Səudiyyədə yanan neftin “tüstüsü” Azərbaycan sərhədinə çatdı - təhlükə

12:37 18-09-2019 | icon 334 | Siyasət
Səudiyyədə yanan neftin “tüstüsü” Azərbaycan sərhədinə çatdı - təhlükə

Səudiyyə Ərəbistanında iki neftayırma zavoduna hücum İranla müharibə üçün bəhanə ola bilər

Sentyabrın 13-dən 14-nə keçən gecə pilotsuz uçan aparatların Səudiyyə Ərəbistanında iki neftayırma zavoduna hücumu dünya gündəminin əsas mövzularından birinə çevrilib. Hücumun məsuliyyətini Yəməndəki qiyamçı husilərin “Ənsar Allah” hərəkatı öz üzərinə götürüb. Hətta qiyamçı hərəkat Səudiyyə Ərəbistanının neft emalı zavodlarına yenidən hücum ediləcəyi barədə xəbərdarlıq edib.

Bu hadisə sutkalıq neft hasilatının 5,7 milyon barel azalması ilə nəticələnib. OPEC-in məlumatına görə, 2019-cu ilin avqustunda Səudiyyə Ərəbistanı sutkada 9,8 milyon barel neft istehsal edilib. ABŞ-ın dövlət katibi Mayk Pompeo hücumlarda İranı təqsirləndirir.

“ABŞ Səudiyyə Ərəbistanının neft emalı zavodlarına hücumlara görə İranı ittiham etməklə gərginlik yaratmaq istəyir. Bu kimi fikirlərin əsası yoxdur”.

Bunu APA-nın Tehran bürosunun sualına cavab olaraq İran hökumətinin siyasi, ictimai və mədəniyyət üzrə sözçüsü Əli Rəbii deyib. O bildirib ki, İran bölgədə sabitliyin tərəfdarıdır və belə hadisələrin baş verməsində maraqlı deyil.

“Təəssüflər olsun ki, bölgədə gedən müharibənin köklərinə diqqət edilmir. 5 ildən çoxdur Yəmən xalqı ən ağır hücumlara məruz qalır. İnsanlığa zidd hərəkətlərə şahid oluruq. Çox sayda günahsız insan öldürülüb, evlərindən didərgin düşüb. Yəmən xalqına qarşı amansız müharibə aparılır. Yəmənli mütəxəssislər imkan və potensiallarını genişləndiriblər. Onların da bölgədə müttəfiqləri var. İntiqam almaqla, qan tökməklə bölgədə münaqişələrin həlli mümkün deyil. Bilsinlər ki, bu yolun sonu dalana dirənəcək. Bölgədə yaşayan xalqlar bundan ziyan görəcək, hegemon güclər, o cümlədən ABŞ isə mənfəət qazanacaq” deyə, o bildirib. ABŞ prezidenti isə müttəfiqləri olan ölkəyə hücuma görə günahkarların cəzaladırılacağını deyib.

Bu hadisə ilə əlaqədar ekspertlərin ən müxtəlif mülahizələri var. Çoxları hesab edir ki, əslində İranı günahlandırmaqla bu ölkəyə qarşı Amerika hücum üçün bəhanə axtarır. Heç şübhəsiz ki, Səudiyyədəki neft yanğını aylarla çəkə bilər ki, bu da dünya iqtisadiyyatına ciddi təsir edəcək. Azərbaycan üçün də ciddi risklərin açıldığı qeyd olunur. İran üzərinə hücum planı hazırlanarsa, Azərbaycan seçim etməyə məcbur olacaq ki, bunun necə bir təhlükələr yarada biləcəyi göz önündədir.

İqtisadçı alim Fikrət Yusifov ile ilgili görsel sonucu

İqtisadçı alim Fikrət Yusifov bildirdi ki, bu hadisə dünyanın iqtisadi sisteminə ciddi təsir edə biləcək gücdədir: “Əgər Səudiyyə Ərəbistanı yaxın günlərdə dronların hücumu nəticəsində dağıdılmış neft infrastrukturunu bərpa edə bilməsə, bunun nəticələrini biz neft bazarında qiymətlərin bundan sonrakı kəskin artımında görə, biləcəyik. Verilən məlumatlara görə bu hadisə dünya neft bazarına çıxarılan neftin həcminin 6%-ə qədər azalması deməkdir. Bu isə neftin qiymətlərinin sürətlə artması üçün ciddi bir əsasdır. Əgər hasilatın hər hansı bir ölkədə 300-500 milyon barel artıb azalması neftin bazar qiymətlərinə ciddi təsir edə bilirsə, onun birdən-birə 5 milyon barelə qədər azalmasının nə demək olduğunu anlamaq çətin deyil. Bu məsələdə kimlərinsə əl qızdıracağı da hesablanmamış deyil. Lakin əsas olan budur ki, bu itki tezliklə bərpa olunmasa, bazarda qiymətlərin artımının qarşısını almaq mümkün olmayacaq. Bir başqa məsələ isə dünyanın ən böyük neft hasilatçısı olan bir ölkənin öz neft infrastrukturunu belə hücumlardan qorumaqda aciz durumda olmasıdır. Neftin olması, neftdən yüz milyardlarla dollar valyuta gəlirlərinin əldə edilməsi hələ hər şey demək deyil. Keçən 2018-ci ildə Səudiyyə Ərəbistanı hərbi xərclərin həcminə görə dünyada üçüncü yerə ”layiq" görülüb. Bir ildə 68 milyard dollara qədər hərbi xərc edən bir ölkənin gözlənilən dron hücumuna cavab verə bilməməsi nə deməkdir? İndi rusların silah bazarı daha yaxşı işləyəcək. Onlar həmən Səudiyyə Ərəbistanına S-400 və S-500 hava hücumundan müdafiə komplekslərini almağı təklif ediblər. Bu hadisədə kimin barmağının olmasını tapmaq da bir o qədər asan olmayacaq. İran təbii ki, ilk şübhə doğuran ölkədir. Səudiyyə Ərəbistanı ilə İran arasında son illər ərzində yaranmış gərgin münasibətlər bu şübhəni ortaya qoyan əsas məqamlardan biridir. Digər bir şübhə isə ondan ibarətdir ki, kimlərsə bu hadisəni təşkil etməklə ABŞ-ın neftin qiymətlərinin azldılması istiqamətindəki səylərinə dolayı yolla belə cavab vermək istədilər".

Politoloq Məhəmməd Əsədullazadə ile ilgili görsel sonucu

Politoloq Məhəmməd Əsədullazadə yarana biləcək təhlükələrdən söz açdı: “Səudiyyə Ərəbistanının neft emalı zavoduna Husilər tərəfindən hava hücumu gərginliyi artırsa da, bu, İrana qarşı ABŞ-ın müdaxiləsinə səbəb olmayacaq. Bu hücumun arxasında bilavasitə İranın İran İslam İnqilab Keşikçiləri Ordusu ”SEPAH"ın durmasını istisna etmirəm. Bu hücum BMT-də Tramp və Ruhani görüşünün mümkün olduğu bir vaxtda reallaşdı. Demək, ABŞ-İran dialoqunun baş tutmamasında maraqlı qüvvələr var. Qeyd edim ki, İranda SEPAH və digər mühafizəkarlar Tramp-Ruhani görüşünün əleyhinədir. Belə bir hücumu reallaşdırmaqla Ruhaninin Trampla görüşünü mümkünsüz etdilər. Artıq Tramp da belə bir görüşü ləğv etdi və İrana qarşı müharibə anonsu verdi. Səudiyyə Ərəbistanı bu hücumdan sonra Yəməndə hərbi aktivliyini artıracaq. İran-Səudiyyə savaşı Yəməndə yeni mərhələyə keçəcək. Yenidən Səudiyyənin yeni neft terminallarına qarşı hücumlar istisna edilmir. İran faktiki şəkildə Husilər vasitəsilə Ər-Riyada zərbələri davamlı edəcək. Tramp gələn il seçkilərinə kimi İranla müharibədən qaçacaq. Əgər növbəti seçimdə Tramp qələbə qazansa, İranla münasibətlər kəskinləşsə, müharibəyə gedə bilər. ABŞ və regiondakı müttəfiqləri İranın bu aqressiyasının mütləq qarşısını almaq üçün hərəkətə keçəcəklər. Hesab edirəm ki, Tramp administrasiyası qəti şəkildə bu ssenarini hazırlamayıb. Burada Rusiya faktoru ondan ibarətdir ki, İranla müttəfiqdir və ABŞ cəbhəsinə qarşı Tehranla birgə hərəkət edir. Rusiya həmçinin Husiləri dəstəkləyir, Səudiyyə-Husi qarşıdurması onun regionda maraqlarına xidmət edir. Boltonun vəzifədən kənarlaşdırılması əsasən İranla dialoqa imkanlar açırdı. Qeyd etdiyim kimi, İranda mühafizəkar qüvvələr ABŞ-İran dialoquna qarşıdırlar. İranın bu hücumda əli tam təsdiqlənsə, bunun bədəli ağır olacaq. Amma birbaşa müharibə ehtimalı gözlənilmir. Bu, Trampın siyasətinə uyğun deyil. Sadəcə, İrana qarşı ciddi sanksiyalar tətbiq ediləcək və onun Suriyada bazaları vurulacaq. Hətta ABŞ özü Husilərə qarşı əməliyyat keçirə bilər. Səudiyyə Ərəbistanının neft mədənlərinə qarşı dron hücumları göstərir ki, rəqib ölkələr bu vasitədən istifadə edirlər. Rusiya artıq bəyan etdi ki, belə hücumlara qarşı neft mədənləri qorunacaq. Ölkəmizin Xəzər dənizində neft-qaz platformalar var. Belə hücumlardan gələcək perspektivdə qorunmaq üçün havadan müdafiə sistemləri inkişaf etdirilməlidir. Neft yataqları qorunmalıdır. Regionumuz üçün bu, təhlükəli bir situasiyadır. Rusiya və İran Azərbaycanla həmsərhəddir. İki ölkə çox aqressiv siyasət aparır. Qərbin Xəzər dənizində şirkətləri çalışır. Ona görə də Azərbaycan üçün bu müharibənin başlanması arzuolunan deyil".

Cavanşir ABBASLI,
“Yeni Müsavat”

Xəbər lenti

InvestAZ

Ən çox oxunan xəbərlər

Deputatdan Sevinc Osmanqızı və Əli Kərimli oyunlarına İRAD

Regionda yeni cəbhə AÇILIR?

“osmanqızılarla, əli kərimlilərlə aranı qarışdırmağa çalışırlar”

ŞAHİDlikdən ŞƏHİDliyə...

Fuad Əliyevdən Çingiz Mustafayevlə bağlı TƏKLİF

Azərbaycanın daha bir qələbəsi

MHB parlament seçkilərinə hazırlıqlara BAŞLADI

Ayaqlarınız niyə şişir?

“Laçın” hücum təyyarələri havaya QALDIRILDI

“Aksiyalarla, hədələrlə nəyə nail olmağa çalışırlar?”

“Avroviziya” üçün “Özünlə apar” mahnısının yeni VERSİYASI

Azərbaycan Ermənistanla anklavlar barədə də RAZILAŞDI

Leyli yazdı, Hakan bəstələdi, "Camdakı Kız"ın ulduzu oxudu

“Əli Kərimli və onun kimilər bu gün də eyni çirkin xətlə davam edir”

“Fransa və Almaniya Avropa Birliyi üçün nədirsə, Cənubi Qafqaz Birliyi üçün Azərbaycan da odur”