“Əsrin Müqaviləsi”ndə - Heydər Əliyev qətiyyəti, Heydər Əliyev cəsarəti
1994-cü ilin sentyabrın 20-də Bakıda "Xəzər dənizinin Azərbaycan sektorunda "Azəri", "Çıraq", “Günəşli” yataqlarının dərinlikdə yerləşən hissəsinin birgə işlənməsi və hasil olunan neftin pay şəklində bölüşdürülməsi" haqqında dünyanın 11 ən iri neft şirkəti ilə bağlanmış müqavilədən 25 il keçir. Həmin tarixdə dərin su qatlarındakı neftin birgə işlənməsi haqqında dəyəri 7,4 mlrd. dollar olan "məhsulun pay bölgüsü" tipli müqavilə imzalanır. "Əsrin müqaviləsi" adını alan bu layihədə dünyanın 8 ölkəsinin Azərbaycan, ABŞ, Böyük Britaniya, Rusiya, Türkiyə, Norveç, Yaponiya və Səudiyyə Ərəbistanı, 13 ən məşhur neft şirkəti (Amoco, BP, McDermott, UNOCAL, ARDNŞ, Lukoil, Statoil, Exxon, Türkiyə Petrolları, Pennzoil, ITOCHU, Ramco, Delta) iştirak edib.
“Üç Nöqtə”"Əsrin müqaviləsi"nin Azərbaycan və region üçün hansı əhəmiyyətə malik olması və bu müqavilənin ölkənin həyatı üçün nələri vəd etməsi istiqamətində ekspertlərin açıqlamalarına istinad edib. Versus.Az həmin açıqlamaları təqdim edir.
“Əgər o müqavilələr imzalanmasaydı və ondan düzgün istifadə olmasaydı...”
Yeni Azərbaycan Partiyası Siyasi Şurasının üzvü, “İki Sahil” qəzetinin baş redaktoru Vüqar Rəhimzadə açıqlamasında bildirib ki, “Əsrin müqaviləsi” birinci növbədə Azərbaycanın iqtisadi inkişafının təməl prinsiplərini müəyyən elədi. Bildirdi ki, həmin dövrdən sonra Azərbaycan iqtisadi baxımdan inkişaf etməyə başlayıb. V.Rəhimzadənin sözlərinə görə, “Əsrin müqaviləsi” Azərbaycanın siyasi nüfuzunun davamlı şəkildə artmasına və bütövlükdə dünya birliyində layiqli mövqe tutmaqla öz töhfələrini verməsinə zəmin yaradıb:
“Azərbaycanın qüdrətlənməsi məhz o müqavilələrin imzalanmasından birbaşa asılıdır. Əgər o müqavilələr imzalanmasaydı və ondan düzgün istifadə olmasaydı bu gün Azərbaycan belə qüdrətli dövlət olmazdı.
İqtisadi qüdrəti olan dövlət hər şeyə qadirdir. Həqiqətən də iqtisadiyyat siyasi proseslərin möhkəmlənməsinə böyük təkan verən amillərdən biridir. Və bu gün Azərbaycan iqtisadiyyatı durmadan artmaqdadır. Azərbaycan təkcə neft müqavilələrindən deyil, ondan gələn gəlirlərin qeyri-neft sektoruna istifadə olunması, inkişafına yönəldilir. Belə ki, yeni yolların çəkilməsi, regionların inkişafı, yeni infrastruktur layihələrin yaradılması və sahələrin inkişafı məhz o müqavilələrdən asılı olub. Müqavilələr bu gün çox uğurla öz bəhrəsini verib və icra olunmaqdadır. Bütün bu uğurları sadalamaqla qurtarmaz. Bu müqavilələr Azərbaycanın regionda mövqeyinin daha da möhkəmlənməsinə kifayət qədər təkan verdi, Azərbaycanın bütövlükdə siması dəyişdi, əhalinin sosial rifahının yüksəlməsinə təkan verdi, hər bir ailənin yaxşı yaşamasında bu müqavilənin öz dəsti-xətti var. Bilirsiz ki, 2017-ci ildə neft müqaviləsi 50-ci ilə qədər uzadıldı və Azərbaycanın, həm də Dövlət Neft Şirkətinin bütövlükdə mənfəətinin artırılmasına əsas oldu. Azərbaycanda neft müqavilələrinin bağlanması dünya birliyində rolunu, Azərbaycan dövlətinin qüdrətlənməsini, Azərbaycan vətəndaşlarının həyat şəraitinin yaxşılaşmasını təmin etdi və Azərbaycan ordu quruculuğu, sosial-siyasət və digər sahələrdə öz siyasətinin reallaşmasında öz böyük töhfələrini verdi. Azərbaycanın “Əsrin müqaviləsi” hesab edirəm ki, doğrudan da böyük bir tarixi bir hadisə idi. “Əsrin Müqaviləsi” o illər imzalandı ki, Azərbaycanda siyasi sabitlik bir o qədər bərqərar olmamışdı, hələ də ölkədə narahatçlıqlar var idi. Amma Heydər Əliyev qətiyyəti, Heydər Əliyev cəsarəti müqaviləyə rəhbərlik edən şəxsləri inandırıb Azərbaycana dəvət etdi. Və Azərbaycanda belə bir möhtəşəm müqavilə imzalandı və bu Azərbaycanın həyatını yaxşı mənada dəyişdi, Azərbaycan həyatına böyük töhfələr verdi və bu gün də verməkdədir. Azərbaycanin müasir şəkildə inkişafında müstəsana rolu oldu”.
V.Rəhimzadə bir çox hallarda bəzi müxalif dairələrin kontraktın üzərinə kölgə salaraq bu layihənin heç də kasıbçılığın aradan qaldırılmasına xidmət edə bilməməyi ilə bağlı düşünülməmiş fikirlərin ortaya atılmasını da istisna etməyib:
“1994-cü ildə Azərbaycanın müqaviləyə qədərki dövrünü və bugünkü həyatımızı müqayisə etsək, misilsiz və inanılmaz dərəcədə inkişaın şahidiyik. Yəni insan, yaşıyan cəmiyyət daim inkişafa meyillidir və bunu da Azərbayacan dövləti təmin edib. Azərbaycanda kasıbçılığın həddi, işsizliyin səviyyəsi aşağı düşüb. Bunlar adi rəqəmlər deyil və 3-5 günün fikirləri deyil. Bu prosesin müsbət dinamikada irəliləməsi bu müqavilələrin təsiridir. Və zaman keçdikcə kontraktlar daha böyük şəkildə öz müsbət təsirini göstərəcək. Bunu o adamlar deyir ki, təfəkkürcə zəifdirlər. Dünyanın ən inkişaf etmiş ölkələrində belə kasıbçılıq var. Məsələ ondadır ki, biz bu kasıbçılığın hansı həddindən hansı həddinə doğru gəlmişik. Bu da Azərbaycanda neft kadrlarının güclü şəkildə ifadə olunmasıdır və Azərbaycanın sosial həyatına yönəlmiş uğurlu bir layihədir”.
“Bir ölkə üçün bir layihədən bu qədər gəlir əldə etmək kifayət qədər normaldır”
Neft Araşdırmaları Mərkəzinin rəhbəri, iqtisadçı ekspert İlham Şaban sırf rəqəmlərə nəzər salaraq “Əsrin Müqaviləsi”nin Azərbaycan üçün əhəmiyyətini ortaya qoyub:
“İlk olaraq 500 milyon tona yaxın neft hasil edildi. Neftin hasilatı zamanı Azərbayacan dövləti 143, 3 milyard dollar mənfəət nefti qazandı. Hansı ki, bu, Azərbaycan Neft Fonduna pul şəklində daxil oldu. Ancaq bu, dövlətin birbaşa qazancı idi. Bundan əlavə, təqribən 6 milyarddan artıq Dövlət Neft Şirkətinin şirkət olaraq öz payına aldığı mənfəət nefti idi. Bundan hökumətin qazancı var idi, hansı ki, xarici neft şirkətləri burda fəaliyyət göstərdikləri müddətdə özlərinin qazancından Azərbaycan Respublikası ərazisində əldə etdiyi gəlirdən 25 faiz mənfəət vergisi ödəyirdilər. Və xarici şirkətlər 14,5 milyard dollar dövlət büdcəsinə vəsait köçürdüblər. Ancaq bu da hamısı deyil, bir də müqavilələrin həyata keçirildiyi zaman, yəni söhbət “Azəri”, “Çıraq”, “Günəşli” layihəsi çərçivəsində keçirilən layihələrdə dövlət şirkətləri, birgə müəssisələr, özəl şirkətlər, səhmdar cəmiyyətlər, podratçı və subpodratçı qismində iştirak elədilər. Və onların da gəlirini hesablasaq bu da 7 milyard dollardan artıq qazancdır. Ümumilikdə biz toplasaq ki, “Azəri”, “Çıraq”, “Günəşli” 1995-ci ildən götürsək, bu 14 ildə Azərbaycana nə qədər ümumilikdə gəlir verib, bu az rəqəm deyil. Bu təqribən 172 milyard dollar vəsait edir. Böyük bir məbləğdir. Bir ölkə üçün bir layihədən bu qədər gəlir əldə etmək kifayət qədər normaldır”.
İlham Şaban neft müqavilələri ilə bağlı bir çox hallarda ortaya qoyulan narahatlıqlara da birmənalı yanaşmayıb. O, bildirib ki, bir çox hallarda insanların gözləntiləri həddən artıq çox və yaxud da “tərəzinin gözünüə qoyub” baxmaq, qiymətləndirmək bacarığı həddən artıq zəif olduğundan, sorğu keçirəndə deyirlər ki, “bundan bizə nə”:
“2020-ci ildə dövlət büdcəsində ancaq əməkhaqqı və təqaüdlər üzrə dövlət büdcədən ödənişlər 9 milyard manatdır. Dövlət Neft Fondundan faizlərin həcmi 11,8 milyard faizdir. Ümumi dövlət büdcəsinin xərclərinin ortalama 50 faizi son illərdə stabil olaraq Dövlət Neft Fondundan ayırmalar hesabına keçib. Dövlət Neft Fondunun gəlirlərinin 95 faiszi bir layihədədn qidalanır. İnsanlar “ondan gələn gəliri bizə verəydilər” deyirlər, amma fərqinə varmırlar ki, elə onlara verilir. O əməkhaqqını ki, insanlar alır onun 90 faizi həmin Neft Fondundan qidalanır. Azərbaycan büdcəsinin rəsmi surətdə 57 faizi neft gəlirlərindəndir. Neft gəlirləri isə üç qismə bölünür. Dövlət Neft Fondundan ödəmələr, Azərbaycan Dövlət Neft Şirkətinin büdcə ödəmələri və Xarici şirkətlərdən gələn büdcə ödəmələri. Bu bir layihədir və insanlar fərqinə varmırlar ki, bütün ölkənin simasını, iqtisadiyyatını siyasi, regiondakı imkanlarını, qüdrətini, sərhədləri aşıb xaricə addımlamasını məhz bu lahiyə həyata keçirir. İnsanlar, cəmiyyət anlamalıdır ki, 1994-cü ildə imzalanmış layihə ilə əsrin 4/1-ni arxada qoymuşuq və bütün ümidlərimiz “Azəri”, “Çıraq”,“Günəşli”yədir. Məlumdur ki, müqavilənin vaxtı 2017-ci- ildən 2050 ci ilə qədər vaxt uzadılıb. Müşahidə edirəm ki, insanlarda bir asılılıq, gözlənti var, yenə “Azəri”-“Çıraq”- “Günəşli”yə mərkəzdə dayanan bir “çıraq” kimi baxırlar. Sanki 2-ci bir “çıraq” axtarmaq hədəfi yoxdur. Bu gün Azərbaycan artıq 2019-cu ilin birinci yarsının Azərbaycan Mərkəzi Bankı təbii balansını açıqlayıb. Bu balansa görə 91 faiz ümumi ixracatda təbii balansda neft məhsulu və qaz durur. 75 faizi xam neftin 80 faizi bircə layihəniun üzərinə düşür. 2005-2015-ci illərdə o böyük neft kubları gələndə cəmiyyət elə bil neftdən məst oldu. Qiyməti düşəndə hamının əla -ayağı düşür. 5-10 dolar qalxanda, göy satanadan tutmuş maşın satanacan hamı pərvəzlanır”.
İ.Şaban hesab edir ki, qeyri-neft sektorunda yeni “çıraqlar” tapılmalı və digər qeyri-neft sektorlarının inkişafına yönlik addımlar atılmalıdır. İqtisadçı ekspert hesab edir ki, ölkə başçısı da məhz öz çıxışlarında bu sahənin inkişafı ilə bağlı öz fikirlərini və tapşırıqlarını irəli sürür və hər kəsi bu istiqamətdə öz səylərini artırmağa çağırır.
““Əsrin müqaviləsi” siyasi mənada da Azərbaycanın bölgədə yerini və rolunu artırdı”
Politoloq Elxan Şahinoğlu ilk növbədə 25 il əvvəl bağlanan bu müqavilənin bağlandığı şəraitə diqqət yetirib:
“Çox ağır bir dönəm idi. Müxtəlif ölkələrdən təzyiqlər var idi. Bu layihə keçmiş hakimiyyətin dönəmində də imzalanmalıydı. Amma hərbi çevrilişə cəhd, vətəndaş müharibəsi təhlükəsi torpaqlarımızın işğalı məsələsi buna mane oldu. Heydər Əliyev hakimiyyətə gələndən sonara 1 il danışıqlar getdi və nəhayət imzalandı. İmzalanandan sonra da daha çox Şimaldan Azərbaycana qarşı müəyyən təxribatlar oldu. Bəzi ekspertlər hesab edirlər ki, imzalanan kontraktlar Azərbaycanın çox da xeyrinə olmadı. Tam əksinə o zaman neftin qiyməti aşağı idi. Neftin qiyməti qalxandan sonra kontrakt bizim lehimizə işləməyə başladı. 25 ildir ki, Azərbaycan 10 milyardlardan çox dollar vəsait əldə etdi. Bəziləri mübahisə edirlər ki, bu vəsaitdən necə istifadə olundu, iqtisadiyyatın inkişafına istifadə olundu. İndi 50 milyard dollar vəsaitimiz var. İndi artıq qaz layihələri işləməyə bağlayır. Gələn ildən TAP layihəsi də işə düşəcək. Amma buna siyasi mənada baxsaq Azərbaycanın bölgədə yerini və rolunu artırdı. Əsrin müqaviləsi siyasi anlamda Azərbaycan üçün faydalı oldu”.
T.Qafarlı
Versus.Az
Xəbər lenti
"Sosial işçilər həmin şəxsi tapıb ona yardım göstərsin"
"Öz vəzifə borcunu layiqincə yerinə yetirən məmurlar da var"