DADP sədrindən bayram təbriki

21:33 19-03-2018 | icon 181 | Gündəm
DADP sədrindən bayram təbriki

Demokratik Azərbaycan Dünyası Partiyasının (DADP) sədri Əlisahib Hüseynov Novruz bayramı münasibətilə Azərbaycan xalqını təbrik edib.

Təbrikdə deyilir:

 

"Əziz soydaşlar!

Sizi Novruz bayramı münasibətilə ürəkdən təbrik edir, hamınıza xoş anlar yaşamağı arzulayıram.

Bizim milli və dini bayramlarımız çoxdur. Amma Novruz bayramı sırada birinci yerdə gəlir. Hamımızın sevimli bayramımız olan Novruz bayramı bütün bayramlarımızın şahı sayılır. Hamımızın bu bayramla əlaqədər hansısa şirin xatirələri, unudulmayan əziz günləri mövcuddur. Hər birimizin uşaqlığımızın bir parçasıdır Novruz bayramı. Papaq atmaq, şəkərbura-paxlava, səməni, qapı pusmaq, yumurta döyüşdürmək, qohum-əqrəbanı ziyarət etmək və sair bu kimi adətlər uşaqlıq illərimizin unudulmaz səhifələridir".

 

Ə.Hüseynov bildirib ki, Novruz bayramını başqa xalqlar da qeyd etsələr də, amma adətlər, ayinlər və mərasimlər yalnız Azərbaycanda bu qədər yüksək şəkildə qorunur və yaşadılır:

 

"Novruz bayramı tariximizin məşəqqətli dövrlərində milli ruhumuzun qorunub saxlanmasında, dəyərlərimizin yaşadılmasında, azərbaycanlı identikliyimizin davam etdirilməsində ən həlledici vasitə rolunu oynayıb. Başqa sözlə desək, bu bayram azərbaycançılığımızın mühafizəçisi missiyasını daşıyıb. İndi bizim də borcumuz budur ki, Novruz adət-ənənlərimizi gənc nəsilə daha gözəl bir şəkildə ötürək və gənclərimizin milli ruhda formalaşmasına öz töhfəmizi verək.

Bu bayram həm də bütün dünya azərbaycanlılarını bir araya gətirən, birləşdirən bayramdır. Odur ki, mən hal-hazırda dünyanın müxtəlif guşələrində yaşayan soydaşlarımızı da bu əziz bayramımız münasibətilə təbrik edirəm. Demokratik Azərbaycan Dünyası Partiyası (DADP) adından və öz adımdan hər bir azərbaycanlıya bayram sevinci, hüzur və səadət arzulayıram.

Novruz bayramınız bir daha mübarək olsun, dəyərli həmvətənlər!"

Xəbər lenti

InvestAZ

Ən çox oxunan xəbərlər

"Süni əngəl və maneələrə yol verilməməlidir"

"Bəzi şəxslər hakimiyyətin yıxılması üçün işləyirlər" - MÜSAHİBƏ

“ALDP Kuboku” uğrunda nərd yarışı - QALİBLƏR

"Bu, əsl erməni həyasızlığı idi"

Trampla görüşməkdən imtina etdilər

“BƏZİ TƏXRİBATÇI SAYTLAR AZƏRBAYCANA HÜCUM ÇƏKİR”

Əsir və girov götürülən uşaqlarla bağlı film çəkilir