SOSİAL ŞƏBƏKƏ – KİM NECƏ İSTİFADƏ EDİR?

14:38 15-01-2018 | icon 98 | Cəmiyyət
SOSİAL ŞƏBƏKƏ – KİM NECƏ İSTİFADƏ EDİR?

“Sosial şəbəkələr televiziyaları xeyli arxa plana atıb”

İstəsək də, istəməsək də sosial şəbəkə həyatımızın bir parçasına çevrilir. Bu da reallıqdır ki, bu şəbəkədən düzgün istifadə etməyənlər üçün “sosial şəbəkə fobiyası” var.

Versus.Az “sosial şəbəkə sizin üçün nədir” sorğusu ilə ictimai yanaşmanı təqdim edir.

“İctimai həyatın vazkeçilməz tərkib hissəsidir”

Müstəqil ekspert Nəsimi Məmmdəli bildirib ki, sosial şəbəkələr və sosial media müasir dövrün elə bir əsrarəngiz fenomenidir ki, sosial həyatı onsuz təsəvvür etmək mümkün deyil. İctimai həyatın vazkeçilməz tərkib hissəsidir:

“Mənim üçün sosial şəbəkələrin üç önəmli rolu var. Birincisi, əsas informasiya qaynağımdır. Yüzlərlə fəal və müxtəlif sahələr üzrə peşəkar insanların paylaşımlarını birbaşa öz qaynağından oxuyuram. Cəmiyyət üçün əhəmiyyətli yazıları müəlliflərinə fərq qoymadan daim izləyirəm. Vəsait ödəmədən, vaxt itirmədən, xüsusi axtarış etmədən, istədiyim yerdə yerli və xarici sosial mediaya buradan asanlıqla çata bilirəm. Xüsusilə də müstəqil medianın sıradan çıxarıldığı bir mühitdə azad informasiya almaq ehtiyacını buradan qarşılayıram.

İkincisi, cəmiyyətdəki prosesləri monitorinq etmək baxımından çox əlverişli fürsət kimi yararlanıram. Ölkənin ictimai-siyasi kəsimini yaxından tanımaq, dəyərləndirmək, əlaqə yaratmaq üçün də bənzərsiz imkandır. Cəmiyyətin sosial, siyasi, ideoloji, psixoloji portreti bu məkanda çox aydın əks olunur. İnsanların müxtəlif statuslar ətrafında apardığı məişət, ictimai, siyasi, tarixi, hüquqi müzakirələri izləyərək yanaşmaları öyrənir və nəticə çıxarıram. Cəmiyyətimizin real durumu barədə dolğun bilgilər əldə edirəm.
Üçüncüsü, özümü ifadə müstəvimdir. Düşündüklərimi yazıram, həmfikirlərlə və əks fikirlilərlə müzakirələr aparıram. Əgər televiziyalar təktərəfli şəkildə bizə öz istədiyini təlqin edirdisə, indi sosial şəbəkələr televiziyaları xeyli arxa plana atıb. Biz 2.0 veb texnologiyadan yararlanaraq qarşı tərəflərlə müzakirə apara və fikir mübadiləsi edə bilirik. Mən artıq xeyli vaxtdır ki, televiziyaların təktərəfli informasiya hücumundan özümü qoruya bilmişəm. Hansısa musiqi, film və ya əyləncə deyilsə, heç bir ciddi məsələni televiziyalardan izləmirəm. Çünki onlara sözümü elə o müstəvidə çatdırmaq imkanım yoxdur. Ancaq sosial şəbəkə bizə bu imkanı verir ki, qarşı tərəflə dərhal dialoq quraq”.

Həyatımın bir hissəsidir

Millət vəkili Aydın Mirzəzadə deyir ki, sosial şəbəkə tanımaq və öz fikirlərini bölüşmək üçün məqbul bir imkandır:
“Demək olar ki, həyatımın bir hissədir”.

“Daha çevik informasiya mübadiləsi aparırıq”

ALDP sədri Fuad Əliyevin fikrincə, sosial şəbəkənin siyasətlə məşğul olanlar üçün böyük rolu var:

“İqtidarın yürütdüyü siyasət üzündən qadağalar siyasətçilərin televiziyalara yolunu bağlayıb. Çap olunan qəzetlərin əksəriyyəti hakimiyyətin nəzarətindədir. Ona görə qalır sosial şəbəkələr. Bu sosial şəbəkələrdə partiyamızın fəaliyyəti ilə bağlı xəbərləri paylaşırıq və sosial media bizə ünvanlandığı suallara cavab veririk. Sosial şəbəkələr vasitəsilə xaricdə olan əməkdaşlıq etdiyimiz partiyalarla daha çevik informasiya mübadiləsi aparırıq, yeni partiyalarla əməkdaşlıq formaları seçirik, fikir mübadiləsi aparırıq. Baxmayaraq ki, televiziya imkanlarından az olsa da, sosial şəbəkələr partiyamızın fəaliyyətinə böyük təkan verir. Yeni üzvlər, yeni tərəfdaş qazandırır bizə. Bəzən hakimiyyət sosial şəbəkəyə də əl qoya bilir, səhifələr bağlanır, dağıdılır, bloklanır. Amma biz sosial şəbəkə vasitəsilə yalnız özümüzü, fəaliyyətimizi təbliğ etmirik. Azərbaycan dövlət və dövlətçiliyinin qorunması, Ermənistanın işğalçılıq siyasətinin ifşasına daha üstünlük veririk. Bu hər birimizin vətəndaşlıq borcumuzdur”.

“İnsan intellektinin ümmansızlığının modelidir”

VİP sədri Əli Əliyev sosial şəbəkəni özü üçün cəmiyyətlə kommunikasiya vasitəsi hesab edir:

“Sosial şəbəkə ictimai rəyin mənbəyi, hakimiyyətin yaratmaq istədiyi çərçivənin aşılması üçün alət, operativ məlumat ötürülmə mexanizmi, şəbəkədə olanların daxili aləminin tədqiqi, düşüncələrin bilinmə mənbəyidir. Unikal sistem və sərhədsiz, qlobal dünyanın, insan intellektinin ümmansızlığının modeli, prototipidir”.

“Dünyaya açılan bir pəncərədir”

Milli Azərbaycan Tarixi Muzeyinin Elmi İşçisi Ayəndə Dadaşova sosial medianı özü üçün ilk növbədə dünyada baş verən hadisələrdən anındaca xəbərdar olmaq üçün açılan bir pəncərə sayır:

“Bilik mənbəyidir. Burada bir çox məsələlər müzakirə olunur. Hər kəs öz fikrini bildirir. Burada xəbərlər müsbət təsir bağışladığı kimi, mənfi təsir də bağışlaya bilər. Sosial şəbəkədə bir çox siyasətçilərin yazılarını izləməklə yanaşı, öz fikirlərimizi də bildirmək imkanımız var. Lakin bu siyasətçilərin arasında daha çox izlədiklərimiz də var ki, onların Dağlıq Qarabağ münaqişəsinə yanaşması mənim üçün daha vacib amillərdən biridir”.

“Maariflənmə və maarifləndirmə baxımından da mühüm rol oynayır”

Telejurnalist Elnarə Dərziyeva bu fikirdədir ki, ötən əsrin sonlarından başlayan, XXI əsrdə say etibarı ilə daha da artıb təkmilləşən sosial media və sosial şəbəkələrin fəaliyyəti cəmiyyət üçün böyük bir yenilik olub:

“İnsanların daha leqal şəkildə bir-biri ilə ünsiyyət qurması, əlaqələrini genişləndirə bilməsi, yeni dostlar qazanılması, məlumatlanma, maariflənmə və maarifləndirmə baxımından da sosial media mühüm rol oynadı və bu gün də həyatımızın ayrılmaz hissəsinə çevrilib. Əslində bu çox gözəldir. Amma…

Gəlin görək, yaradılan bu şəraitdən normal qaydada yararlana və yararlandıra bilirikmi? Təəsüf ki, mənzərə o qədər də ürəkaçan deyil. İctimai əhəmiyyət kəsb edən məsələlər bir kənara atılıb. Əksəriyyət sosial şəbəkələrdən dedi-qodu yaratmaq, bir-birini “duelə” çağırmaq, şər atmaq, şaiyə yaymaq, məsələlərə qeyri-peşəkar yanaşmaqla cəmiyyətdə əks fikirlər oyatmaq və digər bu kimi ürəkbulandırıcı, qeyri-etik məlumatları sözün həqiqi mənasında ictimaiyyətə sırımaqla məşğuldur.

Məsələnin ən ağrılı tərəfi də odur ki, belə məlumatların yayılmasında, cəmiyyətin güzgüsü hesab edilən, operativliyi ilə digər kütləvi informasiya vasitələrini geridə qoyan əksər saytlarımızdan alət kimi istifadə olunur. Təbii ki, burada məcburiyyətdən söhbət gedə bilməz. Burada maraqlar üst-üstə düşür. Amma sonda belələrinin yaydığı məqsədyönlü məlumatlar özünə, imzasına, adına hörmət edən jurnalistlərin də əməyinə kölgə salmış olur. Məsələnin bu hissəsi məni çox narahat edir. Biz bu gedişlə nəyə nail olmağa çalışırıq? Hansısa tanımadığımız, özünü-sözünü bilməyən, görünüşündən əxlaqsızlıq yağan bir şou adamının alt geyiminin nümayişi kimə nə üçün və neçə saniyəlik maraqlı ola bilər ki? Məgər, belə səviyyəsiz məlumatların yayılması kimsəsiz, köməyə ehtiyacı olan bir insanın probleminin işıqlandırılmasından bu qədərmi önəmli və vacibdir? Halbu ki sosial şəbəkələrdə bir çağırış və bir paylaşımla minlərlə insanı düşdüyü çətin durumdan çıxarmaq mümkündür və bu, artıq təcrübədə var. Mən demirəm ki, şou, əyləncə sosial şəbəkələrdən yığışdırılmalıdır. Əsla! Amma yerində və etik-normalara əməl etmək şərti ilə… Təbii ki, bu mənim subyektiv fikrimdir.

Demək istədiyim odur ki, sosial media istifadəçisi olaraq vaxtımızı daha önəmli, daha vacib məsələlərin təbliğinə yönəltsək, daha çox uğur əldə etmiş olarıq. Həm insanlarımız, həm də öz imzamız üçün…”

“Həyatımıza nüfuz edib”

Jurnalist Əmrah Fəqanoğlu bu gün sosial şəbəkələrin cəmiyyətimizə, gündəlik həyatımıza yaxından nüfuz etdiyini bildirib:

“Az qala özümüzü sosial şəbəkələrsiz təsəvvür edə bilmirik. Bu şəbəklərdən yararlanan şəxsən tanıdığımız və tanımadığımız insanların fikir və düçüncələri fərqli olduğu qədər də maraqlıdır. Axı hamı eyni cür düşünə, baş verən hadisələrə, dəyişikliklərə eyni cür yanaşa bilməz. Burada paylaşılan şəkillər, xəbərlər, bədii yaradıcılıq nümunələri, rəsmlər bir növ ictimai müzakirəyə təqdim edilmiş olur. İmkanım daxilində diqqətimi çəkən paylaşımlara münasibət göstərir, şərh yazıram. Xüsusən feysbukda dostluğumda olanlarla münasibətim normaldır. Dünyada və ölkəmizdə baş verən sosial-iqtisadi yeniliklərlə bağlı operativ informasiyalar əldə etmək baxımından sosial şəbəkələr mənim üçün olduqca maraqlıdır. Sağ olsunlar, dostluğumda olan jurnalist həmkarlarım bu baxımdan hər zaman operativlik nümunəsi göstərirlər”.

“Tam anlamda ayrıca bir virtual dünyadır”

Region Plus analitik jurnalının baş redaktoru Namiq Mayılov bildirib ki, sosial media artıq gündəlik həyatımızın tərkib hissəsinə çevrilib:

“Əgər ənənəvi mediadan yalnız xəbər oxumaq, məlumatlanmaq üçün istifadə ediriksə, sosial şəbəkələrdən həm də ünsiyyət vasitəsi, biznes aləti, yaradıcılıq platforması kimi faydalanırıq. Sosial media işlərimizi sürətləndirməyə, vaxtımıza və hətta pulumuza qənaət etməyə imkan verir. Bir sözlə bu, tam anlamda ayrıca bir virtual dünyadır. Məncə insanlar virtual dünyadan maksimum bəhrələnib öz real dünyalarında daha yaxşı yaşaya bilərlər”.

“Agentlik və saytların funksiyasını yerinə yetirir”

“Olaylar” qəzetinin müxbiri Süleyman İsmayılbəyli vurğulayıb ki, sosial şəbəkələr qəbul edib-etməməyimizdən asılı olmayaraq jurnalistlər üçün ilk informasiya, xəbər mənbəyidir:

“Etiraf etmək lazımdır ki, bu gün hansısa xəbəri, məlumatı informasiya agentlikləri və xəbər saytlarından əvvəl məhz sosial şəbəkədən əldə edirik. Sosial şəbəkələr artıq medianın, agentlik və saytların funksiyasını yerinə yetirir desək, yanılmarıq. Düzdür, bəzən sosial şəbəkədə yayılan hansısa xəbər, məlumat sonradan öz təsdiqini tapmır, doğru olmur. Amma buna rəğmən əksəriyyət ilk olaraq kompüter arxasına keçdikdə hansısa agentlik və saytın internet səhifəsini deyil, məhz sosial şəbəkəni izləyir”.

S.İsmayılbəyli onu da qeyd etdi ki, sosial şəbəkələr digər tərəfdən jurnalist peşəkarlığını da azaldır. Belə ki artıq jurnalistlər müsahiblə canlı ünsiyyətdə deyil, məhz sosial şəbəkənin imkanlarından istifadə edərək bağlantı qurur, müsahibə alır, fikir öyrənir:

“Düzdür, bu bir qədər jurnalist üçün vaxt itkisinə yol verməmək anlamını daşıyır və əlavə imkanlar yaradırsa, digər tərəfdən bizlərin peşəkarlığına mənfi təsir göstərir. Jurnalist öz üzərində işləmir. Düşünürəm ki, mən də daxil olmaqla sosial şəbəkənin imkanlarından istifadə etməklə yanaşı, öz üzərimizdə də işləməyə üstünlük verməli, fəaliyyətimizi daha da təkmilləşdirməliyik”.

“İstifadəçi bilməlidir ki…”

MMP sədr müavini, psixoloq Könül Vaqifqızı sosial şəbəkədən əsasən məlumat bürosu kimi istifadə etdiyini vurğulayıb:

“Daxildə və xaricdə baş verən siyasi prosesləri izləyirəm, partiyamızın məlumatlarını paylaşıram. Rayon təşkilat rəhbərlərimizlə sıx əlaqə saxlayıram”.
K.Vaqifqızı bir psixoloq kimi narahatlıq doğuran səbəblərdən də danışıb:

“Bir çoxları sosial şəbəkəni qeyri-etik, qadına-qıza yaraşmayan, qeyri-cidi məkan kimi qəbul edir. Bu əsasən dünyagörüşünün zəifliyindən irəli gəlsə də, hesab edirəm ki, psixoloji durumla da əlaqəlidir. Mətbuat bu cür sorğulara geniş yer ayırmaqla o düşüncə sahiblərini hardasa maarifləndirmiş olar. İstifadəçi bilməlidir ki, sosial şəbəkədən düzgün istifadə etsələr yeni biliklərə, gündəlik məlumatlara sahib olarlar. İndiki zamanda hər kəsin smartfonu var, amma heyif ki, çoxusu yaşından-cinsindən asılı olmayaraq bu telefonla da düzgün yararlanmırlar. Hərə bir saxta profil yaradıb smartfonla səhifəsini idarə edir, feysbuk istifadəçilərini boş yazışmaları ilə bezdirir. Bu azmış kimi paylaşımlara təhqirli rəylər yazırlar, insanları təsirə salıb mənfi müzakirəyə yönləndirirlər”.

Siyasətçi-psixoloq valideynlərin uşaqların sosial şəbəkədə istifadəsinə nəzarət etmələrini tövsiyə edib.
Eyni zamanda müəssisələrdə iş saatlarında sosial şəbəkədən istifadəyə qadağa qoyulmasını məqsədəuyğun saydı:
“Bu yaxınlarda xaricdə bir şirkətdə qonaq oldum. Orada wifi-dən facebook, whatsap, instagram, youtube girişə qadağa qoyulduğunun şahidi oldum”.

“Sosial şəbəkə sanki bir iş yeridir”

Mərhəmət Kimsəsizlərə Yardım İB-in rəhbəri İradə Polad hesab edir ki, sosial şəbəkə sanki bir iş yeridir:

“Bütün fəaliyyətim orda görünür. İnsanlarla kontakt qururam, tez bir zamanda informasiya əldə edirəm, informasiya mübadilələri edirik. Müsbət bir cəhəti də odur ki, tanımadığım ziyalı və iş adamları haqqında geniş məlumat əldə edirəm. Sosial şəbəkə həyatımın bir hissəsinə çevrilib”.

“İnsanların düşüncələrini öyrəndiyim bir məkan

Jurnalist-psixoloq Ramil Nəcəfli sosial şəbəkədə insanların bilmədiyi tərəflərini öyrəndiyini deyir:

“Sosial şəbəkə mənimçün insanların fikir və düşüncələrini bilmək, oz fəaliyyətimi işıqlandırmaq, düşüncələrimi bölüşmək, yeni insanlarla tanış olmaq üçün bir məkandır. Burada eyni zamanda ölkəmizdə və dünyada baş verən hadisələrdən anındaca xəbərdar oluram. Bundan başqa, bir psixoloq marağı ilə tanıdığım və tanımadığım insanların bilmədiyim tərəflərini öyrənirəm”.

“Facebook” sadaladıqlarımın önündə gəlir

Veteninfo.az-ın baş redaktoru Nahid Canbaxışlı üçün sosial şəbəkələr günümüzdə daha tez informasiya əldə etmək, yaymaq, tez bir zamanda gərəkli danışıqları aparmaq baxımından vacib bir sahədir:

“Amma çox təssüflər olsun sosial şəbəkələrdən istifadə edən çoxluq daha ziyadə tanışlıq və dostluqlar üçün sosial şəbəkələrdən istifadə edir. Mənim üçün isə sosial şəbəkələr işimizlə əlaqədar olaraq informasiyalarımızın yayılması və yeni informasiyalar, əlverişli danışıqların aparılması məkanıdır. Təbii ki, informasiya texnologiyalarında yeniliklər baş verdikcə sosial şəbəkələrdə də yenilənmələr baş verir. whotsaap, twitter, inistaqram və sair virtual şəbəkələr günümüzdə çox aktivdir. Ola bilsin gələcəkdə daha yeni model sosial əlaqələr, informasiyalar üçün sistemlər qurulsun. Bu gün mövcud olanlar içərisində “facebook” məncə sadaladıqlarımın önündə gəlir. Hər halda hələlik mövcud olanlardan yaralanmaq məcburiyyətindəyik”.

“Qüsurlu olmalarını müəyyən vaxt unudurlar”

Media Xəbər-in admini Sevda Əliyeva sosial şəbəkələrin müsbət cəhətlərinin cox olduğunu dedi:

“Bacardığımız qədər sosial səbəkədən az istifadə etməliyik. Lakin istifadə edərkən də əldə etdiyimiz biliyi, məlumatı yaxşı yöndə istifadə etmək lazımdır”.
Sosial şəbəkələrin müsbət cəhətlərinin olduqca çox olduğunu deyən S.Əliyeva onlardan bir neçəsindən söz etdi:

“İnsanlar dostlarla maraqlı xəbərlər bölüşür və xoş vaxt kecirirlər. Əsas da fiziki qüsurlu insanların özünəqapanma hallarına sosial səbəkə çox müsbət təsir edir. Onlar ekran qarşısında özlərini adi insan kimi hiss edirlər. Yəni qüsurlu olmalarını müəyyən vaxt unudurlar. Şəbəkə bu qədər insanı özünə qapadır yaxşı mənada.

Sosial şəbəkələrin faydaları olduğu kimimənfi cəhətləri də var. Necə istifadə etmək artıq qalıb istifadəçinin öz əqidəsinə, əxlaq və vicdanına”.
S.Əliyeva hesab edir ki, istedadı olan bir şəxs özünü tanıda, bacarıqlarını, faydalı olduğunu cəmiyyətə təqdim edə bilmirsə, o zaman ağlına ilk gələn sosial şəbəkələr olur. Fikirləşir ki, sosial şəbəkələr onun özünü təqdim edə bilməsində vasitə ola bilər:

“Ümumiyyətlə, sosial şəbəkələrin həm itkilərdə, tanınmaqda, xəbərlərdə, əyləncədə, dostluqda və sair faydaları dəyir. Lakin mənfi tərəfləri bundan da çoxdur. Amma onları sadalamaq istəmirəm. Yaxşı düşünək, yaxşı olsun”.

“Tanınmaq üçün geniş imkanlar verir”

“Bütöv Azərbaycan” qəzetinin müxbiri Siyavuş Əmirli sosial şəbəkələri insanın özünü ictimai olaraq ifadə etməsi vasitəsi kimi dəyərləndirir:
“Sosial şəbəkələr XXI əsrin hadisəsidir. Əslində, insanlara özünü tanıtmaq üçün həm də geniş imkanlar verir. Hər bir azərbaycanlı ölkəmizin də tanınması üçün sosial şəbəkələrdə aktiv olmalıdır”.

“Rahat və sürətli məlumat məkanı”

Dizayner Dönməz Abbasovsosial şəbəkələri rahat və sürətli məkan kimi görür:
“Sosial şəbəkələr ünsiyyət yaratmaq, məlumat toplamaq və yaymaq, dünyaya açılmaq, istənilən sahələr üçün ölkədə və dünyada baş verən ən son yeniliklərlə tanış olmaq üçün ən rahat və sürətli məkandır. Sosial şəbəkələrdən düzgün istifadə ediləndə bunun xüsusən gənclərin inkişafındakı böyük rolunu görə bilərik. İnsanların sosial şəbəkəni necə, hansı zaman kəsiyində və hansı məqsədlə istifadə etməsindən çox şey asılıdır”.

D.Abbaslı sosial şəbəkəni insanların özlərinin elm, bilik və təcrübələrinin inkişafı üçün yaxşı köməkçi olduğunu düşünür:
“Ancaq onu da qeyd edək ki, sosail şəbəkələrdən digər məqsədlər üçün də istifadə edənlər olur. Bu baxımdan bəzən mənfi hallara da rast gəlinir. Lakin məncə, bu kütləvilik daşımır.
İstənilən halda mən müsbət dəyərləndirirəm və güman edirəm ki, müasir zamanda həyatımızı sosial şəbəkələrsiz təsəvvür etmək çətindir”.

“Sanki əxlaqsız yuva aşkar ediblərmiş kimi…”

Modern.az-ın müxbiri Namidə Bingöl bildirib ki, sosial media jurnalistikanın yeni növü kimi cəmiyyətə təqdim olunmağa başlayıb:

“Əvvəllər cəmiyyət sosiallaşma baxımından bu dərəcədə inkişaf etməmişdi. Ona görə də media ləng hərəkət mexanizminə üstünlük verirdi. İndi isə media o dərəcədə sosiallaşıb ki, ən ucqar kənddə yaşayan bir vətəndaş baş vermiş hər hansısa məlumatı jurnalistə dərhal ötürə bilir. Hətta, ilk vaxtlarda sosial şəbəkə və sosial media birmənalı qarşılanmırdı. İnsanlar sayt adı eşidəndə sanki hansısa əxlaqsız yuva aşkar ediblərmiş kimi yanaşırdılar. Bu gün isə vəziyyət tam fərqlidir. Evdə, metroda, avtobusda, hətta ən özəl günlərimizdə belə, sosial şəbəkəsiz keçinə bilmirik, mütləq baş vururuq.Maraqlıdır ki, indi sosial media jurnalistikanın yeni növü kimi cəmiyyətə təqdim olunmağa başlayıb. Artıq hər hansısa bir xəbərə ötəri yanaşa bilmirik. O xəbər yalan olsa belə, onu dəqiqləşdirmək məsuliyyəti yaranıb”.

N.Bingöl eyni zamanda sosial medianın sürətli olmasının müəyyən nöqsanların ortaya çıxmasına yol açdığını vurğulayıb:
“Məsələn, baş vermiş hadisə ya şişirdilir, ya da hansısa tanınmış şəxs barədə dezo-informasiya yayılır. Bu zaman sosial medianın cəmiyyətdə qeyri-dəqiq informasiya ötürməsi şübhəsi yaranır.

Digər xoşagəlməz hal odur ki, sosial şəbəkələrdə hansısa məlumatın mərkəzində dayanan şəxslər təhqir olunur. Bu zaman cəmiyyətdə sosial mediaya inamsızlıq, qeyri-ciddi yanaşma formalaşır. Mətbuatın içində olduğumuzdan sosial media və sosial şəbəkədən özümüzü təcrid edə bilmərik. Bunlar işimizin ən birinci tərəfidir. Çünki hansısa müsahibə, reportaj ya da informasiyanın oxucu cəlb etmək baxımından vüsət almasını istəyirik. Bu zaman həm ötürdüyümüz informasiya, həm də çalışdığımız yer haqqında insanlara dolğun məlumat vermiş oluruq.
Düşünürəm ki, sosial media və şəbəkə artıq mobil telefonlar vasitəsilə hər kəsin cibinə yol tapıb. Həm də müasir insanı bunlarsız təsəvvür etmək qeyri-mümkündür”.

“Birinci növbədə xəbər qaynağıdır”

İbtidai sinif müəlliməsi Elyanə Zeynalova sosial şəbəkələrdən “Faceook” və “WhatsApp”a üstünlük verdiyini bildirib:

“Feysbuk xəbər qaynağıdır mənim üçün. Etiraf etməliyik ki, sosial şəbəkə televiziyalardan fərqli olaraq sürətli və dolğun xəbər ötürücüsüdür. Amma bir çox insanlar feysbuka tanışlıq məkanı kimi baxır, xəstə təfəkkürləri ilə sağlam düşüncəli insanları narahat etməkdən çəkinmirlər. Odur ki, mən həyat yoldaşımın profilindən daxil olaraq günün xəbərləri ilə tanış oluram. O da gün ərzində 1-2 saatlıq olur. Mən üzümü sosial şəbəkədə avaralananlara tutub deyirəm ki, zamanınıza heydiniz gəlmir, öz şəxsiyyətinizə hörmətiniz yoxdursa, ən azından başqalarını narahat etmiyin. Az da olsa dünyaya baxışınızın dəyişməsi üçün maraq dairənizi genişləndirin”.
Elyanə müəllimə WhatsAppdan ailə üzvləri, qohumları və iş yoldaşları ilə əlaqə saxlamaq üçün istifadə etdiyini vurğulayıb.

“Əsas üstünlüyü informasiya mənbəyi olmasıdır”

İngilis dili müəllimi Cəsarət Pənahəliyev də sosial şəbəkələrin üstün cəhətlərinin çox olduğunu düşünür:

“Mən sosial şəbəkələrə, sosial media mövzusuna böyük dəyər verirəm. Sosial şəbəkələrin əsas üstünlüyü informasiya mənbəyidir. Təsəvvürümüzə də gətirməzdik ki, nə vaxtsa evdə oturub internetə daxil olmaqla bütün dünyanı barmaqlarımızın ucunda görə biləcəyik. Sosial şəbəkə mənim üçün  informasiya mübadiləsi məkanıdır”.

Cəsarət müəllim müasir gənclərin əksəriyyətinin sosial şəbəkələrə birmənalı yanaşmasından təəssüflə danışdı:

“Bəziləri oyun oynamaqla, bəziləri kiminləsə “çat”laşmaqla sosial şəbəkənin məhz bu imkanlarına üstünlük verirlər. Hesab edirəm ki, insanlar sosial şəbəkələrin imkanlarından müsbət yöndə yararlanmalıdırlar. Sosial şəbəkələrdən düzgün və sağlam şəkildə istifadə etməklə dünyagörüşünü artırmaq, yeni bacarıqlar əldə etmək daha məsləhətli olardı”.

“Baxış bucağımızı dəyişə biləcək yanaşma mənbəyi”

Azərbaycan dili və ədəbiyyatı müəlliməsi Aynurə Rəcəbli də sosial medianı insanların həyatının ayrılmaz bir hissəsi hesab edir:

“Müxtəlif hadisə və məlumatların mübadilə və müzakirə obyekti, bəzən baxış bucağımızı dəyişə biləcək yanaşma mənbəyidir. Eyni zamanda hadisələrə digərlərinin yanaşma tərzini müşahidə edərək bəzi mənfiləri özündə dəf etmə bacarığı aşılayan güclü bir qüvvədir. Bəzən mərhəmət hissi, bəzən sadiqlik hissimizi qüvvətləndirməyə müyəssər ola bilən qüvvədir sosial şəbəkə. Hətta, həyata baxışımızı dəyişə biləcək real mərkəzdir sosial şəbəkə”.

“Fikrlərimizi bölüşürük”

Rus dili müəllimi Elman Rzayev sosial şəbəkə vasitəsilə ölkədə və dünyada baş verən bütün hadisələrdən xəbərdar olduğunu deyib:

“Dostlarla, tanışlarla fikrlərimizi bölüşürük. Eyni zamanda, bilmədiyim bir məlumat olanda sosial şəbəkəyə müraciət edirəm”.

“Maraqlı, amma vaxt itkisidir”

Rus dili müəlliməsi Nurəngiz Bağırova sosial şəbəkədə vaxt itkisini önə çəkib:

“Sosial şəbəkənin mənim üçün iki önəmi var. Birinci növbədə informasiya mənbəyimdir. Sirr deyil ki, televiziyalarda xəbərlərin yayımından öncə sosial şəbəkələrdən almaq olur o məlumatları. Bundan başqa, insanlarla ünsiyyət, fikirlərini bölüşmək imkanı və sair. Amma eyni zamanda etiraf etmək lazımdır ki, sosial şəbəkələrdə olmaq nə qədər maraqlıdırsa, bir o qədər də vaxt itkisidir. Nə gizlədim, bundan əziyyət çəkirəm”.

“Mənim üçün pasportdur

Türkiyədən Ləman Süleymanlı üçün sosial mediya ünsiyyət vasitəsidir:

“Fikirlərimi, düşüncələrimi paylaşım yeridir. Mən sosial mediaya bir pasport kimi baxıram. Sənin xarakterini, həyata baxışını sosial mediyadan bilmək olar. Amma sosial mediyanın mənfi tərəfi də var. Bir çox insanlar həyatda özünü təsdiq edə bilməsə də, sözünü iki nəfərə yeridə bilməsə də, sosial mediyada virtual gücə sahibdir. Sosial mediyada yazılanlarla, paylaşımlarla fikir bildirməklə toplumun hansı düşüncəyə sahib olduğunu bilmək olar. Və… Sosial mediyada insanlar rahatlıqla bir-birini təhqir edə bilirlər. Bir sözlə siber zorbalıqda geniş vüsət almışdır. Yenə təkrar edirəm, sosial mediya mənim üçün pasportdur. Səifəmə daxil olan şəxs orada paylaşım və statuslarım sayəsində məni qismən tanıya bilər”.

“Hər kəs öz dünyagörüşünə görə hərəkət edir”

Azim.az internet portalının baş redaktoru Təbriz Vəfalı bildirib ki, son zamanlarda Azərbaycanda rabitə və informasiya texnologiyaları sahəsinin yüksək templi inkişafı, mobil rabitəyə əlçatanlığın asanlaşdırılması, yüksək sürətli və keyfiyyətli internetlə təchizatın səviyyəsinin ilbəil yüksəldilməsi respublikamızda vətəndaşların virtual aləmə marağını artırıb:

“Xüsusilə də müxtəlif sosial şəbəkələrə daxil olanların, həmin şəbəkələrin istifadəçiləri sırasına qoşulan azərbaycanlıların sayı ilbəil çoxalmaqdadır. Mənim üçün sosial şəbəkə bir ünsiyyət vasitəsidir. Ancaq bu şəbəkəni əhalinin ayrı-ayrı təbəqələrindən olan insanlar üçün qruplaşdırmaq olar. Belə demək mümkündürsə, Azərbaycanda sosial şəbəkələri onların üzvlərinin xasiyyətlərinə, xarakterlərinə, xüsusiyyətlərinə, tutduqları vəzifələrə, ixtisaslarına, iş fəaliyyətlərinə, ailə vəziyyətlərinə və yaşlarına görə qruplaşdırmaq mümkündür. Çünki sosial şəbəkələrdə hər kəs öz tutumuna, dünyagörüşünə, intellektual səviyyəsinə, əxlaqına, etikasına, savadına və mövqeyinə görə hərəkət edir.
Mən bir jurnalist olaraq sosal səbəkələrdən daha çox sorğular keçirtmək, ayrı-ayrı məsələlərlə bağlı həmkarlarımın, ekspertlərin və digər vətəndaşların fikirlərini və rəylərini öyrənmək, müxtəlif məsələlərlə bağlı status yazmaq, bəzi şəkilləri və yazıları paylaşmaq, sosial şəbəkələrdə olan dostlarımın statuslarına və rəylərinə mövqe bildirmək, bəzi ekspertlərin ayrı-ayrı məsələlərlə bağlı mövqeləri ilə tanış olmaq üçün istifadə edirəm.

Digər tərəfdən, sosial şəbəkələrdən istifadə etməklə xarici ölkələrdən olan insanlarla ünsiyyət qruruam. Məsələn, facebook-dakı dostlarımın 80 faizi xarici ölkələrin vətəndaşlarıdır. Mən onlarla həm yazşıma, həm də videocall vasitəsilə danışma yolu ilə əlaqə saxlayıram. 2010-cu ildən üzübəri bir çox xarici ölkələrin vətəndaşları ilə ünsiyyətdə olmaqla, həm ingilis dilini və digər dilləri unutmuram, həm də xarici dövlətlərdə mövcud olan qanunlar, adət-ənənələr, mədəniyyət, incəsənət və sair barədə məlumatlar toplayıram. Bunlarla yanaşı, xarici ölkələrin vətəndaşları tərəfindən yaradılan müxtəlif qrupların üzvüyəm. Dəfələrlə həmin qruplarda keçirilən sorğu-müsabiqələrin və şəkil-müsabiqələrinin qalibi və qaliblərindən biri olmuşam. Şübhəsiz ki, bütün bunlar əcnəbi dostlarımın Azərbaycanımız və xalqımız barədə məlumatlandırılmasında böyük rol oynayır. Sevindiric haldır ki, facebook-da olan xarici vətəndaşların böyük əksəryyəti, xüsusilə də filippinlilər, indoneziyalılar, hindlilər və digərləri Azərbaycan dilini öyrənmək, ölkəmizə səyahətə gəlmək və gəzməli-görməli yerləri gəzmək istəyirlər. Hətta əcnəbi vətəndaşlarla söhbətlərimiz o qədər maraqlı alınır ki, onların arasında respublikamızda qalmaq və işləmək istəyənlər də kifayət qədərdir. Facebook-dakı əcnəbi dostlarım mənim memarlıq fəaliyyətimlə yaxından maraqlanır, memarlıq işlərimin şəkillərini və videolarını çox bəyənirlər.Bunun nəticəsidir ki, memarlıq fəaliyyəti ilə məşğul olmaq üçün Türkiyə, İran, Rusiya, Hindistan, Fillipin, Kanada, Tailand və digər ölkələrdən iş təklifləri almışam. Amma həmin təkliflərə hələlik müsbət rəy verməmişəm.
Amma etiraf edim ki, əksər Azərbaycan vətəndaşları sosial şəbəkələrdən yalnız özlərinin asudə vaxtlarını “öldürmək” üçün istifadə edirlər”.

“Sosial şəbəkənin məqsədini yanlış qavrayanlar var”

Müəllimə Bəsirə Məmmədli bildirib ki, ziyalı insanlar doğru istiqamətdə istifadə edir:

“Lakin bəzən elələri var ki, sosial şəbəkənin məqsədini yanlış qavrayıb qeyri-etik formada istifadə edir. İnsanları narahat edir, yalan informasiyalar yayirlar və sair. Amma artıq həyatımızın bir hissəsini təşkil etdiyi üçün sosial şəbəkəsiz keçinmək də mümkün deyil. Etibar etdiyim saytların xəbərlərindən tutmuş, müəllim peşəsindəki yeniliklər, ixtisasımla əlaqəli innovativ proqramlar, dostlarımla ünsiyyətə qədər məsələlərdə faydalanıram”.

“Əksəriyyət çirkin məqsədlər üçün istifadə edir”

Report.az portalının redaktoru Anar Tağıyev sosial şəbəkədə yaxınları ilə sürətli ünsiyyət qura bildiyini vurğulayıb:

“Mən sosial şəbəkəyə qohumlarımla, tanışlarımla, həmkarlarımla ünsiyyət vasitəsi kimi baxıram. Əsas da informasiya almaq, məlumatlanmaq üçün daxil oluram. Dünyanın aparıcı informasiya agentliklərinin facebookda səhifələri var və onları daim izləyirəm. Beləcə, xəbərlərlə tanış oluram. İstifadə etdiyim yeganə sosial şəbəkə facebookdur. Təəssüf ki, bizdə əksər insanlar sosial şəbəkələrdən çirkin məqsədlər üçün istifadə edir, bura ciddi ünsiyyət vasitəsi kimi baxmırlar”.

“Həyatımda sosial medianın çox mühüm yeri var

Karabakhmedia.az portalının rəhbəri Ramil Cəbrayıl bildirib ki, işi birbaşa internetlə bağlı olduğu üçün günün əksər vaxtını komputer arxasında keçirir:

“Bu bir reallıqdır ki, internet həyatımızın ayrılmaz hissəsinə çevrilib. Mən facebookdan 2009-cu ildən istifadə edirəm. Bildiyiniz kimi, əslən işğal olunmuş Laçın rayonundanam. Laçının işğalından sonra sosial şəbəkə vasitəsilə yüzlərlə həmyerlimlə tanış oldum və əksəriyyətilə bu münasibətlərimiz o qədər isti oldu ki, artıq çoxu ilə dostam, hərdən virtualdan ayrılıb realda görüşürük. Məcburi köçkün vətəndaşlarımız müxtəlif rayonlarda yaşadıqları üçün bir-birləri ilə sosial şəbəkə vasitəsilə əlaqə saxlamalı olurlar. 2010-cu ildə facebookda həmyerlim İbrahim Mirzəyevlə tanış olduq və “Laçın və laçınlılar” adlı qrup yaratmaqla çox böyük işlərə imza atdıq. Biz minlərlə üzvü olan qrup iştirakçıları ilə ölkə səviyyəsində Qarabağ müharibəsinə və şəhidlərimizə aid təbirlər keçirmişik. Fəaliyyətimiz bu gün də davam edir. Tədbirlərimizə gələnlərin əksəriyyəti sosial şəbəkədən bir-birlərini tanıyan insanlardır. Keçridyiniz sorğu ilə bağlı deyəcəyim çox söz var, amma qısaca deyə bilərəm ki, mənim həyatımda sosial medianın çox mühüm yeri var. Ölkəmizlə bərabər dünyanın müxtəlif yerlərində müxtəlif peşə sahibləri ilə əlaqə saxladığım dostlarım var. Elə sizi də 5-6 il əvvəl facebookdan tanımışam. Yaşca ən böyük dostumun 82, ən kiçik dostumun isə, 14 yaşı var”.

“İnformasiya və ünsiyyət qaynağı”

Tia.az portalının redaktor müavini Nüşab Şəkərova bildirib ki, jurnalist oldugu üçün ilk xəbər qaynağı kimi sosial mediadan yararlanır:

“Hər hansı materialı hazırladıqda belə, sosial medianın köməyindən faydalanırıq. Bundan basqa, ölkədən uzaqdakı yaxınlarımla ünsiyyət qururam. İnsanlardan bilmədiyim nələrisə öyrənirəm, maraqlı məlumatlar əldə edirəm”.

“Kontura qənaətdir

“Üç Nöqtə” qəzetinin müxbiri Könül Əhmədova üçün sosial şəbəkə iş əlaqələri və lazımi məlumatların ən qaynar məkanıdır:

“Sosial şəbəkədə son zamanlar daha fəalam. Çünki əvvəllər istifadəçi kimi mənə o qədər də lazım olmurdu. Amma indi işə görə vacibdir. Sosial şəbəkə iş əlaqələrinin qurulmasında mühüm əhəmiyyət kəsb edir. Deyək ki, işlə bağlı nəsə lazım olanda şəbəkədən əlaqə saxlayırsan. Çoxları bunu etiraf etmir, amma mən çəkinmədən deyirəm ki, həmçinin kontura qənaətdir. Başqa bir yaxşı cəhəti də var ki, televiziyaya baxmadığım üçün demək olar ki, xəbərləri sosial şəbəkədən izləyirəm. Cəmiyyətdə baş verən xəbərlərdən anındaca xəbərim olur. Necə deyərlər, “isti-isti””.

“Ünsiyyəti asanlaşdırır”Azadfikir.az portalının baş redaktoru Nurlan Əhmədov sosial şəbəkələrdən kütləyə informasiya çatdırmaq üçün istifadə edir:“İnformasiya çatdırmaq və qəbul etmək üçün ən yaxşı vasitədir. Eyni zamanda qohumlarla, dostlarla, işgüzar insanlarla ünsiyyəti asanlaşdırır”.

“Özünü, fəaliyyətini tanıtmaq üçündür”

Mlilliyi Olan Şəxslərin Sosial Müdafiəsinə və İnteqrasiyasına Dəstək İctimai Birliyinin nəzdində Muğam Dünyası klubunun sədri Nicat Müslümov 10 ilə yaxındır sosial şəbəkələrdən yararlandığını deyir:
“Mən sosial şəbəkələrdən faydalı işlər üçün istifadə edirəm. Çünki sosial şəbəkə həm də özünü, fəaliyyətini tanıtmaq üçündür. Biz 7 ayda sosial şəbəkə üzərində yeni layihəmizi – Muğam Dünyası Klubunu aktiv etmişik ki, burda olan gənclərimiz yaxşı mənada cəmiyyətə faydalılıqlarını göstərə bilirlər.
Müasir gənclərimizi sosial şəbəkədə vətənpərvər kimi görmək istəyirik. Yaxşı olar ki, milli sərvətimiz olan muğamla bağlı paylaşımlara çox yer ayırsınlar”.

“Sinif yoldaşlarımı axtarırdım burda”

“Facebook” istifadəçisi Tamara Mahmudova ilk vaxtlar tanışlarını axtarıb tapmaq üçün sosial şəbəkəyə maraq göstərdiyin deyir:

“Sırf uzaqda olan əzizlərimi, sinif yoldaşlarımı axtarırdım burda. Amma istifadə qaydasını öyrəndikdən sonra daha da diqqətimi çəkdi. İndi ölkəmizdə və dünyada baş verən hadisələrlə bağlı məlumatları izləyirəm sosial şəbəkələrdən”. 

Arzu ZEYNALLI
Versus.Az

Xəbər lenti

InvestAZ

Ən çox oxunan xəbərlər

"Süni əngəl və maneələrə yol verilməməlidir"

"Bəzi şəxslər hakimiyyətin yıxılması üçün işləyirlər" - MÜSAHİBƏ

“ALDP Kuboku” uğrunda nərd yarışı - QALİBLƏR

"Bu, əsl erməni həyasızlığı idi"

Trampla görüşməkdən imtina etdilər

“BƏZİ TƏXRİBATÇI SAYTLAR AZƏRBAYCANA HÜCUM ÇƏKİR”

Əsir və girov götürülən uşaqlarla bağlı film çəkilir