SİYASİ PODİUMDA BÖYÜTMƏ FORMULASI

14:17 04-10-2019 | icon 168 | Köşə
SİYASİ PODİUMDA BÖYÜTMƏ FORMULASI

İGİD TEYMURLU

 

 Bu gün Azərbaycanda siyasi podiuma çıxarılanların və çıxanların “standartlara uyğunluğu” (guya ki, “ana, radikal, real, demokrat, liberal, millətçi, həmrəy, istiqlalçı, türkçü, solçu, sağçı, sosial demokrat, kommunist, vəhdətçi, islahatçı, milli dirçəlişçi, respublikaçı, yeni, köhnə azərbycanlı, müsavatçı, ana vətənçi, kəndçi, xalqın cəbhəsi, vahid, böyük, bütöv azərbaycançı, hərəkatçı, sosial ədalətçi, böyük quruluşçu, saymaqla bitməyən gapçı, gopçu) heç də onların adlarında təsbit olunan gerçək parametrləri deyil, biçilən donun kəramətinin, oynanılan rolun mahiyyətinin və hakimiyyətlə Qərbin Böyütmə Formulasının təzahürüdür, vəssalam! 
Müxalifətd(l)ə və hakimiyyətd(l)ə olan bu adamlar boyunlarına qoyulan missyanın daşıyıcılarıdırlar. 

Əşhədü billah bu adamlar rejissor pultu arxasından idarə olunan oyunçulardır, səhnəyə suflyor və dublyor qismində çıxarılırlar..

Əşhədü billah bu adamlar həm keçici olan hakimiyyətlərin və həm də Qərbin maraqları çərçivəsində pərvazlanırlar...

Əşhədü billah bu adamların xalqın adından danışma jestləri siyasi ritorikanın tərkib hissəsidir, gerçəyin özü deyil. Axı bunu sizlər məndən də yaxşı bilirsiniz ki, zatən kiminsə siyasi hakimiyyətə gəlməsi və kiminsə siyasi hakimiyyətdən getməsi heç zaman xalqın marağında olmayıb. Amma yerini qorumağa çalışan və o yer uğrunda əlləşən bu “qüvvələr” hər zaman xalqın adından istifadə edərək özlərinin daha böyük vücudlarıyla görüntü yaratmağa çalışıblar...

Əfəndim, əgər bu adamlar özlərini “xalqın hüquqlarının təmin edilməsinin çarçısı” kimi göstərirlərsə, onda nədən bu adamlar elə xalqın Baba Pünhanın təbirincə desək, “it günündə” olmasıyla eyni aqibəti yaşamırlar!? İqtidarlı, müxalifətli hansı bir siyasətçinin (hətta adını belə eşitmədiyiniz guya ki, “partiya” olan qurum sədrinin də) “gül balaları” elə “xalxın balaları” kimi hambal bazarında dayanıb bir loxma çörək həsrətilə o maşının, bu maşının dalısınca yürüyür. Amma bu adamların uşaqları da elə tənqid etdikləri hakimiyyətdə təmsil olunanların övladları kimi keyfü damaqdadır. Yoxsa bunlar yaşayan məmləkətin adı Azərbaycan deyil, yaxud Allahü-Təala elə bütün lütfünü bunlara göstərib!?...

Xalqın ürəyi də əllərinin içi kimi cadar-cadardır, amma bu adamların əllərinə baxın, uydurduqları Mediçinin əllərinin bənzəridir..

Xalqın balaları işsiz, gücsüz qul bazarlarında can çürüdür, amma bunların balaları hakimiyyətdə təmsil olunanların balaları səviyyəsində yaşayırlar.

Xalqın nümayəndələrinin bir qismi elə onların özlərinin dediyi kimi qazanda yalxı su qaynadıb övladlarına şirin nağıllar danışa-danışa onları yuxuya verirlər, amma bunlar dünyanın ən isti bucaqlarında kef məclisləri qurur, bal aylarını ən elit məkanlarda düzənləyirlər.

Xalqın nümayəndələrinin övladları Murovun şaxtasında yurdun keşiyində dayanıb, amma bunlar təhsil, iş, müalicə adı altında  “heç olmasa övladımız yaxşı yaşasın” deyib min cür yollarla xaricə qaçırırlar...

Lotu lotuyanə mənə deyin görüm, hanı bu müstəqilliyimizi qazanandan üzü bu yana formalaşan müxalifət? Əgər formalaşa bilməyibsə, demək ki, günah hakimiyyətlərdə olub. Çünki axı siz də tez-tez deyirsiniz ki, güclü iqtidarın güclü müxalifəti olar. Əfəndim, öylədirsə, bəs hanı o güc, hanı o müxalifət?  

Və bu cür misallar saymaqla bitməz..

Zaman gedir, bu adamların oyunları da bitmir ki, bitmir...

Ssenari belə yazılıb – Qərbin, rusun, farsın və bir az kiçik formatda da hakimiyyətin yazdığı ssenari...

Ay irəhmətliyin uşaqları, Yaqub müəllim “biz böyük oyunun peşkalarıyıq” deyəndə elə belə şeyləri görüb deyirdi də...Sadəcə olaraq, o zaman oyun böyük səhnələrdə oynanılırdı, indisə Azərbaycan məkanında...

AXCP-də, AMİP-də, ADP-də, VHP-də, Müsavatda, Ədalətdə kimlər yox idi? Hanı o siyasətçilər? Kimlər dağıtdı bu birliyi? Haçalanmalara istiqamət verən kimlər oldu? Bu qurumlardan qopub gedənlərə kimlər həyan oldu? İndi həmin adamlar hansı siyasi qurumda, hansı düşərgədə öz fəaliyyətlərini sürdürməkdədi? Və bu siyasətdə təzə-təzə bığ yeri tərləyən oyunbaz uşaqlar dayaq duran kimlərdi?

Qardaşım, əgər bu adamlar öz təbirinizcə desək, əgər “satqın çıxıb hakimiyyətə sığınıblar”sa, onda günahkar özünüzsünüz və zatən YAP hakimiyyəti qarşısında manevr etmə təcrübəsizliyinizi, zəifliyinizi, mağmunluğunuzu boynunuza alın. Deməli, sizin məntiqinizdən belə çıxır: YAP güclüdür ki, sizləri içinizdən darmadağın etməyi bacarıb. Onda analoji olaraq yenə də ortaya sual çıxır. Məsələn, bir elə, sən filan...kəs əgər bu gün bir YAP-ın manevr etmə imkanları qarşısında aciz qalırsansa, onda sabah heç şübhəsiz ki, böyük güclərin, qlobal oyunların qurbanı qismində Azərbaycanın param-parça edilməsindən xəbərin olmaz, keçirilən danışıqlarda sənin özünə beynəlxalq güclər elə torba tikərlər ki, elə oradaca boğularsan. Necə ki bunu bir zamanlar Stalin Tehran konfransında Çörçill üçün etmişdi. Onda mən sənin nəyinə bel bağlamalıyam!?

Bəlkə belə deyil, əziz YURD aşiqləri olaraq ƏLİ adı çəkiləndə bütöv cəmiyyətin adından “radiallahu anhu” oxuyanlar!?
Bəlkə belə deyil, uydurduqları düz İLQARından dönmək istəməyənlər!?
Bəlkə belə deyil, özünü bu yurdun varoluşunda QURBAN vermək istəyib tək davrananlar!?
Bəlkə belə deyil, özünu MİLLİ adlandıranlar!?
Bəlkə belə deyil, məmləkətin orta bucağında özünə isti yuva tapıb okeanın o tayında SEVİNC axtaranlar!?

Bəlkə belə deyil, yaşam üçün Avropadan alınan qrantları özünə QƏNİMƏT bilib “sosial mühacir” axınını tənzimləyən cəbhə əhli!?

Bəlkə belə deyil, Azərbaycan adına XALQ HƏRƏKATI formalaşdırıb 5-6 nəfərin korporativ maraqlarının dalısınca yürüyənlər!!?

Bəlkə belə deyil, QARABAĞın erməni tapdağı altında inləməsindən özünə siyasi divident qazanmağa çalışan KOMİTƏ həvəskarları!?...

Bəlkə belə deyil, Araz aşığından, Kür topuğundan  olan əsrimizin SİYAVUŞU!?....

Belə, ey əbaya qurşananlar, belə. Özünüzü yormayın, kənardan hər şey gözəl görünür. Buna görə heç qəfil gün doğmasına da ehtiyac yox. Qarabağı addım-addım bizdən uzaqlaşdıran bax sizlərin oynadığınız oyunlardır, yalandan kimlərisə ittiham etməyin. Mən də xalqın bir nümayəndəsi olaraq yenə də o fikirdəyəm ki, bu günün siyasi podiumuna çıxarılan sizlərin 90-60-90-lığı heç də gerçək parametrləriniz deyil, biçilən donun kəramətinin, oynanılan rolun mahiyyətinin və hakimiyyətlə Qərbin Böyütmə Formulasının təzahürüdür, vəssalam! 

 

Xəbər lenti

InvestAZ

Ən çox oxunan xəbərlər

"Qubanı Milli Məclisdə təmsil etmək iddiasındayam"

Qarabağa gedən Yolumuz və ölü erməni

"Boykot taktikasına əl atan istənilən siyasi qüvvə iflasa uğrayacaq"

713- ün HOÇAZDA SON ŞƏHİDİ

Həkim-terapevt Seboreya xəstəliyinin yaranmasına təkan verən patologiyalardan danşdı

“Gülsam”-ın Uşaq şöbəsinin dərnək üzvləri xeyriyyə satış-yarmarkası təşkil edəcək

"Qadınlar yüksək vəzifələrdə daha çox təmsil olunmalıdırlar" - FOTO

"Xocalı Soyqırımını Tanıtma" ictimai birliyindən nəcib təşəbbüs

"Buyurun, artıq növbədənkənar seçkinin astanasındayıq"

Növbədənkənar seçkiləri labüd edən məqamlar

Yeni ildə bir həftə iş olmayacaq

Dietoloqlar sirri açdılar

60-ın astanasında...

“Həyəcan” düyməsi

Flora Kərimova İlhamə Quliyeva haqqında bunları dedi