Bu gün Dövlət Müstəqilliyi Günüdür
18 oktyabr Azərbaycan tarixinin ən şərəfli səhifələrindən biri - Dövlət Müstəqilliyi Günüdür.
Versus.Az xəbər verir ki, XX əsrin sonlarında SSRİ-nin dağılması ilə yaranan tarixi şərait nəticəsində Azərbaycan dövlət müstəqilliyini bərpa edib. Azərbaycanın dövlət müstəqilliyinin bərpasından bəhs edərkən heç şübhəsiz tarixə “İstiqlalçı deputatlar” adı ilə düşən 43 nəfəri də yada salmaq lazımdır.
Belə ki, 1991-ci ilin martında keçmiş SSRİ-nin bütün respublikalarında Sovet İttifaqının saxlanılması ilə bağlı referendum keçirilib, o cümlədən də Azərbaycanda. Məqsəd bu idi: SSRİ qalsın və yaxud qalmasın? Bu referendumun bir variantı bu idi ki, sovet hökuməti qalsın, Azərbaycan da onun tərkibində yaşasın. İkinci variant o idi ki, sovet hökuməti dağılsın, Azərbaycan müstəqil olsun.
Həmin il martın 7-də, səsvermə günündə Azərbaycanın keçmiş Ali Sovetinin üzvü olan 350 deputatdan yalnız 43 nəfəri SSRİ-nin qalmasının əleyhinə, Azərbaycanın müstəqliyininin lehinə səs verib. Və onlar tarixə “İstiqlalçı deputatlar” adı ilə düşüblər. Yerə qalan 300-dək deputat biz “SSRİ-ni istəyirik” fikrini səsləndiriblər.
1991-ci il oktyabrın 8-də Azərbaycanın keçmiş Ali Sovetinin işə başlanan növbədənkənar sessiyası dörd gün müzakirələr aparıb. Nəhayət, 1991-ci il oktyabrın 18-də Ali Sovetin sessiyasında tarixi sənəd - Dövlət Müstəqilliyi haqqında Konstitusiya Aktı qəbul edilib.
Həmin vaxt Ali Sovetin 360 deputatından 258-i iclasda iştirak edib və onların hamısı Müstəqillik haqqında Konstitusiya Aktının lehinə səs veriblər. Qalan deputatlar ya sessiyaya qatılmayıblar, ya da sənədin əleyhinə səs veriblər.
Konstitusiya Aktında göstərilib ki, müstəqil Azərbaycan dövləti 1918-1920-ci illərdə mövcud olmuş Xalq Cümhuriyyətinin hüquqi varisidir. Konstitusiya Aktı 6 fəsil, 32 maddədən ibarətdir.
1991-ci il dekabrın 29-da ümumxalq referendumunda məsələ müzakirəyə çıxarılıb və əhalinin 95%-i səsvermədə iştirak edərək ölkənin müstəqilliyinə, suverenliyinə və istiqlaliyyətinə səs verib.
Azərbaycanın müstəqilliyi bərpa olunandan sonra dövlət bayrağı, himni və gerbi haqqında da qanunlar qəbul edilib.
1992-2006-cı illərdə 18 oktyabr tarixi Azərbaycanda rəsmi bayram kimi qeyri-iş günü olub. Amma 2006-cı ilin dekabrında Milli Məclisdə Əmək Məcəlləsinə edilən əlavə və dəyişiklərdən sonra 18 oktyabr - Dövlət Müstəqilliyi günü, 12 noyabr - Konstitusiya Günü və 17 noyabr - Milli Dirçəliş Günü münasibəti ilə verilən istirahət ləğv edilib. O zamandan rəsmi bayram statusunu itirən həmin tarixlər iş günü sayılır.
Onu da qeyd edək ki, Azərbaycan Respublikasının müstəqilliyini ilk olaraq 1991-ci il noyabrın 9-da Türkiyə Cümhuriyyəti tanıyıb. Daha sonra Rumıniya (11 dekabr 1991), Pakistan (13 dekabr 1991), İsveçrə (23 dekabr 1991), İran (25 dekabr 1991), ABŞ (23 yanvar 1992), Rusiya (10 aprel 1992) ölkəmizi müstəqil dövlət kimi qəbul ediblər.
2 mart 1992 ci-ildə isə Azərbaycan BMT-yə üzv qəbul olunub.
Xəbər lenti
"Sosial işçilər həmin şəxsi tapıb ona yardım göstərsin"
"Öz vəzifə borcunu layiqincə yerinə yetirən məmurlar da var"