“Dördüncü döyüşdə ermənilərə cəhənnəmi yaşatdıq”

17:36 30-09-2019 | icon 125 | Şəhidlər və şahidlər
“Dördüncü döyüşdə ermənilərə cəhənnəmi yaşatdıq”

QƏŞƏM RZAYEV: “RƏHMAN İSGƏNDƏROVUN GÖSTƏRİŞİYLƏ TANKİSTLƏRƏ BİLDİRDİK Kİ...”

 

(əvvəli bu linkdə)

 

 

“...Ayın 11-də ermənilərin növbəti hücumu oldu. Bu artıq onlar tərəfindən edilən ÜÇÜNCÜ HÜCUM idi. Biz o hücumu dəf edəndən sonra emənilər çəkilib getdilər. Dağda bizim batalyondan 15 nəfər qalmışdı. Əlavə olaraq 10 nəfər də Mingəçevir batalyonundan gənc əsgərlər var idi. Ondan sonrakı günlərdə biz növbə ilə iki qrup halında dağın müdafiəsiylə məşğul idik.

 

Bu dövr ərzində belə növbəlilik prinsipiylə müdafiədə dayanmışdıq. Bzim sağ cinahımızda səngərlər qazılmışdı. Laçın polisi orada şəhid verəndən sonra həmin yerdə müdafiəyə qüvvə qoyulmadı. Çünki ora təhlükəli idi. Artilleriya hər an Xoznavar tərəfdən o koordinatı görüb atəş açırdı. Ona görə də bizimkilərdən o əraziyə qüvvə qoyulmadı...

 

Təqribən ayın 15-i, 16-sı olardı. Batalyonun komandiri Rəhman İsgəndərovun göstərişiylə mən Sahiblə bir yerdə Hoçaz dağından düşərək aşağıda tankistlərin yanına getdik. Tankistlərin komandiri Xəyyam idi. Xəyyamla görüşüb söhbətləşdik. Ona bildirdik ki, müdafiəmizi gücləndirmək üçün Hoçaz dağına heç olmasa bir tank qaldırılmalıdır. Xəyyam da bizə öz razılığını bildirdi. Texniki baxımdan ən yaxşı vəziyyətdə olan tankı ekipajıyla bir yerdə hazırlıq vəziyyətinə gətirməyə başladı. Sonra biz Mişniyə getdik. Orada bir neçə saat qaldıq. Biz kənddən qayıdıb gələndə tank döyüşə tam hazır vəziyyətdə idi. Hava artıq qaralırdı. Biz tankistlərə hansı istiqamətdən Hoçaz dağına yaxınlaşması üçün müəyyən məlumatlar verdik. Düşmən bizim tankı görməsin deyə havanın qaralmasını gözləmişdilər. Dediyim kimi biz döyüş zamanı iki qrup halında idik. Bu iki qrupun tutduğu mövqe arasında çökək bir yer var idi. Biz də Xəyyama bildirdik ki, tankı həmin çökək yerə gətirsinlər. Həmin çökək yerdən dağın alt hissəsiylə gedən yola nəzarət etmək tam mümkün idi. Eyni zamanda o ərazi həm tankın lazımi atəşi açması və tankın özünün təhlükəsizliyi üçün də çox münasib yer idi.

Bu minvalla bir neçə gün keçdi. Növbəlilik prinsipiylə həm təmizlik işlərimizi görür, həm də müdafiəmizdə ayıq-sayıqlığımızı itirmirdik”...

 

DÖRDÜNCÜ DÖYÜŞ

 

“Ayın 19-u idi. Həmişəki kimi tezdən durub, ocağımızı qaladıq. Ocağı qalayandan sonra top gilizindən hazırlanan qəfədanımızda çayımızı qaynadırdıq. Bu gün eyni rejimlə hamımız ocağın ətrafına toplaşmışdıq. Həmin 10 nəfər gənc əsgərlər də bizimlə idilər. Elə bu zaman Tığik istiqamətindən artilleriya səsi gəldi. Gördük ki, mərmi bizim istiqamətə gəlir. Dərhal dağılışdıq. Həmin mərmi düz bizim ocağın yanına gəlib düşdü, ancaq xoşbəxtlikdən partlamadı.Bir az keçmişdi ki, qrad qurğusundan da bizə tərəf atəş açıldı. Qradın mərmisi dağın üstündən uçaraq Xənəzək istiqamətinə getdi. Bunun ardınca üçüncü mərmi atıldı. Həmin mərmi bizdən 30-40 metr aşağıda ağacların üstünə düşüb partladı. Sonra nisbətən ortaya sakitlik çökdü...

 

Ətrafa göz gəzdirdik. Gördük ki, Laçın istiqamətindən 1666 koordinatından erməni texnikası və canlı qüvvəsi bizə tərəf gəlir. Biz ratsiya ilə əlaqəyə girib komandanlığı xəbərdar etdik. Eyni zamanda bizi Tığik istiqamətindən artilleriya atəşinə tuturlar. Bir az keçəndən sonra ermənilər öz texnikalarını “karyer” tərəfə cəmləşdirdilər. Həmişəki kimi yenə 4 tank, 1 BMP ilə hücuma gəlmişdilər, canlı qüvvənin sayını müəyyənləşdirə bilmədik”.

 

“HƏYƏCANLA O ANI GÖZLƏYİRDİK VƏ O AN GƏLDİ”

 

“Düşmən tərəfi “karyer” tərəfə cəmləşdikcə bizi Xoznavar istiqamətindən də güclü artilleriya atəşinə tutmağa başladılar. Artilleriya hər tərəfi vururdu. Bir az keçmişdi ki, “karyer”dən ermənilərin bir tankı sürətlə bizim aşağıda səngər qazılan istiqamətə hərəkət etməyə başladı. İkinci tank isə bizim müdafiə mövqelərimizi atəşə tutmağa başladı. Bizsə hələ də müşahidə edir, heç bir atəş açmırdıq. Onların yaxınlaşmasını gözləyirdik. Həm də tankımıza arxayın idik. İstənilən halda bizə kömək edə biləcək.

 

Ermənilərin birinci tankı bizim aşağıdakı səngərlərə 60-70 metr qalmış müəyyən nöqtə var idi ki, bizim tank onu vura bilərdi. Biz də həyəcanla o anı gözləyirdik. Elə də oldu. Erməni tankı həmin nöqtəyə çatanda bizim tank bir neçə atəş açandan sonra mərmilərdən biri erməni tankına dəydi. Mən həmin vaxtı qranatamyotu götürüb hazır vəziyyətdə dayandım ki, əgər bizim tank erməni tankını vura bilməsə onda mən qranatamyotdan atəş açım. Bizim tank onu vuran kimi möhkəm partlayış qopdu. O tankın ekipajı çıxıb qaçmaq istəyəndə mən qranatamyotla onlar tərəfə atəş açdım. Atəş açılan kimi 3 nəfər yerə sərildi. Bu vaxt tankın içində möhkəm partlayış yarandı. Tankın bir hissəsi havaya uçaraq həmin meyidlərdən birinin üstünə düşdü”.

 

 

“TIĞİK İSTİQAMƏTİYLƏ ƏLAQƏYƏ GİRMƏYƏ ÇALIŞSAM DA, CAVAB VERƏN OLMADI”

 

“Döyüş fasiləsiz olaraq qızğın xarakter almaqda idi. Tığik istiqamətindən atan qrad demək olar ki, hər tərəfi vururdu. Erməninin tankı vurulandan sonra əhval-ruhiyyəmiz yüksəldi. Ancaq buna baxmayaraq bizi sol tərəfdən də güclü artilleriya atəşinə tutmuşdular. Mən bununla bağlı rabitə əlaqəsinə girib komandanlığa məlumat verdim. Eyni zamanda məlumat verdim ki, Tığik istiqamətində olan düşmən mövqelərini atəşə tutun ki, onlar bizim tərəfə atəş aça bilməsinlər. Anca Tığik istiqamətindən bizə cavab verən olmadı.

Həddindən artıq ağır bir döyüş gedirdi. İkinci tank bizdən aşağıda duran qüvvələrin mövqelərini güclü atəşə tutdu. Həmin atəş nəticəsində Xasıyev Mahmud ağır xəsarət aldı və bizim aşağıda olan uşaqlarımız Mahmudu döyüş mövqeyindən uzaqlaşdırmağa başladılar”.

 

 “ERMƏNİ TANKI DAHA DA İRƏLİ ŞIĞIDI, MƏN ATƏŞ AÇDIM...”

 

“İkinci tank bizim aşağıdakı mövqeni vurandan sonra daha da sürətli şəkildə hücuma keçdi. O da birinci tankın getdiyi yolla hərəkət edirdi. Həmin tank birinci tankın vurulduğu yerə yaxınlaşanda o zaman bizim tank döyüş mövqeyindən çıxdı ki, ona atəş açsın. Ancaq erməni tankı daha tez atəş açıb bizim tankı vurdu. Bizim aşağıda yerləşən ikinci qrupumuz cəld tərpənərək tankistlərə kömək edib onları oradan çıxarmağa başladılar. Erməni tankı daha da irəli şığıyırdı. O tank birinci vurulan tankın yanına çatanda mən qranatamyotla ona atəş açdım. Birinci mərmi tankın lükünün sağ tərəfindən dəydi. Tanksa dayanmadı. İrəli gəlib meyidlərə yaxınlaşanda ikinci mərmini atdım. İkinci mərmi tankın arxa hissəsinə dəydi. Bu vaxt tankın arxa hissəsindən alov çıxdı və başladı yanmağa. Tank əvvəlcə dayandı, sonra fırlanıb geri döndü. Hardasa 10-15 metr geri getmişdi ki, tank dayandı və söndü, səsi kəsildi. Ekipaj çıxıb qaçmaq istəyəndə bizim qüvvələrimiz onları atəşə tutub məhv etdilər. Döyüş səngimək bilmirdi. Ermənilər daha çox iriçaplı silahlardan istifadə edirdilər.

Bu müddət ərzində həm Tığik, həm də Xoznavar istiqamətindən minamyot, top və qrad bizi aramsız olaraq atəşə tuturdu”.

 

“”MALIŞ” MƏNƏ YAXINLAŞIB TAQƏTSİZ HALDA BƏRK ACDIĞINI DEMİŞDİ Kİ..”

 

Günortadan sonra olardı. Saat təqribən 5-6 radələri idi. Bu vaxtı “Malış” dediyimiz Asif mənə yaxınlaşıb taqətsiz hala bərk acdığını dedi. Mən dedim ki, Asif, nə yemək yadıma düşür, nə də heç yeməyə halım yoxdur, heç yeməyin harada olmasını da bilmirəm. Və dönüb ermənilərə atəş açmağa başladım. Elə bu vaxt uşaqlardan kimsə səsləndi ki, Asifi vurdular. Başımı döndərəndə gördüm ki, Asif hərəkətsiz uzanıb, başı da qanın içindədir. Döyüş yoldaşlarım tez onu döyüş mövqeyindən götürüb uzaqlaşdırdılar. Döyüş hava qaralana qədər davam etdi”.

 

“QAYADAŞINA DƏYƏN MƏRMİ ZƏRBƏSİNDƏN ÜZÜMÜ ALOV BÜRÜDÜ, ARXASI ÜSTƏ YERƏ YIXILDIM”

 

“Qaranlıq çökürdü ki, ermənilərin üçüncü tankı vurulan ikinci tanka yaxınlaşmağa başladı. Bu vaxt mən qranatamyotu təzədən döyüş vəziyyətinə gətirib qayadaşının üstündən həmin istiqamətə atəş açdım. Mərmi tanka az qalmış havada partladı. Elə bu vaxtı söykəndiyim qaya daşına mərmi dəydi. Alov üzümü bürüdü, hər şey ani olduğundan nə baş verdiyini də anlamadım. İkinci dəfə yenə belə bir atəş oldu. Bu zaman mərminin dalğası məni arxası üstə yerə yıxdı. Qranatamyot əlimdən kənara düşdü. Bir az keçəndən sonra qalxıb oturdum. Əlimi üzümə vuranda elə bildim ki, əlim yanır. Gözümü açıb ətrafa baxmaq istədim, gördüm ki, hər yan qırmızıdır. Əlimi yerə sürtə-sürtə qranatamyotu tapıb təzədən atəşə hazır vəziyyətə gətirdim. Yenə erməni tankı istiqamətinə daha bir atəş açdım. Bundan əvvəl hiss etdim ki, erməninin tankını o biri tank qoşub dartmaq istəyir. Daha bir atəş açdım və bundan sonra gördüm ki, həmin tank geriyə doğru səmt götürüb Laçın istiqmətində getdi...

 

Artıq hava qaralmışdı. Hər yan zülmət idi. Bilmirdik ki, erməni qüvvələri geri çəkilib, ya yox. Partlayışdan sonra başımda, qulaqlarımda uğultu yaranmışdı, ətrafı eşidə bilmirdim. Özümü heç də yaxşı hiss eləmirdim. Silahımı götürüb qaya daşından kənarda yerə uzandım. Həm də ac və susuz idim. Hələ də gözümün qabağından qırmızılar keçirdi. Azca mürgüləyəndən sonra ayıldım, gənc əsgərlər ətrafımda idilər. Döyüş yoldaşlarımla onlara tapşırıq verdik ki, ermənilərin meyidləri olan istiqamətə tez-tez atəş açın ki, onlar qaranlıqdan istifadə edib, meyidləri götürməsinlər”.

 

“ERMƏNİLƏR ÇOX HAZIRLIQLI QRUPLA DÖRDÜNCÜ DÖYÜŞƏ ATILMIŞDILAR”

 

“Səhər tezdən başlayan döyüş axşam saat 7-8-ə qədər olardı ki, davam etdi. Həddən artıq yorğun idik. Gecəni belə keçirdik. Səhər sübh tezdən gördük ki, ermənilər gecənin qaranlığından istifadə edib meyidlərindən ikisini götürə bilmişdilər. Həmin günü biz bir qrup dağdan düşüb Mişniyə təmizlik və az da olsa istirahətə yollandıq. O biri qrup isə ermənilərin döyüş mövqeyində tanklarını yoxlamaq üçün həmin əraziyə düşdülər.

 

19 sentyabr tarixli döyüşdə erməni tankının qaya daşını vurması nəticəsində qaya daşı aşıb parçalanaraq Xasıyev Mahmudun üstünə tökülmüş, ona ciddi xəsarət yetirmişdi. Onu həkimə çatdırmaq istəsələr də, Mahmud yolda Şəhid olmuşdu. “Malış” dediyimiz Asif isə kəlləsindən aldığı ağır güllə yarasıyla həkimlərə çatdırılmışdı. O son nəticədə bir gözünü itirmişdi. Bu döyüşdə başqa yaralımız və şəhidimiz olmadı. Biz isə o döyüşdə erməninin iki tankını vurduq. Eyni zamanda həmin iki tankın ekipajını da tamamilə məhv etdik. Bundan əlavə ermənilərdən xeyli sayda ölən və yaralananlar oldu. Bizim artilleriyanın dəqiq zərbəsi nəticəsində ermənilərin yaralı və meyidlərini daşıyan Zil-131 maşınları da vuruldu, elə döyüş meydanındaca yandı. Bütövlükdə ayın 19-da olan döyüşdə biz ermənilərə cəhənnəmi yaşatdıq. Bu vaxta qədər Hoçazda biz ermənilərlə üç döyüş keçirmişdik. Bu dördüncü döyüş ən ağır döyüş oldu. Ermənilər çox hazırlıqlı bir qrupla döyüşə atılmışdılar. Onların texnikadan istifadə etmələri, sərrast atışları da bunu təsdiqləyirdi. Amma bütün bunlara baxmayaraq biz onları dəf etməyi bacardıq.

 

Döyüşün səhəri günü bizim uşaqlar həmin erməni tankının içinə yanacaq töküb od vurub yandırdılar. Mişniyə düşəndə o biri mövqedə dayanan qardaşlardan biri bizi görüb dəhşətə gəlmişdi ki, dünənki döyüşdən siz necə sağ salamat qurtulmusunuz. O qardaş deyirdi ki, mən özüm saydım, dünən ağır artilleriyadan dağın başına 170-dən çox zərbə endirildi. Biz də zarafatlaşıb bunun Allahın qisməti olmasını vurğuladıq.

Onu da deyim ki, ermənilər bizim tankı vuranda ölən olmadı, ancaq iki nəfər xəsarət almışdı”...  

 

İGİD TEYMURLU
Versus.az

 

Xəbər lenti

InvestAZ

Ən çox oxunan xəbərlər

“Youtube”un CEO-su Fuada məktub göndərdi

Fərdi jurnalist yazıları müsabiqəsi elan edildi

XALQ MÜXALİFƏTİ BAYKOT EDİR

Payız əhval-ruhiyyəli piyada keçidi

"Xalqların mədəniyyətləri və adət-ənənələrinin qorunmasında mədəniyyətlərarası dialoqun rolu" mövzusunda tədbir keçiriləcək

“Hərdən yumruğunu stola elə çırpmalısan ki, masa ətrafında oturanlar səksənsin”

“...İqtidar da fərqində olmalıdır, seçkiyə getməmək qərarını verənlər də” - MÜSAHİBƏ

Ailə bugün dünənki formatla yürüməz

Evi sökülən cərrah PREZİDENTƏ MÜRACİƏT etdi

Bu xəstəliklə bağlı müayinədən keçməyə utanan, yaxud qorxanlar var

İsgəndər Həmidov AXH və öz barəsində yayılan xəbərləri təkzib etdi

Döyüş xatirələrində yaşanan həqiqətlər

"İslahatlar prosesinin sürətlənəcəyindən xəbər verilir"

Həkim-cərrah DTX-ya və Ali Məhkəmənin sədrinə müraciət etdi

Torpaqlarımızı “urra” ilə yox, ağılla azad etməliyik!