Müxalifəti məyus edən məqamlar

14:23 31-03-2018 | icon 124 | Kürsü
Müxalifəti məyus edən məqamlar

MÜŞFİQ ƏLƏSGƏRLİ

/Jurnalistlərin Həmkarlar İttifaqının sədri/

 

2018-ci ilin Prezident seçkisinin birinci mərhələsi geridə qaldı: seçki komissiyaları, seçici siyahıları  formalaşdırıldı, prezidentliyə namizədlər müəyyənləşdi. İndi təbliğat-təşviqat mərhələsi keçirilir. Geridə  qalan mərhələ seçki prosesinin və seçki mühitinin dəyərləndirilməsi üçün  yetərli faktlar verir. Bunu nəzərə alan yerli və beynəlxalq seçki müşahidə missiyalarının ilkin - aralıq hesabatları açıqlanır. Müxalif düşərgənin həyəcanlanması da bundan başlayıb.

 

Açıqlanan hesabatlarda seçki prosesinin və seçki mühitinin demokratikliyini ehtiva edən qeydlər var. Xüsusi olaraq ATƏT-in Demokratik Təsisatlar və İnsan Hüquqları Bürosunun (ATƏT/DTİHB) müşahidə missiyasının  aralıq hesabatı radikal düşərgənin səbrini daşırıb. İş o yerə çatıb ki, radikal düşərgə 25 illik mövcudluğu dövründə  özü üçün deviz etdiyi  “xaricilər hər nə deyir, düz deyir” prinsipinə əks çıxıb, ATƏT-i və onun seçki Müşahidə Missiyasını tənqid etməyə başlayıb. Reaksiyalarından bəlli  olur ki, ATƏT/DTİHB-nin Aralıq Hesabatında əks edilənlər müxalif düşərgə üçün  gözlənilməz olub. O dərəcədə  gözlənilməz ki, radikal düşərgə toparlana, yekdil mövqe sərgiləyə bilməyib, tənqid tezislərini  əsaslandırmayıb. Onlar gah aralıq hesabatda yer tutan məqamları, gah da  Büronun özünü tənqid edirlər. İrəli gedib  geopolitik proseslərə baş vuran, Büronun  hesabatını qlobal proseslərlə əlaqələndirənlər də tapılır.

 

Düşərgə təmsilçilərindən biri  ATƏT-i ittiham edir ki, “enerji təhlükəsizliyini üstün tutaraq, Azərbaycanda demokratiyanı qurban verir, prezident seçkisi prosesinin demokratik mühitdə davam etdiyini bildirir”; başqa biri  “Azərbaycanın hazırda Avropa Birliyi ilə tərəfdaşlıq sazişi ətrafında danışıqlar apardığını, bu baxımdan ATƏT-in və Avropa Birliyinin Rəsmi Bakı ilə münasibətləri korlamaq istəmədiyini, nəticədə prezident seçkisi prosesinə loyal yanaşdığını” qeyd edir;  digəri isə  “məsləkdaşlarını” səbrli davranmağa, hesabatı yenidən oxumağa, daha dərindən təhlil etməyə çağırır ki, bəlkə hesabatı düzgün anlamayıblar, “ATƏT/DTİHB  müşahidə missiyası sətiraltı mesajlar verib”?!

 

Bunlar müxalif düşərgədən ATƏT/DTİHB  Müşahidə Missiyasının hesabatına verilən neqativ reaksiyaları ehtiva edən tezislərin bir qismi, ümumiləşdirilmiş kəsimidir. AXCP, ReAL, Milli Şura, SMDT  kimi siyasi qurumlar hesabatı tənqid edən açıqlamalarında ümumi yanaşma ilə birgə, merkantil maraqlarını ehtiva edən tezisləri də səsləndirməkdən çəkinmirlər. (Məsələn,  ReAl təmsilçiləri hesab edirlər ki, Avropa İnsan Hüquqları Məhkəməsinin (AİHM) ziddiyyətli qərarı yerinə yetirilməyincə, yəni İlqar Məmmədov həbsdən çıxmayınca, ATƏT/DTİHB Azərbaycana seçki müşahidəçisi göndərməməli idi). 

 

Maraqlıdır, ATƏT/DTİHB-nin Seçki Müşahidə Missiyasının  aralıq hesabatında prezident seçkisi  ilə bağlı nə yazılıb ki, radikal düşərgəni bu qədər həyəcanlandırıb, onları xarici havadarlarının üzünə ağ olmağa vadar edib? Axı xaricdən gələn istənilən sifarişi, göstərişi, açıqlamanı təkzib etmək, qarşı çıxmaq  onların fəlsəfəsinə yaddır.  ATƏT/DTİHB-nin son hesabatına verdikləri reaksiya müxalifətin  təkcə 2018-ci il seçkisinə olan münasibətini ehtiva etmir, həm də 25 illik yaşam, mövcudluq fəlsəfələrini inkar edir. Biz hər zaman deyəndə  ki, özünü beynəlxalq hüquq müdafiə təşkilatı elan edən  QHT-lərin, beynəlxalq dövlətlərarası təşkilatların  anti-Azərbaycan bəyanatları sifarişlidir, fəaliyyət göstərdikləri ölkələrin, himayəsində olduqları güc mərkəzlərinin  siyasi, iqtisadi, təhlükəsizlik maraqlarına uyğunlaşdırılır; deyəndə ki, bu təşkilatların ayrı-ayrı ölkələrdə, o cümlədən, Azərbaycanda  keçirilən seçkilərə neqativ münasibəti qərəzlidir, geopolitik duruma uyğunlaşdırılır, onda yerli müxalifət təmsilçiləri bu açıqlamaları  top atəşinə tuturdular, deyirdilər ki, bunlar hakimiyyətə satılıblar! İndi özləri-özlərini inkar etmirlərmi? 

 

ATƏT-i, onun Demokratik Təsisatlar və İnsan Hüquqları Bürosunu 2018-ci ilin seçki mühitinə nisbətən obyektiv  qiymət verdiyi üçün  ittiham etmək, bu qiyməti “enerji təhlükəsizliyi maraqlarını insan haqlarından üstün tutmaqla” əlaqələndirmək;  “Avropa Birliyi ilə tərəfdaşlıq sazişi ətrafında danışıqlar aparıldığı üçün” Avropa Birliyinin prezident seçkisinə loyal yanaşdığını iddia etmək müxalifətin dolayısı ilə özünüinkarı deyilmi? Bu açıqlamalarla onlar özləri beynəlxalq təşkilatları geopolitik maraqlardan çıxış etməkdə qınamırlarmı? Beynəlxalq təşkilatların hesabatlar hazırlayarkən şəxsi maraqlarını üstün tutduqlarını etiraf etmirlərmi? Və belə yanaşma onların özünüinkarı deyilmi?   

Cəmi 5 il öncə, 2013-cü ilin prezident seçkiləri dövründə  Avropa Şurasını seçkiyə müsbət dəyər verdiyi üçün qınayan, ATƏT/DTİHB-nin seçkini tənqid edən notlarınını isə “ən obyektiv” hesabat adlandıran bunlar deyildilərmi? Uzaq keçmiş deyil: müxaliflər  2013-cü ilin prezident seçkisi,  2015-ci ilin parlament seçkiləri zamanı ATƏT/DTİHB-nin Seçki Müşahidə Missiyasını “seçki dəyərləndirməsinin ədalət meyarı” elan etmişdilər. Fikirləşmirlərmi ki, hər bir vətəndaş indi çox rahat şəkildə onların 3 il, 5 il öncəki mövqelərini əldə edib oxuya, bu gün sərgilənən mövqe ilə müqayisə edə və bu hərdəmxəyallığa görə onlardan hesabat sora bilər?  

ATƏT/DTİHB-nin Seçki Müşahidə Missiyası 2018-ci ilin  9-24 mart aralığını  əhatə edən hesabatını ötən illərin seçki hesabatları ilə müqayisədə nisbətən obyektiv hazırlamağa cəhd edib. Hesabatda qeyd edilir ki, “məntəqə seçki komissiyalarına yaxşı treninq keçilib”; “namizədlər üçün müəyyənləşdirilmiş pulsuz efir vaxtı debatlara həsr  olunur, ictimai yayımla efirə verilir”; “məhkəmə və Mərkəzi Seçki Komissiyasına müşahidə dövrü ərzində heç bir şikayət daxil olmayıb, Müşahidə missiyası seçki ilə bağlı çox az şikayətin olacağını düşünür” və sair.

 

Bu, yekun hesabat deyil, aralıq hesabatdır. Ötən illərin təcrübəsi ATƏT/DTİHB-nin Seçki Müşahidə missiyasının mövqeyi barədə birmənalı düşünməyi istisna edir. Mümkündür ki, yenidən mövqe dəyişsin. Bu baxımdan müxalif düşərgənin nə üçün bu qədər həyəcan keçirməsi sualı yenə də açıq qalır. Araşdırmalar göstərir ki, radikal düşərgənin küskünlüyü təkcə son hesabatla bağlı deyil. Müsahibələrindən  nəticə çıxır ki, onlar  ümumiyyətlə  ATƏT/DTİHB-nin 2018-ci il seçkilərini müşahidə etmək üçün missiya göndərməyəcəyini düşünürmüşlər. Yəni ATƏT/DTİHB-nin bunların göndərdiyi “kompramatları” əsas götürərək, “seçki prosesini boykot edəcəyini” planlaşdırırmışlar.

 

Büronun  320 nəfərlik missiya ilə seçki prosesini müşahidə etməyə qərar verməsi, “yerli radikalların” kompromatlarını və seçkiləri boykot qərarlarını nəzərə almaması əks düşərgədə çaşqınlıq yaradıb. Bu qərardan sonra öz elektoratlarını inandırmağa çalışıblar ki,  ATƏT/DTİHB seçkiləri müşahidəyə qərar versə də, hesabatları neqativ olacaq, müxalif düşərgənin mövqeyindən çıxış edəcək. Nəticə fərqli olub. Büro ilkin-aralıq hesabatında müsbət məqamlara da yer ayırıb. Ayrıca, ATƏT-in Demokratik Təsisatlar və İnsan Haqları Bürosunun seçki müşahidə missiyasının rəhbəri Corien Jonker şəxsən Bakıya gəlib, rəsmi görüşlər keçirib və seçki prosesi barədə pozitiv düşüncələrini açıqlayıb. 

 

Belə çıxır ki, müxalif düşərgə təmsilçiləri nəinki 25 il öncə, 5 il öncə, 3 il öncə, hətta 1 ay öncə də düzgün proqnoz verməyi bacarmayıblar. Nəinki geopolitik durumu, heç ölkəiçi vəziyyəti də düzgün dəyərləndirməyiblər.

Xəbər lenti

InvestAZ

Ən çox oxunan xəbərlər

“Əgər Qərb öz istədiyi şəxsi Sarkisyanın yerinə baş nazir təyin etsə…”

Aprel qazisi özünü öldürüb

Cəmiyyət olaraq bizi ən çox təəssüfləndirən nədir? - SORĞU

Arif Hacılı: “Namizədlər Müsavatı, Milli Şuranı hədəf seçmişdilər” - MÜSAHİBƏ

Arif Paşa: “Bakıda bizim mücadiləmizi nə görən, nə də harayımıza yetən yox idi” - MÜSAHİBƏ 1

ADNSU-nun 2-ci korpusu da əsaslı təmir olunacaq

Şirvanşah - Səfəvi konfrantasiyası

Səlim Müslümov: "8800 nəfərin ailəsinə birdəfəlik ödəniş veriləcək”

Ertələnən seçkilərdə iştirakçılıq

"Gənclik siyasətində əməkdaşlıq İƏT Gənclər və İdman Nazirliklərinin səlahiyyətində olmalıdır"

“Mənə dedilər ki, Rəhim Qazıyev sənə nifrət edir” – MÜSAHİBƏ 2

Müxalifət liderləri Dövlət Baxçalıdan öyrənsinlər

“Mənəvi dəyərlərin təbliği: reallıqlar, perspektivlər" - KONFRANS

Rus dilinin tədrisi təklif olunub

Yanğın söndürülüb