüsüdür...

 

- Yan keçirəmsə, onda sükana yiyələnin ki, kursdan uzaq düşməyək.

 

- Bax bizə nəyi irad tuturdular?

 

- Nəyi irad tuturdular?

 

- Bizə deyirdilər ki, bəs Azərbaycan müxalifəti xarici dil bilmir...

 

- Üzr istəyirəm sözünüzü kəsdiyimə görə, yeri gəlib deyə soruşmaq məcburiyyətindəyəm. Bax o dediyiniz “xaricdə uşaq oxutmaq” məsələsindən siz siyasətçilər hansısa bir fakt kimi istifadə edərək zaman-zaman qarşı tərəfi ittiham da etmisiniz. Ki, bu adam nə ilə, necə oxudur öz uşağını xaricdə? Sizin də övladınız xaricdə təhsil alıb. Nə qədər para xərclədiniz o təhsilə, “heç yerdə işləməyən müxalifət qüvvələri”ndə bunca para hardandır ki, Avropayla Amerikanı su yoluna döndəriblər?

 

- Birincisi onu deyim ki, mən Azərbaycan siyasətində az-az adamlardanam ki, qazanmışam, siyasətə də pul qoymuşam. Obyekt tikirsən, sökürlər, belə də olur. Qaldı ki, xaricdə uşaq oxutmağa görə qarşılıqlı ittiham məsələsinə, öz tərəfimdən deyə bilərəm ki, Elşad Musayev belə ittihamlardan çox uzaqdır. “Heç yerdə işləməyən müxalif qüvvələr”in uşaqlarının xaricdə necə təhsil almasının təfərrüatlarını mən deyə bilmərəm. Ancaq öz təcrübəmdən deyə bilərəm ki, ola bilsin həmin uşaqlar “bus” qazanıblar...

 

- “Bus” deyəndə siz təqaüdü nəzərdə tutursunuz da?

 

- Bəli. Məsələn, mənim övladım Türkiyədə “bus” qazanmışdı. Gedib Türkiyənin hesabına orada təhsilini aldı. Magistraturanı qurtardı. İndi yenə də doktoranturaya “bus” qazansa gedib yenə də oxuyacaq. Ölkəni yüksək təhsillə, elmlə bataqlıqdan xilas etmək olar, irəli aparmaq olar...

 

 

“Bizim istədiyimiz odur ki, bu proses başlasın”

 

 

- Sizə elə gəlmirmi ki, Azərbaycanın bugünkü siyasi düzəninə hakim kəsilən “mənəm-mənəmlik” iddiası, “mənəm-mənəmlik” hikkəsi elə tənqid etdiyiniz vəziyyətə düşməyimizdə bir katalizator rolu oynayıb? Və indi də siz bir hərəkat formalaşdırırsınız. Qorxmursunuz ki, içərinizdən “mənəm-mənəm” deyənlər baş qaldırar, yenə də xəyanətlər seriyası gündəmi zəbt edər?

 

- Deyilənlərlə tamamilə razıyam. Hər şey ola bilər. Heç kim heç nədən sığortalanmayıb. Ortaya o qədər problemlər çıxa bilər ki... Müxtəlif düşüncəyə malik adamlarla yol getmək elə də asan deyil. Söhbət ayrı-ayrı fərdlərdən getmir. Bizim istədiyimiz odur ki, proses başlasın.

 

- Dediyiniz proses başlayandan sonra nə olacaq?

 

- Proses başlayandan sonra insanlar ayağa qalxanda öndə gedən çox adamlar olacaq. Kim deyir ki, 10-15 adam bir yerdədirsə, bunun biri lider olmalıdır. Yox. Mən hesab edirəm ki, Azərbaycan gəncliyindən bir nəfər qabağa çıxmalıdır. Biz yeni nəsli lider kimi yetişdirməliyik...

 

- Yeni nəslə verdiyiniz önəm təqdirəlayiqdir. Amma bu yeni nəslə örnək, onlara dayaq olası Ağsaqqal, Ağbirçək siyasətçilərimizin Sözünə də ehtiyac var. Ötən əsrin sonunda imperiyaya qarşı sinə gərən, daşıdığı aspektdən asılı olmayaraq əməllərilə tarix yaradan liderlər niyə aranızda yoxdur?

 

- Kim yoxdu bizim aramızda?

 

- Etibar Məmmədov niyə yoxdur, İsa Qəmbər niyə yoxdur, İlyas İsmayılov niyə yoxdur, Sabir Rüstəmxanlı niyə yoxdur, Lalə Şövkət xanım niyə yoxdur, Sərdar Cəlaloğlu niyə yoxdur?

 

- Bu sualı birbaşa həmin adamların özlərinə versəniz, daha yaxşı olar. Adlarını sadaladıqlarınızdan Sərdar Cəlaloğlu bizim Xalq Hərəkatında iştirak edib və o bizə dəstək verəcəyini açıq-aşkar bildirib. Digər siyasətçilərə sualınız varsa, özlərinə müraciət edə bilərsiniz...

 

 

“Biz revanş götürmək istəyirik”

 

 

- Elşad bəy, bir yandan hansısa xalq hərəkatından danışırsın, bir yandan da mənə yol göstərirsiniz ki, gedin özünüz maraqlanın. Hərəkat yaratma adına iddialı olan sizlər nə üçün bu adamların yanınızda olmasına şərait yaradacaq mühit formalaşdırmamısınız? Axı onların sizlərin yanınızda olması əlavə divident deməkdir, daha da möhtəşəmlik deməkdir. İstəmirsiniz bunu?

 

- O möhtəşəmliyi biz də istəyirik. Düz deyirsiniz, biz hərəkatdan danışırıq, hərəkata qoşulmaq üçün xüsusi dəvət lazım deyil, sadəcə olaraq istək lazımdır. Biz heç kimin bu prosesdən kənarda qalmasını istəmirik. Şəxsən mənim düşüncəmə görə hamının birləşib ölkəni düşdüyümüz çətin durumdan çıxarması daha məqbul variantdır. Yox əgər bu adamlar hərəkata qoşulmurlarsa, bu, onların qərarıdır və buna da hörmətlə yanaşmaq lazımdır...

 

- İddia etdiyiniz kimi problemlərimizin həlli baxımından hələ indi-indi biz hərəkat dövrünə qədəm qoyuruqsa, onda maraqlıdır, bundan əvvəlki mübarizələrin adı nə olub?

 

- Mübarizəyə kim hansı adı istəyirsə, qoysun. Bu, qeyri-bərabər şəraitdə Azərbaycan müxalifətinin Azərbaycan hakimiyyətinə qarşı apardığı mübarizədir. Və bu mübarizədən Azərbaycan müxalifəti çox böyük ağır yaralarla çıxıb, məğlubiyyətlə çıxıb. Biz revanş götürmək istəyirik. Bu məğlubiyyətin əvəzini çıxmaq istəyirik. Bayaq dediyim kimi, hakimiyyət xalq tərəfindən verilən əmanətdir. Verilən əmanətin haqq-hesabının sorulması da təbiidir. Gedən proseslərdə hansısa saxtakarlıq olubsa, sən bunun cavabını verməlisən. Adi toyuq oğurlayana 10 il iş verirlərsə, bəs səslərin oğurlanmasına görə nə edilməlidir? Hər kəs elədiyinə görə cavab verməlidir...

 

- Sükan əlinizdə olsa da, deyəsən axı kursu başqa səmtə yönəltməyə çalışırsınız. Sual belə oldu ki, biz sizin düşüncənizlə hələ yenicə hərəkat dövrünə qədəm qoyuruqsa, onda məsələyə inkişafın ardıcıllığı baxımından qiymət veriləndə yenə də böyük zaman tələb olunur – bu hərəkat formalaşası, inkişaf edəsi, böyük vüsət alası, hansısa mərhələni adlayandan sonra struktur baxımından yeni forma alası... və beləcə daha bir 30 ilə əlvida deyib qartımış problemlərimizi nəinki həll edəcəyik, bəlkə heç yada da salmayacağıq. Tarixi unutqanlığımız da buna şahidlik edir. Uzağa getməyək: elə indinin özündə “erməni xalqı bizim düşmənimiz deyil”, “biz uşaqlarımızı erməniyə nifrət ruhunda böyütməməliyik” deyənlərimiz yoxdurmu? Bax bu baxımdan sizin belə jestləriniz bizim unutqanlığımızda dolayı yolla sanki katalizator rolu oynayır.

 

- Bəy, bax mediyanın təmsilçisi kimi sizin bu hərəkatda rolunuz nədir?

 

- Mediyanın rolu nə olmalıdır ki? Doğru-dürüst, qərəzsiz, obyektiv informasiyanın mütəmadi olaraq yayılması, cəmiyyətin maarifləndirilməsi istiqamətində görülən işlərə ayna tutmaq, düzü düz, əyrini əyri olaraq olduğu kimi xalqa təqdim etmək...

 

- Bax elə buna görə də sağ ol düşür. Başqası da öz üzərinə düşən vəzifəni yerinə yetirməlidir. Ona görə də biz bütöv cəmiyyət olaraq bu işlə məşğul olmalıyıq...

 

 

“Mübarizəmizi həm daxildəki, həm də xaricdəki qüvvələrə qarşı yönləndirmişik”

 

 

- Bəli, düz deyirsiniz, hamımız məşğul olmalıyıq ki, eybəcər donlarımıza görə yanlış biçimlərin güdazına getməyək. Qəfil gün doğanda da kimlərin əyilə-əyilə kimlərin evindən çıxmasının şahidi olub ölən ümidlərimizə yas tutmayaq. Elə buna görə də versus.az saytı olaraq biz də siz siyasətçilərin apardıqları mücadiləyə ayna tutur, Sözün Cəng Meydanında Sizə “qəzanız mübarək” deyib, özünüzü öz dilinizlə bəyan etməyə çalışırıq.

 

 

- Ritorik yanaşmanızı alqışlayıram. Bütün sahələrdə obyektivliyin, şəffaflığın, düzgünlüyün, haqqın, ədalətin, cavabdehliyin, məsuliyyət hissinin olmasıyla biz istədiyimizə nail ola bilərik. Sosial təbəqənin bütün sferası bu işdə səfərbər olmalıdır.

 

- Apardığınız mübarizədə daha tez sarsıdılması nəzərdə tutulan hədəf hansı mövqedədir – içimizdə, yoxsa çölümüzdə?

 

- Biz mübarizəmizi həm daxildəki qüvvələrə, həm də onların arxasında dayanan güclərə qarşı yönləndirmişik...

 

 

“...Maliyyə məsələsini də axtarıb tapmaq lazımdır”

 

 

- Bu, dediyiniz mübarizənin gerçək görüntüsü yox, daha çox özünü olduğundan qat-qat artıq göstərməyə doğru edilən cəhddir. Və bunu başqa cür qiymətləndirmək də olmur. 30 ildir ki, meydan psixologiyasıyla yaşayan bir müxalifət mövcud hakimiyyət qarşısında boynubükük bir durumda olduğu halda hansısa beynəlxalq güclərə qarşı da cəbhə açıb əzələ nümayiş etdirir!!!

 

- Bu da sizin görə biləcəyiniz qədərdir və görə biləcəyiniz qədərə də hörmətlə yanaşıram...

 

- Görə bildiyim başqa bir məqam da var, Elşad bəy! Deyirlər ki, siyasi qurumların, eləcə də hərəkatların iki maliyyə mənbəyi mövcuddur: birinci mövcud iqtidar, ikinci də xaricin maraqlı dairələri. İqtidarı hədəf seçəni xaric, xarici hədəf seçəni iqtidar maliyyələşdirir. AXH bu  qüvvələrin hər birini hədəf seçib. Və başqa bir yandan da 220 manatlıq kasıb büdcəsindən həzər edir. Razısınızmı o deyilənlərlə, nədir bu qeyri-müəyyənlik, bu maliyyə ilə siz hara qədər gedə bilərsiniz?

 

 

İki maliyyə babası və parasız AXH

 

 

- O maliyyə məsələsini də axtarıb tapmaq lazımdır. İqtidarın, xaricin kimə dəstək verməsi hamıya aydındır. Görünən dağa bələdçi lazım deyil. Hər halda bizim bu təşkilat yeni formalaşır. Hesab edirik ki, əgər bu, xalq hərəkatıdırsa, maliyyəni də xalqın içindən çıxmış iş adamları verməlidir. Burada qeyri-adi olan heç nə yoxdur.

 

- Bildiyim qədərində Azərbaycanda belə bir təcrübə yoxdur axı...

 

- Təcrübə yoxdursa, deməli fərqli fikirləşmək lazımdır ki, belə bir şey olsun. Xalqın özü də bu prosesdə iştirak etməlidir. Burada olan, xaricdə olan iş adamlarımız var, onlar da gerçəkləri nəzərə alıb öz missiyalarını yerinə yetirməli, əllərini daşın altına qoymalıdırlar.

 

- İş adamları məsələsini hələ qırağa qoyaq, xalqdan danışaq. Yanaşmalarınızda bir mücərrədlik və bir az da qeyri-müəyyənlik var. Bir yandan deyirsiniz ki, biz ac xalqın uğrunda mübarizəyə qalxırıq, xalqımız acdır, susuzdur, problemləri başdan aşır, azadlıqları boğulur, hüquqları tapdalanır və sair... Paralel olaraq özünüzü qalib əsgər rolunda görməyə çalışırsınız Əsgəri qələbəy aparan yol onun mədəsindən keçir deyiblər, Elşad bəy! Ac xalq sizi necə maliyyələşdirəcək? O hansı oliqarxdır ki, Azərbaycan müxalifətinə para verib? Özümüzü aldatmayaq: bu işdə maraqlı olan iki maliyyə babası var: mövcud iqtidar və xarici qüvvələr.

 

- Kimin imkanı varsa onların imkanlarından yararlanmaq olar – iş adamı olsun, orta təbəqənin nümayəndələri olsun, fərq etməz. Heç kimin əlindən çörək pulunu almaq olmaz ki...

 

- Dəqiqləşdirək e, Elşad bəy! Açıq mübarizəyə girmisiniz, hədəf seçdiklərinizin qorxusundanmı maliyyə mənbəyini açıqlamırsınız? 30 ildir ki, haqqımızı tanımayan elə həmin beynəlxalq təşkilatlardan hansısa sizə desə ki, lazım olan paranı artıqlamasıyla biz sizə veririk, mübarizənizi davam etdirin, buna gedəcəksinizmi?

 

- Bu, bir milli hərəkatdır, beynəlxalq güclər milli hərəkatlara vəsait vermirlər...

 

- “Qızılgül inqilabı”na, “narıncı inqilab”a pul verənlər kimlər idi, Elşad bəy?

 

 

Xaricin göygöz kosaları və məstedici “mətanət gülü”

 

 

- Bizə verməyiblər ki? Onlar öz maraqlarına uyğun siyasi elitanı hakimiyyətə gətirmək üçün həmin o dediyiniz qüvvələrə maliyyə yardımı ediblər...

 

- Elşad bəy, səmimi deyin görüm, o “Məhsul” stadionunda keçirlən aksiyalarda xaricin “Göygöz Kosa”ları tərəfindən istifadə olunan “mətanət gülü”nün məstedici iyi gəlirmi?

 

- Mən o stadionda mitinq keçirməmişəm. Kim orada mitinq keçirir, həmin məsələni onlardan soruşun...

 

- Heç sıradan bir iştirakçı da olmamısınız? O deyir e, “iylə, mətanət gülüdür, iylə”...Axı sizlər də...

 

- Mən belə hesab edirəm ki, bu məsələdə siz məndən daha çox informasiyaya maliksiniz.

 

- Zatən belə olsaydı, haqqında soruşmazdım. Dediyinizə istinad etsək, mitinqlərdə iştirak etməməyiniz nə ilə bağlıdır – o adamların iradlarıyla razılaşmamağın görüntüsü ola bilərmi bu mövqe?

 

- O adamların özlərinin keçirdikləri mitinqdir bu və mənim də istənilən mitinqdə iştirak edib etməmək hüququm var. Məni heç kim dəvət etməyib və mən də iştirak etməmişəm. Burada nə var ki?

 

 

“İstədiyimiz odur ki, bu hərəkata hər kəs qoşulsun”

 

 

- Əli Kərimlinin rəhbərlik etdiyi qurumun sizin hərəkata münasibəti necədir?

 

- Bu sualı Əli Kərimlinin özünə verin...

 

- Tapan kimi o sualı da verəcəm. Versus.az saytının Söz Meydanında Cəhg Meydanının birinci fərarisi Əli Kərimlidir, ikinci fərarisi Tahir Kərimlidi, üçüncü fərarisi də Nemət Pənahlı. Bu və ya digər formatda adları çəkilən şəxslərə etdiyimiz müraciətlər cavabsız qalıb, adamlar öz cavabdehlik və məsuliyyət hisslərini bizdən qaçmaqla ortaya qoyublar. Ona görə də ortaya bəzi suallar çıxanda məsələyə sizlərin aydınlıq gətirməyinizi istəyirəm.

Dediniz ki, məni dəvət etmirlər. Bəs siz necə adı çəkilən bu adamları dəvət edibsizmi?

 

- Deməli, Milli Şuranın mitinqi oldu, İsgəndər bəy də fərd olaraq orada iştirak edib. Bundan sonrakı mitinqlərə biz dəvət olunarıqsa, problem yoxdur, bunu müzakirə edib, gedib iştirak edərik. Bizim istədiyimiz odur ki, bu hərəkata hər kəs qoşulsun. Müxalifətçiliyin monopoliyaya alınmasının əleyhinəyəm. Kiminsə komandasında söyüş ritorikasına üstünlük verilirsə, bu, Azərbaycan cəmiyyətinə yaxşı heç nəyi verə bilməz. Söyüşlə hakimyyət dəyişmək olmaz. Təhlil etmək olar, sərt tənqid etmək olar, amma söyüş ritorikasıyla danışmaq qətiyyən olmaz. Kimsə bu məsələdə ölkədə vəziyyətin normallaşmasına çalışırlarsa, onda əməkdaşlıq etməlidirlər. Yoxsa kiminsə əlində hansısa informasiya resursu varsa, durub onu aşağılasın, bunu aşağılasın, “ana müxalifət”çilikdən, nə bilim bala müxalifətçilikdən dəm vursun, belə olmaz. O türklərin bir sözü var e, deyir, ittifaq istəməyən, iqtidar da istəmir. Biz iqtidar da istəyirik, ittifaq da istəyirik. İllərin təcrübəsi diktə edir ki, bütün siyasi qüvvələr bir araya gəlməlidir. Hərəmizin bir partiyası var, gedib oturardıq da hərəmiz bir yerdə. Məhz bunu nəzərə alıb toparlandıq.

 

- Toparlanan insanların yekdil rəyi varmı?

 

- Hamının bir-birinə simpatiyası olmasa belə, vəziyyəti dəyişmək üçün bir yerdə oturmağa məcburuq.

 

- Bu mücadilədə son məqsədiniz nədir? Nəyə nail olmağa çalışırsınız?

 

- Son məqsədimiz normal, demokratik cəmiyyət qurmaq üçün vəziyyəti dəyişməkdir. Hakimiyyət tam normal seçki yoluyla formalaşmalıdır...

 

- Hərdən adama elə gəlir ki, siz növbəti parlament seçkilərinə hazırlaşırsınız?

 

- Bizim elə niyyətimiz yoxdur və bu məsələ müzakirə mövzusu olmayıb. Ölkədə demokratik seçki mühiti olmadan bundan danışmağına dəyməz.

 

- Elə bayaqdan dediklərinizə də söykənərək belə demək mümkündürmü ki, əslində belə gedişlərlə, öz həqiqətləriniz, öz maraq dünyanızla siz siyasətçilər Azərbaycanda AUTUST CƏMİYYƏT formalaşdırırsınız? O autist cəmiyyət ki, dünyada yayılma arealına görə Azərbaycan 3-cü yerdə dayanır. Və biz hələ də siyasətçilərin yalanları, qanunverici orqanımızın yarıtmaz fəaliyyəti ucbatınızdan öz autistlərimizlə sosiallaşa bilmirik, onların cəmiyyətə adaptasiya olunmalarını təmin edə bilmirik, onların problemlərini tam görməzliyə vururuq.

 

- Öncə onu deyim ki, siyasət elə maraqlar üzərində qurulur. Əgər mən desəm siyasətçinin maraqları yoxdur, bu, qeyri-səmimi olar. Dediyiniz cəmiyyətin formalaşmasında vəzifə hərislərinin günahı daha böyükdür.

 

- Xeyir, Elşad bəy. Belə problemin həlli kompleks yanaşma tələb edir cəmiyyətdən.

 

- Vəzifə belədir ki, bir adamın öz düşündüyünü həyata keçirmək üçün tutduğu vəzifə də bir vasitə olur. O vəzifənin sənə verdiyi imkanlardan istifadə edib xalqın problemlərinin həllində iştirakçı olasan...

 

 

“Qarabağ probleminin sülh yoluyla həllinə inanmıram”

 

 

- İtirilmiş etimadı qazanmaq mümkün olacaqmı?

 

- Ağır sualdır. Ancaq hesab edirəm ki, bu, hərəkatda təmsil olunanların müdrikliyindən asılı olacaq. Əvvəlki davranış tərzi, əvvəlki yanaşmalar, əvvəlki ab-havanın təkrarlanması ortaya qoyulacaqsa, onda bütün bunlar gördüyümüz içlərə kölgə salacaq.

 

- Qarabağ probleminin həllində Elşad Musayevin təklifi nədir?

 

- İlk növbədə sosial-iqtisadi məsələlər, ortada qalan problemlər həll edilməlidir. Çünki deyildiyi kimi əsgəri qələbəyə aparan yol onun mədəsindən keçir. Bütün variantlardan istifadə edilməlidir. Mən Qarabağ probleminin sülh yoluyla həllinə inanmıram. Hərb meydanında qalib gələndən sonra sülh yoluyla məsələlər müzakirə oluna bilər. Hərbi-siyasi yol mənim mövqeyimdir. Amma Azərbaycanda fərqli düşüncələr də mövcuddur.

 

- Nəyi nəzərdə tutursunuz?

 

- Arxadan danışmaq kimi çıxmasın, Azərbaycanda çox böyük siyasətçi qüvvəsi var ki, adamlar Avropa Şurasına qəbul ediləndə öhdəlik götürüblər ki, biz Qarabağ probleminin sülh yoluyla həllinə tərəfdarıq.

 

- Bu adamların adları yoxdur, Elşad bəy?

 

- Niyə yoxdur ki? Azərbaycandakı iri partiyaların hamısının imzası var orada. Sonra kimsə mövqeyini dəyişibsə, sağ olsun. Peşəkar ordu yaradılmalıdır. Azərbaycan qarşısında iki yol var: ya müharibə, ya da rüsvayçılıq.

 

- Müxalifətin “siyasi məhbus” məsələsindən alver predmeti kimi istifadə etməsinə münasibətinizi bilmək istərdik. Həbsxanada olanda az qala xalqın qəhrəmanı kimi təqdim olunanlar əfv olunan kimi anındaca unudulur və sonradan heç yada da düşmürlər. Haradadır sizin şəkilləri qəzet səhifələrində boy sırasıyla düzülən “siyasi məhbus”larınız? Əksinə, hələ bir az hakimiyyət iman sahibi olur ki, adamlar türməyə düşən kimi duasnı oxumağa başlayırlar, çıxandan sonra da olurlar “hüquq müdafiəçisi”.

 

- “Siyasi məhbus” məsələsi üstündən alverlər çox olub və bu, ayrı məsələdir. Eləcə də həmin “siyasi məhbuslar”ın sonradan hansı limanlara yan almaları da fərdlərin öz şəxslərinə aiddir. Kimin imanlı, kimin imansız olmasını müəyyənləşdirmək, bununla bağlı qərar qəbul etmək də bizlik deyil. Amma sən insanı fərqli düşündüyünə görə həbs edə bilməzsən. Biz bunun əleyhinəyik.

 

- Əhməd Ağaoğlu deyir ki, demokratiyanın ən ilkin şərti hər kəsin öz cavabdehlik və məsuliyyət hissini dərk etməsidir. Cəmiyyət olaraq dərk etdiyimiz bu hislərin səviyyəsinə baxışınızı bilmək istərdik.

 

- İstər hakimiyyətdə, istərsə də müxalifətdə olsun, ən böyük qorxulu məsələ məsuliyyət hissinin olmamasıdır. Amma paralellər aparanda demək mümkündür ki, hakimiyyət dairəsində belə məsuliyyətsizliklər daha böyükdür, çünki ölkəni onlar idarə edirlər, müxalifət yox.

 

- Elşad, bəy, ən çox sevdiyiniz mahnı və ən çox sevdiyiniz rəqs havası hansıdır?

 

- Vallahi elə bir fərdi seçimim yoxdur. Klassik musiqini də, estradanı da dinləyirəm, açma fərdi yanaşmam yoxdur...

 

- Toya getmişik, deyirlər ki, Elşad bəy, bir rəqs havası xahiş edin oynayaq, seçiminiz nə olacaq?

 

Vallahi rəqsdə mənim elə bacarığım, seçimim yoxdur...

 

- İstənilən rəqsə oynaya bilərsiniz?

 

- Təəssüflər olsun ki, oynaya bilmirəm, rəqs etməyi bacarmıram. Amma çox gözəl rəqs edən adamlar da var...

 

- Onda belə çıxır ki, siz daha çox toylarda qol qaldırıb kütləvi oyunların iştirakçısı olmaqla vəziyyətdən sıyrılıb çıxırsınız, eləmi?

 

- Hə, bəs elə eləyirdim də (gülür)...

 

İGİD TEYMURLU
Versus.Az

Xəbər lenti

InvestAZ

Ən çox oxunan xəbərlər

Sərdar Cəlaloğlu “müxalifətdə mənəm" deyənlərə MEYDAN OXUDU - MÜSAHİBƏ

Əlilliyi olan qadınlara texniki dəstək verildi

“Ölümün də qarşısını ala biləcəyik”

Partiya sədrindən maraqlı təklif

159 yaşayış məntəqəsində məktəblər bağlandı

Ermənilər Xocavənddə əsirləri girov apararkən - VİDEO

Azərbaycanda yeni xəbər agentliyi fəaliyyətə başlayır 

Türkmən millət vəkili ilk dəfə İraq Kürd Muxtariyyəti parlamentinin sədr müavini oldu

Bəzi Dövlət komissiyalarının tərkibi dəyişdirildi

Boşanmaq istəyən ailələr üçün...

Bayrağımızın erməni bayrağı altında asıldığını görən idmançımız baxın nə etdi - VİDEO

Mobil telefonla şəkil çəkənlərin nəzərinə

“Ondan Qarabağ mitinqlərindən hansısa dərs götürəcəyini gözləməyə dəyməz”

“Öz biznesinin sahibi ol” – TƏQDİM EDƏCƏK

“Millətimizin sabahı, gələcəyi üçün çalışırıq” - MÜSAHİBƏ