Çiçək Məmmədli: “Autizm hər bir evin probleminə çevrilə bilər” - MÜSAHİBƏ

12:27 31-03-2018 | icon 264 | Sosial
Çiçək Məmmədli: “Autizm hər bir evin probleminə çevrilə bilər” - MÜSAHİBƏ

“Biganə məmur ordusu isə bunun fərqində deyil”

 

“Azərbaycan Respublikası Autizm Defektoloji və Psixoloji Yardım Mərkəzi” İctimai Birliyinin sədri Çiçək Məmmədlinin Versus.az-a müsahibəsi.

- Çiçək xanım, bu gün Azərbaycan autizm və daun sindromunun yayılmasına görə dünyada 3-cü yerdədir. Mütəxəssislərin bildirdiklərinə görə, dünya çapında aparılan monitorinqlərdə öz əksini tapan bu acı gerçəkliklər sırasında o da bəllidir ki, məmləkətimizdə doğulan hər 55 nəfər uşaqdan biri autizm sindromundan əziyyət çəkir. Əvvəlcə istərdik, bu sindrom haqqında məlumat verəsiniz. AUTİZM NƏDİR?

 

- Autizm latın sözü olub, “autos” - “özü” deməkdir. Bu sindrom haqqında elmə ilk məlumatı 1943-cü ildə Amerika psixiatırı Leo Kanner gətirib. Sonralar Avstraliya psixiatrı Asberger autizmin “asberger” formasını da elmə daxil edib. Autizm uşağı cəmiyyətdən, ünsiyyətdən, göz təmasından ayıran travmatik və psixoloji pozuntudur. Kanner, atipik, tipik autizm, asberger, rett sindromu autizmin elmə məlum olan növlərini aşkar edib.

Mən rəhbərlik etdiyim təşkilatı 2008-ci ildə yaratmışam. O zamandan da cəmiyyətin bu istiqamətdə maarifləndirilməsi üçün müxtəlif səpkili, rəngarəng tədbirlər düzənləyirik. Azərbaycanda autizm sindromunun araşdırılması mövzusunda ilk mütəxəssis olan Esmira Kazımova ilə birlikdə 2008-ci ildə öz vəsaitimiz hesabına kitabça dərc etdik. Həmin kitabçada autizm və onun fəsadları, reabilitasiya prosesindəki ümumi metodologiya ilə bağlı cəmiyyətə qismən də olsa məlumat verə bildik.

 

Autist uşaqları xarakterizə edən keyfiyyətlər

 

- Autizm sindromlu uşağı necə tanımaq olar?

 

- Bu uşaqlar zahirən digər uşaqlardan heç nə ilə fərqlənmirlər. Autizm sindromlu uşaqlarda güclü davranış pozuntuları olur. Onlar özlərini büruzə vermək üçün hər bir şey edirlər. Çünki autizm özünəqapanma deməkdir. Bu uşaqlar kənar diqqəti özlərinə cəlb etmək üçün hətta özlərinə xəsarət yetirməkdən belə çəkinmirlər. Çoxu danışmasa da, bir qismində arzuolunmayan nitq mövcud olur - bir mövzuyla bağlı saatlarla danışmaq, eyni bir sözün təkrarlanması autist uşaqları xarakterizə edən keyfiyyətlərdəndir. Ancaq serebral iflic, daun kimi digər nevropsixoloji xəstəliklər mövcuddur ki, bu kimi uşaqlar zahirən bilinir.

 

- Bunun yaranma səbəbləri nədir?

 

- Elm hələ ki, bu sindromun yaranma səbəblərini açmaqda acizdir. Ancaq alimlərin bildirdiklərinə görə. bu uşaqlarda siqnal ötürücüləri normal uşaqlara münasibətdə daha zəifdir. Onlara söz deyəndə o uşaqlar həmin an deyiləni anlamırlar, ancaq bir neçə dəfə təkrar ediləndən sonra deyilənlərə reaksiya verirlər.

 

- Azərbaycanda hər 55 uşaqdan biri autist sindromlu doğulursa, aidiyyatı strukturların bu “sos” siqnalına verdiyi cavab nə dərəcədə yetərlidir. Bu məsələdə laqeydlik öndədir, yoxsa çarəsizlik?

 

- Bizim təşkilat ilk dəfə “sos” siqnalı ilə cəmiyyəti ayağa qaldırıb. Təşkilatımız bu gün də fəaliyyətini bu istiqamətdə davam etdirir.  Laqeydlik günümüzün acı reallığıdır və hesab edirəm ki, belə laqeydliyin səbəblərinə elə həmin kəslərin özləri aydınlıq gətirməlidilər. Kimin necə qəbul etməsindən asılı olmayaraq, bu gün fakt bundan ibarətdir ki, dövlət qurumlarının görməli olduqları bu işin böyük bir qismi məhz QHT-lərin üzərindədir. Məhz QHT-lər Azərbaycanın bu problemlə üz-üzə qalmasını dünya ölkələrinə bəyan edib. Bu məsələdə Azərbaycan çox gərgin bir durumdadır.

 

“Bütün dünyada bu sindromla bağlı dövlət özü maraqlanır”

 

- Autizm və onun Azərbaycanda yayılması ilə bağlı təqdim olunan rəqəmlər hansı mərkəzdən götürülüb, hansı monitorinqin gəldiyi nəticədir?

 

- Biz bu rəqəmləri müəyyən informasiyalardan götürmüşük. Ancaq real artım tempi də deyilənləri təsdiqləyir. Autizm qlobal problem olduğundan bu sindromla bağlı aparılan müşahidələr, monitorinqlər qlobal xarakterlidir. Bütün dünyada autizm sindromu ilə bağlı birbaşa dövlət özü maraqlanır. Bizdə isə bəzi nüansları nəzərə almasaq, susqunluqdur. Həm qanunverici orqan, həm də icra strukturları səviyyəsində etdiyim bütün müraciətlər cavabsız qalıb. Olmazın əziyyətlərlə etdiyim müraciətə ilk siqnalı 2015-ci ildə aldıq. Ombudsman Aparatına etdiyim müraciətin məhz Qənirə Paşayevanın köməkliyi ilə Milli Məclisə çatdırılmasından sonra 2015-ci il dekabrın 30-da autizm sindromu qanunverici aktlarda öz əksini tapdı. Hansı ki, bu dönəmə qədər qanunvericilikdə autizmlə bağlı heç bir müddəa yox idi.

 

“O sistemi Azərbaycanda qursaq, bizə kifayətdir...”

 

- Çiçək xanım, sizcə autizm və daun sindromlu uşaqların reabilitasiyaları prosesində kompleks yanaşmanı ortaya qoymaq üçün nədən və necə başlamalı?

 

- Mən bu məsələdə yaxın ölkələrin təcrübəsinə söykənərək fəaliyyət göstərməyin tərəfdarıyam. Konkret olaraq Türkiyə faktorunu əsas götürməklə problemin çözülməsində xeyli irəliləyiş əldə etmək mümkündür. Biz o sistemi Azərbaycanda qursaq, bizə kifayətdir.

 

- Türkiyədə reabilitasiya prosesi hansı metodologiya ilə həyata keçirilir?

 

- Onlarda uşaqların cəmiyyətə adaptasiya olunması üçün kompleks yanaşma var. Türkiyədə bu uşaqlar üçün yaş həddi yoxdur. Bizdə isə bu məsələyə yanaşma qüsurludur. Məsələn, biz autizmli bir uşağı məktəbə yönləndirmək istəyimizi bildirəndə, aidiyyatı strukturlar yardımçı məktəbləri nişan verirlər. Bunu da bilirik ki, həmin yardımçı məktəblərin fəaliyyətləri yarıtmazdır.

 

- Türkiyədə autizmlə bağlı psixoloji-tibbi-pedaqoji komissiyanın iş prinsipi necədir?

 

“Valideyinlər dərdləriylə baş-başa buraxılıb”

 

- Türkiyədə autizmlə bağlı sanki cəmiyyətin özü ümumi səfərbərlik halındadır. Elə bu yaxınlarda biz Antalyada olan mərkəzlərlə əlaqə saxladıq. Oradan bizə Rəhbərlik Araşdırma Mərkəzi (RAM) deyilən bir proqram da göndərdilər. Həmin proqramda göstərilən şərtlərdən görünür ki, qardaş Türkiyədə autizm sindromlu uşağın valideyni heç bir sıxıntı keçirmir. Ancaq Azərbaycanda valideynlər dərdləriylə baş-başa buraxılıb. “Mən bunu hansı mərkəzə, hansı məktəbə aparım” deyən valideyn sanki taleyin ümidinə buraxılıb. Bizdə uşaqlar var ki, yetkinlik yaşına çatsa da, heç bir bağça, heç bir məktəb üzü görməyib. Reabilitasiya amacıyla bir-iki özəl mərkəzin imkanlarından yararlanırlar ki, buna da yararlı demək olmaz.

 

- Özəl mərkəzlərin yararsızlığı deyəndə nəyi nəzərdə tutursunuz?

 

- Bu məsələ ilə bağlı dövlət proqramı olmalıdır. Elə kim istəyirsə, ətrafına 5-6 nəfər qeyri-peşəkarları toplayıb, keçirilən məşğələlərə görə də istədiyi məbləği təyin etməklə dərdinə çarə axtaran valideynin özünü şizofrenik hala gətirir. Mən bununla bağlı Milli Məclisin aidiyyatı komissiyalarına müraciət etmişəm.

 

- Çiçək xanım, inklüziv təhsillə bağlı hansısa “pilot layihə”ni gerçəkləşdirmək istəyən Təhsil Nazirliyi məsələyə kompleks yanaşma prinsipini rəhbər tutaraq sizinlə məsləhətləşmələr, müzakirələr aparıbmı?

- Yox, bu məsələdə bizimlə heç bir məsləhətləşmə, heç bir müzakirə aparılmayıb. Bu sahədəki pərakəndəlik elə dövlət strukturlarındakı səlahiyyətlilərin addımlarında da sezilməkdədir. Autizm elə bir sahədir ki, buna necə gəldi yanaşmaq olmaz, buna ciddi yanaşmaq lazımdır. Bu bir-iki ilin mövzusu deyil.

 

- Bunun reabilitasiyası nəticə verirmi?

 

- Reabilitasiya olunmuş uşaqlar Azərbaycanda var, ancaq həmin uşaqlar ya xarici ölkələrdə reabilitasiya olunur, ya da xüsusi proqram əsasında buna nail olunur.

 

“Belə kateqoriyadan olan layihələr onların marağında deyil”

 

- Sizin özünüzün bununla bağlı hansısa layihəniz varmı?

 

- Bəli, mənim belə bir layihəm var və bununla bağlı dövlət qurumlarına da müraciət etmişəm. Sadəcə olaraq susqunluğa baxsaq, belə demək mümkündür ki, belə kateqoriyadan olan layihələr həmin kəslərin marağında deyil. Həmin layihəni ön plana keçirmək əvəzinə, aidiyyatı strukturlar ya səriştəsizlik, ya da hansısa səbəb ucbatından bunu arxa plana keçirib gerçəkləşməsinə süni əngəllər yaradırlar. Hansı ki, bu layihənin həyata keçməsi üçün mənə dəstək olacaq qüvvələr də var.

 

- O layihəni konkret olaraq kimə təqdim etmisiniz və bu layihə nədən ibarətdit?

 

- İlk olaraq yerli icra hakimiyyətinə təqdim etmişəm. Layihədə türkiyəli mütəxəssislərin iş prinsipləri prioritet olaraq götürülüb. Biz həmin mütəxəssislərlə danışıb bəzi məsləhətləşmələr aparandan sonra belə qənaətə gəlinib ki, 30 nəfərdən artıq yeniyetməmiz iş qabiliyyətli hesab oluna bilər. Sadəcə olaraq, türkiyəli mütəxəssislər müəyyən zaman kəsiyində bizim yeniyetmə autistlərin bu işi mənimsəmələrinə yardımçı ola bilərlər.

 

“Layihənin icrası süni şəkildə əngəllənməkdədir”

 

- Bu hansı işlərdir belə?

 

- Söhbət burada hansısa dövlət işindən deyil, sadəcə olaraq həmin mütəxəssislərin öyrədə biləcəkləri işdən gedir.

 

- Bəs problem nədədir?

 

- Əsas problem yer məsələsiylə bağlıdır. Bizim yerimiz olsa da, yerin layihəsi çəkilsə də, tələb olunan rüsum ödənilsə də, əlaqədar qurumlara müraciət edilsə də, 3 ildən artıqdır ki, həmin layihənin icra olunması süni şəkildə əngəllənməkdədir. Ayrı-ayrı qurumların “ötür-ötür” prinsipiylə məsələnin həllinin yubadılması, dəfələrlə onların tələb etdikləri “çatışmazlıqların” aradan qaldırılmasına baxmayaraq, bizə “yox” cavabının verilməsi artıq adi bir hala çevrilib.

 

- Hazırda bu məsələ belə demək mümkünsə, hansı qurumda ilişib qalıb?

 

- Hazırda bizim sənədlərimiz Bakı Şəhər İcra Hakimiyyətində ilişib qalıb. Bu mərkəzin tikilməsində bizə yardımçı olacaq təşkilat da bizdən dövlət qurumunun sərəncamını istəyir. Məhz həmin tikintidən sonra yer məsələsi həll edilir və türk mütəxəssisləri bura dəvət edilir, işimizin növbəti mərhələsinə qədəm qoyuruq. Təəssüflər olsun ki, layihəmiz ortalıqda qalıb. Onu da bildirim ki, işimizin qurulmasında bu, ilkin mərhələdir. Bundan sonra digər strukturlarla paralel işləmək üçün müəyyən müraciətlər olunacaq. Bütün bu süründürməçiliklərə baxmayaraq, biz heç də ruhdan düşmürük. Zaman özü bizim kimi insanlarda dözüm, sağlam düşüncə, sağlam psixologiya formalaşdırıb. Mən özüm də autizmin içərisində əziyyət çəkənlərdənəm: iki övladım autizm sindromludur, həyat yoldaşım məhz bu sindromun qurbanı olub, üç əlil saxlayıram...

 

- Sizin sözlərinizin fonunda cəmiyyətdə belə bir təəssürat yarana bilər ki, adamlarımız sanki dərdləriylə baş-başa buraxılıb, məmur özbaşınalığı isə dövlətin vətəndaşına sahib çıxa bilməməsi aurasını yaratmaqla məşğuldur. Siz nə düşünürsüz?

 

- Yox, mən belə də demək istəməzdim. Biz QHT sektoru olmağımıza baxmayaraq müəyyən dairələrə etdiyimiz müraciətlər anındaca öz həllini tapıb. Maarifləndirmə istiqamətində apardığım iş Azərbaycan Prezidenti Yanında QHT-lərə Dövlət Dəstəyi Şurası tərəfindən hər zaman dəstəklənib. Məhz onların maliyyə dəstəyi ilə mən öz layihələrimi gerçəkləşdirə bilmişəm. Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi də bir çox hallarda bizə yardımda bulunmaqla dövlətin bu işdə maraqlı olmasını açıq şəkildə ortaya qoyub.

 

“İstəyirik ki, bu sahədə olan pərakəndəlik aradan qaldırılsın”

 

- Uzunmüddətli reabilitasiya prosesində uşaqlarda müəyyən vərdişlər formalaşdığı kimi mütəxəssislərin özündə də bir püxtələşmə gedir. İnklüziv təhsildən danışan Təhsil Nazirliyi mütəxəssis yoxluğundan gileylənir. Bu sahədə mütəxəssislərin səviyyəsi qaneedici deyilmi?

 

- Çox yaxşı sualdır. Azərbaycanda məhz öz əziyyəti, öz gücü hesabına formalaşan mütəxəssilərimiz az deyil. Azərbaycanda autizmlə bağlı kifayət qədər güclü olan idman mütəxəssilərimiz var, sadəcə olaraq onların fəaliyyəti də özəl xarakterlidir. Uşaqların sosiallaşmalarında onların fəaliyyəti gözəl effekt verir. Sadəcə olaraq biz hamımız istəyirik ki, bu sahədə olan pərakəndəlik aradan qaldırılsın. İstərdik ki, xaricdə olduğu kimi, bizdə də dövlət proqramı və dövlət nəzarəti olsun. Özəl mərkəzlərin fəaliyyəti də bununla paralel olaraq inkişaf etdirilsin. Valideyn xaricdə olduğu kimi, müəyyən saatlarda dövlət müəssisələrin, müəyyən saatlarda da özəl mərkəzlərin fəaliyyətindən yararlana bilsin. Külli miqdarda pul tələb olunan bu prosesdə dövlətin birbaşa iştirakı valideynin üzərinə düşən yükü də azaltmış olur.

 

- Autizm və daun sindromlu uşaqlara, onların valideyinlərinə, həmçinin bu sindromlu uşaqların reabilitasiyaları ilə məşğul olan mərkəzlərə, oradakı mütəxəssislərə qonşu dövlətlərdə münasibət bambaşqadır. Bunu siz də vurğuladınız. Bəs ortalıqda olan çatışmazlıqlarla bağlı siz özünüz aidiyyatı strukturlara, Milli Məclisin sosial siyasət, təhsil və elm komissiyalarına hansısa təklif ünvanlamısınızmı?

 

- Bugünkü gerçəkliyin fonunda Azərbaycan vətəndaşının üz-üzə qaldığı situasiyadan çıxma şansı həddindən artıq aşağıdır. Eləcə də bizim fəaliyyətimizin özü. Çox şükürlər olsun ki, bu məsələdə Milli Məclisi az da olsa, silkələyə bilmişik. Qənirə xanım Paşayeva ilə birgə bizim iki böyük layihəmiz olub. Tədbirlərimizin bir çoxunda millət vəkili, komissiya sədri Hadı Rəcəblinin də iştirakı özlüyündə sevindirici haldır.  Məhz bunun məntiqi nəticəsi olaraq 2015-ci ildə autizm qanunvericilikdə qeydə alındı. Ümid edirəm ki, Türkiyə modelinin Azərbaycana gətirilməsi işində də dövlət bizə yardımçı olacaq.

 

“Autizm sindromuna görə kiməsə əlillik verilməsi faktı ilə rastlaşmamışam”

 

- Autizm və daun sindromlu uşaqların sosial təminatları Azərbaycanda necə təşkil olunub və bu, qaneedicidirmi?

 

- Bu sual bir az çətin sualdır və mən bu suala bir mütəxəssis kimi cavab verə bilmərəm. Bu məsələdə də Azərbaycanda xaos hökm sürür. Bir tərəfdən vurğulanır ki, bu uşaqlar əlildirlər, onlara da təqaüdlər verilməlidir, başqa bir tərəfdən də ortaya əks arqumentlər qoyulur, onlar əlil kimi qəbul edilmirlər. Əgər uşaq danışa bilmirsə, nitqi yoxdursa, qeyri-adi hərəkətləri varsa, normal uşaqlardan tam fərqli davranırsa, deməli, bu əlillik sayılmalıdır. Amma mən belə bir faktla rastlaşmamışam ki, autizm sindromuna görə kiməsə əlillik verilsin. Xarici ölkələrlə müqayisədə autizm sindromlu uşaqlara yanaşma tərzi, onların qanunvericilik səviyyəsində müdafiə olunması baxımından Azərbaycan hələ də çox geridədir. Hansısa bir autist uşağın adi bağçaya götürülməməsi əslində sosiallaşmaya çəkilən səddir. Mənim öz qızım dörd divar arasında böyüyüb. Əvvəlcə uşaq bağçaya götürülsə də, ikinci gün mənim uşağım o hüquqlardan məhrum edildi. 15 bağçaya müraciət etsəm də, heç bir nəticə əldə edə bilmədim. Gözüyaşlı balamı sinəmə basıb, evimə gətirdm, ona dayə tutmuşam. Axı bu uşaqlar maddiyyat olmayan yerdə necə yaşaya bilərlər? Gözümün yaşını içimə axıdaraq öz dərdimə özüm sahib çıxmışam. Bəzən işə gecikdiyimə görə sonra “çox şükürlər” olsun ki, məni işdən də qovdular. Dərdimi deyəcək yer qalmadı, dərdimi kimə söylədimsə biganələr ordusunun cavabı eyni oldu: “uşağının autist olmasının bizə heç bir aidiyyatı yoxdur, o, sənin taleyindir”. İnanın ki, bu gün Azərbaycanda mənim günümdə olanların sayı çoxdur. İşini itirən, iş tapa bilməyən valideyinlərin yaşantılarını görməzliyə vuran səlahiyyət sahibləri əslində MƏNDƏN BAŞLANAN VƏTƏNin özünü hədəf götürüblər. Məktəbin direktoru dərdlərimi görməzliyə vurub məni işdən çıxaranda, övladlarımın xatirinə onları bağlı qapı arxasında qoyub gecələr ofis yığışdırmağa getmişəm, min bir zillətə dözmüşəm. Harın məmur təbəqəsinin özbaşınalığı, vətəndaşa olan sayğısızlığı mənim dərdlərimə olan sevgimi daha da möhkəmləndirib. Öz evimdə mərkəz yaradaraq mənim yaşantılarımın daşıyıcıları olan soydaşlarımıza hər zaman dərdi bölməyə hazır olduğumu sərgiləmişəm. Bir otağa sığınsam da, evim qəzalı vəziyyətdə olsa da, yenə də autizm sindromlu uşaqlara yardımda olduğum üçün özümü mənəvi rahatlıq içində hiss edirəm.

 

- Bu söhbətdən az qala belə bir fikir yaranır ki, həm qanunverici orqan, həm də müvafiq icra strukturları “autizm şriftli ölüm kodu”yla birbaşa dövlətçiliyimizi və millətçiliyimizi təhdid etmədədilər.

 

- Təqdim olunan layihələrə və təkliflərə münasibətdə göstərilən laqeydliyin fonunda belə qənaətdən çıxış etmək olar. Sürətlə artan tempi nəzərə alsaq, nə qədər acınacaqlı olsa belə autizm hər bir evin probleminə çevriləcək. Bizim indiki fəaliyyətimiz həmin acınacaqlı halın qarşısını almağa yönəlib, biganə məmur ordusu isə bunun fərqində deyil. O vaxt fərqində olacaq ki, onun öz övladı bu sindroma yaxalanacaq. Sağlam gələcəyimiz uğrunda etdiyimiz mücadilənin mahiyyəti bu kəslər üçün maraqlı deyil.

 

- Adıçəkilən qurumların timsalında fərdi azadlıqlar, fərdi maraqlar sanki dövlət maraqlarını əməlli başlı üstələyib?

 

- Düzdür. Mən artıq Heydər Əliyev Fonduna etdiyim müraciətlərin sayını itirmişəm. Bir dəfə həmin Fonda gedib Məlahət xanıma sual verdim ki, mənim bu müraciətlərim nə vaxt cavablandırılacaq.

 

- Kimdir bu Məlahət xanım?

 

- Heydər Əliyev Fondunun qəbul şöbəsində işləyir. Həmin Məlahət xanım mənə cavab verdi ki, “sənin müraciətlərindəki məqamlar bizim üçün maraqlı deyil”. Mənim ümummilli problemin həlledilməsi üçün etdiyim çabalar belə cavablandırılandan sonra o qurumdan əlimi üzüb Milli Məclisə üz tutdum. Orada da Hadı Rəcəbli mənə eyni cavbə verdi: “sizin müraciətiniz mənim əlimə düşməyib”.

 

“Azərbaycanda autizm probleminin qabardılmasını istəməyən qüvvələr var”

 

- Amma onlar bir tədbir düzənlədilər. Tədbirin düzənləməsində bildiyim qədərində bir müddət öncə həm qardaş Türkiyədə, həm də Azərbaycanda böyük ajiotaja səbəb olan bir qrupun fəaliyyəti də mövcud idi. Maraqlı bir məqam var idi. Baxmayaraq ki, Azərbaycanda bu sahədə əsas addım atan mən olmuşam, ancaq həmin kəslər hansı müəmma üzündənsə məni o tədbirə dəvət etmədilər. Belə bir versiya da formalaşdırıblar ki, guya hansısa rayondayam və mənə zəng çatmır. Sonra bu məsələ millət vəkili Qənirə Paşayeva qədər gedib çıxdı. Qənirə xanım Azərbaycanda yeganə şəxsdir ki, bu işə çox vicdanla yanaşır və təsadüfi deyil ki, mənə zəng vurub “o müzakirələrdə sən niyə iştirak etməmisən” deyə soruşdu. Qənirə xanım bu məsələni qabartsa da, təbii ki, proses artıq keçmişdi. Atılan addımların fonunda belə qənaətə gəlmək mümkündür ki, Azərbaycanda autizm probleminin qabardılmasını istəməyən qüvvələr mövcuddur.

 

- Maraqlıdır, bu işdə birbaşa məsuliyyətli olan Səhiyyə Nazirliyi, Təhsil Nazirliyi, Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi, Milli Məclsisn sosial siyasət, elm və təhsil komissiyaları, müfafiq yerli icra strukturları, bələdiyyələr adıçəkilən problemlə bağlı hansısa təkliflər hazırlayıb hökumətə təqdim ediblərmi?

 

- Məndə belə bir məlumat yoxdur. Azərbaycanda bu işlə ancaq mən məşğul oluram və məni bu işdən ancaq ölüm ayıra bilər. Gücüm qədərində bu prosesdə maksimum səylərlə nail olamağa çalışıram...

 

İgid Teymurlu
Versus.Az

Xəbər lenti

InvestAZ

Ən çox oxunan xəbərlər

“Əgər Qərb öz istədiyi şəxsi Sarkisyanın yerinə baş nazir təyin etsə…”

Aprel qazisi özünü öldürüb

Cəmiyyət olaraq bizi ən çox təəssüfləndirən nədir? - SORĞU

Arif Hacılı: “Namizədlər Müsavatı, Milli Şuranı hədəf seçmişdilər” - MÜSAHİBƏ

Arif Paşa: “Bakıda bizim mücadiləmizi nə görən, nə də harayımıza yetən yox idi” - MÜSAHİBƏ 1

ADNSU-nun 2-ci korpusu da əsaslı təmir olunacaq

Şirvanşah - Səfəvi konfrantasiyası

Səlim Müslümov: "8800 nəfərin ailəsinə birdəfəlik ödəniş veriləcək”

Ertələnən seçkilərdə iştirakçılıq

"Gənclik siyasətində əməkdaşlıq İƏT Gənclər və İdman Nazirliklərinin səlahiyyətində olmalıdır"

“Mənə dedilər ki, Rəhim Qazıyev sənə nifrət edir” – MÜSAHİBƏ 2

Müxalifət liderləri Dövlət Baxçalıdan öyrənsinlər

“Mənəvi dəyərlərin təbliği: reallıqlar, perspektivlər" - KONFRANS

Rus dilinin tədrisi təklif olunub

Yanğın söndürülüb