QİSDİ aralıq hesabatını açıqlayıb

13:26 04-04-2018 | icon 570 | Siyasət
QİSDİ aralıq hesabatını açıqlayıb

Azərbaycanda aprelin 11-də keçiriləcək prezident seçkilərini müşahidə etmək üçün Mərkəzi Seçki Komissiyası (MSK) tərəfindən dəvət edilmiş Azad və Demokratik Seçkilər üçün Vətəndaş Təşəbbüsü (QİSDİ) qeyri-hökumət təşkilatı bu günlərdə aralıq hesabatını açıqlayıb.

 

Versus.az xəbər verir ki, hesabatda QİSDİ seçkilərin müşahidə olunmasının demokratik və ədalətli seçkilər üçün beynəlxalq standartlara uyğun olduğunu vurğulayır, Azərbaycanın siyasi, iqtisadi və mədəni xüsusiyyətlərini də nəzərdən keçirir, seçkiqabağı vəziyyəti və seçkilərin keçirilməsi üçün hüquqi çərçivəni qiymətləndirir, namizədlərin irəli sürülməsi və qeydiyyatı, təşviqat kampaniyası, onun KİV-də işıqlandırılması və s. kimi məsələlərə münasibət bildirir.

 

Hesabatda qeyd edilir ki, prezident seçkilərinin keçirilməsi üçün 15 namizəd irəli sürülmüş, onların müraciətləri Mərkəzi Seçki Komissiyasına təqdim edilmişdi və onlardan 8 namizədin namizədlikləri qeydə alınıb. Vurğulanır ki, QİSDİ əməkdaşlarının görüşdüyü bütün namizədlər və partiya təmsilçiləri namizədliklərinin qeydə alınması zamanı heç bir problemlə qarşılaşmadıqlarını bildirib. Təbliğat kampaniyalarına çətinlik törədə biləcək heç bir məqamın olmadığını qeyd ediblər.

Sənəddə namizədliklərin irəli sürülməsi və qeydiyyatı ilə bağlı prosedur və tələblərin tam və aydın şəkildə qanunda öz əksini tapdığı bildirilir və qeyd edilir ki, bütün əsas demokratik prinsiplərə hörmət olunub.

Hesabatda vurğulanır ki, bəzi siyasi partiyalar istisna olmaqla qeydiyyata alınmış siyasi partiyaların əksəriyyəti prezident seçkilərində iştirak etmək istəklərini ifadə ediblər. Müxalifət partiyalarının bəziləri, o cümlədən, müxalif Demokratik Qüvvələrin Milli Şurası və Müsavat Partiyası prezident seçkilərinə qatılmayacaqlar.

Hesabatda müxtəlif təşkilatlar tərəfindən seçki öncəsi keçirilmiş sosioloji sorğuların nəticələri təhlil edilir. Sorğuların nəticələrinə istinad edən hesabat müəllifləri respondentlərin böyük əksəriyyətinin Azərbaycanda ictimai-siyasi vəziyyəti sabit kimi qiymətləndirdiklərini, Azərbaycan Prezidentinin həyata keçirdiyi siyasəti dəstəklədiklərini ön plana çəkirlər. Onlar bütün sorğularda hazırda fəaliyyət göstərən Prezidentin reytinqinin çox yüksək olduğunu və seçkilərdə onu dəstəkləyəcəklərini vurğulayırlar.

 

Sənəd müəllifləri siyasi müxalifəti təmsil edən bəzi müsahiblər yuxarıda qeyd olunan birlik və partiyanı “kompromisə getməyən müxalifət” kimi xarakterizə etdiyini diqqətə çatdırıblar. Müsahiblər onları “radikal müxalifət” adlandırırlar və “təkcə özlərinin qeyri-demokratik vasitələr üzərində təkid edərək status-kvoya qarşı deyil, həm də “Azərbaycan müxalifəti” siyasi etiketinin monopoliyasına can ataraq həqiqi müxalifətə qarşı hücum” etdiklərini bildirdilər. Hesabatda siyasi müxalifətdən olan müsahiblərə istinad edilərək bildirilir ki, yuxarıda qeyd edilən birlik və partiyanın seçkiləri boykot etmək üçün motivləri ötən prezident və parlament seçkilərində əldə etdikləri nəticələrdən və həmin partiyaların eyni “seçki uğurları” ilə yenidən qarşılaşmaq istəməməklərindən qaynaqlanır.

QİSDİ sənəddə seçkilərin keçirilməsi üçün mövcud hüquqi çərçivəni qiymətləndirərək xatırladır ki, Seçki Məcəlləsi Avropa Şurasının Venesiya Komissiyası, ATƏT/DTİHB və Beynəlxalq Seçki Sistemi Fondu (IFES) ilə sıx əməkdaşlıq nəticəsində 2003-cü ilin may ayında qəbul edilib.

 

Hesabat müəllifləri Azərbaycanda seçki administrasiyasının ənənəvi şəkildə qurulduğunu və seçki komissiyalarının 3 pilləli ierarxik sistemdən – Mərkəzi Seçki Komissiyası (MSK), Dairə Seçki Komissiyası (DSK) və Məntəqə Seçki Komissiyasından (MnSK) – ibarət olduğunu göstərilir. Diqqətə çatdırılır ki, Mərkəzi Seçki Komissiyasının seçki prosesində baş verən bütün əsas hadisələr barədə müfəssəl məlumatlar verən veb-saytı var. Bu veb-səhifədə xarici müşahidəçilərin müvafiq öhdəliklərini yerinə yetirməsinə kömək edən ingilis bölməsi də var.

Sənəddə seçki gününə qədər ən azı 18 yaşına çatmış bütün Azərbaycan vətəndaşlarının ölkə daxilində və ya xaricdə yaşamalarından asılı olmayaraq, səs vermək hüququna malik olduğu diqqətə çatdırılır:

 

“Birləşmiş vahid seçici siyahıları hər il yanvar ayının əvvəlində yerli nümayəndəliyin məlumatları əsasında yerli seçki məntəqələri tərəfindən yenilənən seçici siyahılarına əsasən Mərkəzi Seçki Komissiyası tərəfindən tərtib edilib, yenilənib (yerli hökumətin və polis orqanlarının köməyi ilə) və sonra 5 fevral 2018-ci il tarixindən gec olmayaraq DSK-lara təqdim edilib”.

 

Seçici siyahısının Mərkəzi Seçki Komissiyası tərəfindən yekunlaşmasından əvvəl elan edilən açıqlamaya əsasən, Azərbaycanda 5,192,042 nəfərin səsvermə hüququna malik olduğu bildirilir.

QİSDİ hesabatında səsvermə qaydası və xaricdə səsvermənin təşkili məsələlərini araşdırır. Hesabatda bildirilir ki, 32 xarici ölkədə Azərbaycanda keçiriləcək prezident seçkiləri ilə bağlı 41 seçki məntəqəsi yaradılacaq. Xarici İşlər Nazirliyi bu məqsədlə xaricdə seçki prosesini MSK ilə əlaqələndirmək üçün işçi qrupu yaradıb.

 

QİSDİ hesabatında seçicilərin maarifləndirilməsi və səlahiyyətləri məsələlərinə geniş yer ayrılıb. Sənəddə bildirilir ki, MSK seçicilərin məlumatlılığının artırılması və məntiqli seçim etmək və səsvermə kimi mülki hüquqlarından istifadə etmək səlahiyyəti vermək məqsədilə müxtəlif layihələr həyata keçirib. Bu sıradan qeyd edilir ki, çoxsaylı çap materialları hazırlanıb və paylanıb, həftədə bir dəfə dövlət və özəl mediada yayımlanan radio və televiziya proqramları təşkil edilib. Eyni zamanda, “Youtube” və digər sosial mediada bir sıra maarifləndirici qısametrajlı videolar yerləşdirilib.

Hesabatda bildirilir ki, MSK 22 fevral 2018-ci il tarixində namizədlərə bərabər şərait və məhdudiyyətlərin qoyulması ilə pulsuz efir vaxtı təqdim edən yayım şirkətləri və qəzetlərin siyahısını dərc edib. Seçki kampaniyası zamanı qeydə alınmış namizədlərə pulsuz efir vaxtı və nəşr üçün yer ayıracaq teleradio verilişləri təşkilatları və dövri nəşrlər kimi İctimai Televiziya və Radio Yayımları Şirkəti və "Azərbaycan", "Xalq qəzeti" və "Bakinskiy raboçiy" qəzetləri müəyyən edilib.

 

Namizədlər 19 mart 2018-ci il tarixindən başlayaraq İctimi Televiziyanın efirində və İctimai Radioda debatlarda iştirak edirlər. Debatlar həftənin 3 günü hər dəfə 1 saat olmaqla saat 19:00-da radioda, saat 22:00-da isə televiziyada aparılır. Televiziya və radioda təşkil edilən pulsuz efir vaxtından nazmizədlər özləri və ya nümayəndələri vasitəsi ilə istifadə edirlər. Hər hansı pozuntu qeydə alınmayıb.

Sənəddə bildirilir ki, namizədlərin seçicilərlə görüş üçün qanunvericiliyə uyğun olaraq ölkənin 70-dən artıq şəhər və qəsəbəsində yerli icra hakimiyyəti orqanlarının qərarları ilə xüsusi yerlər müəyyən olunub. Ölkənin paytaxtı olan Bakı şəhərində 12 yer müəyyən edilib. Bu yerlər paytaxtın 12 inzibati ərazi vahidinin hər birində var.

 

QİSDİ uzunmüddətli müşahidə missiyası aralıq hesabatında ümumiləşdirmələr apararaq bildirir ki, ölkədə demokratik seçkilər keçirməyə tam yararlı, beynəlxalq standartlara uyğun hüquqi çərçivə mövcuddur; seçkiqabağı mühit sabitdir; seçicilərin öz seçimini azad ifadə etmək, ədalətli və demokratik seçkilərin təşkili baxımından heç bir təhlükə yoxdur; azad və demokratik seçkilərin keçirilməsi baxımdan ölkədəki makro-siyasi mühit münbitdir.

Qeyd edək ki, QİSDİ Azərbaycanda 2003-cü ildən etibarən seçkiləri müşahidə edir.

Xəbər lenti

InvestAZ

Ən çox oxunan xəbərlər

Regionda yeni cəbhə AÇILIR?

"YENİ XƏTT"dən mitinq çağırışlarına qarşı BƏYANAT

Deputatdan Sevinc Osmanqızı və Əli Kərimli oyunlarına İRAD

Tibb elminə həsr olunmuş ömür...

Vətəndaşları işə düzəltmə adı ilə necə aldadırlar?

Ölümün qorxduğu cərrah - Mübariz Əliyev - 65

Ermənistanın buqələmun siyasəti

Böyük alim, sədaqətli ömür gün yoldaşı, qayğıkeş ana...

Xalq artistlərinin möhtəşəm gecəsi

DREAM Fest 2024-ə 100 gün qaldı

Radikalların QRANT SAVAŞI BAŞLAYIR

“İran-İsrail arasındakı müharibə hər an şiddətlənə bilər”

Nura Surinin “Dünyaya qəribəm” klipi

“Həmkarlar”ın üzvü deyilsənsə, heç kim hüquqlarını müdafiə etməyəcək”

İncəsənətimizin RAMİZİ…