Müsavat 7-ci başqanı seçəcək

12:53 12-10-2019 | icon 197 | Siyasət
Müsavat 7-ci başqanı seçəcək

Sabah-oktyabrın 13-də Müsavat Partiyasının 9-cu qurultayı keçiriləcək. Qurultayın Bakının 7-ci mikrorayonundakı “Büllur” sarayında keçirilməsinə obyektin rəhbərliyi və BŞİH razılıq verib.

 

9-cu qurultayda Müsavat Partiyasına başqan, Məclisin sərbəst üzvləri və Mərkəzi Nəzarət-Təftiş Komissiyası seçiləcək. Seçkilər gizli səsvermə ilə keçiriləcək. Başqanlığa  indiki başqan Arif Hacılı, Divan üzvləri Tofiq Yaqublu ilə Yadigar Sadıqlı namizəddirlər.

 

Sərbəst Məclis üzvlüyünə isə 70-dən yuxarı namizədin olduğu bildirilir.

 

Müsavat Partiyasının qurultaya hansı partiyaların rəhbərlərini qonaq kimi dəvət edib-etmədiyini araşdırdıq.

 

VHP sədri Sabir Rüstəmxanlı “Yeni Müsavat”a bildirdi ki, ona Müsavatdan qurultayla bağlı dəvət olmayıb. AXH lideri İsgəndər Həmidov da bildirdi ki, dəvət olunmayıb: “Dəvət edilməmişəm. Ola bilsin ki, ümumiyyətlə qonaq kimi heç kimi dəvət etməyiblər. Müsavatçıları təbrik edirəm. Uğurlar diləyirəm. Dəvət edilsəm, gedib təbrik edəcəm”.

 

VİP sədri Əli Əliyev də dəvət almadığını dedi.

 

AXP sədri Pənah Hüseynə də Müsavatdan dəvət gəlməyib: “Dəvət olmayıb. Olsa gedib iştirak edərəm”.

 

Ümid Partiyasının sədri İqbal Ağazadəyə də dünənə qədər Müsavatdan dəvət olmayıb: “Dəvət edilsəm əlbəttə iştirak edərəm”.

Müsavat başqanlığı seçimi ile ilgili görsel sonucu

AĞ Partiyanın sədri Tural Abbaslı da bir zamanlar üzvü olduğu partiyadan dəvət almayıb: “Nə şəxsən mənə, nə də AĞ Partiyaya dəvət gəlməyib. Dəvət olarsa, biz siyasi etikanın tələbi nədirsə onu da edəcəyik”.

 

AMİP-in sədr əvəzi Arzuxan Əlizadəyə də dəvət göndərilməyib: “Dəvət gəlməyib. Bazar günü AMIP Mərkəzi Şurasının iclası keçiriləcək. Qurultay bir gün öncə keçirilsəydi və dəvət olsaydı iştirakımla bağlı problem olmazdı”.

 

ADP sədri Sərdar Cəlaloğlu da Müsavatdan dəvət almayıb: “Olsa iştirak edəcəyəm. Gedim görüm necə keçir”.

 

Azadlıq Partiyasının sədri Əhməd Oruca da Müsavatdan dəvət yoxdur: “Dəvət edilməmişəm. Edilsəm baxarıq”.

 

Qeyd edək ki, Müsavat Partiyası Azərbaycanda mövcud olan ən yaşlı siyasi partiyadır. Əsası 1911-ci ildə İstanbulda mühacirətdə olan Məhəmməd Əmin Rəsulzadənin rəhbərliyi ilə əmisi oğlu Məhəmməd Əli Rəsulzadə, habelə Abbasqulu Kazımzadə və Tağı Nağıoğlu tərəfindən Bakıda qoyulub. 1911-ci ildə əsası qoyulandan 1917-ci ildə Fevral inqilabına qədər Müsavat Partiyası gizli olaraq fəaliyyət göstərib.

Müsavat başqanlığı seçimi ile ilgili görsel sonucu

Müsavat Partiyasının ilk proqramı 9 maddədən ibarət olub, İslami xarakter daşıyıb. 1913-cü ildən, M.Ə.Rəsulzadə Bakıya qayıtdıqdan sonra Müsavat Partiyasının proqramı təkmilləşdirilib, türkçülük fikirləri ilə dolğunlaşdırılıb. 1915-ci ilin oktyabr ayında M.Ə.Rəsulzadənin redaktorluğu ilə nəşrə başlayan “Açıq söz” qəzeti həm də Müsavat Partiyasının orqanı kimi çap olunub.

Müsavatın ilk qurultayı 1917-ci il oktyabrın 26-31-də Bakıda, “İsmailiyyə” binasında keçirilib.

1919-cu ilin 2 dekabr-12 dekabrında partiyanın ikinci qurultayı keçirilib. Bu qurultayda da M.Ə.Rəsulzadə partiyanın başqanı seçilib.

 

1920-ci ilin aprelində Azərbaycan bolşevik Rusiyası tərəfindən işğal olunduqdan sonra Müsavat Partiyası gizli mübarizəyə başlayıb. 1936-cı ilin avqustunda Polşada, Varşava şəhərində Müsavat Partiyasının Konfransı keçirilib. Partiyanın rəsmi yığıncağına verilən 17 illik fasilədən sonra keçirilən bu konfransın böyük əhəmiyyəti vardı. Partiya lideri M.Ə. Rəsulzadə “Milli hərəkatda partiya fəaliyyəti” haqqında çıxış edib. Konfransda partiyanın “Yeni Proqram Əsasları” qəbul edilib. “Yeni Proqram Əsasları”nda bir fikrə başlıca üstünlük verilirdi: Müstəqil Azərbaycan Xalq Cumhuriyyətini sovet istilasından qurtarmaq və onu qeydsiz-şərtsiz müstəqil bir dövlət halında yaşatmaq.

 

1955-ci ildə M.Ə.Rəsulzadə dünyasını dəyişənədək Müsavatın lideri olub. Onun vəfatından sonra Mirzə Bala Məmmədzadə ikinci başqan olub. Müsavatın üçüncü Kərim Odər, dördüncü başqanı Məhəmməd Azər Aran olub.

1991-ci ildə Azərbaycanın müstəqilliyi bərpa edildikdən sonra 1992-ci ildə Müsavat Partiyasının bərpa mərkəzi yaradılıb. 1992-ci ilin noyabrında Müsavat Partiyasının III Bərpa Qurultayı keçirilib və İsa Qəmbər partiyanın 5-ci başqanı seçilib. 2014-cü ilin 27 sentyabrında keçirilən 8-ci qurultayadək keçirilən bütün qurultaylarda İsa Qəmbər Müsavatın başqanı seçilib. 8-ci qurultayda İsa Qəmbər partiya nizamnaməsinə özünün təklifi ilə daxil edilmiş “Eyni şəxsin iki dəfədən artıq Müsavat başqanı seçilməsi qadağandır” müddəasını əsas göstərərək namizədliyini verməyib. Qurultayda partiyanın 6-cı başqanı Arif Hacılı seçilib.

Müsavatın 7-ci başqanın kim olacağı isə 13 oktyabrda keçiriləcək qurultayda bilinəcək. /musavat.com/

 

Versus.Az

Xəbər lenti

InvestAZ

Ən çox oxunan xəbərlər

“Bu xəstəlik istənilən yaşda hər kəsi yaxalaya bilər”

Pandemiya ilə bağlı ən faciəvi görüntü - VİDEO

Son 10 ildə ən yaxşı penalti vuran futbolçular

Hava XƏBƏRDARLIĞI

Sədərək Ticarət Mərkəzi açılır

“Barselona”nın baş məşqçisi beş əvəzetməni şərh edib

Dünya kubokunun azərbaycanlı qalibi Ramil Səfərova şahmat əsəri YAZDI

Vətənin və Ramil Səfərovun haqqı

“Türk dünyası həqiqətlərinin daha geniş yayılmasında aydınların rolu” - onlayn KONFRANS

Maska taxmamağa görə tətbiq olunacaq cərimə məbləğləri açıqlandı

İyunun 15-i saat 00.00-dək uzadıldı

Komitə sədri qədim Azərbaycan-türk yurdu İrəvanın mədəniyyət tarixi ilə bağlı çıxış edib

Ramil Səfərovla bağlı iddiaları qitə məhkəməsi qəbul etmədi

Azərbaycanla Türkmənistan arasında səfirlikər üçün torpaq sahəsi ilə bağlı saziş TƏSTİQLƏNDİ

“Beşiktaş” “Mançester Yunayted”in müdafiəçisini istəyir