Türk Dünyası, Azərbaycan sevdalısı türkmən qızımız

21:48 29-10-2019 | icon 714 | Cəmiyyət
Türk Dünyası, Azərbaycan sevdalısı türkmən qızımız

Fatima Salihi: “Əlimdə olsa, gücüm yetsə istəmərəm kimsənin gözü yaşlı, hüznlü olsun...

 

Kərkük Universiteti ilə bağlı yazıda Fatima Salihi haqqında az da olsa, yazmışdım. Onu şəxsən tanımadığım vaxtlarda 17-18 yaşlı bu mərd, cəsur türkmən qızını “Facebook” üzərindən izləyirdim və gerçəkdən qürur duyurdum. Mənim üçün o, zəkası, ağlı, asilliyi, ən başda da türkçülüyü ilə türkmən gənclərinin örnəyi idi. Kərkük Universitetinin Türkcə bölümünün tələbəsi, Türkməneli TV-nin aparıcısı olan bu gənc qızla görüşümüz bu ilin yanvarında Kərkük səfərim zamanı baş tutdu. Təkcə Fatima ilə deyil, onun gözəl ailəsi, anası, ədəbiyyat müəllimi, neçə illik gözəl dostum Zeynəp xanımla, atası, xalası, qohumları ilə onların evlərində görüşdük. Bu sözü yenə də altını cızaraq vurğulayıram, yüz ilin dostları, yaxınları kimi...

 

Zatən Fatimanın ailəsində hər kəs doğma və əzizdir. Kərkükün, türkmənlərin qüruru olan, İraq parlamentinin keçmiş deputatı, İraq türkmənlərinin səsi, “Türkmən Kardeşlik Ocağı”nın əsas simalarından biri Feyha Beyatlı Fatimanın xalasıdır. İşləri ilə əlaqədar Bağdadda olan Feyha xanımla qısamüddətli də olsa, orada görüşmüşdüm.

 

Kərkük Universitetində olarkən rektor Abbas müəllim, Türkcə bölümün dekanı Mühammed müəllim, Çoban hoca, Melahat abla da Fatima haqqında söhbət açmışdılar, onunla qürur duyduqlarını bildirmişdilər. Ailənin tək övladı olan Fatimanın heyvansevərliyi diqqətimi çəkir. Evlərində bir neçə pişik saxlayır, onları bəsləyir, yedirdir, içirdir. Həm gözəl səsi var, həm də gitarada ifa edir.

 

Söhbətimiz Zeynəp ablanın hazırladığı zəngin Kərkük süfrəsi ətrafında davam edir. Təbii ki, Türkmənelindən, Türkiyədən, Azərbaycandan danışırıq. Bir daha nə qədər yaxın olduğumuzun fərqinə varırıq. Biz bir ailəyik, sadəcə aramızda məsafələr var.

 

Bu gənc qızın yazdığı şeirlər, hoyratlar (laylalar) başdan-başa türkmənlər, Kərkük deməkdir.

 

Kerkük

Bahçada bağdı Kerkük
Zora dayağdı Kerkük
İller gelip keçse de
He kalı güzel Kerkük.

 

Şaha damı

Sattı sen şaha damı
Bu felek cok zalımdı
Yıxtı çox şah adamı.

 

Beşirin güzel gülü
Beşirin güzel gülü
Gönlimin şen bülbülü
Bir bakış attın mene
Yandırdın tüm ömrümü
Türkmen köyü Beşir
Sığındığım dalım sen
İçimdeki şanım sen

Can iste verim sene
Malım mülküm canımsan

(Zeynep Çobana sevgilerle)

 

Fatima deyir ki, əslində Türkcəni, Türkməncəni yaşatmaq, dilimizə, özümüzə sahib çıxmaq hər bir duyarlı türkün börcudur:

 

“Ailəmdə ən cox  keçmiş millət vəkili olan xalam Feyha Beyatlını örnək aldım. O, mənə doğru yol göstərdi. Bütün ömrünü xalqına həsr edən, xidmət göstərən xalamın izindən getməyi qərara aldım. Uşaqlıq illərindən xalamın bütün addımlarını, gördüyü işləri diqqətə alırdım. Mustafa Kamal Paşa Atatürkün bir deyimi var: “Mənim ən böyük vasfım Türk oluşumdur”. Türk olmaq, türk doğulmaq şərəfdir. Kərkük, Ankara, Krım, Qarabağ, türkün bütün torpaqlarına sahib çıxmaq və qorumaq mənim və bütün türk gəncliyinin borcudur”.

 

Fatima ilə söhbət etdikcə gercəkdən qürur duyuram. Yaşına görə o qədər zəki, mükəmməl, vətənpərvər biridir ki, bəzən düşünürsən ki, 20-21 yaşlı gənclə deyil, müdrik biri ilə həmsöhbətsən. Bu gözəl, ürəyi özündən qat-qat böyük olan türkmən qızının hədəfi və arzusu Türk dünyasına, Türkçülüyə xidmət etməkdir:

 

“Bundan başqa universiteti bitirəndən sonra bir iş sahibi olub, yardıma möhtac olan hər kəsə kömək etmək istəyirəm. Əlimdə olsa, güçüm yetsə istəmərəm kimsənin gözü yaşlı, hüznlü olsun.  Çünki acını da, hüznü də yaşadım.  ALLAH kimsələrə yaşadmasın, ən böyük diləyim bu. Şəhid ailələri ilə görüşüb, onların ehtiyaclarını qarşılamaq istəyimdir. İstər can Azərbaycan, istər Kərkük, istər Türkiyə, istərsə də hər hansı bir türk yurdu olsun, heç fərq etməz. Bütün soydaşlarımla görüşmək, ehtiyacı olan hər kəsin qapısını döymək istəyirəm. Mənə elə gəlir ki, hər şeydən öncə insan olmağı, vicdanlı davranmağı bacarmalıdır insan. Vicdan və mərhəmət sahibi olmaq hər şeydən önəmlidir”.

 

Fatimanın ailəsi həm də şəhid ailəsidir. Yaxınları, qohumları arasında çox sayda şəhidlər var. Azərbaycana gəlmək, bu torpaqları görmək arzusundadır. Həm də Şəhidlər Xiyabanını ziyarət etmək istəyir.

 

Anası Zeynəp Abla, Melahat abla ilə birlikdə Fatima məni Kərkük geçəsi ilə tanış edir. Qədim Kərkükün gecəsi də gündüzü kimi gözəldir. Maşını özü idarə edir və Kərkük gecəsində Azərinin “Çırpınırdı Qaradəniz baxıb türkün bayragına” şərqisi səslənir, Fatima da gözəl səsiylə eşlik edir. Mən isə düşünürəm ki, nə yaxşı qismətimdə Kərkükə gəlmək, gözəl türkmən qardaşlarımla, bir arada olmaq vardır.

 

Ağanisə Sultan
Versus.az

Xəbər lenti

InvestAZ

Ən çox oxunan xəbərlər

Deputatdan Sevinc Osmanqızı və Əli Kərimli oyunlarına İRAD

“osmanqızılarla, əli kərimlilərlə aranı qarışdırmağa çalışırlar”

ŞAHİDlikdən ŞƏHİDliyə...

Fuad Əliyevdən Çingiz Mustafayevlə bağlı TƏKLİF

Laçın şəhərinə getmək istəyənlərə ŞAD XƏBƏR

Azərbaycanın daha bir qələbəsi

Ayaqlarınız niyə şişir?

MHB parlament seçkilərinə hazırlıqlara BAŞLADI

“Aksiyalarla, hədələrlə nəyə nail olmağa çalışırlar?”

Azərbaycan Ermənistanla anklavlar barədə də RAZILAŞDI

Klipi üçün 10 kilo çəki atdı

Leyli yazdı, Hakan bəstələdi, "Camdakı Kız"ın ulduzu oxudu

“Fransa və Almaniya Avropa Birliyi üçün nədirsə, Cənubi Qafqaz Birliyi üçün Azərbaycan da odur”

“Əli Kərimli və onun kimilər bu gün də eyni çirkin xətlə davam edir”

Nəsibə Zeynalovanın doğum günüdür