Kreativ düşüncə tezisləri

13:58 23-10-2019 | icon 909 | Kürsü
Kreativ düşüncə tezisləri

 Azərbaycan-Ermənistan “Dağlıq Qarabağ problemi”nin həlli barədə

 AĞASƏF İMRAN

(iqtisadçı alim)

 

Azərbaycan-Ermənistan “Dağlıq Qarabağ problemi”nin həlli barədə (iki versiya)

Rusiyanın ərazisi 18 mln. kv.km.-ə yaxındır. Yaponiya ilə həmsərhəd olan Kuril adalarından ikisini (ümumi sahısi 15 min kv.km. olan) yaponlara vermir və hətta bunu müzakirə mövzusu hesab etmir. “Torpaqdan pay olmaz!” prinsipi bütün dünya dövlətləri üçün aksiom kimi qəbul olunmuşdur! Bəs onda nə üçün Azərbaycan dövləti öz torpaqlarını pay olaraq qonşu dövlətlərə paylayır?! Nümunə üçün “Ermənistan” deyilən forpost “dövlət”i götürək. Bu, tarixi bir həqiqətdir ki, 1918-ci ildə Ermənistan dövləti yaradılarkən onun ərazisi və paytaxtı yox idi. Qonşu dövlətlərin, xüsusilə, Rusiyanın təzyiqi ilə İrəvan şəhəri və onun ətrafı – 9 min kv.km ərazi ilə ermənilərə “peşkəş” edildi. Tiflisi paytaxt etmək istəyən ermənilərə gürcülər icazə vermədilər. Beləliklə, 9 min kv.km ərazidə yaradılan Ermənistan dövləti bütün qonşu dövlətlərlə torpaq iddiasına düşdü və bu iddiasını yalnız bir istiqamətdə - Azərbaycan torpaqlarında həyata keçirməyə başladı. SSRİ-nin mövcud olduğu dövr ərzində (1917-1991-ci illər) müxtəlif yollarla Zəngəzuru, Basarkeçəri, Göyçə gölünü, Dilicanı  işğal və ilhaq etməklə Ermənistan dövləti öz ərazisini 29,7 min kv.km-ə çatdırdı. Göründüyü kimi, fərq 20,7 min kv.km-dir. Bütün bu ərazilər yalnız Azərbaycan torpaqları hesbına genişləndirilib və çox təəssüf ki, bu qədər ərazinin işğalına Azərbaycan dövləti tərəfindən “göz yumulub” (və ya məcbur olub). Əgər Zəngəzurun işğalı zamanı ermənilər Rusiyanın dəstəyini almasaydılar, sonralar da digər ərazilərin işğalına tamah salmazdılar və dediyim kimi, öz ərazilərini 9 min kv.km-dən 29,7 min kv.km-ə çatdıra bilməzdilər. Bu iştahla genişlənən Ermənistan dövləti öz iddialarını gücləndirərək Sovet hökumətinin dağıntıları altında Azərbaycanın Dağlıq Qarabağ ərazisini yox, bütün Qarabağ ərazisini işğal altına aldı və bu gün dü bu əraziləri geri qaytarmaq fikrində deyil. Əgər Azərbaycanın özünün Qarabağ ərazisini geri qaytarmazsa və digər ərazilərimiz kimi ermənilərə “bağışlayarsa”, onda onların iştahası bir qədər də artaraq digər ərazilərimizin işğalına yönələcək və bu münvalla daimi qarşıdurma və toqquşmalar labüd olacaq. Bu olmasın deyə, Azərbaycan ərazilərinin geri alınması prosesi təcili həyata keçirilməlidir. Bu məqsədlə Azərbaycan dövləti iki variant irəli sürməli və bu variantları həm BMT-yə, həm ATƏT-in Minsk qrupu həmsədrlərinə və eləcə də Ermənistan dövlətinə çatdırmalıdır.

  1. Sülh variantı. Ermənistan dövləti, öz qoşunlarını işğal etdiyi ərazilərdən çıxarır və Sovet dövləti dağılarkən mövcud olan sərhədlər bərpa edilir. Bu halda, qan tökülmür, Ermənistan 72 illik Sovet dönəmində işğal və ilhaq etdiyi (20.7 min kv.km) Azərbaycan torpaqlarının sahibi olaraq qalır və Azərbaycan tərəfi bu itkilərlə barışır. Bu amil, beynəlxalq təşkilatların tələb etdikləri “ikitərəfli güzəştə” Azərbaycan tərəfinin güzəşti hesab edilir.
  2. Müharibə variantı. Azərbaycan dövləti beynəlxalq hüquq əsasında Ermənistanla hərbi müstəvidə toqquşur və təkcə Qarabağı yox, həm də 72 il ərzində itirdiyi torpaqları (Zəngəzuru, Basarkeçəri, Göyçəni, Dilicanı, və s.) işğaldan azad edərək, Azərbaycan Cümhuriyyəti dövründəki ərazilərini bərpa edir. Bu variantda qan tökülür, iqtisadi itkilər baş verir və digər neqativ hallar olur. Lakin, Ermənistanın işğal siyasətinə son qoyulur və birdəfəlik “öz yerində” oturdulur.

Əgər sülh variantı razılaşarsa, Ermənistan dövləti ilə bütün kommunikasiya əlaqələri bərpa edilir və onun dünya bazarına inteqrasiyası üçün imkan yaradılır. Əgər ikinci -  müharibə variantı ilə münaqişə həll edilirsə, o zaman Ermənistanın blokadası əbədi davam etdirilir. Həmçinin, əgər Ermənistan öz təhlükəsizliyini təmin etmək üçün “sülhməramlı qüvvələr” istəyərsə, bu qüvvələr Dilican - Göyçə - Basarkeçər – Qafan- Mehri xətti üzərində yerləşdirilir.  

Hesab edirəm ki, bu barədə hər iki tərəf və Dünya birliyi düşünməlidir və problem tezliklə öz həllini tapmalıdır. Bunun üçünsə, Azərbaycan dövləti Beynəlxalq təşkilatlar və Ermənistan dövləti qarşısında konkret vaxt qoymalıdır.

  1. Lobbiçilik barədə

           300 il əvvəl Amerika dövləti (Amerika Birləşmiş Ştatları) qurularkən orada böyük bir anarxiyanın hökm sürdüyü hamıya məlumdur və bu bir tarixi həqiqətdir! Lakin, indiki ABŞ, həmin Amerika deyildir və o zamandan bu günə kimi xeyli müsbət dəyişiklik baş verib. Bütün bu dəyişikliklərdə demokratiya prinsiplərinin güclənməsini və insan haqlarının müdafiəsini də qeyd etmək olar. Lakin, xeyir və şərin, gecə və gündüzün təzadı labüd olduğu kimi, Amerika demokratiyasında da təzadlı anlar vardır və çox təəssüf ki, bu anlar diqqətdən kənarda qalıb. Sözüm lobbi və lobbiçilik barədədir. Təəccüb və təəssüf doğuran fakt budur ki, keçən əsrin ilk illərində ABŞ senatı lobbiçiliyi bəyənib və bu fəaliyyəti təqdir edib. Lobbiçiliyin tarixi və mahiyyəti barədə söz açmaq istəmirəm. Sualım belədir: Müasir dövrdə lobbiçilik ideoloji terror deyilmi? Hansı lobbi, xeyirxah bir əmələ dəstək verib? Elə bir fakt varmı ki, hansısa bir lobbi (italyan, rus, erməni və s.) haradasa, hansısa bir ölkədə xeyirxah bir əməlim sahibi olub? Əksinə, italyan lobbisi italyan mafiyasının, erməni lobbisi erməni terrorunun müdafiəçisi və tərəfdaşı olub. Əgər təkcə erməni lobbisini nəzərdən keçirsək görərik ki, öz tarixi boyu həmişə terrorçuların və mafiyasının yanında olub və tarixi boyu da ədaləti yox, ədalətsizliyi müdafiə edib. Təkcə bir faktı demək kifayətdir ki, bu deyilənlərin həqiqət olduğunu dərk edək. Keçən əsrin 60-70-ci illərində erməni ASALA terror təşkilatının üzvləri Türkiyə diplomatlarına qarşı terror aktları törətdikləri halda, onların himayədarları və müdafiəçiləri erməni lobbisi olub və bu indi də belədir. Əgər, bu belədirsə, nə üçün lobbiçilik qadağan edilmir?! Axı ədaləti yox, ədalətsizliyi müdafiə edən heç bir təşkilatın “yaşamaq” haqqı olmamalıdır! Nə üçün BMT səviyyəsində məsələ qaldırılıb, bu kimi fəaliyyətə - lobbiçiliyə- qadağa qoyulmur?! Əgər biz dünyada ədalətin və demokratiyanın bərpasını istəyiriksə, lobbiçilik mütləq qanundan kənar hesab edilməli və ona qadağa qoyulmalıdır! Hesab edirəm ki, lobbiçilik “mənəvi terror təşkilatı” kimi elan edilməli və belə fəaliyyətə dünyanın bütün ölkələrində qadağa qoyulmalıdır!

 

  1. Seçki barədə.

            Nə üçün seçkilər qapalı və gizli səsvermə yolu ilə keçirilir?

Keçmişdə seçkilərin belə keçirilməsini başa düşmək olar. Çünki, demokratiya yox idi və açıq səsvermədə iştirak etmək seçicilər üçün təhlükəli ola bilərdi. Yəni, yeni seçilmiş hər hansı bir namizədin əleyhinə səs vermiş seçici cəzalandırıla bilərdi və ya müəyyən təhdidlərə məruz qalardı. Bu isə seçicilərdə müəyyən bir qorxu hissi yaradır və seçimin obyektivliyinə mane olurdu.

İndiki zamanda, demokratiyanın hökm sürdüyü mühitdə, seçkilərin qapalı və gizli səsvermə ilə keçirilməsi absurd deyilmi? Axı həm siyasi-ictimai mühit, həm də ən müasir kommunikasiya texnologiyaları seçkilərin aşkar və şəffaf keçirilməsinə tam şərait yaradır və bu məsələyə yenidən baxılmalıdır. Hesab edirəm ki, seçki sistemi tamamilə yeniləşməli və qapalı səsvermə aşkar səsvermə ilə əvəzlənməlidir.     

Belə olan halda, seçki və səsvermə sisteminin təkmilləşməsi, həm də demokratiyanın, aşkarlığın və şəffaflığın güclənməsinə xidmət edə bilər. Doğrudan da, əgər heç bir qorxu və təhdid yoxdursa, nə üçün açıq səsvermə tətbiq edilməsin?! Seçkilərin belə təşkili həm siyasi, həm də iqtisadi cəhətdən sərfəli olar. Bu barədə düşünməyə dəyməzmi?!

 

 

  1. Dil və tədris barədə.

Hər bir dövlətin müstəqillik atributlarından biri də dildir. Dil – dövləti və xalqı beynəlxalq aləmdə təmsil edir. Hər hansı bir möhtəşəm tədbirdə - misal üçün BMT-nin iclaslarının birində - müstəqil dövlətin dilində danışmaq – bi dili, bu xalqı və bu dövləti tanıtmaq qədər əhəmiyyətlidir. Çox şükürlər olsun ki, Azərbaycan Respublikası müstəqil dövlətdir və bu dövlətin rəsmi dili azərbaycan dilidir. Və bir daha şükürlər olsun ki, ərəb, fars, rus dillərinin hakim olduğu dövrlər tarixin “arxivində” qalıb. Hələ Sovet dövründə Azərbaycan SSR-də dövlət dili azərbaycan dili hesab edilsə də, SSRİ məkanında vahid dövlət dili kimi rus dili işlədilirdi və bu səbəbdən də, onun tətbiqi “kağız üzərində” qalmışdı və hətta, qeyri-rəsmi şəkildə sıxışdırılırdı. Müstəqilliyimizin elan edildiyi ilk illərdə azərbaycan dili çox böyük coşqu ilə dövlət səviyyəsində tətbiq olundu və yeni əlifbaya keçilməsi ilə daha da təkmilləşdi. Orta və ali məktəblərimizin demək olar ki, hamısında bu coşqu hiss olunurdu. Lakin, bu coşqu tədricən sönməyə başladı və məktəblərimizdə rus və ingilis dillərində tədrisin genişlənməsi prosesi gücləndi. Çox təəssüflər olsun ki, bəzi “başbilənlər” nəinki məktəblərdə, hətta bağçalarda ingilis dilində təmayülə üstünlük verməyə başladılar. İndiki halda, bağça-orta məktəb-ali məktəb səviyyələrində tədris ocaqları yaradılmışdır və bu tendensiya getdikcə güclənməkdədir.

Nə üçün belədir?

Məlumdur ki, BMT-nin işlətdiyi əcnəbi beynəlxalq dillərdən biri də ingilis dilidir. Bu dildə dünyanın əksər ölkələrində qarşılıqlı münasibətlər qurmaq mümkündür və xüsusən də kompyuter texnologiyasının əsas özəyi bu dilin üzərində qurulmuşdur. Bu baxımdan dünya xalqları ilə ünsiyyət qurmaq, kompyuter-internet əlaqələri qurmaq üçün ingilis dilini bilmək, bu dildə yazıb-oxumağı bacarmaq müsbət keyfiyyət kimi dəyərləndirilə bilər və bu təqdirəlayiqdir. Lakin, ingilis dilinin öyrədilməsi və tətbiqi, əsla müstəqil dövlət dilinin sıxışdırılması (və ya məhdudlaşdırılması) hesabına olmamalıdır. Hələ də, böyük mübahisələr və tərəddüdlər obyekti olan “qloballaşma dövründə” bunun nə ilə nəticələnəcəyi (kiçik xalqların və onların dillərinin tədricən itə bilməsi) barədə müxtəlif təzadlı fikirlər səslənməkdədir.

Belə bir mühitdə “bağça-məktəb-universitet” ardıcıllığı ilə əcnəbi dildə təhsil qurmaq “təhlükəli” deyilmi?! Hesab edirəm ki, hər bir müstəqil dövlətin təhsil sistemi, o dövlətin xalqına xidmət etmək istiqamətində qurulmalıdır və yalnız dövlət dilində aparılmalıdır! Bu, dövlətçilik, vətənpərvərlik və xalqın ruhuna yaxınlıq kimi dəyərləndirilməli və tətbiq olunmalıdır!

P.S. Mən heç də əcnəbi dillərin öyrənilməsi və öyrədilməsi əleyhinə deyiləm və bu yanaşmanı məqbul hesab etmirəm. Mənim fikrimcə, əcnəbi dilin öyrədilməsi orta məktəblərdə başlanmalı və elə təşkil edilməlidir ki, hər bir məzun orta məktəbi bitirərkən kamal attestatı ilə yanaşı, həm də əcnəbi dillərdən birində (rus, ingilis, ərəb, fars və b.) tam oxuyub-yazmaq bacarığının olması barədə “sertifikata” sahib olmalıdır. Yalnız bu şərtlə məzunlar universitetlərə qəbul imtahanına buraxıla bilsinlər. Belə olan təqdirdə, həmin gənc tələbə hüququ qazanarsa, öyrəndiyi dildə olan istənilən ədəbiyyatdan istifadə edə bilər və ona əcnəbi dildə dərs keçməyə ehtiyac olmaz!

P.P.S. Əgər bütün ali məktəblərimizdə yüksək səviyyəli tədris azərbaycan dilində keçirilərsə, bu həm də dilimizin təbliğinə və təşviqinə xidmət edə bilər. Belə ki, bizim ali məktəblərimizdə təhsil almaq istəyən xarici vətəndaşlar bizim dilimizi öyrənər və öz ölkələrində azərbaycan dilinin “ elçiləri” ola bilərlər. Bu həm də türkdilli dövlətlərin vətəndaşları üçün “milli birlik” ideologiyasının yayılmasına xidmət edə bilər.

 

  1. Pensiya haqqında

           Dövlətin pensiya siyasətini dəyişməyin vaxtı deyildirmi? Nə üçün bütün vətəndaşlar dövlət tərəfindən pensiya ilə təmin olunmalıdır? Axı bu “yükü” azaltmağın yolları vardır. Belə ki, hər bir vətəndaş ilk gənclik illərində əmək fəaliyyətinə başlayarkən özü üçün “icbari fərdi pensiya fondu”, yaxud, “icbari fərdi sosial təminat fondu” yarada bilər.   Belə olan halda, hər bir fərd özü istədiyi qədər (məbləğdə) vəsait toplamaqla özünün qocalıqda yaşamı üçün tam təminat yarada bilər. Hələ üstəlik “fərdi pensiya fondunda” toplanmış müəyyən məbləği banklara və ya sahibkarlara kredit verməklə faiz müqabilində özünün “fərdi pensiya fondu”ndakı gəlirini artıra da bilər.

Əgər belə olarsa, özünə “fərdi pensiya fondu” yaratmış hər bir vətəndaş bu hesaba yaşamaqla dövlətin verdiyi pensiyadan imtina edə bilər və yaxud dövlət özü belə şəxsləri “pensiyaçılar” siyahısından silə bilər.

Fərq nədir? Belə olan halda, vətəndaşların “pensiya yaşı” anlamı rəsmi olaraq ləğv edilə bilər və kim nə vaxt istəsə, “öz hesabına” pensiyaya çıxa bilər. İkinci vacib amil isə, vətəndaşların “fərdi pensiya fondlarında”  toplanmış vəsait dövlət banklarına və sahibkarlara kreditə verilməklə dövriyyə kapitalının həcmini xeyli artıra bilər. Üçüncü amil isə, hər kəsin öz toplaya bildiyi “pensiya fondundan” istifadə etməsi, onun həcmi və yetərli olması mübahisə və ya müzakirə mövzusu olmamasıdır. Yəni, hər kəs “öz yorğanına görə” ayağını uzada bilər. Bu isə əsl ədalətin bərpası hesab edilə bilər. Yəni, hər kəs özü öz sosial təminatına cavabdehlik daşıyar!

 

  1. “Əlifbalar ili”.

Tədrisin təşkilində konservativ yanaşmalara son qoyulmalıdır. Birinci sinif şagirdlərinə “əlifba” öyrədilməsi ənənəsi dəyişməlidir. Hesab edirəm ki, milli “əlifbanın” öyrədilməsi ailənin və bağçanın öhdəsinə düşməlidir. İndi savadsız ailə yoxdur deyə bunu etmək çox asandır.

Belə olan halda birinci sinif şagirdlərinə rəqəmlərin və əcnəbi bir əlifbanın öyrədilməsi daha faydalı olar. Yaxud da, birinci siniflərdə şagirdlərə təkcə bugünkü latın əlifbasını yox, həm də keçmişdə istifadə olunmuş ərəb və kiril əlifbalarını öyrətmək daha doğru olar. Bu halda, yeni nəslin yetirmələri köhnə nəslin əsl varisləri ola bilərlər. Bundan sonra isə bəzi kitabların ərəb, bəzilərinin latın qrafikası ilə nəsri və tədris edilməsi  düzgün istiqamət ola bilər. Bu yanaşmada ibtidai təhsil dövrü (3 ilə endirilmək şərtilə) yalnız əlifbaların və rəqəmlərin öyrədilməsinə həsr edilə bilər.

P.S. İbtidai təhsil dövrünün əlifbalara həsr edilməsi, qapalı dərk edilməməlidir. Bu illər ərzində tədris edilən digər fənlər bu əlifbaların köməyi ilə tədris olunmalıdır ki, həmin əlifbalar və həmin fənlər şagirdlərin yaddaşlarında möhkəmlənə bilsinlər.

P.P.S. Soruşula bilər ki, bütün bunlar kimə və nə üçün lazımdır? Cavab isə belə ola bilər: bütün bunlar keçmişimizə nəzər salmaq və gələcəyimizə işıq salmaq üçün, tarixi yaddaşımızı itirməmək üçün lazımdır.

 

  1. Korrupsiya barədə

Dəmiri pas çürütdüyü kimi, dövləti də korrupsiya çürüdür. Bu baxımdan hər bir korrupsioner məmur, dövlətin büdcəsinə, sahibkarların varidatlarına yapışmış zəliyə bənzədilə bilər. Misal üçün, dövlətin maliyyə sektorunda belə bir “zəli” Beynəlxalq Bankın keçmiş rəhbəri C. Hacıyev göstərilə bilər. İstədiyi qədər sərvət “soran” bu “zəli” indi barmaqlıq arxasındadır. Bəs sahibkarların qəniminə çevrilmiş və sahibkarlığı “beşiyində boğan” keçmiş Milli Təhlükəsizlik naziri S. Mahmudov belə “zəli”lərdən biri deyilmi? Bəs nə üçün bu korrupsioner məmur həbs edilmir?! Axı cinayətkar dəstə yaradıb dövlətə zərbə vurmaq və üstəlik korrupsiyaya rəvac verməklə dövlətə inamı sarsıtmaq özü də bir cinayətdir! Bəs nə üçün həbs edilmir?! Bu sualın cavabını zaman verəcək.

P.S. Azərbaycanda korrupsioner (və ya rüşvətxor) olmayan bir məmur varmı? Hansı vəzifə sahibi “tərpədilirsə” altından korrupsioner “yumurtaları” çıxır! Niyə belədir? Niyə belə bir mühit yaradılıb? Bu mühiti yaradan səbəb nədir?

Bu sualların da cavablarını zaman verəcək?! Əslində isə, hər şey məlumdur! Müdrik atalar:- balıq başdan iylənər!- deyiblər.

17.07.19

 

 

 

  1. Milli ideologiya barədə.

Əvvəlcə bir atalar sözünü xatırlatmaq istəyirəm: “Məqsədsiz oğul sərgərdan olar!”. Mahiyyət budur ki, məqsədi olmayan oğul, evdən çıxıb avaralanar və heç bir şey əldə etmədən evə qayıdar və beləcə öz ömrünü çürüdər!!!

Bir xalq olaraq, özümüzü həmin oğulun yerinə qoysaq və özümüzə belə suallar versək ki, - Məramımız nədir? Nə qurmaq, nə yaratmaq istəyirik? Milli məramımız varmı?! Milli ideologiyamız nədir?! – cavabımız nə olar? Burada cavabsızlıq və çox böyük bir “boşluq” görmək çətin deyil. Əgər belədirsə, biz həmin o məqsədsiz sərgərdan oğula bənzəmirikmi? Nə vaxta qədər, xalqı sərgərdan vəziyyətdə saxlamaq olar?! Kim və ya hansı bir orqan bu məramı hazırlayıb xalqa təqdim etməlidir?!

P.S, ABŞ-ın “bütün dünyaya sahib olmaq, hegemonluq etmək”, Rusiyanın “imperiyasını bərpa etmək, dünyada söz sahibi olmaq!”, cırtdan Ermənistanın “dənizdən-dənizə Böyük Ermənistan yaratmaq” ideologiyaları var və onlar bu məqsəd uğrunda yaşayır və çarpışırlar! Bu xalqların konkret məqsədləri və bu məqsədlərə xidmət edən ideologiyaları vardır və onları heç bir halda “sərgərdan” hesab etmək olmaz!

Bəs biz? Nə vaxta kimi “sərgərdanlıq” girdabında qalmalıyıq?!

 

  1. Mədəniyyət barədə.

Mədəniyyəti teatra, mahnı və rəqsə bağlamaq kimi “klassik” düşüncəyə son qoymaq vaxtı deyilmi?!

Əsrimiz informasiya əsridir. Qloballaşma, beynəlxalq inteqrasiya amilləri cəmiyyəti sürətlə dəyişdirir və internet kimi nəhəng bir kommunikasiya şəbəkəsinin yaranması dövlətləri, sərhədləri və bütün digər klassik anlayışlarla yanaşı mədəniyyətləri də təsnifləşdirir və unifikasiya edır (eyniləşdirir). Bu baxımdan, yeni yanaşmalar və mütərəqqi yeniliklər meydana çıxır ki, bunları görməmək və nəzərə almamaq geriyə doğru addımlamaq deməkdir. Bizim Mədəniyyət Nazirliyimizdə hər hansı bir “biznes mədəniyyəti”, “işgüzarlıq mədəniyyəti”, “tikinti mədəniyyəti”, “davranış mədəniyyəti” və yüzlərcə belə tədbirlərdən heç olmasa bircə tədbir keçirilibmi? Misal üçün “şəhərsalma mədəniyyəti” və yaxud “tikinti mədəniyyəti” mövzusunda hər-hansı bir tədbir-konfrans, simpozium, seminar, müsabiqə və s. keçiribmi? Əlbəttə yox! Onlar, bəlkə də, belə hesab edirlər ki, bunların Mədəniyyət Nazirliyinə heç bir aidiyyəti yoxdur! Çünki, klassik düşüncə tərzi buna imkan vermir və onlar belə hesab edirlər ki, hər sahə öz işi ilə məşğul olsa, daha yaxşıdır. Yəni, tikinti mədəniyyəti, Tikinti idarəsinin işidir!

            Cənablar! Axı zaman dəyişib, baxışları, düşüncələri, təsəvvürləri dəyişmək zamanı deyilmi?

P.S. Bütün mədəniyyətlərin toplumu, xalqın ümumi mədəniyyəti deyilmi?

 

  1. İqtisadi təhlükəsizlik.

Xalqın (millətin) siyasi müstəqilliyi yoxdursa, iqtisadi müstəqillik və təhlükəsizlikdən danışmağa dəyməz. Çar Rusiyası və Sovet İttifaqı (əslində Sovet Rusiyası) 200 il ərzində Azərbaycan neftini “öz malı” kimi mənimsəyib talan etməklə, əslində suveren Azərbaycan dövləti üçün iqtisadi təhlükə mənbəyi yaratmışdır. Belə ki, təkcə Bakı ərazisi yox, həm də bütün Abşeron yarımadası və oradakı kənd və qəsəbələr də baxımsızlıq ucbatından viranlığa çevrilmiş və bu ərazilərin neft tullantılarından təmizlənməsi barədə heç bir tədbir görülməmişdir.  

Əgər yerin altındakı “qara qızıl” daşınıb müftə aparılıbsa, yer üstündə olan qızıldan qiymətli zəfəran becərilməsi üçün də sahə qalmamışdır. Əgər zəfəranın 1 qramı qızılın 1 qramından bahadırsa, nə üçün bu bitki Abşeronda becərilməsin? Axı hamıya məlumdur ki, neftin tükənmə ehtimalı var və bu fakt danılmazdır. Lakin, zəfəranın əkilib-becərilməsi əsrlərcə davam edə bilər və bu ölkəyə kifayət qədər kapital (xarici valyuta) gətirə bilər. Müqayisə etsək görərik ki, həqiqətən də neft tullantıları ilə yararsız hala salınmış Abşeron torpaqları, əslində ölkəmiz üçün gələcək iqtisadi təhlükə mənbəyinə çevrilmişdir. Bəs belə isə, nə üçün müstəqil Azərbaycan dövləti Rusiyadan bu torpaqların bərpası üçün kompensasiya tələb etmir? Yaxud, nə üçün bu torpaqların bərpasında müştərək tərəfdaşlıq etmir?

P.S. Rusiya Azərbaycandan daşıyıb apardığı sərvətlər üçün kompensasiya verəcəkmi?! Bu barədə, xalq və dövət niyə susur və nə vaxta kimi susacaq?!

 

  1. Dil və təhsil barədə.

Hər bir fərdin doğma ana dilini bilməsi və öyrənməsi vacibdir. Bu, həyat və yaşam normasıdır. Əslində isə, hər bir ana övladına doğma dilini hələ beşikdə ikən öyrədir və dil açan körpə bu dildə danışır. Lakin, həyatın digər bir reallığı da vardır ki, kamil insan öz intellektual imkanlarını genişləndirmək üçün bir və ya bir neçə əcnəbi dili də öyrənməli olur. Bəs əcnəbi dil və ya dillər necə öyrənilməlidir? Məncə, əcnəbi dilin övladlara öyrədilməsi hər bir ailənin şərəf işi olmalıdır. Öz övladının gələcəyini təmin etmək, onun karyera yüksəlişinə nail olmaq üçün hər bir valideyn istənilən yolla öz övladına bir və ya bir neçə əcnəbi dil öyrətməlidir. Bunu hansı yolla qurmaq (xaricə göndərmək, repetitora tapşırmaq, məktəbin öhtəsinə buraxmaq, şəxsən öyrətmək və s.) valideynlərin imkanları çərçivəsində həll olunmalıdır. Ən vacib şərt isə belə olmalıdır ki, əcnəbi dilin öyrədilməsi prosesi orta məktəbi bitirənə kimi başa çatdırılmalıdır. Hər hansı bir əcnəbi dili mənimsəmiş şagird, məzun tələbəlik üçün iddialı olmalı və bu hüququ qazanmalıdır!

P.S. Bu tələb, yəni əcnəbi dili bilmədən tələbə hüququ qazanmaq imkanı vətəndaşın şəxsi hüququnun pozulması kimi yox, onun hüququnun genişləndirilməsi kimi konstitusiya ilə təsbit olunmalıdır.

P.S. Bütün tərbiyə və tədris yalnız doğma dildə - milli dövlət dilində təşkil edilməlidir. Xarici dildə bağça, məktəb, lisey, institut açılmasına dövlət tərəfindən qadağa qoyulmalıdır. Bu, dövlətçiliyə qəsd kimi qiymətləndirilməlidir.

 

  1. İqtisadi təhsil barədə.

Hal-hazırda orta məktəblərimizdə iqtisadi təhsil nə səviyyədədir? Hesab edirəm ki, qeyri-peşəkar müəllimlərin tədris etdikləri “İqtisadiyyat” fənni ilə kifayətlənmək doğru deyildir. Bu özümüzü və uşaqlarımızı aldatmaqdan başqa bir şey deyildir.

Bir anlığa təsəvvür edək ki, bu gün parta arxasında oturan hər bir şagird sabah bir firmanın prezidenti, bir xəstəxananın baş həkimi, bir mədəniyyət evinin direktoru ola bilər. Həyatımızın bütün sahələrində əmək fəaliyyəti ilə məşğul olan müəssisə, təşkilat, firma və s. mövcud olduğu üçün bu obyektlərin iqtisadi yolla idarə edilmələri daha vacibdir. Səriştəsiz və səmərəsiz idarəçilik təkcə müəssisəyə yox, həm də dövlətə və cəmiyyətə iqtisadi ziyan vurmaqdır. Bu səbəbdən də, orta məktəblərin VIII-X siniflərində ardıcıl olaraq iqtisadiyyat, bazar münasibətləri (marketinq) və idarəetmə (menecment) öyrədilməlidir. Əlbəttə, bunun üçün ilk növbədə dərsliklərin hazırlanması, paralel olaraq ali məktəblərdə iqtisadiyyat üzrə mütəxəssis müəllimlərin hazırlanması prosesi təşkil edilməlidir. Orta məktəb məzunu olan hər bir gəncdə iqtisadiyyat, biznes (marketinq) və idarəetmə (menecment) barədə tam təsəvvür olmalıdır ki, o ali məktəb seçərkən “qəfil seçim” ilə üzləşməsin.

P.S. Orta məktəbdə qazanılan iqtisadi bilik – marketinq, biznesin təşkili, idarəetmə - menecment həyatımızın bütün sahələrində çalışacaq mütəxəssislər üçün mükəmməl baza təhsili ola bilər.

P.P.S. İdarəetmə biliyi və səriştəsi- təkcə aşağı pillə səviyyəsindəki rəhbərlərə yox, həmçinin dövlət idarəçiliyinin bütün pillələrində də olduqca vacibdir.

 

 

 

  1. Orta təbəqə barədə.

 

İqtisadi baxımdan cəmiyyətdə - aşağı, orta, ali - olmaqla üç təbəqə  mövcuddur. İdarəçilik baxımından da bu belədir. Əgər briqadir, usta və digər bu kimi vəzifələr - aşağı, müəssisə, firma rəhbərləri - orta, şirkət, nazirlik, komitə rəhbərləri - ali səviyyə kimi qəbul dilərsə, orta səviyyə rəhbərlərini şərti olaraq orta təbəqə kimi dəyərləndirib onların hazırlanmasına və cəmiyyətdə müəyyən mövqe tutmalarına xüsusi diqqət yetirilməlidir. Bu bir aksiomdur ki, orta təbəqəsi olmayan cəmiyyətin iqtisadi inkişaf perspektivləri zəif olur və bəzən də hətta mümkünsüz olur. Cəmiyyətdə orta təbəqəni təşkil edənlər təkcə vəzifə sahibləri yox, həm də sahibkarlıq fəaliyyəti ilə məşğul olan və bu sahədə müəyyən uğurları olan adamlar hesab edilir. Bu baxımdan, orta təbəqə insanlarının artması və inkişafı üçün, təkcə dövlət vəzifələrinin çoxaldılması yox, həm də sahibkarlığın və biznes mühitində çalışan insanların çoxaldılmasına ehtiyac vardır.

            Azərbaycanda orta təbəqə insanlarının artırılmasına  mane olan bir sıra neqativ amillər vardır ki, onların yaranma səbəbləri və təsir imkanları aradan götürülməlidir. Bunun üçün ən başlıca şərtlərdən biri, inzibati amirlik idarəçiliyindən demokratik idarəçiliyə keçid ola bilər. Belə ki, tanışlıq, qohumbazlıq, rüşvət hesabına mənsəb sahibi olub inzibati idarəçiliyin ən pis formalarından biri olan-rüşvət mexanizmi əsasında idarəçiliklə məşğul olanların təsir dairələri məhdudlaşdırılmalı və yaxud tamamilə aradan götürülməlidir. Əks təqdirdə, 30 illik dövr ərzində yaradılmayan “orta təbəqə” heç bir zaman yaradılmayacaq və bu da  ölkənin iqtisadi inkişafına yox, tənəzzülünə “xidmət” edəcəkdir.

            Bu barədə, həm dövlət səviyyəsində, həm də azad cəmiyyət olaraq bütün səviyyələrdə  həlledici addımlar atılmalıdır.

 

 

 Versus.Az

Xəbər lenti

InvestAZ

Ən çox oxunan xəbərlər

Regionda yeni cəbhə AÇILIR?

"YENİ XƏTT"dən mitinq çağırışlarına qarşı BƏYANAT

Tibb elminə həsr olunmuş ömür...

Vətəndaşları işə düzəltmə adı ilə necə aldadırlar?

Ölümün qorxduğu cərrah - Mübariz Əliyev - 65

Böyük alim, sədaqətli ömür gün yoldaşı, qayğıkeş ana...

Xalq artistlərinin möhtəşəm gecəsi

Ermənistanın buqələmun siyasəti

DREAM Fest 2024-ə 100 gün qaldı

Radikalların QRANT SAVAŞI BAŞLAYIR

“İran-İsrail arasındakı müharibə hər an şiddətlənə bilər”

Nura Surinin “Dünyaya qəribəm” klipi

“Həmkarlar”ın üzvü deyilsənsə, heç kim hüquqlarını müdafiə etməyəcək”

İncəsənətimizin RAMİZİ…

Məişət zorakılığından zərər çəkmiş şəxslərlə bağlı