Qənirə Paşayeva Daşkənddə önəmli tədbirlərdə iştirak edib
Millət vəkili çıxışlarında iki dövlət olaraq birliyimizi daha da gücləndirməyin vacibliyindən danışıb
Millət vəkili Qənirə Paşayeva Daşkənddə “Mukimi adına Dövlət Musiqi teatrı”nda açılış mərasimində iştirak edib.
Versus.Az-ın məlumatına görə, Azərbaycan Respublikası Milli Məclisinin deputatı, millət vəkili Qənirə Paşayevanın Özbəkistana səfəri çərçivəsində paytaxtın mərkəzində yerləşən Özbəkistan xalqının böyük şairi Əlişir Nəvainin heykəlinin qarşısında gül qoyma mərasimi olub. Sonra Azərbaycandan gəlmiş nümayəndə heyəti Qənirə Paşayeva ilə birgə “Mukimi adına Dövlət Musiqi teatrı”nda görüş keçiriblər.
İlk öncə Musiqi teatrıının rəhbərliyi Qənirə Paşayeva ilə görüşüb, sonra özbək dramaturqu Kuçkar Narqabilin “Xoşbəxtliyin bazarı varmı” əsərinin əsasında hazırlanmış tamaşaya baxış olub.
Açılış mərasimində iştirak etmiş Mukimi adına Dövlət Musiqi teatrının rəhbəri Mirzə Əzizov çıxış edərək qonaqları salamlayıb, onlara öz ürək sözlərini çatdırıb və sözü çıxış üçün millət vəkili Qənirə Paşayevaya verib.
Deputat Özbəkistanla Azərbaycan arasındakı dostluq əlaqələrindən danışaraq, bu əlaqələrin qədim tarixi, bugünki vəziyyəti, iki xalq arasındakı tarixi dostluq, xüsusilə XX əsrdə Azərbaycan maarifçilərinin Özbəkistana səfərləri və teatr sahəsində Azərbaycan maarifçilərinin Özbəkistana təsirləri haqqında geniş mövzuda çıxış edib:
“1916-cı ildə Sidqi Ruhullanın rəhbərliyi ilə Azərbaycanın tanınmış teatr xadimləri Özbəkistanda dahi Üzeyir Hacıbəyovun “Leyli və Məcnun” əsərini səhnəyə qoymuşdurlar. Bu hadisə iki xalqın dostluğunu bir daha da tərənnüm etdi. Sovet dövründə Azərbaycan və Özbəkistan arasinda “Mədəniyyət günləri” dekadaları keçirilib. Müstəqillik əldə edildiyindən sonra da iki ölkə arasındakı mədəni əlaqələr uğurla davam edib”.
Azərbaycan, onun tarixi, mədəniyyəti, cənab Prezident İlham Əliyevin rəhbərliyi altında ölkəmizdə həyata keçirilən böyük işlər, Azərbaycan-Özbəkistan əlaqələrinin qədim tarixi, ölkəmizin iqtisadi və turizm potensialı, işğalçı Ermənistanın işğal etdiyi torpaqlarımızda törətdiyi vandalimz aktları, Qarabağ ağrısı, öz evinə dönə bilməyən 1 milyon azərbaycanlı qaçqın və məcburi köçkünlə bağlı geniş məlumatlar verən Q.Paşayeva qardaş Özbəkistanın Qarabağ münaqişəsinin həllində bundan sonra da Azərbaycanın yanında olacağına inandığını deyib. Hər iki qardaş ölkənin beynəlxalq təşkilatlarda bir-birinin mövqelərini dəstəklədiyini deyən millət vəkili qarşılıqlı dəstəyimizin, birliyimizin güclənməsi üçün daha da böyük işlərin görüləcəyinə inandığını deyib. O, bildirdi ki, Özbəkistan prezidenti Şevket Mirziyoyevin sərəncamı ilə Özbəkistan Türk Şurasına üzv oldu:
“Bu, çox önəmli bir hadisədir və bütün Türk dünyasını çox sevindirən bir addım oldu. İnşallah Türk dövlətlərinin birliyi və bərabərliyi daha da güclənəcək”.
Daha sonra Qənirə Paşayeva Özbəkistan tərəfinə Azərbaycan suvenirləri və yeni nəşr olunmuş “Azərbaycan-özbək, özbək-Azərbaycan luğəti”ni hədiyyə edib.
Açılış mərasimində Özbəkistandakı Heydər Əliyev adına Azərbaycan Mədəniyyət Mərkəzinin direktoru Samir Abbasov da çıxış edib. O, ikitərəfli əlaqələrin inkişafında mədəniyyət sahəsinin rolundan danışıb və tamaşaya qoyulacaq Kuçkar Narqabilin “Xoşbəxtliyin bazarı varmı” əsərini Azərbaycan Mədəniyyət Mərkəzinin layihəsi ilə Azərbaycan dilinə də tərcümə olunduğunu bildirib.
Mədəniyyətin ikitərəfli əlaqələrində mühüm bir vasitə olduğunu bildirən Mərkəzin direktoru Samir Abbasov Azərbaycan Mədəniyyət Mərkəzinin layihəsi ilə son zamanlar çoxsaylı layihələrinin həyata keçirilməsini və qarşılıqlı olaraq teatr sahəsində də gələcəkdə bir sıra əməkdaşlıq layihələrinin həyata keçiriləcəyini bildirib.
Sonda Kuçkar Narqabilin “Xoşbəxtliyin bazarı varmı” əsərinin təqdimat mərasimi olub.
Qənirə Paşayeva eyni zamanda Azərbaycan Mədəniyyət Nazirliyi, “Özbəkkino” Milli Agentliyi, Özbəkistandaki Heydər Əliyev adına Azərbaycan Mədəniyyət Mərkəzinin birgə təşkilatçılığı keçirilən Daşkənddə Azərbaycan kinosu günlərinin təntənəli açılış mərasimində iştirak edib. O, çıxışında ölkələrimiz arasında əlaqələrin yüksək səviyyədə olduğunu bildirib, qardaş Özbəkistanla əməkdaşlığın bundan sonra daha da dərinləşdirilməsi istiqamətində daha böyük layihələrin həyata keçirilməsindən danışıb. Milli Məclisin deputatı belə mədəni tədbirlərin həm Özbəkistanda, həm də Azərbaycanda keçirilməsinin vacib olduğunu vurğulayib:
“Azərbaycan qardaş Özbəkistanla əlaqələrin və əməkdaşlığın inkişafına böyük önəm verir və bu əməkdaşlığın daha da genişləndirilməsində maraqlıdır, Özbəkistanda Azərbaycanın, Azərbaycanda Özbəkistanın daha geniş tanıdılmasına, təbliğinə böyük ehtiyac var. İki qardaş ölkə arasında bu kimi tədbirlərin keçirilməsi vacibdir. Bu istiqamətdə fəaliyyəti daha da artırmaq lazımdır, cünki bu bizim gələcəyimiz üçün çox lazımdır”.
Q.Paşayeva “Özbəkkino” Milli Agentliyinin rəhbərinə Azərbaycanın tarixini və mədəniyyətini özündə əks etdirən hədiyyələr təqdim edib.
Versus.Az
Xəbər lenti
"Sosial işçilər həmin şəxsi tapıb ona yardım göstərsin"
"Öz vəzifə borcunu layiqincə yerinə yetirən məmurlar da var"