"Məni meydandan kənarlaşdıracaq zədəm yoxdur"

15:33 23-10-2019 | icon 596 | Siyasət
"Məni meydandan kənarlaşdıracaq zədəm yoxdur"

Ümid Partiyasının sədri, Milli Məclisin keçmiş deputatı İqbal Ağazadə “Yeni Sabah”-a müsahibə verib. Versus.Az həmin müsahibəni təqdim edir:

 

- Siyasi xadimlər arasında idmanın müxtəlif növləri ilə maraqlananlar var. Bəs İqbal Ağazadə necə?

 

- Mən idmanı gənclikdən sevirəm. Ağır atletika ilə məşğul olmuşam. Xüsusilə Sovet ordusu sırasında xidmət edərkən Silahlı Qüvvələr içərisində ağır atletika üzrə yer tutmuşam. İndi də idmana maraq göstərirəm. Xüsusilə də futbola. Həm ölkə çempionatını, həm beynəlxalq turnirləri, həm də ayrı-ayrı ölkələrin çempionatlarını bacardığım qədər, imkan olduqca izləyirəm. 

 

- Azərbaycan idmanında bəyənmədiyiniz nələr var? 

 

- Ümumiyyətlə, Azərbaycan idmanının bünövrəsi yoxdur. Fundamental qaydada uşaq idman məktəblərini hazırlamırlar. Sonrakı mərhələlərdə də nailiyyət əldə etməyə çalışırlar. Və yaxud güləş, sambo və digər bunun kimi sahələrdə olan idmançılar ilk uğurlarını qazandıqdan sonra çəkilirlər, professional məktəblər yaradırlar, öz işlərini davam etdirirlər. Uğur qazandıqdan sonra istiqamətlərini dəyişib polis orqanlarına, hüquq-mühafizə orqanlarına keçirlər. Digər kütləvi idman sahələri - xüsusilə, futbol, valeybol, basketbolda isə uşaq məktəbləri, akademiyalar yoxdur və ya çox aşağı səviyyədədir. İdmanımızın qüsuru bundadır.

- Adətən idmançıların ən yaddaqalan çıxışları, oyunları olur. Bəs, İqbal Ağazadənin ən yaddaqalan çıxışı hansıdır?

 

- Mənim bütün çıxışlarım yaddaqalandır. Heç yadda qalmayan çıxışım olmadı. Mənim çıxışlarımın hamsını problem üzərində qurmuşam. Hansı problem aktualdırsa, o problemdən də danışmışam. Yenə də bir problem hansısa dövrdə aktuallaşsa, mənim çıxışım yada düşəcək. 

 

- Sizdən çəkinən rəqib daha çoxdur, ya sizin çəkindiyiniz?

 

- Mən heç kimdən çəkinmirəm. Bərabər şəraitdə, bərabər imkan və qaydalar çərçivəsində heç kimdən çəkinmirəm. Qaydasız çərçivədə isə mənimlə necə davranacaqlarsa, o cür də cavab alacaqlar. 

 

- Yəqin ki, nakauta saldığınız rəqibiniz də olub.  

 

- Məni insanları sevirəm. Kimisə vurmaq, nakauta salmaq kimi bir fikrim yoxdur. Heç zaman elə sevdada olmamışam. Ağlımdan belə şey keçməyib. Doğru bildiyimi edirəm. Doğru bildiyindən kimsə çaşar, bu başqa məsələ. Çalışaram, onu da o vəziyyətdən çıxarım. 

 

- Şahmat oynamağı sevirsiniz? Orada özünüzü hansı fiqura bənzədirsiniz?

 

- Mən şahmatı sevmirəm. Bir şahın qələbəsi üçün bütün fiqurlar qurban verilməsini qəbul etmirəm. Şahın qələbəsi üçün hər kəsi güdaza verən sistemi sevmirəm.

 

- Digər rəqiblərinizlə müqayisədə sanki, siz bir qədər sakit oyun nümayiş etdirirsiniz. Bunun səbəbi nədir?

 

- Hədəflərim bəllidir, isterikaya düşmürəm, mütləq qalib gələcəyimi də bilirəm.

 

- Sonuncu dəfə parlament seçkilərində seçilmədiniz.

 

- Seçildim. Seçilməyimi təsdiq edən bütün protokollar əlimdədir. Möhürlü, hər kəsin imzası ilə. Sadəcə, haqqımı tanımadılar. 

 

- Səbəb?

 

- Onu hökümət bilir, Mərkəzi Seçki Komitəsi bilir, Azərbaycan məhkəmələri bilir. Mənim seçilməyimi təsdiq edən 30 materialın 30-u da protokol olaraq, möhürlüdür, hər kəs də imzalayıb ki, İqbal Ağazadə seçilib.

 

- Bəs siz bu məsələ ilə bağlı meydanda hansısa qayda pozuntusuna yol vermişdinizmi?

 

- Mən yox. 

 

- Elə isə yaşıl meydanlara nə zaman qayıtmaq fikriniz var?

 

- Biz həmişə yaşıl meydanlardayıq. Bizə qırmızı vərəqə göstərmək istəyənlər var. Amma onlara bu qırmızı vərəqəni göstərmək nəsib olmayacaq. Çünki ədalət tam şəkildə bizim yanımızdadır. Bu qədər də ədalətsizlik edə bilməzlər. 

 

- Bəzi idmançılar zədə alsa da, sona qədər vuruşur, bəziləri isə o dəqiqə meydanı tərk edir. Bəs, İqbal Ağazadə necə?

 

- Mənim hələ ki zədəm yoxdur, sağlamam, sağlamlığımı qoruyuram. Məni meydandan kənarlaşdıracaq zədəm yoxdur.

 

- Azərbaycan Sosial Demokrat Partiyasının rəhbəri Araz Əlizadə açıqlamalarının birində sizi asan və adi rəqib adlandırmışdı. 

 

- Araz Əlizadənin təbirincə baxdıqda asan rəqib ola bilərəm. Çünki mənimlə Araz Əlizadə yox, ondan yuxarılar mübarizə aparırdı. Və Araz Əlizadə deyirdi ki, onların əlində rəsmi protokolları dəyişdirmək heç nədir. Araz Əlizadə düz deyirdi. Onun babaların arxasında duran adamlar məni asan rəqib sayırdı. Çünki onlar ədalətsizcəsinə qərarları dəyişdirdilər.

 

- Azərbaycan futboluna uğurlar qazandırmış Qurban Qurbanov millimizin baş məşqçi postundan göndərildi və onun yerinə bu sahədə yeni addımlarını atan Nikola Yurçeviç gətirildi. Bu dəyişikliyi siz necə qiymətləndirirsiniz?

 

- Baza yoxdursa, məşqçi üçün çətin olacaq. Qurban yox, başqası da olsa, formalaşdıra bilməyəcək. Çünki milli komandanı milli bazada formalaşdırırlar. Çempionatdakı komandalara xaricdən futbolçu gətirib oynatmaq olur, amma millidə bu mümkünsüzdür. Mümkünsüz olduğuna görə də çətindir. İstəyir Yurçeviç, Qurbanov yox, Mourinyo olsun, onu da gətirsəniz, nəticə bu günkündən fərqli olmayacaq.

 

- Yurçeviçi hansı Azərbaycan siyasətçisinə bənzədərdiniz?

 

- Uğur qazana bilməyən siyasətçilərin hamsını.

 

- Məsələn... 

 

- Ad çəkmək istəmirəm.

 

- Azərbaycan futbolunun hazırkı durumuna görə çoxları AFFA-nı günahlandırır. Bəs siz necə düşünürsünüz? Onlar haqlıdırlarmı 

 

- Yox, AFFA-lıq bir şey yoxdur. Biz kollektiv oyunlara vərdiş etməmişik. Biz daha çox fərdi oynamağa üstünlük veririk. Siyasətimizdə də belədir. Hətta ən yaxşı oyunçumuz belə diqqəti öz üzərinə çəkə bilir, bir neçə futbolçunu keçir. Bilir ki, qol vurmağa onun imkanı olmayacaq, başqasına ataraq topu qapıdan keçirtməyə şans yarada bilər. Ancaq bunu etmir. Fərdi oyuna üstünlük verir. Yanlış qaydadır. 

 

- Bunu paxıllıq kimi qiymətləndirmək olar? 

 

- Xeyr, vərdişlərin olmaması kimi qiymətləndirmək olar.

 

- Bəs özünüz hansı klubun azarkeşisiniz?

 

- “Qarabağ” və “Beşiktaş”. “Qarabağ” baxımlı futbol oynayır. Qara Qarayev, Rəşad Sadıqov, Bədavi Hüseynov kimi futbolçuları var. Başqa necə olmalıdır? Maksim Medvedev Azərbaycan dilini Elmar Məmmədyarovdan daha yaxşı bilir. Ümumiyyətlə, o, Azərbaycan dilində Azərbaycan məmurlarının böyük əksəriyyətindən daha yaxşı danışır. Adamlar ölkənin dəyərinin, qiymətinin onun dili ilə ölçüldüyünün fərqində deyillər. Sən nazirsən axı. Maksimi Azərbaycan dilini bildiyi, yaşadığı ölkəyə hörmət etdiyi üçün çox sevirəm. 

 

- Açıqlamalarınızın birində "proporsional seçki sistemi bərpa edilməlidir" demişdiniz. Belə görünür, komanda şəkilində oynamağı sevirsiniz. 

 

- Bəli, sevirəm. 

 

- Komandanız oyuna hazırdır? 

 

- Hazırdır. Ən azından onun əsas məşqçisi və kapitanı hazırdır. 

 

- Komandanızda nə zamansa intizamsızlıq olsa, necə? 

 

- Komandamda intizamlıq olsa, cəzasını alacaq. Bu qırmızı vərəqə də ola bilər, sarı vərəqə də. 

 

- Belə hal yaşanıb? 

 

- Qırmızı vərəqə alanlar da, sarı vərəqə alanlar da olub. Qırmızı vərəqə alanların uzaqlaşdırılma müddəti 2 ay olub. 2 aydan sonra yenidən barışmışıq, öz ailəmizin üzvü hesab etmişik. 

 

- Eyni səhvləri yenidən təkrarlaya bilərlər. 

 

- Yox, insan dayanmadan səhv etmir ki. Səhvləri olub, komandaya baha başa gəlir deyə, qırmızı vərəq alır. Amma yenə də bu komandanın üzvüdürlər. 

 

- Onların oyunda hansı səhvlərini bağışlamamısınız? 

 

- Qanunlara, ideyalara, prinsiplərə zidd olan heç nəyi. Çünki heç kim kimsənin haqqına girə bilməməlidir. 

 

- Demək ki, kimsə kiminsə haqqına girib deyə cəzalandırmısınız. 

 

- Bəli. İdeyalların, partiyanın, siyasətin, dəyərlərin haqqına girir, vərəqəsini alır. 

 

- Varlı atalarına və day-daylarına güvənən və bundan istifadə edənləri komandanızda saxlayardınızmı? 

 

- Mənim üçün onun işini necə bilməsi lazımdır, dayısı var, əmisi var, önəm daşımır.

 

- Yeni baş məşqçi komandaya yeni ab-hava gətirir. Bəs yeni baş nazirin necə təsir bağışlayacağını gözləyirsiniz? 

 

- Yeni baş nazir yeni baş məşqçi deyil, olsa, yardımçı məşqçi olar. O isə baş məşqçinin dediyini edir. 

 

- Keçmiş baş məşqçinin getməsinə nə səbəb oldu? 

 

- Onu İlham Əliyev bilər.

Xəbər lenti

InvestAZ

Ən çox oxunan xəbərlər

Regionda yeni cəbhə AÇILIR?

"YENİ XƏTT"dən mitinq çağırışlarına qarşı BƏYANAT

Tibb elminə həsr olunmuş ömür...

Vətəndaşları işə düzəltmə adı ilə necə aldadırlar?

Ölümün qorxduğu cərrah - Mübariz Əliyev - 65

Böyük alim, sədaqətli ömür gün yoldaşı, qayğıkeş ana...

Ermənistanın buqələmun siyasəti

Xalq artistlərinin möhtəşəm gecəsi

DREAM Fest 2024-ə 100 gün qaldı

Radikalların QRANT SAVAŞI BAŞLAYIR

“İran-İsrail arasındakı müharibə hər an şiddətlənə bilər”

Nura Surinin “Dünyaya qəribəm” klipi

“Həmkarlar”ın üzvü deyilsənsə, heç kim hüquqlarını müdafiə etməyəcək”

İncəsənətimizin RAMİZİ…

Məişət zorakılığından zərər çəkmiş şəxslərlə bağlı