“...Deyirdilər ki, o da “verbovka” olunmuşdu...” - LAYİHƏ

15:09 07-02-2019 | icon 352 | Layihə
“...Deyirdilər ki, o da “verbovka” olunmuşdu...” - LAYİHƏ

 

İqbal Ağazadə: “Azərbaycan torpaqlarının işğaldan azad edilməsi Ümid hakimiyyətinin qurulmasından keçir”

 

 

 


(əvvəli bu linklərdə - I müsahibə, II müsahibə)

 

“AMİP, VHP, Müsavat, AXCP, Ədalət və ALP öhdəlik götürüb”

 

 

- ...Sadə elektorat içərisində İqbal Ağazadədən söz düşən kimi “savadlı oğlandır, siyasi potensialı böyükdür, həm də deyəsən KQB-şnikdir” deyirlər. “..Qəfil gün doğsa bir gecə, dünya dümağ işıqlansa”, görəcəyik “kimlərin əli kimlərin cibindən çıxır, kimlər əyilə-əyilə kimlərin evindən çıxır”. Bu konuda sizə yönəli ittihamların bir əsası varmı, varsa, çəkinmədən deyə bilərsinizmi nə zaman “verbovat” olunmusunuz?

 

- Əvvəla onu qeyd edim ki, o dediyiniz “KQB” olanda heç mən siyasi həyatda olmamışam. Və bu qurum çoxdan tarixin arxivinə qovuşmuşdu. Ona görə də mənə yönəlik “KQB agenti” anlayışını heç qəbul etmirəm. Və çox təəssüflə düşünürəm ki, hələ də bu gün Azərbaycanda ötən əsrin 30-cu illərinin təfəkkürü yaşamaqdadır...

 

- Nədir həmin 30-cu illərin təfəkkürü?

 

- Sosial damğaçılıqdır o təfəkkür. Kim bir az qabağa çıxırdısa, proseslərdə daha aktiv olurdu, kim kimisə rəqib görürdüsə, pantürkistdir, paniranistdir, qolçomaqdır, mülkədardır, bəy oğludur, varlıdır deyib 1937-ci ildə bir qismimizi elə özümüz sıradan çıxartdıq. 1956-cı ildə şəxsiyyətə pərəstişlə bir hissəmizi göndərdilər gedər-gəlməzə. 1988-ci ildə də proses başlayanda kimin kimdən xoşu gəlmirdisə, deyirdi ki, bu adam “KQB agenti”dir. Bu “KQB agenti” ifadəsinə son qoymaq üçün çox hörmətli keçmiş cəbhə hakimiyyətinin nümayəndələri, çox hörmətli mövcud hakimiyyətin nümayəndələri, açardınız və açın bu arxivləri, qoy, kimin kim olduğunu hər kəs bilsin. Onda “çalxalandıqca, bulandıqca zaman nehrə kimi: yağı yağ üstə çıxar, ayranı ayranlıq olar”. Nədən qorxurlar ki? Mənim qorxduğum bir şey yoxdur. Arxivdən mənə aid heç bir şey çıxmayacaq, bunu siz də bilin, hörmətli oxucular da bilsin. Mən kim olsam belə, mənim haqqımda nə desələr belə, mən bu dövlətin quluyam. Və bu dövlətin uğrunda canımdan keçməyə hazıram. Savadıma, siyasi qabiliyyətimə hörmət edirlər, sağ olsunlar. Amma həm də arxayın olsunlar ki, hörmət etdikləri İqbal Ağazadənin ora ilə qətiyyən əlaqəsi yoxdur, biz hakimiyyətə gələndə o arxivləri açacağıq. Həm də yarı ciddi, yarı zarafatyana bir şeyi də deyim…

 

- Buyurun...

 

 

“Çalışırıq ki, bütün birliklərin içərisində olaq”

 

 

- “KQB-şnik” deyirlərsə, demək nəsə gözləyirlər. Axı bizim xalq həm də müəmmaya maraq göstərir. Rəhmətlik Heydər Əliyev "KQB"-nin general-leytenantı idi. Sonra rəhmətlik Əbülfəz Elçibəy haqqında belə deyirdilər ki, o da “verbovka” olunub... Hər ikisi prezident oldu.

 

- İndi də sizin haqqınızda deyirlər...

 

- Demək ki, bir zarafat kimi qəbul etsək də, o məntiqlə növbəti mənəm... (ürəkdən gülür).

 

- Son günlərdə yeni birliklərin formalaşdırılması istiqamətində müəyyən işlər aparılır. Bununla bağlı Ümid Partiyası hansısa müzakirələrə dəvət alıbmı?

 

- Biz hər yerdə varıq...

 

- Formalaşdırılan birliklərdə varsınız?

 

- Biz bütün birliklərdə - Azərbaycanın adı olan bütün birliklərdə varıq. Müzakirələrdə söz sahibi olaraq varıq. Elə hamı da çalışır ki, biz hər yerdə olaq, bu birliklərin içərisində olaq. Çünki hamısı sonda işin nə ilə nəticələnəcəyini bilir.

 

- Kimlər daha çox yararlandı bu birliklərin adından, yetmədimi bunca müddətdə və bunca uydurma adlar altında siyasətçilərin xalqın adından istifadə etməyi?

 

- Biz çalışırıq ki, xalq qazansın. Kimlər o birliklərin adından nə qazanıbsa, mən onun barometrini bilmirəm. Nə ilə, necə ölçək bunu? Amma müəyyən dönəmlərdə xalq, cəmiyyət, dövlət üçün müəyyən qazanclar olub. Az olub, çox olub, amma bütün dönəmlərdə qazanclar cəmiyyət üçün hesablanıb...

 

- Siz konkret hansı bloklarda olmusunuz?

 

- Antireferendum bloku yaranıb, Ümid Partiyası olaraq biz də orada olmuşuq. Antireferendum blokunun üzvü olaraq çalışmışıq ki, cəmiyyətin bəlli bir kəsiminə ən azı Referendumun millətin, dövlətin gələcəyi üçün faydalı olmayacağını başa salaq, amma bir qism insanlar hələ də o Refendumun demokratik olduğu qənaətindədir. Hə, ziyanı nədə oldu?! Xalq məyus oldu, biz o referendumu dayandıra bilmədik... Onun da öz səbəbləri var. Prosesdə ümumi çatışmazlıqlar da olub. Qalib gələndə hər kəs özünü qəhrəman kimi təqdim edir, məğlubiyyəti isə bölüşən yoxdur...

 

- Sevinci bölməyə hamı hazırdır: kədərin ortağı tapılmır ancaq...

 

- Eynən...

 

 

“Bizim çətirimizin altında hər kəsə yer var”

 

 

- İdeoloji platformaları və geosiyasi meylləri fərqli olan siyasi qüvvələrin hansısa təşkilat tipli birliklər yaradıb birgə mübarizə aparması hansı halda mümkündür və Azərbaycanda bunun örnəyi varmı?

 

- Dünya çoxdan ideoloji düşüncədən imtina edib. Dünya hüquqi dövlət prinsipinə önəm verməkdədir. Liberalsan - liberal düşüncəni yay, mühafizəkarsan - mühafizəkar düşüncəni yay, sağçısan - sağçı düşüncəni yay, solçusan - solçu düşüncəni yay, eyvallah...

 

- Hakimiyyətə gələndə də?

 

- Hakimiyyətə gələndə dövlətçilik prinsiplərindən kənara çıxmayacaqsan. Avstriyada qatı millətçi hakimiyyətə gəlmişdi. Nə oldu?

 

- Üzr istəyirəm, mən hansısa ideologiyanı müdafiə edən qüvvənin əlahiddə şəkildə hakimiyyətə gəlməsindən deyil, fərqli ideologiyalara malik siyasi qüvvələrin bir araya gəlməsinin və idarəçilik sistemində eyni mövqedən çıxış etmələrinin mümkünlüyündən bəhs edən sual ünvanladım sizə.

 

- Bundan dünya çoxdan imtina edib. Bizdə də bu hal nominal xarakter daşıyır. Hə, ola bilsin ki, hansısa islam təmayüllü qüvvələrlə hansısa liberal qüvvələrin birliyi ortaya qoyulsun, amma bu da fərqli dünyagörüşlərinin hakimiyyəti deyil,olsa olsa ortaq mübarizəsidir. Hesab edirəm ki, cəmiyyət hüquqi dövlət quruculuğuna doğru getməlidir. Bizim çətirimiz altında hər kəsə yer var. Biz hüquqi dövlət yaratmaq istəyirik, ideoloji yox...

 

 

“Sərbəst toplaşmaqla bağlı öz missiyasını həyata keçirənlərə dəstək verməyə hazıram”

 

 

- İndiki halda müxalifət adından danışan qüvvələrin belə demək mümkünsə, “Məhsul” stadionunda gerçəkləşən yığım kampaniyasında hansısa plan və öhdəliklər varmı? Olmaya bu, hansısa qırmızı bayraq üçün hesablanıb, yoxsa burada başqa məqamlar da var?

 

- Hərənin öz qırmızı bayrağı var. Onların ala biləcəyi keçici qırmızı bayrağın rəngi mənim üçün başqa cür ola bilər. Və onların ala biləcəkləri bayrağı və onun rəngini müzakirə etməyə mənim haqqım yoxdur. Sadəcə olaraq bu adamlar siyasi partiyalar və sərbəst toplaşmaq azadlığı haqqında qanuna uyğun olaraq və hakimiyyətin verdiyi imkanlardan istifadə edərək, müəyyən məsələlərə öz etirazlarını bildirirlər. Və mən ora gələn insanların, təşkilatların heç birini aşağılamaq niyyətim də yoxdur. Hər birini alqışlayıram. Adamlar sərbəst toplaşmaqla bağlı öz missiyalarını həyata keçirilər. Bu məsələdə hər zaman onlara dəstək verməyə hazıram...

 

- Ümid Partiyasının sədri İqbal Ağazadənin Qarabağ probleminin ancaq sülh yoluyla həll edilməsi ilə bağlı beynəlxalq təşkilatlar qarşısında hansısa öhdəliyi varmı?

 

- Ümid Partiyası beynəlxalq təşkilatlar qarşısında heç bir öhdəlik götürməyib...

 

- Axı deyirlər ki, bu konuda “iri partiyaların tam əksəriyyəti beynəlxalq təşkilatlar qarşısında hansısa öhdəlik götürüb, buna imza da atıblar”.

 

- Bu, o vaxt olub ki, biz onda partiya deyildik. Azərbaycan 2001-ci ildə Avropa Şurasına daxil olarkən konfliktin sülh yoluyla həll edilməsi ilə bağlı səhv etmirəmsə, Azərbaycan Milli İstiqlal Partiyası, Ədalət Partiyası, Vətəndaş Həmrəyliyi Partiyası, Müsavat Partiyası, Azərbaycan Xalq Cəbhəsi Partiyası, Azərbaycan Liberal Partiyası və Yeni Azərbaycan Partiyası 2000-ci ildə imza atıblar buna...

 

- Ümid Partiyasının bu imzaya münasibəti necədir?

 

- Bu məsələyə yanaşmada mənim bir münasibətim var - bunu ardıcıl olaraq sərgilədiyim mövqedən bütün beynəlxalq təşkilatlar da bilir. Mən işğal olunmuş Azərbaycan torpaqlarını əsarətdən azad edəcəyəm...

 

- Necə azad edəcəksiniz, deyin, biz də bilək...

 

- Biz azad edəndə bilərsiniz...

 

- Deyin biz də bilək də, axı necə azad edəcəksiniz? Müharibə yoluyla, yoxsa danışıqlar yoluyla? Adını çəkdiyiniz partiyaların sülh yoluna imza atmaları artıq ortadadır. Siz də öz mövqeyinizi çəkinmədən ortaya qoyun...

 

 

“Əmr veriləcək, siz də yerinə yetirəcəksiniz”

 

 

- Mən əlimə silah götürüb torpaqlarımızın azadlığı uğrunda müharibəyə yollananda mövqeyimi ortaya qoymuşam. Sülhmü, müharibəmi? Sual bu olmamalıdır. Qarabağlı ya Qarabağsız Azərbaycanmı? Mənə veriləcək sual budur. İşğal bitəcək, Qarabağ azad olacaqmı? Məndən bunun cavabını istəyin. Sülhlə alacağam, ya başqa vasitələr seçiləcək bu mənim işimdir, vəzifəmdir. Mən vəzifəmi yerinə yetirib torpaqları azad edəcəyəm. Və bu zaman apardığımız haqq işimizə görə heç kimdən və heç nədən heç bir çəkinəcəyimiz də olmayacaq. Sizin israrla “necə azad edəcəksiniz” sualınıza mən də “bunu sizə niyə deməliyəm ki” cavabını verirəm...

 

- Necə yəni, “niyə deməliyəm”? Biz indidən hər şeyi müzakirə edib göz önünə almalıyıq, hər şeyə hazır olmalıyıq ki, sabah da hansısa faciələrlə üzləşməyək, yenə də hansısa faciələrin daş altında gizlədilməsinə çalışmayaq...

 

- Sabah siz mənim əsgərim olanda hansı əmr veriləcəksə, o əmri yerinə yetirəcəksiniz. Mənim verəcəyim əmri siz niyə indi dartışmaq istəyirsiniz? Yadınızdan çıxarmayın, Ali Baş Komandanın əmri dartışılmır, yerinə yetirilir...

 

- İqbal bəy, biz də o dağlara çox gözəl bələdik və gözəl də bilirik ki, əmr dartışılmır, icra olunur, buna da eyvallah. Bununla bağlı hansısa mühazirə dinləməyə ehtiyac da yox...

 

- Bilirsinizsə, eyvallah. Onda dartışma nə üçün? Siz əsgərsiniz. Əmr veriləcək, siz də yerinə yetirəcəksiniz, bu qədər sadə. Bu yolda hərbmi olacaq, sülhmü olacaq, o da beynəlxalq qanunlar çərçivəsində olacaq. Daxili resurslar nəzərə alınacaq. Amma bütün bunların qarşılığında bircə şey olacaq: Qarabağ işğaldan azad ediləcək, vəssalam!

 

- Ona görə indi dartışmaq istəyirəm ki, hazırda mən ön cəbhədə deyiləm. Arxa cəbhədə mağmuncasına Kəsik Qolların, Kəsik Qıçların Nigaran İniltisini dinləmədəyəm. Haqqımızı tanımayıb, dərdimizə ikili standartla yanaşan beynəlxalq güclərdən hələ də yol gözləyirəm. Qoy, bugünkü dartışmadan da bütün dünya bilsin ki, arxa cəbhəyə çəkilib dünyanı beynəlxalq hüquqa hörmətlə yanaşmağa dəvət edən Azərbaycan xalqı heç bir halda və heç bir güzəştə getməyəcək. Qoy, bütün dünya bilsin ki, bizim ermənilərə verəcəyimiz ən böyük güzəşt ötən 30 ildə onlara ağıllarını başlarına yığmaq üçün verdiyimiz zaman olub. İndi də artıq limit bitib, tükənib səbrimiz. Nəyin bahasına olursa, olsun, ermənilər tərəfindən işğal olunmuş torpaqlarımız geri alınacaq. Bax, onda sizin verəcəyiniz döyüş əmrinə biz sıravilər də indidən hazır olmalıyıq və hazırıq da. Ön cəbhədə olanda bizlər əmri dartışmaqla deyil, icra etməklə yerinə yetirəcəyik...

 

 

“Bu, jurnalistin, vətəndaşın dartışacağı məsələ deyil”

 

 

- Zatən biz də onu deyirik. Və başqa hansısa bir güzəştdən söhbət gedə bilməz. Ancaq bu, necə olacaq, o, sizin problem deyil. Bu məsələ jurnalistin, vətəndaşın, əsgərin dartışacağı məsələ deyil.

 

- Bəs kimin dartışacağı məsələdir bu? Hakimiyyətlər xalqa beləmi məxsus olur?

 

- Siz hakimiyyətin xalqa məxsus olması məsələsi ilə bunu qarışdırmayın. Və bu yanaşmanın özü tamamilə ayrı izahat tələb edir. Ancaq haqqında danışdığımız məsələnin sizin yox, siyasi komandanın dartışıb qərar qəbul edəcəyi məsələdir. Siyasi komanda bu qərarı qəbul edib və yerinə yetirəcək. Yerinə yetirməyəcəksə, canı çıxıb istefa verəcək, gedəcək. Deyəcək ki, bu, mənim bacaracağım məsələ deyil.

 

- İqbal bəy, cavablarınızda bir az da eyforik yanaşma var. Amma reallıqsa başqa nüanslardan xəbər verir. Heç əvvəlki dönəmləri demirəm, Şah İsmayıl Xətai dönəmindən üzü bu yana tarixi Azərbaycan torpaqları düz 33 dəfə kiçilərək, 86 min kvadrat kilometrə dirənmişdi. Onun da 25 faizinə qədərini ötən əsrin sonunda ermənilər işğal etdilər. Biz də itirə-itirə bada verdiyimiz illərdə “gələcək nəsil alacaq” deyib növbəti itkilərə şahidlik etmişik. Hər nəsil özündən sonrakı nəsli ümid qapısı olaraq, “Ağ atlı oğlan” olaraq təqdim edib gedib. Ötən əsrin əvvəlində də bizi deyirdilər. Və biz gəldik, nəinki əvvəlki itirilən əraziləri geri qaytardıq, əksinə, özümüz də torpaqlarımıza sahib çıxa bilmədik, indi də “lazım” adlı bir mücərrəd obrazı xalqa ümid olaraq göstərməkdəyik. Və belə bir durumda həm də İqbal Ağazadə özünü növbəti iddiaçı olaraq təqdim edir...

 

 

“Kim Laçınsız, Şuşasız, Kəlbəcərsiz... Azərbaycan təsəvvür edirsə...”

 

 

- Mənim dediklərimi sizin eyforik yanaşma kimi dəyərləndirməyiniz sizin düşüncənizə aid olan məsələdir və buna da hörmətlə yanaşıram. Amma bu konuda hörmətlə yanaşdığım düşündükləriniz həqiqətin özü deyil. Mən reallığı sevən adamam. Hər şeyə də dediyiniz eyforik yanaşmalarla deyil, yüz ölçüb, bir biçəndən sonra qiymət verən adamam. Dediyim sözün çəkisini, gerçək potensialımı da gözəl bilirəm. Bu baxımdan da bəli, mən iddia edirəm. Siz tarixə ekskurs edərək, torpaqların qaytarılmasıyla bağlı bir örnəyin, bu örnəyi ortaya qoyan bir obrazın olmamasını deyirsiniz. Mən də deyirəm ki, biz o obrazı yaradacağıq, narahat olmayın. Mən buna əminəm. Öz potensialıma da, xalqımızın iradəsinə də inanıram. Biz mütləq o torpaqları geri qaytaracağıq. İndi o torpaqları qaytaracaq obraz olmasa da, bizim təqdimatımızda siz o obrazı görəcəksiniz. Ən azı 2 mart 1992-ci il tarixli BMT-nin qəbul etdiyi sərhədlər çərçivəsində torpaqlarımız bütövləşəcək...

 

- Allah ağzınızdan eşitsin ki, biz də itirilən torpaqlarımız müqabilində Şəhid Ruhlar qarşısında başıaşağı dayanmayaq... Və Allah sizlərə də ömür versin, Əbülfəz Elçibəyə də Allah rəhmət eləsin. Sizdən iraq olsun, bir zamanlar o rəhmətlik də Etibar Məmmədova barmağını yelləyərək deyirdi ki, mən gələcəyəm və öz tələbələrimlə necə davranmağın başqa bir yolunu da göstərəcəm. Heyf, ömür vəfa qılmadı... Sabah nə baş verəcək, heç kim bilmir, bəlkə siz sabah siyasətdən gedəcəksiniz, ya başqa bir səbəblər ortaya çıxacaq. İndi deyirsiniz ki, oturub sizin simanızda “Ağ atlı Oğlan” gözləyək?

 

- İndi siz deyirsiniz ki, mən də öləcəyəm?

 

- Nə danışırsınız, İqbal bəy? Mən hər zaman etdiyim dualarda Uca Tanrıdan bu torpaq, bu millət, bu dövlət uğrunda canını fəda etməyə hazır olan qardaş və bacılarımıza ömür diləmişəm ki, dədələrimizdən, nənələrimizdən bizə əmanət qalan bu yurdu, bu eli, bu obanı Tanrı Payı kimi qorumağı bizlərə nəsib etsin. Bu dünyadan köçəndə də o Ruhların qarşısına üzüağ gedə bilək. Amma dünyanı tutub da gedəsi deyilik ki? Ölüm qaşla gözün arasındadır - mən də öləcəyəm, siz də öləcəksiniz, haqqın dərgahına qovuşacağıq. Yeni nəslə bizdən xatirələr qalacaq, ya rəhmət, ya da lənət oxuyacaqlar...

 

(...gözünü sonsuzluğa dirəyib bir az fikirləşəndən sonra sözə başlayır...)
- Baxın, mən ölüb gedəcəyəmsə, açdığım bir çığır, açdığım bir yol, açdığım bir xətt var, rəhbəri olduğum bir siyasi partiya var. O yolu davam etdirəcəklər, narahat olmayın... Amma unutmayaq ki, Allah-Təala da hər kəsin üzərinə bir missiya qoyur. Mənim Allaha olan inamım deməyə əsas verir ki, biz torpaqlarımızın geri qaytarılması missiyasını inşəAllah şərəflə yerinə yetirəcəyik. Və bu prosesdə öz rolumu, missiyamı da gözəl bilirəm...

 

- İnşəAllah... İnşəAllah hər şey yaxşı olar... Demək İqbal Ağazadə torpaq itkisini miras qoymaq istəmir...

 

- Qətiyyən! Qətiyyən... O torpaqları qaytaracağıq, həm də bütöv halda. Heç kim torpaqdan güzəşti ağlının ucundan belə keçirməsin. Kim Laçınsız, Şuşasız, Kəlbəcərsiz.... Azərbaycan təsəvvür edirsə, getsin bu ölkənin adını dəyişsin, orası Azərbaycan deyil... Biz isə Azərbaycan uğrunda mübarizə aparırıq və qalibiyyət mütləq bizimdir, Azərbaycanındır. Buna hər kəs əmin olsun.

 

- Müsahibəmizin əvvəlində sizin də adlarını çəkdiyiniz tarixi şəxsiyyətlərimizin hər biri problemdən çıxış yolunu nəticəsindən asılı olmayaraq, bu və ya digər formatda göstəriblər. Məsələn, həmin adamlardan olan rəhmətlik Əbülfəz Elçibəy fars şovinizmini, İran rejimini heç vecinə də almadan apaydın şəkildə bildirirdi ki, Qarabağa gedən yol Güney Azərbaycanın azadlığından keçir... Eləsə, siz nədən açıq şəkildə düşündüklərinizi bəyan etmirsiniz?

 

- Azərbaycan torpaqlarının işğaldan azad edilməsi Ümid hakimiyyətinin qurulmasından keçir...

 

- Ümid Partiyası hakimiyyətə gələcək və torpaqlarımız işğaldan azad ediləcək?

 

 

“Şıdırğı havalara oynamıram”

 

 

- Bəli. Siz məndən soruşursunuz, mən də sizə deyirəm ki, Ümid Partiyası hakimiyyətə gələndən sonra çox qısa bir zamanda torpaqlarımız azad ediləcək...

 

- Eyvallah, İqbal bəy... Məmməd İsmayıl söyləmiş: “...Açılan sabaha, günə ümid var: ümid olmayanda yenə ümid var”...

 

- Ümid bu gün də var, yarın da...

 

- Siz də onun ən ön sıralarında... Ən çox sevdiyiniz mahnı və ən çox sevdiyiniz rəqs havası hansıdır, İqbal bəy?

 

- Biz dövlətimizin sabahı naminə hər zaman öndəyik... Qaldı ki, mahnı ilə rəqs havasına, bu da əhvala bağlıdır... Elə ola bilər ki, muğamata qulaq asa bilərəm, elə ola bilər ki, caza dinləyərəm... Mən adətən şıdırğı havalara da oynamıram, toyda da deyirəm ki, ortabab bir hava...

 

- Nə olur-olsun, həə?!

 

- Nə olur-olsun, ortabab olsun...

 

- Niyə adını çəkmək istəmirsiniz o “ortabab” havanın?

 

- Axı yoxdu beləsi... Necə deyim?... Mən o havaya oynayıram ki, əhvalıma uyğundur... Gedərəm toya, bir “Ruhani” ifa edərlər, oynayaram. “Maral, maral” olar, o da əhvalıma düşər, oynayaram. Bir xalq mahnısı çalarlar, o da əhvalıma düşər... Musiqi əhvala bağlıdır...

 

- Təşəkkürlər.

 

- Eyvallah!...

 

İGİD TEYMURLU

Versus.az

Xəbər lenti

InvestAZ

Ən çox oxunan xəbərlər

Laçının ürək dağlayan görüntüləri - VİDEO

Laçında yaşayan erməni fermerin mal-qara saxladığı görüntülər – VİDEO

“Sosial tədqiqatlar sahəsində bir dönüşün şahidi olacağıq” - MÜSAHİBƏ

Tovuzda gənclər SİQARETƏ YOX dedi

AXCP sədr müavinindən dərslik müəllifinə sərt mesaj

Deputat şəhid ailələri, Qarabağ müharibəsi əlilləri və veteranları ilə görüşüb

Jurnalist həyat yoldaşının müalicəsi üçün ölkə başçısından kömək istədi

ALDP sədrindən nazirə açıq məktub

Deputat gənclərlə bağlı təklif verib

Komandirdən əsgər atasına təşəkkür məktubu

Deputat bələdiyyələrlə bağlı önəmli təkliflərlə çıxış edib

Deputat Qovlar şəhərində sakinlərlə görüşüb

“Bu seçkilərə millətimiz üçün qatıldıq” - MÜSAHİBƏ

Deputat tələbələrlə görüşdə gəncliyə çağırış etdi

Qədim Türkmən şəhəri, hər qarışında türkün izi olan Ərbil