Çin Xalq respublikasının yaradılmasının 70-ci ildönümü Bakıda qeyd olundu

14:49 27-09-2019 | icon 416 | Siyasət
Çin Xalq respublikasının yaradılmasının 70-ci ildönümü Bakıda qeyd olundu

Səfir Qo Min: “Çin Azərbaycanı yaxın dost, etibarlı tərəfdaş kimi qəbul edir”

 

Dünən Bakıda Çin Xalq respublikasının yaradılmasının 70-ci ildönümü ilə baglı mərasim keçirildi. Çinin Azərbaycandakı səfirliyinın təşkil etdiyi rəsmi qəbulda dövlət və hökumət rəsmiləri, millət vəkilləri, diplomatik korpusun və ictimaiyyətın nümayəndələri, ədəbiyyat və incəsənət xadimləri, media mənsubları iştirak edirdilər. Öncə Azərbaycan və Çinin dövlət himnləri səsləndirildi.

 

Tədbiri giriş sözü ilə açan Çinin ölkəmizdəki səfiri xanım Qo Min qonaqları salamlayaraq, ölkəsinin 70 ildə keçdiyi inkişaf yolundan danışdı, iqtisadi və mədəni sahələrdə böyük tərəqqiyə nail olunduğunu söylədi. Xanım diplomat dedi ki, bu gün Çin dünyanın ikinci ən böyük iqtisadiyyatıdır:

“Çin hökuməti ölkənin müasirləşdirilməsi üçün bütün səyləri  göstərir. Hazırda Çin dünyanın 130-dan çox ölkəsi ilə sıx ticarət əlaqələrinə malikdir və BMT Nizamnaməsinin bütün şərtlərini yerinə yetirir. Ölkə, eyni zamanda, dünyada sülhməramlı missiyaya böyük töhfə verir”.

 

2019-cu ilin aprelində Prezident İlham Əliyevin Çinə səfərini xatırladan səfir qeyd etdi ki, bu səfər ikitərəfli münasibətlərin inkişafına mühüm töhfə verib.

"Azərbaycan-Çin münasibətləri sağlam təməl üzərində qurulub. Çin Azərbaycanı yaxın dost, etibarlı tərəfdaş kimi qəbul edir. Ölkələrimiz arasında münasibətlər dinamik inkişaf yolundadır" deyən diplomat bu əlaqələrin gələcəkdə daha da güclənəcəyinə əmin olduğunu bildirib.

 

Milli Məclisin Sədri Oqtay Əsədov Azərbaycan Prezidenti adından Çin xalqını təbrik etdi, sülh və firavanlıq arzularını çatdırdı.

Bildirdi ki, qədim tarixə malik Çin bu gün dünyada böyük nüfuza malikdir:

"Əsası ümumilli lider Heydər Əliyev tərəfindən qoyulan ikitərəfli, qarşılıqlı hörmətə əsaslanan münasibətlər bu gün Prezident İlham Əliyev tərəfindən uğurla davam etdirilir və əlaqələrimiz hər gün daha da genişlənir. Çin və Azərbaycanın dövlət rəhbərləri arasında mehriban münasibətlər qarşılıqlı əlaqələrin inkişafına geniş yol açır. Bu gün hər iki ölkənin hakim partiyaları arasında sıx əlaqələr qurulub. Qarşılıqlı əlaqələrin möhkəmlənməsində parlamentlərin də rolu böyükdür".

 

Milli Məclisin sədri dedi ki, iki ölkə arasında iqtisadi, siyasi, humanitar və digər sahələrdə getdikcə genişlənən əməkdaşlıq məmnunluq doğurur. Xüsusilə Ermənistan-Azərbaycan, Dağlıq Qarabağ münaqişəsinin həllində Çinin dəyişməz mövqeyi ölkəmiz üçün olduqca vacibdir.

Oqtay Əsədov ikitərəfli münasibətlərin bundan sonra da inkişaf edəcəyinə əmin olduğunu bildirib.

 

Çıxışlardan sonra tədbir bədii hissə ilə davam edib.

 

Qeyd edək ki, Çinlə Azərbaycan arasında tarixən sıx münasibətlər mövcud olub. Azərbaycan öz müstəqilliyinə qovuşduqdan sonra onun müstəqilliyini ilk tanıyan ölkələrdən biri də Çin olub. Çin 1991-ci il dekabrın 27-də Azərbaycanın müstəqilliyini tanıyıb, iki ölkə arasında diplomatik əlaqələr isə 1992-ci il aprelin 2-də qurulub. Elə həmin ilin avqustunda Çinin Azərbaycanda səfirliyi açılıb. 1993-cü il dekabr ayının 1-də isə rəsmi Pekin Bakıya ilk səfirini təyin edib. 1993-cü il sentyabrın 3-də Azərbaycanın Çində səfirliyinin açılmasına qərar verilib. Hazırda Azərbaycanın Çində səfiri Əkrəm Zeynallı, Çinin ölkəmizdə səfiri isə xanım Qo Mindir.

 

İki ölkə arasında rəsmi şəxslərinin qarşılıqlı səfərləri diplomatik əlaqələrin daha da möhkəmləndirilməsinə xidmət edib. Xüsusilə də, 1994-cü il 7-10 mart tarixində Azərbaycan prezidenti Heydər Əliyevin Çinə rəsmi səfəri ikitərəfli əlaqələrin inkişafına stimul verib. O vaxt Çinin prezidenti və baş naziri ilə keçirilmiş görüşlərdə 8 müqavilə imzalanıb. Bununla da iki ölkəınin yüksək rütbəli dövlət və hökumət nümayəndələrinin qarşılıqlı səfərlərinə start verilib və bu gün prezident İlham Əliyev də Azərbaycan-Çin əlaqələrinin inkişafına xüsusi diqqət yetirməkdədir.

 

Çin dövləti Ermənistan-Azərbaycan, Dağlıq Qarabağ münaqişəsinin sülh yolu ilə həllinə nail olmaq üçün kömək göstərməyə hazır olduğunu bildirib və BMT-nin müvafiq qətnamələrini hər zaman dəstəkləyib. Azərbaycan da Çinin ərazi bütövlüyünə sayğı göstərir və Tayvanı Çinin vahid hissəsi kimi qəbul edir.

 

Bu gün Azərbaycanla Çin arasında iqtisadi-ticarət əlaqələri də inkişaf etməkdədir. 2018-ci ildə iki ölkə arasında ticarət dövriyyəsi 1,3 milyard dollardan çox olub. Bu isə Çinin Cənubi Qafqaz ölkələri ilə olan ümumi ticarət dövriyyəsinin 43 faizi deməkdir. Hazırda Azərbaycanın Çinlə ticarət dövriyyəsində müsbət dinamika müşahidə olunur. Bununla belə, ticarət əlaqələrinin daha da genişləndirilməsi üçün mövcud olan potensialın reallaşdırılması istiqamətində Azərbaycan tərəfindən ardıcıl tədbirlər görülür. Azərbaycanın Çindəki səfirliyində ticarət nümayəndəsi fəaliyyət göstərir, eləcə də ötən dövrdə Çinin Urumçi, Şanxay və Lucou şəhərlərində Azərbaycanın ticarət və şərab evləri açılıb, Honkonq, Quancou, Urumçi, Şanxay və Pekin şəhərlərinə ixrac missiyaları təşkil edilib. Keçirilmiş biznes forumlar, Azərbaycan şirkətlərinin Çində təşkil olunan beynəlxalq sərgilərdə fəal iştirakı və digər tədbirlər ticarət-iqtisadi əlaqələrin inkişafında əhəmiyyətli rol oynayır. Eyni zamanda, Çin tərəfindən həyata keçirilən idxala dəstək siyasəti Azərbaycanın yüksək keyfiyyətli məhsullarının bu ölkənin bazarına çıxarılması üçün əlverişli şərait yaradır.

 

Azərbaycanda 120-dək Çin kapitallı şirkət qeydiyyata alınıb. Ötən dövr ərzində Azərbaycan tərəfindən Çinə 1,7 milyard dollar, Çindən Azərbaycana isə 800 milyon dollardan artıq investisiya yatırılıb. Ölkəmizdə dövlət vəsaiti hesabına icra edilən 600 milyon dollar dəyərində layihələrdə Çin şirkətləri iştirak edib. Eləcə də, Çinin nəzarət etdiyi Asiya İnfrastruktur İnvestisiya Bankı TANAP layihəsinə 600 milyon dollar kredit ayırıb, Çin TANAP layihəsinin reallaşmasında mühüm rol oynayıb və sair.

 

Ölkələrimizin insanları arasında son vaxtlar qarşılıqlı gediş-gəlişin həcmi artıb. Bu il mart ayının əvvəlində Azərbaycana çinli turistlərin qrup halında səfərlərinin sadələşdirilməsi haqqında Anlaşma Memorandumunun imzalanıb. Çin vətəndaşları “ASAN viza” sistemindən istifadə etməklə ölkəmizə rahat şəkildə gələ bilirlər. Bunun nəticəsidir ki, ötən il Çindən Azərbaycana 16 mindən çox çinli turist gəlib.

 

Ölkələrimizin parlamentləri arasında da sıx əlaqələr mövcuddur. Hazırda Milli Məclisdə Azərbaycan-Çin parlamentlərarası əlaqələr üzrə işçi qrupu fəaliyyət göstərir və qrupun sədri Siyavuş Novruzovdur.

 

Çin-Azərbaycan Parlamentlərarası Dostluq qrupunun rəhbəri isə Ümumçin Xalq Nümayəndələri Yığıncağı Daimi Komitəsinin Xarici işlər üzrə Komitəsinin sədri Li Caosindir.

 

Sonda Versus.az saytı olaraq dost və qardaş Çin Xalq Respublikasını Milli gün münasibətilə təbrik edir, bütün sahələrdə inkişaf və uğur diləyirik.

 

Ağanisə Sultan
Versus.az

Xəbər lenti

InvestAZ

Ən çox oxunan xəbərlər

Regionda yeni cəbhə AÇILIR?

"YENİ XƏTT"dən mitinq çağırışlarına qarşı BƏYANAT

Tibb elminə həsr olunmuş ömür...

Vətəndaşları işə düzəltmə adı ilə necə aldadırlar?

Ölümün qorxduğu cərrah - Mübariz Əliyev - 65

Böyük alim, sədaqətli ömür gün yoldaşı, qayğıkeş ana...

Ermənistanın buqələmun siyasəti

Xalq artistlərinin möhtəşəm gecəsi

DREAM Fest 2024-ə 100 gün qaldı

Radikalların QRANT SAVAŞI BAŞLAYIR

“İran-İsrail arasındakı müharibə hər an şiddətlənə bilər”

Nura Surinin “Dünyaya qəribəm” klipi

“Həmkarlar”ın üzvü deyilsənsə, heç kim hüquqlarını müdafiə etməyəcək”

İncəsənətimizin RAMİZİ…

Məişət zorakılığından zərər çəkmiş şəxslərlə bağlı