Xocalı soyqırımının 26-cı ildönümü Hyustonda

13:09 27-02-2018 | icon 738 | Siyasət
Xocalı soyqırımının 26-cı ildönümü Hyustonda

Xocalı soyqırımının 26-cı il dönümü ilə əlaqədar ABŞ-ın Texas ştatının Hyuston şəhərində yerləşən Hyuston Universitetində "Hyuston-Bakı” Qardaşlaşmış Şəhərlər Assosiasiyası, “Azərbaycan Mərkəzi”, Azərbaycan-İsrail Dostluq Cəmiyyətinin təşkilatlığı və Azərbaycanın ABŞ-dakı Səfirliyinin dəstəyi ilə tədbir keçirilib.

Versus.az xəbər verir ki, sözügedən tədbir “Xocalıya ədalət” kampaniyası çərçivəsində baş tutub.

Tədbirdə universitetin müəllim və tələbə heyəti, Hyustonda yaşayan Azərbaycan icmasının və yerli ictimaiyyətin nümayəndələri iştirak ediblər. Həmçinin tədbirə “Qara qar damcıları” (“Black Snowdrops”) kitabının müəllifləri Efim Abramov (İsrail) və Leyla Begim (Çexiya Respublikasi) də qatılıblar.

Tədbiri giriş sözüylə universitetin Qlobal Strateji və Tədqiqatlar üzrə rektor müavini Ceyms Ortiz açıb. O, Azərbaycan-ABŞ və Hyuston-Bakı əməkdaşlığının vacibliyini, Hyuston Universitetinin bu tədbirə ev sahibliyi etməklə məsələyə diqqətini vurğulayıb. Sonra “Hyuston-Bakı” Qardaşlaşmış Şəhərlər Assosiasiyasının prezidenti və Hyustonda yerləşən Azərbaycan Mərkəzinin icraçı direktoru İradə Axundova çıxış edərək Xocalı soyqırımın hər bir azərbaycanlı üçün unudulmaz bir səhifə olduğunu qeyd edib, bu faciə haqqında dünya ictimaiyyətinin davamlı məlumatlandırılmasının vacibliyini bildirib.

Daha sonra Azərbaycanın ABŞ-dakı Səfirliyinin müşaviri Vüqar Qurbanov Xocalı qətliamının Azərbaycan xalqı və dövlətinin iradəsini qırmaq üçün törədildiyini, Xocalı qətliamından sonra digər işğal edilmiş ərazilərimizin də eyni ssenari ilə işğal edildiyini, amma Azərbaycan xalqı və dövlətinin iradəsini qıra bilmədiyini, Azərbaycan xalqının dəstəyi ilə dövlətimizin ərazi bütövlüyümüzü bərpa edəcəyini, bu qətliamı törədənlərin ədalət qarşısında cavab verəcəklərini vurğulayıb. Bu məqsədə daha tez nail olmaq üçün səfirlik nümayəndəsi ABŞ-da yaşayan soydaşlarımızın daha da sıx birləşməyə dəvət edib.

Kitabın həmmüəllifi L.Begim həmin əsərin azərbaycanlılara qarşı aparılmış etnik təmizləmə siyasətinin qurbanlarına həsr olunduğunu bildirib, sonra qətliam qurbanlarına həsr edilmiş şer səsləndirib.

Azərbaycan-İsrail Dostluq Cəmiyyətinin rəhbəri Lev Spivak Azərbaycan-İsrail münasibətləri, Xocalı faciəsi ilə bağlı
apardıqları fəaliyyət barədə geniş məlumat verib. Tədbirdə həmçinin “Qara qar damcıları” kitabının bəzi hissələri oxunub.

Tədbirin sonunda Xocalı qətliamının tanıdılması barədə gələcək fəaliyyətlərə dair geniş müzakirələr də aparılıb.

Xəbər lenti

InvestAZ

Ən çox oxunan xəbərlər

Regionda yeni cəbhə AÇILIR?

"YENİ XƏTT"dən mitinq çağırışlarına qarşı BƏYANAT

Tibb elminə həsr olunmuş ömür...

Vətəndaşları işə düzəltmə adı ilə necə aldadırlar?

Ölümün qorxduğu cərrah - Mübariz Əliyev - 65

Böyük alim, sədaqətli ömür gün yoldaşı, qayğıkeş ana...

Ermənistanın buqələmun siyasəti

Xalq artistlərinin möhtəşəm gecəsi

DREAM Fest 2024-ə 100 gün qaldı

Radikalların QRANT SAVAŞI BAŞLAYIR

“İran-İsrail arasındakı müharibə hər an şiddətlənə bilər”

Nura Surinin “Dünyaya qəribəm” klipi

“Həmkarlar”ın üzvü deyilsənsə, heç kim hüquqlarını müdafiə etməyəcək”

İncəsənətimizin RAMİZİ…

Məişət zorakılığından zərər çəkmiş şəxslərlə bağlı