“Əlvida, Şmidt!”: Baxmağa dəyərmi? - TƏHLİL
Sentyabrın 6-dan etibarən kinoteatrlarda “Əlvida, Şmidt!” filmi nümayiş olunur.
Tragikomediya janrında çəkilmiş filmin ssenari xəttindən bəhs etmək istəyirəm. Çalışacağam ki, sizdə təəssürat formalaşdırmaqla yanaşı, filmin bütün gedişatını anlatmayım ki, kinoteatrda da baxmağa marağınız qalsın.
Əvvəla, onu qeyd edim ki, filmin baş aktyorları ANS-dəki film və seriallar vasitəsilə özünü sevdirməyi bacarmış Azər Aydəmir, elə son çəkilən Azərbaycan seriallarının qəhrəmanlarından olan Rasim Cəfər və Gürcüstan Rus Dram Teatrının aktrisası Maryam Kitiadır. Filmin aktyor sayı o qədər də çox deyil. Amma epizodik rollarda xalq artistləri – Rasim Balayevin, Şamil Süleymanlının, Qurban İsmayılovun, Rafiq Əliyevin və “Kəklikotu” filmində Qafar rolu ilə aktyorluq bacarığını nümayiş etdirə bilmiş Əlixan Rəcəbovun peyda olduğunu qeyd etməliyik.
Rejissoru Əli-Səttar Quliyev, ssenari müəllifi Rüstəm Babazadə, bəstəkarı İsfar Sarabski (filmin özünəməxsus musiqisinin olması xoş haldır) olan film sovet vaxtından tanıdığımız “Mozalan” kinostudiyasında ərsəyə gəlib. Bu, “Mozalan”ın ilk ərsəyə gətirdiyi tammetrajlı bədii film kimi dəyərləndirilə bilər.
Öncə onu qeyd edim ki, film standard Azərbaycan filmlərindən fərqliliyi ilə seçilir. Fərq isə ondadır ki, qəhrəmanların maraq dolu hekayəsi yol əhvalatı zamanı formalaşır. Əminliklə deyə bilərəm ki, bu formatda film ilk dəfə ərsəyə gəlib.
Film Xanlar (indiki Göygöl) almanlarından olan Emil Şmidtin tarixi vətəni Almaniyaya yollanmaq istəyi ilə görüntülənir. Ancaq onun qarşısında olan maneə almanca bilməməsi və atasının azərbaycanlı olmasıdır. Gözləmək olardı ki, ssenari məhz bu mövzu əsasında davam etdiriləcək. Ən azından öncədən filmin treylerinə baxanların çoxu belə anlamış olar. Ancaq nədənsə sonra bu mövzu unudulur və daha çox fokus Emilin səhhəti və əməliyyatı üzərində cəmlənir. Düşünürəm ki, film onun Almaniyaya getməsi üstündə hər əziyyətə qatlaşması yönündə çəkilsəydi, daha da maraqlı ola bilərdi.
Film qəhrəmanımızın Bakıdakı əməliyyat masasından qaçıb, ölmək üçün doğulduğu Xanlara qayıtması ilə davam etdirilir. Məhz burada o, taksi sürücüsü kimi “Montirovka” Rasimin xidmətindən istifadə edir. Rasimin yolboyu Emilin başına oyun açmasının məntiqi nəticəsi onun “National Geographic” jurnalı üçün Azərbaycandan fotolar çəkən gürcü Nana ilə tanışlığı olur. Məhz bu “üçlük” filmin sonrakı süjet xəttini tamamlayırlar.
Təbii ki, filmin ən maraqlı səhnəsi Mingəçevirlə bağlı epizodlardır. Mingəçevirli “qaqaş”ların Nanaya sataşması ilə başlayan dava sonda qəhrəmanlarımızın xalq artisti Rasim Balayevin oynadığı polis rəisinin qəbuluna düşməsinə səbəb olur. Polis rəisinin “Montirovka” Rasimin şəxsiyyət vəsiqəsinə baxıb, təəccüblə dediyi bu səhnə tamaşaçıların 100 faiz ən çox güləcəyi səhnə olacaq: “Rasim Balayev? Xalq artisti taksi sürür?! Dağıl, ey dünya!”
Sonluq bir qədər qəribə formada tamaşaçıya çatdırılıb. Ancaq bir qədər sonra anlayırsan ki, bütün bunlar Emilin yuxusunda gerçəkləşib, real həyatda isə tamam başqadır...
İstənilən halda Mədəniyyət Nazirliyinin maliyyə dəstəyi ilə çəkilmiş bu Azərbaycan filmi dəyərlidir və yaxın aylarda ən çox baxılan filmlərdən olacağı proqnozunu verir. /oxu.az/
Xəbər lenti
NATO-ya qarşı sərt ETİRAZ AKSİYALARI
Polis gözyaşardıcı qaz və güc metodları...