Deputatlar Rüfət Aslanlını tənqid etdilər

09:54 04-04-2018 | icon 676 | Siyasət
Deputatlar Rüfət Aslanlını tənqid etdilər

"Oturub orada maaş alırlar, haradadır fəaliyyətlərinin nəticələri?"

 

Parlamentdə Maliyyə Bazarlarına Nəzarət Palatası rəhbərinin fəaliyyətsizliyi  müzakirə edildi; “Oturub orada maaş alırlar, haradadır fəaliyyətlərinin nəticələri?”

 

Versus.az musavat.com-a istinadən bildirir ki, aprelin 3-də Milli Məclisin növbəti plenar iclası keçirildi. Gündəliyin təsdiqlənməsindən sonra deputatların təkidini görən spiker Oqtay Əsədov cari məsələlər ətrafında danışmağa şərait yaratdı və gözlənildiyi kimi, parlamentarlar son günlərin ən çox danışılan mövzusuna münasibət bildirdilər. 

İqtisadi siyasət, sənaye və sahibkarlıq komitəsinin sədri Ziyad Səmədzadə bildirdi ki, müstəqil Azərbaycan dövlətinin siyasəti bəzi dairələr tərəfindən qısqanclıqla qarşılandığı üçün iyrənc üsullara əl atırlar:

 

“Son vaxtlar bəzi sosial şəbəkələrdə mənəvi, əxlaqi dəyərlərin nə olduğunu bilməyən insanlar Azərbaycan dövlətinə və xalqına qarşı iyrənc kampaniya aparırlar. Biz əminik ki, bunlar hamısı keçəcək. Çünki Azərbaycanda xalq-dövlət birliyi təmin edilib, həmrəylik yaranıb”.

 

Deputat Siyavuş Novruzov dedi ki, xaricdən maliyyələşən ayrı-ayrı insanlar Azərbaycan dövlətinin, xalqının, prezidentinin əleyhinə təbliğat aparırlar:

 

“Bu gün erməni lobbisinin təhriki ilə Azərbaycana qarşı qarayaxma ilə məşğul olan dəstələr var. Bu günə qədər bir dəfə erməni səfirliyi qarşısında etiraz aksiyası keçirməyən insanlar Fransada, yaxud Köln şəhərində Azərbaycana qarşı etiraz tədbiri keçirirlər. Təəssüf ki, onların adı azərbaycanlıdır. Onların Azərbaycan xalqına qarşı fəaliyyəti göz önündədir. Sapı özümüzdən olan baltalar bax, bu cür insanlara deyirlər. Nəyisə qəbul etməyə bilərsən, siyasi mübarizə aparmaq istəyirsən, buyur. Amma erməni saytlarında, qəzetlərində məşhurlaşmaq istəyənlərdir bu insanlar. Vətənə, Azərbaycan ordusuna qarşı müxalif olmaq olmaz!”

 

Daha sonra YAP-çı deputat sükut edən həmkarlarına müraciət etdi:

 

“Burada cəmiyyətimizin mövqeyi yekdil olmalıdır. Siz də mövqeyinizi qoyun ortaya, mövqeyinizi bildirin. Hamımız çəkilək bir tərəfə, bunun nəticəsi nə olacaq? Hər bir insan öz seçicisini təmsil edir. Bunlar seçicini təhqir edirlər. Biz nəyə göz yumuruq, niyə münasibətimizi bildirmirik? Azərbaycanın bir parçasıdır səfirliklərimiz. Səfirliklər təhqir olunursa, bu, həm də Azərbaycan dövlətinin və xalqının təhqir olunması deməkdir. Niyə susuruq? Burada baxıram, əgər tərif məclisi olsaydı, burada mənə növbə çatmayacaqdı. Amma Vətəni, dövləti müdafiə ilə bağlı söz demək məqamı gələndə hərə bir tərəfə çəkilir. Ona görə də hər kəs öz mövqeyini ortaya qoymalıdır!"

 

Deputat Eldar İbrahimov da həmkarının mövqeyini bölüşdü:

 

“Bir var erməni danışır, bir də var azərbaycanlılar. Həmkarımız Adil Əliyev tədbir keçirərkən orada baş verənləri gördüm, təəssüf etdim. Onlar kimdir? Vaxtilə bizim ora təhsil almaq üçün göndərdiyimiz şəxslər. Təbii ki, bizim də nöqsanlarımız var. Heç bir dövlət nöqsansız deyil. Amma kimisə təhqir etmək Azərbaycan xalqını, dövlətini təhqir edir. Təkcə deputatlar yox, hər kəs belə çirkin, alçaq insanların cavabını verməlidir. Mən Azərbaycanı təhqir edənlərə ”Ar olsun!" deyirəm".

 

Deputat Ağacan Abıyev isə dedi ki, Azərbaycanı təhqir edənlərə azərbaycanlı adını qoymaq düzgün deyil:

 

“Onlar azərbaycanlı deyillər. Onlar Azərbaycanın düşmənləridir. Hər bir azərbaycanlı onlara ”lənət" deməlidir“.

 

Deputat Novruzəli Aslanov isə dedi ki, Azərbaycan xalqı ölkə prezidentini, dövlətini müdafiə edir: “Biz də belələrinə cavab hazırlamışıq və yaxın günlərdə layihəmizi təqdim edəcəyik. Birmənalı şəkildə ictimai qınaq olmalıdır. Azərbaycan xalqı birmənalı şəkildə onları qəbul etmir. Azərbaycan xalqı 11 apreldə öz sözünü deyəcək. Siyavuş müəllim, siz tam arxayın ola bilərsiniz”.

Deputat Fazil Mustafa siyasi mübarizədə təhqirin yolverilməz olduğunu deməklə yanaşı, ayrı-ayrı məmurların neqativ fəaliyyətinə də toxundu. Eyni zamanda ixtiraçılarla bağlı maneələrin aradan qaldırılmasını, onlara dəstək verilməsini istədi.

 

Deputat Elmira Axundova söyüşcül dəstə ilə bağlı çox sərt danışdı: “Bu insanlar o qədər səviyyəsiz, o qədər kişilikdən uzaqdırlar ki, onlar heç bizim parlamentdə geniş müzakirələrə də layiq deyillər. Sonra gedib sevinəcəklər ki, bizimlə bağlı parlament səviyyəsində müzakirə açdılar. Siyavuş müəllimə demək istəyirəm ki, biz hər birimiz mövqeyimizi bildirmişik. Mən özüm müsahibə verib demişəm ki, opponentə qarşı kişi kimi mübarizə aparmaq lazımdır. Onlara demək istəyirəm ki, Azərbaycan kişisi kürəyə deyil, sinəyə zərbə vurur”.

Deputat Hikmət Məmmədov isə bu hadisələrin təsadüf nəticəsində baş vermədiyini bildirdi: “Qlobal imperializm lidersizləşdirmə və dövlətsizləşdirmə siyasətini yeridir, biz Yaxın Şərqdə bunun şahidi olduq”.

Deputat dedi ki, Azərbaycanda daxili sabitliyi pozmaq istəyənlər süni mühacirət yolu ilə müəyyən mərkəzlər yaratmağa başladılar: “Onlar öz ölkələrində siyasi teatr düzəldirlər. Gələcəkdə bu, siyasi drama çevriləcək. Gördünüzmü, Kölndə polis müdaxilə etmədi, həm bizim tədbirə, həm də qarşı tərəfə icazə verdi. Azərbaycanı təhqir edən şəxslərlə bağlı hüquqi müstəvidə tədbirlər görülməli və onların cəzalandırılması üçün addımlar atılmalıdır”.

 

Deputat Tahir Kərimli keçmiş silahdaşlarından gileyləndi: “Burada mənim ovaxtkı hakimiyyət yoldaşlarımdan var. Mən ovaxtkı iqtidara da, bugünkü müxalifətə də həmişə müxalif olmuşam. Başqa cür olmuşamsa kimsə desin. Heç kim deyə bilməz ki, nə vaxtsa qanundan, əxlaqdan kənar söz söyləmişəm”. Deputatın sözlərinə görə, radikal müxalifətə ona görə müxalif olub ki, onlar məhz bugünkü iqtidarın yanında olublar: “Gizli və açıq şəkildə. Bir nəfər mənə göstərsin ki, bu iqtidarın xeyrini görməyib. Parlamentində də oturublar, xeyrini də görüblər. İndi isə iqtidardan qovulandan sonra olublar qəhrəman, radikal müxalifət. Kim inanar sizə? Hansı partiya və onun sədri deyə bilər ki, Azərbaycanda sabitliyi təmin edə bilərəm. Heç biri cürət edib bəyan edə bilməz. Dursun desin ki, gələrəm hakimiyyətə və Azərbaycan Suriyanın halına düşə bilməz. Bunu heç kim deyə bilmir. Ancaq söyürlər, təhqir edirlər. Yaxşı dağıdaq, bəs əvəzində nə olsun? Ona görə biz də öz növbəmizdə bunu edənləri pisləyirik”.

Spiker “hələ 21 nəfər də yazılıb” deyərək söz istəyən deputatlara irad tutdu və sözü komitə sədri Əli Hüseynliyə verdi. Ə.Hüseynli də cəmiyyəti bu məsələyə münasibət bildirməyə çağırdı: “Hər kəs bilməlidir ki, prezidentə və dövlətə ünvanlanan təhqir bizim hər birimizə ünvanlanıb”.

 

O.Əsədov ardınca gündəliyin müzakirəsinə keçməyi təklif etdi: “Hökm deyil ki, Milli Məclisin mikrofonu olsun və bu məsələ ilə bağlı burada mövqe bildirilsin. Gərək Milli Məclis işini qoyub ancaq bu məsələdən danışa. Ayrı-ayrı saytlar, qəzetlər var, orda da mövqe bildirmək olar”.

Banklarla bağlı müzakirələrdə çıxış edən deputat Siyavuş Novruzov kreditlərlə bağlı komitə sədri Ziyad Səmədzadəyə və aidiyyəti qurumların rəhbərliyinə xitab etdi: “Mən istərdim ki, Ziyad müəllim və müvafiq qurumların rəhbərliyi bu məsələni ciddi araşdırsın. Bu kreditləri bir-birindən ayırmaq lazımdır. Bir gün burada hesabat versinlər ki, nə qədər insan kredit götürüb maşın almaqdan, iş yeri yaratmaqdan ötrü. Kimsə iş yeri yaratmaq üçün kredit götürübsə və təbii fəlakət nəticəsində ziyana düşübsə, ona dəstək verilməlidir. Amma biri kredit götürüb 50 minlik avtomobil almaq istəyibsə, getsin, dövlətin kreditini ödəsin. Eləsi var ki, hüzr məclisini həyata keçirməkdən ötrü kredit götürüb, bu insanları nəzərə almaq lazımdır”.

 

S.Novruzov Maliyyə Bazarlarına Nəzarət Palatasını tənqid etdi: “Biz bu qurumu iki il əvvəl yaratdıq. Ancaq nə səs var, nə soraq. Banklarda şuralar, rəhbərlər dəyişir, hələ Milli Məclis qarşısında deməyiblər ki, nəticə necə oldu. Ən əsası insanların vəziyyətidir, cənab prezident də həmişə insanlarımızın problemlərinin həlli üçün çalışır. Biz qanun qəbul etdik, valyutadəyişmə məntəqələri yenidən bərpa olunsun. Orada 9 mindən artıq insan ailəsinə çörək aparırdı. Amma məsələ indiyə qədər həllini tapmayıb. Bu, kiminsə inhisarına çevrilib, qanun qəbul olunmasına baxmayaraq, imkan verilmir. Hər bir insanı cənab prezidentdən gözləməli deyilik ki. Hər kəs öz işi ilə məşğul olmalıdır”.

 

Deputat Fəzail Ağamalı da həmkarını dəstəklədi: “Bu gün Azərbaycanda ən ciddi problem vətəndaşlarla kommersiya bankları arasında yaranmış problemlərdir. Vaxtilə kommersiya bankları aşağı faizlə vəsait götürərək, vətəndaşlara ikiqat artıq kredit verəndə bilməliydi ki, belə bir durumla üzləşəcək. Əgər bunu anlamırdılarsa, onda onlar nə üçün bank işi ilə məşğul olublar? Biz Maliyyə Bazarlarına Nəzarət Palatasını yaratdıq. Ümid edirdik ki, bu qurum problemləri həll edəcək. Ancaq məlumatlar var ki, orada intriqalar hökm sürür, faktiki olaraq iflic vəziyyətdədirlər. Onlar maaş alırlar, oturublar orda, hardadır fəaliyyətinin nəticələri? Biz sözümüzü deyirik, nəticəsi yoxdur. Oqtay müəllim, xahiş edirəm siz seçkilərdən sonra bu məsələni nəzarətə götürün, vətəndaşları narahat edən problemin həllində yardımçı olun!”

 

Spiker isə “çox sağ olun, Fəzail müəllim, tapşırığını eşitdim” -deyə, maraqlı bir reaksiya verdi.

Deputat Fazil Mustafa Azərbaycanda orden və medalların sayının artırılmasına etiraz etdi. Bildirdi ki, ölkədə orden, medalların sayı həddən artıq çoxdur və bunu ləğv etmək lazımdır: “Bir vaxtlar məsələ qaldırırdılar ki, Bakıya İkinci Dünya müharibəsi ilə bağlı qəhrəman şəhər adı verilsin. Niyə axı? Bakını Rusiyanın qəhrəman şəhəri etməliyik? O cümlədən sovet ənənəsi olan bu orden və medalları da yığışdırıb, bunun əvəzində insanlara stimul vermək üçün pul mükafatlarının ayrılmasını təşkil etməliyik”. Deputat qeyd etdi ki, keçmiş sovet ənənəsinin ən çox yaşadığı dövlət Azərbaycandı:

“Məsələn, Mendeleyevin bəzi elementlərinin Bakıda kəşf edilməsini öz adımıza bağlaya bilmərik. Bakıya qəhrəman şəhər adını niyə vermirlər deyə müzakirələr var idi. Bakıya Rusiyanın qəhrəman şəhəri adı verilməli idi?"

 

Spiker deputatın sözlərinə reaksiyası zamanı bildirdi ki, hər şeyi maddiyyata bağlamaq lazım deyil.

Daha sonra çıxış edən birinci vitse-spiker Ziyafət Əsgərov da F.Mustafanın fikirlərinə etiraz etdi. Bildirdi ki, Bakının qəhrəman şəhər statusu almasına maneçiliyin olması barədə vaxtilə özü deyib. Odur ki, vitse-spiker iradın yanlış olduğunu söylədi: “Bu, bizim tarixdir və tariximizə verilən qiymətdir. Vaxtilə SSRİ-nin əsas günahı olub ki, Bakıya qəhrəman şəhər adı verilməyib. Bunu da qısqanclıqdan ediblər”. Z.Əsgərov F.Mustafanın “Gəmiçilik sahəsində xidmətlərə görə” medalının və “Azərbaycan Xəzər Dəniz Gəmiçiliyinin 160 illiyi (1858-2018) yubiley medalının təsis edilməsi ilə əlaqədar” qanun layihəsi barədə dediklərinə də etiraz etdi. Bildirdi ki, Azərbaycan tarixini yalnız 1918-20-ci ildən, yaxud 1991-ci ildən sonrakı dövrlə məhdudlaşdırmaq olmaz.

 

Deputat Siyavuş Novruzov dedi ki, hər bir  təltif insana, onun ailəsinə, gələcəyinə olan diqqətdir: “Fazil Mustafa təklif edir ki, medal əvəzinə pul verilsin. ”Şöhrət" ordeninə görə nə qədər vəsait vermək lazımdır? Bunu necə müəyyənləşdirmək olar. Dövlətin atributlarından biri olan titullar olmalıdır. Həm Milli Məclisdə fərqlənən əməkdaşları, onun üzvlərini, bura gələn qonaqları təltif etməliyik. Bu dövlətçiliyin diqqətinin nümunəsidir".

Deputat Cavid Qurbanov da məsələyə münasibət bildirdi: “At yarışında at çapanda at sevinir, ya onu çapan? Fərqlənən adamları fərqləndirmək lazımdır: Yəni bu  insan neçənci yeri tutubsa, onu digərlərindən fərqləndirməyin bir forması olmalıdır”.

 

Plenar iclasda “Peşə təhsili haqqında” qanun layihəsi ikinci oxunuşda müzakirəyə çıxarıldı. Layihə barədə parlamentin Elm və təhsil komitəsinin sədri, akademik İsa Həbibbəyli məlumat verdi. Layihəyə əsasən, peşə təhsili müəssisələrinə lisenziyanın müddətsiz verilməsi nəzərdə tutulub.

Qanun layihəsinin səsverməsi zamanı spiker Oqtay Əsədov deputatlara iradını bildirdi. Belə ki, qanunun qəbul edilməsi üçün səsvermədə deputatların sayı kifayət etmədiyindən spiker əsəbiləşərək “Deputatları çağırın, deyəsən, boğazları quruyub, çay içməyə gediblər” söylədi. Bundan sonra yenidən səsvermə keçirildi və qanun layihəsi qəbul olundu.

Xəbər lenti

InvestAZ

Ən çox oxunan xəbərlər

Əfəndilər, Yardımlı da Azərbaycandır

Röyanın Moskva konserti təxirə salındı - SƏBƏB?

Moskvadakı dəhşətli terrorda ölənlərin sayı 150-yə çatıb

Rusiyada teraktda yaralananların durumu açıqlanıb

Ayılar üçün maraqlı əyləncə

Artritə səbəb olan 5 mühüm SƏHV

İdmançımız Almaniyada keçirilən turnirdə ikinci qızıl medalını qazanıb

Tarixçidən maraqlı faktlar

Gündə 1 dəqiqə cəfəri çeynəyin

Şəfalı olduğu düşünülən bu bitkilər böyrəkləri çürüdür

Gimnastlarımız Dünya Kubokunda finala yüksəliblər

İtlər hətta simvolları da anlayırlar

Ən sürətli qol

Dəri problemlərindən mərciməklə xilas olun

Bu iki ədviyyatı birgə istifadə edin