Məleykə Alı qızı ADMİU-dakı özbaşınalıqdan yazdı

15:43 09-10-2019 | icon 135 | Cəmiyyət
Məleykə Alı qızı ADMİU-dakı özbaşınalıqdan yazdı

Mehriban xanım Əliyeva ilə görüşüb, bu universitetlə bağlı narahatlıqlarımı onunla bölüşərək ürək çırpıntılarıma son qoyulmasını istəyirəm

 

Versus.Az Müstəqil.Az-a istinadən ADMİU-nin dosenti, sənətşünaslıq üzrə fəlsəfə doktoru, bədii qiraət ustası, universitetin sabiq müəllimi Məleykə Alı qızı Məmmədova universiterdeki özbaşınaluqlarla bağlı Dövlət  başçısı,  İlham Əliyevə və Vitse-Prezident, xanım Mehriban Əliyevaya ünvanladığı açıq məktubu olduğu kimi yayınlayır:

 

Sabiq xanım rektor Fərəh Əliyevanın təbirincə desək, gözəl ənənələrə malik olan Azərbaycan Dövlət Mədəniyyət və İncəsənət Universiteti onun rəhbərliyi dönəmində “yeniliyə” açıq olmuş, dövlətin təhsil, mədəniyyət haqqında qanun və strategiyası istiqamətində “narahatedici məqam”ların universitetə proyeksiya olunmasının qarşısı alınmışdır.

 

“Narahatedici məqamlar”la bağlı bir qədər sonra. Sabiq universitet rektorunun söz etdiyi “yeniliklər”, daha dəqiq desək “inqilabi dəyişiklik”lər teatr sənətiylə bağlı bir çox ixtisas və fənlərin “büdcə çatışmazlığı” bəhanəsiylə ixtisara salınması və əksər ixtisaslı kadrların, nəinki təcrübəli kadrların, yəni dosent, professor və müəllim heyətinin, eyni zamanda elmi dərəcəli gənc kadrların da kütləvi şəkildə “vurulub” sıradan çıxarılmasıyla müşaiyət olunmuşdur.

 

Hələ keçən əsrin 80-ci illərində sovet “imperializminin sərhədləri”ni aşaraq milli teatr ənənələri ilə bağlı bir çox ixtisas və fənlərin tədrisinə şərait yaradılğı halda, təkcə “Teatr sənəti” ilə bağlı çeşitli poetikaya, fərqli dramaturgiyaya (pyes və ya ssenari dramaturgiyası), müxtəlif  quruluş eksplikasiyasına əsaslanan “Teatr rejissorluğu” ixtisaslarının bir tək “Dram rejissoru” ixtisası altında tədrisə cəlb olunması əski sistemə rəğbət hissinin ifadəsi deyil, bəs nədir?

 

Bir anlığa təsəvvür edin, Tibb Universitetində bütün ixtisaslar (“nevralogiya”, “urologiya”, “kordiologiya”, oftalmologiya”, “onkologiya” və s.) “müalicə-pofilaktika işi” ixtisası adı altında birləşdirilir. Praktikada bunun verə biləcəyi acı nəticələr haqqında düşünmək belə ağrılıdı.

 

Nə yazıq ki, günümüzdə Mədəniyyət və İncəsənət Universiteti bu ağrılı “sınaq”lardan keçməkdədir. Son beş ildə ixtisaslı mütəxəssislərin rəyi nəzərə alınmadan bir çox ixtisas sahələrinin ləğv olunması, “pıçınkası vurulan” sahələrin isə fərqli ixtisas kafedraları ilə birləşdirilərək bir “boyunduruğa” salınması, həmçinin “Teatr, televiziya və kino rejissorluğu” ixtisaslarına ayrılan “fərdi saat”ların “Tədris planı”ndan tamamilə sıxışdırılıb çıxarılması (əgər əvvəllər sənət  ixtisaslarının hər birinə semestr ərzində 110-120 saat qrup, 170-180 saat fərdi məşğələlər ayrılırdısa, son beş ildə bu “fərdi saat”lara “ehtiyac qalmamışdır”), əvəzində profilə uyğun olmayan ixtisasların (“musiqi müəllimi” – ildə 20-25 tələbə; “rəsmxət müəllimi”- ildə ildə 60 tələbə; “kitabxanaçılıq” – ildə  27-28 tələbə və s.) “peyda” olması və s. bu kimi məsələlər fikrimizə bariz nümunədir.

Son illər respublikamızın, demək olar ki, bütün ali təhsil ocaqlarında (hətta litsey və kolleclərdə də) “nitq mədəniyyəti”nə xüsusi yer ayrıldığı halda, sənət universitetində “danışıq mədəniyyəti”nə dırnaqarası münasibət anlaşılan deyil. Bununla bağlı narahatçılıq keçirənlərə “Tədris işləri üzrə prorektor”un verdiyi cavab daha “orjinal”dı: “Tələbə evdə aynanın önündə dayanıb özü-özü ilə məşq etsin. Qoy, bu da olsun onun “fərdi saat”ı”. Məntiqə baxın! Ayna qarşısında məşq etməklə sənətkar olmaq mümkündürsə, o zaman “teatr təhsili”nə nə ehtiyac qalır ki? Qapadın getsin!

 

Mədəniyyət və İncəsənət Universitetinin sabiq xanım rektoru, sovet təhsil sistemi ilə bu günki təhsil prosesini qarşılaşdırarkən, “əvvəlki sistemdə təhsil yaddaşa söykənirdi” qənaətinə gəlir: “Müəllim biliyini tələbəyə öyrədir, tələbə praktikada onu tətbiq edirdi”. Yəni, əvvəllər tələbə öz müəllimini kor-koranə təqlid edirdisə (?), bu gün gərəkdir ki, “verilən biliklər, vərdişlər (vərdişlər verilmir, qazanılır, əldə edilir- müəllif) universitet daxilində səriştəyə (“vərdiş”ə demək istəyib) çevrilsin”. Əgər sabiq rektor, sənətlə bağlı bir təhsil ocağının, həm də “labaratoriya” rolunu oynayan auditoriyalarında verilən biliyin bacarıq və vərdişə çevrilməsi prosesinin necə gərgin əmək və böyük zəhmət tələb etdiyini  nəzərə almış olsaydı, ilk növbədə ixtisasla bağlı fənlərin “fərdi saat”a olan ehtiyacını ödəməyə çalışardı. “Tələbə aldığı biliyi”(təkcə biliyi deyil, bacarıq və vərdişləri də) yalnız “komanda şəklində (hər halda “kollektiv” şəklində demək istəyib) inkişaf etdirə bilər”. Səhnə sənətindən xəbəri olmayanlar belə yaxşı bilir ki, teatr  kollektiv sənət olduğundan o, bütöv bir orkestri xatırladır. Və əgər musiqiçi ona verilən sənət əsəri üzərində fərdi şəkildə işləməzsə, o halda bu orkestrin çıxışı “üç badam bir qoz”dan başqa bir şey olmayacaq…

 

Sabiq xanım rektor, “biz, həm də çalışırıq ki, tələbələr universitetdə təkcə təhsil almasınlar, həm də maraqlı həyat yaşasınlar. Mən rektor kimi çox istəyirəm ki, bizim tələbələr “universitetə gəldim, dərsim bitdi, getdim” niyyəti ilə yaşamasınlar”deyir. Əslində bu universitetdə əsil “maraqlı həyat”, tələbənin öz sənət müəllimi ilə, bəzən gecə saatlarına qədər sənət axtarışında olması ilə şərtlənir.  Çox yaxın keçmişə qədər bu, bir ənənə halını alsa da, günümüzdə bu ənənədən əsər-əlamət qalmamışdır…

 

…Universitetin üçüncü kursunda birdən-birə, nədənsə Mehdi Məmmədovun tələbəsi olmaq həvəsinə düşmüşdüm. Bunun üçün rektor Aslan Aslanova müraciət etmişdim. Akademikin mənə verdiyi cavaba diqqət edin: “Mehdi Məmmədov olan yerdə mən heç kiməm. Sən çalış, öncə onun  razılığını al”. Xatırladım ki, Mehdi müəllim, o vaxtlar “kafedra müdiri” vəzifəsində çalışırdı. Bu gün, çox təəssüf hissi ilə qeyd etmək olar ki, bizim universitetin kafedra müdirlərinin “status”u “laborant”lıqdan o yana keçmir. Ona görə də onlar öz ixtisaslı mütəxəssisinə, nəinki sahib çıxır, ona dəstək olur, ayni zamanda ixtisas fənləri ilə bağlı prinsipial məsələlərdə belə mövqe sərgiləməkdə çətinlik çəkirlər. Universitetdə əsas səlahiyyətlərin, “Tədris işləri üzrə prorektor”un əlində cəmlənməsi də kimsəyə sirr deyil. Belə olmasaydı canlı yayına dəvət olunduğum üçün kafedra müdirinin razılığını aldığım halda prorektor, “sən bir tək məndən icazə almalıydın” deyib izahat tələb etməzdi. Sənət adamı olduğumu xatırladanda isə, “sənət adamısan, get, teatrda işlə”deməzdi.

 

Əgər, həqiqətən də sənət adamının universitetə aidiyyatı yoxdursa, o zaman teatr müəssisələrindən bu təhsil ocağına “kütləvi axın”ın qarşısı nədən alınmır? Universitet şou-biznes sahəsi deyil ki, rəhbərlik “titul”lu adamların adlarının kölgəsində populizmə yuvarlansın?! Haqlı olaraq universitetin əsas gücünün onun akademik personalında görən sabiq xanım rektor, görəsən niyə unudur ki, ixtisasla bağlı proqramların, metodiki vəsait, dərs vəsaitləri və dərsliklərin hazırlanması üçün illərin təcrübəsinə (və xüsusilə də pedaqoji təcrübəyə) ehtiyac duyulur və bunun üçün ən böyük məsuliyyət kənardan gələnlərin deyil, o universitetdə ömrünü şam kimi əridənlərin öhdəsinə düşür? Sabiq xanım rektoru, son beş ildə təkcə “Teatr sənəti” fakültəsində üç dəfə “dekan” dəyişdirməsinin (əvvəlcə “rus ədəbiyyatı” müəllimi, sonra “rəqqas”, daha sonra “musiqişünas”) bir anlamı olsun gərək. Metodiki işlərə, dərs vəsaitlərinə və dərsliklərə, onların çapına büdcədən vəsait ayrılmadığı halda, universitetdə aparılan “kosmetik dəyişiklik”ləri qənaətbəxş saymaq olmaz.

 

Sənət müəllimlərinin ildə bir dəfə universitetin “Bədii şura”sına təqdim etdikləri “yaradıclıq-ifa işləri” sovetdən qalma bir mirasdı. Maraqlıdı, Fərəh xanım o unversitetdə əl qoymadığı iş qalmadı, bircə bu işdən başqa. Fərəh xanım universitetə rəhbər təyin olunduğu gündən yuxarıda da qeyd etdiyimiz kimi, bir çox sənət ixtisaslarına, o cümlədən “kulturologiya” və “mədəniyyət” adına  qərəzli münasibət başladı. “Mədəniyyət” sahəsi ilə bağlı bütün fənlər çıxdaş edilib sıradan çıxarıldı. Əvvəllər bütün fənlər üçün məqbul sayılan “Mədəniyyət tarixi və nəzəriyyəsi” fənni, demək olar ki, tədris olunmamaqdadır. “Tədris planı”na diqqətlə nəzər yetirmiş olsaq, “kulturologiya” adında, nəinki bir ixtisasa, heç bir fənnə də rast gələ bilmərik. “Kulturologiya” kafedrasının adının dəyişdirilərək “Sosial-mədəni fəaliyyət” adlandırılması,  mütəxəsislərə görə çox utandırıcıdır. Respublika miqyaslı mədəniyyət müəssisələri üçün yeganə baza təhsili rolunu oynayan bu universitetdə belə bir hal təbii ki, qəbul edilməzdir və həm də bağışlanılmazdır. Bu mənada “Kültürologiya” fakültəsinin adının indiyə qədər dəyişdirilməməsi sadəcə təəccüb doğrur. Daha təəccüblüsü isə “Mədəniyyət tarixi və nəzəriyyəsi”, “Kültürologiya” fənləri tədris olunmadığı halda “Sosiologiya”, “Sosiol iş”ixtisaslarını açılması ilə bağlıdır. Yüzlərlə tələbəni bu ixtisaslara qəbul etməyin nə kimi perespektivləri var? Bu ixtisasların tədris olunması üçün kənardan dəvət olunan əksər müəllimlərin mədəniyyət və incəsənətdən bixəbər olmaları daha ağrılı məsələdir. Bir başqa ağrılı məsələ isə ondan ibarətdir ki, digər fakültələr reklam üçün bəsləndiyi halda, “Kültürologiya” fakültəsinin sanki bir büdcə mənbəyinə çevrilməsi cəhdləri hansı cəsarətdən qaynaqlanır? Bu fakültədə tək bir ixtisas belə yoxdur ki, nəinki qabiliyyət imtahanı, hətta adi sorğudan belə keçənlər olsun.

 

Məlumdur ki, bu gün bütün dünyada olduğu kimi ölkəmizdə də hər bir universitetin əsas reytinq göstəricilərindən biri beynəlxalq tədbirlər və konfranslar sayılır. Diqqətlə nəzər salsaq görərik ki, bizim universitetdə öz kadrlarından başqa (onlar da adətən rəhbər kadrlardı) bir kimsənin Universitet hesabına hər hansı bir konfransda iştirak etməsi mümkünsüzdür. Bir az çalışqan müəllimlərin isə xarici ölkədən bütün məsrəfləri ödəmək şərtiylə aldığı dəvət, universitet rəhbərliyi tərəfindən, adətən xoş qarşılanmaz; ona  minnətlə icazə verilər, üstəlik konfransda iştirak edənlərin maaşı kəsilər, hətta onların dərsini əvəz edən müəllimlərin belə haqqı ödənilməz. Belə olan halda il ərzində müəllimlərin hər hansı elmi-mədəni işlər görməsini, hansı konfransda çııxş etməsini özündə əks etdirəcək blankların  ildə 1-2 dəfə kafedralara göndərilməsinə nə hacət var ki? Deməyim odur ki, ali məktəb müəllimlərinin beynəlxalq arenada görünməsinə şərait yaratmaqdansa, stimullaşdırıcı tədbirlər görüb onun qarşısının alınması hansı “təhsil qanunu”nunda öz əksini tapıb? Bu mənada “dərsə gir, dərsdən çıx!” prinsipinin hakim olduğu sənətlə bağlı bir ali təhsil ocağının orta məktəblərdən nə fərqi olur ki? Azərbaycanın digər universitetlərində bu kimi faktlara təbii ki, rast gəlinməz.

 

Fərəh xanım öz müsahibəsində “biz universiteti təsadüfi adamlardan təmizlədik” deyir, amma, nədənsə onların adlarını çəkməkdə və sayını dilə gətirməkdə çətinlik çəkir. Sabiq xanım rektordan bir soruşan gərək: İnsan, içində böyüdüyü bir universitet üçün necə “təsadüfi” ola bilər?! Bu yerdə yaxşı deyiblər: “Yersiz gəldi, YERLİ QAÇ!” Qarabağ əldən gedəndən sonra “qaçqın” ifadəsinə nifrət edirəm, həm də bütün varlığımla!! “Cəmiyyətdəki “narahatedici məqam“ların universitetə sirayət olunmaması üçün “quru”nun “od”una “yaş”ın yandırılması(müxtəlif bəhanələrlə işdən uzaqlaşdırılan əməkdaşların arasında gənclərin üstünlük təşkil etməsi, yaşlı kadrlara qarşı isə qədirşünaslıq baxımından dəyər verilməməsi) öz işinə vicdanla yanaşan universitet əməkdaşlarına qarşı edilən ən böyük haqsızlıqdır. Bu gün hüquqları pozulan universitet əməkdaşların öz haqlarını tələb etməkdə zorluq yaşamaları sabiq xanım rektorun, hal-hazırda dövlətin ən yüksək qurumunda yer alması, “Humanitar şöbə”yə rəhbərlik etməsiylə bağlıdır…

 

Slavyan universitetindən işdən çıxarılanları, yəni həyat yoldaşının dostlarının və özü ilə eyni doğum evində bir vaxt dünyaya gələn rəfiqəsinin, yerlisinin və nəhayət tələbə yoldaşlarının(rəfiqə baxımından Fərəh xanım çox şanslıdı…) rəhbərlik etdiyi universitetin “tədris şöbə”sinə, kafedralarına, fakültə rəhbərliyinə irəli çəkilməsi (Ceyran xanım da onun rəfiqəsidir) və onların onların rifah halının düşünülməsi sabiq xanım rektorun, universitet üçün “yeni metod” və “metodologiyalar” axtarışında olması ilə bağlıdır. Universitetdə apardığı “inqilabi dəyişiklik”lərin onun şəxsi qənaəti ilə heç bir əlaqəsi olmadığını, bilavasitə ölkə başçısının verdiyi tövsiyələr əsasında yerinə yetirildiyini qeyd edən Fərəh xanımın “kadr islahatı”ı adı altında universitetdə başlatmış olduğu “səlib yürüşü”, sənətlə bağlı ixtisasların “soyqırım”ı, müəllimlərin “könüllü  deportasiya”sı ilə, onun “universitetin simasını rektor müəyyənləşdirmir” ifadəsi, nədənsə düz gəlmir. Belə olan halda, onun “Azərbaycan mədəniyyətinin bütün sferalarında əldə edilən uğurlara görə, ilk növbədə bu universitetdə çalışan müəllimlərə minnətdar olmalıyıq” fikri də səmimiyyətdən uzaq görünür. Belə olsaydı, o universitetdə 25 ilə yaxın pedaqoji fəaliyyətlə məşğul olan (əvvəl, həm də orada 4 il “laborant işləyən”) mən bəndənizin, yəni təcrübəli bir mütəxəssisin səhhətində yaranan problemdən öz xeyrinə faydalanmağa cəhd etməzdi…

 

Fərəh xanım, universitetlərin təkcə biliyə deyil, həm də dəyərlərə fokuslanmasının əhəmiyyətli olduğuna diqqət çəkir. Təhsildə dəyər məsələsinin mühüm olduğunu və  ali məktəb rəhbərlərinin onu təmin etmək yollarına daha çox diqqət ayırmalı olduqlarını qeyd edərkən,  nədənsə unudur ki, “dəyərlərin güclə bərqərar edilməsi həmişə uğursuzluqla nəticələnir. Xeyirxah olmaq ağıllı olmaqdan çətindir”. 

 

İndiki ADPU-nun axşam şöbəsinin “rus dili və ədəbiyyatı” ixtisasını bitirən, “prorektor” vəzifəsində işlədiyi vaxtlarda əyintilərə yol verdiyinə görə Rəssamlıq Akademiyasından Mədəniyyət və İncəsənət Universitetinə “transfer” olunan, “əməkdar incəsənət xadimi”(?) Validə Məmmədovanın universitetdəki “xeyirxah əməllər”i dünya durduqca yaşayacaq.  Prorektor olduğu universitetdə, həm də “psixologiya” fənninin tədrisi ilə məşğul olan bu xanım əfəndini, vəsiqəsi olmayan “sürücü”yə bənzətmək olar. Onun idarə etdiyi “avtobus”dakı “sərnişinlər”in halını bir anlıq düşünün: Hamı qorxu və səksəkə içindədir… Validə xanım üçün ixtisaslı kadr olmağa gərək yoxdur. Heç onun “sevimli tələbə”si olmaq da bir anlam daşımaz. Gərəkdir ki, sayğıdəyər prorektorla qan qohumu olasan. Qardaşı qızı Nigar Babayeva kimi. “Orta məktəb müəllimi” statusunu daşıyan bir “tarix müəllimi”nin universitetdə “yaradıcılıq psixologiyası və mulltu-kulturalizm”dən dərs deməsi hansı meyarlara əsaslanır? Son beş ildə universitetin “Televiziya və kino sənəti” fakültəsinin “dekan” vəzifəsini daşıyan, “əski slavyançı”, yəni “rus ədəbiyyatı” müəllimi Mübariz Məmmədlinin sənət imtahanlarında yaradıcı gənclərə “əsl sənət necə olmalıdır?” mövzusunda “mühazirə” söyləməsini isə heç ağıl almır.  Bu günlərdə, hər iki “özəl kadr”ın, hansı  səbəbdənsə tələm-tələsik işdən uzaqlaşdırıldığı söylənilir….

 

Son il yarım müddətində yeni rektorla cəmi iki dəfə görüşmək nəsibim olub. Və hər iki görüşdə gəldiyim qənaət eyni olub: Yeni rektor,  rəfiqəsi Fərəh xanımın o universitet üçün ”miras” qoymuş olduğu “özəl prinsip və göstəriş”lərindən heç də uzağa gedə bilməyəcək. Görünən tərəf budur ki, buna onun nə mənəvi gücü çata biləcək, nə də cəsarəti…

 

Necə olur ki, universitet məzunlarının, nəinki bakalavr diplomları ilə magistr diplomları, hətta elmi baxımdan müdafiə etdiyi sahələr bir-biri ilə qarşılaşdırılır, aradakı cüzi fərqlər bu kadrların işdən uzaqlaşdırılması ilə nəticələnir, amma ixtisasca “jurnalist” olan biri (Ağazadə Orxan),xaricdə aldığı magistr diplomu tanınmadığı halda “Operator kafedrası”na müəllim götürülür? Və yaxud, “baş müəllim”olmaq üçün universitetdə bütöv bir ömrünü xərcləyənlər olduğu halda, heç bir pedaqoji stajı olmayan “əməkdar incəsənət xadimi”inin (Adil Azay), “Təsviri sənət” fakültəsinə “baş müəllim” olaraq qəbul edilməsinə, necə olur imkan yaradılır? “Titul”lu sənət adamlarının ali təhsil müəssisəsinə fişə götürülməsi yalnız o halda fayda verir ki, onlar, tədris prosesinə yeni metod və formalar  gətirmiş ola bilsin: Sənətin tədrisi prosesində özlərinin “məktəb”ini yaratmış olsunlar. Əks halda, “fəxri ad”ın kölgəsinə sığınmağın, o sənət adamlarının özündən başqa kimsəyə bir faydası olmayacaq. Bunu bəlli bir yaşdan sonra “dosent” və “professor” adı almaq üçün universitetə üz tutan “titul”lu sənət adamlarına da şamil etmək olar. Sabiq xanım rektorun  “ustad dərs”ləri keçmək üçün xaricdən cəlb etdiyi mütəxəssislərin universitetdə söylədikləri  “mühazirə”lər, keçdikləri “məşğələ”lər, görünür öz müsbət nəticəsini vermədiyindəndir ki, indiki xanım rektor, – “Teatr ölüb. Ona görə də  yaradıcı gənclərin bu sahəyə marağı azalıb” deyir. Teatr, həqiqətən ölübsə, o zaman “leş”indən niyə əl çəkmirsiniz, siz ey “ögey ana”lar?! Barı kənara çəkilin, imkan verin öz “meyid”imizi özümüz “dəfn” edək!

 

Qərb teatr ənənələrinə xidmət edən “çərçivəli teatr”la yanaşı, Türk xalqlarının, bütövlükdə isə bütün dünya xalqlarının “çevrəli teatr” ənənələrindən bəhrələnərək onun, istər nəzəri və istərsə də praktiki şəkildə tədrisinə imkan yaradılması yolundakı cəhdlərimizin qarşısına sədd çəkmək “teatr təhsili” prosesinə qeyri-peşəkar münasibətin ifadəsidir Teatr – barometridir; cəmiyyətin təzyiqini ölçür. Teatr – aynadır; həyatı özündə əks etdirir. Kim deyirsə ki, cəmiyyətin “təzyiq”ini ölçməyə, onu “ayna”da özünə  göstərməyə ehtiyac yoxdu, bilin ki, o, YALAN deyir.

 

Mən bu “Açıq məktub”umu Dövlət  başçısı, cənab İlham Əliyevə və Vitse-Prezident, xanım Mehriban Əliyevaya ünvanlayıram. Dosent, sənətşünaslıq üzrə fəlsəfə doktoru, bədii qiraət ustası Məleykə Alı qızı Məmmədova olaraq onlardan, ADMİU-nun sabiq rektoru və indiki rəhbərliyi tərəfindən mənə edilən haqsızlığa münasibət bildirmələrini xahiş edirəm. Mən bir mütəxəssis olaraq, şəxsən Vitse-Prezident, Xanım Mehriban Əliyeva ilə görüşüb, içində böyüyüb boya-başa çatdığım o universitetlə bağlı narahatlıqlarımı onunla bölüşərək ürək çırpıntılarıma son qoyulmasını istəyirəm.

 

Məleykə Alı qızı Məmmədova
/Dosent, Sənətşünaslıq üzrə fəlsəfə doktoru, bədii qiraət ustası/

 

P.S. Versus.Az Açıq məktubda adları çəkilənlərin münasibətinin cavab haqqını tanıyır.

Xəbər lenti

InvestAZ

Ən çox oxunan xəbərlər

ALDP Bayraq Gününü belə qeyd etdi - VİDEO

"Azərbaycan Prezidentinə şikayət etməyimə mane olurlar"

İraq türklərinin mənəvi lideri Riyaz Sarıkahyanın ailəsinə ağır itki üz verib

Qarabağ xanı Mehdiqulu xanın bayrağı və ona həsr olunmuş kitabın təqdimatı

“Bu xəstəlik vaxtı vanna qəbul etmək olmaz”

"Proporsional seçki sistemi ləğv olunandan sonra, vətəndaşlarda partiyalara maraq azaldı"

Qadının ən gizli orqanının sirri açıldı

BSU-da Dövlət Bayrağı Gününə həsr olunmuş tədbir keçirilib

Darçının tərkibində gizlənən ÖLÜM SİRLƏRİ

Yaraları sağaldır, qanaxmanı dayandırır

Quru öskürəyə qarşı kokteyl

"Keçirilən aksiyalar da xalq naminə deyil, mühacir biznesinin inkişafına yönəlib"

Gənc oğlanın qulağından “hamam böcəyi ailəsi” çıxdı

“Bu məsələlər dövlət səviyyəsində araşdırılmalıdır” - MÜSAHİBƏ

Deputat cəmiyyəti narahat edən bir sıra problemlərin həlli istiqamətində  təkliflərlə çıxış edib /VİDEO/