Əzəmətin gücünü qəlblərə damla-damla axıdan dahi

00:37 06-11-2019 | icon 920 | Ədəbiyyat
Əzəmətin gücünü qəlblərə damla-damla axıdan dahi

Sətir və misraları ilə Vətəni mənə sevdirən adam

 

MEHRİBAN SADIQOVA

/Filoloq/

Söz ustadı haqqında nəsə demək, nəsə danışmaq çox çətin və eyni zamanda da çox məsuliyyətlidir. Onun haqqında yazmaq üçün sözləri seçmək, cilalalamaq gərək. Özü boyda bir dünya olan Məmməd İsmayıl...

 

80 ili arxada qoymuş bu insan haqqında heç bir fərqli söz demədən, heç bir fərqli ifadə işlətmədən - "Sətir və misraları ilə Vətəni mənə sevdirən adam" - deyərdim. Hər kəlməsindən Vətən hopan bir sənətkar. Söz sərrafı. Yazdığı şeirlərinin hər kəlməsi ilə Vətən eşqi, xalq məhəbbəti aşılayan ustad. Vətənin seçilməz olduğunu, bütün dünyanın gözəlliklərinin fövqündə duran bu əzəmətin gücünü qəlblərə damla-damla, gilə-gilə axıdan dahi...

 

Dostu bu dünyada seçib taparlar,
Dost-düşmən seçilər, Vətən seçilməz.
Qayanı yonarlar, dağı çaparlar,
Dağ-qaya kiçilər, Vətən kiçilməz.

 

- deyir və bu seçimin əzəmətini ürəyinin hənirtisi ilə dilə gətirir. Məmməd İsmayıl bizim üçün "dünyaya cığır açan, bizdən qabaqda yol gedən, qədəmindən nur yağan bir sənətkardır". Onun şeirləri fəlsəfədir. Mənası və məzmunu çox dərindir. O, xalqın sərvətidir. Xalqın dərdini, ağrısını, acısını onun özündən də çox daşıyan bir dahidir Məmməd İsmayıl.

 

Bir tükənməz nağıl olsun Vətən torpağı
Ha yol gedim çatammayım sərhədlərinə.

 

-deyərək, bölünməz, parçalanmaz, vaxtı ilə əzəməti və qüdrəti ilə aləmə səs salmış Vətəni üçün hayqırır, - "onu qaytarmaq hər bir vətən övladının müqəddəs borcudur"- deyərək, mübarizlik və əzmkarlıq aşılayır.

 

Məşhur Braziliya yazıçısı və şairi Paulo Koeliyonun sözlərini xatırlayaq: "Ürəyini ram edə bilən kəs bütün dünyanı özünə tabe edə bilər". Məmməd İsmayıl da öz qəlbini və sevgisini xalqın acısı və ağrısına ram etmiş və onun özü olmuş bir fədaidir. Bəli, M.İsmayıl bu gün xalqdır, xalqın naləsidir, fəryadıdır.

 

Bu xalq yeddi yerdən zavala gəldi
Bu xalqın danışan dili olmadım.
Bu xalqın başına min bəla gəldi
Mən ki, dözüb durdum, dəli olmadım,
Mən şair deyiləm, atam-qardaşım.

 

-deyərək, milyonların qəlbində özünə yer qurduğu halda özünü şair hesab etmədiyini söyləyir. Bu bir Böyük adamın, bir böyük yazarın özünün də söylədiyi kimi "təvazökarlığı deyil", etirafıdır:

 

Vətən tikə-tikə, parça-parçasa
Ömür deyilənin sonu borcasa.
Yuxuya gedibsə içimdə qiyam,
Dərənin axmağı, çölün dəlisi
Elin ifləməsi və nəsi, nəsi
Bir də lap inciyim, nə desən, oyam,
Mən şair deyiləm, atam-qardaşım.

 

Vətən dərdini öz dərdi qəbul edib, oxucusuna da bu böyük dərdin müqəddəs olduğunu sevdirən şair

 

Halından çıxarıb insanı hədə,
Boş qalan yurdlarda ulaşır itlər
Şair Qarabağda, şair Göyçədə,
Canını el üçün verən şəhidlər,
Mən şair deyiləm atam-qardaşım.

 

-deyib, müqəddəslik rəmzinə çevrilən Şəhidlərin söz ilə deyi, canı ilə Vətən yazdığını vurğulayır.
Məmməd İsmayıl xalqın şairidir. Onu başa düşən və anlayan bir xalqın. Çiynində bir millətin yükünü daşıya biləcək bir xalqın. Ürəyini vətən ağrısı sızladan bir xalqın...


Adı dünyanın müxtəlif ölkələrində səsləndikcə qürur duyduğumuz sənətkar - Azərbaycanın Tovuz adlı kiçik bir məmləkətindən parlayan ədəbiyyat günəşi. Bu günəş bütün dünyanı sözünün şöləsi ilə isitməkdədir. Əsərləri Türkiyə, Rusiya, Fransa, Rumıniya və dünyanın bir çox ölkələrində həmin xalqların öz dillərində nəşr olunduqca ədəbiyyat zövqünün nə olduğunu, qələmin gücünün məkan və yer, millət və xalq tanımadığını bəyan edir, zövqlərin və qəlblərin dərinliklərinə hər millətin öz mənəvi fəlsəfəsinə görə hopduğunu göstərir. Lakin, təəssüf hissi ilə qeyd etmək istərdim ki, bütün zamanların və xalqların şairi olan bu sənətkarı öz doğma yurddaşları olan bizlər onun özünün olduğu zirvədə görə bilmirik.

 

Sən ey doğma Vətənin oğey övladı, Məmməd
Ağzı yanmış dünyanın ağzının dadı Məmməd.

 

Dünyanın dəyər verdiyi dühalara xalqımız layiqli dəyər verə bilmədiyinə görə bu gün Nizamini, Füzulini farslaşdırmaq istəyənlər sabah M.İsmayılı da "özünküləşdirə bilər. Sonradan gec olmamaq üçün sənətkarlarımızın qədrini bilək, onları layiq olduğu dəyərlə dəyərləndirək. Bunu vaxtında və zamanında edək ki,


Bu necə dumandı, göz gözü seçmir?
Bu necə zamandı, düz sözü keçmir?
Yoxsa, seçdiyini xalq özü seçmir, -
Sən kimi seçirsən, sən kimi xalqım?!


- sualını özümüzə verməyək.

 

M.İsmayıl söz ustadı olmaqla bərabər, gözəl bir müəllimdir - tələbələrinin sevdiyi bir pedaqoq, elmi ictimaiyyətdə öz sözünü demiş bir elm adamı. Olduğu hər yerdə Özü boyda Vətən ola bilən bir ustad. Həyatı boyunca işlədiyi hər yerdə (Az.TV - də redaktor, şöbə müdiri, sənədli filmlər birliyinin baş redaktoru, "İşıq" nəşriyyatının direktoru, "Gənclik" - " Molodost" jurnallarının baş redaktiru, AYB-nin katibi, "Oğuz" xeyriyyə cəmiyyətinin sədri, Respublika Demokratik Qüvvələr Birliyinin həmsədri, Azərbaycan Radio və Televiviziya Komitəsinin sədri, Türkiyənin Çanaqqala Universitetinin professoru) ilklərə imza atmışdır.

 

Azərbaycan televiziyasında hazırladığı "Odlar diyarı" silsilə verilişlərinə görə ilk dəfə "Qızıl Qələm" mükafatına (1969) layiq görülmüşdür. Fransa Elm, Sənət və Ədəbiyyat və Ukrayna Ali Təhsil Akademiyalarının həqiqi üzvüdür. Əsərləri türk, rus, fransız, yapon, qazax, rumın, alban, macar dillərində nəşr olunub. Onun haqqında dünyanın ən böyük elm adamları, şair və yazıçıları məhəbbətlə yazır:


"Məmməd İsmayıl bütün yaradıcılığı boyu yoxluğun şairi oldu" - Athanasi Vantchev - şair tərcüməçi (Fransa).


"M.İsmayılın şeir dünyasında həyatı sınaq kimi görən və müxtəlif işarətlərdə ilahi yaradılışı kəşf edən böyük inam sahibi ilə qarşılaşırıq" - Dmitro Çistyak - şair professor (Ukrayna).


"M.İsmayıl dünya şeir üfüqlərinin böyük ulduzlarından biridir. Bu xoş bir təsadüfdür ki, M.İsmayıl yaradıcılığında təbii istedad vibrasiyası və mədəniyyət ənənəsi üzvü bir şəkildə birləşir və bu birləşmə sadə, təbii və eyni zamanda poetik fikrin, obrazın obrazlılığına, yeni fəlsəfi fikirlərin doğuşuna imkan verir". Vyaçeslav Samoşkin - " Dialogue of the Seas" ( Dənizlərin dialoqu ) jurnalının baş redaktoru (Rumınya).


M.İsmayıl poeziyası şeirlərinin ucalığı, obrazlarının gözəlliyi ilə deyil, həm də yüksək mənəviyyatı və ictimai həyatda təsir gücüylə diqqət çəkir. Türk dünyasının qədimliyi və ululuğunu nəzmə çəkmək sənətkarın böyük Turana sevgisinin etirafıdır:

 

Göydən gəldiyindən göylərə zamin
Könlündə Tanrı var, dilində amin
Dünyaya birinci gələn adamın
İlkin sevgisidir - Türkün sevgisi.

Tarixə səpilən izi böyükdür
Orda da, burda da Türk oğlu türkdür
Elə türklüyü də dünyaya görkdür
Görkün sevgusidir - Türkün sevgisi.

 

Özü bütün sözləri demiş, Türk oğlu türk olan Məmməd İsmayıl haqqında bu kiçik yazını onun yubileyinə hədiyyə etmək istədim. Yəqin ki, Söz sərrafı onun haqqında çox sözü deyə bilmədiyimə görə məni bağışlayar.

Xəbər lenti

InvestAZ

Ən çox oxunan xəbərlər

Əfəndilər, Yardımlı da Azərbaycandır

Röyanın Moskva konserti təxirə salındı - SƏBƏB?

Moskvadakı dəhşətli terrorda ölənlərin sayı 150-yə çatıb

Rusiyada teraktda yaralananların durumu açıqlanıb

Ayılar üçün maraqlı əyləncə

Artritə səbəb olan 5 mühüm SƏHV

İdmançımız Almaniyada keçirilən turnirdə ikinci qızıl medalını qazanıb

Tarixçidən maraqlı faktlar

Gündə 1 dəqiqə cəfəri çeynəyin

Şəfalı olduğu düşünülən bu bitkilər böyrəkləri çürüdür

İtlər hətta simvolları da anlayırlar

Ən sürətli qol

Gimnastlarımız Dünya Kubokunda finala yüksəliblər

Dəri problemlərindən mərciməklə xilas olun

Bu iki ədviyyatı birgə istifadə edin