713-ün qanla yazdığı HOÇAZ XATİRƏLƏRİ
Süleyman Əhmədovun yaddaşında deportasiyaların, soyqırımların izi var idi
(əvvəli bu LİNKDƏ)
..Son üç yüz illik tariximizin bütün ağrılı-acılı günləri sanki onun xarakterində cəmlənmişdi. Şəhid komandir mayor Süleyman Əhmədov xasiyyətcə nə qədər həlim idisə, düşmənə qarşı aparılan mübarizədə də bir o qədər qəzəbli olurdu. Üzündə, gözündə, hərəkətlərində bir uşaq nəcibliyi, bir uşaq təmizliyi duyulan bu adam döyüş anında qisasçı obrazında çıxış edirdi...
Azərbaycan türkünün ermənilər tərəfindən məruz qaldığı deportasiyalar, soyqırımlar, qətliamlar, o qətliamlar zamanı ermənilərin türklərə qarşı etdikləri vəhşiliklər Süleyman Əhmədovun yaddaşına ta uşaq vaxtlarından hopduğundan Cənubi Qafqazda özlərinin də təsdiqlədikləri kimi 189 il bundan öncə məskunlaşan bu mənfur qüvvələrin xislətləri ən kiçik detallarına qədər şəhid komandirə bəlli idi. Elə bunun nəticəsi idi ki, digərlərilə müqayisədə hətta yaşının belə çox olmasına baxmayaraq, hətta körpə balalarının göz yaşlarına belə baxmayaraq Süleyman Əhmədov düşməndən öc almaq üçün cəbhəyə yollanmışdı. 713 nömrəli hərbi hissə kimi döyüşkən qüvvəyə rəhbərliyin ona həvalə edilməsi Süleymana əlavə ruh vermişdi...
Əlyazmalarıyla 713-ün tapdalanan haqqına etiraz edən ŞƏHİD komandir
Süleyman Əhmədovun qanla yazılan əlyazmalarını oxuduqca, 713 nömrəli hərbi hissənin Laçında Ağdərədə ermənilərlə aparılan müharibədə qazandıqları qələbə bir qısametrajlı film kimi adamın gözü önündən keçir. Əlyazmalar vərəqləndikcə adama elə gəlir ki, bu olanları canlı-canlı danışan sanki Onun Özüdür, Ruhu deyil. Bu xatirələrdə cənab mayor adamla bir şövqlə danışır...
Şəhid komandirimizin yazdığı xatirələr, o cümlədən Hoçaz əməliyyatına güzgü tutulan əlyazması bütövlükdə 713 nömrəli hərbi hissənin tapdalanan haqlarına qarşı bir etirazdır. Və bu xatirələr həm də canlı sübutlardır. Qanla yazılan o xtirələrdə Hoçaz əməliyyatına da ayna tutulub. Mayor Əhmədovun bununla bağlı yazdıqlarını bizə onun ömür-gün yoldaşı GÜLÜSTAN XANIM ƏHMƏDOVA təqdim edib.
O xatirələrdə oxuyuruq:
“..Etibar Hüseynov, Fərmanov Sədi, Alxasov Qasım, Bəylərov Polad Hətəm oğlu, Bəylərov Ərəstun, Məmiyev Kamil və Məmiyev Asəf Hoçaz uğrunda gedən döyüşlərdə 713 nömrəli hərbi hissənin ilk şəhidləridir. Salayev Natiq, Xankəndindən olan Əliyev Natiq Yura oğlu, Mamedov Nəbi Balaqədeş oğlu o adlar heç orada yoxdur. Hansı ki, bu siyahılar sentyabrın 18-də verilib və mən bunları orada tapa bilmədim”.
Hoçaz əməliyyatıyla bağlı 713 nömrəli hərbi hissənin komandiri Süleyman Əhmədovun öz xatirə kitabçasında qeyd etdiklərindən bəhs edən Şəhidimizin həyat yoldaşı Gülüstan xanım Əhmədova onu da bildirdi ki, “yazılar çox kiçik yazıldığından o kitabdakıları tam şəkildə oxumaq olmur”.
Soyuqbulağa gedən yol, yoxsa azdırılan iz?
Gülüstan xanım şəhid qardaşımız olan 713 nömrəli hərbi hissənin komandiri Süleyman Əhmədovun xatirələrinə istinadla bildirir ki, məlumatlarda belə vurğulanır:
“Sentyabrın 18-də axşam saat 16-da Hoçaz dağına hücumu qərara aldıq. Telekamera da gətirmişdilər. Orada cərgənin qarşısında mənim çıxışım da verilib. Bütün gecəni sıldırım qayalardan və dərələrdən, kolluqlardan, meşəliklərdən keçib Pircahan dağına çatdıq. Pircahan dağından çaya endik. Gecə saat iki idi. Çayı keçdik. Elə bil içərimizdə satqın var idi. Çaya yaxınlaşanda bizimkilərdən kimsə qranatamyotdan bir snaryad atdı. Orada 2 nəfər yaralandı və biz geri çəkildik. Böyük çətinliklərlə başqa səmtə Soyuqbulağa getdik. Soyuqbulaq kəndindən çətin meşəliklərlə keçdik. Səhər saat 6-da Soyuqbulaq tərəfdən hücum etməli, Hoçaz dağında birinci yüksəklikləri tutmalı idik. 19 sentyabra keçən gecə bütün günü döyüş getdi. Məni UAZ maşınımla Bəhmən Səfərliyev Soyuqbulaqdan çıxardı. Amma gülləbarana düşdüyünə görə təpənin o biri üzündə qalmışdı. Mən özüm məcbur olub gedib maşını götürdüm, onda minatəmizləyənlər yolu təmizləyirdilər. Maşını götürüb gəlib dağın ətəyində saxladım. Sonra polislər məndən xahiş etdilər ki, gedib Soyuqbulaqdan minamyotu gətirək. Soyuqbulağa qədər mən də getdim, sonra onlarla birgə geri qayıtdım. 3-cü rotanın komandiri Bəhlul kişi başından yaralanmışdı, həmin UAZ-la Bəhlul kişini göndərdim. 500 metrə getməmiş maşın minaya düşüb partladı. Sürücü Bəhmən Səfərəliyev sol ayağından yaralanmışdı, sağ ayağınısa qırıb atmışdı. Bəhmən qospitala çatmamış həlak oldu. Maşın həmin ərazini üçüncü dəfə gedib gələndə bu hadisə oldu. Sonra həmin ərazidən minaaxtaranlar 4 ədəd tank əleyhinə mina çıxardılar. Bu gün sentyabrın 21-də Hoçaz dağı və kəndi uğrunda möhkəm döyüş gedir. 2 nəfər Şəhid olub”.
Füzuli Alməmmədov: “713-ün inadı düşməni özündən çıxarmışdı”
“... Saat təqribən 5-ə qədər düşmənə layiqli müqavimət göstərdik. Döyüşdə komandirin atdığı addım əsgəri daha da dözümlü, daha da iradəli edir. Ədalətin belə keyfiyyətini xüsusi qeyd etmək yerinə düşərdi. Onun belə davaranışları, hərəkətləri yolun icində olan qardaşlara inam hissi aşılayırdı. Dağın zirvəsində olan qardaşlar isə bir an belə yorulmadan düşmənə irəliləməyə imkan vermirdilər. Hər əməliyyatdan zəfərlə cıxan Rəhmanın rotası bu döyüşü də qələbə ilə başa vuraçaqlarına əmin idilər. Ancaq düşmən qətiyyən geri cəkilmək belə istəmirdi. Düşmən tankları manevr edərək arxaya çəkilib yenidən zərbələr endirirdi. Axşamın düşməsi və 713-ün inadı düşməni özündən çıxarmışdı. Bayaqdan dağı almağa calışan düşmən indi texnikaları aparmaq barədə düşünürdü...
“Döyüş meydanı cəhənnəmi xatırladırdı”
“Texnikaları atıb qaçan ermənilər hücumun kəsərini daha da artırdılar. Artilleriya zərbələrindən döyüş meydanı cəhənnəmi xatırladırdı. Hoçaz yüksəkliyi uğrunda ölüm-dirim savaşı gedirdi. Hoçaz üzrə əməliyyatlara rəhbərlik edən Çinğiz Əliyevi səhər tezdən UAZ-ın arxasında texnika əleyhinə kicik topla “karyer”dən Laçın istiqamətinə keçdiyini gördük.
Hücum ərəfəsində onun necə qayıtdığından şəxsən mənim xəbərim olmadı. 714-ə komandanlıq edən Çingiz Əliyevin əsgərləri Hoçaz-Qaraqışlaq hündürlüklərində mövqe tutmuşdular. Hərbi ehtiyatlarımız artıq tükənirdi. Düşmən isə döyüşün sonunu öz xeyrinə həll etmək istəyirdi.Tank və BMP-ni nə qədər cəhd edib götürmək istəsələr də, imkan vermirdik. Ermənilər yolun içində az bir qüvvənin belə müqavimət göstərməsindən və texnikaları götürə bilməmələrindən tam məyus olmuşdular. Ancaq köməyə bərk ehtiyacımız var idi. Bakıdan olan Faiq adlı bir əsgəri kömək göstərmələri üçün 714-ün mövqelərinə göndərdik. Allah qəni-qəni rəhmət eləsin Ülfətə, xəbəri eşidən kimi rotanı sepşəkilli düzərək bizim səngərlər tərəfə gəlməyə başladı. Gələn köməyi aralıdan görən ermənilər hücumla vidalaşıb kor-peşiman geri qayıtdılar”...
İsayev Məmməd: “Erməni bizə yuxarıda iki türkün olduğunu deyirdi...”
Bütün döyüşçülər kimi 713-cü hərbi hissədə ikinci rotanın əsgəri olmuş Məmməd də hadisələrin üstündən 27 il ötəndən sonra onların dilə gətirilməsində ardıcıllıq və digər faktorlar baxımından hansısa üst-üstə düşməyən məqamların ola bilməsini mümkün sayır...
“..Bizimkilər Laçının sağ cinahıyla irəliləməyi qərara almışdı. Qaraçənli kəndindən keçib Alxaslıya doğru irəliləyəndə xeyli çətinliklərlə qarşılaşdıq və nəhayət Alxaslıya çatdıq. Orada bir neçə gün qaldıq. Komandirimiz Vaqif Quluyev Hoçaz kəndi istiqamətində kəşfiyyata gedilməsini qərara aldı. İki gün ərzində aparılan kəşfiyyatdan məlum oldu ki, Hoçaz kəndində xeyli erməni qüvvələri toplaşıblar və postlar qurulub. Komandirimiz Vaqif Quluyevin qərarı ilə biz o istiqamətdə əməliyyata başladıq. İkinci rotanın birinci “vzvod”u Hoçaz kəndinin sağ və arxa istiqamətini, ikinci “vzvod” isə sol və aşağı istiqamətdən kəndi mühasirəyə aldıq. Döyüş başladı, biz erməni işğalçılarını məhv edib Hoçaz kəndini onlardan təmizlədik.
Avtomatlardan başqa iki qranatamyotumuz və bir ədəd pulemyotumuz da var idi. Onu da Qızılca kəndindən olan Etibar qardaşımız lüləsinə parça dolayıb bir təhər atırdı. İri çaplı silahımız yox dərəcəsində idi. Hoçaz kəndini erməni işğalçılarından azad edəndə bir nəfər girov da götürdük. Bizdən də bir nəfər yaralanmışdı. Kəndə daxil olub evlərdə düşmənlərin gizlənib gizlənməməsini yoxladıq. Rotamızın sağ cinahında “vışqa”nın yanında iki ədəd texnikanı vurmuşdular. Mən, Mürsəlov Həşim, Güney Azərbaycandan olan Mircum adlı döyüş yoldaşımız kəndarası yolla getdik. “Vışqa” deyilən yerə az qalmış gördük ki, kəndin içi ilə bir erməni atla gəlir və nə isə deyir. Həşımlə mən başa düşmədik. Amma Mircum başa düşürdü. Mircum onun dediklərini tərcümə edib bizə söylədi ki, o bizə yuxarıda iki türkün olduğunu deyir. Və söyləyir ki, onları tutmaq lazımdır. Onun xəbəri yox idi ki, artıq biz kəndi ermənilərdən təmizləmişik. Mən Həşımə deyib avtomatla erməni dığasına atəş açdım və erməni atdan düşdü. O, yaralı halda kəndin içərisilə qaçıb gedəndə Şəhidimiz Səmədlə üzbəüz gəlir. Səməd də avtomat çiynində arxayın gedirmiş. Erməni kənddə olanların biz türklər olduğunu bilib və Səmədə güllə atıb qaçıb canını qurtarmaq istəyir. Döyüşçü yoldaşlarımız tez erməninin qabağını kəsib və onu elə oradaca məhv edirlər. Biz gələndə gördük ki, kəndin içində bir meyid var. Əvvəl elə bildik ki, erməninin meyididir, yaxınlaşanda gördük ki, bu, Səməddir, Şəhid olub. Səməd bizim ilk Şəhidimiz idi. Axşama doğru ermənilər Laçın istiqamətindən bizi BMP ilə atəşə tutdular və biz məktəbə tərəf, yəni, geri toplaşmağa başladıq.
Sonradan bildik ki, “vışqa”nın yanında əlavə altı şəhidimiz də var. Sonra aydın oldu ki, erməninin üç nəfəri qaçıb dama çıxıb və oradan snayperlə döyüş yoldaşlarımızı vurmağa başlayıblar. Orada da uşaqlar onları zərərsizləşdiriblər. Sonra biz qaranlıq düşdüyündən və texnika ilə atəşə tutulduğumuzdan məcburiyət qarşısında geri çəkildik. Bizim altı Şəhidimiz orada qaldı və biz Pircahan kəndinə gəldik, səhərə yaxın ora çatmışdıq.
“Komandirimiz Vaqif dedi ki..”
Sonra birinci orta komandiri İsgəndərov Rəhman öz rotasını götürüb Hoçaz kəndinə yola düşdü...Bizim rota komandirimiz Vaqif Quluyev orada olan Laçın polisləriylə danışıb qrad qurğularıyla bizə kömək etmələrini xahiş etdi. Vaqif dedi ki, Hoçaza çatan zaman fişənglə işarə verəcək, qoy oranı vursunlar. Biz Hoçaz kəndinə yola düşdük. Artıq
birinci rota ermənilərlə atışırdılar və birinci rota artıq kəndə girmişdi. Kənddə ermənilərin bir neçəsi qaçıb məktəb binasına girmişdilər. Qüvvələrimiz məktəbdə və evlərdə gizlənən bütün erməniləri zərərsizləşdirdi. Biz bir evə yaxınlaşmışdıq ki, atəş səsi eşitdik. Evdən bir nəfərin çıxıb qaçdığını gördük, qaçan ermənini zərərsizləşdirsək də, bir nəfərin üzü üstə uzanıb sızıldadığını eşitdik. Baxıb gördük ki, Nadir Əhmədovdur. Komandirimiz Vaqif Quluyevlə Nadirin yaralarını sarıdıq və mənə dedi ki, Nadirin yaralarını önləmək üçün onu götürüb Pircahan kəndinə çatdırım..
Mən Nadiri götürüb Cabbarın sürdüyü BMP-nin üstünə qoyub Sonasar kədinə gətirdim. Oradan da URAL maşınına qoyub Pircahan kəndinə çatdırdım. Nadirə bir stakan şərbət içirdib oradan da Bəhmən Səfərəliyevin idarə etdiyi UAZ-la Kəlbəcərə yola saldıq. Sonra komandirlərimizin və döyüşçü qardaşlarımızın
sücaətləri nəticəsində erməniləri məhv etdib şəhidlərimizi götürdük...”.
(ardı var)
İgid Teymurlu
Versus.az
Xəbər lenti
NATO-ya qarşı sərt ETİRAZ AKSİYALARI
Polis gözyaşardıcı qaz və güc metodları...