“Qorxmasınlar, gəlsinlər Həmkarlar Birliyinə üzv olsunlar”

11:00 22-06-2023 | icon 1035 | Cəmiyyət
“Qorxmasınlar, gəlsinlər Həmkarlar Birliyinə üzv olsunlar”

Xəzər Teyyublu: “Konfederasiya müəllimin hüquqlarını qorumursa, gəlib Müstəqil Həmkarlar Birliyinə üzv olsun, onu müdafiə edəcəyik”

 

Cəmiyyətin bütün fəaliyyət istiqamətlərinin qanunauyğun şəkildə düzgün nizamlanması, paralel ictimai nəzarət funksiyasının işlək və operativliyini tələb edir. Sosial sistemin formalaşması, sivil inkişafı tənzimləyən əsas faktorlardan biri kimi Vətəndaşın məşğulluğunu, sosial, iqtisadi, mədəni təminatını, eyni zamanda əmək hüquqlarının bütün sahələr üzrə müdafiəsi zərurətini də ortaya çıxarır. Əslində sosial sistem özü hüquq-müdafiə təşkilatlarının fəaliyyətini təbii olaraq aktivləşdirir.

 

Belə təşkilatlardan biri də Müstəqil Həmkarlar Birliyidir (MHB). MHB fəaliyyətini hansı ideya və məqsədlərlə davam etdirir?

 

Bu istiqamətdə Versus.az-a müsahibə verən MHB-nin sədr müavini Xəzər Teyyublu maraqlı məqamlara toxunub.

 

- Xəzər bəy, Müstəqil Həmkarlar Birliyinin fəaliyyətinin əsasında daha çox idarəedici orqanlarla vətəndaş arasında əlaqələrin yaradılması, bu fonda vətəndaşların maarifləndirilməsi, paralel ictimai fikrin formalaşması ideyasının dayandığını qeyd edirsiz. Birliklə bağlı görülən işləri necə dəyərləndirirsiz?

 

- Biz iki aydan artıqdır ki, fəaliyyət göstəririk. Bu iki ay müddətində görülən işlərin əhatəsi və spektorları genişdir. Birlik kütləvi tədbirlərdən tutmuş, mühüm günlər kimi qeyd olunan təqvimlərdə belə uşaqları, ahılları unutmur, dövlətin əsas kapitalı olan insan, insanlara qayğının, onun dəyərinin mahiyyətini öz fəaliyyəti ilə bir daha vətəndaşa aşılayır. Birlik olaraq belə humanitar tədbirlərdən birini 1 iyun uşaq günü ilə bağlı Əlil Uşaqların Reablitasiya Mərkəzində keçirtdik. Uşaqlarla keçirdiyimiz görüşü xüsusilə qeyd edirəm və ümidvaram ki, ayrı-ayrı təşkilatlar da bunu etməlidir. Eyni zamanda birliyin rəhbəri Fuad Əliyev başda olmaqla, digər nümayındələrimiz vaxtaşırı Şəhid ailələri ilə görüşlər keçirir, qazilərin problemləri ilə maraqlanır, onlara səlahiyyətimiz çərçivəsində dəstək olmağa çalışırıq.

Eləcə də hər gün vətəndaşlar tərəfindən birliyə ünvanlanan sualları, şikayətləri araşdırır, hər biri ilə bağlı ayrı-ayrılıqda tədbirlər görməyə çalışırıq. Vətəndaşlarla keçirdiyimiz sıx görüşlər bizdə belə bir qənaəti yaradır ki, insanların öz hüquqlarının müdafiəsi üçün maariflənməyə ehtiyacı var. Qeyd edim ki, insanlar bizə şikayətə gələndən sonra düşünürlər ki, sözlərini dedilərsə, məsələ tez bir zamanda həll olunmalıdır. Amma vətəndaş bilməlidir ki, problem varsa və bu günə qədər həllini tapmayıbsa, onun həlli də müəyyən vaxt apara bilər. Çünki Həmkarlar Birliyi olaraq biz əvvəlcə şikayəti araşdırır və nə qədər haqlı olduğunu, hüququnu və problemin həllinin nə qədər real olduğunu izah edirik.

 

- Əgər vətəndaş şikayətində haqsızdırsa, o zaman hansı tədbirləri görürsüz?

 

- Təbii ki, ona haqlı olmadığı izah edilir. Bu yaxınlarda I Qarabağ müharibəsində iştirak edən qazi bizə müraciət etdi. Vətəndaş müharibədə başından yaralanıb və uzun müddət əlilliyə görə  müavinət alıb. Sonradan müavinəti kəsilib. Biz şikayət əsasında məsələni araşdıran zaman məlum oldu ki, həmin şəxs baş nahiyyəsindən aldığı zədə ilə bağlı uzun müddət müalicə alıb və artıq xəstəxanalardan aldığı epiqraz ona əlilliyin verilməsi üçün yetərli sayılmır. Təbii ki, ona vəziyyətini izah edəndən sonra durumu anladı. Təbii ki, görülən bu yönümlü işlər maarifləndirmə xarakteri daşıyır.

 

“İstəyirik ki, bizim Birlik gələcəkdə vətəndaşlarımızın inam və güvən yeri olsun”

 

- Müstəqil Həmkarlar Birliyi vətəndaş cəmiyyəti institutudur və siz də qeyd etdiyiniz kimi, ictimai fikrin formalaşdırılması fəaliyyətinizin istiqamətlərindəndir. İş prosesi necədir və hansı çətinlikləriniz olur?

 

- Vətəndaş cəmiyyətləri konkret olaraq dövlət və cəmiyyətin bazasında formalaşır. Təbii ki, belə bir baza daxilində İctimai fikrin formalaşması nəzarət funksiyasını daşıyır. Söhbətlər, müzkirələr, dinləmələr və təhlillər aparılaraq üzə çıxır. Sosial sfera ilə sıx təmasların qurulması problemin əsasını tapmağa və onun həlli istiqamətində düzgün hədəflərin, təkliflərin verilməsinə imkan yaradır. Həmkarlar Birliyi işəgötürənlə, işçi arasında əlaqə yaradan bir qurumdur. Həmkarların vasitəsi ilə işlə təmin olunan şəxs və işə götürən arasında hüquqi, münbit əməkdaşlıq yaranır ki, burada işçinin əzilməsinə imkan verilmir. Bu gün cəmiyyətin ən böyük problemi bu sahədə olan bilgisizliyidir. Əksər hallarda vətəndaş işləyir, amma hüququnu bilmir. O elə bilir ki, müdir nə desə, o da olmalıdır. İşçi əmək hüquqlarının qorunmadığını bildiyi üçün çox vaxt müdirindən nə isə tələb etməyə qorxur, deyir məni işdən çıxarar, güvən yerimiz yoxdur. Həmkarlar birliyi cəmiyyətdə o güvəni yaratmaq istəyir. İnsanlar qorxmasınlar, gəlsinlər fərdi, yaxud kollektiv şəkildə Həmkarlar Birliyinə üzv yazılsınlar.

Məsələn, müəllimlər Həmkarlar İttifaqı Konfederasiyasının üzvüdürlər. Əgər müəllimin hüquqları üzvu olduğu Həmkarlarda qorunmursa, qorxmasınlar gəlib Birliyimizə (MHB) üzv olsunlar, biz onları müdafiə edəcəyik. Bu gün Həmkarlar İttifaqı Konfederasiyası özü bir QHT-dir, amma bunu bizə elə təlqin ediblər ki, guya hökumətin qurumudur, xeyir. Üç ildən bir müqavilə dəyişir. Vətəndaşın - işçinin haqqıdır ki, o Konfedersiyanın üzvü olmasın, bizim Müstəqil Həmkarlar Birliyinə qoşulsun. İstəyirik ki, bizim Birlik gələcəkdə vətəndaşlarımızın inam və güvən yeri olsun. Vətəndaşlar ictimai sferada öz sözünü deyib, haqlarını tələb etməkdən qorxmasınlar.

 

““Mən ölüm, sən öl”lə müdir işçini yola verməklə istismar edir”

 

- Təkcə “qorxma-qorxma” deməklə də insanlara “öz haqqını müdafiə əzmi”ni aşılamaq olmur. Vətəndaşın öz problemləri ilə sizə gələnə qədər hansı işlər görülməlidir ki, qorxusu itsin. Məsuliyyət yenə kimin üzərindədir?

 

 

- Əslində işçi ilə müxtəlif fəaliyyət sahələri üzrə kollektiv əmək müqaviləsi bağlanır, amma bu, işçilərdən gizlədilir. İldə bir dəfə bu şəxslərə deyilir ki, müqaviləni artıracağıq. Bu adama vətəndaş, işçi kimi hüququnun nə olduğu izah edilmir. Vətəndaş, işçi bizə müraciət edənə qədər bilməlidir ki, hansı əmək müqaviləsi ilə işləyir və o müqavilənin bir nüsxəsi də onda olmalıdır. O əmək müqaviləsinin nüsxəsi işçiyə verilmir, ancaq müdiriyyətdə saxlanılır və o adamın işdən heç bir xəbəri olmur. Onu 8 saat yerinə 10 saat işlədirlər. Həmin 2 saatın kompensasiyası da verilmir. “Mən ölüm, sən öl”lə müdir işçini yola verməklə istismar edir. Biz işə bu cür yanaşmanı da vətəndaşlarımızın şüurundan çıxartmaq istəyirik. Əslində insanların işlə təminatı, məşğulluğu, eyni zamanda sosial müdafiəsinin təmintı, yaşam həyat fəaliyyəti sistemli şəkildə düzgün qurularsa, yaxud hüquqları pozulan vətəndaş məhkəməyə müraciət edərək haqqını ala bilərsə, insanların öz haqqını qoruması ilə bağlı problemlər də yaranmaz. Bir çox hallarda vətəndaş düşünür ki, məhkəməyə müraciət etmək boş vaxt itkisidir. Elə deyil. O yerdə ki, qanun vətəndaşın xeyrinədir, orda məhkəmə qırmızı xətti keçib hüququ poza bilməz. Yetər ki, vətəndaş burda haqqını-hüququnu qorumaq üçün müraciətini eləsin. Burada məsələ onun müraciəti necə etməsi ilə bağlıdır. Bunun üçün ictimai qaydada məhkəməyə yaxınlaşıb, məhkəməyə müraciət edə bilər. Çünki inzibati, mülki işlərlə bağlı müraciət çox asandır. Əmin edirəm ki, iş qanunla vətəndaşın xeyrinədirsə, o məsələ öz həllini tapacaq.

Əslində dövlət başçısının da dəfələrlə vurğuladığı kimi, ictimai nəzarət olmalıdır. Ölkədə kifayət qədər qeyri-hökumət təşkilatları, vətəndaş cəmiyyətləri var. Ona görə də problemlərin həlli məsələsi təkcə dövlət strukturlarının üzərinə düşməli deyil. Bu gün bizim gördüyümüz işlər də konkret dövlət strukturlarının görə biləcəyi işlərdir. Bir müəllimə Təhsil Nazirliyindən bir sosial ev ala bilmirsə, o, artıq Həmkarlar Təşkilatına müraciət etməməli, məsələni yerində həll etməldir, amma həll edə bilmir. Çünki ictimai nəzarət zəifdir. Biz də Azərbaycanda ictimai nəzarəti gücləndirmək, dövlətçiliyi gücləndirmək üçün bu işləri görürük. Vətəndaşa Azərbaycan dövlətinin qanunlarını, onun gücünü, qüdrətini nümayiş etdiririk.

 

- Müstəqil Həmkarlar Birliyinin rayonlarda öz şöbələrini qurması proses necə gedir?

 

- Həmkarlar Birliyi partiya deyil. Əgər bölgələrdə şöbələri yaranırsa, bu o demək deyil ki, təşkilat ancaq öz üzvlərindən ibarət olmalıdır, xeyir. Biz çalışırıq ki, hər bir sahədə çalışan insanlar Həmkarlar Birliyində olsun və biz yerlərdə təşkilatlarımızı quraq. Bu gün hələ ki, rayon təşkilatları yaranır. Məsələn, bu yaxınlarda MHB-nin tam heyəti olaraq Şamaxı təşkilatını təsis elədik. Digər 4-5 rayondan da bizə müraciətlər var. Artıq onların texniki-təşkilati işlərini görürük. Yəqin ki, rəhbəriyin də həmin bölgələrə səfərləri olacaq. Çox ciddi şəkildə işlər gedir.

Həmkarlar Birliyi çox rəğbətlə qarşılanır. Çünki insanlar öz problemlərini bizə deməkdən çəkinmirlər. Həmkarlar Birliyi millətin, xalqın, vətəndaşın, zəhmətkeşin, yanındadır. Biz kollektivləri, işçiləri Həmkarlar Birliyinə cəlb etməkdə maraqlıyıq. Hədəfimiz vətəndaşın sosial rifahını yaxşılaşdırmaqdır.

 

T.Qafarlı

Xəbər lenti

InvestAZ

Ən çox oxunan xəbərlər

Regionda yeni cəbhə AÇILIR?

"YENİ XƏTT"dən mitinq çağırışlarına qarşı BƏYANAT

Tibb elminə həsr olunmuş ömür...

Vətəndaşları işə düzəltmə adı ilə necə aldadırlar?

Ölümün qorxduğu cərrah - Mübariz Əliyev - 65

Böyük alim, sədaqətli ömür gün yoldaşı, qayğıkeş ana...

Ermənistanın buqələmun siyasəti

Xalq artistlərinin möhtəşəm gecəsi

DREAM Fest 2024-ə 100 gün qaldı

Radikalların QRANT SAVAŞI BAŞLAYIR

“İran-İsrail arasındakı müharibə hər an şiddətlənə bilər”

Nura Surinin “Dünyaya qəribəm” klipi

“Həmkarlar”ın üzvü deyilsənsə, heç kim hüquqlarını müdafiə etməyəcək”

İncəsənətimizin RAMİZİ…

Məişət zorakılığından zərər çəkmiş şəxslərlə bağlı