Səudiyyə Ərəbistanının Milli Günü Bakıda qeyd olundu

14:55 24-09-2019 | icon 711 | Siyasət
Səudiyyə Ərəbistanının Milli Günü Bakıda qeyd olundu

Həməd bin Abdullah bin Səud bin Xudeyr: “Səudiyyə Ərəbistanı Azərbaycanla ikitərəfli və beynəlxalq müstəvidə ugurlu əməkdaşlıq edir”

 

Dünən Səudiyyə Ərəbistanı Krallığının Milli Günü Azərbaycanda da qeyd olunub. Bu münasibətlə Səudiyyə Ərəbistanının Bakıdakı Səfirliyi rəsmi qəbul təşkil edib.

 

Versus.Az-ın məlumatına görə, qəbulda dövlət və hökumət rəsmiləri, diplomatik korpus, ictimaiyyət nümayəndələri, ədəbiyyat və incəsənət xadimləri, millət vəkilləri, media təmsilçiləri iştirak ediblər.

 

Hər iki ölkənin dövlət himninin səsləndirilməsindən sonra Səudiyyə Ərəbistanının Azərbaycandakı fövqəladə və səlahiyyətli səfiri Həməd bin Abdullah bin Səud bin Xudeyr qonaqları salamlayaraq Krallıgın 89 ildə keçdiyi inkişaf yolundan, iqtisadi ugurlardan danışıb. Bu inkişafın səudiyyəli insanların həyatında önəmli rolundan söz açıb.

Səfir bildirib ki, dünyada sülhün və əmin-amanlığın bərqərar olması üçün Krallıq səylərini əsirgəməyib və bu gün də sülhsevər ideyalarına sadiq qalır.

O, Səudiyyə Krallığı ilə Azərbaycan arasında yüksək səviyyəli əməkdaşlığı vurğulayaraq qeyd edib ki, dostluq münasibətlərinin inkişafında hər iki ölkə rəhbərinin müstəsna rolu var. Ümummilli lider Heydər Əliyevin xidmətlərini qeyd edən diplomat deyib ki, bu gün Səudiyyə Ərəbistanı Azərbaycanla ikitərəfli və beynəlxalq müstəvidə ugurlu əməkdaşlıq edir.

 

Ölkəsinin Azərbaycanla əlaqələri möhkəmləndirmək kursunu gələcəkdə də davam etdirəcəyini bildirən səfir vurğulayıb ki, 1932-ci ildə Krallığın birləşməsindən sonra Səudiyyə Ərəbistanı sürətli inkişaf yolu keçib. Bu il milli bayram "Zirvəyədək əzmkarlıq" şüarı altında qeyd olunur.

Səfir deyib ki, Səudiyyə Ərəbistanı Azərbaycanın müstəqilliyini ilk tanıyan ölkələrdəndir. "Bu gün ölkələrimiz arasındakı əlaqələr yüksələn xətlə inkişaf edir. Əməkdaşlığın gücləndirilməsində qarşılıqlı səfərlərin mühüm rolu olub. Azərbaycanın baş naziri Novruz Məmmədovun Krallığa səfəri, Səudiyyə Ərəbistanı ədliyyə nazirinin Azərbaycana səfərlərini qeyd etmək lazımdır" deyən diplomat qeyd edib ki, bu səfərlər zamanı hər iki ölkənin maraqlarına uyğun saziş və memorandumlar imzalanıb.

 

Daha sonra Maliyyə naziri Samir Şərifov çıxış edərək Azərbaycan hökumətinin və prezidentinin Səudiyyə Ərəbistanı xalqına təbriklərini çatdırıb. Nazir bildirib ki, iki ölkə arasında qardaşlıq əlaqələri qarşılıqlı hörmət və İslam irsinə söykənir, xalqlarımız bir-birinə tarixi, dini və mədəni köklərlə bağlıdır. "Keçirilən yüksək səviyyəli mühüm görüşlər ölkələrimizin siyasi-iqtisadi əlaqələrinin genişlənməsinə təkan verib. İndiyədək Azərbaycanla Krallıq arasında 20 sənəd imzalanıb və hazırda 8 sənəd üzrə danışıqlar gedir", - nazir deyib.

 

S.Şərifov qeyd edib ki, ölkələrimiz beynəlxalq təşkilatlar çərçivəsində də uğurla əməkdaşlıq edir. “Səudiyyə Ərəbistanı Qarabağ münaqişəsinin həlli məsələsində ölkəmizin ədalətli mövqeyini dəstəkləyir, işğalçı Ermənistanla əlaqələr qurmaqdan imtina edir. Azərbaycan Səudiyyə Ərəbistanının bu prinsipial mövqeyini yüksək qiymətləndirir", - deyə nazir vurğulayıb.

 

Rəsmi hissədən sonra ziyafət verildi. Səudiyyə Ərəbistanndan gələn incəsənət xadimləri bu ölkənin milli rəqslərini nümayiş etdirdilər. İfalar qonaqlar tərəfindən böyük maraqla qarşılandı.

 

Ümumiyyətlə, ölkələrimiz arasında əlaqələrə nəzər salsaq görərik ki, Azərbaycanla Səudiyyə Ərəbistanı arasında tarixən dost münasibətləri mövcud olub. Ölkələrimizi bir-birinə İslam Dini birləşdirir. İslamın müqəddəs ziyarətgahlarının məhz bu ölkədə yerləşməsi səbəbindən hər il minlərlə azərbaycanlı zəvvar bu torpaqlara ziyarətə gedir.

Səudiyyə Ərəbistanı Azərbaycanın mustəqilliyini 30 dekabr 1991-ci ildə tanıyıb. 24 fevral 1992-ci ildə isə iki ölkə arasında diplomatik əlaqələr qurulub. 1992-ci ildə Azərbaycanın xarici islər naziri Səudiyyə Ərəbistanında rəsmi səfərdə olub və 1994-cu ilin aprel ayında Azərbaycanın bu ölkədə səfirliyi fəaliyyətə başlayıb. 21 noyabr 1994-cu ildə isə Səudiyyə Ərəbistanının Turkiyədə, eyni zamanda Azərbaycanda səfiri akkreditə olunub. 1999-cu ilin iyun ayında da Səudiyyə Ərəbistanının Azərbaycanda səfirliyi açılıb. Hazırda Səudiyyə Krallığını ölkəmizdə fövqəladə və səlahiyyətli səfir Musaid bin İbrahim bin Abdullah Əl-Səlimi təmsil edir.

 

Qaçqın və məcburi köçkün problemi ilə üzləşdiyi zaman Azərbaycan Səudiyyə Ərəbistanının köməyini ilk andan hiss edib. 1994-1999-cu illər ərzində azərbaycanlı qacqın və köckünlərə Kral Fəhdin yardım proqramı cərcivəsində dəfələrlə ərzaq, dərman və sairdən ibarət humanitar yardımlar gostərilib. 1993-cu ildən Azərbaycanda bu ölkənin NİCAT təskilatı fəaliyyət gostərir. NİCAT Bərdə rayonunda umumi sayı 8,3 min nəfərlik iki cadır şəhərciyi və Sumqayıtda 2,7 min nəfərlik bir dusərgəni tam təmin etməklə tibbi yardımını da həyata keçirib. 20 sentyabr 1994-cü ildə Bakıda "Əsrin müqaviləsi" imzalanan zaman Səudiyyə Krallığı bu müqavilədə təmsil olunub. Hazırda "Əsrin müqaviləsi"ndə Səudiyyə Ərəbistanına məxsus «Delta-Hess» şirkəti 2,72 faiz paya malikdir.

Krallıq Dağlıq Qarabağ münaqişəsinin nizamlanmasında da Azərbaycanın haqlı mövqeyini hər zaman dəstəkləyib, problemin Azərbaycanın ərazi bütövlüyü çərçivəsində həlli ilə bağlı beynəlxalq təşkilatların qəbul etdiyi bütün qərar və qətnamələrə səs verib. Səudiyyə Krallığı həmçinin Qarabağ münaqişəsi həll olunmayana qədər Ermənistanla diplomatik münasibətlər qurmayacağını da qəti şəkildə bəyan edib.

 

Ağanisə Sultan
Versus.az

Xəbər lenti

InvestAZ

Ən çox oxunan xəbərlər

Əfəndilər, Yardımlı da Azərbaycandır

Röyanın Moskva konserti təxirə salındı - SƏBƏB?

Moskvadakı dəhşətli terrorda ölənlərin sayı 150-yə çatıb

Rusiyada teraktda yaralananların durumu açıqlanıb

Ayılar üçün maraqlı əyləncə

Artritə səbəb olan 5 mühüm SƏHV

İdmançımız Almaniyada keçirilən turnirdə ikinci qızıl medalını qazanıb

Tarixçidən maraqlı faktlar

Gündə 1 dəqiqə cəfəri çeynəyin

Şəfalı olduğu düşünülən bu bitkilər böyrəkləri çürüdür

İtlər hətta simvolları da anlayırlar

Ən sürətli qol

Gimnastlarımız Dünya Kubokunda finala yüksəliblər

Dəri problemlərindən mərciməklə xilas olun

Bu iki ədviyyatı birgə istifadə edin