Nurəddinsiz boğazımdan keçmir…

15:37 27-09-2019 | icon 1960 | Qarabağ
Nurəddinsiz boğazımdan keçmir…

Vətən aşiqləri, Vətənin igid, mərd, cəsur oğul və qızları ölümün üzünə dik baxaraq torpaqlarımızın azadlığı uğrunda mübarizə aparıb, canlarını fəda edib şəhid oldular. Vətən övladlarını yad etmək, ailələrini ziyarət etmək hər birimizin borcudur.

 

Bu günlərdə bir qrup Vətən müharibə veteranları ilə birlikdə şəhid Nurəddin Güloğlan oğlu Murzəyevin ailəsini ziyarət etmək üçün Biləsuvar rayonunun İsmətli (keçmiş Konstantinovka) kəndinə üz tutduq. 1992-ci ildən kəndə İsmət Qayıbovun şərəfinə İsmətli adı verilib. Kənddə 1 orta məktəbi, 1 həkim-ambulator məntəqəsi və klub fəaliyyət göstərir.

 

Kəndə çatanda bizi şəhidin qardaşı qarşıladı və ilk kəndin şəhidləri dəfn olunan qəbirstanlıqından ziyarətimizi başladıq, sonra isə şəhidin ailəsinə getdik. Qapıdan həyətə keçdik və həyətin gözəl bağı-bağçasını, səliqə-səhmanlığını gördük. Bağda yaşıl ağaclar, yaşıl yarpaqlar yaşıl bir meşəni xatırladırdı. Həyətdə balaca uşaqlarla rastlaşdıq, onların gözlərində və üzlərində sevinc dolu hissləri gördük. Ağacın altında çay süfrəsi ilə bəzədilmiş stol arxasında şəhidin ata və anası əyləşmişdilər. Bizi görən kimi ayağa qalxıb qabağımıza çıxdılar və bizi qarşıladılar. Şəhid ailəsini ziyarət etmək elə də asan deyil. Yaşlı ana-atanın nur üzlərində göz yaşlarını görmək və titrək, həyacan səslərini eşitmək, bu hissləri keçirtmək çox çətindir.

 

Nurəddinin atası bizi görməyə şad olduğunu bildirib və çay süfrəsinə dəvət etdi. Oturub şəhid ailəsi ilə yaxından tanış olduq və döyüş yoldaşları özlərini şəhid ailəsinə təqdim etdilər. Sonra Güloğlan dayı söhbəti davam etdi:

 

– Oğlum şəhid oldu, nə qədər göz yaşları axıtsaq da, bircə onu bilirəm ki, oğlumu qaytarmaq olmaz. Nurəddin -Vətən yolunda şəhid oldu. Mən onunla fəxr edirəm.

Haşiyə: Mirzəyev Nurəddin Güloğlan oğlu 12 sentyabr 1974-cü ildə Biləsuvar rayonunun İsmətli kəndində dünyaya gəlib. Ailədə 17 uşaq – 4 bacı, 13 qardaş olublar. Nurəddin ailənin səkkizinci övladı olub. O, çox zirək, bacarıqlı, qabiliyyətli və vətənpərvər olub. Atası Güloğlan dayı uzun illər kolxozda işləyib, anası Səyyarə xanım isə evdar qadın olub. 17 uşağı böyüdüb boya-başa çatdırmaq, onlara gözəl tərbiyə vermək hər kəsin işi deyil. Güloğlan dayı övladları qarşısında öz borcunu layiqincə yerinə yetirib.

Nurəddin 1981-ci ildə İsmətli kəndinin tam orta məktəbinin birinci sinfinə gedib. Məktəbi bitirdikən sonra 1992-ci ilin oktyabr ayında Ordu sıralarına çağırılıb və “N” saylı hərbi hissədə xidmətə başlayıb. Hərbi hissədə xidmət etdiyi zaman o, cəsur, qorxmaz əsgər kimi özünü tanıtdırıb və hərbi hissənin bütün şəxsi heyətin hörmət və rəğbətini qazanıb. Nurəddin bir çox döyüş bölgələrində iştirak edib və ona verilən bütün döyüş tapşırıqlarının öhdəsindən gələrək layiqincə yerinə yetirib. 1994-cü ilin yanvar ayından Ağdərə-Tərtər istiqamətində gedən qanlı döyüşlərdə iştirak edib, dəfələrlə ölümlə üz-üzə gəlməyinə baxmayaraq, ermənilərin hücumunun qarşısını almaqda şücaət və qəhrəmanlıq göstəribr. 23 mart 1994-cü ildə Ağdərə istiqamətində döyüş tapşırığını yerinə yetirərkən minanı zərərsizləşdirilən zaman partlayış baş verib və Mirzəyev Nurəddin Güloğlan oğlu şəhidlik zirvəsinə ucalmışdır.

 

Güloğlan dayı ilə söhbət zamanı Nurəddinin qardaşı Rasım şəhidin şəkillərini və şəhidə aid olan sənədləri gətirib stolun üstünə qoydu. Şəkilə baxanda Güloğlan dayı bir-iki dəqiqə susub sonra göz yaşını silərək birdən nəsə demək istədi, lakin tutuldu, göz yaşları boğdu atanı və yenə susdu…sonra isə ağlayan titrək səslə söhbətini davam etdi:

 

– Nurəddin şəhid olandan 5 ay sonra Biləsuvar  rayonunun İcra Hakimiyyətinin və Kənd Sovetinin nümayəndələri şəhid ailəsinə baş çəkməyə gəldilər. Mən onları qəbul etdim və oturub söhbət etdik. Onlar bizim yaşayışımızla maraqlandılar və dedilər nə lazımdırsa de, əlimizdən gələni bacardığımız qədər kömək edəcəyik və yardım köməkliyi etmək istədilər. Mən bu yardımı qəbul edə bilmədim, ona görə ki mənim oğlum yoxdursa, mənə heç bir şey gərək deyil…

Nurəddinin şəklini əlimə aldım və o şəkilə baxan anda Güloğlan dayının nəvəsi yaxınlaşdı. Onun adı Nurəddin idi. O uşaqa baxanda birdən fikirləşdim. Görəsən Nurəddin sən bunu görürsənmi? Bəlkə sən bu günü çoxdan gözləyirdin? Sənin hansı arzuların, istəklərin var idi? Sən əgər sağ olsaydın bu il sentyabr ayının 12-də sənin 45 yaşın tamam olacaqdı. Bəlkə də biz hamımız sənlə birgə 45 yaşını qeyd edəcəkdik. Kaş sənin arzularını bilib heç olmasa birini həyata keçirdə bilərdik…

Şəhidin döyüş yoldaşları: Allahşükür Zəkiyev, Vaqif Şıxıyev, Almaz Xəlilov, Nazilə İsmayılova, Yaşar Quliyev, Bəxtiyar Abbasov, Səyyaf Sadıqov, Pənah Cəfərov, Anar, Dağıstan, Savalan, Azər və Biləsuvar rayonunun Vətən müharibəsi veteranlar ictimai birliyinin rəhbəri Qurban Qurbanov və birliyin üzvləri öz xatirələrini bölüşdürüb, şəhidi yad edib, onun keçdiyi döyüş yolundan danışdılar.

 

Sonda Güloğlan dayı ilə vidalaşanda bağa keçdik və o, bağa baxıb dedi:

– Neçə illərdir ki, bağa baxıram, gördüyünüz bu meyvə ağacları armud, alma, nar və sairə ağaclara qulluq edirəm. Amma 25 ildir ki, bu ağaclardan hələ bir meyvə də olsun yeməmişəm. Nurəddinsiz bu meyvələr boğazımdan keçmir…

Allah Güloğlan dayıya və Səyyarə anaya uzun ömür can sağlığı versin. Biz baş əyirik sizin qabağınızda. Biz torpaqsız qalmayaq deyə atasız, yoldaşsız, oğulsuz qalan şəhid ailələri. Şəhid olmuş oğul və qızlarımızın,bacı və qardaşlarımızın ruhu qarşısında baş əyirik. /mubarizm.com/

Allah şəhidlərimizə rəhmət eləsin.

Xəbər lenti

InvestAZ

Ən çox oxunan xəbərlər

Əfəndilər, Yardımlı da Azərbaycandır

Röyanın Moskva konserti təxirə salındı - SƏBƏB?

Moskvadakı dəhşətli terrorda ölənlərin sayı 150-yə çatıb

Rusiyada teraktda yaralananların durumu açıqlanıb

Ayılar üçün maraqlı əyləncə

Artritə səbəb olan 5 mühüm SƏHV

İdmançımız Almaniyada keçirilən turnirdə ikinci qızıl medalını qazanıb

Tarixçidən maraqlı faktlar

Gündə 1 dəqiqə cəfəri çeynəyin

Şəfalı olduğu düşünülən bu bitkilər böyrəkləri çürüdür

Gimnastlarımız Dünya Kubokunda finala yüksəliblər

İtlər hətta simvolları da anlayırlar

Dəri problemlərindən mərciməklə xilas olun

Bu iki ədviyyatı birgə istifadə edin

Almaniya səfərdə Fransanı məğlub etdi