4 medallı olimpiada qalibi

16:35 16-04-2019 | icon 24 | Təhsil
4 medallı olimpiada qalibi

 

Versus.Az Beynəlxalq və Respublika fənn olimpiadalarının qalibi ilə müsahibəni təqdim edir. 

Müsahibimiz  azərbaycanlı məktəblilərin qələbəsini 4 ildən sonra yeniləyən beynəlxalq olimpiada qalibi Məmməd Əliyevdir.

Məmməd Əliyev bir neçə beynəlxalq və yerli olimpiadalarda iştirak etsə də, onun üçün ən yadda qalanı 26-cı Beynəlxalq Biologiya Olimpiadası olub. Dünyanın 50-yə yaxın ölkəsinin iştirak etdiyi bu olimpiada məktəblilər arasında keçirilən ən nüfuzlu biologiya yarışması hesab olunur.

Məmməd bildirir ki, Azərbaycan onun qalibiyyətinə qədər bu olimpiadada sonuncu bürünc medalı 2010-cu ildə qazanmışdı. Buna baxmayaraq, Məmməd komandası ilə birgə müəllimləri Anar Məcidovun rəhbərliyi altında güclü hazırlıq prosesindən keçir və bütün hazırlıqların nəticəsində 2015-ci ildə Danimarkada keçirilən final yarışında bürünc medala layiq görülür.

Beynəlxalq olimpiadaçı  təqdimatına bunları əlavə edir:

-1999-cu ildə Gəncə şəhərində anadan olmuşam. Birinci sinfə 2005-ci ildə Gəncə şəhər 4 saylı tam orta məktəbə getmişəm. Daha sonra türk liseyinə qəbul imtahanında III yeri tutduğuma görə, pulsuz təhsil almaq hüququ qazanıb, orta təhsilimi də elə burada başa vurmuşam.

Hazırda Türkiyənin Bilkənd Universitetində təhsil alıram, molekulyar miologiya və genetika fakültəsinin III kurs tələbəsiyəm.

“Uşaqlıqdan təbiət və canlıları öyrənməyə böyük marağım olduğu üçün olimpiadalarda özümü biologiya fənni üzrə sınayırdım

Müsahibimiz söhbətin əvvəlində ilk dəfə olimpiadalara necə qatılmağından bəhs edir:

-Liseydə yüksək nəticə göstərən bir çox şagirdin olimpiadalara hazırlaşdığını gördükdən sonra mən də bilik yarışına qatılmağa qərar verdim. Beləcə, VII sinifdən etibarən olimpiadalara qatıldım. Uşaqlıqdan təbiəti və canlıları öyrənməyə böyük marağım olduğu üçün olimpiadalarda da özümü biologiya fənni üzrə sınayırdım. İmtahanlarda göstərdiyim yüksək nəticələrə görə isə təhsilimi 2013-cü ildən Bakıda davam etdirməyə başladım”.

“Vətənimizi xaricdə uğurla təmsil etdiyim üçün çox şadam”

-2014-cü ildə - o zaman IX sinifdə oxuyurdum - Azərbaycanı Beynəlxalq Biologiya Olimpiadasında (İBO) təmsil edəcək komandaya seçildim. Həmin ilin iyulunda İndoneziyada keçirilən Beynəlxalq Biologiya Olimpiadasında, dekabrında isə Argentinada Beynəlxalq Elm Olimpiadasında iştirak etdim. Bu olimpiada biologiya, kimya və fizika sahələrində teorik suallar və praktiki tapşırıqlardan ibarət idi. Məhz bu olimpiadada komandamızın yeganə medalını – bürünc - qazandım.

Mənim üçün ən yadda qalan olimpiada isə 2015-ci ildə Danimarkada keçirilən 26-cı Beynəlxalq Biologiya Olimpiadası oldu. Dünyanın 50-ə yaxın ölkəsinin iştirak etdiyi bu olimpiada məktəblilər arasında keçirilən ən nüfuzlu biologiya yarışmasıdır. Azərbaycan mənim qalibiyyətimə qədər sonuncu bürünc medalı 2010-cu ildə qazanmışdı. Bu da açığı, bəzi uşaqlarda inamsızlıq yaratmışdı. Buna baxmayaraq, bizim komanda dəyərli müəllimimiz Anar Məcidovun rəhbərliyi altında güclü hazırlıq prosesindən keçdi və bütün bu hazırlıqların nəticəsində bürünc medala layiq görüldüm. Çox şadam ki, Vətənimizi uğurla təmsil edə bildim.

Daha sonra 2016-cı ildə Beynəlxalq Coğrafiya Olimpiadası komandasına seçilərək, Azərbaycanı Çində təmsil etdim. Bu beynəlxalq olimpiadalardan başqa “Sabahın alimləri”, “İstedadların hazırlığı laboratoriyası” kimi ölkədaxili layihələrdə də iştirak edib uğur qazanmışam.

Beynəlxalq Biologiya Olimpiadasında hər şagirdin iki dəfə iştirak haqqı var. Mən bu haqqımı IX və X siniflərdə istifadə etdim. XI sinifdə isə boş vaxtlarımı özümdən aşağı sinif şagirdlərinə olimpiada dərsləri keçərək dəyərləndirirdim.

“Məncə, bu işdə ən vacib məsələ şagirdlərin düzgün motivasiya edilməsidir”

Hazırlıq mərhələsində motivasiyanın  mühüm rolundan danışan müsahibimiz, bu işdə müəllimlərin üzərinə böyük məsuliyyət düşdüyünü bildirir. Qeyd edir ki, olimpiadaya hazırlıq intensiv dərs və imtahanlardan ibarət olur:

- Burada keçirilən mövzular, adətən, məktəb proqramında daha üstün, bəzən universitet səviyyəsində biliklər tələb edir. Ona görə də olimpiada müəllimləri bu mövzularda daha savadlı olmalıdırlar. Bundan başqa motivasiya da çox önəmlidir, çünki bu hazırlıq aylarla çəkir, uzunmüddətli çalışma tələb edir. Olimpiadada iştirak edəcək uşaqları motivasiya etmək isə müəllimlərin üzərinə düşür.

“Keçirilən mövzular düzgün planla bölünməli, hədəflər qoyularaq, uşaqların onlara çatması təmin edilməlidir”

M.Əliyev hazırda təhsilini xaricdə davam etdirsə də, ölkəmizdəki olimpiada hazırlığı ilə yaxından maraqlanır və son illər bu sahədə atılan addımları təqdirəlayiq hesab edir:

-Dəyərli müəllimim Fuad Qarayev və komandasının zəhmətinin nəticəsi olaraq olimpiadalara hazırlıq prosesi daha da inkişaf edir. Ümumiyyətlə, Azərbaycan təhsilinə nəzər yetirdikdə görərik ki, bir neçə il əvvələ qədər şagirdin orta məktəbdə aldığı bilik ona beynəlxalq olimpiadalarda iştirak üçün kifayət etmirdi. Buna görə də biz əlavə mənbələr axtarıb-tapmağa məcbur olurduq. Çünki olimpiadalarda iştirak üçün lazımi biliklərə yiyələnmək lazım idi. Lakin indi orta məktəblərdə kurikulumun tətbiqi nəticəsində belə problemlər aradan qaldırılıb. Bu, Azərbaycan təhsilinin beynəlxalq təhsil standartlarına uyğunlaşması üçün ciddi addımdır. Amma istənilən halda, olimpiadalar məktəb proqramından daha geniş və çətin mövzuları əhatə edir. Odur ki, olimpiada müəllimləri bu mövzulara dərindən yiyələnib, şagirdləri düzgün yönləndirə bilməlidirlər. Keçirilən mövzular düzgün planla bölünməli, hədəflər qoyularaq, uşaqların onlara çatması təmin edilməlidir.

“Təhsil Nazirliyinin olimpiada hazırlıqlarının təkmilləşməsi və intensiv davam etdirilməsi istiqamətində gördüyü əhəmiyyətli işlər beynəlxalq olimpiada nəticələrində özünü göstərir”,-deyərək davam edən olimpiadaçı uğurun əsas faktoru məsələsinə toxunur. O bildirir ki, bu faktor sistemli çalışmaqdır:

-… Və olimpiada müəllimləri bu sistemi düzgün qurmağı bacarmalıdır. Bu sahədə dəyərli müəllimlərimiz var, lakin sayları kifayət qədər deyil. Bu müəllimlərin olimpiada təcrübələrinin olması da vacibdir. Məsələn, bizim müəllimimiz Anar Məcidov özü də 2002-ci ildə beynəlxalq olimpiadada iştirak etmişdi və bu işə tam hakim idi. Xaricdə təhsil almış və illər əvvəl olimpiadalarda iştirak etmiş belə insanların sayı çoxdur. Fikrimcə, həmin şəxslər bu işə cəlb edilərsə, onsuz da uğur qazandığımız olimpiadalardan daha da yüksək nəticələr əldə edə bilərik. Ümid edirəm ki, əldə etdiyimiz nailiyyətlər bir müddət sonra yalnız olimpiada uğuru olaraq qalmayacaq, birbaşa olaraq Azərbaycanın elmi-texniki inkişafında mühüm rol oynayacaq./azedu.az/

 

Versus.Az

Xəbər lenti

InvestAZ

Ən çox oxunan xəbərlər

Olimpiya çempionumuzun Xətai rayon icra başçısından kiçik istəyi

Prezidentimizdən xahiş edirəm - ÜRƏYİM PARTLAYIR

Jurnalistlərimiz Dağlıq Qarabağa niyə GETMƏLİDİR?

Avropaya inteqrasiya müxalifəti bir araya gətirdi.

Tarix DAĞLIQ QARABAĞda qalanan alovdan danışacaq

"Beynəlxalq terrorizmlə mübarizə” mövzusunda keçirilən konfransda

AXH parçalanıb - bu da belə getdi...

Uşaqları internetdən uzaq tutmayaq

İncitdiyiniz insanların sayı-hesabı yoxdur

Ermənistanın Qarabağ iştahı artır

"Filə səs vermək istəyirdim, amma çiçəyə səs vermişəm"

Əli Kərimli-İlqar Məmmədov müqayisəsinə cavab

"Avropa İttifaqı Ancelina Coliyə İrandan daha çox pul ayırır"” 

İsveçdən Azərbaycana güzgü tutan yazıçı: Kimi aldadırıq ki?

“Ceyhun Bayramovun nazir vəzifəsində qalması Azərbaycan təhsilini daha da məhv edəcək” - ÖZƏL