Siyasi fon və Azərbaycanın maraqları...

19:44 11-10-2019 | icon 606 | Siyasət
Siyasi fon və Azərbaycanın maraqları...

Hikmət Babaoğlu: “Azərbaycanın burda göstərdiyi diplomatik fəallıq maraqlarının təmin olunması baxımından əhəmiyyətlidir”

 

Millət vəkili Hikmət Babaoğlu “Üç Nöqtə”yə müsahibə verib. Versus.Az həmin müsahibəni təqdim edir.

 

- Hikmət müəllim, bu gün hökumətdə diqqət çəkən məsələlərdən biri də sentyabrın 8-də 1 il 6 ay müddətində baş nazir postunu tutan Novruz Məmmədovun öz ərizəsi ilə vəzifədən ayrılması və əvəzində Prezidentin təqdimatı ilə həmin vəzifəyə Əli Əsədovun təyinatıdır. Bunu necə dəyərləndirirsiniz?

 

- Düşünürəm ki, dinamik cəmiyyətlərdə vəzifə tutan şəxslərin əvəzlənməsi normal hadisə kimi qarşılanmalıdır. Əlbəttə ki, o ictimaiyyətin yaxından tanıdığı, uzun müddət Prezident Admnistrasiyasında Beynəlxalq məsələlər üzrə şöbə müdiri kimi çalışmış təcrübəli və ziyalı insandır. Biz bundan sonrakı fəaliyyətində Novruz müəllimə işlərində uğurlar arzulayırıq. Və yeni baş nazirimizi də təyin olunması münasibətilə təbrik edirik.  Mən Milli Məclisdə də çıxış elədim. Çünki yeni baş nazir mənim əvvəlki illərdən tanıdığım bir adamdır. O, iqtisadiyyatı, onun nəzəri əsaslarını dərindən bilən bir adamdır. Bakı Sosial İdarəetmə və Politologiya İnstitutunda pedaqoji fəaliyyətlə məşğul olarkən müəllimimiz olub. Sevindirici haldır ki, onun vaxtilə Azərbaycan iqtisadiyyatının inkişafı ilə bağlı müəyyən fikirləri var idi ki, bu gün reallıqdır, Azərbaycan inkişaf edib.  Milli Məclisdə də bu nüanslara toxundum və hesab edirəm ki,  bu günə qədər Azərbaycanda iqtisadi inkişaf, iqtisadiyyatımızın daha da inkişaf etdirilməsi, qeyri-neft sektorunun inkişafı üşün yeni şərtlər formalaşdırıb.

Bundan sonrakı mərhələdə qlobal iqtisadi və milli iqtisadi çağrışlar kontekstində yeni perspektivlərin realizə olunması üçün Əli Əsədov uğurlu bir kadrdır və əminəm ki, o üzərinə düşən vəzifəni və Azərbaycan Prezidentinin ona göstərdiyi etimadı layiqincə doğruldacaqdır.

 

- Hikmət müəllim, bu günlər Azərbaycan, Rusiya və Türkiyə arasında qurulan əməkdaşlıq formatı ölkəmizə nələri vəd edir və bunu necə dəyərləndirərdiniz?

 

- Azərbaycan üçün Rusiya, Türkiyə çox əhəmiyyətli dövlətlərdir. Azərbaycanın tarixi keçmişi hər iki ölkə ilə sıx əlaqədar olub. Düşünürəm ki, ən azı 1828-ci ildən bu günə qədər  müxtəlif dövlət quruluşu modelləri olsa da, müxtəlif mərhələlər olsa da, Rusiya ilə aramızda çox sıx münasibətlər yaranıb. Türkiyə-Azərbaycan münasibətlərini isə ümumiyyətlə şərh etməyə ehtiyac yoxdur. Çünki bunun ən gözəl təsvirini və təsbitini böyük dövlət xadimi Heydər Əliyev verib və deyib ki, Türkiyə ilə Azərbaycan bir millət, iki dövlətdir.

 

Hazırda çox mürəkkəb bir tarixi mərhələdən keçirik və çox mürəkkəb bir beynəlxalq münasibətlər sistemi içərisində yaşayırıq. Bu kontestdə Rusiya-Azərbaycan və Azərbaycan-Türkiyə münasibətlərini qiymətləndirəndə yeni çağırışların meydana çıxdığına şahidlik edirik. Bu nədən ibarətdir: biz 20-ci əsri daha çox ideoloji identifiklik əsri kimi səciyyələndirirdik və bipolyar, yəni iki qütblü dünya nizamı kimi xarakterizə edirdik. Qütblərin birinin başında Sovet İttifaqı dayanırdı ki, bu, ideoloji əsaslarda qurulan qütb, digəri isə kapitalizm ideyalarına söykənən Qərb dəyərləri idi. Biz 1991-ci ildən sonra yeni dünya düzəninin yaranmasının şahidi olduq. Bundan sonra post-bipolyar beynəlxalq nizam kimi səciyyələndirilməyə başladı. Amma bu da çox uzun sürmədi. Çünki 2001-ci il 11 sentyabr hadisələrindən sonra post-bipolyar dünya nizamında yeni bir dövr başlandı və bu dövr  təkqütblü dünya nizamı kimi səciyyələndirilməyə başlandı. ABŞ-da “Ekiz qüllələrə” edilən terror aktından sonra dünya gücləri sanki vahid bir mərkəzə meyl etməyə başladılar. Çünki o dövrdə Qərbdən gələn məsələ: “ya terrora qarşı münarizədə iştirak etməlisiniz, ya bu koalisiyanın qarşısından uzaq dur” - çağırışı idi. O dövrdə bu çağırışa çox ölkələr cavab verdilər. Beləliklə, beynəlxalq dünya düzənində bir qədər qeyri-müəyyənlik müşahidə olundu.

Nəhayət, 2011-ci ildən sonra Yaxın Şərq savaşının yeni mərhələsi başladı, Suriyada hadisələr baş verəndən sonra biz beynəlxalq münasibətr sistemində yeni nizamı müşahidə etməyə başladıq. Çünki artıq bu, nə bipolyar, nə də post-bipolyar nizam idi, artıq bunu multi-polyar nizam kimi səciyyələndirməyə başladılar.  Çünki Yaxın Şərqdəki yeni nizama münasibətdə ayrı-ayrı güc mərkəzləri fərqli mövqe nümayiş etdirməyə başladılar və ən fərqli münasibətlər sərgiləyənlərdən biri də Rusiya oldu. Biz bilirik ki, Yaxın Şərqin və bizim regionun ən mühüm faktorlarından biri Türkiyədir. Şübhəsiz ki, Türkiyənin Yaxın Şərqdəki proseslərdə həm tarixi, həm siyasi, həm də mənəvi məsuliyyəti var. Türkiyə regionda axıra qədər öz sözünü deməyə məhkum idi, çünki dövr onu tələb edirdi.  Belə olan halda onun maraqları Yaxın Şərqdəki yeni siyasi dizaynı yaratmaq istəyən güclərlə toqquşurdu və bu prosesdə Türkiyə öz maraqlarını uzlaşdıra biləcəyi yeni güc mərkəzləri axtarırdı.

2011-ci ildən sonra şahidi olduq ki, Rusiya-Türkiyə münasibətlərində yeni keyfiyyətdə yeni münasibətlər  formalaşmağa başladı. Bu, həm bizim regionun, həm də Yaxın Şərq regionun gələcək perspektivləri baxımından mühüm bir hadisə idi. Ona görə də Azərbaycan Prezidenti deyir ki, Türkiyə güclü olanda biz də güclü oluruq. Ulu öndərimiz də Türkiyə ilə Azərbaycanı “bir millət, iki dövlət” kimi xarakterizə edib. Təkcə bu fikrin altında olan tarixi gerçəkliyə əsaslanaraq bu münasibətləri analiz etməyə çalışsaq görəcəyik ki, geniş və dərin perspektivdə Türkiyə Cümhuriyyəti ilə bizim maraqlarımız əksər hallarda üst-üstə düşür. Əlbəttə ki, bu maraqların Rusiya ilə uzlaşdırılması həm Türkiyənin, həm Azərbaycanın, Rusiyanın maraqları baxımından izah ediləndir və məntiqlidir. Bütün bunların fonunda şübhəsiz ki, Rusiya-Türkiyə münasibətlərinin bugünkü günə çatmasında Azərbaycanın,  Azərbaycan Prezidentinin özünəməxsus fəaliyyəti olub. Bütün bunlar ona görə edilirdi ki, hər şeydən öncə Azərbaycanın maraqları təmin edilsin. Ona görə də biz iki üçbucaqda mühüm diplomatik intensivlik müşahidə edirik. Onlardan biri  Rusiya, Azərbaycan, İran, üçbuçağıdır, digəri isə Rusiya,  Azərbaycan,Türkiyə üçbucağıdır və düşünürəm ki, Azərbaycanın burda göstərdiyi diplomatik fəallıq məhz maraqlarının təmin olunması baxımından əhəmiyyətlidir. Bu gün Azərbaycanın başlıca problemi öz ərazi bütövlüyünü bərpa etməsi məsələsidir. Bilirik ki, Rusiya-Türkiyə münasibətləri yaxşılaşdıqca, Ermənistanın regionda əhəmiyyəti azalır. Çünki Ermənistan Cənubi Qafqazda yaradılan süni bir dövlətdir, çar Rusiyası tərəfindən regiondakı ən böyük güc qismində çıxış edən Türkiyəyə qarşı yaradılıb. Ermənistanın yaradılması bizim təbii, coğrafi landşaftımızı, Turan coğrafiyası kimi səciyyələndirdiyimiz o siyasi mədəni coğrafiyanın təbii landşaftını pozub. Türkiyə-Rusiya münasibətlərinin yaxınlaşması regionda Ermənistanın əhəmiyyətini azaldır və yaxud, Türkiyə Azərbaycan, Rusiya münasibətlərini daha qiymətli edir. Bu siyasi fonda Azərbaycanın da maraqları ondan ibarətdir ki, ərazi bütövlüyünü bərpa etsin. Ona görə də bu cür konfransların keçirilməsi təbiidir və əmin olun ki, bütün bunlar hamısı bizim milli məqsədlərimizin həyata keçirilməsinə xidmət edir.

 

- Rusiya-Azərbaycan münasibətləri deyərkən, dərhal ortaya Qarabağ məsələsi gəlir və bu da təbiidir. Bu mənada Azərbycanla nə qədər münbit əlaqələr olsa da, ÜST qatda Qarabağa münasibət və hələ də torpaqların işğaldan azad olunmaması, Rusiyanın bu prosesdəki rolu dayanır. Cəmiyyət üçün bu mənada maraqlıdır ki, belə əməkdaşlıqların fonunda Qarabağın işğaldan azad olunması məsələsi özünün həllini necə tapa biləcək?

 

- Bu suala cavab vermək üçün mənə belə gəlir ki, bir qədər regionda baş verən iqtisadi, siyasi proseslərin məntiqinə diqqət yetirməliyik. Biz hardan hara gəlmişik və hansı mərhələdəyik. Çünki problemin yaranma tarixinə əgər 1988-ci ildən başlasaq, artıq 30 ildən çoxdur. Və əgər biz problemin yaranma tarixini hətta 20-ci əsrin əvvəllərindən götürsək, görəcəyik ki, orda da bu problem var. Ona görə də Azərbaycan Prezidenti Rusiyaya işgüzar səfəri zamanı bildirdi ki, məhz 21-ci ildə də qəbul olunurdu ki, Dağlıq Qarabağ Azərbaycanın ərazisində saxlanılsın. Yəni bu fikirin məntiqi ondan ibarətdir ki, Dağlıq Qarabağ həmişə Azərbaycan əraziləri olub. Çox təəssüf ki, işğalçı ölkənin baş naziri bu məsələlərlə manipulyasiya edir. Mən düşünürəm ki, sırf tarixi kontekstdə Azərbaycan Prezidenti erməni baş nazirinə dəqiq və arqumentli cavab verdi.

Rusiya-Ermənistan münasibətləri nə iqtisadi məntiqlə, nə də siyasi məntiqlə izah ediləcək münasibətlər deyil. Çünki  Ermənistan Rusiya münasibətlərinin nəyə görə bu səviyyədə olmasını diqqətlə analiz etsək də, buna cavab tapa bilməyəcəyik. Yalnız imperiya-for-post münasibətləri kontekstində biz Rusiya -Ermənistan münasibətlərinə bir anlam verə bilərik. Çünki elə Ermənistanın yaranması rus imperializminin vaxtilə iddialarından qaynaqlanan bir hadisədir. Regionda Ermənistan adlı bir dövlət yaratmaq məhz çar imperializminin siyasətidir. Ermənistan bu məqsədlə yaradılıbsa, demək bu gün də başqa bir əhəmiyyəti yoxdur. Çünki Ermənistanın iqtisadi, demoqrafik, intellektual, hərbi resursları yoxdur ki, Rusiya ilə əməkdaşlıq edən müstəqil bir dövlət olsun. Ona görə də biz bu münasibətləri “böyük dövlət və for-post münasibətləri” kontekstində izah edə bilərik.

Azərbaycan-Rusiya münasibətlərinə baxanda isə, onun da özünəməxsus tarixi var. Rusiya-Azərbaycan münasibətləri hazırki mərhələdə bərabərhüquqlu dövlətlərin münasibətləridir. Azərbaycan milli diplomatiyamzın qarşısında bir məsələ dururdu: Ermənistanın tarixi müttəfiqlərini Azərbaycanın müttəfiqinə çevirmək ki, Dağlıq Qarabağ probleminin həllində Ermənistanın yanında yox, bizim yanımızda olsunlar. Bu təkcə Rusiya deyil. Regionda digər ölkələr də var ki, dini, mənəvi konteksdə bizə daha yaxın olmalarına baxmayaraq hərbi əməliyyatlarda və sonrakı proseslərdə Ermənistana daha çox kömək göstəriblər. Azərbaycan diplomatiyasının qarşısında vəzifə dururdu ki, bu faktorları neytrallaşdırmaqla Ermənistan-Azərbaycan Dağlıq Qarabağ problemini həll edə bilsin. Hazırda bu mərhələdəyik. Azərbaycan diplomatiyası ötən illər ərzində Yeltsin Rusiyasından fərqli bir Rusiya ilə münasibətlər yarada bilib və burda iki ölkə liderinin, yəni Vladimir Putin və Prezident İlham Əliyevin münasibətləri diqtə edir ki, hazırki mərhələdə özümüzə əlverişli bir mövqe yarada bilmişik.

 

- Hikmət müəllim, bu günlər Türkdilli Ölkələrin Əməkdaşlıq Şurasının liderləri Bakıda keçiriləcək Zirvə toplantısında bir araya gələcəklər. Necə hesab edirsiniz, bu proses regiona və türk dövlətlərinə nələri vəd edir?

 

- Bilirsiniz ki, Türk Şurasının 10 illik yubileyi olacaq və hazırda bu prosesə hazırlıq gedir. 2009 cu ildə, məhz Naxçıvanda  belə bir əməkdaşlıq platforması yaradıldı. Türkdilli Ölkələrin Əməkdaşlıq Şurasına qısaca olaraq Türk Konseyi, Türk Şurası deyirlər. Bu yaxınlarda Azərbaycan Prezidenti onun rəhbərini qəbul etdi. Maraqlı fikirlər səsləndirildi. Bu 10 il müddəti təşkilatlanma dövrü idisə, bu gündən sonrakı mərhələ türkdilli ölkələrin əməkdaşlığı məsələsində inteqrasiya mərhələsi olacaq. Bu Şura özlüyündə cəlbedici bir Əməkdaşlıq Şurasıdır və bura maraq göstərənlər çoxdur. Bütün bunlar özü regional bir təşkilatlanma yaradır. Eyni zamanda yeni iqtisadi ticarət şərtləri yaradır ki, hamı bundan bəhrələnməlidir. Bu təşkilatın bundan sonrakı fəaliyyətinin uğurlu olması təbii ki, təşkilata üzv olan ölkələrin davranışlarından asılı olacaq. Düşünürəm ki, burda xüsusi ticarət zonaları yaratmaq olar. Xüsusi gömrük güzəştləri tətbiq etməklə ölkələr arasında inteqrasiyanı təmin etmək mümkündür. Eləcə də xüsusi mədəni mühit, xüsusi dil mühiti yaratmaq olar. Burda türk dilinin yayılmış olduğu arealda ortaq bir ünsiyyət vasitəsi tapmaq olar. Bu mənada Türk Şurası perspektivi olan çox mühüm bir təşkilatdır.

 

T.Qafarlı
Versus.Az

Xəbər lenti

InvestAZ

Ən çox oxunan xəbərlər

Regionda yeni cəbhə AÇILIR?

"YENİ XƏTT"dən mitinq çağırışlarına qarşı BƏYANAT

Tibb elminə həsr olunmuş ömür...

Vətəndaşları işə düzəltmə adı ilə necə aldadırlar?

Ölümün qorxduğu cərrah - Mübariz Əliyev - 65

Böyük alim, sədaqətli ömür gün yoldaşı, qayğıkeş ana...

Xalq artistlərinin möhtəşəm gecəsi

Ermənistanın buqələmun siyasəti

DREAM Fest 2024-ə 100 gün qaldı

Radikalların QRANT SAVAŞI BAŞLAYIR

“İran-İsrail arasındakı müharibə hər an şiddətlənə bilər”

Nura Surinin “Dünyaya qəribəm” klipi

“Həmkarlar”ın üzvü deyilsənsə, heç kim hüquqlarını müdafiə etməyəcək”

İncəsənətimizin RAMİZİ…

Məişət zorakılığından zərər çəkmiş şəxslərlə bağlı