“Qoşulmama Hərəkatının Bakı konfransı bu yolda strateji bir mərhələdir” - MÜSAHİBƏ

18:24 05-04-2018 | icon 788 | Siyasət
“Qoşulmama Hərəkatının Bakı konfransı bu yolda strateji bir mərhələdir” - MÜSAHİBƏ

“...Ermənistanı pisləməklə, ona  tövsiyə edib ki, Azərbaycan torpaqlarını azad etsin”

 

Politoloq, professor Fikrət Sadıqovun Versus.Az-a müsahibəsi

 

- Fikrət müəllim, Bakıda Azərbaycanın da üzv olduğu Qoşulmama Hərəkatı çərçivəsində xarici işlər nazirlərinin konfransı keçirilir. Məlumdur ki, Qoşulmama Hərəkatının əsas məqsədlərindən biri beynəlxalq hüquqa hörmət əsasında dünyada sülh, təhlükəsizlik və inkişafa yardım etməkdir. Azərbaycanın üzləşdiyi işğal faktının aradan qaldırılması və  təhlükəsizliyi ilə bağlı bu qurumdan gözləntilər nədir?

 

- Əvvəla qeyd edim ki, Bakıda belə bir konfransın keçirilməsi Azərbaycanın dünyada və regionda olan nüfuzunu müəyyən dərəcədə  artırır. Qoşulmama Hərəkatı hələ “soyuq müharibə” dövründə yaranan böyük bir qüvvədir. Eləcə də BMT-nin 200-ə qədər üzvü varsa, onların 120-si Qoşulmama Hərəkatına üzvüdür. 17 dövlət və 10 beynəlxalq təşkilat Hərəkat yanında müşahidəçi statusuna malikdir.

Bu gün biz Azərbaycan olaraq heç bir hərbi bloklara qoşulmuruqsa və bunu xarici siyasətimizin prioritetləri kimi bəyan etmişiksə, bu qurumda yerimiz var və bu hərəkatdan istifadə etməliyik. Digər məsələ ondan ibarətdir ki, Qoşulmama Hərəkatı konfransların birində Azərbaycanın ərazi bütövlüyünü tanıyıb və xüsusi bəyanatla çıxış edib. Eyni zamanda Qoşulmama Hərəkatının kollektiv üzvlərindən biri olan İslam Konfransı Əməkdaşlıq Təşkilatıdır ki, bu qurum da Azərbaycanın xeyrinə bir neçə qətnamə qəbul edib. Bu qurum nəinki Azərbaycanın ərazi bütövlüyünü tanıyıb, hətta Ermənistanı pisləməklə, ona  tövsiyə edib ki, Azərbaycan torpaqlarını azad etsin. Əlbəttə ki, Qoşulmama Hərəkatna üzv olmaq o demək deyil ki, bütün məsələlər mexaniki şəkildə həll olunacaq. Amma Qoşulmama Hərəkatının hüquqi, siyasi, diplomatik istiqamətləri var ki, biz bütün bunlardan istifadə edirik və etməliyik.

Artıq Azərbaycan 2019-cu ildən 2022-ci ilə qədər bu təşkilata sədirlik edəcək. Sədirlik etdiyimiz dövürdə biz bir sıra məsələləri, o cümlədən Ermənistanın Azərbaycana qarşı təcavüzünü tam şəkildə ortaya qoymalıyıq və buna ixtiyarımız var. Bunu da yaddan çıxarmayaq ki, Qoşulmama Hərəkatı böyük bir qüvvədir və bir sıra qitələrin dövlətlərini özündə cəmləşdirir. Bu mənada Azərbaycan bu hərəkatdan səmərəli istifadə etməlidir. Çünki biz tək üzvlüklə kifayətlənib bu hərəkatda passiv qalmamalıyıq. Mütləq 120 dövlətin diqqətini bizi narahat edən məsələyə cəlb etməliyik.

 Hazırda Ermənistan və Rusiya bu hərəktda müşahidəçi qismində yer alıb. Bütün hallarda bizim məsələ onların səsindən asılı deyil.

 

“Kiminsə bizə yardım edəcəyini gözləməməliyik”

 

- Ən nüfuzlu beynəlxalq təşkilat olan BMT və digər təşkilatların münaqişələrlə bağlı qəbul etdiyi qərarların icrasında boşluqlar var. Məhz Qoşulmama Hərəkatı sülhün beynəlxalq hüquq müstəvisində təmini üçün vaxtilə qəbul olunan belə sənədlərin icrası ilə bağlı hansı təsirlərə malikdir və Azərbaycanın mövqeyinin xətt üzrə dəstəklənməsi nə dərəcədə mümkün görünür?

 

- Hesab edirəm ki, əgər beynəlxalq qurumlarda Azərbaycanın maraqlarına cavab verən qərar və qətnamələr qəbul olunursa, deməli, bizim öz torpaqlarımızı azad etməyə hüququmuz var. Yəni öz ölkəmizdə ərazilərimizi işğaldan azad etmək üçün kiminsə bizə yardım edəcəyini gözləməməliyik. Hansısa aparıcı dövlətdən ya “hə”, yaxud “yox” cavab gözləməyə ehtiyac yoxdur. Torpaqlarımzın işğaldan azad olunması ilə bağlı sənədlər varsa, biz özümüz birinci növbədə bunun həllinə çalışmalıyıq. Özümüz təşəbbüs göstərib, real hərəkətdə olmalıyıq. Düşünürəm ki, biz kiminsə sözünə baxıb, kiməsə arxayın olmalı deyilik. Biz nə qədər güclü olsaq, bu bizim gələcək əməllərimizə hərəkətlərimizə yeni bir nəfəs verəcək və bizə əsas verəcək ki, bu istiqamətdə daha ciddi addımlar ataq.

 

“Torpaqlarımzı işğaldan azad etmək prinsipindən geri çəkilməməliyik”

 

- Reallıq budur ki, torpaqlarımızın işğaldan azad olunmasına hüququmuz çatsa da, beynəlxalq güclərin əks təzyiqləri ilə buna imkan verilmir. Bu da belə bir təəssürat yaradır ki, bizi nüfuzlu qurumlarda üzv edən güclər, əvəzində bizi öz ərzilərimizi işğaldan azad etmək istəyindən  yayındrmağa çalışırlar.

 

- Əgər biz Qoşulmama Hərəkatına qoşulmuşuqsa və onun tam hüquqlu üzvüyüksə, bu heç də o demək deyil ki, torpaqlarımzın azad olunmasına biganə qalmalıyıq. Biz heç kəsə söz verməmişik ki, torpaqlarımızı azad etməyəcəyik. Biz hansı beynəlxalq təşkilata üzv olsaq da, öz torpaqlarımzı işğaldan azad etmək prinsipindən geri çəkilməməliyik. O ki, qaldı beynəlxalq qurumların verilən qərarlara biganə yanaşmalarına, bəli, bu heç kəsə sirr deyil ki, Azərbaycanın probleminə qarşı ikili yanaşmalar, ikili standartlar, eləcə də  eyni proseslərə müxtəlif yanaşmalar var. Məsələn, İspaniyada Kataloniya, Fransada Korsika və sair oxşar məsələlərə fərqli yanaşmalar oldu. Biz bu yaxınlarda erməni separatçısını qəbul edib saziş imzaladıqları üçün Fransaya bəyanat verdik. Biz özümüzə öhdəlik götürmüşük ki, belə haqsızlıqlara qarşı adekvat addımlar ata bilərik.

 

“Heç kəsə söz verməmişık ki, işğal altında qalmağımıza dözəcəyik”

 

- Məlumdur ki, 1994-cu ildə Dağlıq Qarabağ cəbhəsində  atəşkəs elan olunandan sonra bu missiya ATƏT-in Minsk Qrupuna həvalə olundu. O cümlədən, münaqişənin sülh yolu ilə həlli məsələsinin üzərində dayanıldı. Sizcə ATƏT-in bu missiyası Azərbaycanın öz torpaqlarını hərb yolu ilə işğaldan azad etməsinin qarşısnı nə dərəcədə alıb?

 

- Bəli, Minsk qrupu vasitəçilik statusunu alıb və bu quruma tapşırılıb ki, həmsədrlər bu məsələdə bir sıra təşəbbüslər irəli sürsünlər və münaqişəni beynəlxalq hüquq normaları çərçivəsində dinc yolla həll etsinlər. Biz 1994-cü ildə bununla razılaşdıq. Amma biz heç kəsə söz verməmişık ki, 2018-ci ilə qədər işğal altında qalmağımıza dözəcəyik. Əgər 90-cı illərdə bu məsələdə Minsk qrupuna ümidlərimiz böyük idisə, indi görürük ki, açıq şəkildə Ermənistanın tərəfində dayanırlar. Onlar bizi sülhə, kompramisə, danışıqlara çağırır, razılığa gəlməyə dəvət edirlər. Axı belə bir halda hansı razılıqdan söz gedə bilər.  Azərbaycanın Dağlıq Qarabağ ərazisindən savayı, əlavə 7 rayonumuz da işğal altında qalıb. Bu faktlar bizim beynəlxalq təşkilatlarla bağlı ümidlərimizi puça çıxarıb. Artıq həmin o strukturlara, aparıcı dövlətlərə güvənimiz yoxdur. Çünki onlar əllərindən gələni etdilər ki, məsələ olduğu kimi yatızdırılsın. Amma biz buna imkan vermədik. Onlar başa düşürlər ki, bu torpaqlar gec-tez azad olunmalıdır. Biz Minsk qrupunun fəaliyyətini neqativ qiymətləndirərək öz məqsədlərimizə çatmalıyıq.

 

- İstər-istəməz belə bir fikir də yaranır ki, əgər ATƏT, BMT, Avropa Şurası işğal faktına bu cür laqeyd yanaşırsa, Rusiya, Fransa, ABŞ-ın Azərbaycana münasibətində ikili standartlar varsa, o zaman Qoşulmama Hərəkatı nələri dəyişə biləcək?

 

- Düzdür. Amma bu məsələnin əks tərəfi də var. Qərb ölkələri biganədir, Rusiya açıq şəkildə Ermənistanı dəstəkləyir. Minsk qrupu ikili standartlar nümayiş etdirir. Biz belə vəziyyətdə də heç bir təşkilatdan, heç bir dövlətdən imtina etmirik. Biz sadəcə olaraq reallığı əks etdirib həqiqəti deyirik.

Ona görə də bizim Qoşulmama Hərəkatına daxil olmağımız tam təbii bir prosesdir. Əgər bu qurumlar biganəlik nümayiş etdirirlərsə, biz heç kimi gözləməli deyilik. Bütün vasitələrdən - beynəlxalq təşkilatlardan, dövlətlərdən istifadə etməliyik. Əgər  2011-də BMT-də bizi qeyri-daimi üzvlüyə qəbul edərkən 155 dövlət dəstəkləyibsə, bu gün Qoşulmama Hərəkatında olan 120 dövlət də o 155-in içərisindən çıxıb. Bu məsələdə diplomatik, siyasi məqamlar da çoxdur. Biz bundan istifadə etməliyik. Biz heç kəsdən kömək gözləmədən, həm diplomatik, həm siyasi yolla hərbi potensialımızı istifadə edərək strateji məqsədlərinizə çatmalıyıq. Qoşulmama Hərəkatı çərçivəsində belə konfransların keçirilməsi strateji yolda bir mərhələdir.

 

T.Qafarlı
Versus.Az

Xəbər lenti

InvestAZ

Ən çox oxunan xəbərlər

Regionda yeni cəbhə AÇILIR?

"YENİ XƏTT"dən mitinq çağırışlarına qarşı BƏYANAT

Tibb elminə həsr olunmuş ömür...

Vətəndaşları işə düzəltmə adı ilə necə aldadırlar?

Ölümün qorxduğu cərrah - Mübariz Əliyev - 65

Böyük alim, sədaqətli ömür gün yoldaşı, qayğıkeş ana...

Xalq artistlərinin möhtəşəm gecəsi

Ermənistanın buqələmun siyasəti

DREAM Fest 2024-ə 100 gün qaldı

Radikalların QRANT SAVAŞI BAŞLAYIR

“İran-İsrail arasındakı müharibə hər an şiddətlənə bilər”

Nura Surinin “Dünyaya qəribəm” klipi

“Həmkarlar”ın üzvü deyilsənsə, heç kim hüquqlarını müdafiə etməyəcək”

İncəsənətimizin RAMİZİ…

Məişət zorakılığından zərər çəkmiş şəxslərlə bağlı